суббота, июня 07, 2008

Xəbərlər

Bu «əmi» hara gedib?
Sovet dövründə Gəncə çayının sahilində ucaldılmış Qatır Məmmədin heykəli yoxa çıxıb.

Bəzi sakinlərin fikirincə heykəlin "getməsinə" səbəb respublikada mövcud olan infliyasiyadır, bəziləri problemi Qatır Məmmədin adını daşımış yarmarkanın dağıdılmasında, bəziləri isə bütün günahları heykəlin ətrafında məskunlaşmış "Fantaziya" sirkində görür. Belə ki, onların fərziyyəsi ilə sirkdə işləyən gözbağlayıcı əmək haqqı almadığından Qatır Məmmədi "yox" etmişdir, - deyə gəncə.az olayın davamında yazır: «Bərəkallah belə gözbağlayıcıya, deyəsən, bu zalım dünyada məşhur olan Devid Kopperfildi belə kölgədə qoymaq arzusundadır».
Bütün bu faktları nəzərə alaraq, kiçik bir jurnalist araşdırması apardıq. Bilsəydik ki, bu araşdırmanın axırı heç bir nəticə verməyəcək, heç yerimizdən belə tərpənməzdik. İş burasındadır ki, əlaqə saxladığımız sirk nümayəndələri, Gəncə şəhər Mədəniyyət və Turizm idarəsinin nümayəndəsi Bəxtiyar Muradov, Gəncə şəhər Polis İdarəsinin rəis müavini İlqar Balakişiyev baş verən hadisə haqda heç nə bilmədiklərini söylədilər. Gəncə Ş.İ.H.-nin başçının müavini Akif Ələkbərovla əlaqə saxlamaq istəsək də, buna nail olmadıq (O, telefonun dəstəyini qaldırmırdı). Kor-peşman Qatır Məmmədin bir nezə gün əvvəl durduğu "kütüyün" yanında dayanıb, gəlib-gedənin atmacalı sözlərini eşitməkdən başqa bizə bir şey qalmadı: "Ayə, dağ boyda kişini nətər götürdülərsə, heç kəs bilmədi". "Qatır Məmməd də dözmədi belə bir vəziyyətə". "Ay mama, burada bir əmi dururdu, o, hara gedibdi?"
Bizim üçün də çox maraqlıdır: görəsən, doğurdan da "əmi" hara gedibdir?
Bir də ki, əhalidən bircə xahişimiz var, "əmi"ni, yəni Qatır Məmmədi gürən olsa, bizə xəbər versin, çünki bizdən başqa görünür bu heykəl heç kəsi maraqlandırmır…


Azyaşlılar arasında narkotik istifadəziləri artır

Bu mərəzə aludə olanlar əsasən 20-25 yaş həddindədirlər.
Bu barədə Gəncə şəhər Narkoloji Dispanserin baş həkimi Sahil İsmayılov məlumat verib. Onun sözlərinə gürə, bir neçə il bundan əvvəl narkotiklərlə bağlı 25-35 yaş arasında olanlar idilərsə, indi qeydiyyata düşənlərin əksəriyyəti 24-25 yaşındakı gənclərdir. Bu göstəricilər gənc nəslin bu maddələrə alüdəçiliyinin artdığından xəbər verir. Ümumiyyətlə, bu gedişlə narkomanların sayının ilin sonunandək bir neçə dəfə artacağı ehtimal olunur.
Qeyd edək ki, ötən il ərzində dispanserdə 378 nəfər xəstə qeydiyyatda olub. Onların 36 nəfəri həmin il müayinə üçün müraciət edib. 19 nəfər isə qeydiyyatdan çıxıb. Hazırda isə 383 nəfər qeydiyyatdadır və bu ilin 5 ayı ərzində Gəncədə 9 nəfər ağır dərəcəli narkotik maddə istifadəçisi kimi qeydiyyata alınıb, cəmi 2 nəfər isə qeydiyyatdan çıxıb.
Belə bir artımın olmasının gələcəkdə fəlakətdən xəbər verdiyini söyləyən baş həkim, apardığı təxmini araşdırmalara əsasən, müraciət edənlərin hazırda narkomanların çox az bir faizini təşkil etdiyini, həqiqətdə bu kimi xəstələrin sayının qeydiyyata alınandan azı iki dəfə çox olduğunu deyir: «Cəmiyyətdə belə xəstələrə qarşı yaranmış təsəvvürlər mənfi olduğundan belə şəxslərdə təcrid olunma qorxusu yaranır. Sonralar onların vəziyyətləri ağırlaşanda bunu həkimlərə, hətta yaxınlarına belə deməyə çəkinirlər. Bu kimi səbəblər onları müayinədən kənarda qoyur. Lakin qeyd edək ki, bizim dispanserdə hər bir xəstənin anonimliyi qorunur. Hazırda qeydiyyatda olanlar arasında azyaşlılar yoxdur. Lakin artıq narkotik vasitələrdən istifadə halları günbəgün artdığından, yaxın gələcəkdə onların da bu bəlaya düzar olacağını ehtimal etmək olar».
Məlumat üçün bildirək ki, dispanserdə müayinə olunan xəstələrə göstərilən psixoloji və digər növ tibbi xidmətlər pulsuzdur. Sahil İsmayılov bu il süzügedən xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılması üçün dövlət büdcəsindən ayrılacaq vəsaitlərin məbləğinin artırılacağının gözlənildiyini bildirdi.



Bigənəlik tarixi abidələri məhvolma təhlükəsi ilə üz-üzə qoyub

160 hektarlıq sahədə inşası bərpa olunan Tovuzçay su anbarının ərazisinə düşəcək abidələri suyun altında qala bilər.
Çayla həmsərhəd Öysüçlü kəndi ərazisindəki orta əsrlərə məxsus məscid-türbə kompleksi və XVIII-XIX-cu əsr qəbirüstü türbələr və son tunc, ilk dəmir düvrünə aid nekropolların (kütləvi qəbirstanlıqlar) baxımsızlıqdan məhv olmaq təhlükəsi ilə üzləşməsi azmış kimi, onların darmadağın edələcəyi gözlənilir. Gəncə şəhər Regional Elm Mərkəzin Arxeologiya və Etnoqrafiya şöbəsinin müdiri, tarix elmləri dokoru, professor Arif Məmmədov XIV-XIX-cu əsrə qədər olan qəbir abidələri və üzərində ərəbcə yazılmış qəbir daşlarının bərbad vəziyyətdə olduğunu deyir: «Türbələrin izərində qəbir kameraları və daşları olmalıdır, ancaq onlar içərisindən çıxarılıb. Bir türbə tamamilə dağıdılıb, ikisi isə olduqca yararsız və dağıdılmış hala düşüb. Bu dəryaça tikiləndə əlbəttə, məlum oldu ki, bütün bu abidələrin su altında qalmaq təhlükəsi var. Ona görə, bu abidələrin məhvinə yol verməmək üçün, heç olmazsa, onların başqa əraziyə köçürülməsini təmin etmək lazımdır».
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun nümayəndələri 1 hektara yaxın ərazidə 2 türbə,13 türbə qalığı, 36 yazılı epitafiya, 20-yə yaxın dağılmış və kitabəsi olmayan başdaşları aşkar etmişlər. Arxeoloqlar burada Gəncə orta əsr memarlıq üslubunda inşa edilən məscid-türbə kompleksinin olmasının ərazidə tarixi eramızın birinci minilliyinədək gedib çıxan yaşayış məskənin olmasından xəbər verdiyi qənaətindədirlər. Bu məscidin ətrafındakı hücrələrin və kitab rəflərinin olması ondan mədrəsə kimi də istifadə edildiyini göstərir.
Arif Məmmədov Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun süzügedən abidələrin təhlükəsiz əraziyə köçürülməsi ilə bağlı artıq bir sıra işlər gördüyünü bildirdi. İlkin olaraq türbələrin eskizləri və qəbir abidə daşlarının eksştampları çıxarılıb və bütün abidələrin şəkilləri çəkilib: «Lakin onların təhlükəsiz əraziyə köçürülməsi üçün Mədəniyyət və Turizm Nazirliyi göstəriş verməli və maliyyə vəsaiti ayırmalıdır. Ancaq məscid və türbələrin başqa yerə köçürülməsinə də onun hal-hazırkı dövrdə qorunması kimi yanaşılacaqsa, o zaman ya su altında qaldı, ya köçürüldü - heç bir fərqi yoxdur. Onda heç köçürülməsə daha yaxşı olar. İstənilən halda abidələr məhv olacaq» - deyə, A.Məmmədov öz nigarançılığını bildirdi.
Rayon Mədəniyyət İdarəsinin rəisi Aydın Qasımov birmənalı olaraq süzügedən abidələrin dağıdılmayacağını desə də, buna necə nail olunacağı haqda izah vermədi. O, qeyd etdi ki, abidələrin köçürülməsi barəsində isə ümumiyyətlə düşünülmür. Su anbarının tikintisini icra edən «Azərkörpü» ASC-dən aldığımız məlumata görə, süzügedən abidələr və nekropollar həqiqətən də dəryaçanın ərazisinə düşür və onlar köçürülməzsə, suyun altında qala və yaxud da anbarın hövzəsi genişləndirilərkən dağıdıla bilər. Qurumdan o da bildirildi ki, abidələrin başqa ərazilərə köçürülməsi ilə dövlət məşğul olmalıdır. Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov nəinki məsələyə aydınlıq gətirmək istəmədi, o, abidələrin məhv olmasının rayon rəhbərliyini heç narahat etmədiyini deməkdən belə çəkinmədi. Onu da xatırladak ki, 1948-50-ci illərdə Mingəçevir su-elektrik stansiyası tikilən zaman Qırmızı Samux deyilən ərazidə 20-dən artıq kənd ən qədim abidələri ilə birgə suyun altında qaldı. Lakin o vaxt Sovetlər dövrü idi. İndi isə müstəqil Azərbaycan Respublikasında milli-tarixi dəyərlərə bu cür münasibət heç cür anlaşılan deyil. (ganca.az).

Mehdi Fərəc
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Комментариев нет: