Показаны сообщения с ярлыком yazar: Azər Nəsirov. Показать все сообщения
Показаны сообщения с ярлыком yazar: Azər Nəsirov. Показать все сообщения

вторник, октября 07, 2008

Qüds – tövhidə inancın əməli göstəricisi

İxtilaflar... İnsan həyatının qaçılmaz həqiqəti. Var bəzi insanlar ki, ixtilafları, ziddiyyətləri bəşəriyyətin tərəqqisinin özəyi hesab edirlər.

Çox- çox qədimlərdə yaşamış və öz dövrü üçün çox ali bir mətləbə toxunan Platon qeyd edirdi ki, insan həqiqi olmayan şeylərə aşiq ola bilmir. Yəni heç bir fenomen insan üçün öz cazibədarlığını qoruyub saxlaya bilmir. İnsan üçün arzu olan bu xoşagəlimli "həqiqətlər" dadıldıqdan sonra adiləşir. Və insan soyuyur. Əgər soyuyursa, deməli, o, keçici bir həqiqətdir – məcazdır. Zaman- zaman insan bu növ "həqiqətlər"in axtarışında olmuş, ona çatandan sonra yanıldığını anlamış və bir qədər əvvəl onunçün arzu olan bir fenomen artıq ona yorucu gəlməyə başlamış. Beləcə insan oğlu ömrünü tükətmiş.

Məhz buna görə insan əbədi yaşamaq meylindən heç vaxt usanmamış, çünki təcrübə etməmiş onu.

İxtilaflar da məhz bundan sonra başlamış. Kimiləri həqiqətlərini məcazla səhv salmış, kimilərini də məcazlar, maddi illüziyalar həqiqətə gedən yoldan sapdırmış. Allah da belələrini həp cəzalandırmış...

Bir zamanlar vahid bir güc olan müsəlmanlar məhz maddi illüziyaların gətirdiyi ixtilafların nəticəsində parçalandı. Və sanki, Allah da hər dəfəsində müsəlmana ixtilafından dolayı bir bəla göndərdi. Həzrət Peyğəmbərin (s) vəfatından sonra onların öz içlərindən zalım hökmdarlar, daha sonra məzhəb ixtilaflaına görə Xaç yürüşləri, daha sonra Teymurləng..., daha sonra sionizm, erməni vəhşilikləri, daha nələr, nələr ...

Bu ixtilaflardan (maddi illuziyalara aludəçilik ) biri də Fələstin torpaqlarında sioizm toxumlarını səpdi. Və artıq çox keçmədən bu toxumlar Qüds boyda "bəhrə" verdi. Müsəlmanlar ayılmaqdansa, onun həllində də ixtilafa düşdü. Misrin separatçı sulhə getməsi, İordaniyanın yaxasını çəkməsi, ərəb şeyxlərinin məlum özünüsığorta davranışları bu günədək sağalmaz bir yara açdı Müsəlman Şərqinin düz göbəyinin başında. Şeriyatına çox hörmət etdiyim M.Arazın dediyi kimi

Məndən ötdü!...

Məndən ötdü!...

Sevincə bax, qeyrətə bax!

Bunu yaran xilqətə bax!

Məndən ötdü!...

Qulağımdan getmir bu səs.

Zərbələri qardaşına ötürən kəs...

Görünür o zamanlar ərəb şeyxləri Misir, İordaniya nəinki Qurann «möminləri qoyub, kafirləri dost tutmayın» çağırışını unutmuşdular, ümumiyyətlə insan oğlunun bir cövhərdən yaranmış olduğunu unudan sionistlərin separatçı rejimini tanımaqla onlar kimi düşünürdülər əslində. Bu isə artıq tovhid məfkurəsindən çıxmaq demək idi.

Allah da belələrini unutqanlıqla cəzalandırdı…

Fələstin müsəlman unutqanlığının qurbanı oldu...

Qüds mübaliğəsiz tovhid inancının əməli müstəvidə göstəricisidir, müsəlman kimliyinin özüdür. Yəni Qüds həqiqi daşımasıyla bərabər, həm də rəmzi keyfiyyətləri özündə ehtiva edir. O, rəmzi keyfiyyətlər isə maddi illuziyaların gətirdiyi sərxoşluq, unutqanlıq, süstlük, Qarabağ, Kəşmir və digər müsəlman dərdləridir.

Amma bu yanaşmanın radiusu heç də müsəlmançılıqla məhdudlaşmır, əksinə, bura irqindən, dinindən, rəngindən aslı olmayaraq hər bir dünya insanına yönəldilmiş separatizm təhlükələri də daxildir. Çünki müsəlman insanlara bir cövhərdən yaranmış konsepsiyası ilə baxır…

Azər Nəsirov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

среда, июня 11, 2008

Qorxu - hərəkətverici qüvvə

Bu dünyanın hər daşının arxasından bir qorxu nümunəsi boylanaraq insanı səsləyir. Və bu qorxular insanın hərəkətverici amilinə çevrilmiş. Hətta bəzən insanı passivliyə sövq etməsinə rəğmən, yenə də hərəkətverici özəlliyini itirmir, əksinə passivliyin özünə doğru da hərəkətə sövq edir insanı.
Maraqlı gərdişi var çərxi-fələyin. Əslində, həqiqi varlığı olmayan, lakin varlıqların bir-birinə nisbətində yaranan bir şeyin insanın hərəkətverici amilinə çevrilməsi bu həmin şeyin üzərində düşünməməyin mümkününə bir "qeyri" əlavə etməyi deterministcəsinə insana hökm edir.
Qorxu - insanın bir türlü ayrıla bilmədiyi bir duyğu.
Qorxu - dünyada bir çox şeyi sevməməyimizin səbəbi, eyni zamanda bir çox şeyə qəlbimizdə nifrətimizin illəti.
Qorxu - bəzən gözlərimizdə abi-neysan kimi təcəlla edən, bəzən də əlimizdə olanları, sahibləndiklərimizi itirmək təhlükəsiylə bizə yol tapan, amma fərqində olmadan digər bir sahibləndiyimizi - nizamımızı əlimizdən oğurlayan duyğu.
Qorxu - bəzən umulacaq bir kəs qalmadıqda, döyüləcək bir qapı tapılmadıqda, bir sözlə əllərimiz ətəklərimizdən uzun olduqda bizi Allaha gətürən, bəzən də "iş dünyasına", "ev dünyasına", daha neçə belə "dünyalara" həbs etməklə Allahdan uzaq salan bir duyğu.
Qaranlıqların gətirdiyi qorxu, qaranlıqları gətirən qorxu.
Zülmətləri nura qovuşduran, eynizamanda nura zülmət donu geyindirən - qorxu.
Qorxu - qulun Rəbbindən uzaqlığının, fərağının gətirdiyi iztirab.
Qorxu-Cənnət, Cəhənnəm tamahı.
Bəzən rəqəmlərdən belə qorxur insan, yəgin hər birimizçün şagird dönəmlərində müəllimimizin qələmindən mürəkkəblə süzülən "2" rəqəminin gətirdiyi o hiss yad deyil. Yaxud məhkəmələrdə məhbuslarçün hakimin dilindən səslənən "10 il", "15 il" kimi vahiməli rəqəmlər nəinki onları, bizi belə qorxudur.
Bəzən də səslər qorxudur insanı. Bəzən adam qorxanda, bəlkə də adi şəraitdə eşidəcəyi tədqirdə sadə qarşılayacağı səslər ona vahiməli və qorxunc gəlir. Bəzən də məhz səslər özü qorxunu gətirir: Fələstində, İraqda insanların artıq yaşam tərzlərinə çevrilmiş güllə səsləri kimi.
Bu dünya yaman qorxudur insanı. Sanki Fələyin dəyirmanında qorxu nümunələri üyüdülür. İnsanın dünyadan azad olmaq istəyinə məhəl qoymadan bu dünyanın qorxularının belə rəngarəngliyi insanı lap təngə gətirir. Allahsa ömrünün ən çətin anlarında mağarada sığınan Peyğəmbəri (s) vasitəsiylə bütün qorxan insanlara səslənərək: "QORXMA, ALLAH BİZİMLƏDİR" deyir.
P.S. Rənglər də qorxudur insanı, məsələn: lənətlənmiş israil əsgərlərinin Fələstində insanlara tutduğu divanda insanların bədənlərindən - sanki, belə də olmalıymış kimi - axan qanın qırmızısı, yaxud Buş administrasiyasının, daha dəqiq, "Ağ evin" belə "bəyazlığının" insanlara gətirdiyi faciə, yaxud da Buşun YAŞIL rəngə olan allergiyasından dolayı "Ağ ev"in "bəyazlıqlarıyla" bu YAŞILLIQLARA qara yaxması…

Azər Nəsirov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi


четверг, февраля 28, 2008

Pəncərələrdən baxılan İslam

Dəniz kənarı. Küləyin dalğaları sahilə çırpması. Quşların uçuşu. Arabir balıqların sudan başını mənimlə oyun oynayırmışlar kimi çıxarması. Qarın narın-narın, həm də ruhumu oxşadacaq dərəcədə səssizcə yağması. İnsanların yanımdan yarışən, yarıqəmli ötüb keçməsi. Və bu gözəlliklər qarşısında ruhumun dincəlməsini sezən - mən.
Küləyin dalğaları təmənnasız, həm də məni dincəltmək üçün Xəzərin bu başından mənim indi görə bilmədiyim sahillərə - uzaqlara daşıması qəribə göründü mənə. Təbiət mənə təmannasız tamaşa verirdi sanki...
Görəsən, bu gözəlliklər ruhumun onları seyr edərək dincəlməsi üçünmü, yoxsa bu mənzərələr insan var olandan bəri hər gün gözünün qarşısında dikldiyinə görə insan da, əslində, gözəl olmayan bu mənzərələrdə gözəlliklər aramağa başlamış və onların gözəl olduğuna inanmağa başlamış məcburən. Mən də bu yalançı bilgiyə təqlid edirəm. Amma yox, bu ehtiyacın içimdən gəldiyini ən azı qarşımdakı mənzərələr qədər aydın sezirdim. İnsanların rahatlıq sevmələri fikri də yad deyildi mənə. "Bu bir fitri təmayüldür" - deyə dodaqaltı pıçıldandım. Bu gözəllikləri yaratdığına, onu duyma istedadını insana verdiyinə görə Allahıma bir şükranlıq duyğusu keçdi içimdən. Bunun özünə də daha bir şükür düşürdü ki, şükretmə imkanını da əsirgəməmişdi Allah.
Əslində, Xəzərin qərb sahilində olmama rəğmən, təbiətin ruhumu incəldərək məni duyğulandırması, bir yandan da insan oğlunu daban-dabana izləyən, bəzən heç özünün də müəyyənləşdirə bilmədiyi fikirlər məni ağuşuna alıb Xəzərin mənim indi görə bilmədiyim sahillərinə - uzaqlara götürmüşdü. Bu şükranlıq duyğusunu mənə öyrədən İslamla tanışdığıma görə çox sevincliydim.
Bu duyğuları keçirtdiyim zaman, hansısa kitabdan oxuduğum bir neçə cümlə yadıma düşdü: "İlahi dinlərin ən önəmli özəlliklərindən biri insanlara bir əxlaqi-yaşayış proqramı təklif edərək əxlaqi fəzilətlərə çatmalarını təmin etməkdir. Bu proqramda yaxşı və pis, gözəl və çirkin - bir sözlə, dəyərlər insanlara açıqlanır".
Görünür, bu gün dünyanın müəyyənləşdirə bilmədiyi dəyərlərin radiusu tikanlı məftillərlə insan yaranandan bəri müəyyənləşdirilb bu fəzilət proqramlarında. Bəs, o zaman, görəsən niyə bəzi təlimlər adam öldürmək, zina kimi ən çirkin əməlləri yalnız öz aralarında yasaqlayaraq başqalarına qarşı bir maneə görmür? Məgər bu fəzilətmi? Və bu yolla səadətə çatmaq düzgünmü?
Artıq bu suallar məni Xəzərin mənim indi görə bilmədiyim sahillərinə deyil, dünya okeanına çıxışının olmamasına rəğmən, Aralıq dənizi sahillərinə - Fələstin adlı torpaqlarda - sionistlərin bu maddəni necə iştahla həyata keçirtdiklərinin tamaşasına götürdü. Bu zaman «gözəlliyin» qüdrətlə yıxıb-dağıtmaq, yandırmaq, susuz, işıqsız qoymaq, öldürmək olduğunu gördüm. Fələstində gördüklərim üstündə filosofların baş sındırdığı dəyərlərin dünyada "qüdrət adlı subyekt"in kriteriyalarına əsaslandığını anladırdı insana. Dünya da buna susmasıyla öz imzasını atırdı. Əxlaqi tələblərin var oluşunun səbəbləri bu tələblərin bütün normal insanlarca yaşanmış olmasıdır fikrini dil-dil ötən dünyanın nəzərincə bu əməlləri törədənlər normal insan sərhədlərini aşmırlarmı?!
Qana susamış İsrail əsgərlərinə öz kiçik əlləriylə daş atmaqla, sanki Cavid Əfəndinin repressiya dönəmlərində dediyi kimi - "mənim Tanrım gözəllikdir, sevgidir" deyən balaca fələstinli oğlan uşağı isə adamı riqqətə gətirirdi. Sanki, bu balaca mücahid: «harda nahaqqa qarşı ucalan səs varsa, o, gözəldir və mənim Tanrım oradadır» - deyə hayqırırdı. Bu balaca mücahidin ruhunun göylərdə pərvazı əsgərləri daha da qıcıqlandırırdı. Və onlar bu balaca mücahidi dartıb yerə - öz yanlarına endirmək istəyirdilər. Amma o, yenə də, sanki, Cavidsayağı deyirdi:
Ona məxsus yoxsa bir məva,
Ərşə çıxmaqda varmı bir məna?

Onu öldürməyə qalxışan əsgərlərə dediyi - "məni indi öldürməyiniz də mənimçün gözəldir və burada da Allah vardır" cümləsi isə qaytardı məni Xəzərin qərb sahillərinə. Üzümdə acı bir təbəssümün yaranmasını başını sudan çıxararaq mənə tamaşa edən balığın hürküb dənizin dərinliyinə cummasından sezdim.
Artıq bayaqkı sevincimdən əsər-əlamət qalmamışdı. Bir tərəfdən Fələstində insanların çəkdiyi acının verdiyi iztirab, digər tərəfdən isə balaca mücahidin sözləri məni utandırırdı. Bu mücahid Kərbəla kimi faciədən sonra: "mən (Kərbəlada) gözəllikdən başqa bir şey görmədim" - deyən Xanım Zeynəb məktəbi keçmişdi. Utanırdım. Ona görə ki, mən yalnız təbiətin zahiri gözəlliyindən zövq aldığım halda, Xanım Zeynəb kimilər bütün gözəlliklərin səbəbi Allahın öz gözəlliyindən zövq alırlar. Və zatən Xanım Zeynəb kimilərçün mövcud olan hər şey gözəldir, çünki Ən Gözəldən - Allahdan gəldiyinə görə. Mənim İslama baxışım isə, otağının pəncərəsindən şəhərə boylanıb baxan insanın görə bildiyi "pəncərə şəhərə" bənzəyirdi. Utanırdım ki, hələ müsəlman olaraq İslamı kiçildib öz pəncərəmə sıxışdırmışamsa - bir sözlə, "pəncərə islam"ı etmişəmsə, məhz buna görə dünya üçün İslam pəncərəsiz qaranlıq bir otaq kimi qorxuludur.
«Bəlkə də mənim kimi milyonlarla "pəncərə islamçılar" dünyanı Xanım Zeynəb İslamından - gerçək İslamdan uzaq salıblar» fikri isə, yanımdan keçən insanlardan, sanki, içimdəkiləri duyurmuşlar kimi utandırdı məni. Və sanki dalğalarıyla dəniz, yağan qarıyla səma, yanımdan ötüb-keçən insanlar, hətta dənizin dərinliyinə hürküb cuman balıq da bir cümləni: «Əsl gözəllik Ən Gözəldə - Allahda qərq olub, Onun bəndələrini ən gözəl şəkildə nura çıxarmaq uğrunda mübarizə aparmaqdır» - cümləsini pıçıldayırdılar qulağıma.
Bir gün mənə də belə gözəlliyi duymaq nəsib olacaq ümidiylə ayrıldım bu "pəncərə gözəlliklərdən".

Azər Nəsirov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi





пятница, февраля 01, 2008

Zamanın memuarı

Zaman hər gün tarixin yaddaş kitabçasına özünün ötməsiylə bir memuar yazır. Əgər hər gün bir memuar yazırsa, deməli, fərqliliyi, dəyişkənliyi duyur zaman. Əks təqdirdə zaman hər gün dırnaq içində uzun bir tire çəkərdi. Bu dəyişkənlik fonunda yaranış olan insan, zamanın ona görə yaradılmasına baxmayaraq, zamanın dəyişmə mexanizmindən kənar qala bilmir, dəyişir. Dəyişən insan bir tərəfdən qurub-yaradır, kəşflər edir, dənizin dibindən kosmosa qədər ayağının dəymədiyi yer qoymur, hətta zamanın fövqünə çıxmaq belə istəyir – özünün əbədilik arzusuyla, amma digər tərəfdən qurulub-yaradılan şeyləri, özünün əbədilik arzusuna baxmayaraq, məhv edir.

Əcəba nədən?Görəsən, bu paradoksal həqiqətlər nədən qaynaqlanır?

Zaman bunu bilir və bəlkə də tarixin yaddaş kitabçasına yazıb da bunu. Yazıb ki, bütün bunlar o zaman baş verdi ki, bəşər övladı insan tərbiyəsini öz üzərinə götürdü. Və bu, silahla çörək əldə etmək kimi qorxulu cərəyanlar, Nakasaki, Xirosima kimi faciələr nəticələndi. Və bu, tarixin yaddaş kitabçasında freydlər, nitçelər, markslar, mussolinilər, hitlerlər kimi qorxunc «tərbiyəçilər» əks olundu.

Zaman bilir ki, tərbiyə mürəkkəb bir anlayışdır və onu da bilir ki, insan özü-özünə yaranmadı ki, tərbiyəsini də özü müəyyənləşdirə. Zaman bilir insan özüylə münasibətdə, özünütərbiyədə müvəffəq deyil, hər an özüylə qarşılaşan insan özünü belə uduzur, nəfsinin hiylələrinə uyub laləzar gördüyü çirkablarla uğraşır... Bir zamanlar mələklərin insan oğluna necə səcdə etdiyinin şahidi olan zaman, indi insan oğlunun heyvanlara səcdəsini ürək yanğısıyla müşahidə edir.İnsana səslənərək hayqırır zaman:

-Ey insan, bütün bunların səbəbi Rəbbindən uzaqlığındır. Rəbb – yəni, tərbiyəedici.

Rəbbindən uzaqlıq təbiyədən uzaqlıq deməkdir. Tərbiyə, “böyütmək”, “həyata hazırlamaq”-deməkdir. Səni insan necə həyata hazırlaya bilər ki, onun özü buna ehtiyaclıdır? Yoxsa insanların sənin tərbiyən ilə eksprement aparmasınımı istəyirsən?

Sənin tərbiyəedicin tərbiyənin çeşməsi olmalıdır. Bu çeşməyə dünyaya ilk dəfə ağlayandan bəri teşnəsən. Səni Yaradanın səni səndən yaxşı tanıması, əslində, sadə bir məntiqdir. Ey insan, sənin Rəbbin sənə şah damarından da yaxın olduğunu bəyan edir. Sənin damarlarınla yaşamağına zəmanət olan qan dövranı həyata keçir. Bir an bu qan dövranı dayansa, ölüm səni cənginə alacaq. Amma sən bundan da sənə yaxın olan bir varlıqsız yaşamağa iddialısan. Necə ki, cismin qan dövranı olmadan yoxluğa məhkumdur, sənin ruhun da Allahsız yoxluğa məhkumdur.

Bəli, İlahi ruh İlahdan ayrı qalmaqla heyvandan da aşağı bir səviyyəyə yuvarlanmağa məhkumdur. Əxlaqi fəzilətləri aşaraq özü üçün əbədi səadət təmin etməli olan insanın İlahi-tərbiyədən uzaq düşməklə heyvandan da aşağı səviyyəyə enməsi yoxluqdan da beşbetər bir vəziyyətdir. Vəhşiləşən insanı isə cəza sistemləri belə ram edə bilmir, nəinki tərbiyə... Ona görə ki, ilk dəfə dünyaya ağlayandan etibarən, hələ ağ bir vərəq kimi yazılmamış, təzə-tər, pak, hər bir çirkinlikdən uzaq körpəcə-fidan bala olan zaman onu çirkinliklərə bulaşdırıblar.

Dünyaya ilk dəfə ağlamaqla dünyanı sevincə qərq edən bu körpəcə-fidan ağlamasıyla bizi güldürməsi bizim də onu öz sevincdən doğan gülüşlərimizlə güldürməyimizçündür, bəlkə də... Amma o, gülmür, elə heeey ağlayır. Çünki gülüşlərimizin mənbəyi bizə görə sevincdir. Amma uşaq bizim gülüşlərimizdə “xortdan gülüşləri” görür. Heç vaxt gülməyəcək. Axı, bilir bu “xortdanlar” onu da dəyişib “xortdan” edəcəklər.

Amma zaman her şeydən fərqli olaraq uşağı “tərbiyə” edib ona nəsə öyrədib onu dəyişməyin tərəfdarı deyil, əksinə – uşağın həmin pak halını qorumaq və ona iradə libası geyindirmək, onu fitrətə yönəltməyin tərəfdarıdır. Bütün bunları bir zamanlar tarixin yaddaş kitabçasına yazdığı İslam adlı memuardan oxuyur zaman, oxuyur və onda bəşəriyyətin “müasirlik” adı altında tərbiyəsizlikləri mənimsəməsiylə bağlı narahatçılıq yaransa da, o, nikbindir. Çünki zaman öz sahibinin-SAHİB-ZAMAN MEHDİnin (ə.f.) intizarındadır. Bir də axı, zaman tarixin yaddaş kitabçasına ataların “tarix təkrarlanır” deyimini də yazıb... Tarix təkrarlananda isə zaman, sadəcə, dırnaq içində uzun bir tire atacaq, təkrarçılıq olmasın deyə...



İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyasının
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Azər Nəsirov