Bağışlayan və Mehriban Allahın adı ilə!
Dünya və axirət xanımlarının seyyidəsi, canlı Quran, 11 əimməi-əthar anası, bəşərin kamal incisi, ismi cəhənnəm odu qarşısında sipər olan Həzrət Fatimənin (salamullahi əleyha) Allah Təala ilə münacatına bir baxış.
Fatimeyi-Zəhranın (s.ə.) nurunun dünyada zühur etməsi.
İmam Həsən Əsğəridən (ə) nəql olunur: “Allahın Rəsulu (s) söyləmişdir: Allah Təala Adəm və Həvvanı xəlq edəndə onlar sual etdilər: “Buzdən daha yaxşı olan kimdir?” Həmin məqamda onlar öncə heç vaxt görmədikləri bir qız surəti gördülər; bu xanımdan gələn işıq o qədər parlaq idi ki, az qala gözləri kor olacaqdı. Onlar soruşdular: “Ya Rəbbi, bi nədir?”. O buyurdu: “Bu, Fatimənin surətidir, sizin zənən törəmələrinizin seyyidəsi”. Adəm sual etdi: “Başındakı tac nədir?”. Allah cavab verdi: “Yoldaşı Əli”. Adəm yenə soruşdu: “Qulaqlarındakı iki tana nədir?”. Münəzzəh Allah cavab verdi: “İki oğlu, onların varlığı Mən səni xəlq etməmişdən 2 min il öncə Mənim əzəli bilgimlə müəyyən edilib”.
Həmin mübarək surəti Uca Allah dünyaya cənnət meyvələri ilə yoğrulmuş vücudda nazil və həmin vücudu hicri təqvimin 5-ci ilində cəmadius-sani ayının 20-də Həzrət Muhəmməd peyğəmbərin (s) evində zahir etdi. Xanıma verilən mübarək isimlərdən biri «Hövrau-Ünsiyyə»dir. Bu təsadüfi deyil, belə ki, bu ad Xanım Fatimənin (s.ə.) insan olmaqla yanaşı, həm də cənnət hurisi olmasına dəlalət edir.
İlk öncə xanımın dünyaya gəlişi məqamında Allahın kəramətlərinə diqqət yetirək.
Şeyx Səduq “Əmali” kitabında nəql edir ki, xanımın dünyaya gəlişi ərəfəsində Həzrət Xədicə (s.ə.) Qureyş xanımlarına yardım üçün müraciət eləmişdi. Qüreyş xanımları Xədicənin (s.ə.) kasıb Muhammədlə (s) ailə qurmasını bağışlaya bilmədikləri üçün yardım etməkdən boyun qaçırmıdılar. Buna müqabil Allah Təala bəşərin ən üstün xanımından 4-nü - Həzrət İbrahimin (ə) xanımı Saranı (s.ə.), Fironun möminə xanımı Məzahim qızı Asiyanı (s.ə.), Həzrət İsa (ə) anası, İmranın qızı Həzrət Məryəmi (s.ə.) və Musa peyğəmbərin (ə) bacısı Gülsümü Həzrət Xədicəyə əyan olmaq üçün yerə endirmişdi. Həzrət Fatimə (səlamullahi əleyha) dünyaya gəldiyi an ondan saçan nur bütün Məkkə evlərini işıqlandırmış, şərqə və qərbə yayılmışdı. 10 nəfər behişt hurilərindən, əllərində cənnətdən gətirdikləri teşt və kövsər suyundan doldurulmuş kuzə ilə evə daxil olmuş, 4 nəcib xanımdan biri Fatimənin (s.ə.) mübarək vücudunu kövsər suyu ilə yuyub, səmavi geyimə bürümüş və xanımı dindirmiş oldu. Körpənin adı Fatimə (s.ə.) qoyuldu, çünki özü və ardıcılları cəhənnəm atəşindən amanda qalacaqlar. Xanım Fatimə (s.ə.) dindirildikdə, dil açıb Allahın birliyinə, Həzrət Muhəmmədin (s) isə onun rəsulu olmasına şəhadət verərək, belə söyləmişdi: “Şəhadət verirəm ki, yeganə Allahdan başqa İlah yoxdur. Atam Allahın rəsulu, peyğəmbərlərin başçısıdır. Yoldaşım övliyaların sərvəri və iki övladım isə behişt cavanlarının ağasıdır”. Xanımın ali məqamı, Allah qaşısında kamil bəndəliyi artıq ilk doğum anından Allah, Rəsulu və Əhli-beyti (ə) barədə şəhadət gətirməsində təzahür etdi.
Müqəddəs mənbələrə istinadən söylənir ki, Xanım dünyaya gələndə səmada hurilər ilk dəfə olaraq, elə bir nur görmüşdülər ki, ondan qabaq elə bir nur heç vaxt sezilməmişdi.
Fatimənin mövlud xəbəri Rəsuli-Əkrəmə çatdırılanda Həzrət Rəsul (s) çox sevinmişdi. Çünki Həzrət (s) Kövsərin ona əta ediləcəyi barədə ilahi vədənin gerçəkləşdiyini dərk etmişdi.
Xanıma uca ərşdə Fatimədən savayı, daha 8 ad verilmişdi: Siddiqə, Mubərakə, Tahirə, Zəkiyyə, Raziyyə, Mərziyyə, Muhaddəsə və Zəhra.
Bu adların hər biri Xanımın (s.ə.) uca məqamından, ilahi təqva və mərifəti ilə Allahın razılığını qazanmasında xəbər verir. Lakin adlardan ikisinə məxsusi nəzər yetirmək istərdim: Muhəddəsə və Zəhra.
Muhəddəsə - «mələklərin söhbət etdiyi kəs» anlamını verir. Bu adın verilməsi Xanımın məxsusi ilahi kəramət sahibi olmasına dəlalət edir. İmam Sadiq (ə) bu barədə buyurmuşdur: “Fatimə (s.ə.) ona görə Muhaddəsə adlandırılmışdır ki, necə ki, Həzrət Məryəmin (ə.s.) yanına daim mələk gələr və onunla söhbət edərdi, eləcə də Həzrət Fatimeyi-Zəhranın yanına daim bir mələk gələrdi və bu mələk ona söylərdi: “Ya Fatimə! Allah səni seçmiş, pak-pakizə qərar vermiş və dünyanın bütün xanımlarından üstün bilmişdir”.
Ikinci isə Zəhra adı. Bu adın mənası - «işıqlı, nurlu» deməkdir. Xanıma Zəhra (Nur xanımı) adının verilməsinin müxtəlif səbəbləri gətirilir. Onlardan bir odur ki, Xanımın nuru uca ərşədək şölələnirdi. Belə ki, Xanım (s.ə.) namaza duranda göydəki mələklər Xanımın (s.ə.) namaz qıldığı yerdən nur saçdığının şahidi olurdular. Necə ki, yerdəki insanlar səmada onlar üçün şölələnən ulduzların parıltısını müşahidə edərlər. Həmin məqamda Xanım Zəhra (s.ə.) bir nur olurdu.
Həzrət Fatimə (s.ə.) zəka və müdriklik, səbat və iradə, zöhd və qüdsiyyət, səxavət və genişqəlblilik, Allaha sədaqət və ibadət, fədakarlıq və qonaqpərvərlik, güzəştkarlıq və səbr zirvəsi, bəşərin kamillik nümunəsi olan atası Rəsuli-Əkrəmdən (s) elm və əxlaqı qəlb, söz və əməl müstəvisində mənimsəmiş bir xilqət idi. Onun müdrikliklə zinətlənmiş qəlbi və mükəmməl zəkası ilahi nuru ilə birlikdə hər şeyin gerçək mahiyyətini kamil şəkildə açmağa, görməyə qadir idi.
Həzrət Fatimə (s.ə.) ibadət və ürfanın kamillik zirvəsində idi. İbadətdə o Həzrətdən (s.ə.) üstünü ola bilməz idi. Həzrət gecələri, məxsusən, cümə gecəsi son saatlarını sübhədək ibadətdə keçirər, xuzu və huşu halında namaz qılar, dua edər, namazda Xanımın mübarək vücudu Allah xofundan tir-tir əsərdi. O qədər namaz qılardı ki, ayaqları qabar bağlayardı. Allaha çoxlu münacatlar edərdi. Xanımın (s.ə.) hər gün, hər namaz üçün məxsusi duaları var idi.
İmam Həsən (ə) nəql edir ki, bir cümə gecəsi anamın (Həzrət Fatimə (s.ə.)) səcdədə olduğunu gördüm. O, sübhədək taqətdən düşüncəyə qədər səcdələr etdi. Mən onun mömin və möminələr üçün etdiyi duaları eşidirdim, ancaq o, özü barədə heç dua etmədi. Soruşdum: “Ya ana, niyə başqaları üçün dua etdiyin kimi özün üçün dua etmədin?”. Cavabında Həzrət (s.ə.) buyurdu: “Əziz oğlum, əvvəl qonşular, sonra evin içi”.
Xanım Zəhra (s.ə.) Ramazan ayının son 10 gününü də gecələr əhya saxlayar, ev əhlini də bu ibadətlərinə sövq edərdi.
Xanım (s.ə.) həm də Quranın aşiqi idi. Onu çox sevər, ayələrini əzbər bilər və hətta ev işlərini görəndə belə onlardan oxuyardı.
Həzrət Fatimə (s.ə.) bütün vücudu ilə Allahın hizbinə sarılmış və bütün işlərində Allaha pənah aparmışdı. Gördüyü, istədiyi hər bir şey ancaq Allahın hikmət və razılığı ilə ölçülürdü. Dualarından birinə diqqət yetirək - gerçəkdən Xanımın (s.ə.) duaları Onun ilahi vücudunu tanımaqda yardımçılardır (Xanım Zəhra (s.ə.) tez-tez Allaha bu dua ilə müraciət edərdi): «“Ey Allah(ım)! Sən qeybdən alim və xilqət üzərində qadirsən. Elə isə mənə ömür nəsib et, məgər bilirsən ki, yaşamaq mənim üçün daha xeyirlidir və mənə ölümü nəsib et, məgər bilirsən ki, ölüm mənim üçün daha xeyirlidir.
Ya Allah, məmnunluq və qəzəb anında Sənin müqabilində təqva və sədaqəti, qənilik və fəqirlik məqamında qənaəti diləyirəm.
Ya Allah, Səndən tükənməyən həzz, bitməyən sevinc, aqibətindən məmnunluq, ölümdən sonra gözəl həyat diləyirəm. Və Səndən Sənin Camalına baxmağı, Səninlə ağır bəla və ya üsyankarlığa yol vermədən görüşünə səy etməyimi diləyirəm.
Bizi iman ilə zinətləndir və hidayət olunan və hidayət edənlərdən qərar ver, ey aləmlərin Rəbbi!”
Allah Təala ölümü xeyirli bilərsə, Xanım ölümü istər, həyatı xeyirli bilərsə, yaşamağı arzulardı.
Xanımın atası Rəsuli-Əkrəmin (s) onun üçün yoldaş və köməkçi qərar verdiyi təsbihi də heç vaxt tərk etməzdi. Məlum olduğu üzrə Xanım Zəhra təsbihi 34 dəfə təkbir, 33 dəfə təsbih və 33 dəfə təhmiddən ibarətdir. Xanım Zəhra (s.ə.) təsbihi o qədər mübarək bir zikrdir ki, Allah Təala hər vacib namazdan sonra onu tərk etməyənin günahlarını bağışlayacağını və cənnəti ona vacib edəcəyini buyurmuşdur.
Xanım Zəhranın (s.ə.) vücudunun Allahla ayrılmaz bağlılığını, Qurbi-İlahi məqamında olmasını etdiyi dualarla bərabər, atası Rəsuli-Əkrəmin bir mübarək kəlamı da şəhadət verir. Belə ki, Xanım Zəhra (s.ə.) barədə Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Allaha iman Fatimənin qəlbinə o qədər dərin nüfuz etmişdir ki, o, özünü Rəbbinə ibadətə ola biləcək bütün müdaxilələrdən (dünyəvi maneələrdən) azad etmişdir”.
Başqa bir yerdə Xanımın (s.ə.) Allahla bağlılığını, “Eynullah” məqamını Həzrət Peyğəmbər (s) belə aşkar edir: “Ya Fatimə! Allah sənin razılığınla (məmnun olmağınla) məmnun və sənin məyusluq və narazılığınla qəzəbli olar”.
Bəşər övladı Xanımın (s.ə.) ali məqamı, vücudunu təsvir və təxəyyül etməkdə acizdir. Hər nə deyilsə, onun varlığının ancaq müəyyən məqamlarını və dəfə-dəfə solğun surətlərlə çatdıra bilər. Bəhsi kamala yetirməkdə acizliyimi daha artıq təzahür etdirməməyim üçün onu Allah Təalanın Peyğəmbərə (s) verdiyi müjdə ayəsi ilə xülasə etməyi üstün bilirəm: «(Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə Kövsər əta etdik!» («Kövsər» surəsi, ayə 1)
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Комментариев нет:
Отправить комментарий