Uşaqlar Allahın bizlərə bəxş etdiyi ən gözəl bir nemətdir. Və o zaman ki, bu nemət dünyaya gəlir, müxtəlif meyl və instinktlərə malik olur. Bu meyl və instinktlər iki qism olur. Onlardan bir qismi bilqüvvədir, yəni bu meyllər vardır, ancaq hələ fəaliyyətə keçməyibdir, elə bil köz altında yatan alovdur. Ancaq ikinci qism meyl və instinktlər bilfeldir, yəni fəaliyyət halındadır. Məsələn aclıq instinkti, belə ki, uşaq dünyaya göz açdığı gündən qida mənbəyini axtarır və ac olduğunu hiss edir. Bundan başqa onun bilfel halında olan xüsusiyyətlərindən biri də elmə olan meylidir. Onun elmə və dinə olan meyli də dünyaya göz açdığı gündən fəaliyyətdədir. Ona görə də İslam dinində dünyaya gələn uşağın qulağına azan və iqamə oxunması vacib sayılır. Çünki İslam dini deyir ki, bu uşaq sağ qulağına oxunana azanı və sol qulağına oxunan iqaməni dərk edir. Bundan başqa, hədislərimizin bir çoxunda valideynlərə tövsiyə olunur ki, uşaqların yanında qeybət etməsinlər, baxmayaraq ki, bu uşaq bir aylıqdır və ya bir az böyükdür, bu söhbətlər onun zehnində əsər qoyur.
Bu məsələnin ciddiliyini daha yaxşı dərk etmək üçün olmuş bir hadisəni danışmaq xatırlatmaq yerinə düşər. Fransalı bir qadının beynində problem yaranır və onu əməliyyat etməli olurlar. Bu qadının kəllə sümüyünü açırlar və bıçağı beynin xüsusi yerinə toxunduranda o alman marşını oxumağa başlayır və bu hadisə bir neçə dəfə təkrar olur. Onu əməliyyat edib qurtarırlar və xəstə özünə gələndən sonra ondan soruşurlar ki, savadı varmı, alman dilini bilirmi? O cavab verir ki, xeyr. Bu zaman həkimlərin təəccübü daha da artır. Onlar iclas keçirərək buraya psixoloqları, neyro cərrahları, psixoterapevtləri çağırırlar və məsləhət zamanı aydın olur ki, İkinci dünya müharibəsi zamanı almanlar Fransanı tutmuşdular və onlar fransızların evlərinə girir və orada gecələyirdilər, bu zaman həmin qadın beşikdə olan bir körpə imiş və onun beşiyinin yanında alman əsgərinin oxuduğu alman marşı bu uşağın zehninə həkk olubdur.
Bu hadisə bir daha onu sübüt edir ki, uşaq zehninə eşitdiyi hər bir söz təsir qoyur, nəinki söz, hətta əməl də. Belə ki, valideynlərə uşağın yanında diqqətli olmaq tövsiyə olunur, çünki bütün etdikləri onun ruhiyyəsinə mənfi təsir qoya bilər.
Uşaqların dünyaya gəldiyi gündən bilfel olan meyllərindən biri də məhəbbət istəyidir, sevgi istəyidir. Belə ki, dünyaya gələn uşaq qida mənbəyini axtardığı kimi, məhəbbət və naz da istəyir. Onun fitrəti deyir: mən anamın sinəsini istəyirəm ki, tox olam, mən anamın məhəbbətini istəyirəm ki, başım həmişə anamın sinəsi üstündə olsun və anamın nəvaziş əli başımın üstündə olsun. Ana əllərinin nəvazişi, ürəyinin döyüntüsü, ananın südü elə əvvəl gündən uşağın bədəninin, zehninin dərinliyinə əsər qoyur. Valideyn bilməlidir ki, uşağın qidaya ehtiyacı olduğu kimi məhəbbətə və nəvazişə də ehtiyacı vardır. Əks halda onda kompleks yarana bilər. Bir neçə aylıq uşağı əgər sığallayıb, onun üzünə gülsən, o da sənə güləcəkdir. Əgər qışqırıb, hay-küy salsan - ağlayacaqdır və o, bununla demək istəyir ki, mən naz istəyirəm, məhəbbət istəyirəm, gərək mənə məhəbbət göstərəsən. Dünyaya gəldiyi gündən, bir yaşında, 10 yaşında, 15 yaşında məhəbbət istəyir. Ancaq bu zaman məhəbbətlər fərqli olur.
Valideyn məhəbbəti təkcə anaların öhdəsində deyildir, ata da bilməlidir ki, bu onun uşağıdır və ona məhəbbət göstərmək onun da vəzifəsidir və hər dəfə evə gələndə uşağı dizi üstə otuzdurub, onunla uşaq dilində danışmalıdır, nəvazişlə başını sığallamalıdır. O atalar ki, evdə olan zaman çox vaxt yatırlar və ya günlərlə evə gəlmirlər, gərək bilsinlər ki, bu məsələ ciddidir və kompleksə gətirib çıxara bilər. Onların ilk gündən körpəyə verdikləri tərbiyə ona nəvaziş etməkləri, onunla söhbət etməkləri, uşağın yanında əyləşməkləri, onu dinləməkləri və uşağın sözlərinə fikir verməklərilədir. Həmin iki və üç yaşlı uşağın da öz dili vardır, ana və ata onun sözlərinə diqqət etməlidirlər. Uşaqların sözlərinə diqqətsizlik etmək və onların sözlərinə məhəl qoymamaq təhlükə zəngini çalır. Ona görə ehtiyatlı olun ki, uşaqlarınız ilk gündən kompleksli olmasınlar, siz atalar hər nə işdə olursunuz-olun, kim olursunuz-olun bilin ki, ən vacib işiniz uşağınızdır və bu uşaqlara bir saat və ya iki saat vaxt ayırmaq lazımdır. Çünki bu onun ruhu qidasıdır və sən əgər bu körpənin dünyaya gəlməyinə vasitəçi olmusansa, onun məsuliyyətlərini də dərk etməlisən.
Ona görə xülasə olaraq, deyə bilərik ki, insan qidasız qaldığı zaman öldüyü kimi, məhəbbətsiz qaldığı zaman da onun ruhu ölür, çünki onun fitrəti bunu istəyir, o, diqqət və məhəbbət istəyir. Əgər onların ruhi qidalarını verməsək, onlarda kompleks yaranacaqdır.
Uca Allahdan uşaq tərbiyəsi kimi məsuliyyətli işdə tofiqat diləyirik!
Məşhədi Xanım, “Dəyərlər”