среда, июня 11, 2008

İtkin məzar

Bismilləhir-Rahmənir-Rahim!

Gecə, zülmət, qaranlıq. Ətrafa cökən dərin bir səssizlik. Peygəmbər (s) şəhəri - Mədinə. İnsiz-ətərsiz və dərin yuxuya getmiş şəhər. Rəsulundan (s) bir necə ay öncə ayrılmış boynu bükük, miskin məkan. Peyğəmbər (s) məscidi - ətri-təravəti cəkilən səcdə yeri, vəhy kəlmələrinə və kamil insan tərbiyəsinə qəribsəyən minbər. Məscidə çıxışı - qapısı-qapısına açılan Əhli-beyt (ə) evi. Bir kiçik ev ki, aləmlərə sığmayan kədərin, sözlərə, kəlmələrə bəs etməyən qüssənin - bir hüzünlü gecənin şahidi. Qaraya bürünmüş, gözü yaşlı, qəm və kədər dəryasında boğulan ev əhli. Üzü qibləyə uzanmış mütəhhər vücud. Dövrə vurub için-için səsssizcə ağlayan pak vücudlar. Solub gedən, ətri duyulmayan Rəsulun (s) əmanət adlı ilk nişanəsi. Atasının anası, dərdlərinin davası, bədəninin parası olan xanim (s.ə) ilk olaraq qovuşur Rəbbinə və Rəsuluna (s).
Gecə, zülmət, qaranlıq. Bəqi məzarlığı. Bir necə nəfərin müşayətilə aparilan müqəddəs cənazə. Nə cənazə? Kulli mələkut aləminin, yüz iyrmi dörd min peyğəmbərin və daha kimlərin müşayət etdiyi cənazə. Ayrılıq məqamı, həsrət qovğası - torpağı yenidən pak edən vücud nişanəsiz torpağı qoynuna alır. Saxlamır özündən sonra heç bir iz, qoymur üzr yeri onu incidənlərə, dil yarası vuranlara, risalətə uyğun davranmayanlara, əmanətə namərdcəsinə xəyanət edənlərə. Layiq bilmir onları cənazəsini müşayət etməyə, cənazə namazını qılmağa, şəfaət almağa.
Qalır gizlində qəbri onu sevənlər üçün də. Dolanarkən Bəqini həsrətlə baxır ətrafa, bəlkə bir nişanə ola, tanıtdıra o qəbri onu sevən insana. Alır o həsrətin yanğısını saxlayıb məsafəni Məscidul-Nəbidən (s), elə Bəqidəki 4 İmamın (ə.s) mütəhhər məzarından. Yollanır Kufəyə, Kazımeynə, Samirraya. Dolub daşan kədərlə üz tutur Kərbəlaya. Dolanır başına Məşhədin, Cəmkəranın. Ta ki sorağı olsun Fatimeyi-Zəhranın (s.ə.).
İllərlə, əsrlərlə davam edir bu hali-əhval. Aşiqlər dolanırlar nuri mütəhhərlərin - pak hərəmlərin dövrəsinə. Şadlıqlarını şadlıq kimi, kədərlərini kədər kimi qarşılayırlar. Xanım (s.ə.) da dolanır tək-tək onu sevib balalarının məzarlarına dolananların başına. Olur Allahla öz sevənləri arasında müqəddəs bir vəsilə. Eşıdır hər deyilən səmimi salamı, salavatı, oxunan «Təvəssül»ü, «Kumeyl»i, saxlanan əzani, matəmi.
Bir qaim olan məzarimz, bir Qaim olan İmamımiz (ə.f.) var bizlərin. Qaim olan məzarın tək ziyarətcisi qaim olan İmam (ə.f). Gözlərdən, nəzərlərdən itkin İmam (ə.f) hər gün ağlayır, sızlayır, əza saxlayir o itkin məzarın kənarında. Açaraq əllərini dua edir bizləri - o həsrətliləri, o miskinləri və daim qəlbi yaralıları. Oxuyur daim «Fərəc» duasını. İstəyir zühurunu. Aşkar edib tanıtmaq ücün o şərafətli, mütəhhər, gözlərdən xali məzarı.
Bizlərsə toplanarkən o hərəmlərin dövrəsinə pənah aparırıq ilk növbədə məzlum xanım (s.ə.) qapısına. Bu elə qapıdır ki, onun vasitəsilə acılır üzümüzə digər bağlı məsum qapılar. Ərz edərək: «Ya xanım (s.ə.), biz gəlmişik. Dil yarası, əl silləsı, od şöləsilə gəlməmişik. Aç qapını üzümüzə. Göz yaşı ilə, açılan əl duası ilə, köz bağlamayan qəlb yarası ilə gəlmişik».
Yetimik, kimsəsizik, qəlbi sınıqlar kimi döyürük qapını eşqlə, məhəbbətlə, sədaqətlə. Döyürük o sınan qapını. Yandırılan qapını. O qədər sınan qapımız, od vurulan evimiz, sillə dəyən cismimiz, qəsb olunan torpağımız, əl-ayaq bağlanan vücudumuz var ki. Tanıdaraq özümüzü xalis əməl, pak niyyətlə, eşitdirərək səsimizi səmimi dua, şövqlü ibadətlə, təsdiqləyərək intizarı yorulmadan fərəcə xidmətlə - onda açilar qapı da, edilər şəfaət də, sayılarıq əsl tərəfdar da, sevər bizi Əhli-beyt (ə) də. Tapılar onda itkin məzar da, gələr nəhayət ki, bu intizarın sonu da…


Əli Ağayarov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Комментариев нет: