Toy - xalqımızın gözəl adət-ənənəsi olmaqla yanaşı, dinimizin vacibatı, Peyğəmbərimizin (s) sünnəsidir.
Hər bir insanın həyatında toy ən sevincli günlərin bəlkə də ən birincisidir.
Hər bir xalqın öz toy adət-ənənəsi var. Amma bunların bəziləri oxşar, bəziləri fərqlidir.
Bütün xalqların ortaq cəhətlərindən biri də gəlinlik donudur. Çünki milli mənsubiyyətindən asılı olmayaraq, bütün gəlinlər toylarında gəlinlik donunu geyinirlər. Gəlnlik donu - bir növ ümümbəşəri adət-ənənədir.
Gəlinlik donu bir geyimdir. Adət üzrə geyim dəblə ayaqlaşmalıdır. Dəbi isə bütün dünyaya Qərb diktə edir. Milli mentalitetimizə heç bir şəkildə uyğun olmayan, açıq-saçıq, həddindən artıq kip oturan, yuxarı hissəsi, demək olar ki, olmayan yabançı gəlinlik donları da hanısa anaşılmaz dəbə uyğun olmaq, təqlidçilik həvəsinin bir hissəsidir.
Bu cür avropasayağı dəb hicablı gəlinliklərdən də yan keçməyib. Son dəbin hicabla sintezi bəzi hicabları hicablıqdan çıxarıb, artıq bəzi gəlinlik qiyafələri naməhrəmlər qarşısında geyilməyəcək tərzdədir. Bəzi gəlinlərsə, belə geyimlərdə toy günü ziyarətgahlara gedir, küçədə sərbəst yeriyirlər. Bəlkə də bu möminə ev şəraitində bu sayaq geyim tərzi ilə heç bir naməhrəmlə qarşılaşmaz, amma nədənsə, beyinlərdə yeni bir fikir var: “toy günü köhnə dəblə geyinməyəcəyəm ki!” və s. Yeni bir fikir də meydana çıxıb: “Hicabsız xanımlar məni toy günü dəbdəbəli və bəzəkli hicabla görüb, hicaba gələcəklər”. Mən başa düşmürəm, burada “dabdəbə” deyiləndə nə nəzərdə tutulur. Əgər dəbdəbəyə qarışıb, o qədər əcaib geyiniləcəksə, artıq bu geyimə baxanda Xanım Zəhra (s.ə.) əmanətindən başqa hər şey adamın ağlına gəlirsə, onda bu fikir həqiqətən absurddur. Çünki bu bər-bəzəyə baxıb hicaba gələn nə hicab dərk edir, nə də onu doğru-düzgün tərzdə örtür. Bax o gəlinin toyunda necə görübsə, necə bər-bəzəklə, necə muncuqla görübsə, gündəlik həyatda da belə örtünür. Bu, bəzən illərcə belə davam edir. Mən şəxsən şahidi olmuşam ki, hicabı bər-bəzəkli tərzdə örtən xanımlara sonradan çox çətin olur ki, onu normal qaydada bağlasınlar.
Hicabın bir mənası da naməhrəm qarşısında hər cür cazibədarlıqdan uzaq olmaqdır. Amma bu sayaq “toy bəzəntisi” möminə xanımları fövqəl dərəcədə yaraşıqlı edir. Bunu isə toy günü evdən çıxandan ta şadlıq evinin özündən bütün gözlər görür - məhrəm də, naməhrəm də…
Burada söhbət bütün gəlinliklərdən getmir. Yalnız və yalnız hicaba yaraşmayan, qadın camalını qabarıq şəkildə biruzə verən, ekranlardan “Hollivud” ulduzlarının əynində görməyə adət etdiyimiz “dəbdəbəli” qiyafələrdən gedir. Biz nə bu geyimlərin, nə də son dəbin əleyhinə deyilik! Gözəl geyinək, gözəl bəzənək, dəb ilə ayaqlaşaq, amma nəbadə gözəl geyim, dəb ilə ayaqlaşmağı hicabı hicablıqdan çıxarmaq kimi başa düşək. Əgər kimsə öz toy günündə belə bir bər-bəzəkli qiyafədə olmaq istəyirsə, buyursun. Amma heç olmazsa, bu gözqamaşdırıcı bər-bəzəyin üzərindən yolda ağ bir örtük örtsün ki, heç olmazsa, şadlıq evinəcən İslamı bu tərzdə nümayiş elətdirməsin.
Adətən, gəlinlər toy günündən hətta bir neçə ay əvvəldən artıq hansı və necə gəlinlik donu geyinəcəklərini, hicablarını hansı bər-bəzək və aksessuarlarla bəzədəcəklərini götür-qoy edirlər. Bu işə o qədər həssas yanaşırlar ki, sanki irəlidə olan bütün həyatları, xoşbəxtlikləri məhz bu gəlinlik donundan asılıdır.
Əziz bacılar, gəlin gəlinlik donu seçərkən dəbə, gözəlliyə, yaraşığa fikir verməyimizlə bərabər, İslamı, İlahi təlimatları da yadımızdan çıxarmayaq. Xanım Zəhra (s.ə.) əmanətdarıyıq. Yadımızdan çıxarmayaq ki, bu din, bu Qurani-Kərim, bu namaz, bu oruc, bu hicab Hüseynin (ə) Kərbəlasından dolanıb gəlib, 72 günahsızın qanı bahasına qorunub saxlanıb. Bu hicab Xanım Zeynəbin (s.ə.) şah saraylarınacan əsir olaraq gedib. Amma qorunub, əsrlərlə, Məkkə necə var, elə.
Gəlin, hicabi hicab kimi taxaq, toy günümüz olsa belə.
Xəyalə Quliyeva
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Комментариев нет:
Отправить комментарий