(Düşüncəsiz düşüncələr silsiləsindən)
Salam. İcazə verin, özümü təqdim edim. Mən bu dövlətin vətəndaşı əsl demokrat bir adamam. Adım da Dünyəvi Sekulyarzadədir. Bütün həyatımı adımın mənasını öyrənməklə kecirmişəm. Valideyinlərim uzaqgörən olublar, çünki mənə elə ad qoyublar ki, bu dəqiqə bütün dünya bu adın üzərində mübahisələr aparır. Bəlkə də valıdeynlərimə bu uzaqgorənlik adını soyad kimi götürdüyüm Sekulyar babamdan keçib. Dəqiq bilmirəm. Amma onu bilirəm ki, dünyəviliyi mən səhv başa düçmüşəm. Bu fikrə düşməyimə səbəb üç-dörd ay əvvəl hazırladığım “konsepsiya” oldu.
Son zamanlar öz adıma layiq bir fikrə düşmüşdüm. Fikirləşməşmişdim ki, bu ölkə dünyəvi dövlətdir. Ona görə də burada olan və din adına çıxış edən və onu xatırladan hər bir rəmzdən qurtulmaq lazımdır. Elə adıma layiq hərəkət edərək mənim adıma ləkə gətirən ilk rəmzi tapmişdım - Yaşıl rəng! Bu rəng islamçılıq rəngidir. Ona görə də ölkədə olan yaşıl nə varsa onların yox edilməsi üçün bir konsepsiya hazırladım. Adını da qoydum, “Yaşıla yox deyək!” Düşdüm bu ölkənin küçələrinə ki, bütün yaşıl olan əşyaları qaraldım. Qarşıma çıxan ilk yaşıl rəng də maşınlar oldu. Başladım onları qara rəngə boyamağa. Nə başınızı ağrıdım, maşınların sahibləri mənim gözümün altını qaraldanadək hər şey əla idi. Nə isə...
Başa düşdüm ki, bu cür olmayacaq. Gömrük komitəsinə yazılı müraciət etdim ki, heç olmasa bundan sonra ölkəyə yaşıl rəngli maşınların gətirilməsinə embarqo qoysunlar. Onlar da mənim bu ciddi müraciətimi zarafat qəbul edib güldülər. Axı onlar nə bilir ee dünyəvilik nədi?
Həvəsdən düşmədim. Amma başa düşdüm ki, səhv yerdən başlamışam. Gərək ilk əvvəl özümüzdən başlayaydım. Elə belə də etdim. Evimə əl gəzdirməyə başladım. Bu yolla da bir neçə yaşıl paltarımı yandırdım. Evdəki yaşıl rəngli kafelləri çıxartdım. Hətta iş o yerə çatdı ki, televizorda olan yaşıl rəng effektini də sıfır dərəcəsinə endirdim. İndi mənim televozorum bütün yaşıl rəngləri çəhrayı rəngdə göstərir.
Konsepsiyanın ilk mərhələsini tamamladığıma inanıb ikinci mərhələyə, yəni ətrafın yaşılsızlaşdırılması mərhələsinə keçdim. Əlimdə bir ağ rəngli boya bütün küçələri gəzdim, yaşıl rəngli hər nə gördümsə, ağ rəngə boyadım...
Artıq xeyli müddət keçmişdi. “Demək olar ki, ətrafımda yaşıl rəngdə heç nə qalmamışdı” fikrinə düşmüşdüm ki, birdən gördüm ki, ay qardaş, axı bütün ağaclar, otlar, meşələr, kolluqlar və s. yaşıl rəngdədir və onun yaşıl olmasını dəyişdirmək qeyri-mümkündür. Bunu fikirləşib lap pərt qaldım. Dövlət orqanlarına yazdım ki, bütün bitkiləri çıxardıb yerinə xaricdən süni, başqa rəngli bitkilər gətirsinlər. Axı bunlar dünyəviliyə ziddir. Ordan da bir cavab gəlmədi! Gərək göndərməyəydim. Nə isə...
Həm də “Dövlət Yaşıllaşdırma Komitəsi”nin adında yaşıl rəng olduğuna görə məhkəməyə vermək istəyirdim. Amma vermədim. Çünki konsepsiyamın reallaşmasının qeyri-mümkünlüyünü anladım. Fikirləşdim ki, bu cür konsepsiya ancaq Absurdustan ölkəsində mümkün ola bilər.
İndi mən bir az ağıllanmışam. Yaxşı başa düşürəm ki, dünyəvilik nə imiş. Ancaq heç də peşman deyiləm. “Tikmişəm izim qala!” misalı məni toxdadır. Ona görə də mən də bu dünyadan köçükdən sonra izim qalacaq və nə vaxtsa bunu həyata keçirən olacaq deyə çox sevinirəm. Hətta bəlkə mənim adıma bir akademiyadan-zaddan da açdılar. Nə bilmək olar? Amma bir şeyi bilirəm. O da çətin deyil - kimdi bu konsepsiyanı oxuyanlar? Bilirsiniz kimdi onlar? Absurdstan ölkəsindən köçüb gələnlər...
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Комментариев нет:
Отправить комментарий