İslam dini bəşəriyyətə göndərilmiş sonuncu ilahi din olmaqla insanın kamil yaşayış proqramını təqdim edir, kamala - yekun hədəf olan qürbi-ilahiyə çatmağın üsul və qaydalarını öyrədir. Bəs müsəlman olan insan İslama nə dərəcədə riayət edir? Həqiqətən təslim olurmu Allahın əzəməti və qüdrəti qarşısında?
Yalnız Allaha iman gətirib onun peyğəmbərini tanıyan, iki mühüm əmanətə sahib çıxan insanlar bəndə olmağa layiqdirlər. Lakin elə adamlar vardır ki, zahirdə İslamın hökmlərini yerinə yetirib, batində buna zidd əməllər etməklə dırnaqarası müsəlman imici yaradırlar və bunlar bir nümunə halına gəlir. İnsan dindən qaçır. Dinlə dindar səhv salınır. «Filankəs mömündür, filankəs hicablıdır, elə mömün, hicablı olmaqdansa, ürəyim düzdür bu mənə bəsdir» - tez-tez eşidilən bəhanələrdəndir. Lakin soruşula bilər ki, sənin üçün nümunə onlarmıdır? Həzrət Peyğəmbərdən (s) hədis var: ”Allaha pərəstiş edənlər 3 qrupdurlar: Biri qorxudan ibadət edənlər. Bu qulların ibadətidir. O biri mükafat tamahı ilə ibadət edənlərdir. Bunlar muzdurlardır. Üçüncü dəstə onlardır ki, Allaha eşq və məhəbbətlə ibadət edərlər. Bu da azad insanların ibadətidir”.
Nümunə - Allahın Peyğəmbəri (s)və pak Əhli-beytidir (ə). Allah Təala bəşəriyyəti hidayət etmək üçün peyğəmbərlər seçmiş və onları pak, hər eybdən təmiz, məsum qərar vermiş və bütün insanları Peyğəmbər və İmamların ardınca getməyə dəvət etmişdir. Əhli-beytin (ə) pak olmağını Quranın «Təthir» ayəsi - «Əhzab» surəsinin 33-cü ayəsi sübut edir. ”Allahın iradəsi bu olmuşdur ki, yalnız siz Əhli-beytdən hər növ çirkinliyi aradan aparıb sizi pak-pakizə qərar versin”
İnsan elə yaradılıb ki, həm bütün yaxşı və bəyənilmiş xüsusiyyətlərə malik ola bilər, həm də pis və bəyənilməyən xüsusiyyətləri gücləndirə bilər - seçim özünündür. Demək, bəşər övladı haqq yolunda olan ən yaxşı insan və ya tarixin üzünü qara edən ən pis cinayətkar olmaq iqtidarındadır. İnsan dünyaya gəldikdə ilk vaxtlar aclıq və susuzluq kimi duyğulardan başqa bir şey bilmir. Lakin onun vücudunda göz və qulaq kimi elə orqanlar qoyulmuşdur ki, onların vasitəsilə bilmədiklərini bilsin və ya başqa insandan öyrənsin. İnsan elm və təcrübəni başqalarından öyrənir. Onun fitrətində yaşamaq qüvvəsi vardır, lakin necə yaşamağı başqalarından, həyatın alçaq-hündürlüyünü, isti-soyuğunu görən şəxslərdən öyrənir.
İnsan öz şəxsi, ictimai-siyasi və əxlaqi həyatında agah və səmimi bir tərbiyəçiyə möhtacdır ki, necə yaşamağı və ümumiyyətlə kamal və səadət yollarını ona öyrətsin. Tərbiyəçilərin əməl və danışıqları insanlar üçün nümunə, özləri isə insanlara rəhbərdirlər. Məlumdur ki, hər hansı bir şəxsin özünə seçdiyi rəhbər və ülgü, insan elmli, sədaqətli və adil olarsa, onu kamala, fəzilət və tərəqqiyə çatdırar. Əks halda - cəhalətə və nəticədə geriliyə, bədbəxtliyə sövq edər.
Qurani Kərimin «Əhzab» surəsinin 21-ci ayəsində buyurulur: ”Həqiqətən Allahın Rəsulu Allaha, Qiyamət gününə ümid bəsləyənlər (Allahdan, Qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir”
Allaha inanan bütün müsəlmanlara və Həzrət Peyğəmbəri (s) İslam cəmiyyətinin rəhbəri kimi qəbul edən, İmamları (ə) onun canişini bilənlərə vacibdir ki, Onların dediklərinə və gördükləri işlərə tabe olsunlar. Əgər belə olsalar, hər hansı azğınlıqdan qurtularlar, nicat taparlar.
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Комментариев нет:
Отправить комментарий