Показаны сообщения с ярлыком yazar: Xəqani Səfərov. Показать все сообщения
Показаны сообщения с ярлыком yazar: Xəqani Səfərov. Показать все сообщения

воскресенье, марта 01, 2009

KAŞ XOÇALI OLMAYAYDI...

Kaş Xocalı olmayaydı. Kaş zaman dayanaydı. Kaş o gün yaşanmayaydı. Kaş insanlıq ölməyəydi. Kaş insanlıq yaşayaydı. Kaş zalım olmayaydı, Kaş zülm olmayaydı...

Kaş qorxmayaydım. Kaş millətimin silahsız insanları öləndə mən də öləydim.

Kaş millətim oyanaydı. Bir özünə qayıdaydı. Təəccüb edirəm soyqırım yaşamış millətimin halətinə. Yatıb millət. Sanki millət müharibəni uduzmayıb. Sanki millət torpaqların itirməyib. Sanki millət Xocalıda analarını, bacılarını itirməyib.

26 fevral günü. Xocalıda nələr oldu?! Analar südəmər körpələrlə ayaqyalın qaçırdılar. Qansız erməni tanklarından. Qeyrətsizlər, namussuzlar yüzlərlə qoca, uşaq, qadın, cavan öldürdülər, şikəst etdilər, əsir götürdülər. Əsirlərin burunların, qulaqların kəsirdilər. Dünyaya göz açmağa hazırlaşan uşaqları öldürdülər. Namussuzlar, qeyrətsizlər.

Bax, həmən 26 fevral günü Bakımızda hiss olunmur, küçələrdə hiss olunmur, metrolarda hiss olunmur, televizorda hiss olunmur. Batır millət. Evlərini içərisinə Qərbin zibillərini doldurandan batır millət. Əsirlikdə millətimin bacıları, anaları döyülən gündən yatır millət.

Utanırsan Xocalının səhnələrini göstərəndə? Utancından çevirirsən kanalları? Vicdanın tərpənirmi, donmuş körpə meyitlərini göstərəndə? Yoxsa vicdan da qalmayıb? Öldürüsən o vicdanı öz içində?

Öz atanın məzarına getmisənmi? Sənin oğlun gəlməyəcək məzarına. Niyə gəlsin? İstəmir o, torpağı düşməndə ola-ola yatağında rahat yatan ata obrazını. İstəməz o bivecliyi. Utanacaq oğlun səndən. Gəlməyəcək məzarına. Tarixi oxuyacaq. “Xocalının işğalından 1 il keçir.., 3 il keçir.., 5 il keçir.., 10 il keçir.., 15 il keçir...” bezəcək bu cümlələri oxumaqdan. Gəlməyəcək məzarına, həqiqəti analayanda. Anlayacaq bir gün sənin müharibədən qaçdığını. Anlayacaq bir gün sənin qorxduğunu. Həqiqəti bir gün anlayacaq, oğlun, nəvən.

Yuxuların pozulurmu? Heç gördüyün kadrdakı körpələr yuxuna gəlibdirmi? Səndən Allaha şikayət edəcəyini deyibdimi? Onları yuxunda görəndə yaxınlaşıb yaraların sarımısanmı? Yoxsa utancından qaçmısanmı? Üzləşməyə üz qalıbmı körpələrlə? Öz körpəni qucağına alanda yadına düşübdümü donmuş körpə meyidləri?

Əsirlikdəki anaların səslərini eşidərək durmusanmı isti, yumşaq yatağından? Yoxsa qulağını bağlamısan? Eşitmirsən. Eşitməzsən də, qulağın vicdan kəlməsindən uzaq düşüb. Qulağın azan səsindən uzaq düşüb. Eşitməzsən də, ağılsız şouları eşidəndə. Eşitməzsən mənasız serialları, kinoları eşidəndə.

Heç bir dəfə şəhidlərin adlarına baxmısanmı? Görmüsənmi yaşlarını, boylarını, şəkillərini? Yoxsa gözlərini yummusan? Görmürsən? Görməzsən də gözlərini bağlayanda. Görməzsən də küçədəki, “müasir” zibil reklamları görəndə. Görməzsən də lotoreya verilişlərindəki uduş pullarının məbləğini görəndə. Gözlərini kor etmisən. Görməzsən də gözlərin kor olanda. Axırıncı dəfə nə vaxt ağlamısan, kövrəlmisən? Görməzsən də ürəyin daşlaşanda...

Heç bir dəfə əsir düşənlərin çəkdiklərini hiss edəsən deyə soyuq yerdə yatmısanmı? Heç bir dəfə qabağından isti xörəyi kənara çəkmisənmi? Ayaqqabın deşiləndə, onların ayaqqabısız olduğunu düşünərək yamamayıb gəzmisənmi? Heç bir dəfə onların paltarı olmadığını düşünüb mağazanın qarşısından başıaşağı keçmisənmi? Heç bir dəfə düşünmüsənmi ki, indi onların qanı hesabına yaşayırsan?

Kaş o gün yaddaşından silinəydi. Kaş mən də sənin kimi 26 fevral günü bixəbər yaşayaydım. Kaş mən də sənin kimi mənasız şoularla öz başımı qataydım. Kaş mən də sənin kimi 26 fevral günün yaşamayan Bakımızın küçəsində utanmadan yeriyərdim. Kaş mənim də sənin kimi qulaqlarım kar olaydı. Kaş mənim də sənin kimi gözlərim kor olaydı.

Amma, vallah, bacarmıram. Anaların fəryadları qoymur məni unutmağa. Körpələrin göz yaşları qoymur məni unutmağa.

Kaş fəryadlar olmayaydı. Kaş körpələrin göz yaşları olmayaydı. Kaş Xocalı olmayaydı...

Xəqani Səfərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

SEVGİNİN GÜNÜ OLMUR

Bir il bundan qabaq bir məqalə oxumuşdum. Məqalə sevgi barədə yazılan bir yazıya cavab idi, səhv eləmirəmsə. Müəllif yazıda əsl sevginin mahiyyətini açırdı. Və orada sözbəsöz yadımda qalan bir cümlə işlətmişdi. “Sevdiyini göstər, deyim kimsən”. O vaxtan sonra bu cümlə mənim üçün bir qəlibə çevrildi. Harada sevgi haqqında yazılan yazı, çəkilmiş kino görürəmsə, tez gətirib salıram o qəlibə. Əgər qəlibə düşürsə, deməli əsl sevgidir. Yox düşməsə, onda heç.

Sevgi həyatda ən ülvi hisslərdəndir. Bəlkə də ən ülvisidir. Sevgisiz həyatın mövcud olması qeyri-mümkündür. Hətta ən qatı cinayətkarın belə sevdiyi nələrsə olur. Hədəfinin düzgün və ya yalnış olmasından aslı olmayaraq, insanın həyatda etdiyi əksər hərəkətlərinin arxasında sevgi dayanır.

Əlbəttə ki, ilk əvvəl insan özünü sevir. Yaradanı üçün nəsə edəndə də, özünü ona layiq görür və onu edir. Bir sözlə, özünü sevmək dəyərliləri sevməsinə səbəb olur. Yaradanını sevir, göndərdiyi elçiləri və vəliləri sevir, anasını sevir, atasını sevir, vətənini sevir, övladlarını sevir. Sevgi obyeklərini elə seçir ki, onları deyəndə kim olduğu məlum olsun. Məqalədə deyildiyi kimi, sevdiklərini göstərir ki, kim olduğu bilinsin.

Sevginin iki cür olduğunu demək olar. Bir doğru hədəfə köklənmiş sevgi, digəri isə hədəfi düzgün olmayan sevgi. Bir az da dərinə getsək hədəfi düzgün olmayan sevginin olmadığını görərik. Səhv hədəfli sevgilər, əslində, keçici hisslərin sevgi kimi başa düşülməsinin sayəsində meydana çıxır. Məsələn, insanın maşına və ya mobil telefona olan sevgisi. Ola bilər ki, hazırki dövrdə elə marka maşınlar və ya mobil telefonlar olsun ki, insanın xoşuna gəlsin, ancaq onların sevilməsi hədəfi səhv olan sevgi olacaqdır. Çünki, o sadəcə keçəri hissdir. Bir ildən sonra daha yaxşı marka maşın və ya mobil telefon çıxacaq və sənin əvvəlkilərə olan sevgin azalacaq. Əsl sevginin isə heç vaxt keyfiyyəti azalmaz. Həqiqi sevgi yaşandıqca keyfiyyətlənər. Həqiqi hədəfli sevgilər keçəri ola bilməz. Olsa, zatən sevgi deyilmiş. Sən səhv anlamısan.

Yuxarıda deyilənlərdən müqəddəs və ülvi olmayan şeylərə məhəbbət bəsləməyin düzgün olmaması anlamı çıxmır. Bu cür şeylərə insan o miqdarda məhəbbət bəsləməlidir ki, onu əsl sevdiklərinə qovuşdursun. Bir növ sevdiklərimizlə bizim aramızda vasitə yaratsın. Məsələn, biz cib telefonunmuzla anamıza zəng vurub və onun ürək rahatlaşdıran səsini eşidirik, itirdiyimiz sevdiklərimizin şəkillərinə baxırıq, avtobusla və ya təyyarə ilə ən böyük sevgilimiz Yaradana zəvvar oluruq, Həccə gedirik.

Ətrafımızdakı hər şeyə əsl sevgililərimizə aparan bir vasitəyə çeviririk. Bax onda həyat gözəl olur. Vasitələri hədəfə çevirəndə isə öz yerimizdə addımlamış kimi oluruq. Zaman da keçir. Nəticədə dağa çıxmalı olan ancaq, illər keçməsinə baxmayaraq hələ də özü ilə aparacağı su qabını seçə bilməyən insana oxşayırıq. Hədəf isə dağa çıxmaqdır.

14 fevralı dünyanın əksər ölkələri sevgililər günü kimi qeyd edir. Məncə xüsusi bir gündə sevgililər günü keçirilməsi əslində bir natamamlıqdır. Axı sevginin günü yoxdu. Hətta bir azda qabağa gedək, sevginin saatı, sevginin dəqiqəsi, sevginin saniyəsi, sevginin anı yoxdu. Sevgi nəbzi bir anın necədə bir hissəsində belə kəsilsə zatən o sevgi deyilmiş. Bəzi vaxtlar ana uşağını açıqlana bilər, ancaq hətta bunun özü də sevginin büruzəsidir. Ola bilsin ki, səhv təzahürdür. Ancaq təməlində sevgi durur. Ananın övladına sevgisi anın yüzdə bir qədər də olsa qırılmır. Əsl sevgi də məhz budur.

Dediyim kimi, sevgililər gününü təyin etmək əslində natamamlıqdır. Demək kimlərinsə sevgi nəbzi zaman-zaman qırılır. Bu qırılmaları sığortalamaq üçün də qondarma gün təyin edir. Həmən gün sevdiyinə sevgi kompensasiyası ödəyir. Belə şəraitdə isə əsl sevgidən söhbət gedə bilməz. Bütün bunlar sevgi sözünün vicudi anlamına ləkə salmağa meyl edir. Ancaq sevgi o qədər müqəddəsdir ki, heç bir ləkəni götürmür.

Doğurdan da sevgi gözəl hissdir. Doğru məqsədlərimizi və məqsədə çatmaq üçün məqbul vasitələrimizi sevməyə dəyər. Özü də tək bir gün yox, ilin bütün saniyələrində...


Xəqani Səfərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

DAVOS ƏTİRLİ MİLLİ MƏCLİS

Ölkəmizdə əsl Məhərrəm-Səfər ayı yaşanır. Küçədə yol kənarında ehsan xeymələri (çadırları) qurulub. DVD və kaset satılan məntəqələrdə mərsiyələr səslənir. İnsanlar işdən tələsik çıxıb, şəhərin dörd tərəfində keçirilən Hüseyn (ə) məclisinə tələsir.

Metrolarda stansiya musiqiləri artıq ay girəndən yığışdırılıb. Küçə reklamlarını bu iki ayda “Hüseynə (ə) ağlayan gözlər, qiyamətdə ağlamaz” tipli kəlamlar əvəz edib. Televizor və radio daima Kərbəla hadisəsindən, Hüseyndən (ə), Zeynəbdən (s.ə), Səccaddan (ə), Rüqəyyədən... və günümüzün Kərbəlasından- Qəzzadan danışır...

Əlbəttə, belə cümlələrlə bir məqaləyə başlamaq istəyərdim. Ancaq bunun üçün mənə günümüzün reallıqları imkan vermirdi. Ab-hava olaraq millət elə yanvar-fevral ayını yaşayır. Mən də fikirləşdim ki, bəlkə bu yolla arzumu həyata keçirə bildim. Özümü belə şeylərlə aldadıram də.

Nə isə, keçək mətləbə.

Əziz oxucu, yəqin ki, 29 yanvarda Davosda nələr olduğunu bilirsən. Artıq bir həftədir ki, dünya bundan danışır. Sən demə Türkiyənin baş bakanı yaman ürək yakan imiş. O böyda Dünya İqtisadi Forumunun səhnəsində söz qılıncını çəkdi və bütün Davosu sirkələndirdi. Əllərini Şimonun gözünə sox-soxa “sənin ən yaxşı bacardığın şey körpə öldürməkdi” dedi. Halal olsun. O səhnəyə baxmaq və susmaq lazımdır. Doğurdan da “No Comment”.

Bu məsələyə hər hansı şərh vermək istəmirəm. Ancaq məni bir sual maraqlandırır. Cənab Təyyib Ərdoğan bu hərəkəti kim olaraq elədi? Bir siyasətçi olaraq, bir ata olaraq, yoxsa bir insan olaraq? Məncə bu sualı cavablandırmamışdan qabaq “Ərdoğan bunu niyə etdi?” sualına cavab vermək lazımdır. Doğurdan da, israil rejimi ilə heç bir siyasi problemi olmayan türk baş nazir bunu niyə elədi? Bu sualın cavabı isə sadədir. Haqsızlığa və ədalətsizliyə qarşı çıxmaq üçün. Özünün də dediyi kimi “Mən hər bir millətə hörmət edirəm, ancaq indiki israil rejiminin höküməti Qəzzada insanlara zülm edir. Mən bu zülmə qarşı çıxdım”.

İndi qayıdaq birinci suala “siyasətçi”, “ata”, “insan” - hansi zülmə qarşı çıxandır? Cavab: eyni zamanda heç biri və eyni zamanda hər üçü. Ərdoğan həm siyasətçidir, həm atadır, həm insandır. Bəs onu zülmə qarşı çıxmağa nə vadar elədi? Deməli, Ərdoğanda olan və bizim demədiyimiz dördücü bir amil də var. İslam amili. Bəli, Ərdoğan eyni zamanda da müsəlmandır. Müsəlmanlıq isə bəzi siyasətdən, atadan və insandan fərqli olaraq, zülmü qəbul etmir. Həm siyasətçilik, həm atalıq, həm də insanlıq müsəlman xəmiri ilə yoğrulub Təyyibdə. Ona görə də baş nazir Davos dəqiqələrində nəfəsini dərmədən zülmə yox dedi. Zaman və məkanın verdiyi şəraitdən maksimim istifadə etməklə. Beləliklə, əvvəldə verdiyim sualın cavabını tapdım. Ərdoğan bir müsəlman olaraq etdi bunları, siyasətsən, atalıqdan və insanlıqdan istifadə edərək...

İndi isə ölkəmizdən də Davosun ətri gəlir. Sən demə, Azərbaycan parlamentində bir Azərbaycan-israil dostluğu qrupu varmış. Bizim xanım deputatlardan olan Lalə Məmmədova da bu qrupun üzvi imiş. O gün xəbər yayıldı ki, xanım deputat qrupun üzviliyindən çıxıb (halal olsun!). Çıxma səbəbini isə Qəzzada şəhid olan körpələr olduğunu deyir. Bizim deputat da zülmü qəbul etmir. Məncə yuxarıdakı izahdan sonra Lalə xanımdan siyasətçi, insan, yoxsa bir ana olaraq bu qərara gəldiyini soruşmaq yersiz olardı. Sizcə də edə deyilmi?

Xəqani Səfərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

P.S bunu isə daimi xəbərləri izləyən diqqətli oxucular üçün yazıram. “Gedin özünüzü siyasi cərrahlara yoxladın. Birdən sizdə “siyasətdən uzaqlıq” xəstəliyi olar” (iraq olsun)

İSLAM PAYTAXTININ TAKSİ SÜRÜCÜSÜ

Bəzən sadə vətəndaşlar məsələləri özünə ziyalı deyən “məlumatlılardan” daha yaxşı analiz edə bilirlər. O gün maraqlı bir taksı sürücüsü sadə sözlərlə bizə sübut etdi ki, Lenin bütün ideyaları İslamdan götürüb. Məsələn, dayı iddia edir ki, islam gəlib dedi ki, hamı Allah qarşısında bərabərdir. Bu sözü Lenin İslamdan oğurlayıb dedi ki, hamımızın sosial bərabərliyi var. Və ya Lenin oxumaq barədə dediyi məşhur sözləri İslam peyğəmbərinin "Elm Çində də olsa, dalınca gedin" hədisindən götürüb. Bir sözlə, kommunizim boş şeydi, bizə lazım deyil. Çünki bizdə İslam var. İslamda da hər şey...

Bildiyiniz kimi, paytaxtımız olan “Badu-Kubə” İslam mədəniyyətinin paytaxtı olub. Əslində bu - bütün Azərbaycan müsəlmanlarını sevindirən bir xəbərdir. Küçədəki reklamlar, televizordakı şoular, məntiqsiz və maraqsız verilişlər, toylarımıza girmiş “ermənisayağı içki mədəniyyəti” paytaxtımızı İslam mədəniyyətinin paytaxtı olmağa qoymasa da, şəhərimizin buna haqqı çatdığına inanıram. Millətimizin uzun illərdir İslamda olması və hələ də məhərrəm-səfər əyyamını yaşatması, ziyarətlərə getməsi və s. kimi Allah bəyənən əməllər Bakımıza İslam mədəniyyətinin paytaxtı olmağa imkan verir. Əlbəttə ki, Bakı qədim bir müsəlman şəhəridi. Səhv eləmirəmsə, İçərişəhər şərqdə eyni həcmli ərazidə məscidlərin sıxlığına görə birinci yeri tutur. Üstəlik İmam Rzanın (ə) 2 bacısı - Həzrət Həkimənin (Bibi-Heybətdə) və Həzrət Rəhimənin (Nardaranda) müqəddəs hərəmləri bizim torpaqdadır.

İndi bəzi insanlar ola bilsin ki, paytaxtımızı İslam mədəniyyətinin mərkəzi kimi qəbul etməsin. Ancaq dediyim kimi, ümumilikdə Badu-Kubəmizin buna haqqı çatır, ancaq insanlarımız bu haqqı Bakımızın əlindən bir növ alır. Mən buna İslamı düzgün çatdırmamaq da deyərdim.

Gəlin nəzər salaq. İslam mədəniyyəti paytaxtının açılış günü qonaqlara Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Fikrət Əmirovun “Min bir gecə” baleti nümayiş etdirildi. Yəqin Bakımız futbol mədəniyyətinin paytaxtı olsaydı, açılışda "Yeddi oğul istərəm" kinosunu göstərərdilər. Əgər kimsə burda çığallıq edib futbol ilə bu kinonun nə əlaqəsi olduğunu soruşsa, mən də suala İslam və balet sözlərini əlavə edib özünə qaytararam. Nə isə, keçək layihənin özünə.

Bu yaxınlarda keçirəcək tədbirlərin siyahısı da hazırlanıb. Orada çoxlu absurd və sual doğuran məqamlar var. Məsələn “Aşıq musiqisi antologiyası” kompakt-disklərinin təqdimatı və ya “Qadın portretləri” adlı foto-sərgi və ya uşaq rəqs kollektivlərinin respublika baxış-festivalı və daha nələr, nələr. Nəyə görə Füzulinin bədii gecəsi yox?! İslam elə musiqi antologiyalarından və uşaq rəqsindən və daha nə bilim nələrindən ibarətdir?

Nəyə görəsə planlaşdırılan tədbirlərin siyahısında bir dənə də olsun azərbaycanlı müsəlman elm adamımın adı çəkilmir. Alim yoxdur? - Var. Əlbəttə ki, var...

İslam mədəniyyətinin paytaxtıda Qurban və Ramazan bayramlarının da vəziyyəti maraqlıdı. Belə ki, tədbirlər planında cəmi bir gün Qurban bayramı və bir gün Ramazan bayramı keçiriləcək. Ramazan ayı boyunca isə heç bir İslamı ruhiyyəli tədbir yoxdur. Bir "Alovlu gecələr" adlı əbədi-musiqili axşamdır, bir də Zülfüqar Hacıbəyovun 125 illiyinə həsr olunmuş “Aşıq Qərib” tamaşası (bu da futbol və kino məsələsinə oxşayır).

Ümumiyyətlə, İslam mədəniyyəti altında təqdim olunan musiqilərdə də və kinolarda da heç bir islamilik yoxdu. İslam musiqisi altında Tofiq Quliyevin “Devuşki Baku” (Bakı qızları) və Oqtay Ağayevin “Qaytar eşqimi” mahnısı təqdim olunur. Təsəvvür edirsiniz?!

Kinolar isə "Bizim Cəbiş müəllim", "Yenilməz batalyon", "O qızı tapın", "İstintaq" və sair və sair bu kimi.

Mənim marağımı çəkən məqamlardan biri də 8 mart gününün təqdimatıdır. Belə ki, sən demə 8 Mart - iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günü imiş. 1965-ci ildən keçmiş SSRİ-də 8 Mart Beynəlxalq Qadınlar Günü istirahət günü elan edilib. Azərbaycan da müstəqillik əldə etdikdən sonra 8 Mart Beynəlxalq Qadınlar Gününü istirahət günü kimi qeyd edir. Bəs bu cümlələr içərisində İslam hanı?

Xəqani Səfərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

P.S Əlbəttə bütün bu nöqsanlarda 70 illik Sovet virusunun rolu böyükdür. Ancaq indi İslamı tanımaq üçün daha azadıq. Gəlin dinimizi tanıyaq. Taksi sürücüsünün dediyi kimi, “Bizə ancaq Allah kömək edə bilər”.

HİTLER və HALVA

O gün maraqlı bir xəbər oxumuşam. İstəyirəm sizinlə bölüşüm. Türkiyədə Egitim Şən adında bir nəfər mərkəz meydanlardan olan “Cümhuriyyət” meydanında halva paylayıb. Meydana gələnlər verilən “ehsanı” bəh-bəhlə yeyib və Şən bəyə təşəkkür ediblər. Allah köməyi olmuş da heç kimə heç nə demədən halvasını paylaylamağa davam edib. Həə, birdən mətbuat işçiləri gəlib. Bu vaxt Şən bəy günün günorta çağı bu meydanda halva paylamaq səbəbini açıqlayıb.

Deməli bizim bu qəhraman hər axşam olduğu kimi, o gün də girib yerinə və yatıb. Gecə yuxuda Hitleri görür. Bəli, bəli Adolf Hitleri! Faşist lideri də barmağını yelləyə-yelləyə Şən bəyə deyib ki, “Haqqımı sizə halal eləmirəm. Bəyəm sionistlərin Qəzzada etdikləri mənim etdiklərimdən azdır? Mənim etdiklərim sionistlərin elədiyinin yanında toya getməlidir. Siz mənə lənət deyirsiniz. Sionistlər dura-dura mənə lənət dediyinizə görə sizə haqqımı halal eləmirəm. Yalnız bir halda halallıq verərəm ki, mənim adıma bir halva paylayasınız”.

Təsəvvür edirdiniz?! Bir gün yuxunuza Hitler girir və bu lətifəyə bənzər sözləri sizə deyir. Bu o Hitler ki, tramvayda gediş haqqını verməyənləri güllələnməsinə əmr vermişdi. Bu o Hitlerdir ki, gələcəkdə ölkəyə sosial yük olmasın deyə və qüsursuz bir irq yaratmaq üçün anadan şikəst doğulmuş uşaqları öldürürdü!

Nə isə, keçək halva məsələsinə. Şən bəy də eləmə tənbəllik, tezdən duran kimi qaçıb dükana. Lazımı ədviyyatları alıb gətirib, halva bişirib, paylayır ki, Hitler haqqını halal eləsin.

Maraqlı məsələdir. Səhv eləmirəmsə, Almaniyada 3 milyona qədər türk var. Türkiyədə də almanlarin sayı az deyil. Bu iki ölkə yaman qaynayıb-qarışıb. Türklər boş olanda tərliyi ilə (bizim dildə şapşap, tapışqa, damaşnik) Almanıyaya gedib-gəlirlər. Yəni, almanlari o qədər doğma hiss edirlər ki, onların dırnaq arası liderlərini yuxuda-zadda da görürlər.

O gün sionist komandiri Türkiyəni erməni soyqırımını tanımaqla qorxutmuşdu. Yəqin ki, Hitler də Qəzza hadisələrini törədənlərin bu sözü deməsini görüb və öz-özünə deyib ki, “Ayə bu sionistlər məndən daha “hitler” imişlər ki, vaxtında gərək onların yanına hazırlığa gedərdim”. Bu qənaətə gələndən sonra qalır mesajı dünyaya çatdırmaq.

Məncə türklərin Hitleri yuxuda görməsində heç bir problemli məsələ yoxdu. Dedim axı türklər Almaniyaya ev başmağı ilə (dil məsələsi mühüm məsələdi) gedirlər. Problem Hitlerin bir türkün yuxusuna girməsindədir. Niyə bu mənim, sənin yuxuna girmir, gedib Şən adlı bir türkun yuxusuna girir?

Əlbəttə, burada Ərdoğan fenomeni var. Yəqin Hitler Davosda türk başbakanın çıxışından xəbər tutub. Öz-özünə deyib ki, bu işin öhdəsindən ancaq, Davosda o cür hərəkət edən türklər gələ bilər. Ona görəd ə gəlib girib bir türkün yuxusuna.

Deyirəm, dünya yaman qəribələşir. Bu gün Hitlerə halva paylanılırsa, sabah Allah bilir nələr ola bilər. Ta mənim zehnim olacaqları təsəvvür edə bilmir.

Pənah aparıram Allaha şeytanın şərindən.

Xəqani Səfərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi



P.S Qardaşı bütün günü Hitlerin yanında olurdu. Adolf da qardaşının onu öldürməsindən qorxurmuş. Bir gün səhər yeməyi vaxtı belindən silahını çıxarır və stolun üstünə qoyub, deyir: “Silahı götür və vur məni”.

Qardaşıda təəccüblü bir halda: “Sən mənim böyüyümsən. Səni niyə vurum axı?”

Hitler: “Bir gün sənin məni öldürüb yerimə keçəcəyini bilirəm. Bu fikir məni gecələr yatmağa qoymur. Vur məni, yoxsa mən səni vuracam”.

Qardaşı onun sözlərini inkar edir və belə bir şey ağlına belə gətirmədiyini deyir. Bu vaxt Hitler stolun üstündəki, silahı qardaşına tuşlayır və onu alnından vurur.

Sadə Zadədən əntiq məntiq

Bizim məmurzadələr təhsilin fundamentini qazana qədər, bizim Zadə dünya elminin damını qoydu

O gün dərsdə müəllimlərdən biri dedi ki, Afrikada yaşayanlara insan demək olmaz. Onlar olsa-olsa insancıqdır. Səbəbi də budur ki, Afrikanın ekvatorial meşələrində anadan olduqları üçün onların elmdən xəbərləri yoxdu. “Dahi” müəllimin dediyinə görə hansısa ölkə özündən aslı olan ya olmayan səbəbdən dünya elminə hər hansı töhfə vermirsə, orada insanlar yox, insancıqlar yaşayır.

Bir müəllimə baxdım, bir də ona bəh-bəhlə qulaq asıb razılıqlarını bildirən tələbələrə. Istədim durum deyim ki, müəllim siz də insancıqsınız? Axı Azərbaycanda dünya elminə heç bir töhfə verməyib. Və siz bu ölkədə yaşayırsınız. Nəticədə çıxır ki, siz....

Sonra fikirimdən yayındım. Çünki bu “dahi” mənə absurd məntiqə söykənən cavab verəcəkdi. Mənim də o qədər həvəsim yox idi ki, oturub ona Aristotelin məntiqindəki dəlalət bəhsini başa salım. Çünki həm “dahi” müəllim, həm də “dahi” müəllimin tələbələri məni başa düşmək istəməyəcəkdi.

Düzdür, biz dünyada tətbiq olunan heç bir vacib kəşf etməmişik. Burada da təəccüblü bir şey yoxdu. Dünya elminin dahiləri olan ölkələrə nəzər yetirsəniz, görərsiniz ki, onların təhsil sistemləri saz vəziyyətdədir. Onların universitetləri özləri tələbələr üzərində rəqabətə girir. Biri təqaüd verir, biri yataxana təklif edir və s.

Düzdü bizdə də rəqabət var. Amma bu rəqabət nə elmdə, nə də tələbələr arasındadır. Burada rəqiblər valideynlərdi. Kimin uşağı hara və neçə balla daxil olacaq. Kimin oğlu, kimin qızı kəsiləcək. Nəhayət universitetə daxil olan elmə həvəsi olmayan tələbə artıq valideyni qarşısında öz missiyasını yerinə yetirmiş hesab edilir.

Əlbəttə ki, bütün bunlara səbəb bizim təhsil sistemimiz və bu sistemin aparıcıları olan məmurzadələrdir.

O gün də Lütfi Zadə Bakıya gəlmişdi. Bu azərbaycanlının sözün həqiqi mənasında dünya elminə nəzəri və praktiki töhfələri danılmazdı. İndi bəlkə də bizim dahi Lütfi Zadəni misal çəkərək özünü insancıq saymayacaq. Deyəcək bizim dünya elminə çıxardacaq bir şeyimiz var. Xatırladım ki, Zadə Tehrandakı Amerika kollecində (Albroz kolleci) oxuyub, sonra isə Tehran Universitetində elektrotexnika ixtisası üzrə bakalavr dərəcəsinə yiyələnib. 1944-cü ildə ABŞ-a köçüb və təhsilini davam etdirmək məqsədilə Massaçusets Texnologiya İnstitutuna ərizə verib. İki il sonra, həmin universiteti elektrotexnika ixtisası üzrə magistr kimi bitirib. Gördüyünüz ki, o, bizdən olsa da, bizim təhsil sistemimizdən «bəhrələnməyib». Yəni demək istəyirəm ki, əslində o bizim yetirməmiz deyil. Bu cür sistemlə qabağa getmək olmaz. Bizim sistemdə məqsəd elm yox, üzərinidə “diplom” sözü yazılan o karton vərəqəsini əldə etməkdir.

Yeri gəlmişkən keçmiş konstitusiya bayramınız da mübarək. Sizə riayət edilməyən çoxlu qanunları olan ölkənin vətəndaşi olmamağı arzulayıram.

Xəqani Səfərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

понедельник, декабря 22, 2008

“AĞ EV”İN QARA SAHİBİ

Yəqin ki, çoxunuzun xəbəri var. O gün ABŞ özünə yeni prezident seçdi. Özü də bu seçkilər o biri seçkilərə bənzəmir.

Düz iyirmi bir aydır ki, Con Makkeyn ilə Barak Obama marafona çıxmışdılar. Az getdilər, düz getdilər, axırı o gün finişə birinci Obama çatdı. Rəsmi olmayan nəticələrə görə Obama qazanmaq üçün lazım olan 270 nümayəndənin səsindən daha artığını, 338-ni qazanaraq Amerikanın ilk qara prezidenti oldu.

Məni ən çox maraqlandıran ağ amerikalıların qara dərili namizədə səs verməsidir. Bir zamanlar kölə olaraq istifadə edilən qara zəncilərin insan olub-olmadığını müzakirə edən Amerika bu gün özünə qaradərili prezident secir. Deyəsən dünya tərsinə dönür. Ya da indiyədək tərsinə dönürdü, indi düzəlib. Çünki Amerikada qaradərili-ağdərili söhbəti azərbaycandakı “dedovşina” hadisələrindən daha aktualdır.

Amerika heç vaxt özünə qara dərili prezident istəməyib. Siz heç özünüzə sual vermisiniz ki, nəyə görə ABŞ-da prezident iqamətgahı “Ağ ev” adlanır? Mən vermişəm. Cavabında özümsayağı tapmışam. ABŞ-da prezident iqamətgahı ona görə “Ağ ev” adlanır ki, oranın sahibinin rəngi həmişə ağ olur. Amerika yaranandan belədir. Onlar adam yerinə qoymadıqları qara dərililəri heç vaxt o evin sahibi ola biləcəklərini fikirləşməyiblər. Necə ki, “azərbaycanlı məmur mütləq rüşvət almalıdır” stereotipi var. Amerikada da “prezident ağ olmalıdır” stereotipi mövcuddur.

Öz aramızda qalsın, demokratiya, seçilmək hüqüqü bunlar boş şeylərdir.

Əsas məsələ rəng məsələsidir. Rəngin ağdır - gəl gir öz rəngində olan bu Ağ evə. Yox rəngin qaradısa - uzan öl.

Əvvəldə qeyd etdiyim kimi, bu seçkilər mahiyyət etibari ilə o birilərindən fərqlənir. Amerikada istər prezident, istər qubernator bir sözlə bütün seçkilərində “Bredli Effekti” baş verirdi. Bu ifadə Kaliforniya qubernatoru postuna seçkilər zamanı qaradərili Tom Bredlinin rəy sorğularında rəqibindən xeyli qabaq olmasına baxmayaraq, uduzmasından sonra qəbul olunub. Yəni seçkidən əvvəl qara dərəlilərin reytinq üstünlüyü olsada adətən bu seçkilərdə özünü doğrultmurdu. Ancaq indi Obamanın reytinqi gözlənildiyindən də çox oldu. Barak Obama “Bredli Effekti”-ni sındırdı.

Dostlarım həmişə deyirdi ki, “əşi bu amerikalılar nə qədər Obama-Obama desə də axırda seçki vərəqəsini əlinə alanda deyəcək ki, yox eee bu qara dərilidi qoy o birinə səs verim.”

Nə isə hələ rəsmi açıqlama olmadığından bəlkə də danışmaq tezdir. Çox güman ki, rəsmi nəticələr qeyri-rəsmi nəticə ilə üst-üstə düşər.

“Ağ ev”, gözlə qara dərili sahibini. O çantasını hazırlayır. Bəlkə də gələndə ilk işi Ağ evi qara rəngə boyamaq olacaq.

Çünki, “Ağ ev”-in ağ sahibi olar, “Qara ev”-in qara. Ağ evin qara sakini olması, Qara evin ağ sakini olması qədər absurddur...

Xəqani Səfərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

четверг, ноября 20, 2008

Həqiqi demokratiya nə olan şeydir?

Demokratiya ən yaxşı yol deyil, tək yoldur
Mahatma Qandi


Ah,demokratiya, demokratiya. Hansı kanalı çevirirsən, iki sözdən biri demokratiyadır. Hansı kitabı açırsan, iki cümlədən biri demokratiyadır. Nədir ee bu demokratiya? Hamını öz dalğasına alıb aparır. İnsan haqları, vətəndaş cəmiyyəti, vicdan azadlığı, söz azadlığı, fikir azadlığı və s.

Əvvəlcə gərək demokratiyanın nə olduğun açıqlayaq. «Demokratiya» yunan sözü olub «demos» - xalq, «kratos» - hakimiyyət deməkdir. “Xalq hakimiyyəti” və ya xalq idarəetməsi deməkdir. Bəşəriyyətin ən ağıllı adamları minillər boyu cəmiyyətin inkişaf tarixini anlamağa çalışmışlar. Hamısının da bir hədəfi olub – elə bir ideal cəmiyyət yaratmaq ki, bu cəmiyyətdə hər kəs həm öz həyatını, həm də ümumilikdə cəmiyyətin həyatını yaxşılaşdıra bilsin.

Qədim yunan filosofu Demokrit deyirdi ki, onun üçün azadlıq köləlikdən nə qədər yaxşıdırsa, demokratik ölkədə yoxsul yaşamaq mütləq hakimiyyət dövründə xoşbəxt həyatdan bir o qədər üstündü. Müasir politoloqların fikrincə, demokratiya cəmiyyətdə elə bir siyasi təşkilatdır ki, xalqa dövlət işlərində iştirak etmə hüququ verir və vətəndaşları real hüquqlar və azadlıqlarla təmin edir.

Bəli, özü-özlüyündə demokratiya çox gözəl şeydir. Xalq özü idarəedən olur. Burada maraqlı cəhət ondadır ki, idarə edən xalq həmdə idarə olunandır. Əslində bu insan övladının tapdığı ən yaxşı idarəetmə metodudur. Amma hər şeyin bir əmması olduğu kimi, bu demokratiyanın da bir əmmasi var.

Bu əmma da ondan ibarətdir ki, nəzəriyyə özünü praktikada göstərmir. Özünü hiperdemokrat hesab edənlər çox vaxt özlərini demokratiyanın əksi olan hiperavtoritar kimi aparırlar. Bu barədə bir qədər sonra. Sizə demokratik dövlətdə məmur necə olmalıdırdan – ondan danışım.

Görkəmli fransız sosioloqu Maks Veber dövlət məmurunun altı xüsusiyyətini sayır. O xüsusiyyəylərdən biri belədir: “dövlət məmuru iş həyatı ilə şəxsı həyatı qarışdırmamalıdır”. Yəni məmur dövlətin ona ayırdığlarını şəxsı mənafeyi üçün istifadə edə bilməz. Çox gözəl nəzəriyyədir. Ancaq demək olar ki, heç bir demokratik ölkədə bu qanun gözlənilmir. Təsəvvür edin hər hansı dövlət məmuru ona dövlət tərəfindən ayrılmış maşınla öz ailəsini istirahətə aparmaq üçün istifadə edə bilməz. Əlbəttə ki, bunu təsəvvür etmək çox çətindir. Çətindir, ancaq mümkündür. Yadıma çoxdan oxuduğum bir şey düşdü.

Bir gün bir adam Həzrət Əlidən (ə) hər hansı dövlət işi ilə bağlı məsləhət alır. Həzrət Əli ona məsləhətini verib qurtardıqdan sonra, o adam Həzrət Əliyə şəxsi bir sual verir. Bu vaxt Həzrət Əli ayağa durur və o biri stolun üstündəki şamı gətirib yandırır. Əvvəlki şamı isə keçirir. Kişi təəccüblə Həzrət Əlidən bunun səbəbin soruşur. Həzrət Əli cavabında bildirir ki, bayaqdan biz dövlət işi barəsində söhbət edirik, ona görə də beytül-malın pulundan alınmış və mənə istifadə üçün verilən şamdan istifadə etdik.

«İndi sən mənə şəxsi sual verdin. Mən də öz pulumla almış şamı yandırıb beytül-malın şamını keçirdim».

İş həyatı ilə şəxsi həyatın qarışdırmamağa ən bariz nümunə. Özü də nəzəriyyə yox, əməl.

Yəqin bir az da danışsam, demokratlar məni demokratiya düşməni elan edəcəklər. Mənim isə dediyim odur ki, nəyə görə bəşəriyyət keçmişini unudub yeni-yeni nəzəriyyələr kəşf etməyə çalışır. Halbuki, ən gözəl və ədalətli üsullar artıq 1400 ildir ki, mövcuddur. Faydalanmaq, gündəlik həyatda yaşatmaq gərək…

O gün bir xəbər oxudum ki, Amerika Suriyaya raket zərbələri endirib. Nəticədə 8 dinc sakin həlak olub. Bu da ən demokratik ölkədən ən demokratik adım. Əgər bu cümlədə Amerika və Suriya sözlərinin yeri dəyişik olsaydı yəqin ki, BMT-nin növbədənkənar səkkiz iclası keçiriləcək, NATO dünyada fövqəladə vəziyyət elan edəcəkdi. Amma hədəf suriyalı dinc sakinlər olduğu üçün heç kim ağzını açıb bir kəlmədə danışmır…

Bütün bu deyilənləri fikirləşəndə başa düşürəm ki, demokratiyadan danışanlar demokratiyaya ən az sadiq olanlardar. Sadəcə, gözdən pərdə asmaq, avtoritar mahiyyətini gizlətmək üçün çox danışır…
Xəqani Səfərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyici

вторник, ноября 11, 2008

“Hollywood”dan “Hərbiwood”a keçid

Hərbi hissədən yeni xəbər var. Onsuz da gündə də olmasa, hər iki gündə bir hərbi hissədən gələn xəbərləri mətbuatdan oxuyuruq. Bir yandan atəşkəs pozulur, bir yandan da özləri özlərini çəkib camaata göstərirlər.

Bu yaxınlarda bir videoçarx yenə bütün ölkəni yerindən oynadıb. Yenə köhnə - əsgər təzə əsgər söhbətidir. Mən bu mövzuda danışmaqdan yoruldum, bunlar “dedovşina” oyunun oynamaqdan yorulmadı ki, yorulmadılar. A kişi, heç olmasa bir dəfə də döyüş hazırlığını çək, ya da kişisənsə, keç düşmən tərəfə, Şuşamızı, Laçınımızı çək gətir, yay onu ölkədə. Bəlkə sənə orden-zad verdilər.

Bir tərəfdən də fikirləşirəm ki, bəlkə, əsgərlərimizə hərbi hissədə silah tutmaq əvəzinə bədii incəsənətlə məşğul olmağı öyrədirlər. Məsələn “kalaşnikov”u skripka kimi necə istifadə etməyi, qranatlardan “jonqlyor”luq etməyi öyrədirlər, tanklarla «formula-1» yarışmağın təlimini keçirirlər. Video operatorluq da bədii incəsənətin bir növüdür də. Bu yazıq əsgərlərə (bəlkə də belə deməklə, o ”dedovşina” oynayan əsgərlərə “kompliment” etmiş olaram) deyilir ki, al oxu bu ssenarini, sonra keç kamera qarşısına. Onlar da hərbi qulluqdadılar da. Zabitlərin dediklərin o dəqiqə yerinə yetirirlər. Demək istədiyim odur ki, bu yazıq əsgərlər (bu ikinci kompliment oldu) sadəcə aktiyordu. Əsl rejissorlar kamera arxasındadı. Çünki, doğrudan da kinolarda əsas səbəbkarlar kamera arxasında olurlar. Bizim gördüklərimiz isə sadəcə aktiyorlar olur.

Deyilənə görə əvvəlki videoçarx “qəhramanını” tutublar. İndi bilmirəm, avtoqraf alıb buraxıblar, yoxsa Oskar mükafatı veriblər. O barədə məlumatım yoxdu. Yəni bilmirəm ona nə qədər “qrant” veriblər.

Elə bunu fikirləşirdim ki, birdən yeni bir xəbər gəldi. Hərbi hissədə kameralı telefonların istifadəsi qadağan edilib. Məsələnin azərbaycansayağı həlli. Əhsən, deməli bizimkilər videoçarxların yaranma səbəbini telefonların üzərinə atırlar. Necə də ədalətli hökmdür!

İndi belə çıxır ki, bir əsgər silahla quş vursa, orduda silah istifadəsi qadağan ediləçək?

Yaxşı birdən, Allah eləməsin, orduda kimsə yeməkdən ölsün. Birdə gördün orduda yemək yeməyi də qadağan etdilər.

İndi ortaya bir sual çıxır. Görəsən bu ssenariləri və videoçarxları kim maliyyələşdirir. Ümümiyyətlə bu “Hərbiwood”un yiyəsi kimdi. Ordumuz Şuşanı alma planını hazırlamaq əvəzinə oturub “dedovşına” ssenariləri yazırlar.

Mən də bu yaxınlarda vətənə borcumu verməyə gedəcəm. Yəni gedəcəm ki, bir filim də mən çəkim. İndi bilmirəm özümlə nə aparım. Yüksək “pikselli” telefon, yoxsa…

Video kameralı telefon orada qadağan edilib, gərək düz-əməlli bir kamera aparım. Onu ki, qadağan etməyiblər. Qadağan edilən kameralı telefondur. Kamera ki, deyil. Gedən kimi kameramı çıxarıb bir teleserial çəkəcəm. Bu səfə aktiyor əsgərlər yox, kamera arxasında olanlar olacaq.

Əvvəldə dediyim kimi, hərbi hissədən gələn ikinci tip xəbər atəşkəsin pozulması barəsində olur. Hər dəfə atəşkəs pozulanda bizimkilər cavab atəşi ilə düşməni susdururlar. Hansı cavab atəşı ilə?

Əlindən kamera düşməyən əsgər nə vaxt atəş açmağı öyrəndi ki, düşməni susdursun da?!

Yəqin düşmən atəş açır, biz də cavab videoçarxı çəkib göndəririk onlara. Bununla da cavab vermiş oluruq.

Ortaya bir problem çıxır. İndi analar öz oğlanlarını hərbi hissədən yayındırmaq üçün hər şey edəcəklər. Deyəsən səhv dedim. İndi analar oğlanlarını “Hərbiwood”-a getməkdən yayındıracaqlar. Haqlıdılar da. Oğul böyüdüblər ki, “aktiyor” olsun?!

Xəqani Səfərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Ya çörək, ya kontur

(və yaxud mənə yüz kontur göndər)

Yaxşını-pisi təzə-təzə başa düşürdüm ki, cib telefonları peyda oldu. Yadımdadır, o vaxt "sim-sim" - qapını aç" və ya “cin gəlir-cin gəlir” deyə bir reklam var idi. Ancaq onun nə olduğunu başa düşmürdüm.

Doğrudan da, cib telefonları çox əla tapıntıdır. Əgər qabaqlar kimisə tapmaq üçün onların evinə gedirdinsə və o, evdə olmayanda iş yerinə üz tuturdunsa, orda da olmasa, iş yoldaşlarının səni göndərdiyi ünvanlara yollanırdınsa, indi cəmi yeddi rəqəm yığıb bir "yes "düyməsini basmaqla həmin adamı evdə, işdə və digər yerlərdə olmasından asılı olmayaraq tapa bilərsən.

Amma ordunun 90 illiyi ilə bağlı keçirilən paraddakı tankları görüb "onunla necə düşmən öldürmək olar?!" düşünmək əvəzinə "onunla neçə hektar yer şumlamaq olar?!" fikirləşən azərbaycanlı oturub yorulmadan cib telefonlarında azərbaycansayağı istifadə metodlarını axtardı. Ən böyük tapıntı da "vızıv atmaq" mədəniyyətidir. Yəqin ki, bu tapıntıdan "Nobel" mükafatı verən təşkilatın xəbəri yoxdur. Guya olsa nə olacaq. Onların dayıoğlusu deyilik, əmioğlusu deyilik. Adama bir quru çöp də verməzlər. Nə isə, keçək əsas məsələyə.

Ölkəmizdə olan mobil operatorların danışıq haqlarının baha olması hamıya məlumdur. Məlumatı olmayan digərlərinin nəzərinə çatdırıram ki, Azərbaycandakı mobil operatorların danışıq qiymətləri çox bahadır. Ancaq mənim işim yenə bizim bu qara camaatladır.

Heç uzağa getmirəm. Təkcə Bakıda iyirmiyə yaxın metro stansiyası fəaliyyət göstərir və bu metro stansiyalarının hamısının bir, iki, üç və daha çox çıxışları var. Hər stansiyanın içində və onun hər çıxışının yanında bir və ya iki kontur satılma məntəqəsinin olduğunu nəzərə alsaq təxminən altmış dörd və ya daha çox kontur satış məntəqəsi alınar. Həmçinin də, hər bir mağazada, marketdə, supermarketdə, qəzet köşklərində və bu kimi bir çox yerlərdə kontur satılır, demək olar ki, Bakının hər yanında (Yəqin ki, bu fikrimi inkar edən tapılmaz. Tapılsa da onlar istisna olacaq. İstisnalar isə ümumi qanun pozmur).

Mənim demək istədiyim budur ki, bu qədər satış məntəqəsi olan bir məhsulun baha olması necə mümkündür? İqtisadiyyat fənnindən ömründə bir səhifə oxumayan adam da o dəqiqə başa düşər ki, torbada pişik yox, daha iri bir heyvan var. Belə ki, əgər tələb olmasa, təklif çox ola bilməz. Tələb çox, təklif az ola bilər. Ancaq təklifin çox, tələbin az olması bazar iqtisadiyyatı üçün uğursuz addım sayılır (Əlbəttə ki, ən yaxşı hal tələb və təklifin bir-birinə bərabər olmasıdır).

Hamının başa düşdüyü dildə desək, alıcısı olmayan malı satan olmaz. Alıcının olub, satanın olmaması mümkündür. Əksi isə yox.

Yəni demək istəyirəm ki, millət bu qədər çox kontur alır ki, bu qədər çox kontur satan var. Oturub riyazi hesablama aparsaq görərik ki, təkcə kontur alqı-satqısından çox böyük bir pul dövriyyəsi formalaşır.

Əgər Bakı əhalisinin hər iki nəfərindən biri gündə 2 manatlıq kontur alsa, bu – 4 milyon AZN deməkdir. Ayda 120 milyon, ildə isə 1 milyard 440 milyon AZN edər.

Hər adamın gündə bir çörək yediyini nəzərə alsaq bu, təkcə Bakı əhalisi üçün gündə 1.6 milyon AZN, ayda 48 milyon, ildə isə 576 milyon AZN edər. Bu rəqəm də konturdən alınan rəqəmdən 2.5 dəfə kiçikdir. Dolayısı ilə insanlar gün ərzində təkcə kontura, çörəyə xərclədiklərindən 2.5 dəfə çox pul xərcləyirlər.

Bu pisdir, yoxsa yaxşıdır? Bunu sizin öhdənizə buraxıram. Məsələnin başqa bir tərəfi də var. Millətdə deyir “ay belə bahaçılıqdır, ay belə kasıbçılıqdır“ daha nələr, nələr... Vallah bu millət nə istədiyini bilmir. Düzdür, çörək bahadır, amma qarnının ac olub-olmamasından asılı olmayaraq hamı kontur alır. Ən acından ölənimizin də toyunda dadını unutduğumuz təamlar israf olur. Ən kasıbımızın cibində ən bahalı telefon olur, ən yoxsulumuz evini satıb maşın alır. Yatmağa yatağı belə olmayanların "krosna"sı var...

Sonda dahi Nizaminin iki misrası yadıma düşdü:

Göydə ol, yerdə ol, fərqi yox bunun,

Torpaqsan, yenə də torpaqdır sonun.

Xəqani Səfərov

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

четверг, ноября 06, 2008

Müsəlman olmaq çətindir

(və yaxud kinolar gerçək olur)

“Əvvəlcə kasıb olan oğlan öz ata-anasını itirir. Sonra ona baxan əmisi də dünyadan köçür. Beləliklə oğlan düşür küçələrə. İndi onun heç kimi yoxdu. Bir müddət küçədə qalır. Bir çox adamlar ona pislik edir...

Bir gün bir adam avtomobil qəzasına düşür. Həmin oğlan da bu səhnənin şahidi olur. Qəzaya düşmüş adamı xəstəxanaya aparır. Kişi yolda keçinir. Ölməmişdən əvvəl isə bütün var-dövlətini oğlana miras qoyur. Və beləliklə kasıb və yetim oğlan varlı olur. Ona edilən pisliklərin əvəzini çıxır...”

Yəqin ki bu cür standart ssenari sizə kinolardan məlumdur. Ancaq bu absurd ssenarilərin həyata keçməsini görməmişəm. Açığı o cür kinolara baxanda nə qədər dramatik olursa-olsun mənə gülməli gəlirdı.

Ancaq o gün adətən kinolarda gördüyümüz bir hadisənin canlı şahidi oldum. Bu mənim həyatımda ilk dəfə idi.

Deməli, bir cavan amerikanlı qız mənim gözlərimin qabağında islamı qəbul elədi. Düzdü, indi siz deyəcəksiniz ki, “nə olsun bu qəbildən olan hadisələri hər gün qəzetlərdən oxuyuruq daa”. Elə ilk dəfə mən də bu hadisəni eşidəndə belə fikirləşmişdim. Ancaq həmin proses vaxtı orda olmaqla başa düşdüm ki, əslində məsələyə çox sadə baxırmışam.

İnsanın öz əqidəsini dəyişməsi asan olmayan işdir. Uzun illər inandığın bir şeyın əslində səhv olduğunu alayıb, başqa əqidənın düzgünlüyünün yəqinliyinə çatmaq hər adamın əlindən gələ bilməz. Bəziləri də özlərinin səhv olduğunun yəqininə çatsa da, heç vaxt onu dəyişmir. Dedim axı, əqidənin dəyişilməsi hər adamın işi deyil.

İndi bizim bu amerikalı qız bəlkə də özü üçün ən çətin olanını etdi. Çünki onsuz da onun məmləkətində və dünyada islamafobiya baş alıb gedir. Bu bir axındı. Bəzi müsəlmanların özləri belə hətta bu axına düşür zaman-zaman. Ancaq axınla gedən bir adamın birdən-birə axının əksinə tərəf irəliləməsi çox təəccüblüdü. Buna səbəb ancaq və ancaq müqabilində də mənəvi mənfəət güdməsindən başqa heç nə ola bilməz. Mənəvi rahatlıq. Dünya və axirət səadəti və s.

İndi gəlsin maddəçilikdən yekə-yekə danışanlar bunun səbəbini mənə izah etsinlər. Bəs nə oldu hər şey maddə idi və ondan kənar heç nə yox idi?

Çox təəssüflər olsun ki, onun necə bu qənaətə gəldiyini öyrənə bilmədim. Təxminimə görə özü oxuyub, araşdırıb belə nəticəyə gəlib. Heç əksi ola da bilməz zatən...

Mənim fikrimcə, hələ İslamın heç 1 faizi dünyaya çatdirilmayıb. Dünya qoynunda yatan cəvahirdən xəbərsizdi. Bu cəvahiri açıb dünyaya göstərmək onu tanıyanların öhdəsindədı. Yəni sənin, mənim öhdəmdədir. Bu işi heç kim bizim yerimizə edən deyil. Hətta biz eləməsək, bu cəvahiri yox eləmək üçün əllərindən gələni edəcəklər.

Nə isə. Allah kərimdi. Öz dinini qoruyacağına söz verib. Ancaq bu o demək deyil ki, müsəlmanlar əllərini əllərinin üstünə qoyub oturmalıdılar. Əllbəttə ki, bu hərəkət, bərəkət məsələsidi. Hərəkət etməsək, Allah da bərəkət verməz. Bu ədalətin özüdür.

Bu zamanədə müsəlman olmaq heç də asan deyil. Belə ki, dövrün məhrəm-naməhrəm anlamayan metrosu, avtobusunun olması. Bundan başqa televizorlarda, radiolarda və internetdə kimi hər an müsəlmançılığına xələl gətirəcək proqramların, saytların olması, sənin də heç bir maneə olmadan hər an onlardan rahat istifadə edə bilmə imkanının olması, indiki dövrdə müsəlman olmağın çətin olduğuna sübutdu. (Allah axırımızı xeyr eləsin)

İndi qalmışam belə. Bilmirəm nə edim. Əgər kinolarınız gercək olmağa başlasa ... evimiz yıxıldı. Belə ki, o qədər əcaib kinolara baxmışam ki. Deyirəm birdən onlar da gerçək olar eee ...

Xəqani Səfərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

пятница, октября 31, 2008

ƏSL “KİŞİLİK” MƏKTƏBİ

(Bir əsgərin tarixcəsi)

Bura “N” saylı hərbi hissədi. Mən də artıq bir neçə vaxdır ki, burada qulluq edirəm. Əslində mənim qulluq etdiyimi başqaları deyir. Mən bu çür yaşayışa qulluq yox, istirahətdə keçən on səkkiz ay deyərdim. Nəyə görə belə deyirəm, indi sizə izah edərəm.

Deməli, mənim on səkkiz yaşım olan kimi həvəslə hərbi hissədən gələn “çağırış vərəqəmi” gözləyirdim. Amma o vərəqə gəlmirdi ki, gəlmirdi. Dostlarım isə bir-bir vətənə olan borclarını ödəməyə gedirdilər. Düzünü desəm, onlara paxıllıq eləyirdim. Nəhayət bir gün o gözlənilən an gəldi, evimizin qapısını bir nəfər döyüb “çağırış vərəqəsini” mənə verdi. Həmin gün evdə toy-bayram idi.

Nəhayət. pal-paltarımı yığıb getdim vətənə borcumu ödəməyə. Çünki, heç kəsə borclu qalmağı xoşlamıram.

İlk gün üç-dörd əsgər mənə yaxınlaşıb “çibimdə nə var, ver bizə” - dedi. Çox təəccüblü halda onlara baxdım. Və onlardan şikayət edəcəyimi söylədim. Elə bunu demişdim ki, gözüm yumuldu. Gözümü açanda başımın üstündə iki həkim dayanmışdı və məni ayıltmağa çalışırdılar. Sonradan başa düşdüm ki, o iki əsgər məni o qədər döyüblər ki, huşumu itirmişəm.

Nə isə. Özümə gələndən sonra onlardan şikayət ərzəsi yazmaq fikrinə düşmüşdüm. Ancaq mənim bu fikrimi eşidən mənə nəyə görəsə gülürdü. Axırda biri mənə başa saldı ki, onlar “dembel”di, sən isə “molodoy”san. Onların səni döyməsi normaldı. Bu adı etik qaydalardı. Hər kəs bu mərhələni keçməyə məcburdu. Bu hərbi hissənin «mənəvi» nizamnaməsində yazılıb.

Bir necə ay mən hər iki gündən bir döyülürdüm. “Dembel” deyilən o məxluqlar təkcə məni yox, mənimlə birlikdə gələnlərin hamısına bu “qanunu” tətbiq edirdilər. İş təkcə döyülmək də deyil. Yeməyimizi əlimizdə alır, bizə evdən gələn paketlərin əsl sahiblərinə çevrilirdilər. Bəzən bizi düzüb mənəvi təziqlər edirdilər – söyürdülər, alçaldırdılar.

Biz də bunların heç birinin cavabını vermirdik. Çünki, adi halda etdiklərinin on qatını edirdilər cavab qaytaranlara. Ancaq ürəyimizdə biz də onlara ağzımıza və ağlımıza gələni deyirdik. Təkcə təskinlik tapdığımız bu olurdu.

İndi, şükür Allah, hər şey qaydasındadı. Çünki o məxluqlar yoxdu. Çıxıb gediblər evlərinə. Və bu səfər “dembel” olmaq sırası məndədi.

Mənim “dembel” həyatım çox qəribə keçir. Təkcə onu deyim ki, hərbi hissə tarixində mənim kimi “dembel” görməyib. Belə ki, keçən dəfə dostlarımdan biri dedi ki, əvvəlkilər mənim yanımda “toya getməli” imişlər.

Mən indi “molodoy”lara elə divan tuturam ki, adlarıda yadlarından çıxır. Nə edim axı bu qanundu və hamı qanuna əməl etməlidi. Mən də hərbi hissənin bu «mənəvi» nizamnaməsinə layiqincə əməl edirəm.

Bu yaxınlarda mənim qəhramanlığıma aid bir qısametrajlı kinoda çəkilib. Yəqin onu mətbuatda görmüsünüz. Orada mənim bacardıqlarımın və etdiklərimin heç bir faizi də göstərilmir. Burada kəsf etmişəm ki, məndə çoxlu potensial var imiş.

Kəşf etdiyim ikinçi şey isə kişilik anlayışı olub. Sən demə mən kişiliyi səhv başa düşürmüşəm. Əsgərliyə gəlməmişdən əvvəl elə bilirdim ki, kişilik qeyrətli olmaq, vətəni sevmək, məzlumu qorumaq və daima haqlının yanında olmaq deməkdi.

Ancaq indi baxıram ki, nə qeyrət, nə zad. Və ya nə vətəni sevmək, a kişi! Vətəndən mənə nə? Mənim hərbi hissədəki əsl işim zəifləri döymək, “molodoylara” öz yerini bildirmək və onların yemək payını, paltarlarını əlindən almaqdı. Məhz əsl kişilik də budu. Əsl kişilik budur ki, səni söyələr, sən də onlara heç nə deməyəsən. Çünki bu yazıq “molodoy”lara mən hərbi hissənin «mənəvi» nizamnaməsini oxuyanda ən azı ürəyində ağlına və ağzına gələni mənə deyirlər. Və mən də bunu bilirəm. Amma bu mənim vicdanıma təsir eləmir. Belə çıxır ki, mənim qeyrətim yoxdu? Yox, bu əsla belə deyil! Bu – əsl kişilikdi.

Yoxsa qabaqlar xam xəyal ilə yaşayırmışam. Sağ olsun, bura mənə doğrudanda kişilik dərsi keçdi. Sən demə əsgərlik əsl kişilik məktəbi imiş.

Xəqani Səfərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

воскресенье, октября 12, 2008

GÜNƏŞ ÜMÜD GƏTİRİR


(Azad Qarabağ, azad Qüds həsrəti ilə)

Gecənin zülmət qaranlığı hər tərəfə çökən zaman bir səssizlik hökm sürür hər dəfəsində. Tezliklə bu səssizliyi şəfəqdən doğan günəş pozacaq. Gəlişi ilə oyanış gətirəcək cəmiyyətə və təbiətə. İnsanlar oyanacaq, heyvanlar oyanacaq, bitkilər oyanacaq... Öz nurunu saça-saça qərbə tərəf tələsəcək. Qaca-qaca. Baxmayaraq ki, gedir hər gün bu yolu, baxmayaraq ki, bu yol ona doğmadı... Hər dəfəsində həsrətindədi. Tələsir. Çünki onu gözləyənlər var. Qocalar var, uşaqlar var, körpələr var...

Günəşın gəlməsini istəyən təkcə insanlar deyil. Torpaqlar da intizar çəkir. İlıq şuasını öz sinəsində hiss edən zaman ümid yaranır nədənsə torpaqlarda, ümüd yaranır nədənsə Məkkəmizdə, Mədinəmizdə, Kərbalamızda, Fələstinimizdə, Qüdsümüzdə, Kəşmirimizdə, Qarabağımızda, Süşamızda, Laçınımızda, Cəbrayılmızda, Xocalımızda, Zəngilanımızda, Xocavəndımizdə, Ağdərəmizdə, Ağdamımızda, Füzulimizdə... Ümüd yaranır ona görə ki, bir gün bu doğan günəş özü ilə sevinc gətirəcək, xoşbəxtlik gətirəcək. Özü ilə gətirəcək onların əsl sahiblərini. Yəni bizi. Qərib olmayacaqlar günəşin bizi onlara aparmasından sonra. Bizi öz sinələrində hiss edən zaman sevinəcəklər. Bəlkə də ağlayacaqlar sevincəklikdən. Çünki gözləyirlər hər gün o torpaqlar sahiblərini pərvanələrin şamın odunun onları yandıracaq qədər isinməsini gözlədiyi kimi. Gözləyirlər hər gün o torpaqlar sahiblərini körpələrin günəşi gözlədiyi kimi. Amma şam pərvanəni intizarda qoymaz heç vaxt, tez isinər. Amma günəş körpələri intizarda qoymaz. Hər səhər doğar şərqdən. Yubanmadan, yorulmadan. Bəs biz bizim intizarımızda olan torpaqların həsrətinə nə vaxt son qoyacağıq - yubanaraq, yorularaq???

Suallar, suallar. Hər dəfəsində bu suallara cavabımız bir “ah” şərtsiz refleksindən başqa heç nə olmur. Ürəkdən gələn dərindən bir “ah” çəkərək bu suallara cavab vermiş sayırıq özümüzü. Aldadırıqmı “mən”imizi??? - yenə sual, yenə eyni cavab gəlir müxtəlif məzmunlu suallarımıza. Ancaq biz nə qədər qaçmaq istəsək də, suallar öz cavablarını almayıca yığılıb qalacaqlar. Axırda bir sual kitabçamız olacaq qabağımızda. Hər dəfə günəş nur verdiyi müddətdə oxuyacağıq o sualları. Axşam günəş nurundan məhrum olanda, heç nə olmamış kimi həmin kitabçanı balışımızın altına qoyaraq gedəcəyik dərin yuxu dünyasına. Vicdanımız sızıldayacaq bəlkə də. Amma zamanla onu da öldürəcəyik içərimizdə...

Hər dəfə günəşı görəndə sevinc gətirdiyinə ümüd edən torpaqlardan biri də Qüdsdü. Davud (ə), Süleyman (ə) kimi adlarla yanaşı, adı tarix səhifələrində bizə çatmayan yüzlərlə peyğəmbər vətəni olmuş, Həzrət İbrahimi (ə) görən Qüds, Öz qövmünü Firon zülmündən qurtararaq buraya gətirmiş Həzrət Musanın (ə) özünün gəlib çata bilmədiyi Qüds. Sonuncu peyğəmbər Həzrət Mühəmmədin (s.) meracının şahidi olan Qüds. Bu o Qüdsdür ki, bizim ilk qibləmiz olmuş, bu o Qüdsdür ki, bu torpaq uğrunda tökülən saysız-hesabsız qanları, kəsilən baş və bədənləri, qırılan gənc ömürləri özünə hopdurmuşdür.

Tarix boyu bu müqəddəs torpağa dövrünün ən böyük “liderləri” göz dikmişlər. Romalılar, assuriyalılar, səlibcilər... Amma nəyə görəsə hər dəfəsində bir Səlahəddin peyda olmuş və onların bu torpaqda höküranlığına son qoymuş. Onlar əldə silahla bir müddət sahibi olmuş bu torpağı tərk edərək getmək məcburiyyətində qalmışlar.

Amma tarix bu səfər öz növbəsini dəyişdi. “Azad Qüds”, “qəsb Qüds”, “azad Qüds”, “qəsb Qüds”... növbələşməsi “qəsb Qüds” hissəsində natamamlanıbdı. Hələ tamamlanmayıb. Səlahəddini gözləyir. Nə vaxt tamamlanacaq?... Nə vaxt gələcək o? Yenə də suallar. Hər zaman qaçdığımız suallar. Hər dəfəsində qarşımıza çıxır. Və hər dəfəsində öz cavabını tələb edir bizdən. Əks halda sual kitabçamıza növbəti cavablanmamış sual kimi daxıl olacaq....

Necə ki, biz “Azad Qüds” sualına vaxtı ilə cavab verməkdən yayındıq və nəticədə “azad Qarabağ” sualı qarşımıza çıxdı. Bəlkə də bu təbiətin qanunudu. Suala sualla cavab vermək. Amma biz hələ də günəşı səmada görməyəndə heç nə olmamış kimi sual kitabçamızı başımızıın altına qoyub yata bilirik. Bu qədər suallarımız cavabsız qaldığı halda. Çünki biz neçə manatlıq telefon almağımızı vacibləndirən suallara cavab veririk heç tərəddüt etmədən.

Yarım saat sonra yaşayıb-yaşamayacağını bilməyənlərin olduğunu fikirləşəndə yarım saat bədənimiz titrəmək əvəzinə heç biz yarım dəqiqə belə sukut etmirik. Görəsən niyə? - Növbəti sual və növbəti sualdan qaçış usulu. Klassik dərindən bir “ah”. Vəssalam. Və sual kitabcamıza əlavə olunan növbəti cavabsız sual.

Bu gün isə tək ümüd yerimiz günəşdi. Əslində biz də günəşın doğmasının intizarındayıq. Ən azı ona görə ki, intizarında olduğumuz torpaqlara hər gün səfər edən odur. Günəş hər gün bir dəfə baş çəkir Qarabağımıza , Qüdsümüzə.

Gərək salam göndərək o yerlərə günəş vasitəsi ilə. Gərək deyək darıxmasınlar. Sevindirək bizi gözləyən o əziz torpaqlarımızı. Ümüd verək onlara, qəribliyi hiss etməmələri üçün, ümüd verək onlara ümüd axırıncı öldüyü üçün, ümüd verək onlara ümüdsüzlük ölüm olduğu üçün...

Xəqani Səfərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

понедельник, октября 06, 2008

TƏRSƏMƏRS

Düşüncəsiz düşüncələr silsiləsindən

Hərdən öz millətimizlə başqa millətləri müqayisə edirəm. Bilmirəm bu adət məndə hardandı. Bəlkə də yaxşı ənənədi. Təkcə onu bilirəm ki, hər dəfə müqayisə edən də eyni nəticəyə gəlirəm. “Bizdən yoxdu”. Həqiqətən də bu belədi. Elə bil dünyanın seçmə komandasıyıq.

Bizim camaatın ən maraqlı cəhəti odur ki, çox şeyi, bəlkə də əksər şeyləri tərsəmərs başa düşür, anladır və yaşayır. Bu “qabiliyyət” nə inkişaf etmiş ölkələrdə, nə də ikişafdan qalmış ölkələrdə yoxdu. Əslındə heç ola da bilməz.

Adı götürək məmurların rüşvət alma mərasimlərini. Yox-yox tələsməyin. Mən demədim ki, bu zəhrimara qalmış rüşvət heç bir ölkədə yoxdu, təkcə bizdə var. Demək istədiyim odur ki, bu məsələ bizdə tərsəmərs başa düşülür. Neçə? Çox sadə. Elə onu demək kifayətdir ki, bizdə rüşvət almayan mənur axtarmaq samanlıqda iynə yox, iynənin onda birini axtarmağa bənziyir. Sabah vəzifəsinin ilk gününə çıxmaq istəyən bu günün adi vətəndaşı həmin geçəni yatmır. Ona görə yox ki, sabah işdə nə edəcək, işi nə tərzdə və keyfiyyətdə görəcəyini planlaşdırır. Yox . Ona görə ki, o necə rüşvət ala biləcəyini götür-qoy edir.

Dərd təkcə məmur dərdi deyil. Tələbə anlayışını da biz tərsəmərs başa düşürük. Mənim fikrimcə tələbə deyəndə ilk yada düşən təhsil, elm olmalıdı. Bizdə isə tələbə deyiləndə siqaret çəkən gənc, rüşvət verən “oxuyan”, dərsdən çox maşına maraq göstərən “formula-1”-çilər başa düşülür. Bu maraqları olmayan tələbəyə isə böyük bir təəccüblə baxılır. Ona kosmosdan gəlmiş, yad planetli adı verilir hətta.

Biz bəşərin inkişaf səbəbi olan kitab sözünü də tərsəmərs başa düşürük. Kitabı oxumaq üçün yox, daha unikal bir vasıtə kimi istifadə edirik. Məsələn, əgər sənin eyinin qapıları sərbəst açıq qala bilmirsə onda qalın bir kitab sənin köməyinə gəlir. Tez kitab rəfindən bir kitab (adətən bu kitab ensikopediya olur) götürüb qoyursan qapının arasına. Bununla da vəssalam. Bundan başqa, kitab və onun vərəqləri tum satanların da köməyinə çata bilir. Bir sözlə kitabı oxuma, necə istəyirsən o çür də istifadə et.

Bunları qoyaq bir kənara. Keçək əksəriyyətin istifadə elədiyi metroya. Dünyanın bir çox ölkəsin də metro var. Amma onların heç biri metronu bizim kimi tərsəmərs başa düşmür. Belə ki, hansı cəmiyyətdən olan adamlar ən ücüz nəqliyyat vasitəsinə belə “çıxış” hissəsindən girirlər. Bu qəbildən olan adamlar ya oxumağı bacarmır (halbuki, belə ola bilməz, çünki ən azından heç kəsin o qapıdan girmədiyini görürlər axı), ya da millətimin tərsəmərs camaatıdır.

Metro dedim yadıma düşdü. Bizim əslində metro deməyimizə baxma. Metro bizim üçün bir “korusel”di. Əgər belə olmasaydı maşınist iki stansiya arasında o boyda qatarı saxlayıb “a bala qapını burax” və ya “ axırıncı vaqon qapı ilə oynama” deməzdi. Nə isə. Birini qoyub keçək başqa məsələyə.

Avtobus məsələsində də heç yarımamışıq. Belə ki, avtobus deyəndə ya elə başa düşürük ki, bu dar və sıx ( bunlar sözlər eslində eyni məna verirlər. Sadəcə özüm bu çür işlədirəm ki, daha qüvvətli təsir edə bilim) dört təkərli nəqliyyatdı. Ya da bu elə altı təkərli nəqliyat vasitəsidir ki, onun içində futbol oynamaq olsun. Bir yanda ifrat, bir yanda təfrit. Yəqin ki, tərsəmərs olmağımızdan irəli gəlir.

Mənə isə maraqlı gələn odu ki, bizim bu tərsəmərsliyimiz ancaq özümüz üçündü. Heç bu tərsliyimizdən istifadə edib əlindən bir iş gəməyən və ancaq təklif verməyi bacaran ATƏT-in Minsk qrupunu ölkəmizdən qova bilmirik. Çünki, Qarabağ məsələsinin həll olmama səbəblərindən biri də məhz onlardılar. Yəqin öz xəstəliyimizi onlara da keçirmişik. Belə ki, onlar öz vəzifələrini tərsəmərs başa düşürlər. Elə bilirlər ki, onların əsas vəzifəsi burda, E(ə)rmənistanda və Qarabağda yeyib-içməkdən ibarətdi.

Sonda gərək sizinlə salamlaşam. Yox deyəsən salamı əvvəldə vermli idim. Yadımdan çıxdı. Bəlkə də heç məndə günah-zad yoxdu. Bu mənim ətrafımdakı tərsəmərsliyin mənə keçirdiyi xəstəlikdi. Gərək məni bağışlayasınız. Xəstəliyin özümə keçməsinə icazə verdiyim üçün....

Xəqani Səfərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

четверг, октября 02, 2008

MƏKTƏBƏ GEDƏNLƏRİMİZ

(və ya məktəbə gedən yol bazardan keçir)

Budur, yay arxada qaldı. Növbəti dərs ili başlamaqdadır. Kimiləri birinci olduqlarından həvəslə onlar üçün təzə alınmış çantalarını götürüb dərsə yollanacaq. Kimisi də belinə bir qırxvərəqli dəftər taxıb üz tutacaq məktəbin həyətinə.

Şagird olanda ən çox sevdiyim vaxtlar bu vaxlar idi. Belə ki, dərs ilinin açılışına bir həftə qalmış anam əlimdən tutub məni bazara aparardı. Karandaş çərtəndən tutmuş köynəyədək hər şeyin təzəsin alıb evə qayıdardıq. Yadımdadır, o vaxt dərs başlayanadək mənə alınan təzə paltarları hər gün ən azı iki dəfə geyinib evin işində gəzərdim. Məktəblərin açılmağın həvəslə gözləyərdim ki, təzələrimi geyinib məktəbə gedim.

İndi də ətrafımdakı məktəblilərin həmin həyacanı və sevinci keçirdiyini görürəm. Ancaq görəsən valideyinlər necə? Onlar da yeni dərs ilinin açılmasına şagirdlər qədər sevinirlərmi?

Belə ki, necə ki, mən heç anamın pul kisəsin nəzərə almadan “bunu da al, bu da lazımdır” deyirdim. Və anam da mənim könlümü qırmamaq üçün nə istəsəm alırdı. Bu cür də indiki şagirdlər. Nə gördülər, istəyirlər. Özü də təzəsindən və yaxşısından. İndi gəl iyirmi birinci əsrin şagirdinə valideyinlik elə, görüm neçə edirsən.

Bazarlar da, maşaallah, qiymətlərin istisindən od tutub yanır. Qiymətlər şişib olub dağ boyda. Orta aylıq əmək haqqını götürüb bazara getsən, heç sənə salam da verməzlər. Uzağı üç-dörd dəftər, bir ucuzvarı çanta, bir də xırım-xırda – vəssalam. Evə gəlməyə yol pulun qalsa, böyük şeydi.

Adam bazardakı qiymətləri görəndə heç məktəbə getmək belə istəmir. Hələ mən hər gün bufet pulu, süpürgə pulu, zibil pulunu demirəm. Bunları qabaqcadan fikirləşən valideyn hələ yayın başlanmasından pul yığmaqla məşğuldu. Əgər bu valideyn müəllimdirsə, onda heç. Ta denən uşaq məktəbə zada getməsin dəəə.

Onları da qınamaq olur. Neyləsinlər axı? Bu cəmiyyətdə ən hörmətli peşə müəllimlikdi, onların da aldığı məvacıb yol polisinin bir günlük “qazancı”na bərabərdi. Hələ bəlkə də azdı. Həmən müəllim də oturub fikirləşir neyləyim-neyləyim, axırda məcbur olur əlavə məşğələ keçməyə. Və beləliklə öz yaşayışını təmin edir.

Şagirdlər də dərsdə öyrəndiyi “yüksək” bilikləri müəllim yanına getməklə möhkəmlədirlər. İndi Azərbaycanda müəllim yanına getmək moddur. Əgər sən onuncu və ya on birinci sinifdə oxuyursansa müəllim yanına getmirsənsə, deməli qlobal miqyaslı qəbahət bir iş görürsən. Bəlkə evinizə BMT-dən, ATƏT-dən zəng-zad da gəldi ki “a bala, sənə nə olub? Nəyə görə oturmusan evdə, hazırlığa getmirsən?”

Zarafat bir yana, müəllimlərin və şagirdlərin birgə “səyi” nəticəsində ölkədə bir düz-əməlli təhsil yoxdu. Kimisi bunu atır müəllimlərin məvacibinin üstünə, kimisi də kompüter, cib telefonlarının üstünə. Güya onlar şagirdlərə dərs oxumağa imkan vermir. Bu cür fikirləşənlərə demək istəyirəm ki, sizin o sevdiyiniz Qərbdə bunlardan “N” qədərdi. Özü də sənin uşağın hələ “klaviaturadakı” həriflərin yerini axtaranda, qərbdəkilər sayt-zad acırlar. Bu məntiqlə onlar “avaranın” böyüyü olmalıdılar. Amma olmurlar. Əvəzində Kembriç kimi təhsil oçağı meydana gəlir. Niyə? Çünki onlarda uşaq vaxtlarından dərsə həvəs oyadılır. Elə belə də olmalıdı.

Şagirddə dərsə həvəs olmaldı. Əgər dərsə həvəs olsa, o, mütləq bir təhər oxuyacaq. Bu həvəs də göydən düşmür, ailədən ötürülür. Əgər ailə uşağa düzgün istiqamət versə, onu elmə, təhsilə həvəsləndirsə, şagirdlərdə də həvəs olar.

Ailədə bu istiqamətin verilməsi üçün gərək onun təməlləri möhkəm olsun. Belə ki, dədə-babalarımızdan bizə ötürülən dəyərlərə sahib çıxsaq, təməli möhkəm ailə qurmaq mümkündür. Yoxsa ki, bu gün televizordan, küçədəki reklamlardakı şəkillərdən və s. gələn əxlaqsızlığı ailə evin yüxarı başına keçirirsə, onda nə sağlam ailədən, nə dərsə həvəskar şagirddən, nə də yüksək təhsildən danışmaq olmaz. Vallah olmaz.

Əgər mənə inanmırsınızsa, pəncərənin pərdəsini aralayıb bir küçəyə baxın. Onda nə dediyimi anlayacaqsınız....

Xəqani Səfərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

среда, сентября 24, 2008

“ÇOXBİLMİŞLƏR“ DİYARI

(və ya 8 milyon qoçun başı bir qazanda qaynamaz)

Axir ki tapdım. Çox fikirləşəndən sonra məmləkətimizin niyə inkişaf edə bilmədiyini tapmışam. Bilmirəm, bu tapıntıma görə mənə Nobel mükafatı verərlər, ya yox. Amma deyəsən fikirləşməkdən yata bilmədiyim yuxusuz gecələrim bəhrəsini verdi.

Artıq bir neçə ildir ki, ölkəmizin nəyə görə geridə qalması düşüncəsi məni boğurdu. A kişi, on beş ildən çoxdu ki, müstəqilik, amma hələ də iməkləyirik. Belə də şey olar? Bizimlə bir vaxtda müstəqil olan ölkələrdən nə əksiyimiz var axı? Hətta artığımız var - neft artıqlığı. Artıqlığımız niyə özümüzə ziyan vurur? Ümümiyyətlə, biz niyə bu vəziyyətdəyik?

Bilirəm ki, bunlar çox çətin suallardır. Əslində bunların cavabları çox sadədi. Elə mənim Nobel tamahında olduğum tapıntı da məhz bu sualların cavablarındandır. Nəhayət başa düşmüşəm ki, bizdə unikal adamlar çoxdu. Ona görə də ölkə inkişaf edə bilmir.

Bu ölkədə hamı hər şeyi danışır. Bir sözlə hamı elin dili ilə desək “çoxbilmişdı”. Heç kimin ixtisası bir deyil, iki deyil. Sonsuz saydadı. Məsələn əgər sən iqtisadiyyatçısansa, deməli, həm də siyasətçisən, eyni zamanda jurnalistsən, hətta sən din haqqında, musiqi haqqında da danışa bilərsən. Yox, əgər sən siyasətçisənsə, deməli, həm də iqtisadiyyatçısan və ona aid sadalanan peşələrin hamısını sən mükəmməl dərəcədə bilirsən. İşdi, əgər sənin “Ayaqqabı təmiri” və ya “Bərbərxana” adlı ofisin varsa, deməli, sən həm iqtisadiyyatçısan, həm də siyasətçi. Hətta sən istəsən Amerikanın 30 illik proqnozunu verə bilərsən. İndi prezident seçkilərində kim qalib gələcək, niyə məhz o qalib gələcək suallarının ən dolğun cavabların sən bilirsən.

Bax bu “çoxbilmiş”lərın yığıldığı məmləkət necə inkişaf etsin? Atalarımız deyib axı “iki qoçun başı bir qazanda qaynamaz”. İndi mən də atalarımıza istinadən bu deyimi müasirləşdirib deyirəm ki, 8 milyon qoçun başı bir məmləkətdə qaynamaz (düzdür, əgər nəzərə alsaq ki, əhalinin bir hissəsi özünü dolandırmaq üçün xaricə gedib, bu rəqəmi bir az kiçildə bilərik).

Hamı hər şeyi bildiyi üçün, daha doğrusu özünü bu cür apardıği üçün ölkə inkişafdan geridə qalıb. Hər şeyi bilmək yaxşıdı, amma mümkün deyil . Mümkün olmayanı mümkün eləmək istəsən, ya məhv olarsan, ya da məhv olarsan. Vəssalam.

Neçə vaxdır televizora baxmırdım. Əlim qırılaydı, keçən dəfə zəhrimara qalmış “pultu” götürüb ölkə kanallarından birinə çevirdim. Bir müğənni İslam dini haqqında danışırdı . Elə sözlər deyirdi ki, lap mat-məətdəl qaldım. Vallah əgər onu tanımasaydım, deyərdim bu adam BDU-nun İlahiyyatını qurtarıb. Əxlaqdan, mərifətdən dəm vuran bu “çoxbilmiş” cəmi iki-üç dəqiqədən sonra mahnı oxumağa başladı. Oxumağı bir yana. Oxuya-oxuya bayaqdan danışdıqlarının tam əksinə çıxdı. Elə bil, başıma bir vedrə isti su tökdülər. Mən də başladım bunun oxumağına irad tutmağa. Dedim filan notu düz demədi. Filan notu belə deməli idi. Bir sözlə, mən də “çoxbimiş”lik edib heç başım çıxmadığı sahədə peşkarlar kimi rəy verməyə başladım.

İndi özünüz fikirləşin də, ölkədə 8 milyon mənim kimi “çoxbilmiş” var. Bu “çoxbilmiş”ləri yığıb ya Antraktidaya aparmaq lazımdı, bəlkə oranı abad edələr, ya da üzü Xəzərə aparmaq. Pis mənada başa düşməyin. Axı Xəzərin ekologiya problemi var. Qoy “çoxbilməş”liklərindən istifadə edib bu problemi həll etsinlər. Axır ki, bu qazanda olmasınlar. Çünki onların başı olanda bu qazan qaynamaq bilmir. Qazanın da qaynamadı, deməli qaldın ac-yalavac. Düşərsən o qonşunun, bu qonşunun qapısına.

Amma bu “çoxbilmişlik” xəstəliyi dəyəsən bizdə hələ lap qədimdən mövcud olub. Hardan bilirəm. Əlbətdə ki, yazıçıların əsərlərindən. Əsrlər əvvəl dahi Nizami yazırdı ki, «yarımçıq papaqçı olmaqdansa, kamil palançı ol». Yəqin ki Nizami bilsəydi ki, indiki dövrün palançıları “çoxbilmiş” olacaq , elə yarımcıq papaqçılığa üstünlük verərdi.

Nə isə, mən əlimdən gələni elədim. Həm dərdi tapdım, həm çarəsin dedim. Qalanı qaldı “çoxbilmiş”lərin ixtiyarına. Qaldı ki, Nobel məsələsinə. Gərək dədə-babadan mənə ötürülüş dəyərlərimə qarşı çıxım, sonra versinlər. Yoxsa hər yerindən duran “çoxbilmiş”ə mükafat versəydilər, onda biz birincilərdən olardıq...

Xəqani Səfərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

понедельник, сентября 15, 2008

Susmaq qızıldı


(və ya bir nəfər yetmış milyonu sevindirdi)

Nil Armstronqu yəqin ki, hamı tanıyır. O ilk dəfə Aya səfər edən astronavtdır. Özü də amerikalıdır. Həmən o amerikalı kişi ilk dəfə kosmik gəmidən Aya ayaq basanda indi də çox məşhur olan belə bir söz demişdi: “bu insanlıq üçün adi, bəşəriyyət üçün böyük bir addımdır”.
Nəyə görəsə axır vaxtlar Türkiyədəki hadisələr mənə bu sözü xatırlatdı. Ola bilsin ki, bu sizə qəribə gəlsin və tez öz-özünüzə deyəsiniz ki, Nil Armstronqla Türkiyənin nə əlaqəsi var? İndi mən sizə Türkiyə ilə bu məhşur ifadənin nə əlaqəsi olduğunu izah edim, siz də baxın.
Yaxın zamanda Türkiyədə baş vermiş hadisələr hamıya məlumdur. Məlum olmayanlara da xatırladım ki, neçə vaxdir ki, türklərin qirx yeddi faizinin səs verib iqtidara çıxartdığı Ədalət və Inkişaf partiyasının bağlanması mövzusu bütün ölkəni bürümüşdü. Bu partiyanın bağlanıb-bağlanmaması haqqında çoxlu söz-söhbət gedirdi. Nəhayət bir neçə müddət əvvəl məhkəmə oldu və konstitusiya məhkəməsinin sədri Yalçın Kılıc məhkəmənin qərarını media qarşısında açıqladı. Hamı diqqətlə Yalçın bəyin nitqinə qulaq asırdı. Elə mən də. O da qərarı deməmişdən əvvəl eləməyib tənbəllik bir kitab söz danışdı. Elə mənim səbrim tükənirdi ki, birdən məhkəmənin sədri keçdi əsas məsələyə. Deməli belə məhkəmənin on bir üzvündən altısı Ədalət və İnkişaf partıyasının bağlanması istiqamətində, dördü büdcədən yardımın kəsilməsi istiqamətində, bir nəfər isə rədd edilməsinə səs vermişdi. Bilməyənlərə bildirim ki, Türkiyə qanunvericiliyinə görə gərək konstitusiya məhkəməsinin on bir üzvündən yeddisi bağlanması lehinə səs verəydi. Yalnız bu halda Ədalət və Inkişaf partiyası bağlanacaqdı. Ancaq altı nəfər olduğundan partiya bağlanmadı. Nəticədə isə büdcədən yardımın yarısı kəsildi.
Yalcın Kılıcdan bu sözləri eşidəndən sonra sevindim. Ancaq məni düşündürən bir sey oldu. Bir nəfər də səs versəydi partiya bağlanacaqdı. Çox qəribədir.
Deyirəm Allah bizim atalarımıza rəhmət eləsin. Kişilər nahaq yerə deməyiblər ki, susmaq qızıldı. Bir nəfərin səssizliyi, o boyda Türkiyəni fırtınadan qorudu. Bir nəfər gör nələrə qadirmiş.
Əgər Ədalət və Inkişaf partiyası bağlansaydı, Türkiyə çox böyük bir labirintin içinə girəcəkdi. İndi Türkiyədə onsuz da şərait çox qəribədir. Bir yandan “PKK”, bir yandan da “Ergenekon”. Deyilənə görə Türkiyədə qulaq gündə bir dəfə “PKK” eşitməsə kar olur. Hətta nağıllarda da mənfi qəhrəmanlar PKK-çılar olur. Cırtdan divlə yox, PKK-çılarla savaşır. Analar öz uşaqlarını yatırmaq üçün “xortdan gələr” demir. Ya PKK-çıların, ya da “Ergenekon”-çuların gələcəyini deyir.
Mənə qəribə gələn isə o həmin bir nəfər idi. Bilmirəm bu hadisəni necə qiymətləndirim. Qanunvericilikdə olan catışmamazlıq yoxsa... ? Çünki özünüz fikirləşin də, bir nəfər o böyda Türkiyəni xaosa apara bilərdi. Axı necə ola bilir ki, sonda ölkənin taleyi bir nəfərdən aslı olur. Vallah mən başa düşə bilmirəm.
Hələ bunlar bir yana, mütəxəsislər də deyir ki, türk hakimlər hüquqi qərar çıxarmasına baxmayaraq siyasi şəraiti nəzərə alıblar. Guya əgər hüququ nəzərə alsaydılar Ədalət və İnkişaf partiyası bağlanacaqdı. Burdan belə bir nəticəyə gəlmək olar ki, türkiyəli hakimlər həm də yaxşı siyasətçi olmalıdı. Çünki qərarlar çıxaranda hüquqi götür-qoyla yanaşı , həm də bir siyası götür-qoy edirlər (mütəxəsislərin məntiqində)
Axırda da bəlli oldu ki, elə həmin bir nəfər Yalcın Kılıcın özü imiş. Məhşur qəhraman “bir nəfər”. Türkiyəni xaosdan çıxardan. Bəli, o, susdu. Sadəcə səs vermədi və .... İnsanlıq üçün sadə, Türkiyə üçün böyük bir addım atdı. Elə Aya ilk ayaq basmış Nil Armstronq kimi...



Xəqani Səfərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

суббота, сентября 13, 2008

YOL QEYDLƏRİ


İsti yay aylarında hərəkət etmek olmur. Bir yandan gün, bir yandan tənbəllik adamı lap süsləşdirir. Edilə bilinəcək ən yaxşı şey sərin rayonlara üz tutmaqdı. Elə camaat da bunu edir. Kimə baxırsan, ya hansısa rayona gedib, ya da ölkədən kənarda istirahətdədir. Amma yazıq kasıb həmişə olduğu kimi, bütün bunlardan məhrumdu. Neyləsin axı? Elə adamlar tanıyıram ki, xəstələnmirlər. Ona görə yox ki, sağlamdırlar, ona görə ki, xəstələndiyi gün ailə-usağı ac qalır. İndi siz fikirləşin bu kasib ac istirahət edə bilərmi?
Siz bu sualın cavabin axtarın, mən söhbətimə davam eləyim. Həə, elə isti yay günlərindən birində dostlardan biri cənub bölgəsinə bizi qonaq dəvət etmişdi. Biz də Bakıdakı istini nəzərə alıb istirahət bəhanəsi ilə bu dəvəti qəbul elədik.
Qatarla getmək fikrində idik. Ona görə də iki manat əlli qəpiklik biletlərimizi alib səfərə hazirlaşdiq.
Yola düşəcəyimiz gün havalar nisbətən sərin idi. Amma bürkü hələ də adamı boğurdu. Bütün bunlara baxmayaraq, yenə də səfərə çıxacağımıza görə çox sevinirdik. Mən də çox sevinirdim. çünki bu cür səfər mənim üçün ilk dəfə idi. Odu ki, jurnalist eynəyini taxıb qatara mindim.
Əvvala onu deyim ki, baxmayaraq ki, qatarlar sovetdən qalma idi, oturacaqlar çox rahat idi. Budan əlavə, sərinləşdirici qurğu da vardı. Bir sözlə, qatar mənim konfort testimdən beş aldi. Sərnişinlərin rahatlığı üçün hər şey fikirləşilmişdi.
Amma diqqətimi çəkən bir məqam oldu. Bizim vaqonda divarda Səməd Vurğunun şəkli var idi. Biləmədim niyə? Bir az fikirləşdim ki, bəlkə Səməd Vurğunun dəmir yol sahəsində nəsə bir naliyyəti olub, tapa bilmədim. Bəlkə də sadəcə bir dekor aləti idi. Bu halda bir sual yaranır “niyə məhz Səməd ? “ Nə isə, keçək başqa məsələlərə.
Hər vaqonda bir televizor quraşdırılmışdı. Yol boyunca sərnişinlərin xidmətində olan bu televizorlarda əxlaqdan kənar, ancaq «müasir» və öz kökündən uzaq düşmüş azərbaycanlının normal qəbul etdiyi görüntülər göstərilirdi. Düzdü, bizim dostlar öz haqlarını bildiyinə görə, demək olar ki, bizim vaqonun sərnişinləri üçün ayrılmış televizor yolun çox hissəsi keçili oldu. Bizimlə birgə olan qırxdan çox sərnişinlər də nə baş verdiyini anlamamırdılar. Ancaq digər vaqonlardakı televizorlar yol boyu qeyd etdiyim əxlaqdan kənar görüntüləri verməyə davam eləyirdi.
Qatarda servis çox da yaxşı deyildi. İstər yeməkxana, istər də fərdi servisi həm çox bahalı, həm də keyfiyyətsiz idi. Belə ki, əgər sən susayıb çay işmək istəsən, gərək bir manatından keçəsən. Yox əgər acmış olsan, ən yaxşı halda beş manat xərcləməlisən. Hələ bunlar bir yana qalsın, verdiyin sifarişi ən azı yarım saat gözləyirsən. Bir sözlə, servisin keyfiyyəti ürək açan deyildi.
Dayanacaqlarda fürsətdən istifadə edib, qatardan enirdik. Vağzalda dayanmış rayon camaatı ilə söhbətləşirdik. Əksəriyyəti təqaüdçülərdən ibarət olan bu insanların nəyə görə günün günorta vaxtı vağzalda oturub çay içdiyini bilmədik. Açığı soruşmadıq da. Çünki yəqin bilirdik ki, şikayətlənməyə başlayacaqdılar. Dərdlərı açılacaqdı. Biz də istəmədik ki, beş-altı dəqiqəlik qonaq olduğumuz rayon camaatının dərdini təzələyək... Elə ona görə də daha ümumi mövzularda danısırdıq.
Qatarda keçirdiyim bir neçə saat mənə çox sey öyrətdi. İndi başa düşürəm ki, nəyə görə “çox oxuyan yox, çox gəzən çox bilər” deyiblər. Müxtəlif insanlar və müxtəlif düşüncələr səni düşünməyə vadar edir.
Elə mən də o səfərdən sonra elə hey fikirləşirəm. O cümlədən, çayxanada oturmuş rayon camaatını və vaqonun divarındakı şəkli də…

Xəqani Səfərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

среда, сентября 10, 2008

İlk orucum

O gün Şaban ayının 30-u idi. Ertəsi gün isə Mübarək Ramazan ayı daxil olacaqdı. O Ramazan ayı ki, o ayda oruc tutmaq bütün müsəlmanlara vacib edilib. Bu günün axşamına niyyət axşamı deyilir. Bu axşam sabah başlayacaq ayın orucunu tutmaq üçün niyyət edilir. Əslində bu gün də mübarək gün hesab edilir. Çünki məhz bu gündən sonra mübarək bir ay başlanır.
Mən də bir müsəlmanam. Ancaq heç vaxt oruc tutmamışdım. Sabah da oruc tutmaq niyyətim yox idi. Ancaq orucun nə olduğunu və sabah Ramazan ayının biri olduğunu bilirdim.
Evimizin yanında balaca bir park var idi. Adətən axşamlar keçmiş sinif yoldaşım Hüseynlə həmin parkda əyləşib söhbət edirik. Hüseyn çox ağıllı uşaqdır. Məktəb vaxtı yoxlama yazı işi olanda hamı onun başına yığışardı. O, həm də dindardır. Namaz qılır və hər Ramazan ayında oruc tutur. Məni də həmişə dinə dəvət edər, ancaq heç vaxt məcbur etməzdi.
Bu gün də Hüseyn mənə sabah oruc tutacağı barəsində danışır və məni də sabah oruc tutmağa çağırırdı. Mən isə orucun mənlik olmadığını təkidlə deyirdim.
Söhbətimizin sonunda ayrılıb evə gedəndə o mənə - Allah buyurub: “Oruc Mənim üçündür və mükafatını da Özüm verəcəm” - dedi və sağollaşdıq.
Evə gəldim. Ancaq dostumun dediyi sözlər yadımdan çıxmırdı. Elə hey o sözləri fikirləşirdim. Yəni oruc bu qədərmi vacibdir, yoxsa bu adi sözdən başqa bir şey deyil? Bunu fikirləşə-fikirləşə yuxuya getdim.
Gecənin bir vaxtı yuxudan oyandım. Nə qədər etdimsə də gözümə yuxu girmədi. Yatağımda hey fırlanırdım. Birdən Hüseynin oruc tutan haqqında dediyi sözlər yadıma düşdü. Yerimdən durub otağımda hərəkət etməyə başladım. Elə hey o sözləri fikirləşırdim.
Bir müddət sonra otaqdan çıxıb mətbəxə keçdim. Soyuducunu açdım. Orada anamın axşamdan hazırladığı salatdan qalmışdı. Həmin salatdan bir qaşıq daddim. Sonra onu soyuducudan götürüb yeməyə başladım.
Artıq mən doymuşdum. Ancaq mən hələ də oruc tutmaq niyyətində deyildim. Birdən gözüm pəncərədən çölə sataşdı. Pəncərəyə yaxınlaşıb qarşıdakı binaya baxdım. Binadakı evlərin bəzilərinin işığı yanır, bəzi evlərdə isə qaranlıq idi. Öz-özümə fikirləşdim ki, yəqin işığı yanlı olanlar oruc tutmaq üçün oyananlardı. Yoxsa camaat niyə bu vaxt oyanıb? Yəni onların da mənim kimi yuxusu qaçıb? Sözsüz ki, belələri belə sayda ola bilməz.
Çox qəribə mənzərə var idi. İki qonşunun biri yatır, digəri isə Allahın ona vacib buyurduğu üçün gecənin bu vaxtı durub oruc tuturdu. Elə bunu fikirləşirdim ki, birdən gözümdən bir damla yaş gəldi. İndi Hüseynin dediyi sözləri daha yaxşı başa düşürdüm. Allahım, doğurdan da sən Özün onların əvəzini verərsən. Axı Allah gecənin bu vaxtı durub oruc tutan qonşu ilə yatan divar qonşusuna eyni mükafat verə bilməz...
Bir də özümə baxdım. Mən heç vaxt gecənin bu saatında durub yemək yeməmişdim. Bu hal məndə birinci dəfə idi. Özü də bunun Ramazan ayına təsadüf etməsi çox qəribədir. Yəqin ki, bu Allahın mənə bir hədiyyəsidır. Deməli, mən də bu gün oruc tutmalıyam.
Amma çox susuz idim. Stolun üstündə ki, qəfədandan iki stəkan su içdim. Bir az fikirə getmişdim ki, qulağıma bir səsi gəldi:
Allahu Əkbər! Allahu Əkbər! ...
Bəli, bu azan səsi idi. Artıq mən oruc tutmuş hesab olunurdum. Elə bil mən indiyənədək qaranlıq otaqda idim, indi işıqlığa çıxdım...
Oturub azana qulaq asdım. Mən əvvəllər də azan eşitmişdim. Ancaq bu azan o birilərindən fərqlənirdi. Bəlkə də mənə elə gəlirdi.
Azan qurtardıqdan təxminən iyirmi dəqiqə sonra yatmağa getdim. İçimdə böyük bir sevinc var idi. Qanadım olsaydı uçardım...
Səhər açıldı. Atam işə getmək üçün hazırlaşırdı. Elə məni də atamın ayaq səsləri oyatdı. Gözlərimi açan kimi gülümsəməyə başladım. Mən çox xoşbəxt idim. Özümü böyük bir cəmiyyətin kiçik bir üzvü kimi hiss edirdim.
Təxminən yarım saatdan sonra mən də evdən çıxmalı olduğumdan yatağımdan qalxıb hazırlaşmağa başladım. Evdən çıxıb birbaşa Hüseyngilə getdim. Mənə elə gəlirdi ki, yolda hər kəs mənə baxır. Sanki, onlar mənim bu gün birinci dəfə oruc tutduğumu bilirbilər.
Birdən Hüseynlə rastlaşdım. Elə o da bizə gəlirmiş. O, məni görən kimi gözlərimin güldüyünü və həmişəkindən fərqli olduğumu dedi. Sanki mənim oruc olduğumu bilirdi.
Bəlkə də bilirdi. Axı Hüseyngilin də evləri bizim binanın qarşısındakı binada idi...


Xəqani Səfərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

среда, июля 09, 2008

Qadınlar bayramı və Qadınlıq zirvəsi

Qadın. Ülviliyin və zərifliyin zirvəsi. Bəşərin ilham qaynağı. Bir əmanət nişanəsi. Bir hərəkətverici qüvvə. Ana obrazının özü. Yarıları tamamlayanlar...
Daima qadına cəmiyyətin aşağı təbəqəsi kimi baxılmışdır. Əslində bu baxanlar cəm olaraq kişilərdən ibarət idilər. Özlərinin fiziki üstünlüklərindən istifadə ederək əzmişlər, üstələmişlər öldürmüşlər. Qadın bir əşya. Qadın bir nəsil artırn maşını. Qadın başqa heç nə.
Özlərini postmodernçi sayanlar da hələ qadının nə olduğunu anlamamışlar. Əslində qadın anlayışı altında insanlıq anlayışından da qat-qat aşağıları başa düşmüşlər. Qondarma qadın fenomeni meydana gətirmiş və onun nümunə olduğunu fərz etmişlər.
“Mütəfəkkirlər” nəzəriyyələr yazmışlar. Ancaq bunların heç biri qadının anlayışının əsl özünü aça bilməmişdi. Bütün bu nəzəriyyələrdə unudulan və yaddan çıxa bir şey var idi- “bütövün iki hissədən ibarətliliyi” .
Əslində onlar unutmuşlar özlərinin bir yarı olduqlarını və tamlanmaları üçün digər yarıya- Qadına ehtiyacı olduqlarını. Unutmuşlar sevgili yar anlayışını. “Yarım mənim” ifadəsini ancaq sözdə olduğunu təsəvvür etmişlər. Unutmuşlar “yarım mənim “ deyəndə, əslində özlərinin məhz o “yarıya” ehtiyacları olduqlarını birbaşa etiraf etdiklərini. Qadına digər yarı kimi baxmamağın nəticəsidə kişi obrazın ikidə birliyində qalmış və bu qeyri-bütövlük riyaziliklə kifayətlənməmiş, onun yaşayışını natamamlamışdi.
Özü ilə hidayətlik nurunu gətirən İslam… Qırdı bütün ətalətlətri... Dəyişdirdi qadına baxış bucağını. Qadının əslində nə olduğunu öyrətdi bəşəriyyətə. Ancaq bu öyrətim nəzəriyyədən ibarət olmadı. Bir çox nümunələrdə göstərdi. Zirvə göstərdi. Sonsuzluq göstərdı. Hədəf göstərdı. Zəhra (s.ə) göstərdi. Zeynəb (s.ə) göstərdi.
Nə üçün? Özündən sonrakıların hədəfə doğru irəliləməsi üçün. Nə üçün? Qadın deyiləndə nə başa düşülməsi lazım gəldiyini bildirmək üçün. Nə üçün? Qondarma psevdo-qadın fenomenini yaranmaması üçün. “Mütəfəkkirlərə” dərs vermək üçün və daha nə qədər “nə üçün?”- lərin cavabın vermək üçün.
Həmişə olduğu kimi, yenə də bəşəriyyət azdı yolunu. Unutdu “qadınlığın” özünü. Bəlkə də qorxdu dərk etməyə. Bəlkə də qorxdu özünün yarı olduğunu qəbul etməyi. Bəlkə də qorxdu ehtiyaclı olmağından.
Ona görə də ortaya daha zəif, daha gücsüz qadın obrazı çıxardı. Bununla kifayətlənməyib bu obrazı daha ali bir nümunə kimi təqdim etdi. Qadın susuzluğu çəkən bəşəriyyət də bunu qəbul etdi. Ardınca qondarma qadın bayramlarını, qondarma qadın nağıllarını və sairələri qəbul etməyə məcbur edildi bəşəriyyət.
Qadın deyəndə ancaq fiziki qadın başa düşüldü. Bu cür dar düşüncəli bəşəriyyət İslamın təqdim etdiyi vücudi qadını anlaya bilməzdı. Elə anlamadı da. Əgər anlasaydı, bu gün «gözəllik müsabiqələri» adlandırılan diri hərraclar keçirilməzdi. Əgər anlasaydı reklamların baxımlılığını artırmaq üçün qadınlardan istifadə etməzdilər. Əgər anlasaydı, qadın bayramının ünvanı və fəlsəfəsındə səhv etməzdilər.
Qadın bayramı - yəni nə? Hər qadının bayramıdırmı? Bu suala sadəlövh yeni dünya adamları bəlkə də “hə” deməklə bir növ məsuliyyətdən qacırlar. Təəccüblü də deyil. Daha geniş fikirləşə bilməməyin nəticəsidir. Ətalətlər, ətalətlər.....
Qadınlar bayramı - QADINLARın bayramıdı. Fiziki qadın doğulmuşların yox. Bu gün o qadınların bayramıdir ki, özlərində vicudi qadınlıq yükünü daşıyırlar. Məhz bu vücudi qadınlıq onları fiziki qadınlıqdan daha yuxarıya qaldırır. Başqa sözlə desək “yar”lıq obrazından daha yuxarı - bütövləşdirici, tamamlayıcılıq zirvəsinə yüksəldir. Bu cür vücudi qadın bəşəriyyətin norma kimi göstərdiyindən çox-çox uzaqdır Əgər bəşər övladı “Əgər bəşəriyyət qadınsız olsaydı” deyə bilirsə… Axı vücüdi mənada götürdükdə “Əgər bəşəriyyət qadınsız olsaydı“ ifadəsi yoxdu. Çünki əgər bəşəriyyət qadınsız olsaydı, bəşəriyyət anlayışı olmazdı.
Bəli, bu gün məhz vücudi qadınların bayramıdi. Çünki bu gün vücudi qadınların zirvəsi Xanım Fatimeyi-Zəhranın (s.ə) mövlud günüdü. Ad günün mübarək ey Xanım Fatimeyi-Zəhra (s.ə)! Ad günün mübarək, ey üzünü görmədiyim anam! Qadınlar bayramın mübarək olsun Sənin və bütün vücudi QADINlıq şərəfini daşıyanların.
Xəqani Səfərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi