среда, июня 11, 2008

(Ürəyindən şikayəti olanlar oxumasınlar)

DƏRDİN BÖLÜNMƏ DÜSTURU
Lap yorulmuşam ee. Heç bilmirəm neyləyim. Bir tərəfdən mənim öz dərdim, bir tərəfdən millətimin dərdi. Yığılıb qalıb bu ürəyimdə. Daha bezmişəm. Bu qədər də dərd olar. Deyirəm optimisdən- zaddan da olmadıq ki, hər şeyə o gözlə baxa bilim və ürəyim açılsın.
Yox qardaş, bu qədər problemi mənim ürəyim qaldıra bilməz. Düzdür, deyirlər problemin olması normaldı. Hətta çox sevdiyim bir insan bir dəfə demişdi ki, problemin olmaması özü bir problemdir. Amma mənim problemim o qədərdi ki. Həm öz dərdimi, həm də millətimin dərdin çəkirəm. Əslində millətimin dərdidə elə mənim dərdimdi. Millət mənimdi deməli dərdi də mənimdi.
Narahat olmayın, sizə öz dərdlərimdən danışıb onsuz da ağrıyan başınızı ağrıtmaq istəmirəm. Ancaq ölkənin dərdini gərək sizə danışam. Axı biz həmvətənik. Axı biz həmmillətik. Gərək dərdimizi bir yerdə bölək. Çünki dərdlər bölüşdükcə azalar (Amma dərdin bölünmə düsturu elmə hələ məlum deyil, gərək bunu dədə-baba qaydası ilə edək).
Bu məmləkətdə kim nəsə edirsə bil ki, nəsə xatirinə edir. Düzdür, bunu hamiya şamil etmək düzgün olmazdı. Əksəriyyətin daxil olduğu bu çoxluq ölkənin bir dərdidi. Hətta mən sizə sübut edə bilərəm ki, əgər bu xəstəlikdən qurtulsaq, bir çox ölkə miqyasdı problemlerdən, o cümlədən Qarabağ problemindən qurtula bilərik. Bu barədə bir qədər sonra. Keçək xatirlik xəstəliyinin simptomlarına.
Kimdən soruşursan ki, a qardaş bu işi niyə görürsən? Əmin olun ki, cavab belə olacaq - filan şeyə xatir və yaxud filan kəsə xatir. Məsələn tələbələr qaib almamaq xatirinə inistutdan qalmır (axı qaibın birini silmək kosmosa gedib-gəlməkdən bahadı), şagirdlər dostlarını görmək xatirinə məktəbə gedir, abuturiyentlər diplom almaq xatirinə inistituta daxil olur, televizora baxılır vaxt öldürmək xatirinə, «avropalıya» oxşamaq xatirinə cavanlarımız özlərinə yaraşmayan geyimlər geyinir, müasirlik xatirinə isə hər nə desən edilir.
Hələ mən xatirlik xəstəliyinin nəticəsində leksikonumuza daxil olan sözləri demirəm. Məsələn "seçki xatirinə seçki" , "qanun xatirinə qanun" və s.
Qardaş, mənim qarşıma bir işi düz-əməlli, ağıllı-başlı edən adam çıxmayıb (əlbəttə ki, bəzi istisna olunmaqla. Amma onlar o qədər azdı ki, qırmızı kitab düşəsi durumdadırlar).
O gün məhəllə dostlarımdan birinin siqaret çəkdiyini gördüm. Səbəbini soruşdum. Cavabında dedi ki, elə-belə. Dedim a kişi elə-belə iş olar? Çox fikrə getdi, sonra qayıdıb dedi ki, bəlkə, adamın kişi olduğunu sübut edir (?!). Elə o vaxt barmağımı dişlədim. Dedim həə, bu da kişi olmaq xatirinə siqaret çəkir.
Çəkmək dedim yadima düşdü. Bu yaxınlarda eşitmişəm ki, hətta qəlyan da çəkirlər amma kişi olmaq üçün yox, daha yaxşı müsəlman olmaq üçün. Daha dəqiq desək, əməl saleh olmaq xatirinə. “A qardaş, bu xurafatdı, eləməyin” demək istəyirdim ki, demədim. Axı mənim camaatla nə işim var ki. Dərdim-sərim azdı bəyəm?
Keçək sizə əvvəldə söz verdiyim Qarabağ məsələsinə. Bayaq qeyd etdiyim kimi, Qarabağ məsələsinin həlli birbaşa xatirlik məsələsinin həllinə bağlidi. Çünki, Qarabağ nəyəsə xatir hələ qaytarılmır. Kiməsə xatir müharibə olmur, nəyəsə xatir bu problemlə başımız qatılır və s. Görürsünüz də, bu xətirlik xəstəliyi bizim başımıza hansı oyunları açır. Hətta Qarabağımızı da qaytara bilmirik.
Hələ mən pul xatirinə edilənləri demirəm. Əgər onları saymağa başlasam, gərək səhərədək danışım. Onsuz da özünüz onların əksəriyətinin nə olduğunu bilirsiniz. Daha mən pul xatirinə edilənləri sayıb sizin başınızı ağrıtmaq istəmirəm. Axı nəyə xatır danışmalıyam eee?
Bu sözü dedim ki, düşünməyəsiniz ki, ölkəmizdə əsən bu xatirlik xəstəliyinin küləyi məndən yan keçib. Axı mən də bu millətin bir parçasıyam. Bəlkə də elə bu məqaləni də elə məqalə xatirinə yazmışam. Nə bilmək olar. Bəlkə də...

Xəqani Səfərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Комментариев нет: