Показаны сообщения с ярлыком Mübarək Ramazan ayı. Показать все сообщения
Показаны сообщения с ярлыком Mübarək Ramazan ayı. Показать все сообщения

воскресенье, октября 12, 2008

Əlvida, mübarək Ramazan ayı!

Bismilləhir-rahmənir-rahim!

Doğrusu bir ay müddətində qonaği olduğumuz və qonağımız olan, cismən və ruhən bağlandığımız mübarək ayla xudafızləşmək, ona əlvida demək nə qədər ağir olsa da, bu sətirləri yazmağa qərar verdim. Əziz və mehriban kimsədən ayriliq sevinc gətirməsə də, bu əziz qonaqla ayriliğin özəyində həm sevinc, həm də qəm hissləri yer almiş.

11 ay boyunca davam edən həsrətin nəhayət ki, sonu gəlmişdi. Sənin gəlişini qarşılayan zaman bir coşqu və ümid var idi qəlblərdə,sonsuz diləklərlə dikilmişdi sənə doğru baxışlarımız, nuranı qədəmlərinlə mübarək hilalın doğması ılə arzumuza cataraq şükürlər edirdik İLAHİNİN bu qismətinə, lütfünə, mərhəmətinə. Əslində sən bizə tərəf gəlmişdın, bizi qonaq etmək üçün, İlahi ziyafət vermək üçün, acdığın süfrədən bəhrələndirmək üçün birillik fasiləni adlayaraq gəlmişdin.

Həm biz sənə, həm də sən bizə qonaq olmuşdun. Cismani ləzzət və nemətlərdən bizi ayırıb bir az da mənəvi nemət və ləzzətlərdən bizə dadızdirmaq idi məqsədin və məramın. Əziz qonaq olaraq bizi öz YARADANIMIZA tərəf yönləndirən, bəndəliyimizi bizə tanıtdiran, cismimizdə itib-batan ruhumuzu zahir edən, nəfsimizin zəncir və buxovlarından bizi azad edən hədiyyələrinlə gəlmişdin. Ən böyük və dəyərli hədiyyən isə QƏDR GECƏSİ adlanan hədiyyən idi ki, özündə RƏHİM və RƏHMAN olan ALLAHİın yaratdıqlarına ən böyük hədiyyəsi olan QURANİ-KƏRİMİN nazil olduğu bir gecə var idi. Həm böyük bir lütfə qovuşduğumuz, həm də Ağamızdan (ə), Mövlamızıdan (ə) hüzünlə ayrıldığımız bir gecə...

Nə gözəl dost idin, nə gözəl dostluq edən. Nə gözəl həmdəm idin, nə gözəl həmdəm oldun. Etdin bizi əsirlikdən azad,qirdın ruhumuzu və cismimizi saran zəncirləri, qandalları, əritdin daş və rəhimsiz qəlbimizi, yırtdın o qat-qat üstələnən torları, nura qərq etdin qaranlığa məhkum olmuş vücudumuzu. Öyrətdin bizlərə bütün ibadətlərin əsl mahiyyətini, anlatdin yaradıliş qayəmizi, göstərdin YARADANA tərəf gedməyin İLAHİ istiqamətini.

Sən bütün öz nemətlərini, feyzlərini, gözəlliklərini bizlərə əta edin. Qucaq açıb bizlərə, şəfqət dolu nəvazişlərinlə qorudun bizləri nəfsani və iblisvari hücum və təhdidlərdən. Bağladın,əsir etdin, gəlişınlə ən böyük və ən qatı düşmənimiz olan iblisi. Bir sipər oldun, yenilməz qala oldun bizlər üçün. Onu bağlamağın ilə qırıldı onun bizə bağladığı zəncirlər, açıldı düyünlər, hürriyyət qazandı ilahi eşq üçün qəribsəyən qəlblər. Hansı ki, yalnız Onun zikri ilə aram olardı, Ona ibadət ilə səfa tapardı və yalnız Ona qulluq üçün yaradılmışdı. Əməli olaraq nümayiş etdirdin bizlərə qiyamətə qədər kamillik qarşısında ən böyük maneə olan düşmənə necə qalib gəlməyi, necə onun belini qirmağı, necə ondan azad olmağı...

Qonaqpərvərliyindən, ehsanlarından, bəxşişlərindən nə qədər yazsam da, qələmdəki mürəkkəb tükənər, amma şəninə deyiləcək sözlərin, təriflərin, ibarələrin sayı Qiyamətə qədər tükənməz.

Sənin gəlişinə – əziz dostun gəlişinə ancaq dostlar sevindi, dostlar fərəhləndi. Hər kəs ölçüsündə, tutmunda, öz nəsibini, qismətini, savabını apardı səndən. Tökdün ağırlığından ruhu sarsıdan, qəddi əyən günah yüklərini, qurtardın eybəcərliklərindən, mərəzlərdən, mənfi asılılıqlarından bizləri.

Düzü elə də geniş təbliğ olunmadın, bəyan olunmadın doğma vətənimizdə. Laqeyidlik və qəribliklə müşahidə olundu gəlişin. Zahirdə belə hiss olunmadın, duyulmadın. Bir mübarək gəlişin elan olundu, bir də sevincli və hüzünlü gedişin. Əslində elə də xüsusi təqdimata da ehtiyacın yox idi. Belə ki, sən özün ehtiyac ödəməyə gəlmişdin. Səni soraq edən, səni axtaran, intizarında olan tapdı və tələsdi səninlə görüşə – qatılmaq üçün milyonlarla qurtuluş əhlinə. Gəlişin də gedişin kimi bir sevincə və şadlığa səbəb oldu. Təkcə bir fərqlə ki, gəlişin intizarın gətirdiyi sevinc, gedişin isə sevincdən sonra intizar gətirdi.

Şəvval ayının 1-i hamı namaza tələsir. Hər kəs bir-birini bayram münasibətilə təbrik edir, bağrına basır, xoş arzularını çatdırır və mənəvi qələbənin bəxş etdiyi sevincli anları bölüşür. Budur səflər düzülür, bayram namazı qılınır və pak olmuş nəfslər bir ağızdan deyilən dualara AMİN deyir. Elə bu məqamdaca köksümü dərin bir hüzn bürüyür. Bu hüznün ayrılıq adlı avazı qəlbimi titrədir. İstəsəm də istəməsəm də qeyri-ixtiyari «Əlvida, Mübarək Ramazan ayı, Əlvida!» deyirəm öz-özümə. Bilmirəm bir də ömür vəfa qılsa, UCA RƏBBİM qismət etsə, minnət qoyub dəvət etsə, sənə yenidən «Mərhəba, Mübarək Ramazan ayı, Mərhaba!» demək ümidi ilə təqvimləri çevirib sənə tərəf tələsəcəyəmi düşünürəm. İndi isə İmam Səccadın (ə) mübarək duası ilə ilə desəm, "bala anasından ayrılan kimi ayriliram RAMAZANDAN". Ayrılıram səndən, ayrılırsan məndən....


Əli Ağayarov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

вторник, октября 07, 2008

Yeni iliniz mübarək!

Bismilləhir-Rahmənir-Rahim!

Yəqin ki çoxlarınız deyəcəksiniz “bu nə danışır, nə yeni il, sentyabr hara, yeni il hara”, ən təmkinliniz isə “yəqin nəsə dinlə əlaqəqar dindarlar yenə nəyi isə qeyd edirlər” deyəcəkdir. Əvvəla onu deyim ki, nə hamımızın istifadə etdiyi günəş təqvimi olan miladi, nə ay təqvimi olan qəməri, nə təbiət, nə dini, nə qeyri-dini, nə də hər hansı bir başqa təqvimlə il təhvil verilmədi bu günlərdə. Bəs nə baş verdi? Hansı yeni ildən gedir söhbət? Söhbət mahiyyətcə yeni ildən gedir. Yəni nə?

Hər il dekabrn 31-dən yanvarın 1-nə keçən gecə bütün dünyada, çox təəssüflər olsun ki, həmçinin bizim məmləkətdə də şıdırğı bir gecə yaşanır. Düşünməyin ki, bu günün qeyd olunması ilə əlaqədar nəsə bir problemim var. Xeyir, belə deyil. Yeni ilin qeyd olunmasına da bəlkə də pis baxmıram. Yuxarıdaki cümlədə qeyd olunan “təəssüflər olsun ki” ifadəsi ancaq özümüzə aiddir. Niyə? İzah edim. Bütün dünyada (dünya dedikdə də əsasən Qərb, xristian ölkələri nəzərdə tutulur, bu mənim cümləmdə belə deyil, hamımız dünya deyəndə onları nəzərdə tuturuq, bəlkə dünyaya baxanda digər dövlətlər gözə görünmədiyindən, bəlkə də hər hansısa başqa bir səbəbdən bilmirəm - bu ayrı geniş bir mövzudur, qoyaq kənara), ancaq bu belədir) insanların malik olduqları dəyər bəlkə elə budur. Bu səbəbdən “təəssüflər olsun ki” ifadəsi onların öz dəyərlər sisteminin əsasını təşkil edən bayramlarına bağlılıqlarına aid edilmir. Ancaq bir azərbaycanlının dekabrn 31-dən yanvarın 1-nə keçən gecə “mütləq qəbul olunacaq dilək” tutmaq üçün saat 12-ni gözləməsi və “ili necə qarşılayarsan, elə də keçirərsən” kimi bir əqidə bəsləyib onu bu cür yaşatması doğrudan da çox təəsüf doğurucudur. Gəldik məsələnin özünə.

Valideyinlərindən, qohum-əqrabasından, dost-tanışından, qonum-qonşudan, vətənindən ayrı salınmış bir uşaq kimi, kim nə sırıyır gəbul eləmişik, unutmuşuq nəsil-nəcabətimizi, vətənimizin şirin qoxusunu, unutmuşuq özümüzü. Bizə deyillər sən busan, belə olmalısan - biz də qəbul eləyirik. Deyirlər noolsun ki, sən müsəlmansan, adam müsalman da olar, amma içki də içər, digər müsalmançılığa zidd olan qələtləri də eləyər, əqidəsinə daban-dabana zidd həyat tərzi də sürər. Bunların hamısı, özümüz də fərginə varmadan, həyata keçirilir. Dilimizdəki ilə əməllərimizin düz gəlməməyi, bunun doğru olmadığını bildiyimiz xəstəlik yaradıb bizlərdə. İkiüzlülük xəstəliyidir bu xəstəlik. Xəstə, məriz adam necə inkişaf edə bilər? Bu üzdən zəif düşüb, zəlil olb qul olmuşuq nəfsimizə, əsarətə düşmüşük, hakim olub əcnəbilər bizlərə.

Amma çox mehribandır böyük Allah! Nəyəsə nail olmağın, nəyəsə çatmağın, əldə etməyin ümumi qaydaları ilə yanaşı, qısa keçidlər qoyub bəşərə lətif Allah. Hər şeyə qadir olan Allah bir vücudi pəncərə qoyub ki, bu da Qədr gecəsidir. “Bir gecə zəhmət çəkin, min ay zəhmətdən artığının əvəzini verim sizə. Bir gecə zəhmət çəkin, il boyu səbəblər verim sizə. İşlərinizin xoş nəticələri üçün, bir gecə zəhmət çəkin, bir illik taleyinizi zaminə alın” demiş rəhman Allah! Taleyimizi öz əllərimizə vermiş adil Allah. Məgər ilin başlanğıcı deyilmi bu? Çoxumuz sahib çıxıb öz həqiqi dəyərlərimizə, durub taleyimizin dəyişməsini istəsək qadir Allahdan, dəyişməzmi taleyi saydaşlarımızın, dindaşlarımızın, Qarabağımızın, Qüdsümüzün?

Muhəmməd Əmircanov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

RAMAZAN AYI: RUHUN CİSMƏ QƏLƏBƏSİ

Bismilləhir - Rahmənir - Rahim!

Müsəlmanlarin, möminlərin İlahi övliyaların səbirsizliklə, xüsusi şövq və sevinclə gözlədikləri ayın – Ayların sultanının – RAMAZAN ayının hilalı görünməklə hər yanı öz nurani ruhiyyə və mənəvi ab-havası ilə əhatə etmış oldu. Hər il olduğu kimi, bu il də etiqadlılar – UCA RƏBBİN ilahi ziyafətinə dəvət alanlar bu ilahi feyzi və rəhməti vücudlarinda, qəlblərində, ruhi-mənəvi durumlarında hiss etməkdədirlər. Xaliqinin – onu yaradanin cağırışına cavab verənlər – məhz onlar layiq görülüblər bu mənəvi ilahi süfrənin ətrafına toplaşmaqla, madiyyat çevrəsindən uzaqlaşıb, sonsuz mənəviyyat çeşməsindən sirab olmağa. Əslində xüsusi hazırlıqlar hələ öncəki aylardan, həftələrdən başlamış müəyyən ibadətlərlə, dualarla, zikrlərlə əziz qonağın qarşılanmasına hazırlıqlar görülmüşdür. Hər kəs bacardığı qədər özünü təmizləyərək, mənəvi durumunu müsbətə doğru dəyişərək, təmiz halda bu aya daxil olmağa, bu ayin ziyarətçisi olmağa calışmışdır.

Və budur – artıq sonsuz rəhmət, bərəkət, məğfirət və xüsusi özəlliklər, üstünlüklər və faydalar vəd edən Mübarək Ramazana - ALLAH qonaqlığına təşrif buyurmuşuq. Hər saniyəsini, dəqiqəsini, saatını, gününü fürsət bilənlər elə ilk gündən etibarən bir il ərzində həsrətində olduqları şərafətli ayın sonsuz imkanlarından, bənzərsiz lütflərindən bəhrələnib YARADANIN bu qismətinə urək dolusu şükürlər etməkdədirlər. Mübarək ayın əhatə dairəsi özü qədər sonsuz və nəhayətsizdir. Xüsusən də onun insan ruhu, mənəviyyatı, daxili aləmi ilə harmonik və qırılmaz əlaqəsi vardır. Bu ay insanı öz RƏBBİNƏ qovuşduran, Ona mənən yaxın edən, ruhunu paklandıran, onu göylərə, mələkut aləmindən də uca məqamlara yüksəldən, onun kim olduğunu, nə etməli olduğunu və ən əsası – onu öz fitrətinə, öz əvvəlinə, öz ilkinə qaytaran ilahi bir vasitədir. Bir növ ruhun cismə qalib gəlməsini, ondan üstünlüyünü, aliliyini, əbədiliyini göstərən, həmçinin ən ali varlıq olan insanın təkcə cisimdən ibarət olmadığını və daim öz ruhuna xidmət etməli olduğunu sübuta yetirən ilahi bir nemətdir. Bu ay ruhu cismə deyil, RƏBBƏ tərəf yönəldən, onu öz məcrasına istiqamətləndirən və cismlə bir vəhdətdə aləmləri fəth etmək üçün misilsiz bir imkandir.

Ruh və Cisim – yaranandan bəri daim təzad təşkil edən və bir-birinə qarşı amansiz mübarizə aparan iki müxtəlif məfhum. Biri maddiyyata, digəri mənəviyyata yönəlı, biri heyvani xislətə və ondan da aşağı endirən, digəri ucaldan, insanlığın fövqünə və bəndəliyin zirvəsinə yüksəldən, biri süni və ötəri ləzzətləri qabardan, digəri əbədi nemətə və daimi rəhmətə təminat verən. Budur insan övladının həyatı boyu seçim etməlı olduğu təzadlı məfhumlar. Və həqiqətdə bu mübarizə meydanının qalibi elə onun öz seçiminə, iradəsinə bağlı olan bir məsələdir.

Ruhun da cisim təki oz meylləri, təmayülləri və ehtiyacları vardir. Bunlar zaman-zaman ödənməli, cismin ehtiyacları arasinda itib-batmamalı, ruhun məhvinə imkan verilməməlidir. Cismin ehtiyaclarını azaltmaqla, nəfsi istəkləri cilovlamaqla, ruhu cilalamaq, onun diriliyini, varlığını təmin etmək olur ki, bu da Xaliqin əta etdiyi oruc ehsanı ilə reallaşır. Bu yolla qida və digər ləzzətlərdən məhrum olaraq, böyük maneələri dəf edərək insan ruhu mənəvi qida alıb, həyatı boyu hec vaxt bu qədər yaxin olmadığı ALLAHına yönəlir.

Əvvəlki aylarda cismin qidalanması, halal ləzzətlərdən istifadə etməsi insanın ibadətində, fəaliyyətində ona yardımçı olursa, bu ayda aldığı ruhi qida isə ona ibadəti və fəaliyyətinin mənəvi tərəfinin əsl mahiyyətini, məramını acıb göstərir. Aldiği bu qidadan qildığı namazların, etdiyi duaların, söylədiyi zikrlərin keyfiyyəti dəyişr, əsl hədəfi müəyyənləşir və bu artıq mənəvi ləzzətlərin başlanğıcı olur. Onsuz da insan oruc tutarkən ac qalmır, müəyyən vaxt kəsimindən sonra iftar edir, qidalanır və müəyyən ehtiyaclarını təmin edir. Lakin bu istifadənin şükrü başqa olur, nemətin dəyəri, qiyməti başqa olur, ondan alınan ləzzət başqa olur və bununla da ona əta edilən hər bir ehsanın fərqinə varır. Bununla da bir həqiqət üzə çixir: özünə, cisminə, nəfsinə elə özü, fitrəti, ruhu qalib gəlır. Təmiz qələbənin gətirdiyi sevinc sonda bir bayramla qeyd olunur. Əlbəttə bu ömürlük qələbə olmasa da, bir RAMAZAN ayı qədər qələbəyə atılan bir addımdır. Həyat səhnəsinin son qələbəsi də məhz bu qələbədən – ruhun cisim üzərindəki qələbəsindən qaynaqlanır.

Əli Ağayarov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Ramazan ayının sonsuz faydalarından bir zərrə

Müxtəlif xeyirləri və bərəkəti ilə faydalanmağı zəruri edən mübarək Ramazan ayı barədə deyilənlər, yazılanlar onu göstərdi ki, bu ay doğurdan da maddi və mənəvi olan qaçılmaz mənfəətlərlə zəngindir. Bu ayda insanın nəfəs alıb-verməsi zikr, yatması ibadət, ac qalması yüzlərlə xəstəliyin dərmanı və bir gün var ki, bu ayda min aydan daha xeyirli elə bunlar bəs edir ki, Ramazan ayının faydalarına sonsuz deyək. Yazını yazarkən yadıma bir hadisə düşdü və qərara aldım ki, bunu sizinlə bölüşüm. Universitetlərin birində komminizm ideologiyasının istiliyi hələ beynində soyumamış müəllimlərdən biri fəlsəfə dərsində muxtəlif dinlərdən danışır, İslam dininə çatanda deyir ki, müxtəlif dinlərdə olan ayinlər, hərəkətlər yoqalardakı kimi idman və sağlamlıq məqsədilə yerinə yetirilir. İslamın da namaz və oruc ayinləri sağlamlıq yaradan vasitələrdir. Nəə, belə deməkdə olsun fəlsəfə müəllimi, görək tələbələr nə deyir.

Bu söz tələbələr arasında ciddi etiraza səbəb olur. Amma birdən məlumatlı tələbələrdən biri yerindən qalxır və müəllimin dediyini təsdiqləyərək, «müəllim düz buyurur burda narahat olası nə var ki», deyə çaxnaşma yaradan bir bəyanat edir. İslamın qayda-qanunlarına yaxşı bələd olan və bunlara riayət edən tələbənin belə deməsi digər tələbələri şoka salır. Sözünə davam edərək deyir: Namaz qılmaq və oruc tutmaq insanın hər baxımdan sağlam və dərrakəli qalmasına səbəb olur, ancaq bu namazın, orucun insana verdiyi faydaların heç milyonda biri deyil. Bu sözlər auditoriyanın vəziyyətində əməlli-başdı dəyişiklik yaradır.

İndi bu mübarək Ramazan ayının yaratdığı faydalarının milyonda biri dediyimiz sağlamlığın çox kiçik bir hissəsinə toxunaq.

İnsanın ən ali və sirli şöbəsi onun psixoloji-ruhi vəziyyətidir. İnsan orqanlarını təşkil edən hüceyrələrin əsasını zülal, lipid, mineral birləşmələr təşkil edir. Bu hüceyrələrin mitoz bölünməsi nəticəsində orqanizmlərin bütövlüyü saxlanılır. Bu bölünmənin əsasında hüceyrənin nüvəsində yerləşən DNT zəncir halqası durur və genetik kodu özündə birləşdirir. DNT – zülali birləşmədir və amin turşularından təşkil olunub. 12 amin turşusundan zülali birləşmə əmələ gəlir. Bunların birləşməsi açar-qıfıl formasındadır. Alamin-Sitozin, Quanin-Timin turşularının birləşmə ardıcıllığı DNT-nin transpirasiyası zamanı bəzən bu ardıcılliq pozulur. Alamin Quaninlə, Timin isə Sitozinlə birləşərək orqanizm üçün yad zülal əmələ gətirir. Əgər bu yad zülal sinir hüceyrəsində əmələ gələrsə, bu insanın mərkəzi sinir sistemində patoloji dəyişikliklərə səbəb olur. Ümumiyyətlə, bütün orqanlarda yad zülal əmələ gələrsə, sinir ucluqları vasitəsilə mərkəzi sinir sistemində yerləşən sinir mərkəzinin və vegetetiv sinir sisteminin və periferik sinir mərkəzlərinin qıcıqlanmasına səbəb olur. Bu zaman potoloji psixi dəyişikliklərin əsasında dayanan hallüsinasiya halları baş verir. Yəni şəxsə elə gəlir ki, onu çağırırlar, dönüb çağıran adamı axtarır. Yaxud şəxs birdən-birə qəhqəhə çəkib gülür və onun gözlərinə gülməli səhnələr görünür. Bu cür xəstələri aylarla xəstəxanalarda müalicə edir, xəstəliyin epiologiyası bilinmədiyindən onları tam sağaltmaq olmur.

Amerika alimləri belə bir ekisperiment keçirmişlər. 178 sm boy, 70 kq çəkisi olan normal insan su içmək şərtilə 40 gün ac qalır. 40 gündən sonra isə onun sinir sistemində geridönməz proseslər baş verir. Alimlər müşahidə etmişlər ki, insanın qidalanmadığının beşinci günü bağırsaqlarda nəcis kütləsi tam boşalır, lakin buna baxmayaraq qırxıncı günə qədər isan nəcis ifraz edir. Bu nadir tapıntı təbabət elmində böyük bir dönüş idi, ona görə ki, indiyə qədər bağırsaqlarda yerləşən qovucuqların qidalı elementlərinin birtərəfli bağırsaqdan qana sovrulması funksiyasını qeyd edirlər. Alimlər bu eksperimenti daha da dərinləşdirərək yad zülalla əmələ gələn ruhi pozğunluğu olan şəxslərə bu eksperimenti tətbiq etmişlər və nəticədə 40 gündən sonra tam müalicə müşahidə olunmuşdur. Alimlər bunu onunla əlaqələndirirlər ki, bağırsaqlarda yerləşən qovucuqların funksiyası heç də birtərəfli deyildir, qan damarları bütün orqanlardan, mezodermal orqanlardan maddələr mübadiləsi nəticəsində hüceyrələrin işinə yaramayan molekulyar şlak maddələri osmotik təzyiq nəticəsində hüceyrə fenestrlərdən (pəncərələrdən) qan kapilyarlarına ötürür və şlak maddələr isə qan damarları vasitəsi ilə bağırsaqlara tökülür və nəticədə patoloji dəyişikliyə səbəb olmuş yad zülal da bu aclıq zamanı şlak maddəsi kimi bağırsaqlara gətirilib orqanizmdən xaric olur.

Bütün bu proseslər həmdə digər xəstəliklərin o cümlədən yorğunluq, halsızlıq, yaddaş zəifliyi kimi halların aradan qaldırılması üçün əvəssiz təsirə malikdir.

Xəstəlik cinayətdir, cinayətkar olmayın. Hər insan özünün həkimi olmalıdır. Uca Allah öz bəndəsini cinayətkarlıqdan, xəstə olmaqdan uzaq etmək üçün qaçılmaz imkanlar qoyub və sadəcə iradələrimizə sahib çıxmalıyıq.

Uca Allah bizlərə maddi və mənəvi sağlamlıqlarımıza sahib çıxmaqda və iradəli olmaqda bizlərdən Öz nəzərini əsgiltməsin. Amin.

Tural Ağamirzəzadə
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

суббота, сентября 13, 2008

Ramazan ayı bir vasitə oldu

Allahı həqiqi mənada sevib, ona yaxınlaşmaqda mübarək Ramazan ayı bir vasitə oldu. Həmişə bu ayda çox narahat olurdum. Ozümü danlayır: zəifsən, iradəsizsən, gücsüzsən, aclıq nədir axı, ona dözə bilmirsən, deyə ürəyimdə danışırdım. Digər aylara nisbətən bu ayda Allahın nemətlərindən doyunca istifadə edirdim. Mənə elə gəlirdi ki, bu şeytan əməlidir. O sanki mənə əmr edirdi.
Günlərin bir günü istədiyim gün yetişdi. Şeytanın vəs-vəsini qırıb Allahın vacib buyurduğu mübarək Ramazan ayında oruc tutdum. Düzdür bəzi hökmləri dərindən bilmədiyim üçün əziyyət çəkir, lakin yenə də bu əziyyətlər mənə xoş təsir bağışlayırdı. Mənim körpə uşağın ilk addım atmağına bənzəyən halım, gələcəkdə də daha çox addım atacağıma ümid verirdi. Oruc tutmaqla, digər vacib əməllərin yerinə yetirilməsi haqqında da ciddi şəkildə düşünürdüm. İftar süfrəsi bu vacib əməllərin gercəkləşməsinə səbəb oldu. Yaxınlarımdan birinin öz evində belə məclis qurub və məni dəvət etməsi, edilən söhbətlər mənim qəlbimdə Allaha sevgini daha da artırdı. Məsumların nurlu kəlamlarından olan "Saleh insanların məclisi ınsanı islaha vadar edər".
Lakin yenə də daxilimdə nə isə məni narahat edirdi. Elə bil kimsə mənə peşman olarsan, səhv yoldasan bu yoldan çəkin, deyə əmr edirdi. Bunun şeytan vəs-vəsəsi olduğunu yəqinləşdirmişdim. Amma Ramazan ayına aid oxuduğum kitabların birində rastlaşdığım əziz Peyğənbərimizin (s) xütbəsindən olan "bu ayda şeytanlar zəncirlənmişlər, Allahdan istəyin ki, onları sizə hakim etməsin" deyə müraciəti məni çox düşündürürdü. Bəs yaxşı, Ramazan ayında bizi yolumuzdan azdıran nədir?
Bu sualın cavabını axdarıb, tapdıqdan sonra belə bir nəticəyə gəldim. Hər bir insanın daxilində şəhvət, qəzəb və bu kimi qüvvələr var. İnsanın günaha düşməsində bu qüvvələr amildir. Şeytan isə bu qüvvələri günaha istiqamətləndirməkdə insanı təhrik edir. Və insan, şeytan olmasa belə bu qüvvələrin səbəbi ilə günaha düşə bilər. Məhz şeytanın olmaması bu ayda həmin qüvvələrin islahı üçün bir fürsətdir. İslamın rəhbərləri buyurmuşlar: İnsanların ən yaxşısı oz nəfsi ilə mübarizə aparanı, ən qüvvətlisi isə bu nəfslərə qalib gələndir. Bu yolda addımlamaq ilk anlarda çox çətin olurdu. Buna gorə mənim ilk qazandığım şey səbr oldu. Əziz Peyğəmbərimiz də (s) səbrli olmağımızı tövsiyə etmişdir. Düşməni olan kəsin səbri olmasa, heç vaxt qalib gələ bilməz. Səbr dözüm, möhkəmlik gücünü artırır. Qurani-Kərim səbri belə ifadə edir: «Səbr, oruc və namazdan ancaq xeyir görmək olar».
Əziz peyğəmbərimiz Həzrət Muhəmməd (s) Ramazan ayını səbr ayı adlandırmışdır: «Ramazan səbr ayıdır və səbrin mükafatı behiştdir».
Bu mübarək ayda Allah mənə bir neçə hədiyyə bəxş etdi. Bu ayda Quran oxumağın mənə çox köməyi oldu. Ümumiyyətlə Ramazan ayında oruc tutmaq və Quranın bu ayda nazil olması, Ramazan ayının üstünlüyündən xəbər verir. İslami rəvayətlərdən məlum olur ki, bütün səmavi kitablar bu ayda nazil olublar. İmam Sadiq (ə) buyurur: «Tövrat Ramazan ayının 6-da, İncil 12-də, Zəbur 18-də, Quran isə Qədr gecəsində nazil olub».
Bu o qədr gecəsidir ki mən ilk namazımı həmin gün başladım. Doğrudan da Ramazan ayı bağışlanmaq, tövbə, dua, Allaha dönüş və qayıdış ayıdır. Əziz Məsumlarımız (ə) buyurmuşlar ki, möminlər bu ayda dualarının sayını artırar, Allahın köməyi ilə get-gedə Ona yaxınlaşarlar.
Bu ayda mən orucu, hicabı, namazı tapdım. Bu ayda mən Quranı, Peyğəmbərləri (ə), əziz İmamlarımızı (ə) tanıdım. Sanki gözlərimin önündən qaranlıq bir pərdə götürülmüşdür. Peyğəmbərimiz Həzrət Muhəmmədin (s) Mübarək Ramazan ayının gəlişi ilə bağlı xütbəsinə toxunmaq yaxşı olardı. "Ey camaat, həqiqətən Allah -Təalanın ayı öz rəhmət, mərhəmət və bərəkəti ilə sizlərə sarı gəlib. Bu elə bir aydır ki, günləri Allahın yanında ən gözəl günlər, gecələri ən gözəl gecələr, saatları ən gözəl saatlar, özü də ayların ən gözəlidir. Bu ayda sizlər Allah qonaqlığına dəvət olunub, kəramət əhlinə çevrilmişsiniz. Bu ayda aldığınız nəfəslər zikr, yatmağınız ibadət, əməlləriniz və dualarınız müstəcəb olar. Elə isə, Allah Təaladan saf niyyətlə və sidq ürəklə istəyin ki, günah və pis əməllərinizdən keçib sizlərə bu ayda oruc tutmağı, Quran tilavət etməyi qismət etsin. Ramazan sözünün mənası yandıran deməkdir,yəni bu ayda günahlar yanar, aradan gedər. Bədbəxt o şəxsdir ki, bu ayda Allahın rəhmətindən kənar qalıb bağışlanmaya. Bu ayda ac-susuz qalmaqla Qiyamət gününün aclıq və susuzluğunu xatırlayın, yoxsullarınıza sədəqə verməklə kömək edin, qocalarınıza hörmət, uşaqlarınıza rəhm, qohum-əqrəbanıza yaxşılıq edin. Həqiqətən də Mübarək Ramazan ayı Allaha yaxınlaşmaqdan ötrü ən böyük vasitədir".
Allah Təbarəkə və Təala buyurmuşdur: «Adəm övladının orucdan başqa bütün əməli ona məxsusdur, oruc isə Mənə məxsusdur və Mən özüm onun əvəzini verərəm».

Zeynəb Aslanova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

среда, сентября 10, 2008

İlk orucum

O gün Şaban ayının 30-u idi. Ertəsi gün isə Mübarək Ramazan ayı daxil olacaqdı. O Ramazan ayı ki, o ayda oruc tutmaq bütün müsəlmanlara vacib edilib. Bu günün axşamına niyyət axşamı deyilir. Bu axşam sabah başlayacaq ayın orucunu tutmaq üçün niyyət edilir. Əslində bu gün də mübarək gün hesab edilir. Çünki məhz bu gündən sonra mübarək bir ay başlanır.
Mən də bir müsəlmanam. Ancaq heç vaxt oruc tutmamışdım. Sabah da oruc tutmaq niyyətim yox idi. Ancaq orucun nə olduğunu və sabah Ramazan ayının biri olduğunu bilirdim.
Evimizin yanında balaca bir park var idi. Adətən axşamlar keçmiş sinif yoldaşım Hüseynlə həmin parkda əyləşib söhbət edirik. Hüseyn çox ağıllı uşaqdır. Məktəb vaxtı yoxlama yazı işi olanda hamı onun başına yığışardı. O, həm də dindardır. Namaz qılır və hər Ramazan ayında oruc tutur. Məni də həmişə dinə dəvət edər, ancaq heç vaxt məcbur etməzdi.
Bu gün də Hüseyn mənə sabah oruc tutacağı barəsində danışır və məni də sabah oruc tutmağa çağırırdı. Mən isə orucun mənlik olmadığını təkidlə deyirdim.
Söhbətimizin sonunda ayrılıb evə gedəndə o mənə - Allah buyurub: “Oruc Mənim üçündür və mükafatını da Özüm verəcəm” - dedi və sağollaşdıq.
Evə gəldim. Ancaq dostumun dediyi sözlər yadımdan çıxmırdı. Elə hey o sözləri fikirləşirdim. Yəni oruc bu qədərmi vacibdir, yoxsa bu adi sözdən başqa bir şey deyil? Bunu fikirləşə-fikirləşə yuxuya getdim.
Gecənin bir vaxtı yuxudan oyandım. Nə qədər etdimsə də gözümə yuxu girmədi. Yatağımda hey fırlanırdım. Birdən Hüseynin oruc tutan haqqında dediyi sözlər yadıma düşdü. Yerimdən durub otağımda hərəkət etməyə başladım. Elə hey o sözləri fikirləşırdim.
Bir müddət sonra otaqdan çıxıb mətbəxə keçdim. Soyuducunu açdım. Orada anamın axşamdan hazırladığı salatdan qalmışdı. Həmin salatdan bir qaşıq daddim. Sonra onu soyuducudan götürüb yeməyə başladım.
Artıq mən doymuşdum. Ancaq mən hələ də oruc tutmaq niyyətində deyildim. Birdən gözüm pəncərədən çölə sataşdı. Pəncərəyə yaxınlaşıb qarşıdakı binaya baxdım. Binadakı evlərin bəzilərinin işığı yanır, bəzi evlərdə isə qaranlıq idi. Öz-özümə fikirləşdim ki, yəqin işığı yanlı olanlar oruc tutmaq üçün oyananlardı. Yoxsa camaat niyə bu vaxt oyanıb? Yəni onların da mənim kimi yuxusu qaçıb? Sözsüz ki, belələri belə sayda ola bilməz.
Çox qəribə mənzərə var idi. İki qonşunun biri yatır, digəri isə Allahın ona vacib buyurduğu üçün gecənin bu vaxtı durub oruc tuturdu. Elə bunu fikirləşirdim ki, birdən gözümdən bir damla yaş gəldi. İndi Hüseynin dediyi sözləri daha yaxşı başa düşürdüm. Allahım, doğurdan da sən Özün onların əvəzini verərsən. Axı Allah gecənin bu vaxtı durub oruc tutan qonşu ilə yatan divar qonşusuna eyni mükafat verə bilməz...
Bir də özümə baxdım. Mən heç vaxt gecənin bu saatında durub yemək yeməmişdim. Bu hal məndə birinci dəfə idi. Özü də bunun Ramazan ayına təsadüf etməsi çox qəribədir. Yəqin ki, bu Allahın mənə bir hədiyyəsidır. Deməli, mən də bu gün oruc tutmalıyam.
Amma çox susuz idim. Stolun üstündə ki, qəfədandan iki stəkan su içdim. Bir az fikirə getmişdim ki, qulağıma bir səsi gəldi:
Allahu Əkbər! Allahu Əkbər! ...
Bəli, bu azan səsi idi. Artıq mən oruc tutmuş hesab olunurdum. Elə bil mən indiyənədək qaranlıq otaqda idim, indi işıqlığa çıxdım...
Oturub azana qulaq asdım. Mən əvvəllər də azan eşitmişdim. Ancaq bu azan o birilərindən fərqlənirdi. Bəlkə də mənə elə gəlirdi.
Azan qurtardıqdan təxminən iyirmi dəqiqə sonra yatmağa getdim. İçimdə böyük bir sevinc var idi. Qanadım olsaydı uçardım...
Səhər açıldı. Atam işə getmək üçün hazırlaşırdı. Elə məni də atamın ayaq səsləri oyatdı. Gözlərimi açan kimi gülümsəməyə başladım. Mən çox xoşbəxt idim. Özümü böyük bir cəmiyyətin kiçik bir üzvü kimi hiss edirdim.
Təxminən yarım saatdan sonra mən də evdən çıxmalı olduğumdan yatağımdan qalxıb hazırlaşmağa başladım. Evdən çıxıb birbaşa Hüseyngilə getdim. Mənə elə gəlirdi ki, yolda hər kəs mənə baxır. Sanki, onlar mənim bu gün birinci dəfə oruc tutduğumu bilirbilər.
Birdən Hüseynlə rastlaşdım. Elə o da bizə gəlirmiş. O, məni görən kimi gözlərimin güldüyünü və həmişəkindən fərqli olduğumu dedi. Sanki mənim oruc olduğumu bilirdi.
Bəlkə də bilirdi. Axı Hüseyngilin də evləri bizim binanın qarşısındakı binada idi...


Xəqani Səfərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Ramazan ayının fəzilətləri

Allahın adı ilə!

Fəzilətli üç ayların sonuncusu olan mübarək Ramazan ayının astanasındayıq. On bir ayın sultanı sayılan bu şərafətli ay öz rəhmət və bərəkətiylə bizə doğru üz tutub. Ramazan ayı haqqında müqəddəs Qurani-Kərimin «Bəqərə» surəsində bizə bəyan edilir: «Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz təqvalı olasınız!».
Allah Təala Hədisi-Qüdsdə buyurur: «Oruc mənə aiddir, mükafatını da özüm verəcəyəm».
İslam peyğəmbəri Həzrət Mühəmməd (s) buyurur: «Allah yanında ən gözəl ay olan mübarək Ramazan ayının günləri və gecələri o qədər üstündür ki, hətta oruc tutan adamın nəfəs çəkməyi, yatmağı belə zikr, ibadət sayılır. Bu ayda olunan dualar və ibadətlər məqbul, hacətlər müstəcəb olur.
Günahların bağışlanması üçün ən münasib aydır. Bədbəxt o adamdır ki, bu aydan özünü məhrum etsin.
Siz bu ayın aclığı, susuzluğu ilə Qiyaməti yada salın, fəqirlərə sədəqə verin, qocalara ehtiram, uşaqlara mərhəmət, yetimlərə isə nəvaziş göstərin. Gözünüzü, qulağınızı, dilinizi haramlardan qoruyun. Günahlardan tövbə edin və Allaha tərəf qayıdın. Namaz vaxtı əllərinizi duaya qaldırın. Allah bəndələrini öz ziyafətinə dəvət edir. Belə isə ondan istəyin ki, sizi oruc tutmağa və Quran oxumağa müvəffəq etsin.
Allah onu çağırana cavab verir və rəhmət nəzəri ilə öz bəndələrinə baxır, nemətlərini ikram edir. Ey insanlar! Oruc tutanlara iftar verməklə cəhənnəm atəşini söndürün, hətta yarım xurma ilə olsa belə!».
Həzrət Əli (ə) buyurur: «Ey bu ayda oruc tutanlar, görün kim üçün oruc tutursuz?».
Yəni insan bu əməlin mahiyyətinə varsa, dərk edər ki, bu ayda dəqiqə və saniyəsi belə qiymətlidir. Bəndə öz Xaliqinin əmrini yerinə yetirir, nəfsini cilovlayır. Ruhunu paklayır, ən əsası isə kasıbların halını dərk edir, acıyır. Tibbi cəhətdən də insanın cismi: mədəsi, qara ciyəri və digər üzvləri sanki dincəlir, zərərsizləşir.
İnsan oruc vaxtı özünü Xaliqinə tam təslim etsə, iki dünyanın səadətinə nail olar. Necə ki, xəstənin sağalması üçün, həkimin yazdığı resept - acı dərmanlar onun xeyrinə olur. Əgər xəstə istədiyini yeyib içsə, dərmandan imtina etsə, nəticəsi pis olar. Biz bu xəstə timsalındayıq. Əgər Allahın əmrlərini qoyub, öz nəfsimiz istəyəni etsək, mütləq zərərini görəcəyik. İmtahanda o tələbə yaxşı qiymət alar ki, il boyu çalışıb, oxuyub, özünə zəhmət verib. İlahi əmrlər: namaz, oruc, hicab və s. bizim xeyrimizədir.
Allahın Rəsulu (s) və məsum İmamlar (ə) isti Ərəbistan kimi ölkədə qızmar yay günlərində çox vaxt oruc tutardılar. İftar zamanı isə çox sadə: süd, xurma və quru arpa çörəyi ilə keçinərdilər.
Belə bir hədis nəql olunur ki, Həzrət İsa (ə) və anası Həzrət Məryəmi (ə) Allah Təala çox sevərdi. Quranda İsanın (ə) adı 25 dəfə gəlir. Onlar - ana-bala dağda məskunlaşmışdılar və müntəzəm oruc tutardılar. Bir gün İsa (ə) deyir: «Ana, gedim yeməyə bir şey tapım gətirim, iftar edək» və gedir. Qayıdanda görür ki, anası dünyadan köçüb. İsa (ə) çox pərişan olur ki, anası dünyadan ac getdi. O, anasını qüsul-kəfən edərək, çoxlu ağlayır və onu yuxu aparır. Röyada görür ki, anası çox şad-xürrəmdir. Oğluna deyir ki, oğlum sən məndən ötrü nigaran qalma. Burada mən Allahın elə gözəl nemətlərindən faydalanıram ki, o, dünya ilə müqayisədə çox üstündür. Sən Allahla çox ünsiyyətdə ol, darıxma. İsa (ə) deyir: «Anacan bir arzun varmı?» Məryəm (ə) deyir ki, kaş bir gün də olsa dünyaya gəlib, oruc tutaydım və qayıdaydım.
Bu hədis orucun nə qədər əhəmiyyətli olduğunu bəyan edir. Təqvanin əlamətlərindən biri də az yeyib, az yatmaqdır. Oruc insanın əxlaqını da paklayır. Həzrət Əli (ə) buyurub: «Nə çoxdur oruc tutanlar ki, aclıq və susuzluqdan başqa onlara heç nə qalmaz».
Mömin bacı və qardaşlar, çalışaq ki, bu gözəl aydan səmərəli istifadə edək. Allah hamımıza bu aydan bağışlanmış halda çıxmağı nəsib etsin, inşallah. Amin.


Əzəmət İbrahimova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Curnalistika Məktəbinin dinləyicisi

Salavatla zinətlənən ömür

Pəhrizkar və zahid alimlərindən biri buyurub: «Mən əhd etdim ki, hər gecə yatmazdan əvvəl müəyyən miqdarda Həzrət Muhəmməd (s) və Ali Muhəmmədə (ə) salavat göndərim. Bir gecə dost və yaxınlarımdan bir dəstəsi hücrəmə gəldilər. Hücrəmdəki sıxlığa, vaxtın gec olmasına və yorğunluğuma baxmayaraq, hər gecəki kimi salavatları göndərdim və yatdım. Allahın Rəsulunun (s) hücrəmə daxil olduğunu yuxuda gördüm. O Həzrətin (s) müqəddəs vücudu ilə hər yer nura qərq oldu. Həzrət (s) mənə yaxınlaşaraq buyurdu: Haradadır o ağız ki, mənə salavat göndərib? Onu öpmək istəyirəm.
Həzrətin (s) qarşısında «mən» deməyə ləyaqət tapa bilmədim. Lakin o böyüklüyü sayəsində mübarək üzünü mənə yaxınlaşdırıb üzümdən öpdü. Sevinc içində yuxudan elə oyandım ki, bütün dostlarım, yaxınlarım da oyandılar»
Ey Rəbbim! Şükürlər olsun Sənə! Şükür Sənə ki, salavat göndərənin «ziyarətinə» sevgili Peyğəmbərimizin (s) özü gəlir!
Məgər insan üçün Peyğəmbər (s) busəsindən gözəl bir şey ola bilərmi? Bəs bu ziyarətə, bu sevgiyə ləyaqətimiz çatırmı? Ya salavatdır ki, bizi öz bərəkətiylə zinətləndirir və izzətli edir?! Ya Peyğəmbər (s) və Əhli-Beytin (ə) əzəmətidir ki, salavat göndərəni əziz edir?! Nədir salavat? Mənası nə? Hikməti nə? Faydası nə?
Əslində «salavat» - Allah-Təala tərəfindən bütün müsəlmanlara əta edilmiş ən gözəl İlahi nemətlərdən biridir. Həzrət Muhəmməd (s) və onun Əhli-Beytinə (ə) salavat göndərmək elə bir İlahi dəyər və köklü əməllərdəndir ki, hər gün hər bir müsəlman ən azından 9 dəfə vacib namazlarında onu zikr edir. Salavat elə bir İlahi lütf və rəhmət mənbəyidir ki, ağızları xoş ətrli, qəlbləri sevincli, vücudları Peyğəmbər (s) sevgisinə qərq edir.
Salavatın mənaları
Salavatın mənasına gəlincə lüğətdə «dua» deməkdir. Duaya şamil olduğu üçün namaz «səlat» adlanır. Salavat iki cür mənalandırılır: Birincisi «salam»dır ki, bu, ucalmaq, yüksəlmək, Allaha yaxınlaşmağı istəmək mənasına gəlir.
İkincisi isə «namaz»dır ki, bu halətdə insanın bütün bədən üzvləri Rəbbinə diqqətlə yanaşmalıdır. «Səlat» sözü atəşə daxil olmağa da deyilir, yəni namaz qılarkən bəndə sanki Xaliqin nurlu təcallasından əriyir. Salam göndərəndə də Allahın həbibinin məhəbbətinə qərq olur. Bu isə tabeçilik mənasına gəlir. Odur ki, namaz qılan da, salam göndərən də Allah-Təalaya tabe olur.
Bəzi alimlər belə hesab edirlər ki, salavatdakı «ص » (sad) hərfi «saməd», «ل » (lam) hərfi «lətif», «و » (vav) hərfi «vahid», «ح» (ha) hərfi isə «hadi» kəlməsindən ibarətdir və yalnız bu adların həqiqətindən xəbərdar olan kəs salavatın əzəmətini dərk edə bilər. Bəziləri isə salavatı 5 mənada izah ediblər: «rəhmət», «məğfirət», «səna», «təmizlənmə və kəramət».
Salavatın hikməti əslində ümmətin Həzrəti Muhəmmədlə (s) birləşməsi deməkdir. Həzrət Muhəmmədin (s) məqamı isə o qədər uca və əzizdir ki, hətta Allah-Təala və mələklər belə Qurani-Kərimdə ona salavat göndərirlər: «Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! Siz də ona salavat göndərib layiqincə salamlayın!» («Əhzab» surəsi, ayə 56)
Vilayət günəşinin şahı Həzrət Əli (ə) bu ayənin şərhində buyurmuşdur: «Bu ayənin zahiri «səllu ələyh» (ona salavat göndərin!), batini isə «səllimu təslima» (ona təslim olun!) kəlməsidir, yəni Peyğəmbərin (s) «sizə vəsi və xəlifə seçdiyi kəsə təslim olun, ona tapşırdığı şeydə tabeçilik edin! Budur mənim verdiyim mətləb!».
Peyğəmbərin (s) əzəmətini tanımaq üçün təkcə «Muhəmməd» kəlməsinin mənasına nəzər yetirmək kifayətdir. Alimlərin fikrincə, «Muhəmməd» və «Əhməd» «Həmid» sözündən götürülüb. «Həmid» isə «Hamid» - yəni «səna edən» deməkdir. «Məhmud» isə «həmd-səna olunan» mənasındadır.
Allah-Təala Hamid və Məhmud adlarını Peyğəmbərə (s) aid etmişdi ki, o, Allahı həmd-səna edən məqamda Əhməddir - hamıdan daha çox Allahı həmd-səna edəndir, həmd-səna olunan məqamda isə Muhəmməddir - yəni hamıdan daha çox həmd-səna olunub.
Bəs sonuncu Peyğəmbərin üstünlüyü nədədir?
Allah-Təala hər bir peyğəmbərə bir kəramət vermişdir. Adəmə (ə) mələklərin səcdə etməsini, İbrahimə (ə) «Xəlilullah» (Allahın dostu) adının verilməsini, İsaya (ə) xəstələrə şəfa verməyi, Peyğəmbərimizə (s) isə salavat göndərilməyi nəsib etmişdir. Bu İlahi zikri Peyğəmbərə (s) bəxş edən Allah onu digərlərindən üstün qərar vermişdir. Bu barədə İmam Kazım (ə) buyurmuşdur: «Bir yəhudi Həzrəti Əlinin (ə) yanına gəlib sonuncu peyğəmbərin başqa peyğəmbərlərdən üstün olduğu barədə soruşdu, sonra dedi: «Allah-Təala mələkləri Adəmə (ə) səcdə etməyə əmr etmişdir». Həzrət buyurdu: «Düzdür, lakin bundan da artığını Həzrət Muhəmmədə (s) kəramət etmişdir. Çünki, Allah-Təala özü ona salavat göndərmiş və mələklərə də bunu əmr etmişdi. Bundan əlavə Qiyamət gününə qədər bəndələrinin ibadətini Peyğəmbərə (ə) salavat göndərməklə tamamlamışdır. Hər kəs Həzrətin sağlığında, yaxud vəfat edəndən sonra ona salavat göndərsə, Allah-Təala 1 salavatın yerinə həmin şəxsə 10 salavat göndərər, ona 10 savab bağışlar. Hər kəs Həzrətin (s) vəfatından sonra ona salavat göndərsə, Həzrət (s) bundan xəbərdar olar və o şəxsə salavat göndərər. Bu, Adəm (ə) peyğəmbərə veriləndən daha böyükdür. Adəmə (ə) ruh üfürüləndən sonra mələklər səcdə etməyə məmur oldular. Onların təsəvvüründə belə idi ki, Həzrət Muhəmmədin (s) də pak bədəninə ruh gələndə səcdə etməyə məmur olacaqlar. Lakin Həzrət dünyaya gəldikdə bu iş baş vermədi. Allah-Təala Adəmin Həzrət Muhəmməddən (s) üstün olması barədə olan şübhəni dəf etmək üçün ona salavat göndərdi, mələklərə və möminlərə də bu işi əmr etdi. Bununla da O, bildirdi ki, əgər mələklər o zaman səcdə etməyə məmur idilərsə, indi də Allah-Təala Özü, mələklər və möminlər sonuncu peyğəmbərə salavat göndərirlər. O zaman mələklərin səcdəsi 1 dəfədən artıq deyildi, lakin indi Yaradan və yaradılmışların hamısı həmişəlik olaraq Həzrətə (s) salavat göndərməyi İlahi varlığa şəhadət verməyə bənzətmişdir. Belə ki, əvvəl öz zatına, sonra mələklərə və alimlərə şəhadət vermiş, mələklərin, möminlərin və alimlərin şəhadətinin ardınca demişdi. Demək sonuncu peyğəmbərin hamıdan fəzilətli olması aydındır».
Salavat göndərməyin fəzilət və faydaları
Salavatın dünya və axirət faydalarına gəlincə, bu faydalar o qədər çoxdur ki, saymaqla qurtarmaz. Peyğəmbər (s) buyurub: «Allah-Təala 1 mələk yaratmışdır ki, 1 qanadı məşriqdə, o biri qanadı isə məğribdədir, ayağı 7-ci yerdə, başı isə ərşin altındadır. İnsanların, cinlərin, heyvanların, səhra və dənizlərin sayı qədər, həmin yaranmışların çəkdikləri nəfəsləri qədər, yağışların damlaları,
ağacların yarpaqları, səmaların ulduzları, çöllərin qumları qədər bu mələkdə qanad vardır. Ümmətimdən biri mənə salavat göndərəndə Allah-Təala həmin mələyə əmr edir ki, nur dənizinə baş vursun, sonra qanadlarını çırpsın. Onun hər qanadından tökülən qətrələr qədər Allah-Təala mələk yaradar və hamısına əmr edər ki, Qiyamət gününə qədər bu bəndə üçün istiğfar etsinlər. Həmin böyük mələyin özü də salavatdan yaranmışdır».
Salavat göndərmək Allaha və Həzrət Muhəmmədə (s) yaxılaşma səbəbidir. «Rövzətul-üləma» kitabında deyilir: «Allah-Təala Musaya (ə) vəhy etdi: «İstəyirsənmi sənə kəlamının dilinə, nəzərinin gözünə, eşitməkliyinin qulağına, ruhunun bədəninə, fikrinin qəlbinə yaxın
olmasından da yaxın olum?» Musa (ə) dedi: «Əlbəttə, istiyirəm. Onu kim istəməz?» Allah-Təala buyurur: «Bu səadəti və kəraməti axtarırsansa, dostum Muhəmmədə (s) salavat göndər. Çünki ona salavat göndərmək rəhmət, nur və hidayətdir».
Salavat göndərən əslində bu əməli ilə tövhid, nübuvvət və imaməti qəbul etdiyindən xəbər verir. Çünki, salavatın hikməti məhz Allah və Əhli-Beytinə (ə) tabe olmaq mənasındadır.
Salavat insanın Peyğəmbər (s) və Əhli-Beytinə (ə) olan məhəbbətinin, bağlılığının təzahürüdür və öz sevgisinin sübutu olaraq insanın salavat zikr etməsi təbiidir. Axı birinin sevgisini qazanmaq üçün ona çatmağa kömək edən vasitələrdən möhkəm yapışmaq lazımdır. Əhli-Beytə (ə) sevgi nümunəsində isə bu vasitə salavatdır. O salavat ki, Əhli-Beytə (ə) məhəbbətin nişanəsidir və bu sevgi Peyğəmbər (s) risalətinin muzdudur. Ona görə də bəndə salavat göndərməklə Allahı və Əhli-Beyti (ə) özündən razı salmış olur.
Gəlin, salavatı həyat proqramımızın bir hissəsi qərar verək və salavat göndərməklə ətraf mühitimizin fəzasını daima təravətli və ətirli etməyi özümüzə borc bilək.
Allahım, səni and verirəm, Əhli-Beytinin (ə) haqqına, bizi razı olduğun bəndələr sırasında qərar ver!
Allahım bizi salavatın - bu İlahi feyz mənbəyinin bərəkətlərindən faydalananlardan qərar ver!
Allahım, bizi salavat əhlindən qərar ver ki, Qiyamət günü Əhli-Beytin (ə) şəfaətinə nail olaq!
Amin!
Ömrümüzü salavatla zinətləndirmək diləyilə...

Nübar Lalayeva
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Mübarək Ramazan ayında Quranla mənəvi bağlılıq

“Ramazan ayı insanlara doğru yol göstərən, bu yolu açıq-aydın dəlillər ilə aydınlaşdıran və haqqı batildən ayıran və Quran nazil edilmiş aydır...” (Bəqərə surəsi, ayə 185)

Mübarək Ramazan ayı ilin ayları içərisində ən fəzilətli aydır. Ramazan ayının başqa aylarla müqayisədə üstünlüklərindən biri də Qurani-Kərimin bu ayda nazil olmasıdır. İslami rəvayətlərdən məlum olur ki, bütün səmavi kitablar - Tövrat, İncil, Zəbur, Suhuf və Qurani-Kərim - hamısı bu ayda nazil olub. İmam Sadiqdən (ə) nəql olunan hədis də deyilənləri bir daha təsdiqləyir: “Tövrat Ramazan ayının 6-da, İncil 12-də, Zəbur 18-də, Qurani-Kərim isə Qədr gecəsində nazil olub”.
Deməli, mübarək Ramazan ayı bütün səmavi kitabların nazil olma, təlim və tərbiyə ayıdır. Əslində oruc tutmaqla həyata keçirilən tərbiyə proqramı səmavi kitabların göstərişləri ilə həmahəng olmalıdır ki, insanın nəfsi günah çirkinliyindən təmizlənsin, bütün vücudu paklansın və bununla da səadətə yetişsin. Bu baxımdan Qurani-Kərimin mübarək Ramazan ayında, Allah-Təalaya dönüş və qayıdış ayında nazil olması əslində İlahi bir hikmətin, İlahi rəhmət və lütfün nişanəsidir. Elə bu səbəbdəndir ki, bu ayın ən gözəl ibadət və əməllərdən biri məhz Qurani-Kərimin tilavətidir.
Həzrət Peyğəmbər (s) Mübarək Ramazan ayının gəlişiylə əlaqədar olaraq buyurduğu xütbədə Qurani-Kərimlə mənəvi bağlılığın bərəkətlərinə xüsusilə toxunmuşdur: “Ey camaat, doğrudan da, Allah-Təalanın ayı öz rəhmət, mərhəmət və bərəkəti ilə sizlərə üz gətirib. Bu elə bir aydır ki, günləri Allahın yanında ən gözəl günlər, gecələri ən gözəl gecələr, saatları ən gözəl saatlar, özü də ayların ən gözəlidir. Bu ayda sizlər Allah qonağlığına dəvət olunub, kəramət əhlinə çevrilmisiniz. Bu ayda aldığınız nəfəslər zikr, yatmağınız ibadət, əməlləriniz qəbul və etdiyiniz dualar müstəcəb olar. Elə isə Allah- Təaladan saf niyyət və sidq ürəklə istəyin ki, günah və pis əməllərinizdən keçib sizlərə oruc tutmağı, Quran oxumağı qismət etsin...”
“...Bu ayda Qurandan bir ayə oxuyan şəxsə Allah-Təala başqa aylarda bir Qurani-Kərimi oxumuş şəxsin savabını verər...”
Bütün bu deyilənlərdən aydın olur ki, Qurani-Kərimi oxumağın fəzilətləri, dünya və axirət faydaları olduqca çoxdur və üstəlik mübarək Ramazan ayında Allah-Təala Quran əhlini öz rəhmət nəzərləri ilə əhatə edər və onların savablarını qat-qat artırar. Çünki Allah-Təala bütün bəşəriyyətə Qurani-Kərim kimi dəyərli nemət bəxş etməklə bu ayın mübarəkliyini, əzəmətini artırmış və bütün ayların sultanı qərar vermişdir.
Bu ay bütün zamanları əhatə edən, ən şərəfli və ən əzəmətli İlahi kitabın nazil olduğu aydır. Elə bir kitab ki, ondan möhkəm yapışanı bu dünyada xoşbəxt həyata, axirətdə isə cəhənnəm odundan amanda qalaraq cənnətə qovuşacağına zəmanət verməklə müjdələyir. Elə bir kitab ki, bizləri düz yola hidayət edir, azğınlıqdan çəkindirib imana yönəldir, haqqı batildən ayırmaqda yardımçımız olur.
Qurani-Kərim bütün dünya və axirət nemətlərindən dəyərli və üstün olan İlahi bir nemətdir. Qurani-Kərim bütün varlıq aləminin Yaradıcısının kəlamıdır. Bu İlahi kəlam insanın həqiqi xoşbəxtliyini aydın şəkildə bəyan edir. İnsanın Qurani-Kərimdən faydalanması ali məqamlara ucalmasına və Allaha yaxınlaşmasına səbəb olur. Qurani-Kərimlə ünsiyyət insan həyatına fövqəl dərəcədə böyük quruculuq, canlılıq, dirilik gətirir. Qurani-Kərimin ayələri haqqında düşünmək, onlara əməl etmək insanın fərdi və ictimai həyatda xoşbəxtliyini təmin edir. Həqiqi xoşbəxtlərdən olmağımız üçün mübarək Ramazan ayından böyük fürsət ola bilərmi? Bir halda ki, Allah-Təala özü bu ayda bizi İlahi ziyafətə dəvət edib və saysız-hesabsız nemətlərlə bəzədiyi geniş məğfirət süfrəsindən lazımınca bəhrələnməyə imkan yaradıb. Ona görə də bu ayda Quranla mənəvi bağlantımızın daha da güclənməsi üçün bəzi hədislərə nəzər yetirmək lap yerinə düşərdi:
İmam Səccad (ə) buyurmuşdur: “Quran Allah-Təalanın xəzinəsidir. Bu xəzinə açılanda yaxşı olar ki, orada olanlara nəzər salasan” .
İmam Sadiq (ə) buyurmuşdur: “Quran Allah ilə bəndə arasında olan bir əhddir. Müsəlman şəxs yaxşı olar ki, öz əhdinə vəfa etsin və hər gün ondan 50 ayə oxusun” və başqa bir hədisdə: “Mömin hesaba çağırılarkən Qurani-Kərim ən gözəl surətdə onun qarşısına gələr. Deyər ki, ey Rəbbim! Sənin bu bəndən məni oxumaqla özünü zəhmətə saldı, məni oxumaqla gecəni oyaq qaldı, ibadət edəndə gözləri yaşla doldu. Məni şad etdiyi kimi onu da şad et. Allah- Təala buyurur: “Ey bəndəm! Əlini aç!” Allah- Təala onun ətəyini rəhmətlə doldurar. Sonra ona deyilər ki, bu cənnət sənə mübahdır, oxu və yuxarı get”.
Həqiqətən də Qurani-Kərimi gözəl surətdə tilavət edənlər və onu sinələrində daşıyanlar İlahi rəhmətlə, nurla əhatə olunan kəslərdir. Qurani-Kərim ən gözəl İlahi əxlaq, aşkar nur, təsirli şəfa verəndir, arxalanmaq istəyən kəs üçün arxa, onun ardınca gedənlər üçün nicatdır. Qurani-Kərim elə bir kitabdır ki, əql onun haqqında şəkk-şübhəyə düşməz, dil onun tilavəti ilə dolaşmaz, onun zənginlikləri qurtarmaz və onun kimi elm dəryası tapılmaz. Kim Qurani-Kərimə əsaslanarsa, doğru danışar, əməl edərsə, mükafatlanar və ondan möhkəm yapışarsa, doğru yola hidayət olunar.
İlahi, Səndən acizanə şəkildə istəyirik ki, bizi həqiqi oruc tutanlardan, Quran oxuyub ona əməl edənlərdən qərar ver!
İlahi, qəlblərimizi Quran nuru ilə dirilt, bizi Quran pənahında yaşat və Qiyamət günü Quran əhli ilə məşhur et!

Nübar Lalayeva
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Ana əmanəti - Mübarək Ramazan həsrəti


Müqəddəs və Mübarək Ramazan ayı bizə döğru gəlməkdədir. Yenə də vücudum Allah ziyafətinin yetişəcəyi, o mənəvi səfərin başlanacağı günü həsrət və intizarla gözləməkdədir. Amma bu həsrət və intizara bu dəfə bir nisgil əlavə olunub; hər il bu möhtəşəm ziyafəti onunla qarşılayıb birgə yola saldığımız varlığın yoxluğu. Daha dəqiq ifadə etsəm fiziki yoxluğu. Bu yazıda sizinlə bəzən onunla olan xatirələrimi bölüşəcək, bəzən də onunla ünsiyyətə çalışacağam.
Həyatımda fərqinə vardığım nigarançılıqlarımdan bir də hər il mübarək Ramazanı başa vuran kimi həmən "növbəti mübarək Ramazanın həsrətində olmaq"lığımdır. Bəzən "görəsən necə oldu ki, mən oruc tutmağa qərar verdim" deyə düşünərdim. Tədricən bu düşüncələr məni növbəti suala doğru istiqamətləndirirdi: "Görəsən İslamla ilk tanışlığım haradan və haçan başlamışdır"? Bu sual bir zamanlar məni çox düşündürərdi. İndi onun olmadığı günlərdə mən bu suallara daha dəqiq cavablarımı tapmışam.
İlk ilklər
İndi də xatirlayıram, hələ balaca uşaqkən ilk dəfə anamı üzərində göy rəngli xırda güllərlə haşiyələnmiş ağ rəngli çarşabında müxtəlif əl hərəkətləri edən, bəzən təzim və səcdə edən, bəzən də ağlayan görərdim. Bu hərəkətlərini anlamadığımdan gəlib dizləri üzərində oturar, bəzən ağlamağını istəmədiyimdən onu güldürmək istəyər, çox nadir hallarda isə mən də ona qoşularaq birlikdə göz yaşı tökərdik. Sanki bu günümə mesaj verirdi anam; "Oğulcan, bəndəlik həm də Xaliqin qarşısında ona xaliscəsinə təslimiyyətdən, xalis göz yaşlarından keçir".
Anamın hər gecə yuxuya getməmişdən öncə dediklri hələ də qulağımdadır. Çöx sonralar isə anlayacaqdım ki, anamın yatmamışdan öncə dediyi və bizə də (övladlarına - müəl.) təlqin etdiyi "Fatihə" və "İxlas" surələri, Kəlmeyi-Şəhadət və başqa dualar imiş. Özüm də fərqinə varmadan İslam və Qurani-Kərimlə ilk tanışlığım beləcə baş tutub. Beləcə məndə İslama maraq oyandı və mən yazıb-oxumağı əxz edənədək ona baxar, onun etdiklərini bacardığım tərzdə təkrarlamağa çalışardım. Allahın insan fitrətində qoyduğu kamilliyə can atma meylinin sayəsində, həmçinin anamın məni yazıb-oxumağa, maariflənməyə həvəsləndirməsiylə sonralar Allah dininə daha sıx bağlanmağa çalışacaqdım. Mənə aldığı ilk kitablardan olan 3 cildlik "Uşaq ensiklopediyası"nı uşaqkən daha çox şəkillərinə görə sevirdimsə, indi bu sevgiyə daha aliləri əlavə olub. Bütün övladlarına təhsil vermək, onları elmli görmək onun ən ümdə həyat qayələrindən idi. Universitetə qəbul olunduğum gün isə dayanmadan ağlamış, şükür və sevincli göz yaşlarını axıtmışdı. Çox arzuladığı, dua etdiyi gunlərdən birini yaşatmış Rəbbi ona. Yaradanına həmdlər və şükranlıq edərdi dualarına icabət olunduğundan ötəri. Bu həm də onun üçün axirət imtahanına doğru yol alan övladının dünya həyatındakı növbəti imtahanın uğuru idi…
Ehtiyatlı və qənaətli həyat tərzi ilə ətrafındakılardan fərqlənərdi, həm zahiri, həm də batini xüsisiyyətləri ilə. Beləcə qarşılayardıq mübarək Ramazanı. Allahın tofiqatı və onun himayəsilə ilk mübarək Ramazanımı yenə də Rəbbimin nemətləri sayəsində cöx gözəl xatırlayıram. Obaşdana azandan saatyarım-iki saat əvvəl qalxar və birlikdə sahur yeməyini yeyərdik. İntizarla sübh azanını gözləyərkən bəzən Türkiyənin "A" tv, "SHOW" tv və kanal "D"-sindən islami filmləri seyr edər, "Əl-Cəzirə"-dən Allah evi - "Kəbə"nin canlı yayımla görüntülərinə tamaşa edərdik. Bəzən də mən radioda müxtəlif islami söhbələri dinlərkən anam vəfat etmiş valideynləri və mərhum həyat yoldaşını da unutmaz, həyatda olan əzizləri ilə birgə onlar üçün də dua edər, "Yasin" surəsi oxuyaraq savabını onlara hədiyyə edər, çoxlu salavatlar dediyinin şahidi olardım. Elə ki, Təbriz radiosundan müəzzinin azan sədaları eşidilər-eşidilməz səccadələr üzərində qiyam halını alaraq namazları qılar və birlikdə dulalar edərdik. O zamanlar məni düşündürən işlərdən biri də anamın işlərinin çoxluğuna rəğmən gün çıxanadək yatmayaraq ibadətlə məşğul olması, hətta kitab oxumağa zaman ayırması idi. Bununla özünü maarifləndirməklə bərabər, həm də övladların da kitaba olan hörməti və məhəbbəti formalaşdıra bilmişdi.
Nimeyi-Şaban
Özünün Müqəddəs Ramazan hazırlıqları sırasında anam bir günü xüsusi hazırlıqla qeyd edərdi. Çox sonralar mənə məlum oldu ki, bu zəmanənin imamı İmam Zamanın (ə.f.) mövludu günü - Şəbanın on beşını növbələşən günlərimizdən fərqləndirərdi. Belə günlərdə ehsan süfrəsi açar, süfrəyə bizimlə yanaşı qonşudan, qohumdan dəvət edərək birlikdə mövlüdü keçirərdik. Mübarək Ramazan sahurlarında mən bu mövzuda ona çoxlu suallar ünvanlayar, o, da bildiklərindən danışar, müxtəlif rəvayət və hədisləri nəql edər, onların hikmət və ibrətlərini öyrədərdi. Hər zaman ibadətlərində zamanın sahibini yad edər, hər an gəlişinin intizarında olardı. Beləcə "İntizar" adlı bir fenomenlə bizi tanış edərdi. İndi övladların zəmanə İmamının (ə.f.) gözləntisində olmaqla yanaşı, həm də o Həzrətin (ə.f.) gəlişinə aktiv hazırlaşmaqdadırlar.
Maraqlı "son və sonun başlanğıcı"
İnancımız baş verənlərin, yaşananların bir qanunauyğunluq olduğunu deyir bizə. Bu da bir qəribə uyğunluqdur ki, sənsiz ilk qeyd etdiyimiz sənin dünyaya göz açdığın gün - 16 avqust bu il Zəmanə İmamın (ə.f) mövlud gecəsinə uyğun gəldi. Allahdan istədik ki, bu günün bərəkətinə xatir ruhunu şad, hesabatını asan, yerini behişt etsin. Yaşamış olsaydın 71 yaşına adlayacaqdın, lakin Allahın məsləhəti hər şeydən daha üstündür.
Növbəti qəribəlik bu dünyaya gözlərini yumduğun tarix oldu - 20 mart 2008-ci il. "Novruz" dilimizə tərcümədə "yeni gün" mənasını bildirməklə həm də insan həyatının yeni bir ilinin, yeni bir dövrünün başlanğıcının ifadəsidir. Bu novruzu səni son mənzilinə yola salarkən sən öz yeni həyatına, biz isə sənsiz davam edəcək öz yeni həyatımıza qədəm basdıq. İnşaallah, bu novruz bizi Allah dərgahına yaxınlaşdıracaq yeni mərhələ olar, zatən bu həm də sənin həyat amallarından növbətisi idi.
Qarşıdan daha bir bağışlanma fürsətimiz, daha bir bəndəlik olmaq imkanlarımız yaxınlaşmaqdadır. Anacan, sənsiz bu Mübarək Ramazanı qarşılamaq nə qədər çətin olsa "Malik"imizin (Əl-Malik - həqiqi sahibimiz olan Allahın mübarək adlarından biri nəzərdə tutulur, - müəl.) təqdiratına tabe və razı olmaq bizim bəndəlik vəzifələrimizdəndir.
Allah səni öz rəhmətində qərq etsin! Amin!
Son mənzilimizdə bir daha görüşmək intizarıyla mənzil sahibinə əmanət ol!

Mehdi Fərəc İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası «Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi