Ruhullah Musəvi Xomeyni (r.ə)… Elə bir şəxsiyyət ki, həyatının bütün səhnələri başdan-başa insanlığa nümunə olan, islamı qəriblikdən və tənhalıqdan çıxarıb dünyəviləşdirən, yüksək idarəetmə qabiliyyətinə malik olan, sahib olduğu vəzifəyə vicdanla əməl edən...
Ruhullah Musəvi Xomeyni (r.ə) 1902-ci il sentyabr ayının 24-də İranın mərkəzi əyalətinə aid olan kiçik Xomeyn şəhərində anadan olmuşdur. Atası Ayətullah Seyyid Mustafa Musəvini kiçik yaşlarında ikən itirmişdir. Atasının şəhadətindən sonra anası Hacər xanım və bibisi Sahibə xanımın himayəsi altında qalaraq böyümüşdür. Lakin 15 yaşında onları da itirdi. Elə həmin vaxtda yetimliyin ağrı-acılarını hiss edən İmam (r.ə), ata-ana nəvazişlərindən məhrum olaraq həyatını sərt sıxıntılar içində keçirməyə başladı. Həyatında baş verən acı hadisələrə baxmayaraq, kəramətli əxlaqını, təhsilə marağını, zirəkliyi və şücaətini heç vaxt tərk etmədi. O, üsul, fəlsəfə, fiqh, ürfan və digər elmlərə dərindən yiyələnmişdir.
Bir çoxları İmam Xomeynini (r.ə) İran İslam İnqilabı ilə xatırlayır. Elə bir inqilab ki, dünya tarixində özünəməxsus iz qoydu, düya ölkələrinə İranın strateji kimliyini tanıtdı. 1978-1979-cu illərdə baş verən bu inqilab sayəsində 2500 illik tarixi olan mütləq monarxiya üsulu devrildi, ölkə tarixində ilk dəfə prezident seçildi. Qeyd edək ki, monarxizmin son nümayəndəsi M.Rza Pəhləvi olmuşdur. Keçirilən ümumxalq referundumu nəticəsində İran islam dininin prinsiplərinə və şəriət qanunlarına əsaslanan İslam Respublikası elan olundu.
İmam Xomeyni (r.ə) bütün müsəlmanlara müraciətlə demişdir: "Bizim proqramımız islam proqramı olub, məqsədi müsəlman xalqlarının birgə ittifaqını və bütün islam ölkələrinin birliyini təmin etməkdən ibarətdir. İslam proqramı bütün müsəlman xalqlarının qardaşlığından, bütün dünya müsəlmanlarının sionizmə qarşı vahid birliyindən ibarətdir. Bizim məqsədimiz istismarçı dövlətlərə qarşı müsəlman xalqlarının birliyini yaratmaq, ona qarşı vahid cəbhədən çıxış etmək, islam dünyasının var-yoxunu talan edən soyğunçulara qarşı birgə mübarizə aparmaqdır."
Həyatını islami prinsiplər üzərində quran bu şəxsiyyət nəinki siyasi-ictimai sahədə, yaşamının hər sahəsində bu prinsiplərlə addımlamışdı. Sadə həyat tərzinə malik olan İmam (r.ə), mənəviyyatı zəngin, təvazökar, hamıya qarşı diqqətli, evdə və cəmiyyətdə nizam-intizama riayət edən və lətif təbiətə malik bir insan idi. Onun tələbələrinə olan nəsihətlərinin birində rast gəlinir: "Siz öz vəzifənizi yerinə yetirin, öz şəhərlərinizə gedərkən Allahın dinini təbliğ edin, bir-birinizin əleyhinə mövqe tutmayın, dünyəvi, nəfsani və var-dövlət cəhətlərini rədd edin. Siz yalnız belə olduqda ulu və mübarək Yaradanın qarşısında əziz ola bilərsiniz. Siz belə olsanız, eyni zamanda xalqın ürəyində özünüzə yer tapa bilərsiniz. Nəfsani istəklərdən doğan mövqe seçməkdən uzaq olun. Bilmədiyiniz şeyləri din adından danışmaqdan çəkinin. Allahın dinini bildiyiniz qədər izah edin. Çalışın ki, olan şeyi və gerçəkliyi danışasınız".
"Adi adamların dilində danışan Xomeyni özünün yoxsul və məhrum tərəfdarlarına özlərinə qarşı etimad, özünə inam və ehtiram hissi bəxş etdi. Bu hiss onları yolları üstündə duran hər kəsi öz güclü yumruğu ilə aradan qaldırmağa qadir etdi. O, yoxsul insanlara göstərdi ki, hətta Amerika kimi qüdrətli dövlətlərin də qarşısında dayanmaq və qorxmamaq olar. İslami İranın rəhbəri İmam Xomeyni dünyanın siyasi səhnəsində əsas qüvvə idi. - "Nyu Yorkun "Times" qəzetindən.
Bu dahi şəxsiyyət barəsində bu cür möhtərəm fikirlərin səslənməsi əlbəttə ki, təsadüfi deyil. İmam Xomeyni (r.ə) həqiqətən qibtə olunmalı şəxs idi. İmam Xomeyni (r.ə) 1989-cu il iyunun 2-də dünyasını dəyişmişdir. Yataq xəstəsi olduğuna baxmayaraq ömrünün son saatlarında belə Allahı zikr edir, qollarına bir neçə sistem qoşulduğu halda gecə namazının nafiləsini qılır, Quran oxuyurdu. O, öz vəsiyyətnaməsində bu cür yazmışdır: "Aram ürək, arxayın qəlb, şad ruh və Allahın fəzlinə ümidvar olan bir batinlə bacı-qardaşlarımın xidmətindən mürəxxəs oluram, əbədi məkanıma doğru səfər edirəm. Sizin xeyir-duanıza çox-çox ehtiyac duyuram. Rəhman və Rəhim Allahdan istəyirəm ki, xidmət göstərməkdə qüsur və təqsirli olduğuma görə üzrümü qəbul etsin. Millətə ümidvaram ki, xidmət göstərməkdə təqsirli və qüsurlu olduğuma görə üzrümü qəbul etsin, qüdrət, iradə və qətiyyətlə irəli getsinlər". Allah ona rəhmət etsin!
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Комментариев нет:
Отправить комментарий