понедельник, июня 09, 2008

Şuşamın arzuları

İstəyir ki, salam desin Azərbaycan əsgərinə. Müjdə versin dörd tərəfə. Qələbəni müjdələsin. “Əhsən!” desin Azərbaycan əsgərinə bizim Şuşamız!!!

8 May! Bu tarix təqvimə qara rənglə həkk edilib. Azərbaycan tarixində böyük bir itki. Sağalmaz yara. Alınmaz qala Şuşanın alınması tarixidir bu tarix.
Şuşa. Bu Şuşa bizim Şuşadır. Bu torpaq bizim torpaqdır. Bizim, yəni hamımızın. Hamımızın dərdidir bu dərd. Bəlkə elə ona görə də hammız bu dərdi çəkməliyik. Hər dəfə 8 may gələndə utanmalıyıq özümüzdən. Tarixdəki 8 maydan. Ona görə ki, qəriblikdə olan Şuşa, bizim Şuşa, bizi axtarır, səsləyir bizi. Bizim körpələrin səslərini eşitmək istəyir. Bizim əkməyimizi istəyir öz torpağını, bizim sevməyimizi istəyir öz dağını, öz daşını.
Bezib Şuşa, səssizlikdən bezib Şuşa. İstəyir ki, tufan qopsun, mərmilərdən leysan olsun ətəyində. Topların gurultusunu, tankların xırıltısını, Azərbaycan əsgərinin “İrəliyə!” səsini eşitməyə həsrət qalıb Şuşa.
İstəyir ki, salam desin Azərbaycan əsgərinə. Müjdə versin dörd tərəfə. Qələbəni müjdələsin. “Əhsən!” desin Azərbaycan əsgərinə. Yəni bizim əsgərlərə. Çünki bizim Şuşadır O. Orda olan Cıdır düzü bizimdir. Torpağında bitən gül və tikan bizimkidir. Ovuclasan torpağını yerə töksən əlindəki qalan torpaq qalıqları bizimkidir. Ətəyindən axan bulaq bizimkidir. Göylərindən yağan yağış bizimkidir...
Budur yenə, xain tarix! Dövr elədi, gəldi çatdı 8 maya. Bizi Şuşanın bizsizliyi biz vurubdur ürəyimə. Utanıram mən özümdən. Qorxağam mən?! Axı gəl-gəl deyir 16 il həbsdəki bizim Şuşa. Qulağımı bağlayıram eşitməyim o səsləri. Gözlərimi yumuram ki, görməyəm mən anaların fəryadını, oxumuram tariximi. Utanıram kitabdakı o cümlədən, o tarixdən, 8 maydan...
8 mayda otururam öz evimdə, çıxmıram mən şəhərə. Utanıram üzərində şəkil olan reklam lövhəsindən, utanıram parkda gəzən bixəbər millətimdən. Utanıram musiqini “Şuşa” adlı kafelərdə eşidəndə. Utanıram özümüzdən.
“Bizim Şuşa” deyəndə də utanıram həm Şuşadan, həm də onun önündəki “biz” sözündən. Bizdə olmayana “bizim” deyib toxdadırıq özümüzü. Bu yolla da, keçiririk 8 mayda günümüzü. Xatırlamaq istəmirik biz bu günü. Məhz bu gündə bağlayırıq qulağımızı, eşitməyək biz Şuşanın “gəl” səsini.
Amma vicdan! Vicdan öz nəğməsini çalır bizə həzin-həzin. Layla deyir könlümüzə - Qorxmazlığın laylasını. Qulağımız duymasa da vicdan duyur Şuşamızın “gəl” səsini.
İstəyirəm od qalayım. Gəlsin bura görən odun tüstüsünü. Onlarla verəm əl-ələ. Sipər olaq, birlik quraq. Eşitdirək mərmilərin səsini Şuşamıza. “Salam” desin bizə Şuşa. Qələbəni müjdələyək. Qırmızı rəngdə yazaq 8 mayı təqvimimizə. Sevinək gələndə bu gün. Qələbə günü olsun bizə. Utanmayaq 8 maydan, utanmayaq özümüzdən...
İstəyirəm ki, “çıx!” deyək erməniyə. Qovaq onu Şuşamızdan. Elə qovaq, qaçanda da özü ilə aparmasın bir daşı da, ayaqqabısını altında qalan quru torpağı da. Havanı da aparmasın. Udmasın heç Şuşamızın havasını...
Bunlar mənim istəyimdir, arzumdur ki, belə olsun. Gücüm çatmır mənim arzum reallaşsın. Dostum çatmır mənim arzum reallaşsın. Necə deyim parkdakı camaata mənim dostum, necə deyim kafelərin sahibinə mənim dostum…
Nə olaydı, 8 mayda hər yerdə olaydı Şuşa. Təkcə bugün lövhələri Şuşadakı məscidlərin, qalaların şəkilləri bəzəyəydi. Nə olaydı, dost olaydı. Nə olaydı, Şuşamızı qaytaraydıq. Nə olaydı, Şuşamızın havasını biz udaydıq... “Nə olaydı” dediklərim kaş olaydı...

Xəqani Səfərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Комментариев нет: