(Nağıl sevənlərə ithaf olunur)
Uşaqlıqda nağılın ən çox sevdiyim yeri onun sonu idi. Çünki nəyə görəsə hər nağılın sonunda göydən üç alma düşürdü. Bu üç almanın sirrı mənı düşündürürdü. Nəyə görə alma və ya nəyə gorə məhz üç alma? Nəyə görə nağılın sonunda?
İllər keçdi, bu sualları fikirləşə-fikirləşə böyüdüm. Nağıllar yadımdan çıxmağa başladı. Çünki mənə çox primitiv gəlirdi . Amma göydən üç almanın düşməsi hələ də yadımda qalıb.
Görəsən bu niyə belədir? Nəyə görə nağılın əsas hissəsi, yəni öyrədici məsələləri, öyüdverici məqamlar yadımdan çıxıb, ancaq heç kimə lazım olmayan sonu yadımda qalıb? Mənim fikrimcə, nağıl danışan nağılın sonunu daha şiddətli gülüş mimikasında deyirdi. Bu vaxt mən gülməyə başlayırdım. Bir qədər əvvəl mənə danışılan öyüd-nəsihətlərlə dolu nağıl yadımdan çıxırdı. Göydən üç almanın düşdüyü anlar isə gülüş səbəbim olduğundan yadımda qalırdı.
Böyüməyimizə baxmayaraq, yenə də bizə nağıl danışırlar. Yenə də nağılın sonu gəlir və yenə də göydən üç alma düşür. Biz də böyüməyimizə baxmayaraq gülürük.
Yaxın kemişdə bizə benzinin qiymətinin qalxması ilə bağlı çoxlu nağıllar danışırdılar. Biz də bu nağıllara şirin-şirin qulaq asırdıq. Birdən nağılı heç gözləmədiyimiz yerdə kəsdilər. Nağıl bitdi. Biz də həmişəki kimi nağılın sonundakı üç almanı gözləyirdik. Nəhayət üç alma düşdü və biz buna gülməyə başladıq.
Bir də gözümüzü açdıq ki, çörəyin qiyməti iki dəfə qalxıb. Elə bunun səbəbini soruşmaq istədik ki, yenə də bizə bir nağıl danışdılar. Biz də sadəlövcəsinə o nağıla yenə qulaq asmağa başladıq. Yenə nağıl bitdi, sonda göydən üç alma düşdü və biz güldük.
Bir də ayıldıq ki, ətin qiyməti qalxıb. Artıq bunun səbəbini soruşmağa qorxduq. Qorxduq ki, yenə də bizə bir nağıl danışıb digər məhsulların qiymətini qaldırarlar. Ancaq biz qulaq asdıq-asmadıq, bizə nağıl danışdılar və sonda göydən üç almanı da endirdilər...
İndi də yeni bir nağıl danışırlar. Bu nağılın ana xətti “gözəlləşdirmə” adlanır. Şəhərin hansı tərəfinə baxırsan-bax, görərsən ki, iri bir binanın üzərinə yaşıl paltar geyindiriblər. Həmin binanın üz qabığın soyurlar. Hər tərəf toz-duman içindədir. Səbəbi də, binanın yenidən bəzədilməsidir.
Deyirəm xaricilər bir tərəfə, rayonlardan iş dalınca Bakıya gələnlərin qabağında lap xəcalətli qalmışıq . Onlar kəndin palçıqlı, torpaqlı yollarından çıxıb Bakıya gələndə heç təsəvvür edə bilməyəcəkləri toz-dumanla rastlaşırlar. İndi gəl onlara başa sal ki, ay həmvətənlərim, bu müvəqqəti çətinlikdir. Bir az dözün. Axı biz dözümlü xalqıq (mübaliğənin gözəlliyinə baxın ee…).
İndi məni bir sual düşündürür: görəsən Bakının bir düz-əməlli halını görə biləcəyikmi?! Son zamanlar kütləvi bina tikintiləri, kütləvi körpüsalmalar, indi də kütləvi “gözəlləşdirmə” kampaniyası şəhərimizi lap yorub. İnsanda elə təsəvvür yaranır ki, bundan sonra da ardı-arası kəsilməyən “kütləvilər” baş verəcək. Nə bilim, kütləvi zibilləmələr, kütləvi bahalaşmalar və s.
Mən qorxuram. Qorxuram ki, kütləvilik nağılı bitəndən sonra göydən üç alma düşər. Bax həmin üç almadan qorxuram. Çünki yenə də özümüzü saxlaya bilməyib gülərik. Sonra da ayılanda görərik ki, yenə kütləvi nəsə baş verib.
Məncə siz də qorxun bu üç almadan. Üç almanın nağılından. Bir də sizə bir məsləhət verim - heç vaxt nağıllara axıradək qulaq asmayın. Nə bilmək olar, birdən göydən nəsə düşər.
Nə isə. Mən də nağılımı burda bitirirəm. Ənənəvi olaraq bu nağılın sonunda da göydən üç alma düşür: Biri mənim, biri nağılı yazanın, birinin də yarısı mənim, yarısı sizin.
Xəqani Səfərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Комментариев нет:
Отправить комментарий