четверг, июня 19, 2008

SAKİTLİYƏ RİAYƏT EDİN!

Ən böyük qələbə həyat
səhnəsindəki qəhramanlıqdı.

O gün gecənin bir vaxtı küçədəki səs-küy məni yuxudan oyatdı. Diksinib yerimdən qalxdım. Elə bildim ki, zəlzələdi. Sonra anladım ki, yox bu nəsə başqa şeydi. Gördüm ki, camaat küçədədi. Dedim yəqin millət Qarabağın azadlığı uğrunda mübarizəyə qalxıb. Yox bu deyildi. Sonra dedim ki, yəqin bahalaşma ilə bağlı mitinqdı. Heç o da deyilmiş. Əvvala ona görə ki, mer bizim küçənin yanında mitinq keçirməyə icazə vermir. Ikincisi isə bizim camaat yaxşı bilir ki, gecənin xeyrindən, səhərin şəri yaxşıdır. Bəs yaxşı bu səs-küy nədir? Nəyə görə millət gecənin bu vədəsində küçəyə axışıb? Bu suallar məni yatmağa qoymadı. Deyirlər adamın başına nə gəlir, maraqdan gəlir. Məni də maraq küçəyə çıxmağa vadar elədi.
Düşdüm gördüm nə! Bir vur-çatlasındı ki, gəl görəsən. Hamı «TÜRKİYƏ, TÜRKİYƏ!» qışqırırdı. Sevindim. Dedim yəqin Tükiyədəki hicab probleminə bizimkilər dəstək çıxır. Istədim mən də qışqırım ki, “vicdan azadliğı”, “alı dəyər” və s.
Bir də baxdım ki, yox, qardaş bu nəsə başqa şeydi. Maraq da bayaqdan məni boğur. Axırı qışqıranların birindən soruşdum ki, “nə olub?!”. O da mənə baxıb “TÜRKİYƏ! TÜRKİYƏ! TÜRKİYƏ!“ deyə qışqırdı və çıxıb getdi. Acığı heç nə başa düşmədim. Bəxtimi bir daha sınayıb başqaşından soruşdum.
Sən demə türklər Avropa Çempionatının qrup oyununda Çexiyaya qalib gəliblər. Açığı mən də sevindim. Bir müsəlman komandasının, həm də bizim qardaşlarımızın qalibiyyəti məni də sevindirdi. Ta mən onlar kimi qışqırmadım. Kənarda dayanıb onları seyr etməyə başladım.
Hər kəs özünü unutmuşdu. Dəli kimi qışqirırdılar. Bəlkə də yaxınlaşıb adların soruşsaydın, «TÜRKİYƏ! TÜRKİYƏ! TÜRKİYƏ!» cavabını verərdilər. Vallah, mən yetərli heç nə başa düşməmişdim bu mənzərədən.
O gecə polis əmilər də nəsə həmişəki kimi deyildilər. Çünki həmin yerdə 10-a yaxın polis var idi. Heç kimə bir söz də demirdilər. Sadəcə yolu açmaq üçün nəzakətlə hamını kənara çəkirdilər. Dedim yəqın, başqa vaxt polis əmilərin hirsli olmasına səbəb rəisin işdə olması olur. İndi rəis evində, bunlar da burda. Ona görə də sakitdilər. Amma bu mənim fikrimdi. Bəlkə də onların belə sakit olmasına səbəb məhz Türkiyənin qələbəsi idi. Onlar da bu qələbəyə sevindiklərindən heç kimə heç nə demirdilər
Onlara baxa-baxa fikrə getdim. Fikirləşdim ki, görən bizim komanda nə vaxt Avropa Çempionatinda uduzacaq. Heç udmaqların demirəm, çünki mənim xəyal gücüm o qədər inkişaf etməyib ki, onların qələbəsını təsəvvür edə bilim. Nə vaxt burada «Azərbaycan! Azərbaycan!» qışqıracaqlar. Görən nə vaxt bizim futbolçular Avropa Çempionatinda bir-birlərinə pas verəcəklər.
Görünür biz hələ xeyli müddət onun-bunun qələbəsi ilə özümüzü toxtatacağıq. Amma mənim fikrimcə, gecənin bu vaxtı küçəyə çixib qışqırmaq etik normaları pozmaqdı. Axı küçədəki binanın on ikinci mənzilində yaşayan şəkər xəstəsi Solmaz nənənin və ya bir mərtəbə yuxarıda qalan Vüsal dayının iki ayliq Fatimə qızının nə günahı var ki, gecənin bu vaxtı onları yuxudan oyadırdısınız?
Gərək merə bir yazılı müraciət edim ki, bu azarkeşlərə şəhərdən kənarda bir yer versin. Onsuz da o qışqıranda səsin gedib heç kimə çatmayan yerlərın hara olduğun yaxşı bilir. Nə isə…
Üşüdüyümü hiss edib evə qayıtdım. Amma beynimdə «Türkiyə!» səsi əks-səda verdiyindən yata bilmədim. Solmaz nənəyə və Fatimə balaya dəstək olmaq üçün yatmamağa qərara aldım. Qoy həm də mənim yatmamağımı görüb azerkeşlər utansınlar eee!. Əgər utanmağı azerkeşlık etmək qədər bacarırlarsa…

Xəqani Səfərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Комментариев нет: