среда, июня 11, 2008

GÖZLƏRDƏN SÜZÜLƏN HİSSLƏR

Qonşu otaqdan ikiaylıq körpənin ağlamaq səsi gəldi. Anasına “uşaq deyəsən acıb” deyəndə ana əminliklə “yox, ac olanda belə ağlamır, başının üstündəki oyuncaqlardan qorxub yəqin ki...”- deyə cavab verdi.
Maraqlıdır. Ana asanlıqla uşağın ağlamaq tərzinə görə onun nə demək istədiyini başa düşür. Çünkı, bu onun körpə balasının danışıq dilidir, ətraf mühitə öz ehtiyaclarını catdirması üçün yeganə üsuldur, ilkin kommunikasiya vasitəsidir.
Göz yaşları nədir? Psixoloqlar hesab edirlər ki, ağlamaq emosional müdafiə formasıdır. Göz yaşları insan psixikasını neqativ, bəzən də dağıdıcı zərbələrdən qoruyur. Insanlar hec vaxt səbəbsiz ağlamırlar. Göz yaşları hansısa emosiyanın təzahürü olduğundan, həmin emosiyanın realizə olunmaması insan sağlamlığı üçün təhlükəlidir. Kiçik yaşlarından ailədə, cəmiyyətdə oğlan uşaqlarına ağlamağın yolverilməz olduğunu təlqin edirlər. Buna görə də statistika göstərir ki, kişilər qadınlara nisbətən 4-5 dəfə artıq stress xarakterli xəstəliklərdən əziyyət cəkirlər. Alimlər müəyyən etmişlər ki, ağlamağı bacarmayan insanlar (tibbdə buna “quru göz” xəstəliyi deyilir) göz və dəri xəstəliklərindən əziyyət cəkir, hətta ən kiçik stresləri belə çətinliklə dəf edir, onlarda ağız suyu və tər ifrazı daha cox olur.
İl ərzində insan orqanizmi 1 stəkan göz yaşı istehsal edir. Ağlamaq çox mühüm fizioloji bir prosesdir. Həkimlər bu ağır emosional prosesdə belə düzgün ağlamaq qaydalarına riayət etməyi məsləhət görürlər: üzüqoylu yastığa uzanaraq, gözləri yumaraq və ovxalayaraq ağlamaq olmaz - bu halda baş ağrısı, üzün şişməsi və gözlərin qızarması qaçılmazdır. Yaxşı olar ki, insan təklikdə, hisslərinə azadlıq verərək ağlasın, sonra isə üzünü sərin su ilə yusun.
Göz yaşının kimyəvi tərkibini tədqiq edən bioloqlar belə bir qənaətə gəliblər ki, onda bir çox toksik maddələr vardır ki, bu maddələrin də toplanıb qalması və orqanizmdən ifraz olunmaması sağlamlıq üçün heç də zərərsiz ötüşmür. Baxmayaraq ki, bir çox mədəniyyətlərdə kişilərin ağlaması qəbuledilməz hesab edilir, həkimlər hesab edirlər ki, ağlamaq həm kişilərə, həm də qadınlara lazımdır.

MÜSƏLMANIN GÖZ YAŞLARI
Qeyd etdiyimiz kimi, ağlamaq sadəcə fizoloji proses deyil, hər hansı bir duyğunun, yaşanan hissin maddiyyata cevrilmiş formasıdır. İnsana təsiretmə dərəcəsinə, onu ağlamaga vadar etmə gücünə görə səbəblər də müxtəlif ola bilər. Vay o günə ki, insan heç bir səbəblə ağlaya bilməsin. Əgər tibb elmində buna orqanizmin xəstəliyi deyilirsə, islamda bu qəlbin xəstəliyidir. İmam Əli (ə): “Göz yaşları yalnız qəlbin daşlığı səbəbindən quruyur və qəlblər yalnız günahların coxluğundan daşlaşır”.
Dinimiz belə insanları bədbəxt adlandırır. Allah Rəsulu (s) buyurub: “Bədbəxtliyin əlamətlərindən biri də göz yaşının qurumasıdır”.
İslamda ağlamaq qəlbin diriliyindən, onun mərhamət, şəfqət, sevgi ilə dolu olmasından xəbər verən bir əməl kimi qiymətləndirilir.
Dahi Füzuli Məcnunun doğulan kimi ağlamasına urfani bir rəng verərək belə deyir:
Ol dəm ki, bu xakdanə düşdü
Halını bilib fəğanə düşdü
Axir günün əvvəl eyləyib yad,
Axitdi sirişkü, qıldı fəryad.
Füzuli arifanə bir şəkildə körpələrə xas olan ağlamağın səbəbini uşağın dünyaya göz açan kimi aqibətini düşünüb ağladığı kimi qələmə verir.
Möminin hər bir əməlinin səbəbi dəyərli olduğundan onun göz yaşlarının da səbəbi dünyəvi sıxıntılar deyil, daha yüksək və ali hisslərdir. Müsəlman ya zülmə məruz qalanda Rəbbinə şikayət edərək ağlar, ya günahlarından peşman olaraq istiğfar edəndə ağlar, ya ilahi mərhəməti hiss edəndə kövrələrək ağlar, ya aqibətini düşünüb narahat olanda ağlar. O, İmam Hüseynə (ə) olan sevgisindən, onu qətlə yetirənlərə olan nifrət və qəzəbindən ağlar, zəmanəsinin İmamının (ə.f.) intizarından, həsrətindən ağlar. Onun qəlbini riqqətə gətirən və gözlərini yaşardan emosiyalar əqidəsinin, imanının, qəlbi durumunun təyin ediciləridir.
Odur ki, möminin göz yaşı sadəcə tərkibi, və digər minerallardan ibarət olan məhlul deyil. Möminin göz yaşı gözlərindən süzülən qiymətli, ali, ülvi hisslərin onun ruhunda coşdurduğu dənizin sahilə ötürdüyü damlalardır.

Günel Hüseynli,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Комментариев нет: