Показаны сообщения с ярлыком yazar: Mətləb Həmzəyev. Показать все сообщения
Показаны сообщения с ярлыком yazar: Mətləb Həmzəyev. Показать все сообщения

воскресенье, марта 01, 2009

Dünya təhlükədədir və ya o, gələcək

SOS… SOS… Bizə - Günəşdən 150.000.000 mln.km, Aydan 384.000 min km məsafədə yerləşən planetə təcili kömək lazımdır! Gəzəyənimiz məhv olmaq ərəfəsindədir!

Sizi inandırım ki, əgər biz texnikanın inkişafı ilə əxlaq normalarının arasında tərs mütanasibliyi aradan qaldırmağa nail olmasaq texnikanın inkişafının o mərhələsində ”BƏDBƏXTLİK” həyəcan siqnalını tez-tez verməli olacağıq. Əsl baramaqurdu misallı.

Nədir bu olayların səbəbi? Bizim şahidi olduğumuz bu sivilizasiyanın birinci olmadığı haqqinda yəqin ki, məlumatınız var. Tarixi qazıntılar bir necə sivilizasiyaların məhvi haqqında məlumat verib. Axı nədən sivilizasiyaların inkişafının pik nöqtəsində onların məhfi qaçılmaz olur?

Bizans xarabaliqları, Misir ehramları, yunan abidələri, Dəclə və Fərat cayları hövzələrindəki xarabalıqlar və s. bu sözlərin əyani vəsaitləridir. Bu barədə Qurani-Kərimdə də misallar var. ”Buruc” surəsində sutunları olan şəhər misli görülməmiş bir şəhər kimi vəsf olunur.

Bu siyahını artirmaq olar. Bu şəhərlərin məhv olma səbəblərini araşdırdıqda qəribə bir nəticələr əldə edirsən. Bir xalq çəkidə aldatdığını görə, bir toplum əkdiyi məhsulların şükrünü layiqincə yerinə yetirmədiyinə görə və daha nələr, nələr. Qəribə olanı da budur ki, ayrı-ayrılıqda hər biri hansısa bir xalqın məhvinə səbəb olan günahlar birlikdə bizim sivilizasiyada mövcuddur. Amma göründüyü kimi... Düzü, mən də buna tələsmirəm.

Bir az mövzudan kənara cıxaq və kənardan olaylara nəzər salaq.

Bir tərəfdə qızğın mübahisə gedir. Dünyada qorillaların sayının kəskin azalması müşahidə olunur. Bu baxımdan Avropada 2009-cu ili bəzi QHT-lər qorilla ili kimi qeyd edəcəklər. Bir də görürsən bir balinanın xilası üçün böyük bir heyət cəlb olunub, telekanallar bunu anbaan yayımlayib ürək ağrısı ilə şərh edirlər. Hər bir canlının həyatı dəyərlidir, söz yox. Amma..

Bu insanların səmimiyyətinə necə inanmaq olar ki, Qəzzada hər saatda ölən o uşaqlara və qətliam bitəndən sonra minlərlə yetim qalan körpələrə olan qayğı o heyvanlara olan qayğıdan qat-qat azdır?! İraqda “demokratiya”nı bərpa etmək üçün 3-6 yaşlı “terroristləri” qanına qəltan edirlər. Əfqanıstanda psixoloji sarsıntı keçirən uşaqların əksəriyyəti ruhi xəstəlik ərəfəsindədirlər. Qarabağdan qaçqın düşənlər payızın yağışlı, palçıqlı vaxtında çadır şəhərciyində zülm çəkirlər. Deyə bilərsiniz ki, borcları deyil ki, öhdəlik götürüblər? Xeyr, elə deyil. Dünya əgər canlı həyata maraqlı olduğunu iddia edirsə, bu qətliamlara mövqe sərgiləsin! Yoxsa maraqlı deyil?!

Dünyada hələ də “Əbu Qureyib”, “Quatanamo”, Əfqanıstan, İraq kimi faciələrdə minlərlə günahsız axıdılan insan qanına batan əllər qandal görmürlərsə, deməli nə isə yerində deyil. Hələ də bu cinayətlər “islahatlar “adı altında təqdim olunursa, deməli dünya böhran dövrünü yaşayır.

Sivilizasiyaların məhvi səbəbini bu nöqtələrdə axtarmaq lazımdır. Bəli tiranların zülmü, zülmə məruz qalanların öz haqlarını tələb etməmələri bu nöqtələrdən bəziləridir.

Bütün mövzular ona (ə.f.) yönəlir. Bütün müstəzəflər onun (ə.f.) gəlişi həsrətindədir.

İlahi, dodaqlar onun (ə.f.) zikri ilə islanır, gözləri də onun (ə.f.) vücudu ilə nurlandır! AMİN!

Mətləb Həmzəli
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicis

Ərlər doğan müsəlman ölkəsi

Hər yer Onun zikri ilə aludədir, hamı Onun gəlişinə amadədir!

Bəli, İmam Zaman (ə.f.) erası haqq, ədalət carçıları, hər anı özünə fürsət sayan, dünyasını axirətindən üstün saymayan insanları ilə gündəmə gəlib.

Türkiyə bir daha seçimində səhv etmədiyinin şahidi oldu. Ərdoğan sadəcə xarici dil bilmək ilə yox, haqq carçısı olmağı ilə fəxr edilməli olduğunu bir daha sübut etdi. Ərdoğan hakimiyyəti Türkiyənin yəqza dövrüdür. Türkiyənin, elə digər müsəlman ölkələrinin də keçdiyi yola nəzər salsaq görərik ki, müsəlman dövlətləri nə vaxt dini kimliyinə sahib çıxıb, onda dünya bu ölkələrlə hesablaşıb. Rəcəb bəy bəzi diplomatik cümlələrlə bu zirvə görüşünü yola verə bilərdi. Amma bir müsəlman kimi, bir İmam Zaman (ə.f.) erasının nümayəndəsi kimi onu bacarmazdı və bacarmadı da. Hələ də göz yaşları qurumayan Qəzza torpaqlarının danışan dili olmaq kimi bir şərəfli missiyanın daşıyıcısı oldu. Görəsən qızıldan ayaqyolu düzəldən ərəb şeyxlərinin heç o yarıqırxılmış üzləri qızardımı? Görəsən sərhədlərini qəzzalı qaçqınların üzünə bağlayan “müsəlman” dövləti Misirin rəhbərləri həmin anda hə hallarda idilər? Görəsən daxili və xarici siysasətinin inkişafından danışan “müsəlman” dövlətləri Ərdoğanın nə etdiyini anladılarmı?

Ərdoğan Kərbəla şəhidlərini əməli ilə yada saldı. Bəli,Ərdoğan Qəzzada tökülən qanları Davosda ovcu ilə Peresin üzünə çirpdı. Xoş olsun Türkiyənin halına, xoş olsun müsəlman cameəsinin halına ki, onun Qəzza üçün tökdüyü göz yaşları hədərə getmədi.

Mətləb Həmzəli
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicis

Yeni termin və «prob snimat»

Ay camaat biz deyəndə ki, günahlar, fəsadlar yeni-yeni problemlərin katalizatorlarıdır, inanmırdiniz. Bu da sübut. Oturub ağır yükdən dizləri qatlanmış hambal kimi yerinizdən qalxa bilmirsiniz. «Siz» deyə müraciət edirəm cünki, bunun bizə zərrə qədər də aidiyyatı yoxdur. Zira bizdə vəziyyət heç düzəlməmişdi ki. Allah rəhmət eləsin iqtisadi böhran terminləini çıxardanların atalrina ki, məmurlarımızı səbəb tapmaq üçün qapı-qapı salmayıb. Çünki, neçə illərdir ki, keçid dövrünü yaşayırdıq. Artıq keçid dövrü həddi-buluğ yaşına çatdı. Onun 15 illiyini paradla, atəşfəşanlıqla qeyd etdik. Yeni terminlərə ehtiyac var idi. Bu da sənə mövzu, özü də 10-15 illik yox e keyfin nə qədər istəyir!

Əslində bu iqtisadi böhran məni başa saldı ki, dünya bizlər istisna olmaqla yaxşı yaşayırmış. Camaat indi-indi bahalıqdan danışır. Mənə elə gəlir ki, dünya Azərbaycandan “labaratoriya dovşanı” kimi istifadə edir. Cünki dünya hələ indilərdə yaşayaçağı problemləri biz çoxdan «prob snimat»dan çıxartmışıq. ”Labaratoriya”da təcrübədən keçirtdikləri məsələləri rahatca qlobal surətdə tətbiqinə başlayırlar. Havayı yerə mümkün 12 iqlimin 9-u bizdə yerləşmir ki…

Sonda bir lətifə ilə bu optimist yazımı optimist əhval-ruhiyyədə bitirmək istəyirəm.

Balaca uşaq uzaqda aparılan meyidi göstərərək atsından soruşur. ”Ata onu hara aparırlar?” ”Bala onu elə yerə aparırlar ki…” deyə ata uşağın başa düşəcəyi tərzdə başa salmaq istəyir, ”Orada qışda soyuq, yayda isti olur. Orada nə su, nə qaz, nə işıq var. Orada nə şirin, nə də turş şey var”. Uşaq dözə bilmir: “Tay denən ki, bizə gətirirlər də”.


Mətləb Həmzəli
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

понедельник, декабря 22, 2008

"Səxavətli" Sem dayı

Bu yaxınlarda eşitdiyim bir xəbər məni baş verən olaylara başqa bir prizmadan baxmağa vadar etdi. ABŞ hökuməti Gürcüstanda baş verən dağıntıları aradan qaldırmaq üçün bu ölkəyə $4,5mlrd yardım ayırıb. Rusiya ilə baş verən bir neçə günlük müharibənin fəsadlarının aradan qaldırılması üçün ABŞ bu qədər vəsait təmənnasız olaraq Gürcüstana veriləcək.

Yadımdadır ki, İraq hökuməti Küveytə girdiyi vaxt baş verən müharibədə isə ABŞ hökuməti İsrailə səbr etdiyinə görə $30mlrd vəsait ayrılmışdır. Bəli elə belə də qeyd olunurdu "Səbr etdiyinə görə". Bura qədər, necə deyərlər, xub. Məni başqa şey düşündürür. Görəsən bu "səxavətli" hökumət, «Sem dayı» adlandırılan bu ABŞ çetesi Əfqanıstana, İraqa və digər "qayda-qanun" yaratdığı dövlətlərə nə qədər ianə ödəyəcək? Çünki, ABŞ dövləti iddia edir ki, apardığı "mübarizə" həmin dövlətlə yox, o dövlətdə yaşayan bir qrup terroristlədir. Sizcə İraqda öldürülən hər günahsız uşaq müqabilində bu "səxavətli" dövlət nə qədər ödəmək niyyətindədir? Əfqanıstanda atasının meyiti üzərində ağlayan uşağı nə ilə ovutmaq fikri var? Neçə-neçə ailələri birdəfəlik yer üzündən silən bu"islahatçı" dövlət hansı təzminatla bu cinayətini ödəmək istəyir?

Ay verdi aa! Ciblərinizi geniş saxlayın, yoxsa «Sem dayının» verdiyi pullar kənara tökülə bilər. Hələ gözlə ki, Buş administrasiyasının dəstəyi sayəsində saysız cinayətlər törədən sionistlərin blokadada saxladığı qəzzalılara da, hər gün təhqir olunan qüdslülərə də, qanlarına qəltan edilən livanlı körpələrə də mütləq təzminat ödəniləcək. Dəvənin boynu kimi düzdür bu xəbər!

İlahi, müqəddəs islam torpaqlarını öz sahiblərinə qaytar! İlahi, Mövlanın (ə.f.) zühuru arzusu ilə qəlbləri oyat! Amin!

Mətləb Həmzəli
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Firon və Həzrət Musanın (ə) bilərziyi

Bir gün birisi bir dostunun evinə qonaq gəlir. Ev sahibi cox varlı imiş. Qonaq evə daxil olandan başlayır ki, bu əşyanın qiyməti belə, o xalçanın qiyməti elə, o mebel xalis fisdıqdan və sair. Qonaq çox narahat olur və istəyir ki, ev sahibinə yaxşıca dərs versin. Başa düşür ki, ev sahibi öz "dəyərli" əşyaları ilə özünü qonağa "dəyərli" bir şəxs kimi təqdim etmək istəyir. Qonaq birdən ev sahibinin gözləmədiyi halda ağzının suyunu onun üzünə atır. Ev sahibi bərk əsəbləşir və qonağa "bu nə ədəbsizlikdir?" deyə çımxırır. Qonaq sakit halda: "Ağzımın suyunu bir yerə atmalıydım, amma bu qədər dəyərli əşyalar arsında ən dəyərsizini seçməliydim və seçdim" deyə cavab verir.

İnsanda olan fitri meyllər onu məqsədinə aparan enerji mənbələridir. Bu meyllərin istiqaməti insanın məqsədindən xəbər verir. Hər kəs məqsədinə uyğun olaraq bu meyllərindən bəhrələnir. Bu meyillərdən biri də insanın özünü dəyərli edəcək fenomenləri özundə cəm etməsidir. Hər bir insanın məqsədini onun dəyər verdiklərindən anlamaq olar. Fitri meyillər insan tanımaq üçün bir meyardir. Belə rəvayət edirlər ki, Allah Təala Həzrət Musaya vəhy edir ki, get Fironun yanına və onu haqqa dəvət et. Əmrə tabe olan Musa (ə) Fironun yanına daxil olur, ona yalnış yolda olduğunu və onu haqqa dəvət etdiyini bəyan edir. Bildirir ki, o, Allahın mürsəl peyğəmbəridir. Firon Musaya (ə) cox həqarətlə baxaraq: "Əgər iddia etdiyin kimi sən Allahın peyğəmbərisənsə, bəs hanı sənin qızil bilərziklərin, malın, mülkün?".

Fironun dəyərlər sistemi onun kamalının göstəricisidir. Bəli, hətta ateistlərin belə etiraf etdiyi bir məsələdir kı, əxlaqi keyfiyyətlər fitri bir məsələdir. Amma hər bir nemət kamalına uyğun istifadə olunduqda insanı səadətə çatdirır. Hər bir insan özünü dəyərli bir şəxs kimi görmək istəyir. Bir çoxları özünə diqqət cəlb etmək istəyir. Saç uzadır, yaraşmasa belə əndirabadi geyimlər geyir, üzr istəyirəm, hətta cəmiyyətdə fasid bir qadın kimi tanınan birisini özünə həyat yoldaşı kimi seçməkdən belə çəkinmir – təki «şöhrətli» olsun! Əslində cəmiyyətin nəyə dəyər verməsi çox mühüm bir mövzudur. O dərəcədə mühümdür ki, prezident, deputat seçkilərinin seçki kompaniyası bu məsələyə bağlıdır.

Məsələn bu yaxınlarda Amerika prezidentliyinə namizəd Barak Obama "mən bir az seçki kompaniyasına ara verərək, Havay adasındakı nənəmin ziyarətinə gedəcəyəm. Çünki mənim böyüyüb, boya-başa çatmağımda onun müstəsna rolu var. İndi o xəstədir və onun ziyarəti mənim üçün çox önəmlidir" deyə KİV-lərə açıqlama verib. Amerika tarixinin ən bahalı seçkiləri kimi tarixə düşən bu seçkidə sizcə kim düşünülməmiş addım atar? Əslində bu addım Obamanın seçki kampaniyasının heç də önəmsiz olmayan bir hissəsidir. Bu xalqa: "Mən, mənə əziz olan və mənə dəyər verən heç kimi unutmuram" mesajıdir. Bir də görürsən xəstə bir heyvanı, kücə bomjlarını belə ziyarətdən cəkinmirlər. Çünki seçicilərinin nəyə dəyər verdiyini gözəl anlayırlar.

Özünün heç bir dəyərə malik olmadığını anlayan insan, özünün dəyərli etmə meylini təmin etmək üçün cinayətdən belə çəkinmir. Tarixdə belə bir hadisə oxumuşam ki, Yunanıstanda (yanılmıramsa) cox qədimi və tarixi əhəmiyyəti olan bir tikilini sırf tarixə düşsün deyə birisi yandırıb külə döndəribmiş…

Deyirlər Bəhlul Danəndə bir varlı şəxslə hamamda görüşür. Varlının əynində bahalı qətfə olur. O, Bəhluldan "səncə mənim dəyərim nə qədər olar?" deyə soruşur. Bəhlul fikirləşmədən qətfənin qiymətini deyir. Yəni sənin dəyərin malik olduğun əşya qədərdir...

İnsan var ki, bu kimi əşyalarla özünü dəyərli etmək istəyir,amma insan var ki, butun malik olduqları onunla dəyər tapır. Şükürlər olsun ki, bu kimi nümunələr çoxdur. Tarix boyu Yəsrib kimi tanınan şəhər Rəsuli-Əkrəmin (s)ziyarəyindən sonra onun bərəkətilə Mədinə kimi tarixə düşdü. Məsumların (ə) gəzdiyi torpaq, əlini vurduğu hər bir əşya, hətta ehtimal olunan saçları belə inanclı insanlar üçün ziyarət məskənləridir və dunyaya qarşılıq dəyərlidir.

İlahi, bizi izzətimizi qorumaq üçün dəyərlərimizə sahib çıxanlardan qərar ver! Bİzi Mövlanın (ə.f.) nəzərində böyüt və öz nəzərimizdə kiçilt! AMİN!

Mətləb Həmzəli
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

четверг, ноября 20, 2008

Viran qalan İçərişəhər…

İçərişəhər-hər küçəsi doğma, məhrəm.

İçərişəhər-hər tinində mübariz insanlar hənirtisi.

İçərişəhər mənəviyyat, əxlaqla yaşamış bir toplumdan qalan miras.

1-2 saata piyada dolaşa bilinəcək bir şəhərdə vaxtilə 28 məscid, 28 hamam, 28 mədrəsə mövcud olub. Karvansaralar, kitabxanalar bu balaca şəhərin tarix səlnaməsinin canlı şahidləridir. Müqayisə üçün deyək ki, Bakı şəhərində İçərişəhəri istisna etsək, 20-yə yaxın məscid var. Bu qədər genişlənən, böyüyən, inkişaf edən – iki milyondan çox əhali yaşayan şəhərin dindar kəsiminin statistik göstəricisi çox şeydən xəbər verir.

Əslində nədənsə İçərişəhəri düz danışdığına görə qolları qandallanan dustaq obrazı kimi görürəm. İşərişəhər – deyəsən bir zamanlar ər igidlərin qoruduqları qala divarları düşmən əlinə keçib. Əsrin əvvəllərində yaşayan xalqın əxlaq təcəssümü olan şəhər qala qapılarını yalnış cameənin üzünə açıb. Düşmən şəhəri aldıqda ilk işi o şəhəri yerlə yeksan etmək olurdu. İlk hədəfləri tarixlə bağlı məlumatlar, abidələr və onları yada salan hər hansı bir şeyləri məhv etmək olurdu. Dünyada əlləri üstə qorunan abidələr burada ayaq altda tapdanır. Elə bil əski dillə desək gavurlar şəhərı zəbt edib, qiymətli nəyi varsa talan edirlər. Onsuz da ermənilər Şuşada, Xankəndində daşı daş üstündə qoymayıblar və bizim məmurlar bütün tribunalardan düyaya «tariximiz talan olunur» - deyə car çəkillər. Orada pis olan bir şey şəhərin mərkəzində məqbulmu olur? Deməli bu vandallığı bizim məmurların etməsi işə başqa don geyindirir? Pis hər yerdə pisdir, əslində öz etməyimiz pisliyin şiddətini artırır.

Sizə bir şey deyimmi? Mənə elə gəlir ki, bizim tarixi, ədəbi, memarlıq irsimizə laqeyd olan, onlarda yalnız şəxsi mənfəət görən ünsürlərin gözəlliyin həqiqiliyindən xəbər-ətəri yoxdur. bu insanlar tarixi abidəyə satılası «obyekt» kimi baxır. Amma bu vücudi qaragünlər ömürlərini hədər-hədər yandırdıqca, tariximizin nişanələri də real məhvolma təhlükəsi ilə üz-üzə qalıb…

Mətləb Həmzəli
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

четверг, ноября 06, 2008

İnsanin dəyəri onun iradəvi seçiminə görədir

Uşaqlıqda gördüyüm bir tablonu sizinlə bölüşmək istəyirəm. Tabloda 3 uşaq meşənin dərinliklərində üzü güclü küləyə hərəkət edirlər. Uşaqlardan ikisi küləyin sovurduğu tozdan, yarpaq və qurumuş ağac budaqlarından qorunmaq üçün üzlərini öndə gedənin arxasında gizlədib, azmasınlar deyə ətəyindən tutmuşdular. Öndə gedən isə hər iki əlini irəliyə uzadaraq istiqamətini təyin edirdi. Onun kor olduğu başa düşülürdü. Uşaqların bir neçə addimlığında isə sonu görünməyən sıldırım təsfir olunurdu.

Bəli bir az düşünək. Kiminlə və haraya gedirik? Etdiyimiz seçimin nəticələri bizi maraqlandırırmı? Verdiyimiz qərarlara nə qədər diqqətliyik? Çox vaxt verilən ani qərarlar bizim həyatımızın axarını, istiqamətini dəyişəcək səviyyədə önəmli olur.

İnsana təkvini (qeyri-iradəvi) olaraq verilən nemətlər var. Məsələn ata, ana, baci, qardaş və s. Sizcə insan iradəvi olaraq bunları seçsəydi, hansı meyarı əsas tutardı? Məsələn, ata və ananı insan hansı meyarla seçərdi? Maraqlıdir. Amma çox şükür ki, bu bizim öhdəmizdə deyil, çünki nəticəsi bizim digər seçimlərimizin nəticələrindən fərqli olmazdı.

İnsanin dəyəri onun iradəvi seçiminə görədir. Bu seçim bəzən insana ömür boyu səadət və ya zillət paltarı geyindirə bilər. Ən əsası odur ki. insan hər bir seçimini bir meyar əsasında edir. Onun seçimi dünyagörüşündən, əqidəsindən aslıdır. İnsanın məsuliyyəti artdıqca verdiyi qərarlar, etdiyi seçimlər də o qədər əhəmiyyətli olur. Məsələn, bir insanın verdiyi qərar böyük-böyük şəhərləri viran qoya bilər. Xirosima, Naqasaki kimi nəticələrə gətirə bilər. İraq, Əfqənıstan, Fələstin kimi ölkələri xaraba qoya bilər. Ən önəmlisi isə o şəxslərin verdiyi qərarda onu o vəzifədə hələ də görmək istəyənlənin payı da əhəmiyyətli qədərdir. Qurani-Kərim Həzrət Muhəmmədin (s) zəmanəsində yaşayan yəhudiləri onlardan bir neçə əsr öncə yaşayan yəhudilərin cinayətlərinə razı olduqları üçün onlari həmin cinayətləri işləmişlər kimi məzəmmət edir.

İnsan öz məhəbbətinə və nifrətinə məsuldur. Məsumlardan (ə) gələn hədislərdə "İnsan əgər məhəbbətini daşa da salsa, Allah onu o daşla məhşur edər" deyə qeyd olunur. Rəsuli-Əkrəm (ə) buyurub: "İnsan sevdiyi ilə birgə olar". Diqqətli olaq! Əgər kiminsə cinayətlərinə, fasid qərarlarına şərik olmaq istəmiriksə seçimimizdə yanilmayaq! Məhəbbətimizə və nifrətimizə sahib olaq! O böyük gündə İmam Hüseynin (ə) qanlı köynəyini görəndə peşiman olmayaq. Yaddan çixartmayaq ki, İmam Hüseyn (ə)buyurub: "Hüseyn kimilər yezid kimilərə heç vaxt beyət etməzlər".

İlahi, bizi hər an seçimlərimizə diqqət edənlərdən qərar ver! İlahi bizi ziyanimiza olsa belə ədalətli seçim edənlərdən et! İlahi ölənə qədər qəlbimizdən Əhli-beytə məhəbbəti, zalımlara nifrəti əksik etmə!

İlahi MÖVLANIN zühurunu təcili et! Amin!

Mətləb Həmzəli
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

воскресенье, октября 12, 2008

Oyan, ey müsəlman!

İntizarda olan islam torpaqları, intizarda olan islam cameəsi, intizarında olduğumuz İmam Zaman (ə.f.) erası. Bəli, intizar fəlsəfəsi çağdaş eramızın gündəmdə olan mövzusudur. Artıq islam cameəsi bu mövzunu gündəlik həyatının müstəvisinə çevirmək məcburiyyətindədir. Qurani-kərimin "Fə əynə təzhəbun" (haraya tələsirsiniz) çağrışına "Mövlama doğru" cavabını vermək vaxtı çatıb.

Mübarək Ramazan ayı öz bərəkəti ilə son günlərini yaşayır. Ən böyük lütflərini bu ayda nazil edən Allah bizə minnət qoyaraq bir daha oyanmaq üçün şans verdi. Bu ay bir çox fəzilətli günləri ilə təbərrüklənib. Zəbur, Tövrat, İncil, Qurani-Kərim bu ayda nazil olub. Bir gün də var ki bu ayda, əhəmiyyəti hec də digər günlərdən geri galmir. Ramazan ayının son cüməsi Qüds günüdür. Qüds günü – Qarabağ, Əfqanıstan və digər qəsb olunmuş müsəlman torpaqlarının anım günüdür.

Bu günü başa düşmək üçün gərək Ramazan ayini başa düşək. Ramazan ayı – ünsiyyət, paylaşma, anlama, oyanma, özünüdərk, iradəvi əməl ayıdır. Ramazan ayının əməllərində əsas aparıcı xətt olaraq digərlərinin halını bölüşmək fəlsəfəsi durur. Evində rahat iftar edən hər kəs bilməlidir ki, neçə-neçə müsəlman ailələri var ki, günün sonunda nəinki iftar açacaqlarına, heç sağ qalacaqlarına yəqinliyi yoxdur. Bu ayı öz əqidələrinə görə məhbəslərdə ailəsindən uzaq, əsirlikdə keçirənlər var. Bu ruhiyyədə böyümək Ramazan ayının son cüməsi öz aktuallığını artırır.

Hər bır müsəlman "Qüdsü-Qarabağı unutma" şüarı ilə yaşamalıdır. "Qoy mən tox olum......" prinsipi müsəlman cameəsinin ruhiyyəsinə ziddir. Qüds gününün bu mübarək ayda elan olunmasının bir fəlsəfəsi də müsəlman cameəsinin bu ayda vəhdətə gəlməsidir. Qüds umumiləşdirilmiş bir addır. Amma cox qəribədir bu zatında islami ruhiyyə yaşayan müqəddəs şəhər bir dəfə 06.07.1099 tarixində səlib yürüşlərinin nəticəsi olaraq qəsb olunub. Bir də 06.07.1967 tarixində sionist rejimi tərəfindən qəsb olunub. Artıq vəhdət ayıdır. İntizarında olduğumuz günləri yaşamağın vaxtı çatmadımı? Top-tüfəng səsinə oyanan uşaqların azan səsınə oyanmaq vaxtı çatmadımı? Mənəviyyatımıza sahıb çıxmağın vaxtı çatmadımı? «Qüdsü -Qarabağı unutma!» şüarı ilə biganəliyə son qoymağın vaxtı çatmadımı?

Oyanaq. Oyanaq ki, düşmən cürət etməsin. Oyanaq ki, Mövlamız sevinsin, düşmənlər xar olsun!

İlahi, bizi haqqın müdafiəçilərindən qərar ver! Bizi özümüzə tanıtdır ki,Səni tanıyaq! AMİN!


Mətləb Həmzəli
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

вторник, октября 07, 2008

Mənəvi xəstəlik -biganəlik və ya xəzinə dolu otaq

Mənəviyyat dolu abu-havası ilə süslənmiş Ramazan ayı sona yetməkdədir. Artıq günü-günə calayaraq arxada qoyuruq. Kimisi lazimı qədər faydalanır, kimisi isə fərqinə belə varmadan həyat dolu çeşmənin hər damlasında həyat iksiri olan çeşmənin ancaq şırıltısından zövq alır. Adətən nağıllarda xəzinə dolu otaqların qapısında «götürən də peşiman olacaq, götürməyən də» "yazısı yazılırdı. Səbəbi – götürən «niyə çox götürmədim» götürməyən də «niyə götürmədim» deyə təəssüf edəcək.

Bu mübarək aydan nələr qazana bilərik? Hərə öz kamalına uyğun olaraq bu aydan bəhrələnir. Kimisi bu ayı dünyasını qazanmaq üçün vasitə edir, kimisi isə əsl nəhayi kamala çatmaq üçün bu ayı fürsət bilir. Hədisi-Qüdsidə buyrulur: "Axirət məsələlərini qaydaya salın ki, Allah da sizin dünya işlərinizi qaydaya salsın".

Dünyanı bürümüş ekzistensiolizm dalğasi əslində insanların fitri oyanışıdlr. İnsan artıq cəmiyyətin ona təqdim etdiyi "dəyərləri" meyar olaraq qəbul etmək istəmir. O, vücudi problemlərin həllini axtarır. Xəstə cəmiyyətlərdə "palaza bürünüb el ilə sürünmək" istəmir. Dünyada «demokratiyanı bərqərar etmək» adı ilə yaranan müharibə ocaqlarına baxaraq başa düşür ki, insan tək maddi «Mən»indən ibarət deyil. İnsan içindəki boşluğun səbəbini öyrənmək istəyir. Bəli bu mənəvi xəstəlikləri Allah Təala ramazan ayında mualicəsi ücün təkrar olunmayacaq dərəcədə fürsətlər verib. Müalicə olunmaq istəyən insan bu ayda da bacarmayacaqsa, öz halına acısın. İlk öncə bu ayda müalicə olunası xəstəliklərin önündə biganəlik, etinasızlıq durur. Bu ay insana başa salır ki, unutduğun kimi gün olar ki, unudula bilərsən. Bumeranq kimi nə qədər sürətli atsan o qədər sürətli qayıdacaq.

İnsan əlindəki nemətləri paylaşdıqca nemətlər dəyər tapır. Qurani-Kərimdə mömünlər "onlara verilən nemətlərdən infaq edərlər" sifətilə vəsf olunub. Bu – bir meyardır. Etinasızlıq, cəmiyyəti fərdlərdən ibarət insan yığınağına çevirir. Əsl vücudi problemlərin həllində bu cür sadə görünən məsələlər durur.

Allah bizi bu cür xəstəliklərdən qorusun. Allahım, bizi bu ayda müalicə olunanlardan qərar ver! Bizi əsl hədəfimizdən –qürbi-İlahidən yayındıran xəstəliklərdən uzaq et! Amin.



Mətləb Həmzəli
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

четверг, октября 02, 2008

İNTİZARınla və ya MÜNTƏZİRin DUASI

Gəl Mövlam, sənsiz olmur.

Gəl ki, iman çeşməsini cadar-cadar olmuş qəlblərə axıt, dodaqlar zikrinlə islansın.

Gəl ki, məsxərə edənləri rəzıl et, məsxərə olunanları əziz et…

Gəl ki, insaniyyət əsl hədəfini anlasın, qəlblər mütməin olsun.

Gəl ki, mehrab qanı yerdə qlmasın, əhdi pozanların burnunu yerə sürt.

Cəddin Rəsuli-Əkrəm buyurub: "Əsl yetim İmamından ayrı düşən və əli ona çatmayandır". Belə isə gəl ki, yetimlik damğasını götür üstümüzdən.

Gəl ki, pünhan qəbri tanıtdır bizlərə, Ya Mövla. Ona şəhid uşaqlardan, məhbəsdəki müntəzirlərdən, xaraba qalan müsəlman torpaqlarından, qıfıl vurulmuş məscidlərdən xəbər verək.

Başqa kimimiz var ki?!!!

Mövlam, gəl ki, qəsb olunmuş Məscidul-Əqsada, Fələstində, İraqda, Qarabağda və digər müsəlman torpaqlarında daima azan səsi ucalsın.

Mövlam, sənin həsrətinlə neçə-neçə müntəzirlərin gözü yolda qalıb. Dilində adın, qəlbində həsrətin dünyadan köçüblər. Hər cüməni qurtuluş cüməsi kimi gözləyiblər. Hər dəfə Ərafatda gözləri səni gəzib. Kərbəla, Məşhəd, Nəcəf zəvvarlarından səndən soraq gözləyiblər.

Gəl Mövlam, sənsiz olmur.

Bəlkə də əsl müntəzir sənsən. Axı gəlişin insanların mərifətinə bağlıdır. Bəli əsl müntəzir sənsən. Çünki sən demisən: "Mənim zuhurum üçün dua edin, çünki sizin qurtuluşunuz ona bağlıdır". Sən bizi gözləyirsən. Qurtuluş cüməsinin əsl müntəziri sənsən.

Bəlkə də «bəsdirin keçici dünyaya baqi axirətdən çox bel bağladiniz» deyərək ali-Muhəmməd yetimlərinin oyanışını gözləyirsən.

Mövlam, qəflətimiz cürətimizə səbəb olub. Bunu etinasızlıq, saymamazlıq kimi qəbul etmə. "RABBƏNA LƏ TUAXİZNA ƏV NƏSİYNA ƏV ƏXTƏNA" («İlahi, bizi yanıldiqda və unutduqda cəzalandırma», «Bəqərə», 286) ayəsinə sığınırıq.

Gəl Mövlam! Alı Muhəmməd yetimlərini sənsiz qoyma.

Gəl Mövlam! Sənsiz olmur…

Mətləb Həmzəli
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

вторник, сентября 30, 2008

Çexiyada islam

Bu gün Çexiya müsəlman imiqrantlarının sayının çox da olmadığı Avropa ölkələri siyahisına daxildir. İlk öncə bu vaxtı ilə koloniyalaşdırma siyasətinin olmaması, habelə Asiya və Afrika ölkələrindən gələnlərin çətinliklə buralara adaptasiyası ilə izah olunur. Bununla belə bəzı ıstısnayi hallar da mövcuddur. (islam ru)

Qeyd olunanlarla yanaşı, Çexiyanın məxsusi etnik tərkibinin də olmasını qeyd etmək lazimdır.

İlk olaraq Çexiya digər Avropa ölkələrindən fərqli olaraq az sayilmayacaq sayda slavyandilli müsəlmanlar var. Bunlara əsasən Makedonoya, Xorvatiya, Bosniya və Herseqovina, Yuqaslaviyanın digər əyalətləri, Bolqariya və keçmiş SSRİ dövlətlərinin millətlərinə aid müsəlmanlar aiddir.

Bir çox müsəlmanlar İraqdan, Əfqanıstandan, Livandan siyasi qaçqın olaraq Çexiyaya pənah gəyiriblər.

Bir hissə müsəlmanları isə o zümrə təşkil edir ki, onları bu ölkəyə biznes maraqları çəkib gətirib və ya Qərbə getmək üçün tranzit dayanacaq olaraq bu ölkəni seçiblər.

Nəhayət müsəlman camiəsinin bir hissəsini isə etnik çexlər təşkil edir. O çexlər ki, İslama yeni müraciət ediblər və ya çex müsəlman ailələrində dünyaya gəliblər.

Qeyd etmək lazımdır ki, İslamın Çexiyaya gəlişi zəngin tarixin daha öncələrinə gedib çıxır.

Çexiya qeyri-teokratik dövlətdir. Burada müsəlman çexlərin sayını dəqiqləşdirmək mümkün deyil. Lazim gəlir ki, bu işlərdən ötrü islami cəmiyyətlərin məlumatlarına əsaslanaq. Hansı ki, ölkənin əsas olaraq Praqada, Teplisdə, Brnoda yerləşən 3 məscidi ətrafında fəaliyyət göstərirlər. Müxtəlif statistikalara görə, onların sayı 10-20 min arasında qeyd olunur.

Quranın ilk sözü "OXU! YARADAN RƏBBIN ADIYLA OXU!"olub. Bu baxımdan islam ilk olaraq "təhsil" şüarı və anlam olaraq genişlənirdi. Həzrət Peyğəmbər (ə) buyurub: "Elmi öyrən, hətta Çində də olsa". Heç də təəccüblü deyil ki, dünyaya bəxş olunmuş islam mütəfəkkirləri əsasən o ölkələrdən çıxırdı ki, hansılar ki, silah gücünə deyil, məntiq və elm gücünə fəth olunmuşdu. Bura əsasən böyük islam cameəsini təşkil edən Malaziya və İndoneziya də daxildir. Bu ssenarini biz Çexiyada da müşahidə edirik.

İslamın bu ölkədə yayılması hələ Asiya, Afrika və Qərbi Avropa emiqirantlarindan çox əvvəl başlayıb. Hər şeydən əvvəl yerli intellekt sahiblərinin təşəbbüsləri sayəsində və bunlarin parlaq nümayəndəsi Şilxavi (1937-cı ildə tələbə vaxtlarında islamı qəbul edib və adını dəyişərək Muhamməd Əli qoyub) olmuşdur. Habelə digər simalar: 1930-cu il çex müsəlmanlarının əsasını təşkil edən şərqşünas İrji Bıcka, Qurani-Kərimin çex dilinə tərcüməçisi İvan Qarbikin, general Fondrjuxun səyləri nəticəsində İslam Çexiyada faşıst qəsbikarlarının və kommunist diktatura illərini arxada qoymağı bacardılar. Bu baxımdan kommunist rejiminin cixmasından sonra ölkədə yaranan mənəvi vakuumun fonunda 10-20 min etnik çexin İslamı qəbul etməsı heç də təəççüblü deyil.

80 faiz əhali özlərini ateist hesab edirlər. Kilsələr Çexiyada ən az ziyarət olunan yerlərdəndir.

İslam özünün zəngin elmi və mədəni irsi ilə burada istisna təşkil etmir. Zira burada qədimdən yəhudilik və xristianlıq kök sala bilimişdir.

Nə qədər çex müsəlmanları tək dini deyil, ictimai həyatda da öz həmvətənlərinə nümunə olacaqlar, bir o qədər İslamın Çexiyada qonşu ölkələrə nümunə olmaq şansı coxalacaq. Hansi ki, çağdaş Avropanın can atdığı müxtəlif dünyagörüşlü svilizasiyaların dialoq və ümumi prinsiplər əsasında təşkil olunmuş nümunəvi bir dövlət modelinə çevriləcək.

Mətləb Həmzəli
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

среда, сентября 24, 2008

Görəsən nə vaxt bitəcək və ya ağıllı məmurlar

Bir Amerika, yapon və Azərbaycan şirkəti tunel tikintisinə görə əcnəbi dövlətə layihələr verir.

Amerikan şirkəti: "Tunelin iki tərəfdən qazıntısına başlayırıq. Ortada bir metr fərq ilə tuneli birləşdiririk və o fərqi də öz hesabımıza aradan qaldırırıq".

Yapon şirkəti də eyni layihəni təqdim edir, amma 50 sm fərq ilə tuneli mərkəzdə birləşdirəcəklərini bəyan edirlər.

Azərbaycan şirkəti: "Biz də iki tərəfdən qazıntını başlayacağıq. Ortada görüşdük - görüşdük, görüşmədik - iki tuneliniz olacaq".

Məni bir başa salan olacaqmı ki, bu körpülərin tikintisində məqsəd nə idi? Bəli,siz bildiyinizi mən də bilirəm – tıxacların qarşısını almaq.A kişi, bu olmadı, bunu boşla. Deyəsən lətifədə olduğu kimi, alınar xub alınmaz da bu qədər iş yerləri açılıb, neçə-neçə ailə telefonuna kontur yükləyir – bu azdır? Əşşi nə olsun ki, büdcə(miz)nin hər iki qapısını açıb, qoyublar "skviyaznyakda". Qorxmayın, büdcə sətəlcəm olmaz. Məmurlar bu problemi əvvəlcədən fikirləşib həlli yolunu tapıblar. Onlar həm də ağıllıdılar axı. Transmilli layihələrdən başqa büdcədə pul nəyə lazım? Büdcənin ən yaxşı yeri ....ay sağ ol, cibişdandı, cibişdan!

Yaxşı yadıma düşdü: görəsən "BUQATTİ" avtomobilinin qiyməti neçəyədir? Bunu elə-belə məzə üçün soruşdum. Məmurların cibi il əqtiyyən əlaqəsi yoxdur bu sualın. Necə? 50 il gərək yemədən-içmədən pul yığsın bu maşın üçün?! Nə olsun? Bəlkə 50 məmur atışıb, 1 il yığıb, alıblar. O biri il – o biri məmur üçün. Beləcə 50 il sürəcək. O bəzi kollektivlərdə «lotereya» adlı pul yığmaq üçulu kimi. Sizi qoyalar elə gecəsi-gündüzü işi-gücü sizə xidmət etmək olan biçarə məmurların pulunu sayasınız! Nankorluq pis şeydir.

Qayıdaq körpülərə. Dedilər A.Sultanova yaxınlığındakı "analoqu olmayan" körpüyə qişda buz bağlamasın deyə spiral qoyulub. Qurbanı olduğum körpü açılışından bir neçə gün sonra analoqu olmayan bir qar yağdırdı. Əşşi,körpünün üstündə bir vur-çatlasın var idi ki.

Üzr istəyirəm dedilər Mazandaranda ulaqlar ağaca dırmaşır, biri dedi: bu ağac, bu da ulaq dırmaşsın görək necə dırmaşır.

Xalqlar Dostluğu metrosunun yaxınlığındakı adını körpü qoyduqları o, beton yığınağı bilirsız nə üçün xoşuma gəlir? Həmişə Cingiz Abdullayevin əsərlərin oxuyanda sonunda əsərlərinin baş qəhrəmanı Dronqonun final hissədə cinayətkarı tamamilə ağlagəlməz bir üsulla ifşa etdiyindən bu hissəsini xüsusı bır maraqla oxuyurdum. Bu beton yığınağını da necə bitirəcəkləri məni Dronqonun final səhnəsini yada salır. "Görəsən necə bitəcək".

Mürəkkəbə heyfim gəlir, yoxsa yazardım.

Dəvəyə dedilər boynun nə üçün əyridir, dedi … göz qaytarıram.


Mətləb Həmzəli
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Maddi və mənəvi xəstəliklər və ya Mövlasız keçən Ramazan ayı

Bismillahir rəhmanir rəhim.

Bir gün şeytan (l) Həzrət Yəhyaya (ə) deyir: "Sənin kimi insanlar məni dünyada ən çox məyus edən insanlardır. Amma sənin bir əməlin var ki,o məni çox xoşhal edir". Peyğəmbər (ə)çox narahat olur, onun hansı əməlidir ki, məlun şeytanı sevindirir? Məlun sözlərinə dəlil olaraq peyğəmbərin aşı çox sevdiyini və hər dəfə ki, axşamlar çoxlu aş yeyir, sübh namazina əziyyətlə qalxdiğını deyir. "Bax bu məni həddən ziyadə sevindirir" - deyə şeytan bir daha öz hədəfini sərgiləyir.

"Tox qarın bütün xəstəliklərin məskənidir" deyə bildirən Məsumlar (ə) xəstəliyin tək fiziki mənasından bəhs etmir. "İnsan şübhəsiz dikbaşlıq edir. Onda ki, özünü ehtiyacsız görür" («Ələq», 5-6).

Nəzərə alsaq ki, bu surənin ilk ayələrində insanin yaraniş fəlsəfəsindən bəhs edir, onda bu mövzunun aktuallığı artır. Alimlər nəfsi saflaşdırma düsturlarında ən cox nəfsi komplekslərin müalicəsindən bəhs edirlər. Çünki, hər bir günahın əsli səbəbləri var. Misal üçün biz tər-təmiz yerə bir damcı bal tökək. Az sonra ətrafında qarişqalarin toplaşdığını görərik. Biz oradan qarışqaları uzaqlaşdırmaq üçün cürbəcür üsullardan istifadə edə bilərik. Lap onların hamısını məhv etsək də bu dəfə başqa həşəratlar gələcək çünki,onları ora çəkən səbəb var. Həmin səbəb aradan getməyənədək məsələ köklü həllin tapmayacaq.

Bİr cavan bır alimin yanında tələbəlik etmək istəyir. Alim ona sabah gəlməyi və əlində bır az ət gətirməyi tapşırır. Sabah alimin tapşırığını yerinə yetirən gənc müşküllə üzləşir. Alimin yolunun üstündə gəzişən ac kücə itləri ətdən qopartmaq üçün tələbənin üstünə cumurlar. Özünü itlərdən güclə qurtaran tələbəyə alim "İbrət götür. Şeytanı sənə müsəllət edən dünya malından qurtulmayınca o səni rahat buraxmayacaq" deyir. Həzrət Əli (ə) Kumeyl duasında deyir "İlahi! Dualarımı həbs edən günahlarımı bağışla! İlahi mənim ismət pərdələrimi yırtan günahlarımı bağışla!". Mövla bu duasında "hidayət limiti" qurtarmış insanlara bildirir ki, bu – onların günah etmələrinin səbəbi yox, nəticəsidir.

Əslində tarix boyu bu mövzu öz aktuallığını qoruyub saxlamaqdadır. İspaniyadan tutmuş Çinə qədər bir ərazını əhatə edən islam dünyasının indi necə olur ki, Fələstin, İraq, Qarabağ kimi viran olan torpaqları var? Necə olur ki, "Hər bir müsəlman kişi və qadına təhsıl almaq vacibdir" deyən Peyğəmbər (s )ümmətiə bu gün "hicabın varsa, təhsil ala bilmərsən" deyilir? Bunların hamsını bır-birinə köklü səbəblər bağlayır. "Nəbadə Qurana əməl etməkdə kimsə sizi qabaqlaya...." - Bunlar Həzrət Əlinin (ə) son sözləridir. Səbəbləri mücərrəd şeylərdə axtarmayaq. Allahın qırılmaz ipi olan QURANdan ayrı düşmüşük. Quranı mağarlardan, məscidlərdən çıxarıb həyatımızın bütün sahələrinə tətbiq etmək lazımdır.

Qarşıdan İlahi ziyafət ayı gəlir. Allah mərhəmət süfrəsini bu ayda açıb. Zəbur,Tövrat, İncil, Qurani-Kərim bu ayda nazil olub.

Allah bu ayda bir lütf də edir. Bizə xəstəliklərimizin bir müalicə üsulunu da başa salır. "Ey iman gətirənlər, sizdən öncəkilərə də yazıldığı kimi, sizə də oruc vacib olundu. Bəlkə təqvalı olasınız". Təqvanı Həzrət Əli (ə) belə başa salır: "Əgər əməllərini bir məcməyinin içinə yığıb da dünyani dolaşsalar, orada səni utandıracaq bir əməlin belə olmamalıdır". Ramazan ayi Allahın insanlara hədiyyəsidir. Ramazan ayı bir ceşmədir ki, hər qurtumunda bərəkət var. Ramazan ayi yəqza (oyanış) ayidır.

Allahım, Ramazan ayının hörmətinə müsəlman cameəsinə oyanış bəxş et! Allahım, nəfsinə hakim olan bəndələrə olan məhəbbətin xatirinə məni də nəfsimə hakim et! Allahım, Fələstində, İraqda və digər müsəlman torpaqlarında tökülən qanların intiqamını ZƏMANƏ SAHİBİNİN əli ilə al! Allahım, bizi bu Ramazan ayını da MÖVLAsız keçirənlərdən etmə! AMİN!

Mətləb Həmzəli
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

вторник, июня 17, 2008

Səlahəddini çağiran Fələstin

və ya Hittə qapısı
Məscidül-Əqsa... Qüds... Fələstin…
"Münəzzəhdir O Allah ki, bir gecə öz bəndəsini Məscidül-Həramdan ətrafina bərəkət verdiyimiz Məscidül-Əqsaya dolandirdi ki, öz ayətlərimizin bəzisini ona göstərək. Şübhəsiz O, eşidən və görəndir" («İsra», ayə 1).
Sionistlər cürbəcür planlar ilə iddia elədikləri ərazilərə sahib çıxmaq istəyirlər. Amma onlar çox gözəl bilirlər ki, hətta bütünlüklə bu əraziləri müsəlmanlardan «təmizləyə» bilsələr də belə, bir yer var ki, onun mövcudluğu bu ərazilərin tarixən kimə mənsub oldugunu aləmə car çəkəcək.
Məscidül-Əqsa. Müsəlmanların ilk qibləsi, merac yolçusunun ziyarət etdiyi yer, Burakın hənirtisini divarlarına hopdurduğu məkan.
Məscidül-Əqsa. Tarixi cinayətkarların cinayətlərini ifşa edən məkan. Bu səbəbdəndir ki, sionistlər Şərqi Qüdsü 1967-ci ildə işğal etdikdən dərhal sonradan başlayaraq, bu məscidi dəfələrlə məhv etmək istəmişlər.
Xranalogiyani izləyək:
1969 - Fanatik bir sionist Məscidül-Əqsanı partlatmaq istədi.
1980 - Məşhur sionist terroristi Məir Kahani məscidi partlatmağa cəhd etdi.
8 aprel 1982 - sionist terror təşkilati Məscidin əsas girişinə külli miqdarda partlayıcı maddə qoydu. Vaxtında olunan mudaxilə partlayişın qarşısını aldı.
21 mart 1983 - məscidə gizlin girmək ücün sionistlərin tunel qazdığı aşkar olundu.
27 dekabr 1984 - bir qurup silahlı sionistin məscidin şərq tərəfindən - "Rəhmət "qapısının yanından icəri girmək cəhdinin də qarşısı alındı.
8 oktyabr 1990 - tarixdə "Qüds gətliami "olaraq yada salınan hadisədə 30 müsəlman şəhid edildi, 800 nəfər isə yaralandı.
Canilər bu cəhdlərinin baş tutmadiğını gördükdə məscidin öz-özünə dağılması üçün bu tarixi məkanın altında qazıntı işlərinə başladılar.
Qəribə məntiqdi: sionistlər bu torpaqların öz tarixi məkanları olduğunu iddia etdiyi halda, qədimi nə varsa sökmək, adlarını dəyişmək istəyirlər. Məsələn, yəhudilər arasında "Ağlamaq divarı" adi ilə məhşur olan divar əslində müsəlmanlar arsında "Burak divarı" adi ilə məhşurdur.
Bu cinayətlərini əslində gizlətmək fikirləri də yoxdur. Sionist «ruhanilərindən» olan Morduxay Əlyaxuahu "Biz bu məscidi sökmək, onu buradan tamamilə silmək və yerində Süleyman heykəlini inşa etmək istəyirik".
Bəli, cinayətkar əmlində israrlıdır. İlahi, Zəmanə Sahibinə (ə.f.) zəmanə canilərindən şikayətimiz var. İlahi! Alı-Muhəmməd (ə) yetımlərini gözüyaşli qoyma!
Yazımızı fələstinli bir qızın dediyi şerlə təbərrükləndirmək istərdik:

FƏLƏSTİN
Mənim adim Fələstin
Adı bütün meydanlara yazılan Fələstin
Ruhumun ən dərinliklərinə işləyən Fələstin
Torpaqlarının məni tanıdığı və torpaqlarını mən tanıdığım Fələstin
"Onu yox, məni parçalayın" dediyim vətənim
Keçmişdən məni hər an çağıran Səlahəddin
Məni minlərcə məhkumu və əsirilə hər zaman yardima çagiran Məscidül-Əqsa
Ey müsəlmanlarin ilk qibləsi! Sionistləri hər zaman öz vüqarınla pərən-pərən et.
Sionistlərin ruhunu söndürən axşam, göy üzünü bayrağınla səslə
FƏLƏSTİNİM.... FƏLƏSTİNI\İM........ FƏLƏSTİNİM .

Mətləb Həmzəli
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

вторник, мая 20, 2008

Təşəkkürü necə etməli?

Bir neçə gün öncə qonşusuna verdiyi qabı almağa gedən Əliəkbər gördüyü mənzərədən cox əsəbləşir. Çünki onun evində istifadə etdiyi qabda qonşusu itinə yal verirdi. Hələ bu azmış kimi, qonşusunu görən İsfəndiyar dil-ağız da edir:
- Sağ ol, ay qonşu. Verdiyin qab lap yerinə düşdü. Qab alana qədər istifadə edim, sonra qaytararam.
- Mən evimdə istifadə etdiyim qabı vermədim ki, onu bu cür istifadə edəsən! Sənin bu təşəkkürün məsxərəyə daha çox oxşadı…
Bir acı həqiqətdir bu...
Hər bir nemətin özünə məxsus təşəkkür qaydası var. Bunların ən kamili bu təşəkkürün əməldəki inikasıdır.
Məsələn, məmur ona göstərilən etimadı ona etimad göstərənlərin rifahını yaxşılaşdırmaqla qarşılıq verərsə, bu, onun təşəkkürünün kamil formasıdır.
Tələbənin təşəkkürünün kamil formasi, onun qarşısına qoyduğu məqsədə doğru yorulmaq bilmədən səy etməsidir, tədrisində müvəffəqiyyətidir.
Yəqin ki, "O olmasın, bu olsun " filmində Baloğlanın tapança ilə qoz sındırmağın görmüsünüz. Alleqorik olsa da, burada nemətin təyinatı üzrə istifadə olunmamasını görürük. Hər bir nemətin öz kamalı var. Əgər o, öz kamalına uyğun istifadə olunmazsa, həmin nemətə zülm etmiş oluruq. «Hədisi-Qüds»də "Günahlarınızı etiraf edin ki, onları bağışlayım. Verilən nemətlətin şükrünü edin ki, onları artırım" - deyə zikr olunan hədisdə nemətlərin davamlı olması üçün şükür amili bir daha vurğulanır. Biz isə nə dərəcədə nemətlərlə əhatə olunduğumuzun fərqinə belə varmırıq. Bu üzdən Məsumlardan (ə) gələn hədislərdə "İlahi! Nemətinin nemət olduğunu dərk elətdir bizə" deyə zikr olunur.
Digər bir duada "İlahi! Sənə şükürlər olsun ki, məni yaranmışların əşrəfi olan İNSAN olaraq xəlq etdin. Əzalarımda heç bir qüsura mübtəla etmədin. Məni haqq yola - İSLAM dininə hidayət etdin və məni ƏHLİ-BEYT mərifətindən məhrum etmədin. YA RƏBB! Məni bu kərəminə layiq et! AMİN!" deyilməklə insanlar mərifətə dəvət edir.
Yarı dolu stəkanın ancaq boş hissəsini görən insanlar hər an Allahın onlara nə qədər inayət etdiyindən təbii ki, bixəbər olacaqlar.
Yazımızı etdiyi şükrünün və duasının nəticəsində cənnətdə peyğəmbərlə (ə) qonşuluq dərəcəsinə yüksələn mərifətli bir odunçunun rəvayətilə təbərrükləndirmək istərdik.
Belə nəql edirlər ki, bir gün Davud (ə) Allah Təaladan onun cənnətdəki qonşusunu ona tanıtdırmağıni rica etdi.
Həzrət Davuda (ə) şəhərin darvazasından ilk girəcək səxsi işarə etdilər. Oğlu Həzrət Süleymanla (ə) birgə həmin şəxsi görmək üçün Davud (ə) bir müddət orada gözləməli olur. Bir də görürlər ki, uzaqdan bir nəfər çiynində bir şələ odun, tər içində şəhərə daxil olur. Davud (ə) odunçuya yaxınlaşır və bir gecəliyə qonaq saxlamağını təvəqqe edir. Odunçu qonaqlarının kimliyindən bixəbər halda, onları evinə dəvət edir. Davud peyğəmbər (ə) odunçuda qeyri-adi heç nə görmür, bununla belə sakit halda yolu qısaldırlar. Qonaqların yol yorğunluğunu nəzərə alan odunçu, onları öz kasıb süfrəsinə dəvət edir.
Allahın peyğəmbərilə bir süfrə başında oturmasından bixəbər odunçu adəti üzrə yeməkdən sonrakı duasını edir: "İlahi! Məni Sən yaratdın, əqlimi Sən verdin, meşəni Sən yaratdın, odun toplamaq üçün qüvvəni Sən verdin, topladığım odunlara müştərini Sən yetirdin, əldə etdiyim ruzini sağlam halda qidalanmağı Sən lütf etdin" - odunçunu qəhər boğduğundan, göz yaşları yanağında iz açaraq duasina son verir: "İlahi! Bu qadər lütfü-kərəminin müqabilində mən nə etdim?!"
Həzrət Davud (ə) oğluna baxaraq razılıq əlaməti olaraq başını yelləyir…

Mətləb Həmzəli
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

понедельник, апреля 21, 2008

Müqəddəs Tur dağı

Bismilləhir-Rahmənir-Rahim!

Lap qədim zamanlarda gözlərdən-nəzərlərdən uzaq bir vadidə bir-birindən əzəmətli bir neçə dağ varmış. Bu dağlar buludlar uçun keçilməz sədd, qartalların qanad saldığı yer idi. Yaşları çox qədim idi. Çoxlu olaylara şahidlik etmişdilər. Amma bunları yaxınlığında kiçik təpəyə oxşayan bir yer də var idi. Adına Tur deyirdilər.
-Xoş sənin halına, ey Tur, - deyə buludlar başında ağ çalmaya oxşayan bir dağ dilləndi, - bizim kimi əzəmətli qonşuların var. Yoxsa çoxdan yağan yağışlar, əsən kuləklər səndən bir əsər qoymamışdı. Bizim kölgəmizdə yaşayırsan. Əlbəttə, əgər buna yaşamaq deyilərsə.
- Başa duşsə, yenə dərd yarı idi, -- bu dəfə qartallar oylağı olan dağ öyünməyə başladı, - bizim səxavətimizdən istifadə edır. Bax gör Allah bizdən heç nə əsirgəməyib. Əzəmət keçilməz qayalar, cürbəcür heyvanlar - sayıb qurtarmaq olmur. Sənin kimi boz ürəkdarıxdıran təpənin kimə xeyri olar ki, anlamıram?
- Siz Allahın QÜDRƏT nişanələrisiniz. Siz dünyanın tarazlıq sabitlik nişanələrisiniz. Bunu inkar etmək olmaz. Amma siz də qəbul edin ki bunlar qazandığınız üstünlüklər deyil. Heç fikirləşmisiniz ki, mən nə etmişəm ki, Allah bu üstünlükləri verib? Bütün bunlar imtahan vəsilələridir. Mən bu vəziyyətimlə, siz də o vəziyyətinizlə məsulsunuz. Üstünlüklərinizi saymaqdansa, məsuliyyətinizi dərk edib missiyanızı unutmayın, - deyə Tur daği ahəstə, amma ötkəm səsilə dilləndi.
- Bax, bircə bu qalmışdı ki, bizə moizə edəsən. O nəsihətli sözləri özünə saxla. Halətlərimizdən məlumdur ki, Allahın nəzəri kimdən yan olub. Bu boyda əzəməti bizə verən Allah yəqin ki, bunları layiq olana verər. Yoxsa Allahı HİKMƏT sahibi bilmirsən? Yoxsa özünü Allaha daha yaxın bilirsən? Mənim tək Allaha yaxın olaydın! - ağ çalmalı dağın təpəsindən alov qalxa-qalxa cavab verdi.
- Bəsdir! - deyə cox qədim olduğundan küləklərin aşındırdığı bir dağ qəzəblə dilləndi. Zirvəsindən böyük bir qaya parçası qopub aşağıya doğru yuvarlandı. Sonra bir az sakitləşərək sözünə davam etdi, - Xəbəriniz varmı? Bizim istiqamətə Allahın Ulul-əzm peyğəmbərlərindən biri gəlir. O tərəflərdən əsən küləklər onun xoş qoxusunu gətirir. Əcdadlarımızdan eşitmişdim ki, buralarda bir Ulul-əzm peyğəmbər məskunlaşacaq. Ətrafda yerləşən dağlardan birinin üzərindən Allahla müxatəb olacaq. Bu üzdən ona Kəlimullah deyiləcək.Əsl adı bu deyil. Əsl adı Musadır (ə).Xoş bizim halımıza ki, Kəlimullah Musa (ə) ilə eyni zəmanəni paylaşırq.
- Xoş mənim halıma ki, Musa (ə) belə mənim kimi əzəmətli dağa pənah gətirmişdir .Gördünüz, Musa (ə) özü belə Allahla kəlmə kəsmək üçün məni seçib, - az öncə alov püskürdüyündən ağ calmasi buludlar arasında görünməz olan dağ öyünməyə yeni mövzu tapmışdı.
- Başa düşmədim, - deyə həmsöhbəti olan dağ dilləndi, - Elə yəqinliklə danışırsan ki, elə bil vəhy Peyğəmbərə deyil, sənə gəlir. Ağıllı ol. Peyğəmbər kimi seçəcəyini gözəl bilir. Bircə nəzər salsaq, fikirləşməyə ehtiyac qalmayacaq, - deyən dağın titrəyişindən bütün qartallar havaya qalxdı.
Karvan artıq gəlib məskunlaşmışdı. Ətrafdakı dağlar hamsı intizarla bu şərəfin kimə nəsib olacağını gözləyirdilər. Artıq o an gəlmişdi. Həzrət Musa (ə) dağlardan birini seçməli idi. Qəbiləsindən ayrılaraq dağlar istiqamətinə gəlirdi. Amma getdikcə hamını heyrət bürüyürdü. Həzrət Musa (ə) Tur dağına tərəf istiqamət götürmüşdü. Dağların əzəmətindən əsər qalmamışdı. İlk dəfə olaraq onlar bu qədər əzəmətli olduqlarından peşiman idilər. Çünki utanclarından gizlənməyə yer tapa bilmirdilər.
- Bəlkə Musa (ə) səhv edir. Axı bu necə ola bilər ki, urəkdarıxdıran bir təpə bu şərəfə nail olsun?!
- Bax-bax, deyəsən Musa (ə) dayandı.
Bəli, Həzrət Musa (ə) Tur dağının ətəyində dayandı. Allahın Ulul-əzm Peyğəmbəri ayaqqabılarını çıxardaraq, ehtiramla, yavaş addimlarla Tur dağının zirvəsinə doğru yoluna davam etdi.
Bəli, əzizlərim, təvazö və şükranlıq Tur dağını müqəddəs bir məqama yüksəltdi.

Mətləb Həmzəyev
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

пятница, апреля 04, 2008

Səhabə məktubu

İslam şəhidlərinin əziz xatirəsinə

Salam. Həmd yalnız aləmləri yaradan Allaha məxsusdur. Sonra bildirmək istəyirəm ki, bu məktubu bir hadisənin təsiri altında yazıram.
Mən Mədİnədə doğulmuşam. Peyğəmbərin iştirak etdiyi bütün döyüşlərdə iştirak etmişəm. Seyyidüş-Şühəda Həmzənin şəhadətini görmüşəm.
Rəsuli-Əkrəm (s) və Xanim Zəhrasız (s.ə.) Mədinə küçələrində ağlayaraq dolaşmışam. Elə bilirdim bunlardan böyük müsibət İslam dünyasinda baş verməz. Amma görəcəkli günlər qabağdaymiş…
İllər ötdü… Kufədən savaş səbəbilə çıxmışıq. Artıq bir neçə məntəqə arxada qoymuşuq. Qumsallıqdan qalxan narın qumlar mücahidlərin üzlərini tez-tez ziyarət edir. Ordu irəliləyirdi. Yolumuz Siffeynəydi. Əli (ə) öndə gedirdi. Bır ərazıdən keçırdık. Səbəbını bilmədən urəyim darıxmağa başlamışdı. Bu ərazidən tez uzaqlaşmaq istəyirdım. Amma ordu yavaş-yavaş boz qumsallıqda dayandı. Hamını maraq bürüdü: ”nə baş verır, nə üçün dayanmışıq?”. Süvarilərdən bir nəfər dözməyərək irəliyə səsləndi…
«Bizi kimsə bu işdən agah edəcək, ya yox?» - «Əlinin əmri belədir». Bu cavab əslində Əli (ə) böyüklüyündə nigarançılıq yaradırdı. Axı bura hara idi ki, yaxınlıqda bır dənə də olsun urəkaçan bir şey yox ıdı?! Baxdıqca uzanan boz qumsallıqan savayı…
Əlinin atı ordudan yavaş-yavaş aralanırdı. Gözlərı səhrada ünvansız gəzişirdi. Gah uzaqdakı təpəliyə, gah tikanlı kollara, gah da bir az aralıqda axan Fəratın bır qoluna tərəf baxırdı. Bir cuxurun yanında atdan endi və üzünü qoşuna tərəf cevırıb, «Atlardan enın, bura süvari olan yer deyıl!» - dedi. Burada Adəm [ə] tövbə diləyərək gəzdiyi vaxt dərdini unutduğu yerdır, bura da Nuhun [ə] gəmısınin lərzəyə gəldiyi yerdir, buara Suleymanin [ə] əza saxladığı yerdır, bura Xatəmul-ənbıyanın (s)…. Daha Əlinin nitqi kəsıldı. Əmmaməsının uclarını gözlərinə sıxdı.
Yadima Xəndək döyuşu duşdu. Əmr ibn Əbdüvəd meydanda rəqib səsləyəndə Peyğəmbər (s) "YOXMU İÇƏRİNİZDƏN BİR NƏFƏR MEYDANA ÇİXSIN" deyəndə haminin gözu qeyri-ixtiyar Əliyə dikilmişdi. Əli isə gözlərini Peyğəmbərin (ə) mübarək dodaqlarına dikmişdi ki, sözləri bir an havada qalmasın. Hər çağırışına «ləbbeyk» deyirdi. Ən çətin anlarımızın pənah yeri idi.
Yaxşi, Əli nədən ağlayır, kimə ağlayır? Bu fikirlərimi Əlinin sözləri dağıtdı. Əlinin dizləri qeyri-ixtiyari olaraq o çökəkdə qatlandı. Əlilə üzünü tutdu, göz yaşları ağ saqqalından süzülüb çökəkliyə tökülürdü. Bütün qoşunun hali dəyişmişdi, səbəbini bilmədən hami ağlayırdı. Əlinin sözləri elə bil kainatın dərinliklərindən gəldi. "BURA BALAM HUSEYNİN QƏTLGAHIDIR---KƏRBƏLADIR".
Elə bil bu səs bütün səhra üzərində dalğalandı.
Yadıma Mədinə küçələrində gecənin səssiz sükutunu «HUSEYNİM, VAY» sədaları ilə pozan Zəhra düşdü, yadima xütbə söyləyərkən balaca Huseyni (ə) yıxıldığı yerdən qaldirmaq üçün minbərdən enən Peyğəmbər (s) düşdü…
İlahi! Bu nə cəhalət! - deyə düşündüm. Bu nə qəflət! Məgər bu qədər qısa zaman kəsimindən sonra “Cənnət cavanlarının ağası”na əl qaldırmaqmı olar?!! Rəsuli-Əkrəmin (s): ”Huseyn məndəndir, mən də Huseyndənəm” deməsi bu qədər tezmi unudulacaq?!
Əlinin (ə) üzü Fərata «Qolsuz Ələmdarim, vay!» deməsi elə bil məni silkələdi. Məgər mən döyuşə getmirəmmi?! Qarşi tərəfdə döyuşənlər dillərində təhlil (lə ilahə illəllah) deyərək, qəlblərində Əlinin qanına susamayıblarmı?! Cəməldə verdiyin qurbanlar kimlər idi ki?! Ey qafil! Zəhraya nankor olan Hüseynin qanina əl batırmazmı?
Biz yola duşuruk. Mən Siffeynə Hüseynin intiqaminı almaq üçün gedirəm. Mən Siffeynə getməklə - Zəhraya: «Bax, sağ olsaydim Hüseynin çağrışına «ləbbeyk!» deyənlərdən olardım» -demək istəyirəm.
Bu naməni Kərbəlada qoyub gedirəm. Qoy Hüseyn zəvvarları bilsinlər ki, biz onları görməsək belə, onların müntəzirləriyik. Qoy bizləri həmişə yanlarinda bilsinlər, çunki onları daima yanımızda bilirik.
İmza: Hüseyn əzadarı.

Mətləb Həmzəyev
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi