Показаны сообщения с ярлыком Məşhədi Xanım. Показать все сообщения
Показаны сообщения с ярлыком Məşhədi Xanım. Показать все сообщения

понедельник, марта 02, 2009

Uşaqların sevgi istəyi fitridir

Uşaqlar Allahın bizlərə bəxş etdiyi ən gözəl bir nemətdir. Və o zaman ki, bu nemət dünyaya gəlir, müxtəlif meyl və instinktlərə malik olur. Bu meyl və instinktlər iki qism olur. Onlardan bir qismi bilqüvvədir, yəni bu meyllər vardır, ancaq hələ fəaliyyətə keçməyibdir, elə bil köz altında yatan alovdur. Ancaq ikinci qism meyl və instinktlər bilfeldir, yəni fəaliyyət halındadır. Məsələn aclıq instinkti, belə ki, uşaq dünyaya göz açdığı gündən qida mənbəyini axtarır və ac olduğunu hiss edir. Bundan başqa onun bilfel halında olan xüsusiyyətlərindən biri də elmə olan meylidir. Onun elmə və dinə olan meyli də dünyaya göz açdığı gündən fəaliyyətdədir. Ona görə də İslam dinində dünyaya gələn uşağın qulağına azan və iqamə oxunması vacib sayılır. Çünki İslam dini deyir ki, bu uşaq sağ qulağına oxunana azanı və sol qulağına oxunan iqaməni dərk edir. Bundan başqa, hədislərimizin bir çoxunda valideynlərə tövsiyə olunur ki, uşaqların yanında qeybət etməsinlər, baxmayaraq ki, bu uşaq bir aylıqdır və ya bir az böyükdür, bu söhbətlər onun zehnində əsər qoyur.

Bu məsələnin ciddiliyini daha yaxşı dərk etmək üçün olmuş bir hadisəni danışmaq xatırlatmaq yerinə düşər. Fransalı bir qadının beynində problem yaranır və onu əməliyyat etməli olurlar. Bu qadının kəllə sümüyünü açırlar və bıçağı beynin xüsusi yerinə toxunduranda o alman marşını oxumağa başlayır və bu hadisə bir neçə dəfə təkrar olur. Onu əməliyyat edib qurtarırlar və xəstə özünə gələndən sonra ondan soruşurlar ki, savadı varmı, alman dilini bilirmi? O cavab verir ki, xeyr. Bu zaman həkimlərin təəccübü daha da artır. Onlar iclas keçirərək buraya psixoloqları, neyro cərrahları, psixoterapevtləri çağırırlar və məsləhət zamanı aydın olur ki, İkinci dünya müharibəsi zamanı almanlar Fransanı tutmuşdular və onlar fransızların evlərinə girir və orada gecələyirdilər, bu zaman həmin qadın beşikdə olan bir körpə imiş və onun beşiyinin yanında alman əsgərinin oxuduğu alman marşı bu uşağın zehninə həkk olubdur.

Bu hadisə bir daha onu sübüt edir ki, uşaq zehninə eşitdiyi hər bir söz təsir qoyur, nəinki söz, hətta əməl də. Belə ki, valideynlərə uşağın yanında diqqətli olmaq tövsiyə olunur, çünki bütün etdikləri onun ruhiyyəsinə mənfi təsir qoya bilər.

Uşaqların dünyaya gəldiyi gündən bilfel olan meyllərindən biri də məhəbbət istəyidir, sevgi istəyidir. Belə ki, dünyaya gələn uşaq qida mənbəyini axtardığı kimi, məhəbbət və naz da istəyir. Onun fitrəti deyir: mən anamın sinəsini istəyirəm ki, tox olam, mən anamın məhəbbətini istəyirəm ki, başım həmişə anamın sinəsi üstündə olsun və anamın nəvaziş əli başımın üstündə olsun. Ana əllərinin nəvazişi, ürəyinin döyüntüsü, ananın südü elə əvvəl gündən uşağın bədəninin, zehninin dərinliyinə əsər qoyur. Valideyn bilməlidir ki, uşağın qidaya ehtiyacı olduğu kimi məhəbbətə və nəvazişə də ehtiyacı vardır. Əks halda onda kompleks yarana bilər. Bir neçə aylıq uşağı əgər sığallayıb, onun üzünə gülsən, o da sənə güləcəkdir. Əgər qışqırıb, hay-küy salsan - ağlayacaqdır və o, bununla demək istəyir ki, mən naz istəyirəm, məhəbbət istəyirəm, gərək mənə məhəbbət göstərəsən. Dünyaya gəldiyi gündən, bir yaşında, 10 yaşında, 15 yaşında məhəbbət istəyir. Ancaq bu zaman məhəbbətlər fərqli olur.

Valideyn məhəbbəti təkcə anaların öhdəsində deyildir, ata da bilməlidir ki, bu onun uşağıdır və ona məhəbbət göstərmək onun da vəzifəsidir və hər dəfə evə gələndə uşağı dizi üstə otuzdurub, onunla uşaq dilində danışmalıdır, nəvazişlə başını sığallamalıdır. O atalar ki, evdə olan zaman çox vaxt yatırlar və ya günlərlə evə gəlmirlər, gərək bilsinlər ki, bu məsələ ciddidir və kompleksə gətirib çıxara bilər. Onların ilk gündən körpəyə verdikləri tərbiyə ona nəvaziş etməkləri, onunla söhbət etməkləri, uşağın yanında əyləşməkləri, onu dinləməkləri və uşağın sözlərinə fikir verməklərilədir. Həmin iki və üç yaşlı uşağın da öz dili vardır, ana və ata onun sözlərinə diqqət etməlidirlər. Uşaqların sözlərinə diqqətsizlik etmək və onların sözlərinə məhəl qoymamaq təhlükə zəngini çalır. Ona görə ehtiyatlı olun ki, uşaqlarınız ilk gündən kompleksli olmasınlar, siz atalar hər nə işdə olursunuz-olun, kim olursunuz-olun bilin ki, ən vacib işiniz uşağınızdır və bu uşaqlara bir saat və ya iki saat vaxt ayırmaq lazımdır. Çünki bu onun ruhu qidasıdır və sən əgər bu körpənin dünyaya gəlməyinə vasitəçi olmusansa, onun məsuliyyətlərini də dərk etməlisən.

Ona görə xülasə olaraq, deyə bilərik ki, insan qidasız qaldığı zaman öldüyü kimi, məhəbbətsiz qaldığı zaman da onun ruhu ölür, çünki onun fitrəti bunu istəyir, o, diqqət və məhəbbət istəyir. Əgər onların ruhi qidalarını verməsək, onlarda kompleks yaranacaqdır.

Uca Allahdan uşaq tərbiyəsi kimi məsuliyyətli işdə tofiqat diləyirik!

Məşhədi Xanım, “Dəyərlər”

воскресенье, марта 01, 2009

Sehr nədir və nə vaxt yaranmışdır?

Sehr nədir və hansı tarixdən yaranması haqqında çox bəhslər olmuşdu. Bunu demək olar ki, sehr çox qədim zamanlardan insanlar arasında meydana gəlmişdir. Ancaq onun dəqiq tarixi əlimizdə yoxdur və onu da dəqiq demək mümkün deyildir ki, cadugərlik ilk dəfə kim tərəfindən yaradılmışdır.

Ancaq sehrin məna və həqiqəti haqqında demək olar ki, sehr qeyri-adi bir əməldir ki, insanda öz təsirini qoyur. Bəzən gözbağlıca və hoqqabazlıq kimi olur və bəzən də psixoloji və xəyali təsir bağışlayır.

Sehr Quranda üç mənada gəlmişdir:

1- O xəyallar ki, həqiqətdən uzaqdır, hoqqabazlıq kimi.

2- Şeytanların məxsusi yollardan cəlb edilib onlardan kömək istəmək.

3- Başqa mənası hamının təxmin etdiyidir və o da bəzi vasitələrlə mövcudatların şəklini və mahiyyətini dəyişdirməkdir. Məsələn: İnsanı sehrin vasitəsilə heyvana çevirmək. Bütün bunlar bir növ xəyaldır və həqiqət deyildir.

Sehr haqqında Quranın «Taha», «Şüəra», «Yunis», «Əraf» və başqa surələrində təxminən 51 dəfə məlumat verilmişdir və onların bəziləri Musa(ə), İsa(ə), bəziləri Həzrət Muhəmməd (s) haqqında gəlmişdir və bütün bunlardan belə nəticəyə gələ bilərik ki, sehr Quranın nəzərincə iki yerə bölünür:

1- O sehrlər ki, hoqqabazlıq, gözbağlıca, aldadıcı məqsədlər üçündür və bu sehrlər həqiqətdən uzaqdırlar. «Taha» surəsinin 66-cı ayəsində Allah buyurur: "Onların sehri nəticəsində Musaya elə gəldi ki, onların kəndirləri və çəlikləri çabalayır". «Əraf» surəsinin 116-cı ayəsində buyurur: "Adamların gözlərini sehirləyib onları qorxutdular və böyük bir sehr göstərdilər."

Bu ayələrdən məlum olur ki, sehr həqiqətə yaxın deyildir ki, əşyaya təsir etsin, əksinə bütün bunlar sehirbazların fokuslarıdır ki, bunun vasitəsilə tamaşaçıların gözlərini bağlayırlar.

2- Quranın bəzi ayələrindən isə belə nəticəyə gəlmək olur ki, sehrlərin bəzi növləri doğurdan da təsir qoyandırlar. «Bəqərə» surəsinin 102-ci ayəsində Allah buyurur: "Amma onlar o iki mələkdən (Harut və Marut) bir şeylər öyrənirdilər ki, onunla ərlə-arvad arasına ayrılıq salsınlar".

Görəsən sehr təkcə psixologiyaya təsir göstərir, onun cismə təsiri mümkündürmü? Bəzi təfsirçilər onun ancaq psixoloji təsir göstərdiyini söyləyirlər.

Bundan başqa onu da qeyd etmək lazımdır ki, sehirbazların çoxu kimyəvi maddələrdən istifadə edərdilər.

Məsələn Musanın(ə) zamanındakı sehirbazlar haqqında tarixdə oxuyuruq ki, onlar əsalarının içini müəyyən kimyəvi maddələrlə (civə) doldururdular və günəş batandan sonra əsanın altında yerləşdirdiyi istilik verən bir vasitə ilə onu hərəkətə gətirərdilər və tamaşaçılar da fikirlərşirdilər ki, onlar diriliblər.

İslam fəqihləri sehr etməyi və cadu ilə məşğul olmağı haram sayırlar.

İslami mətnlərdən bizə çatan hədisə nəzər salaq. Həzrət Əli (ə) buyurur: "O kəs ki, sehr öyrənsə, az və ya çox kafir olmuşdur və onun Allah ilə rabitəsi tamamilə kəsilmişdir".

Bizim dövrümüzdə də qədimdə istifadə olunan kimyəvi maddələrdən istifadə etməklə fokuslar göstərirlər. Bundan başqa hipnotizm, telepatiya da sehrin bir qolu hesab edilir. Qısası demək olar ki, sehrin mənası genişdir.

Bunu da deyək ki, insan iradəsinin gücünün genişliyi son zamanlar sübut olunmuşdur. Və müəyyən çalışmalar nəticəsində insanlara və mövcudatlara təsir göstərmək olar.

Bu da maraqlıdır ki, bu çalışmalar iki cür ola bilər . Belə ki, şəri cəhətdən icazə verilən çalışmalar pak nəfsi gücləndirər, qeyri-şəri çalışmalar isə şeytani qüvvələri gücləndirər. Və hər ikisinin qeyri-adi nəticələri ola bilər ki, birincisindəki müsbət, yaradıcı, ikincisində isə dağıdıcı olar.

Bir sözlə sehrlə və cadu ilə məşğul olmaq Allahın bəyənmədiyi əməllərdən sayılır. Uca Allahdan insanlara bu işlərdən uzq olma tofiqatını nəsib etməsini diləyirik.Amin!!!

Məşhədi Xanım

«Dəyərlər»

İsraf Allahın bəyənmədiyi əməllərdəndir

Bu kəlmə gün ərzində çoxumuzun evində rast gəldiyimiz kəlmədir. Suyu israf etmə, işığı israf etmə. Axı nə üçün israf etmək olmaz. İsraf sözünün İslamda özünəməxsus mənası vardır ki, o da insanın öz malını məntiqsiz surətdə istifadə etməsidir.

Başqa cür desək israf o deməkdir ki, malı lazımsız məqsədlər üçün istifadə etməyəsən, hətta əgər az olsa belə. Ancaq əgər malı lazımı yerə istifadə etsən, hətta əgər çox olsa belə, bu israf sayılmaz.

Belə ki, İmam Sadiq(ə) buyurur: «O kəs ki, Allah əmrinə itaətsizlik yolunda malını dağıtsa, bu israf olar və o kəs ki, Allah yolunda malını dağıtsa, o kəs təmkin sahibidir».

Həmin Həzrətdən(ə) yenə nəql olunur ki, hamı üçün xurma gətirməsini istədi və orada olanların bəziləri xurmanı yerir və çərdyini də uzağa atırdılar, bu zaman o həzrət buyurdu: "Bu işi görməyin ki, israfdır və Allah fəsadı sevmir".

Hədislərdə bu məsələyə çox diqqət olunubdur. Başqa hədislərdə oxuyuruq ki, Peyğəmbər(s) yoldan keçirmiş və onun tərəfdarlarından biri dəstəmaz almaqla məşğul imiş və suyu çox yerə tökürmüş. O Həzrət buyurub: «Ey Səyid, niyə israf edirsən?!». O cavab verdi: «Dəstəmaz suyunu da israf etmək olur?». «Bəli hətta əgər bulaq başında olsan belə».

«İsra» surəsinin 27-ci ayəsində Allah buyurur: "Həqiqətən, israfkarlar şeytanların qardaşlarıdırlar. Şeytan isə Allah nemətlərinin nankorudur."

Şeytanın Allah nemətlərinin nankoru olması aydındır. Çünki Allah ona fövqəladə istedad, güc və qüdrət vermişdi və o isə bunları insanları yollarından azdırmaqda istifadə etmişdi.

Ancaq israfçıların lənətlik şeytanın qardaşı olması ona görədir ki, onlar da Allah nemətlərinin nankorlarıdırlar, çünki mallarını lazımı yerlərə istifadə etmirlər.

Şəksiz deyə bilərik ki, Yer kürəsindəki nemətlər onun sakinləri üçün kifayətdir. Ancaq bir şərtlə ki, lazımsız yerə hədər olmasın. Çünki bu nemətlər məhduddurlar, onlardan düzgün istifadə olunmasa ziyan görə bilər.

Belə ki, bir məntəqənin nemətlərdən məhrum olması başqa məntəqələrin də mərhumiyyətinə gətirib çıxarar. Və ya bu günki insanların israfı gələcək nəsllərin məhrumiyyətinə səbəb ola bilər.

Quran bu məsələni şiddətlə pisləmişdir. Belə ki, Allah aşağıdakı ayələrdə buyurur:

"Allah israf edənləri dost tutmaz" («Ənam» surəsi, 141 və «Əraf» surəsi, 31)

"Bizim dönüşümüz Allaha tərəfdir və həqiqətən, həddi aşanlar (israfçılar) cəhənnəm əhlidirlər". ( «Ğafir» surəsi, 43)

"Və həddi aşanların (israfçılaın) əmrinə itaət etməyin!" («Şüəra» surəsi ,151).

"Onlara həddi aşanlar üçün sənin Rəbbinin dərgahında xüsusi nişan qoyulmuşdur." («Zariyat» surəsi, 34).

"Doğrudan da Firon yer üzündə özünü üstün tutan və israfkarlardan idi." («Yunis» surəsi, 83).

"Həqiqətən, Allah həddi aşanı və yalançını hidayət etməz". («Ğafur» surəsi, 28).

"Həddi aşanları isə həlak etdik" («Ənbiya» surəsi, 9).

Yuxarıdakı ayələrdən göründüyü kimi israfçılar lənətlik şeytanın qardaşları kimi təsvir olunublar.

Ayələrin təfsirlərindən belə məlum olur ki, dinimizin hökmlərində israfçılıq o qədər tənqid edilmişdir ki, hətta dəstəmaz suyunu israf etmək, bulaq başında olsan belə pislənmişdir və xurmanın çərdəyini tullamaq da israf hesab olunmuşdur. Ona görə də çalışaq bu müvəqqəti həyatımızda israfa yol verməyək. Öz təcrübəmizdən bilirik ki, bu çox çətindir, ancaq cəhd etmək və Allahdan bu yolda bizə güc və qüvvət verməyini diləməklə inşaallah ki, Qiyamət günü israfçı kimi Allahın qarşısına çıxmarıq. Amin !!!

Məşhədi Xanım,

«Dəyərlər»

Kəbə haqqında nə bilirik?

İslam dinin yarandığı ilk vaxtlarda yəhudilər Peyğəmbərə (s) qiblə ilə bağlı iradlar tuturdular və Beytul-Müqəddəsin Kəbədən üstün olduğunu söyləyirdilər.

«Ali-İmran» surəsində Allah bu haqda buyurur: Əgər Kəbə müsəlmanların qibləsi seçilibsə burada təəcüblü bir şey yoxdur. Çünki bu tövhidin ilk evidir və yer üzündə olan ən qədim məbəddir. Ondan qabaq heç bir yerdə Allaha pəstiş edən mərkəz olmayıb (yəni o ilk pərəstiş mərkəzi olub). O Ev, xalq üçün və bəşəriyyətin xeyrinə inşa edilmişdir və ictimaiyyətin mərkəzi və bərəkətli yerdir.

İslam tarixi və mənbələri də bizə xəbər verir ki, Kəbə Evi Adəm(ə) tərəfindən bina edilmişdir və Həzrəti Nuhun(ə) tufanında zədələnmiş və Həzrəti İbrahim Xəlil(ə) tərəfindən yenidən inşa edilmişdir. Bu Evə "beytulullah" (Allahın evi) də deyirlər.

Kəbə evinin ilk fəziləti onun qədimiliyi və uzunmüddət qalmasıdır. Və burada Həcərul-Əsvədin niyə ehtiram nişanəsi olmağı aydınlaşdıraq. Bəs bu daşın məxsusluğu nədədir?

Birincisi odur ki, bu daş çox qədim bir daşdır. Və Allaha ibadət yeri olan mərkəzlərdən birində tikinti materialı kimi istifadə olunmuşdur. Bilirik ki, yer üzərində olan bütün pərəstişgahlar, eləcə də Kəbə yenidən inşa edilmişdir. Və onun inşasında istifadə olunan materiallar dəyişmişdir. Ancaq həmin daş parçası min illər keçməsinə baxmayaraq, bu evin bir hissəsini təşkil edir. Ona görə də onun əhəmiyyəti Allah yolunda və insanlara xidmət yolunda qədimi olmasıdır.

Bundan başqa bu daş Allah qarşısında ibadət edən böyük peyğəmbərlərin, Allahın məxsus bəndələrinin xatirəsini canlandırır.

Kəbənin yerləşdiyi yerin adı Bəkkədir. Bəkkə izdiham və ictima mənasını verir. İmam Sadiqdən(ə) gələn hədisdə nəql olunur ki, Məkkə şəhərin adıdır və Bəkkə Kəbə evinin inşa edildiyi məhəllənin adıdır.

Peyğəmbərin (s) zamanından bəri nə qədər ki, müsəlmanların sayı artır, Kəbə Evinin də ziyarətçiləri artmağa başlayır. Məscidul-Həram da öz dövrünün xəlifələri tərəfindən genişləndirilirdi.

Əyyaşinin təfsirində nəql olunur ki, Abbasi xəlifəsi Mənsurun zamanında hacıların sayının artması ilə əlaqədar olaraq, xəlifə oranı genişləndirmək istəyirdi. Və Mənsur Kəbənin ətrafında olan evləri almaq istəyirdi, ancaq onların sahibləri öz evlərini tərk etmək istəmirdilər. Mənsur da bundan çox narahat olmuşdu. İnsanları zorla evlərindən çıxartmaq istəmirdi, çünki bu yaxşı nəticə verməzdi, o biri tərəfdən də onlar evlərini satmaq istəmirdilər. Bu haqda İmam Sadiqdən (ə) sual etdi. İmam ona buyurdu: «Bu haqda aydın dəlil vardır ki, onun köməyi ilə nəticə çıxara bilərsən». Soruşdu ki, hansı dəlil? İmam (ə) cavab verdi: «Allahın kitabı». Allah kəlamının hansısı? «Belə ki, Allah buyurur: «İnsanlar üçün tikilən ilk ev Kəbə Evi olub". Beləliklə əgər onlar Kəbə evindən əvvəl orada evlərini tikiblərsə, Kəbənin ətrafı onların malı olardı, ancaq Kəbə Evi əvvəl tikilibsə, bu Kəbəyə məxsus hərəm sayılır». Mənsur əmr etdi ki, onları çağırsınlar və o, bu sözləri onların hüzurunda dedi və camaat da cavab verə bilmədilər. Və nəhayət dedilər: Nə desən ona razı olarıq. Yenə həmin təfsirdə nəql olunur ki, buna oxşar hadisə Mehdi Abbasinin zamanında da təkrar olmuşdu. Və onlar da bu məsələyə cavabı İmam Musa ibni Cəfərin (ə) köməyi ilə tapmışdılar.

Kəbə evinin imtiyazları:

Kəbə evinin dörd imtiyazı qeyd olunur.

1-Mübarəkliyi.

«Mübarək» burada bərəkətli və faydalı mənasında gəlir. Kəbə ona görə bərəkətlidir ki, həm mənəvi və həm də maddi baxımdan dünyanın ən bərəkərli torpağında yerləşir. Bu yerin mənəvi bərəkətini həcc əməlində olan ilahi cazibədə, hərəkətlilikdə, vəhdətdə görmək olar. Burada hamı eyni cür geyinir və eyni İlaha ibadət edirlər və onun zahiri görünüşündən başqa, ruh və fələsəfəsi də bu yerin bərəkətindən danışır.

Maddi cəhətdən isə quru və susuz torpağı olan bu yer heç bir nöqteyi-nəzərdən yaşayış üçün münasib deyildir. Ancaq bu şəhər tarix boyunca abadlı, hərəkətli, yaşayış üçün hazır olan bir yer olmuşdur və burada ticarət də inkişaf etmişdi.

2- Kəbə dünyanı hidayət edən bir yerdir.

Kəbə dünyanı hidayət edən bir yerdir və uzaq və yaxın yerlərdə yaşayan insanlar dənizləri keçərək, səhraları geridə qoyaraq bura tələsirlər. Onlar Həzrəti İbrahimin (ə) zamanından bəri təşkil olunan həcc mərasiminə tələsirlər. Hətta cahil ərəblər belə Kəbəni əziz tuturdular və Həcc mərasimini Həzrəti İbrahimin(ə) mərasimi adı ilə həyata keçiridilər. Və həmin mərasim zamanı öz naqis işlərindən müvəqqəti əl çəkirdilər və beləliklə hətta bütpəsətlər belə bu evin bərəkətindən faydalanırdılar. Bu yerin cazibə qüvvəsi o qədər böyükdür ki, hamını ixtiyarsız olaraq, öz təsiri altına salır.

3-Allahpərəstiliyin aydın nişanələri.

Bu evdə Allahpərəstliyin, tövhidin və mənəviyyatın nişanələri gözə dəyir. Və tarix boyunca düşmələrin bir neçə dəfə buranı dağıtmaq cəhdləri bunun nişanələrindən biridir. Bundan başqa Həzərət İbrahim peyğəmbərdən(ə) qalan nişanələr, Zəm-zəm suyu, Səfa, Mərvə, Həcərül-Əsvəd, Hicri-İsmayıl kimi nişanələr hər biri tarix və əsrləri təcəssüm etdirir və böyük və cavidan xatirələrin aydın nişanəsini göstərir.

4-Kəbə təhlükəsiz bir yerdir.

Həzrəti İbrahim(ə) peyğəmbər Kəbə evini inşa edəndən sonra Məkkə şəhərinn əmin-amanlığını və təhlükəsizliyini Allahdan istəmişdi. "Ey Allah bu yeri amanda və təhlükəsiz qərar ver". Allah da Həzrəti İbrahimin(ə) duasını yerinə yetirdi və oranı əmin-aman və təhlükəsiz yer qərar verdi ki, həm ruhun aramlıq yeri və həm də cəmiyyətin əmin-aman və təhlükəsiz bir yeri olsun ki, ora gəlib ondan ilham alsınlar. Bu şəhər dini qanunlar əsasında da təhlükəsiz sayılır, çünki burada müharibə etmək qadağandır.

Beləliklə Kəbə evinin qədimiliyi, təhlükəsizliyi, bərəkəti bütün müsəlmanları buraya həcc mərasiminə gəlməyə, mənəvi rahatlığa, Həzrəti İbrahim(ə) peyğəmbərdən qalan mərasimləri başqa ölkələrdən olan din qardaşları ilə bir yerdə həyata keçirməyə sövq edir və ilhamlandırır. Və həcc hər bir imkanı olan müsəlman üçün vacib əməldir. Yaxınlaşan həcc mərasimində mömin bacı və qardaşlara səbr və iltimasi dua arzu edirik. Allah bu ilki hacılara həqiqi mənəvi səfər nəsib etsin. Amin!

Məşhədi Xanım,

«Dəyərlər»

Görəsən heyvanlar üçün də yenidən dirçəliş günü olacaqdırmı?

Şəkk yoxdur ki, hesaba çəkilmənin və cəza vermənin ilk şərti ağıl və şüur və onun ardınca da məsuliyyətdir. Bu əqidənin tərəfdarları, əllərində faktlar olduğunu iddia edirlər ki, heyvanların da özlərinə görə dərk etmə qabiliyyətləri vardır. Belə ki, heyvanların həyatı müəyyən nizam ilə davam edir ki, bu da onların bu işi şüurla həyata keçirmələrinə misal ola bilər. Bir çoxlarımız qarışqaların və arıların necə nizamla qida topladığının şahidi olmuş və buna afərin demişik. Bəziləri bütün bunların instinktiv edildiyini söyləyirlər. Ancaq onların da əllərində heç bir sübut yoxdur ki, heyvanların hərəkətləri ağlın iştirakı olmadan həyata keçirilir.

Nə mane ola bilər ki, onlar da hərəkətlərini ağılla etsinlər?! Çox hallar olur ki, heyvanlar təcrübəsi omayan şeylərə, yəni onlar üçün təzə sayılan hadisələrə yeni reaksiyalar göstərirlər. Məsələn quzu ki, ömründə canavar görməyib, onunla ilk dəfə rastlaşanda onun xətərli düşmən olduğunu bilir və hər vasitə ilə ondan qaçmağa çalışır.

Bundan başqa heyvanların öz sahiblərinə isinişməyi bu mövzuya daha bir misaldır. Vəhşi itlərin çoxu öz sahiblərilə və hətta onların kiçik övladlarıyla belə mehriban rəftar edirlər.

Biz bir çox kitablardan heyvanların vəfalı olması haqda və necə insanların xidmətində durduqları haqda çox oxumuşuq. Və hətta bu kitablarda yazılanların çoxu da əfsanə deyildir.

Burada aydın olur ki, bütün bunları instinktdən bilmək olmaz. Çünki instinkt adətən eyni növlü işləri görməyə şamil edilir. Amma o hərəkətlər ki, qabaqcadan onun başına gəlməyib və heyvanların buna göstərdikləri əksül-əməl onun daha çox şüura yaxın olduğunu göstərir.

Yayılmış haldır ki, heyvanları müəyyən məqsədləri həyata keçirmək üçün tərbiyə edirlər. Polis itləri cinayətkarları tutmaq üçün, göyərçinlər məktubları çatdırmaq üçün, ovçu heyvanları şikar etmək üçün. Bütün bunlar onlar üçün ağır vəzifələrdir, ancaq onlar bu vəzifələrin öhdəsindən müvəfəqiyyətlə gəlirlər.

Bundan başqa Quranda gələn bəzi ayələrdən belə başa düşmək olur ki, onlar da dərk etmə qabiliyyətinə malikdirlər. Məsələn: qarışqaların Həzrəti Süleymanın (ə) ordusunun qarşısından keçməkləri, quşun Səba və Yəməndən gətirdiyi xəbərləri Həzrəti Süleymana (ə) söyləməsi kimi.

İslam hədislərində də heyvanların yenidən dirçəlməsi haqda bir çox hədislər gəlmişdir, onlardan bəzilərinə nəzər salaq.

Əbuzərdən nəql olunur, o deyir: Biz peyğəmbərin (s) xidmətində idik və bizim qarşımızda iki keçi bir-birilə buynuzlaşmağa başladılar. Peyğəmbər (s) buyurdu: «Bilirsiniz onlar niyə buynuzlaşdılar?» Orada olanlar dedilər ki, yox. Peyğəmbər (s) buyurdu: «Ancaq Allah bilir niyə. Və tezliklə onları mühakimə edəcəkdir».

Əhli-təsənnün mənbələrindən gələn başqa hədisdə Peyğəmbərdən (s) nəql olunur ki, "Allah bütün bu insanları Qiyamət günü dirçəldəcək və bəzilərinin qisasını bəzilərindən alacaqdır, hətta heyvanların qisasını belə, onlar ki, buynuzları olmadığı halda başqa buynuzlu heyvan tərəfindən heç bir səbəb olmadan vurulmuşdur".

Görəsən onlar yenidən diriləcəklərsə, boyunlarına təklif (vəzifə) də düşür, yoxsa yox?

Görəsən bu heyvanların boyunlarına təklif düşdüyünü qəbul edə bilərikmi? Belə ki, təklifin şərtləndən biri ağıldır, ona görə də uşaq və dəli təklifdən azaddırlar. Görəsən heyvanlar da həmin ağıla sahibdirlər? Görəsən inana bilərikmi ki, bir heyvanın ağılı kiçik uşağın və ya dəlininkindən çoxdur? Əgər qəbul etsək ki, onların bu cür dərrakələri yoxdur, bəs necə mümkündür ki, onların boynuna təklif düşsün?!

Bütün bu suallara cavab olaraq deməliyik ki, təklifin də mərhələləri vardır və hər mərhələnin özünəməxsus idrakı olmalıdır. İslam qanunlarında göstərilən çox sayda göstərişlər ali dərəcədə ağıla və dərk etmə qabiliyyətinə malik bir insan üçün nəzərdə tutulmuşdur. Biz heç vaxt bunun kimi göstərişləri heyvanlardan gözləyə bilmərik. Çünki onun şərtləri heyvanlarda yoxdur. Ancaq bu göstərişlərin aşağı mərhələsi vardır ki, şüur onun üçün kafidir. Hətta uşaqlar və dəlilər belə bəzi məsələləri başa düşürlər və bunu inkar etmək çətindir. Məsələn 12 yaşlı bir yeniyetmə ki, həddi-buluğa çatmayıb, ancaq mövzuları oxuyur, dərk edir və başa düşür. Əgər o bilərəkdən özünə qəsd edərsə, halbuki bunun ziyanları haqqında məlumatı vardır, demək olarmı ki, o heç bir günah işlətməyib?! Dünyada da çox vaxtı elə hadisələr baş verir ki, qanunlar da bu uşaqları cəzalandırırlar.

Beləliklə həddi-buluğa çatmaq və ağıl təklifin şərtlərindəndir, bu ali mərhələdir. Ancaq aşagı mərhələdə isə kiçik günahları işləmək onların ancaq öz dərk etmə səviyyəsindədir və burada həddi-buluğa çatmağı və ağlı əsas götürmək olmaz.

Və bu mərhələlərə diqqət etsək, heyvanların da ağıl məsələsi həll olmuş olar. Heyvanların yəqin ki, şüurları yerli-dibli olmasa idi, Allaha ibadət etməzdilər və həyatdakı bu nizam-intizama malik olmazdılar. Hətta bitkilərin belə Allaha itaət etdikləri hədislərimizdən məlumdur. Onlar da öz dillərində "La İlahə İlləlallah" kəlməsini gündə bir neçə dəfə deyirlər, bəs biz ki, ali şüura malikik niyə bunu biz də etməyək? Allahım, cəmi bəşəriyyətə ağıl və mükəlləfiyyət nemətinin böyüklüyünü anlamağı nəsib et! Amin!

Məşhədi Xanım,

«Dəyərlər»

понедельник, декабря 22, 2008

Sədəqə nədir?

İnsanlarla ünsiyyət, həqiqətdə Allah ilə ünsiyyət və rabitənin nəticəsidir. O insan ki, Allaha bağlıdır və bütün ruziləri özündən deyil, Allahdan bilir və ona verilən bu canı əmanət olaraq qəbul edir. Bir əmanət ki, nə vaxtsa ondan alınacaqdır. Belə insan Allah yolunda bəxşiş verməkdən heç də narahat olmaz, əksinə xoşhal olar.

Belə ki, Allahın ona verdiyi malı Allah bəndələrinə verər və əvəzinə Allah Təala ona maddi və mənəvi bərəkət əta edər. Bu təfəkkür tərzi insan ruhunu paxıllıqdan və həsəddən pak edər və bu dünyada ki, hər kəs qonaqdır, ixtiyarında olan ruzidən ehtiyacı olanlara verər. Elə bil ki, günəşdir, öz nurunu verir, ancaq əvəzində heç bir bəxşiş gözləmir.

İmam Sadiqdən (ə) gələn hədislərin birindən deyilir: «Elm və biliklərdən ki, onlara təlim verdik nəşr edib, ehtiyacı olanlara öyrədirlər».

Bu hədisdə göründüyü kimi söhbət elmin infaqından (xərclənməsindən) gedir, amma biz daha çox malın infaqı haqqında eşitmişik. Və İmam (ə) mənəvi infaq haqqında danışaraq, onun mənasının genişliyini göstərmək istəmişdi. Yəni alim də elmin zəkatını verməlidir.

Həzrət Peyğəmbərdən (s) belə bir hədis nəql olunur: «Sədəqə kasıbın əlinə keçməzdən əvvəl Allahın əlinə çatır».

İmam Səccaddan (ə) gələn hədisdə isə deyilir: "Allahın əlinə keçən sədəqə bəndənin əlindən düşməz".

Hətta bəzi rəvayətlərdə verilir ki, bu bəndələrin hər bir əməli mələklərə təhvil verilir, ancaq sədəqə birbaşa Allaha çatar.

İmam Sadiqdən (ə) gələn hədisdə deyilir: "O kəs ki, zəkat verir – paxıllıq və hirsdən azad olar".

Bundan başqa hədislərdən bunu da öyrənirik ki, infaq günahların bağışlanmasına səbəb olan amillərdən biridir. Eyni zamanda Allah verilən hər bir sədəqəni bir neçə dəfə artırar.

Bütün bu hədislərdən belə nəticəyə gələ bilərik ki, sədəqə müsəlmanların Allaha yaxınlaşmasının, yəni qurbi-İlahiyə çatmağın yollarından biridir. Sədəqə paxıllığı, həsədi aradan aparar, sədəqə günahların bağışlanılmasına bir vasitə ola bilər. Sədəqə elə bir əməldir ki, birbaşa Allaha çatar. Ona görə Allahın bizə verdiyi nemət və bərəkətlərdən biz də ehtiyac sahiblərinə verək.

Ancaq gəlin bizim dövrümüzdə verilən sədəqələrə nəzər salaq, görəsən bu sədəqələr Məsumlarımızın (ə) bizlərə söylədiyi həmin sədəqədirmi? Məscidlərimizin girişində birinci rast gəldiyimiz şey sədəqə qutusudur. Küçələrdə cavanından tutmuş qocasına qədər, qaraçısından tutmuş yalançı şikəstlərinə qədər hamı sədəqə istəyir. Sədəqənin bu qədər şişirdilməsi düzdürmü? Və həmin bu sədəqələr görəsən doğrudandamı ehtiyacı olanlara çatır, qeyri-məchul yerlərə deyil?!

İnsanların Allah dərgahında bağışlanılmasının tək yolunun sədəqə olduğunu söyləmək də düz olmazdı. Belə ki, müasir insanlar bütün sahələrdə rahatlıq axtardıqları kimi dində də rahatlıq axtarırlar. Belə ki, çoxlu sayda günah edir və onun bağışlanmasının tək yolunu sədəqə verməkdə görürlər. Bunu da qeyd etmək lazımdır ki, hədislərdə oxuduğumuz kimi sədəqə o zaman öz həqiqi mənasını tapar ki, verən insan onu səmimi qəlbdən verir, alan isə ehtiyac sahibi olmalıdır. Və günahların bağışlanmasının tək yolunun da bu olmadığına da işarə etmək istəyərdik. Bəs tövbə, bəs istiğfar, bəs günahdan peşman olub ona qayıtmamağa verdiyimiz sözlər, bəs insanlardan halallıq almaq?! Bunlar necə günahlamızın bağışlanmasını yolları deyilmi? Ona görə sədəqə Allah dərgahında xüsusi məqama malik olduğu kimi tövbəni, istiğfarı da gərək yaddan çıxartmayaq və ehtiyac sahiblərinə sədəqə verək.

Allahım, bizləri infaq edənlərdən qərar ver!

Məşhədi Xanım,

«Dəyərlər»

Meracın məqsədi

(təfsir-nümunə əsasında)

Merac haqqında Qurani Kərimin «Əsra» surəsində bəhs olunmuşdur. Bu səfər haqqında alimlərin çoxu da öz fikirlərini bildiriblər. Lakin onların bəziləri Peyğəmbərimizin(s) cismi və ruhu ilə meracda olduğunu qəbul edə bilmirlər və bunu bir yuxuya bənzədirlər.

Ancaq Peyğəmbərin (s) cismi meracı nə ağıla, nə də elmə ziddir. Onun təfsiri də «Əsra» surəsində geniş verilir.

Bəs meracın məqsədi nə idi? Peyğəmbərin (s) batini şuhuda çatması bir tərəfdən və Allahın əzəmətini öz gözləri ilə görmək başqa bir tərəfdən buna cavab ola bilər. Eyni zamanda mələklər, cənnət əhli, peyğəmbərlərin ruhları və cəhənnəm əhlini müşahidə etmək mühüm məsələlərdən biridir ki, mübarək ömrü boyunca Allahın bu təlim-tərbiyəsindən ilham almışdı.

İslami hədislərdə merac məsələsi müxtəlif cür verilib. Elə ona görə də bu hədisləri 4 qrupa bölürlər:

1. O hədislər ki, dövrü olduqları üçün qətidir. (yəni səhihdir).

2. O hədislər ki, onların qəbul edilməsinə heç bir əqli mane yoxdur.

3. O hədislər ki, zahiri Quran ayələri və İslam hədisləri ilə ziddiyyət təşkil edir, ancaq izah olunandır.

4. O hədislər ki, batil və əsassız mövzulara aiddir ki, heç cür qəbul oluna bilməz.

Bu hədislərdən məlum olur ki, Peyğəmbər(s) bu səma səfərini bir neçə mərhələdə qət etmişdir.

Meracın birinci mərhələsi Məscidül-Həram ilə Məscidül-Əqsa arasında olmuşdur. Bəzi hədislərə əsasən Peyğəmbər (s) Mədinəyə enir və orada namaz qılır. O, həmçinin Məscidül-Həramda böyük peyğəmbərlərin - İbrahim, Musa və İsa (ə) kimi peyğəmbərlərin ruhları ilə namaz qılır və bu namazda imam-camaat Həzrət Peyğəmbər (s) olub. Ondan sonra Peyğəmbərimizin (s) səma səfəri başlayır. Və yeddi qatlı asimanı bir-birinin ardınca geridə qoyur və hər bir qatda yeni bir səhnənin şahidi olur. Peyğəmbərlərə, mələklərə və başqa qatda cəhənnəm əhlinə, başqa yerdə cənnət əhlinə rast gəlir. Peyğəmbər (s) onların hər birindən öz mübarək zehnində qiymətli xatirələr saxlayır. Və yeri gəldikcə öz ümmətinin təlim-tərbiyəsində bunlardan misallar gətirərdi.

Və bu onu göstərir ki, bu səfərin ən mühüm məqsədlərindən biri tərbiyəvi əhəmiyyət daşımasıdır.

Əlbəttə, Peyğəmbərimizin (s) bu səfərdə müşahidə etdiyi cənnət və cəhənnəm Qiyamət cənnət və cəhənnəmi deyil, bərzəx cəhənnəm və cənnətidir. Çünki Qurani-Kərim Qiyamət cəhənnəm və cənnətinin ancaq Qiyamət günündən sonra olacağına şəhadət verir.

Və nəhayət ki, yeddinci qat gəlib çatır və orada nur hicablarını müşahidə edir. Peyğəmbər (s) o nur aləminə daxil olur və Allah Təala ilə ünsiyyət edir. Allah Təala ona bir çox tövsiyələr və əmrlər verir ki, bizim dövrümüzə onlar "Qüdsi Hədislər" şəklində gəlib çatmışdır.

Və bu nöqtəyə diqqət edək ki, Peyğəmbər(s) bu səfərin bəzi yerlərində Həzrət Əlini (ə) yanında müşahidə edir. Bu hədisi belə təfsir edirlər ki, bu, peyğəmbərdən (s) sonra Əlinın (ə) məqamının aliliyinə dəlalət edir.

Bütün bu hədislərdə əsrarəngiz sözlər çoxdur və onların məzmunu kəşf etmək heç də asan deyildir. Ona görə də bu hədislərin həqiqi təfsirini Məsumlar (ə) ediblər.

Beləliklə, mövzumuzu İmam Sadiqdən (ə) gələn hədislə nəticələndirə bilərik. İmama (ə) meracın səbəbi haqqında verilən suala o Həzrət (ə), belə cavab verir: «Allahın heç vaxt məkanı, yeri yoxdur və zaman onun üçün işləmir. Ancaq O istədi ki, mələklər və səma əhli, peyğəmbərin (s) onların arasına gəlməsinə ehtiram göstərsinlər. Və əzəmətlərinin heyrətini Peyğəmbərə (s) göstərsinlər ki, o, qayıdandan sonra bu haqda ümmətinə danışsın».

Allah cəmi iman əhlinə islam maarifini əldə etməkdə tofiqatını nəsib etsin. Amin!

Məşhədi Xanım,

«Dəyərlər»

Tövbənin həqiqəti

Mövzunu Quran ayəsi ilə başlamaq istəyirəm: "Ey o kəslər ki, iman gətirmisiniz. Allaha tərəf qayıdın və tövbə edin, xalis tövbə". Bəli nicat tapmağın tək yolu günahlardan tövbə etməkdir. Ancaq bu tövbə hər nəzərdən xalis olmalıdır. O tövbə ki, ictimai və dünyavi təsirlərin qorxusundan deyil, Allahın tövsiyələrinə və günahdan çəkinməyə görə olsun və insanı həmişə günahdan uzaq tutub və ona qayıdılmasın, bu halda xalis tövbələrdən olar.

Tövbənin həqiqəti günahdan peşman olmaqdır ki, gələcəkdə də ona qayıtmamalıyıq. Tövbəni dildə demək də buna daxildir. Beləliklə tövbəni beş qismə bölmək olar. 1.Günahı tərk etmək, 2. peşmanlıq, 3. gələcəkdə bunu tərk etməyi qərara almaq, 4.keçmişdən imtina etmək, 5.tövbə.

Bəs «nusuh tövbəsi» nədir? Bu haqda bir çox təfsirlər zikr olunmuşdu və bəziləri onların sayının iyirmi üçə qədər olduğunu söyləyirlər. Ancaq bütün bu təfsirlər təqribən bir həqiqətə qayıdır – tövbəyə.

Bəziləri nusuh tövbəsini 4 yerə bölürlər: Qəlb peşmanlığı, dildə tövbə, günahı tərk etmək və gələcəkdə onu tərk etməməyi qərara almaq.

Bəziləri isə hesab edirlər ki, nusuh tövbəsi odur ki, onda üç şərt olsun: az danışmaq, az yemək və az yatmaq.

Və ya nusuh tövbəsi odur ki, gözü yaşlı və qəlbi günahdan gana doymaq olsun. O zaman bu tövbə xalis olar.

Peyğəmbərimizdən (s) belə bir hədis vardır. O Həzrətə (s) sual verirlər ki, nusuh tövbəsi nədir? O Həzrət (s) buyurur: «Odur ki, tövbə edən şəxs heç vaxt günaha qayıtmamalıdır, o cür ki, süd sinəyə bir daha qayıtmayacaqdır».

Bu hədisdən görürük ki, nusuh tövbəsi insanda elə bir inqilab yaradır ki, keçmişə qayıdışı tamamilə bağlayır, necə ki, südün sinəyə bir daha qayıtması qeyri-mümkündür.

Nusuh tövbənin qoyduğu təsirlərə baxsaq 5 böyük səmərə görərik:

1. Günahların bağışlanması.

2. İlahinin bol nemətli behiştinə daxil olmaq.

3. Günah pərdələrinin qalxdığı gündə rüsvayçılığın olmaması ehtimalı.

4. İman nuru və onların əməli onlardan qabaq və sağ tərəflərində hərəkət edəcəkdir və onların behiştə yolunu aydınladacaqdır. O nur ki, qabaqda hərəkət edir "əməl nuru"dur.

5. Allaha olan diqqətləri çoxalacaqdır və onları Allah dərgahına tərəf yönəldəcəkdir.

Beləliklə, bu mövzudan belə nəticə çıxara bilərik ki, geniş mərhəmət sahibi olan Allah insanlara iradə verir, günahları tanıdır və onlardan uzaq olmağa dəvət edir. Lakin hər birimiz yaxşı bilirik ki, həyatımızda irili-xırdalı bir çox günahlar işlətmişik. Qeybətdən tutmuş, sui-zənnə qədər. Lakin o rəhmət sahibi olan Müqəddəs Varlıq, yenə də öz ucalığını göstərək, bizlərin bu bataqlıqdan qurtarmağın yollarını söyləyir. Bu yol tövbədir, özü də xalis tövbə. Elə insanlar vardır ki, rahat günah işlədir və fikirləşirlər ki, tövbə edəcək, vəssəlam. O böyük rəhmət sahibi də onu bağışlayacaqdır. Ancaq söhbət xalis tövbədən gedir. O tövbədən ki, Peyğəmbər (s) və İmamlarımız (ə) bizlərə onu tanıdıblar. İlk növbədə işlətdiyimiz günahdan peşman olmalıyıq, günahı tərk etməliyik, çalışmalıyıq ki, gələcəkdə həmin günahı bir daha təkrar etməyək, günaha aidiyyəti olan şəxslərdən halallıq almalıyıq və nəhayət dilimizdə həmin tövbə kəlməsi olan "Əstəğfirullahə Rəbbi və ətubu iləyh" deməliyik. Allah cümləmizin günahlarına əfv qələmi çəksin. Amin!

Məşhədi Xanım, Dəyərlər

Səbir bütün çətinliklərin açarıdır

Biz Qurani Kərimdə çətinliklərə qalib gəlməyin ən əsas yollarından birinin səbir olduğuna dəfələrlə rast gəlirik. Quranda 70 dəfədən çox səbr haqqında danışılmışdır ki, onların 10-a yaxını şəxsən Peyğəmbərə (s) aid gəlmişdir.

Tarixdəki görkəmli şəxsiyyətlərin çoxu boyunlarına alırdılar ki, onların qələbələrinin mühüm amili səbr və dözüm olmuşdur. O kəslər ki, bu xüsusiyyətdən məhrumdurlar, çətinliklər qarşısında tez bir zamanda təslim olurlar. Onu da qeyd etməliyik ki, bu xüsusiyyətin insanların inkişafındakı rolu, nə imkanlara, nə də istedadlara bağılıdır. Ona görə də Quran Kərim bu mövzuya çox təkid etmişdir. Belə ki, buyrulur: "Ey o kəslər ki, iman gətiriblər, səbr və namazdan kömək alın" («Bəqərə» surəsi). Və sonra buyrulur: "Bu iki qüvvə ilə çətinliklər və ağır hadisələrin savaşına gedin ki, qələbə sizinlə olsun, çünki Allah səbr edənlərlədir".

Səbir heç də bədbəxtliklər qarşısında dözmək və özünü zillətə təslim etmək deyildir, əksinə səbir dedikdə hər çətinlik qarşısında göstərdiyimiz dözüm və mətanət nəzərdə tutulur. Və İslam hədislərində ən ali mərtəbəli səbir odur ki, asilik və günah üçün şərait yarandığı bir vaxtda insan müqavimət göstərib, günahın ləzzətinə göz yumsun.

Bəzi alimlər səbiri üç şaxəyə bölüblər: itaət zamanı səbir, günah qarşısında səbir və müsibət qarşısında səbir.

Səbir haqda İmam Sadiq (ə) maraqlı bir hədis nəql edir ki, o Həzrət (ə) dostlarından birinə buyurur: «O kəs ki, səbir edir, çox az bir müddətə səbir edir. Və o kəs ki, dözür, çox az müddətə dözür». Sonra buyurur: «Bütün işlərində səbrli və dözümlü ol, çünki Allah Təala da Muhəmmədi (s) peyğəmbərliyə seçdi və ona səbr etməyi və mehriban olmağı əmr etdi. "Onların dediyi hər sözün qarşısında səbrli ol və vacib olan zaman onlardan ayrıl, Ancaq bu ayrılma onları həqqə çağırmağa mane olmasın". O, yenə buyurdu: «Yaxşılıq etməklə pisliklərə qarşı dur ki, səninlə düşmən olanlar, bu vaxt səmimi dost olacaqlar. Və bu məqama səbir edənlərdən və imandan böyük bəhrə götürənlərdən başqa heç kim çatmayacaqdır».

Sonra əlavə etdi: «Peyğəmbər (s) səbr etdi, o vaxta qədər ki, bir çox töhmət oxları onu sancmağa başladı və onun ürəyi bu sözlərdən çox sıxıldı və Allah bu ayəni ona nazil etdi: "Bilirik ki, ürəyin onların sözündən çox sıxılıbdır, ancaq Allaha təsbih və həmd et və səcdə edənlərdən ol!"

Onu yenə də inkar etdilər və o çox qəmgin oldu və Allah bu ayəni nazil etdi: "Bilirik ki, onların sözləri səni çox qəmgin edir, ancaq bunu bil ki, onların məqsədləri səni inkar etmək deyildir. Bu zalımlar Allah ayələrini inkar edirlər. Səndən əvvəlki peyğəmbərlər də inkar olunublar, ancaq səbir ediblər. Onlar əziyyət olundular, ancaq səbir etdilər. O vaxta qədər ki, bizim köməyimiz onalara yetişdi" Peyğəmbər (s) yenə səbir etdi, o vaxta qədər ki, onlar hədlərini aşıb, Allaha pis sözlər deməyə başladılar və onu inkar etdilər.

Peyğəmbər (s) buyurdu: «Allahım! Mən özümə, ailəmə, abrıma görə səbir etdim. Amma Sənin müqəddəs məqamına edilən pis sözlər qarşısında səbir edə bilmirəm». Allah ona yenə səbrli olmağı əmr etdi və buyurdu: "Hər nə deyirlərsə, onların qarşısında səbrli ol!"

Sonra Həzrət (ə) əlavə edir: «Peyğəmbər (s) bütün çətinliklərin və müşkillərin qarşısında səbrli oldu və elə bu da səbəb oldu ki, Allah ona peyğəmbərin (s) nəslində imamların və rəhbərlərin olacağı müjdəsini verdi. Və bu imamlara da səbrli olmağı tövsiyə etdi...»

Bu yerdə peyğəmbər (s) buyurur: «Səbir imanın qarşısında sanki bədən qarşısında dayanan başa bənzəyir (yəni bədəni başsız təsəvvür edə bilmədiyimiz kimi, imanı da səbrsiz təsəvvür edə bilmərik). Və nəhayət bu dözüm və səbir müşriklərə qələbə çalmağa səbəb oldu. Və hidayət olunmayan bu müşriklərin intiqam alınma əmrini verdi. Bu onların bu dünyadaki mükafatı idi və bundan başqa axirətdə də onlar üçün mükafat hazırlayır."

Sonra İmam Sadiq (s) buyurur: "O kəs ki, səbr edə və onu Allaha tapşıra, bu dünyadan gedənə qədər düşmənlərinin məğlubiyyətini görər və bundan başqa axirətdə də onun üçün mükafatlar toplanar."

İmam Sadiq(ə) başqa hədisdə deyir:"O vaxt ki, dünya qəmləri ilə qarşılaşırsınız, dəstəmaz alın və məscidə gedin, namaz qılıb, dua edin, çünki Allah buyurub: Səbrdən və namazdan köməklik alın"

«Səbir» kəlməsi bəzi hədisələrdə oruc mənasında gəlir. Belə ki, insan bu böyük ibadət qarşısında səbir göstərir və iradəsi möhkəm, imanı güclü olur. Ona görə də bu ayənin təfsirində bəzi alimlər buyurur ki, Peyğəmbər (s) nə vaxt ki, çətinliklə üzləşirdi onu namaz və oruc sakit edərdi.

İmam Əlinin (ə) səbri tarixdə hamıya məlumdur. O səbrli şəxsiyyət həmişə çətinliklərlə üzləşdiyi zaman namaz qılar və bu ayəni tez-tez təkrar edərdi.

Beləliklə bu bəhsimizdən belə nəticəyə gələ bilərik ki, səbir biz müsəlmanların başlıca xüsusiyyətinə çevrilməlidir. Çünki peyğəmbər (s) və İmamlarımız (ə) da bu xüsusiyyətin sayəsində ali məqamlara çatmışdılar. Səbir etmək imanı gücləndirər və hətta peyğəmbərimiz (s) belə imanı səbrsiz təsəvvür edə bilmir və onu başsız bədən olmadığı kimi səbrsiz imanın olmadığını da xatırladırdı.

Allahım, bizə səbr və mətanət əta etsin. AMİN!!!

Məşhədi Xanım, «Dəyərlər»

четверг, ноября 20, 2008

Din və məhəbbət

Peyğəmbərimizdən (s) gələn bir çox hədislərdə belə nəql olunur: «Din məhəbbətdən başqa bir şey deyildir». Bu hədisin əsas məqsədi odur ki, dinin həqiqət və ruhunun Allaha olan eşq və iman olduğunu bir daha bizlərə xatırlatsın. O iman və eşq ki, insanın bütün vücudunu işıqlandırar.Və bədəninin bütün əzaları onun təsiri altında olar.

Allah Təala Quranda buyurur: «Siz ki, Allaha olan məhəbbətinizi iddia edirsiniz, ona görə onun və Peyğəmbərin (s) tövsiyələrinə əməl edin. Və əgər bundan boyun qaçırsanız, bu Allahı sevmədiyinizin nişanəsi olar. Və Allah bunun kimi şəxsləri sevmir». («Ali-İmran» surəsi)

Bu ayədə işarə olunan bir mövzu diqqəti cəlb edir. Belə ki, Allaha itaət etməklə Peyğəmbərə itaət etmək bir-birindən ayrı gəlmir. Çünki Peyğəmbərə (s) itaət Allaha itaət deməkdir və Allaha itaət etmək Peyğəmbərə itaət deməkdir.

Bu ayədə başqa bir məsələyə də fikir verək ki, Allah buyurur, əgər onlar boyun qaçırsalar və əməldə dostluq etməsələr, deməli onlar öz iddia etdikləri məhəbbətdə sadiq deyillər və Allaha iman gətirməyiblər və təbii ki, Allah bunun kimi insanları sevmir. Deməli, Allaha olan məhəbbəti dildə deyil, əməldə göstərmək lazımdır və o kəs ki, buna gücü çatmır, deməli imanı kamil deyildir. Həmin əməl də Allaha və Peyğəmbərə (s) itaətdir.

Bundan başqa Allah möminlərə xəbərdarlıq edir ki, Allaha olan məhəbbət ilə Allahın düşmənlərinə olan məhəbbət bir ürəkdə birləşməz. Və onların içindən ancaq birini seçmək lazımdır. Əgər həqiqətdə mömindürlərsə, gərək Allah düşmənlərindən uzaq olsunlar və əks halda müsəlman deyillər. Allah Təala buyurur: «Allaha və Qiyamət gününə iman gətirənlərin içərisində heç bir nəfər də tapa bilməzsən ki, Allah və Peyğəmbərin düşmənləri ilə dostluq etsin. İstər atası, övladları, qardaşları və ya qohumları olsun». («Mucadilə» surəsi)

Bəli, bir qəlbdə iki təzadlı məhəbbət yerləşməs. Və hər kim ki, bunların hər ikisindən dəm vurur, ya imanı zəifdir, ya da münafiqdir. Və Allah düşmənləri hətta ataları, övladları, qardaşları, qohumları belə olsa, onlardan uzaq durmalıdır insan. İnsanlara məhəbbət etmək çox yaxşıdır və bu İlahi sevginin nişanələrindəndir. Amma əgər bu məhəbbət Allah məhəbbətini üstələsə, öz mahiyyətini itirər.

Bu hədisə nəzər salaq: Abdulla ibni Əbinin imanlı oğlu var idi. Bir gün görür ki, Peyğəmbər (s) su içir. Peyğəmbərə (s) deyir ki, qabın içində o sudan bir az saxlayın ki, atama verim, bəlkə Allah onun qəlbini pak edə. O zaman ki, oğlan Peyğəmbər (s) tərəfindən içilən suyun qalanını atasına gətirir, o bu sudan içməkdən imtina edir və Allah Rəsulunun (s) ünvanına nalayiq sözlər deyir. Həmin oğlan Peyğəmbərin (s) yanına gələrək atasını öldürmək üçün icazə istəyir. Ancaq Peyğəmbər (s) icazə vermir və buyurur: «Ona mehribanlıq et. (ancaq qəlbində onun əməllərindən nifrət et)».

Bəli, valideyn haqqı İslamda çox vurğulanan bir mövzudur. Ona əl qaldırmaq bizim dinimizə uyğun deyidir, hətta əgər Allah düşməni belə olsa. Dinimizin əzəməti də elə bundadır. Bu din başdan-başa həqiqət və məhəbbət dinidir. Dinimiz insanlığa əsl məhəbəti öyrədir və başqalarına da öyrətməyi tövsiyə edir. Çünki bu din həqiqətə aparan tək yol və məhəbbət dinidir. Uca Rəbbimizdən bu yolda hər birimizə xüsusi lütfünü inayət etməsini diləyirik. Amin!

Məşhədi Xanım,

«Dəyərlər»

вторник, ноября 11, 2008

İslamda ailə

Bəhsimizi Quran ayəsi ilə başlamaq istəyirəm: "Aranızda olan subayları, saleh qullarınızı və kənizlərinizi evləndirin! Əgər onlar yoxsuldurlarsa, Allah öz fəzl kərəmi ilə onları varlı edər. Allah geniş rəhmət və elm sahibidir". («Nur» surəsi, ayə 32)

İslam insanları o baxımdan evliliyə dəvət etmişdir ki, onu həyatın sutunu hesab edir və evliliyin əhəmiyyətinə təkid edir. Qurani-Kərim bu nöqtəyə işarə etmişdir ki, evlilik yaşayışımızın ilahi vacibatı sayılır və insan da gərək bu sünnətə əməl etsin. Və bu sünnət, insan fitrətinin yoğrulduğu ruhani aləminin tam kamilləşməsi üçün bir yoldur. Allah bu sünnətə "cütlük" ifadələri ilə işarə etmişdir, bunu ayələrdə nəzər salaq: "Və hər şeydən cüt yaratmışıq. Ola bilsin ki, ibrət alasınız". («Zariyat» surəsi, ayə 49.)

Allah insanın da yaranmışların biri olduğunu vurğulayaraq, bildirir: "Allah sizi torpaqdan sonra nütfədən yaratdı, sonra isə cüt-cüt etdi". (Fatir surəsi,11).

Bu ayədən göründüyü kimi Allah hər bir canlı kimi insanı da cüt-cüt, yəni bir kişi və bir qadından yaratmışdır. Ayələrin əksəriyyətində də bunu dəfələrlə vurğulayaraq, insanların məhz tam kamilliyə çatmasında evliliyin necə mühüm rol oynadığını bildirmişdir. Evliliyin necə vacib olduğunu Peyğəmbərimizdən (s) gələn hədislərdə də bir daha hiss etmək olar:

1. «Evlilik mənim sünnətimdir və hər kim ki, bu sünnətdən üz döndərsə, məndən deyildir».

2. «Allah yanında İslam üçün heç bir tikili, evlilik kimi daha sevimli deyildir».

3. «Hər kim ki, evlənir, dinin yarısını əldə etmiş kimidir, deməli Allahdan o biri yarısına görə çəkinməlidir».

Evlilik ruzidə xeyr-bərəkətə səbəb olur. Belə ki, Allah buyurur: "Əgər onlar yoxsuldurlarsa, Allah öz fəzl kəraməti ilə onları varlı edər. Allah geniş rəhmət və elm sahibidir".

Eyni zamanda hədislərin birində deyilir ki, İshaq ibn Əmmar İmam Sadiqə (ə) ərz edibdir ki, bu düzdürmü ki, bir nəfər Həzrət Peyğəbərin (s) yanına gəlib kasıblığından şikayət etmişdir və o Həzrət (s) də ona evlənməyi əmr etmişdir və bunu üç dəfə təkidlə ərz etmişdir. İmam Sadiq (ə) ona buyurdu: "Bəli, düzdür". Sonra İmam(s) buyurmuşdur: "Ruzi həyat yoldaşı və ailə ilə bir yerdə gəlir".

Ailə qurmuş şəxs ailəsinə qarşı məsuliyyət hiss edərək öz fəaliyyətini artırır və bu yolla onun işə olan enerji və qüvvəsi dəfələrlə artır və iqtisadi imkanlarını genişləndirərək, həyat mühitini yaxşılaşdırmağa başlayır. Ona görə də Allah-Təala yoxsulluq üzündən evlənmək istəməyənlərə bildirmək istəyir ki, məgər hər kim ki, bu yola qədəm qoyub, Allah ruzilərində onlara kömək etməyibdirmi? Onların bu qədəmi həm cəmiyyətə və həm də islama xeyr verəcəkdir. Belə ki, həzrət Peyğəmbər (s) hədislərin birində belə buyurub: «Övlad arzusunda olun, çünki Qiyamət günü mən ümmətimi başqa ümmətlərdən çox görmək istəyirəm».

Evliliyin insanların vücudi ehtiyacları kimi, ruhu ehtiyaclarını da təmin etdiyini Quranın işarə etdiyi bu ayədə görmək olar: "Və Onun qüdrət nişanələrindən biri də ünsiyyət yaratmağınız üçün sizə zövcələr yaratmasıdır. Onlarla sizin aranızda dostluq, məhəbbət və mərhəmət yaratdı. Həqiqətən, bunda anlayıb düşünən qövm üçün böyük ibrətlər vardır".

Bu ayədən göründüyü kimi ilahi, sizlərin özündən sizin üçün cütlük yaratmışdır ki, onların yanında rahatlıq tapasınız və sizin aranızda mehribanlıq və dostluq qərar vermişdir. İnsan evlilik zamanı öz ruhi ehtiyacını həyat yoldaşına olan dostluq və məhəbbət yolu ilə təmin edir. Və bu Quran ayəsi dərin mənaya malikdir və həyat yoldaşının "özündən" başqası olduğu, lakin onsuz kamala çatmağın mümkün olmadığını vurğuladığı açıq-aydındır. Məhəbbətin özü isə fiziki ehtiyacdan irəli gələrək insanın mənəvi ruhi ehtiyacını mehribanlıq və rəhmət hissləri ilə təmin edir. Və bu dostluq və səmimi məhəbbətin hasili isə saleh övladlar olur və ailəyə istilik və şənlik gətirir. Bu valideynlərin məsuliyyətini artıraraq, həyatın çətinliklərini çiyin-çiyinə həll etməyə kömək edəcək.

Evliliyin hikmətini vurğulayan Peyğəmbərdən (s) gələn hədislərə müraciət edək:

1. «Allah dərgahında İslamı abad edən evlilikdən daha sevimlisi yoxdur».

2. «O kəs ki, istəyə Allahla pak və pakizə halda görüşün, gərək həyat yoldaşı seçsin».

3. «Evli insanın iki rükətli namazı subay adamın gecə namazlarından və gündüz tutduğu orucdan daha üstündür».

Hədislərdə o kəslər ki, evlənə bildikləri halda evlənmirlər – çox pislənir və məzəmmət olunurlar. O cür insanları İslam dinində naqis, imanında süst kimi qiymətləndirirlər. Peyğəmbərimizdən (s) hədis vardır ki, cəhənnəm əhlinin çoxu bu kimi insanlardır. Və başqa hədisdə yenə bu kateqoriya haqqında Peyğəmbər (s) buyurur ki, sizlərin içində ən pislərinizdirlər.

Ailə qurmamaq insan nəslinin məhvinə gətirib çıxara bilər. Məgər hər insan saleh övlad istəmir? Məgər hər bir insan öləndən sonra geriyə yaxşı işlər görəcək və arxasından rəhmət oxuyacaq nəsl istəmir?
Nigahın hökmlərinə nəzər salaq

İmam Cəfər (ə) nəql edir: «Bir qadın Həzrət Peyğəmbərin (s) yanına gəlir və deyir ki, məni evləndir». Peyğəmbər(s) soruşur: «Hansı kişi bu qadınla evlənmək istəyir?». Kişilərdən biri ayağa qalxaraq ərz edir ki, «mən, ey Allahın Peyğəmbəri!». Peyğəmbər (s) mehriyyəni soruşanda o şəxs yoxsul olduğunu bildirir. Peyğəmbər(s) soruşur: «Qurandan yaxşı bildiyin bir şeylər varmı?». O şəxs cavab verir ki: «Bəli». Və Peyğəmbər (s) buyurur: «Mən sizi biri-biriniz ilə nigahla bağlayıram, bir şərtlə ki, (mehriyyəsi) Qurandan yaxşı bildiklərini həyat yoldaşına öyrədəsən».

Başqa bir rəvayətdə Həzrət Əlidən (ə) nəql olunur ki, o, bir qadından soruşur: «Sənin böyüyün və ya tabe olduğun kimsə varmı?». O qadın buyurub ki, «bəli, onlar mənim qardaşlarımdır». Həzrət (ə) onlara buyurur: «Mən burada olanların şahidliyi ilə bu qızı bu oğlana öz malımdan olan dörd yüz dirhəm qarşılığında nigah bağladım».

Beləliiklə, hədislərdən göründüyü kimi, nigah vacibdir və bu ərlə arvadın müştərək həyatının halal olmasına səbəb olan vacibatdır. Və bu əqd ya qadın, ya da onun vəkili, kişi və ya onun vəkili arasında bağlanır. Bu Quran ayəsi misalı kimi: "Bir halda ki, sizin həyat yoldaşlarınız nigah vaxtı sizinlə möhkəm rabitə ilə bağlanmışlar".

Nigahı bağlayan şəxsin də bəzi şəraitdə olması vacibdir. O şəxs baliğ və aqil olmalıdır. İstər özü üçün nigah bağlasın, istərsə də başqası üçün. Buna görə uşaq və ya dəli ilə nigah bağlanması etibar qazanmır.
Bəs mehriyyə necə, onun haqqında məlumatımız varmı?

"Arvadların mehriyyələrini könüllü şəkildə verin! Əgər onlar sizə bir şey bağışlasalar, onu nuşi-canlıqla yeyin". («Nisa» surəsi, ayə 4).

«Ey iman gətirənlər! Arvadlara zorla varis olmağınız sizə halal deyildir. Onlar açıq-aşkar pis bir iş görməyincə onların özlərinə verdiyiniz şeylərin bəzisini qaytarıb almaq məqsədilə onlara əziyyət verməyin! Onlarla yaxşı rəftar edin! Onları xoşlamırsınızsa, bilin ki, bir çox xoşlamadığınız şeylər var ki, Allah onda çoxlu xeyir-bərəkət qərar vermişdir!». («Nisa» surəsi, 19).

Bu şərif ayədən başa düşmək olur ki, kişi mehriyyəni sədəqə kimi deyil, hədiyyə və bəxşiş kimi verməlidir və heç vaxt da onu geri almağa tamah etməməlidir. Mehriyyə ilə ücrətin fərqi odur ki, mehriyyə hədiyyə sifətində verilən sədəqədir.
Bəs nəfəqə haqqında nə bilirik?

"Onların(anaların) layiqincə yeməyi və geyimi uşaq sahibinin (atasının) öhdəsinədir". («Bəqərə» surəsi, 233).

Bu ayədən göründüyü kimi, ailə nəfəqəsi atanın boynundadır və ata da onu layiqincə, ürfdə qəbul olunacaq həddə ödəməlidir. Ona görə də əgər ata varlıdırsa, ailəsini də öz var-dövlətinə şərik etməlidir, ancaq əgər məhdud imkana malikdirsə, Allah ona verdiyindən ailəsinə verməlidir. Ona görə də ailənin idarə olunması kişinin çiyinlərinə düşür, çünki bunda böyük bir hikmət vardır. Belə ki, ən yaxşı kişi o kişidir ki, ailəsinin ehtiyaclarını ödəyə bilir və ailəsini yaxşı idarə edə bilir, və ən yaxşı arvad isə o qadındır ki, ərinin dediklərini edər, övladlarını və malını hifz edə biləndir.

Həzrət Peyğəmbərdən (s) hədis var ki, hər kim bazara gedə və ailə üzvləri üçün hədiyyə ala, yoxsul insanlara sədəqə verməyə bərabərdir və hədiyyəni əvvəl qızlara, sonra oğlanlara versə və qızı şad etsə İsmayıl övladlarından olan əsirləri azad etmiş kimi olar.

Əziz Peyğəmbərdən (s) nəql edilən digər hədisdə bildirilir ki, əgər qadın ərinin icazəsi olmadan evdən çıxırsa, qayıdana qədər ona nəfəqə düşmür.
Xoşbəxt islami ailə qurmaq necə olur?

Ərlə arvadın münasibətlərini yaxşı şəkildə necə qaydaya salmaq olar?

Bu suallara cavab vermək üçün Quran ayələrinin dərinliklərinə enək. Ərlə arvadın arasındakı bağları dini baxışlar əsasında beş qismə bölürlər.

1- Qadın kimdir və onunla necə dostlaşmaq olar və onu necə müdafiə etmək olar?

Bu elə suallardır ki, onlara ayələrin dərinliklərinə vararaq, cavab tapa biləcəyik.

2- Nigah Allahın tövsiyəsi və Peyğəbərin sünnətidir. İslam evliliyə kömək edəcəyini tövsiyə edir.

3- Ücüncü qismdə ərlə arvadın münasibətləri hüquq üzərində qurularaq, kişinin ailə başçısı olduğunu məlumat verir.

4- Dördüncü qismdə Allah ərlə arvadın bir-birilə yaxşı münaibətdə olmağını əmr edir.

5- Və axırıncı qismdə ailənin mali hüquq məsələlərinə aid olan ayətlər gəlir. Qadınlar əldə etdiklərindən kişilər kimi faydalana bilərlər və kişilərə halal edilmir ki, qadından zorla nə isə almaq istəsin.

Buna aid Quranı Kərimdə gələn ayələrə diqqət edək.

"Qadınlar, övlad, qızıl və gümüşdən toplanmış mallar, nişanlı nəcib atlar, mal-qara və əkin yerləri kimi insanın nəfsən sevdiyi şeylər insanlar üçün bəzənilmişdir, lakin bunlar dünya həyatının matahıdır. Daha gözəl qayıdacaq yer isə Allah yanındadır". («Ali-İmran» surəsi,14).

Bu ayədən göründüyü kimi, arvadını sevmək insan fitrətinin qərizələrindən biridir və hər kim ki, bu sevgiyə müxalif olsa, öz fitrəti ilə müxalif olmuş olar. Bu sevgi Allaha və Qiyamət gününə iman hüdudunda olmalıdır və bu məhəbbət möminin İlahiyə və əməli salehlərə olan məhəbbətinə qalib gəlməməlidir. Və yaxşı mömün qərizəli məhəbbət ilə Allaha olan məhəbbətini birləşdirməlidir.

"Ey insanlar! Sizi tək bir nəfsdən (Adəmdən) yaradan və ondan da zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişilər və qadınlar törədib yayan o Rəbbinizdən qorxun! Qorxun o Allahdan ki, bir-birinizdən hər ehtiyacınızı onun adı ilə istərsiniz və qohumlardan əlaqənizi kəsməkdən qorxun! Şübhəsiz ki, Allah sizə nəzarət edəndir". (Nisa surəsi,1).

Bu ayədən göründüyü kimi qadın kişidən yaradılmışdır və onlar biri birlərini tamamlayırlar, elə buna görə də kişinin qadına və qadının da kişiyə ehtiyacı vardır. Ər-arvad əlaqələri və həmçinin qohumluq bağları Allaha xatir möhkəm saxlanmalıdır və orada İlahi hüquqlar nəzərə alınmalıdır.

"Ey iman gətirənlər! Heç bir qovm bir qövmü məsxərəyə qoymasın, ola bilsin ki, bunlar onlardan (məsxərəyə qoyanlardan) daha yaxşı olsunlar. Qadınlar da digər qadınları məsxərəyə qoymasınlar, ola bilsin ki, bunlar onlardan daha yaxşı olsunlar. Bir-birinizə eyb tutmayın! Bir-birinizi pis ləqəblərlə çağırmayın! İman gətirəndən sonra fasiq olmaq adını tutmaq belə necə də pis addır. Hər kəs tövbə etməmişsə, bilsin ki, onlar zülmkardırlar". («Hucərat» surəsi, 11).

Bu ayədən isə belə başa düşmək olur ki, qadın və kişi gərək biri-birini məsxərə etməsinlər və ola bilsin ki, həmin məsxərə edən şəxs elə məsxərə olunmalıdır.

"Əgər bir qadın öz ərinin pis rəftarından və ya ondan üz çevirməsindən qorxsa, qadın öz haqqından keçməklə aralarında sülhü bərqərar etməlidir, sülh daha yaxşıdır. Əslində nəfslərdə qısqanclıq həmişə mövcuddur. Əgər gözəl rəftar edib təqvalı olsanız bu sizin üçün daha yaxşıdır. Şübhə yoxdur ki, Allah sizin etdiklərinizi bilir". («Nisa» surəsi, 128).

Ərlə arvad münasibətlərindəki münaqişələri həll etmək üçün yaxşı olar ki, hər iki tərəf anlayışlı olsun. Allah hər iki tərəfə tövsiyə edir ki, yaxşılığa doğru addım atmaq istəməyən tərəf hirsin, paxıllığın ona qalib gəlməsinə bərabərdir. Bu məsələlərdə təqva, şəri əhkamlara riayət etmək həmin təbii qaydadır ki, evlilikdə hakim olmalıdır. Və bu da o cür hadisələrin bir daha təkrar olmamasına zəmanət verir. Qadın gərək bilsin ki, onun yeri ərinin yanındadır və münasibətlərin müsbət tərəfə həll olunması üçün güzəştli olmalıdır. Təbii ki, evin kişisi də güzəştlilik məsələsində birinciliyi göstərməlidir.

İslam uşaqları insan səadətinə səbəb olan Allahın bəxş etdiyi gözəl nemətlər kimi görür. İmam Muhəmməd Baqirdən (ə) hədis var ki, kişinin səadəti ondadır ki, əxlaqı, təbiəti və sifəti ona oxşar övladlara sahib olsun.

İmam Əli (ə) buyurub ki, nə vaxt ki, Allah bəndəsi üçün xeyir arzu etsə, onu öldürmür ki, övladlarını ona göstərsin. Mömin gərək layiqli və saleh övladlara ehtiram göstərsin və hədisdə deyilir ki, layiqli övlad güldür, özü də behişt gülüdür.

İnsan yoxsulluq üzündən övlad dünyaya gətirməkdən çəkinərsə, Allah bunu bəyənməz. Belə ki, Bəkir ibn Saleh İmam Əliyə (ə) belə məktub göndərir ki, arvadım beş ildir ki, yoxsul olduğumuz üçün uşaq dünyaya gətirmək istəmir. Sizin nəzəriniz bu məsələyə necədir?

Həzrət ona belə cavab yazmışdı ki, uşaq dünyaya gətirin, onun ruzisini Allah verir.

İslam qız övladı dünyaya gətirməyi Allahdan istəməyi tövsiyə edir. Peyğəmbər(s) buyurub: «Ən yaxşı övladlar qız övladlarıdır, onlar lətifdirlər və bərəkət və övladları onlar dünyaya gətirirlər».

İslam qız övladlarının istənməməsini pis qarşılayır. İmam Sadiq(ə) buyurub: «Qız övladları həsənədirlər, oğlan övladları nemət. Həsənəyə görə Qiyamət günü hədiyyə veriləcək, nemətə görə isə sorgu-sual olacaq».

Başqa hədisdə isə Peyğəmbər (s) buyurub: «Allah qadınlara qarşı kişilərdən daha çox məhəbbət və lütf göstərir və kişi öz məhrəmini o dərəcədə şad etmir, nəinki Qiyamət günü Allah onları sevindirəcək».

Övladı olmayanların Allahdan necə dua edəcəkləri haqda gələn rəvayətdə deyilir ki, Haris Nəzri Əbu Abdullaha (ə) ərz edir ki, mən elə qövmdənəm ki, o, dağılmışdır və mənim övladım yoxdur. Həzrət (ə) buyurur: «Səcdəyə gedən zaman bu cür dua et: İlahi öz tərəfindən mənə yavər göndər, İlahi! Məni tək qoyma ...»

Başqa bir hədisdə İmam Sadiq (ə) övlad istəyənlərə istiğfar etməyi məsləhət görərdi.
Bəs övlada ad qoyma ədəbi necədir?

İslam buyurur ki, övlada anadan olmamışdan qabaq ad qoymaq lazımdır. Əmirəl-möminin (ə) buyurur: «Övladınız dünyaya gəlməmişdən qabaq ona ad qoyun…». Dünyaya gəlməmişdən qabaq ölən övlada da ad qoymaq lazımdır, çünki Qiyamət günü görüşəndə atasına deyəcək ki, sən mənə ad qoymamısan. Həzrət Peyğəmbər (s) Möhsinə dünyaya gəlməmişdən qabaq ad qoymuşdu.

Müstəhəbdir ki, övladınıza yaxşı adlar qoyasınız, bu atanın övladına etdiyi ilk yaxşılıqdır. İmam Əlidən (ə) hədis vardır ki, kişinin övlada etdiyi ilk yaxşılıq onu yaxşı adla adlandırmasıdır, deməli sizlərdən hər biriniz övladlarınız üçün yaxşı ad qoyun. Cahil ərəblərdə övladları çirkin adlarla adlandırırdılar. Əhməd ibni Əşim İmam Rzadan (ə) soruşur ki, niyə ərəblər övladlarına it, pələng və bunun kimi heyvanların adlarını övladlarına qoyurlar? Həzrət buyurub: ərəblər döyüşsevən xalq olub və övladlarının adları ilə düşmənlərini qorxutmaq istəyirdilər.

İmam Baqir( ə) ən yaxşı adların peyğəmbərlərin adlarının olduğunu buyurur. Buna əsasən Əbdurrəhman, Əbdulkərim, Abdullah, Muhəmməd, İbrahim, Nuh, İsa, Musa və sair ən yaxşı adlardan sayılır.

Müstəhəbdir ki, oğlan övladlarını 7 gün Muhəmməd adlandırasan və sonra əgər istəsən adını dəyişə bilərsən. Həzrət Peyğəmbərdən (s) hədis var ki, kimin ki, üç oğlu ola və onlardan birinə mənim adımı verməyə mənə hörmətsizlik etmiş olar.


Uşaqların dini tərbiyəsi haqqında nə bilirik?

İslam, övladların insan səadətinə səbəb olmasını söyləyir və İmam Baqirdən (ə) hədis vardır ki, kişinin səadəti öz əxlaqına, təbiətinə, sifətinə oxşar övladlarının olmasıdadır.

İslam övladlarına yaxşı rəftar etməyi tövsiyə edir və onlara məhəbbət və şəfqət göstərməyi sifariş edir və onlara verilən vədlərə əməl etməyi söyləyir. Peyğəmbərdən (s) gələn hədisdə deyilir: «Uşaqları sevin və onlara rəhm edin və onlara verdiyiniz vədlərə əməl edin».

İmam Sadiqdən (ə) gələn hədisdə deyilir: «Allah öz bəndəsinə övladına göstərdiyi çoxlu məhəbbətinə görə rəhm edər».

Peyğəmbər (s) övladları tez-tez öpməyə təşviq edərdi və bu o zaman oldu ki, bir kişi onun yanına gələrək ərz etdi: Mən heç vaxt övladımı öpməmişəm və o gedəndən sonra Peyğəmbər (s) buyurdu: «Bu kişi mənim yanımda olan cəhənnəm əhlindəndir».

Peyğəmbərdən (s) gələn başqa hədisdə deyilir ki, hər kim ki, öz övladını öpər, Allah onun üçün həsənə yazar.

Peyğəmbər (s) bir kişini görür ki, oğlunun birini öpür, o birisini yox. Peyğəmbər (s) ona buyurdu: «Onlarla bərabər rəftar etmirsən».

Bir gün bir kişi Həzrət Peyğəmbərin (s) xidmətinə gələrək ərz etdi: «Ya Rəsulallah, övladımın mənim üzərimdəki haqqı hansılardır?» Peyğəmbər (s) buyurdu: «Ona yaxşı ad qoy və onu cəmiyyətdə bəyənilmiş məqama çatdır».

Atanın oğluna yaxşılığı gələcəkdə oğlunun ataya yaxşılığı sifətində qayıdacaqdır. Peyğəmbər (s) buyurmuşdur: «Allah o insana rəhm edər ki, övladına ona yaxşılıq etməkdə kömək edər». Dedilər: «Övladına onun özünə yaxşılıq etmək üçün necə kömək etmək olar?». Buyurdu: «O şey ki, onun əlindən gəlir, onu qəbul edər və o şey ki, mümkün deyil onun üstündən keçər və onu yorulmaması və onu pis vəziyyətdə qoymamasıdır».

İslam tərbiyə üçün üç mərhələ müəyyən etmişdir və hər mərhələ 7 ildir. İmam Sadiq (ə) buyurur: «Uşaq yeddi il oyun oynar və yeddi il savad və Quran öyrənər və yeddi il halal və haramı öyrənər».

Həzrət Peyğəmbər (s) buyurur: «Hər kim övladını öpsə, onun üçün bir həsənə yazar və hər kim ki, onu şad edər və hər kim öz övladına Quran öyrədər - ata-anasının hər ikisinə zinət əşyası geyindirər, onların parıltısı behişt əhlinin çöhrəsini nurlandırar».

Həmçinin Peyğəmbər(s) buyurur: «Uşaq yeddi il ağadır və yeddi il bəndə və yeddi il vəzirdir və əgər iyirmi bir yaşında əxlaqı və rəftarı yaxşı olarsa, çox yaxşı, əks halda rahat burax və sən Allah dərgahında üzürlü sayılarsan».

İslam dini elmlərin uşaqlara öyrədilməsini zəruri bilmişdir. Əmirəl mömünün İmam Həsənə (ə) vəsiyyətdə buyurur: «... yeniyetmə qəlbi boş torpaq kimidir və hər nə ona səpilsə, onu qəbul edər və ona görə də qəlbin bərk və fikirlərin məşğul olmamışdan qabaq səni tərbiyə etməyi qərara aldım».

Məsumlarımızdan eşitdiyimiz bu gözəl hədislərdən belə nəticə çıxara bilərik ki, övladlarımız Allahın bizə verdiyi ən gözəl nemətlərdir və islam onları sevmək və məhəbbət göstərməyi məsləhət görür. Yeddi yaşına qədər uşağı əmir kimi, yeddi yaşından sonra yeddi il tərbiyə olunaraq, bəndə kimi və yeddi il də ondan sonra vəzir kimi tərbiyə etməliyik. Uşağa məhəbbət göstərilməsinin valideyn üçün Allahın rəhmətinə səbəb olması - hədislərdən çıxan nəticədir. Övladlarımızı sevək və onlara savad verərək, ən ümdə isə Müqəddəs Qurani-Kərimi öyrədək. Bu yolda Allah hər birimizə yar olsun. Amin!

Məşhədi Xanım,

«Dəyərlər»

Biz həqiqi şükür edirikmi?

("Təfsiri -nümunə" kitabına əsasən)

Heç bir şübhə yoxdur ki, İlahi verdiyi nemətlərə görə bizim şükr etməyimizə ehtiyac duymur. Və əgər şükr etməyi tövsiyə edibsə də, o da bir ali tərbiyə məktəbi deməkdir.

Əsas odur ki, görək şükrün həqiqətini başa düşürük yoxsa, yox?

Şükrün həqiqəti təkcə dildə "Əlhəmdulilləh" demək deyildir. Şükr etmək üç mərhələdən ibarətdir. Birinci mərhələdə diqqətlə bu nemətləri verənin kim olduğu haqqında düşünək. Bu diqqət, iman və məlumat şükrün birinci mərhələsidir. Və ondan sonra dil mərhələsi gəlir. Yəni şükrü dilimizə gətirək. Lakin ondan ali mərhələ əməl mərhələsidir. Əməli şükr odur ki, düzgün fikirləşib, hər bir nemətin bizə nə məqsəd üçün verildiyini başa düşək və bu şükrü əməldə həyata keçirək.

Siz nə vaxtsa, Allahın bizə verdiyi nemətlər haqqında heç fikirləşmisinizmi? Niyə Allah bizə göz verib və ya niyə eşidirik və danışa bilirik? Görəsən ona görədirmi ki, bu dünyada İlahinin əzəmətini görək və həyat yolunu tanıyaq və bu yolda təkamülə addım ataq? Haqqı dərk edək və batillə mübarizə aparaq? Bu suallar haqqında düşünməyə dəyər.

Əgər İlahinin verdiyi bu böyük nemətləri haqq və ədalət yolunda istifadə etmişiksə, bu əməli şükürdür. Və əgər bizim xarakterimizdə qürur, özünəpərəstlik, qəflət yaranarsa, bu Allahdan uzaqlaşmaq və eynilə küfr aparmış olar.

Şükrü belə də izah edə bilərik ki, bu – varlığın ixtiyarında olan nemətlərdən öz inkişafı yolunda istifadə etməsidir. Məsələn, təsəvvür edin ki, bir bağban bağın müəyyən bir yerində yaxşı yarpaq açan, meyvə gəritən ağaclara daha çox diqqət edir, görür ki, bu ağaclar da onun səylərinin qarşılığını veririlər – nə qədər çox qulluq etsə, bir o qədər çox meyvə verirlər. Və bu o deməkdir ki, bu ağaclar ona olan bu diqqət və şəfqətlərə, bağbanın sevgisinə layiqdirlər. Lakin bağın başqa tərəfində bəzi ağaclar vardır ki, büzüşmüş və az yarpaqlı, gülsüz, kölgəsizdirlər və bu nemətlərə küfr etmək səbəb olacaqdır ki, bağban onlara qarşı az meyl və diqqət göstərsin. Və bu vəziyyət davam edənə qədər də belə olacaqdır. Onlar münbit torpaq, gübrə və suvarmalara baxmayaraq, nə meyvə vermiş, nə də gül açmışdılar.

Həyatda insanların da vəziyyəti buna bənzəyir. Ancaq bu fərqlə ki, ağacın necə inkişaf edəcəyinə ixtiyarı yoxdur və onların inkişafı təbii şəraitdən çox asılıdır. Amma insanlar iradə, ixtiyar, şəriət təlim və tərbiyyəsindən istifadə edərək düz yola qədəm qoya bilərlər və onlara verilən nemətlərdən düzgün bəhrələnə bilərlər.

Həzrət Əli (ə) «Nəhcül-Bəlağə»də buyurur: "O vaxt ki, Allah neməti sizə verir, çalışın ki, şükrlə qalan nemətləri də özünüzə cəlb edəsiniz, nəinki az şükr etməklə onları özünüzdən uzaqlaşdırasınız".

Bu mövzuya da diqqət edək ki, nemətlərə görə təkcə Allahdan təşəkkür etmək kifayət deyildir. O nemətlərə çatmağa kömək edənlərə də təşəkkür etmək lazımdır ki, bu yolla onların zəhmətinə qarşılıq vermiş olarsan və onları xeyr işlər görməyə təşviq edəsən. İmam Əli ibn Hüseyndən (ə) gələn bir hədisdə deyilir: "Qiyamət günü olanda Allah bəzi bəndələrinə deyəcək: "Filan şəxsə təşəkkür etmisən?". O da deyəcək: «Pərvərdigara! Mən Sənin şükrünü yerinə yetirdim». Sonra İmam (ə) buyurdu: "Sizlərdən ən çox şükr edənləriniz o kəslərdir ki, hamıdan çox insanların şükrünü (təşəkkürünü) yerinə yetirir".

İlahi şükr edənlərə nemətlərini artırmağı vəd edib. Bu o demək deyil ki, onlara təkcə yeni maddi nemətlər verəcəkdir. Əslində elə şükr etmək bacarığı, Allaha olan xüsusi diqqət və o müqəddəs varlığa hiss etdiyimiz eşq özü bir böyük nemətdir ki, insan nəfsini tərbiyə edir və onları İlahi tövsiyələrə itaət etməyə sövq edir. Bəlkə də şükr Allahı daha çox tanımaq yoludur?

Beləliklə bu nəticəyə gələ bilərik ki, o kəs ki, ixtiyarında olan nemətlərdən qüdrət əldə etmək, zülm etmək yolunda istifadə edərsə, deməli bu nemətlərə layiq deyildir. Ancaq o kəs ki, bunlardan haqqı və ədaləti icra etmək yolunda istifadə edərsə, deməli o, bu nemətlərə həqiqətən də layiqdir. Və çalışaq ki, həyatda əməli şükr edib, ilahi nemətlərindən daha çox bəhrələnək! Amin!

Məşhədi Xanım,

«Dəyərlər»

понедельник, ноября 10, 2008

Bərzəx aləmi haqqında nə bilirik?

(«Təfsiri-nümunə»dən istinadən hazırlanmışdır)

Bərzəx aləmi necə bir aləmdir? Dünya və axirət aləmi arasında yerləşən bu aləmi necə isbat edirlər? Görəsən bu bərzəx aləmi hamı üçündür, yoxsa müəyyən insanlar üçündür?

Bu o suallardır ki, bu mövzuda tez-tez təsadüf olunur və ayə və hədislərdə buna dəfələrlə işarələr olunmuşdur. Çalışaq ki, onların bəzilərinə müraciət edək.

"Bərzəx" sözünün əsl mənası «iki şey arasında yerləşən» deməkdir. Elə ona görə də o aləm ki, dünya və axirət aləmi arasında yerləşir - "Bərzəx" adlanır. Bəzən bu aləmi qəbir aləmi, bəzən də ruh aləmi kimi adlandırırlar. «Möminun» surəsinin 100-cü ayəsində gələn: "Təzədən dirilən günə qədər onların gələcəklərində bərzəx vardır" ilahi kəlamı da bunu sübut edir.

Əhli-beyt (ə) məktəbinin və əhli-sünnənin tanınmış kitablarında bu haqda çox sayda hədislər gəlmişdir. Və onların təfsiri də müxtəlifdir.

«Nəhcül-Bəlağə»də gələn hədisə müraciət edək. Həzrət Əli (ə) Süffeyn döyüşündən qayıdan zaman Kufə şəhərinin kənarında, darvazanın bayırında yerləşən qəbiristanlığa üzünü çevirərək deyir: "Ey qorxulu evlərin, boş məkanların və qaranlıq qəbirlərin sakinləri! Ey torpaq əhli! Ey qəribanlar! Ey tənha kəslər! Ey qorxanlar! Siz bu yolda bizdən qabağa düşmüsünüz və biz də sizə qoşulacağıq. Əgər dünyadan sual versəniz deyim ki, evlərinizdə başqaları yaşayırlar, arvadlarınız başqalarına ərə gediblər və mallarınız bölünübdür. Bu bizim yanımızdakı xəbərlərdir, bəs sizdən nə xəbər var?»

Sonra üzünü tərəfdarlarına tərəf çevirib dedi: «Əgər onlara danışmaq icazəsi verilsəydi sizə xəbər edərdilər ki, bu səfərin ən yaxşı nümayəndələri əməli salehlərdir."

Aydındır ki, bütün bu deyilənləri kinayənin ünvanına yozmaq olmaz. Əksinə bunların hamısı insanın ölümündən sonrakı həqiqətdən xəbər verir. İnsanın ölümündən sonra yaşayacağı həmin bərzəx aləmindən.

Əsbəğ ibni Nəbatənin Əli (ə) haqqında danışdığı rəvayətdə oxuyuruq ki, "Bir gün Həzrət (s) Kufədən çıxıb Nəcəf deyilən yerə gedir və biz ona çatanda onu yerdə uzanmış halda gördük. Qənbər dedi: "Ey Əmirəlmöminin, icazə verərsiniz əbamı ayağının altına sərim?» O, buyurdu: "Xeyr, bura elə bil yerdir ki, möminlərin torpaqları burda yerləşir və sənin bu hərəkətin onlara mane ola bilər".

Əsbəğ deyir: ərz etdim ki, mömin torpağının nə olduğunu başa düşürəm, ancaq onlara mane olmaq nə mənanı verir?

"Ey Nəbatinin övladı! Əgər sizin gözünüzdəki pərdə götürülsəydi, möminlərin ruhlarını görərdiniz ki, burda halqa-halqa oturublar və bir-birlərini ziyarət edirlər və Bərhut vadisində isə kafirlərin ruhları var".

İmam Əli ibni Hüseyndən gələn başqa hədisdə oxuyuruq: "Qəbir – ya behişt bağlarından biridir və ya Cəhənnəmin quyularından biri".

İmam Sadiqdən (ə) gələn başqa hədisdə oxuyuq ki, bir nəfər Həzrətin hüzuruna gələrək, ərz etdi: "Bir çoxları nəql edirlər ki, möminlərin ruhları ölümündən sonra ilahi ərşin ətrafında gəzən quşların sinələrində qərar tutacaqdır". İmam buyurdu: "Bu cür deyil. Mömün Allah yanında o qədər əzizdir ki, onun ruhunu bir quşun bədənində məhbus etməz. Əksinə, möminlərin ruhlarını bədənlərinə oxşar bədənlərdə yerləşdirər".

Bu hədis ona işarə edir ki, o dünyada bu dünyadakı bədənimizə oxşar bədən olacaqdır.

"Kafi" kitabından bir hədis. Mömünlərin ruhları haqqında İmam Sadiqdən (ə) soruşanda o, buyurur: «Onlar behişt hücrələrində yaşayır, behişt yeməkləri yeyir və içkilərindən içir və deyirlər: "Pərvərdigara! Qiyamət gününü tezləşdir və bizə verdiyin vədlərə əməl et"".

Beləliklə, ayət və rəvatərlərdən belə nəticəyə gələ bilərik ki, bu aləm mövcuddur və Qiyamət gününə qədər də olacaqdır. Ora elə bir yerdir ki, Qiyamət gününə qədər həm behişti və həm də cəhənnəmi vardır. Allah bizi əməl salehlərdən qərar versin! Amin!!!

Məşhədi Xanım

«Dəyərlər»

Təqvanın həqiqəti nədir?

«Təqva» sözünün əsas mənası «saxlamaq» deməkdir. Daha aydın desək, daxili kontrol edən bir qüvvədir ki, insanı nəfsinin tüğyanı qarşısında hifz edir, saxlayır. Başqa sözlə desək, bir növ tormoz rolunu oynayaraq, insanı xətərlərdən qoruyur.

Elə ona görə də Həzrət Əli (ə) təqvanı günahın xətərləri qarşısında olan qüvvətli qalaya bənzətmişdir. Belə ki, İmam (ə) buyurmuşdur: "Ey Allahın bəndələri! Bilin ki, təqva möhkəm və nüfuz edilməz bir qaladır".

İslam hədislərində və həmçinin alimlərin kəlamlarında təqvanın vəziyyətini və necəliyini bəyan edən oxşarlıqlar çoxdur. Başqa bir yerdə Həzrət Əli (ə) buyurur: "Təqva sanki bir minikdir ki, onun sahibi ona minibdir və ona rəhbərlik öz əlindədir və behişt yolu ilə irəliləyir".

Bəziləri təqvanı o kəsin halına bənzədirlər ki, "o, günah və rəzil insanların yaşadığı bir torpaqdan qaçmışdır və çalışır ki, ehtiyatla irəliləsin ki, ayağı və ya paltarı bu rəzalətə batmasın".

Şairlərdən biri təqva haqqında belə demişdi: "Kiçik və böyük günahları tərk et ki, təqvanın həqiqəti elə budur. Həmçinin elə adam ol ki, rəzilliyin olduğu bir torpaqda ehtiyatla addım atasan. Kiçik günahları cüzi sayma, çünki dağlar da kiçik daşlardan təşkil olubdur".

Bu dediklərimizdən bunu başa düşə bilərik ki, təqva o demək deyil ki, hamıdan qaçıb, xəlvətə çəkiləsən. Xeyr! Əksinə, təqvalı insan ictimainın içində olub, özünü onun çirkinliklərindən qorumalıdır.

Hər bir halda, təqvalı insanın Allaha və Qiyamət gününə imanı olduğu açıq-aydındır. Yəni təqvalı insan "məbdə" (başlanğıca) və"məada"(sonunca) inanan bir insan deməkdir.

Həzrət Əli (ə) buyurur: "Təqva və Allahdan qorxmaq bütün bağlı qapıların açarıdır, axirət üçün ehtiyat yığmağın, şeytanın əsirliyindən azad olmağın səbəbi və həlakətdən nicat tapmaq deməkdir".

Qurani-Kərim təqvaya böyük əhəmiyyət verir və onu insan dəyərini qiymətləndirən əsas meyar sayır. Məsələn «Bəqərə» surəsində Allah Təala buyurur: "Allah gördüyünüz hər bir xeyr işi bilir. Xeyr əməllərlə azuqə götürün. Ən yaxşı azuqə təqvadır".

Başqa surədə, yəni «Əraf» surəsində buyrulur: "Lakin təqva paltarı daha yaxşıdır".

Bir çox ayətlərdə peyğəmbərlərin (ə) dəvətinin ilk yolunun təqva olduğu zikr olunur və başqa yerdə bu mövzunun əhəmiyyətini o qədər yüksəklərə qaldırır ki, Allahı "təqva əhli" hesab edir və buyurur: "O, təqva əhlidir və Ondan məğfirət dilənməlidir."

Quran təqvanı İlahi nur kimi tanıdır ki, hər hansı yerdə görünsə, elm və bilik yaradar.

Beləliklə, yuxarıda dediklərimizdən belə nəticəyə gələ bilərik ki, təqva haqqında gələn ayələrdə Qurani-Kərim hər bir təqvalı əməlin imandan, pak niyyətdən bəhrələndiyini bildirir. Təqva elə həmin məsuliyyət hissidir ki, imanın qəlbdə möhkəmlənməsi üçün insan vücuduna hakim olar və onu günahdan qoruyar, yaxşılığa, paklığa və ədalətə dəvət edər. İnsan əməllərini xalis tutar, fikrini və niyyətlərini çirkabdan yuyub təmizləyər. Və beləliklə deyə bilərik ki, təqvanın əsil mənası insan ruhunu və canını hər növ pisliklərdən uzaq saxlamaq və insanın bütün qüvvələrini Allahın rizayəti olan işlərə sərf etməsinə yönəltmək deməkdir.

Deməli, İslamda insan fəzilətinin və iftixarının əsas meyarı və şəxsiyyətin ölçülmə dərəcəsi təqva ilə müəyyən olunacaqdır.

Allah bizim iman və təqvamızı möhkəmləndirsin və bizə örnək olan Məsumlamızın (ə) təqvasından bizə də əta etsin. Amin!!!

Məşhədi Xanım,

«Dəyərlər»

пятница, октября 31, 2008

Duanın qəbul olma şərtləri

İnsan qəlbi və ruhu dua vasitəsilə Allah ilə yaxın bağla bağlanır. Okeana qarışmış bir qətrəni xatırladır o.

O böyük varlığa mənəvi bağlılıq nəticəsində insan qüdrətə çatır. Dua bir növ ürəyin və fikrin oyanması və ilahi qüvvə ilə batini bağlılıq deməkdir. Həzrət Əli (ə) buyurur: "Allah qafil ürəklilərin duasını qəbul etməz".

İslami mənbələrdə duanın qəbul olma şərtləri verilir:

1. Duanın qəbul olması üçün qəlb və ruhunuzu pak tutun, günahlarınızdan tövbə edin və ilahi rəhbərlərdən ilham alın.

İmam Cəfər Sadiqdən (ə) hədis vardır: "Nəbadə sizlərdən hər hansı biriniz Allaha, əvvəl həmd və səna demədən, Peyğəmbər (s) və onun alisinə salam göndərmədən və sonra Allah qarşısında günahını etiraf etmədən dua etsin."

2. Mallarınızın qəsbi olmamasını təmin edin və haram şey yeməyin.

Həzrət Peyğəmbərdən (s) nəql olunur: "O kəs ki, duasının qəbul olmasını istəyir, gərək yeməyi və qazandığı pak olsun".



3. Fəsadla mübarizədən, haqq yoluna dəvət etməkdən əl çəkməyin. Belə ki, o kəslər ki, əmr-be-məruf və nəhy-əz-munkəri tərk etsə, duası qəbul olmaz.

Həzrət Peyğəmbərdən (s) hədis nəql olunur: "Gərək yaxşılıqlara dəvət və pisliklərdən çəkindirmə edəsiniz, yoxsa hər nə qədər dua etsəniz qəbul olmayacaqdır".

4. Allah ilə bağladığınız əhdə əməl edin. İman, saleh əməl, əmanətdarlıq və düzgünlük kimi xüsusiyyətlər duanın qəbul olma şərtlərindəndir. Hər kim ki, Allah qarşısında öz əhdinə vəfa etməsə, gərək Allah tərəfindən duasının qəbul olması intizarında olmasın.

Bir nəfər Həzrət Əliyə (ə) dualarının qəbul olmamasından şikayət edib, «Bəs Allah hər dua edənin duasını qəbul edəcəyini söyləyir?» - deyə sual verib.

İmam cavabında buyurur ki, sizin qəlbiniz və fikriniz neçə şeyə xəyanət etmişdir:

1-Siz Allahı tanımısınız, amma onun haqqını yerinə yetirməmisiniz, ona görə də sizin Allahı tanımağınız halınıza heç bir fayda verməmişdir.

2-Siz Allahın Elçisinə (s) iman gətirmisiniz və sonra sünnəti ilə müxalifət etmisiniz.

3-Onun kitabını oxumusunuz, amma ona əməl etməmisiniz. Dediniz ki, eşitmişəm və itaət etmişəm. Amma sonra müxalifət etmisiniz.

4-Siz deyirsiniz ki, Allaha küfr etməkdən qorxursunuz, amma bəzən elə işlər görürsünüz ki, buna yaxın şeylər olur.

5-Deyirsiniz ki, Allah mükafatına əlaqəniz vardır, amma bəzən elə şeylər edirsiniz ki, ondan sizi uzaqlaşdırır.

6-Allah nemətini yeyirsiniz, amma ona şükr etmirsiniz.

7-Sizə əmr etmişdi ki, şeytandan uzaq olasınız, iddia edirsiniz ki, şeytan sizin düşməninizdir, amma əməldə onunla müxalifət etmirsiniz.

8-Siz xalqın eybini nəsəbuleyn hesab edirsiniz və öz eybinizi isə heç saymırsınız. Bu halda necə intizar edərsiniz ki, dualarınız qəbul olsun. Təqvanızı gücləndirin, əməllərinizi salih edin, əmr be məruf və nəhy əz munkər edin ki, dualarınız qəbul olsun.

Nəticə olaraq, bunu deyə bilərik ki, sadəcə dildə dua etmək heç bir fayda verməz. Duanı etməmişdən qabaq insan gərək günahlarına görə tövbə etsin, Allaha həmd və səna desin, haram yeməsin, fəsadla mübarizə aparsın, əhdinə sadiq olsun və duanı xalis niyyətlə, ürəkdən etsin. Ancaq bundan sonra inşallah ki, dualarımız qəbul olar.

Məşhədi Xanım,

«Dəyərlər»

Yalan bütün günahların mənşəyidir

İslam rəvayətlərində yalan "Günahların açarı" hesab olunur. Əli (ə) buyurur: "Doğruluq yaxşı işlərə, yaxşı işlər isə beheştə dəvət edir".

İmam Muhəmməd Baqirdən (ə) hədis oxuyuruq ki, «Allah Təala şər və pis işlər üçün qıfıl qoymuşdur və bu qıfılın açarı şərabdır. Sonra isə əlavə edir: yalan şərabdan da pisdir».

İmam Həsən Əsgəri (ə) buyurur: "Bütün pisliklər bir otaqda yerləşir və onun açarı yalandır".

Yalan ilə günah bir-biri ilə sıx rabitədirlər. Belə ki, günahkar insan heç zaman doğru söyləyə bilməz, çünki doğru söz onun rüsvayçılığına səbəb olar və günahın səbəbini ört-basdır etmək üçün mütləq o şəxs yalan deməlidir.

Başqa sözlə desək, yalan insanı günah qarşısında azad buraxır və doğruluğa məhdudiyyət qoyur. Yalan danışan insan daim təşvişdədir, çünki günahkardır. Günahlarının üzə çıxmasından qorxan bu şəxs əvvəl yalan işlədir sonra isə hədislərdə deyildiyi kimi başqa günahların da qapısını açmış olur. Kiçik saydığımız bir yalanın bu qədər fəsadlar yaradacağı heç ağlınıza gələrdimi?

Yalan imanla harmoniya yaratmır, yəni onunla uyğun gəlmir. Belə ki, hədisdə belə oxuyuruq: "Peyğəmbərdən (s) soruşdular ki, imanlı insan mümkündürmü ki, qorxaq olsun? Deyir: Bəli. Yenə soruşublar: Mümkündürmü ki, paxıl olsun? Buyurdu: Bəli. Mümkündürmü ki, yalançı olsun? Buyurdu: Xeyr."

Çünki yalan nifaqın nişanələrindən sayılır və nifaq da imanla uyğun gəlmir. Bu haqda Həzrət Əlidən (ə) hədis nəql olunur: "İnsan heç vaxt yalanı tərk etmədən imanın dadına baxa bilməz, istər zarafatla olsun, istərsə də ciddi."

Yalan insanların etimad və etibarını da məhv edir. Düzgünlüyə çatmaq və yalanı tərk etməyin ən mühüm dəlillərindən biri də elə budur. İslam hədislərində oxuyuruq ki, din rəhbərləri həmişə yalançı tayfa ilə dostluqdan uzaq olmağı tövsiyə edirlər, çünki onlar etimad edilməli insanlar deyildirlər. Həzrət Əli (ə) də bu haqda buyurur: «Yalançılarla dostluqdan çəkinin, çünki onlar ilğım kimidirlər. Uzağı sənin üçün yaxın və yaxını sənin nəzərində uzaq göstərərlər».

Beləliklə nəticədə deyə bilərik ki, kiçik saydığımız və ona çox əhəmiyyət vermədiyimiz yalanı uşaqlara gərək kiçik yaşlarından tanıdaq və onun törətdiyi fəsadla tanış edək ki, böyüyəndə günah əhli olmasınlar və yalan danışan insanlardan uzaq olsunlar. Çünki yalan bütün günahların qapısıdır, o qapını aralasan günah aləminə daxil olmuş olarsan. Allah bizə o qapını açmaq tofiqi nəsib etməsin! Amin!

Məşhədi Xanım

«Dəyərlər»

Tərbiyədə Allah xatırlaması

Artıq Mübarək Ramazan ayını geridə qoymuşuq və inanırıq ki, bu mübarək ayda edilən ibadətlər və dualar Allah dərgahında dərəcəyi-qəbula çatmışdır. Ancaq mübarək Ramazan ayından sonrakı günlərimizdə bu ayda əldə etdiyimiz mənəvi bəhrələrdən faydalanma ən mühüm məsələlərdəndir. Xüsusilə bu ayın insan tərbiyəsinə verdiyi önəm il ərzində tərbiyə mövzusuna diqqətimizi davamlı etməlidir.

Tərbiyə günümüzün ən ciddi məsələlərindən biridir. İnsanları zaman-zaman düşündərən tərbiyə mövzularından biri də övlad tərbiyəsi məsələsidir. Görəsən övladlarımıza düzgün tərbiyə verməyi nə vaxtdan başlamalıyıq? Nə etməliyik ki, övladlarımızın tərbiyəsi fitrətlərinə uyğun Allaha tərəfə hərəkətdə tərbiyələnsinlər.

Tərbiyə dedikdə ilk oncə övladla valideyn münasibətləri yada düşür. Övlad - Allahın insanlara əta etdiyi ən böyük nemət və həsənədir. Hədisdə buyurulur: "Övlad cənnət güllərinə layiq güllərdəndir". Onlarsız həyat soyuq və darıxdırıcı, onlarla isə şirin və məsuliyyətlidir. Belə ki, bu behişt gülləri ancaq düzgün tərbiyə olunarsa, xoş ətirli olar.

İslam buyurur ki, övlad arzusunda olun, çünki o, insan səadətinə səbəb olur. Uşağın tərbiyəsi təməli qoyulan gündən başlanır. Hamilə olan ananın hər günü və hər ayı üçün xüsusi dualar və Quran ayələrini tilavət etmək məsləhət görülür və körpə hələ dünyaya gəlməmişdən qabaq ilahi kəlamlar ilə yoğrulur və Allah sözü ilə inkişaf etməyə başlayır. Təməli «bismillah»la qoyulan bu körpə doqquz ayın doqquzunda da hər bir aya məxsus ayələr eşidir, anasının qıldığı gecə namazlarının, cümə qüsullarının şahidi olur.

Elə ki, dünyaya qədəm qoydu, azan və iqamə ilə həyatdakı yaşayışına addım atır. Yeddi günlüyündə əqiqə qurbanlığı kəsilərək, salamatlığına və xəstəlikərdən uzaq olmasına zəmanət verilir. Saçı kəsilərək onun ağırlığında qızıl və ya gümüş zəkat verilir.

Müsəlman olmayan bir kəs deyə bilər ki, axı bunların tərbiyəyə nə dəxli var? Bəli, əslində çox dəxli var. Belə ki, xəmiri bismillah və Quran kəlamları ilə yoğrulan körpə ömrü boyu Allahı inkar edə bilərmi? Dünyaya qədəm qoyduğu gündən Allahın, Peyğəmbərin (s), İmamların (ə) adını eşidən bir məsum körpə tam harmoınik bir vəziyyətdə tərbiyə almış olur. Bəs bu tərbiyə deyil, bəs nədir?

Dil açmağa başlayan körpəyə Allahu-Əkbər öyrətmək bir daha onun yaradanının Tək Allah olduğunu yada salmaqdır. Həyatının ilk yeddi ilini şah təki münasibət bəslənilən bu körpədə şəxsiyyət və özünü tanıma formalaşır. Sonrakı yeddi ildə ciddi nəzarət altında tərbiyə olunan uşaqda məsuliyyət və cavabdehlik hissi formalaşır. Ondan sonrakı yeddi ildə isə artıq yetkinlik çağına qədəm qoyan bu uşaq məsuliyyətli bir şəxsiyyət kimi ailədə məsləhətçiyə, söz sahibinə çevrilir. Onun bu dövrü dini baxışlarının möhkəmlənməsini tələb edir. Çünki o, axtarışdadır. Hələ dünyaya gəlməmişdən zatının, fitrətinin yoğrulduğu o həqiqətin axtarışındadır. O həqiqətin axtarışındadır ki, hələ ana bətnində doqquz ayın hər günü onun adını və kəlamlarını dinləyirdi. O həqiqətin ki, dünyaya göz açdığı gündən onun adını eşidərək, həyata qədəm qoymuşdur. Bəli bu həqiqət həmin İlahi qüvvə olan Allahdır!

Məşhədi Xanım, «Dəyərlər»

Duanın həqiqi mənası

Bəndələrin Allah ilə rabitəsinin bir növü də dua və münacatdır. Dua özü də bir ibadətdir və hər bir ibadət öz növbəsində insanı ilahi qurbə yaxınlaşdırır. Əslində, insan öz iradəsini möhkəmləndirmək və narahatlıqları aradan qaldırmaq üçün söykənə biləcəyi bir qapı axtarır və buna ehtiyac duyur. Dua isə insanda ümid çırağını yandırır.

Əksinə, duanı yaddan çıxardan insanlar müxtəlif fəsadlara yol verirlər.

Tanınmış psixoloqlardan biri dua haqqında belə demişdir: "Dua etməyən millət məhvə məhkumdur. O ictima ki, dua etmə ehtiyacını məhv etmişdir, fəsad və cinayətdən amanda olmayacaqdır. Əlbəttə bunu da yaddan çıxartmaq lazım deyildir ki, ancaq səhərləri dua edib, bütün günü duanı yaddan çıxartmaq heç bir fayda verməz. Duanın davamlı etmək lazımdır və hər bir halda diqqətli olmaq lazımdır ki, lazımı təsiri əldə edəsən".

Duanı təxirə salanlar duanın mənasından qafildirlər. Belə ki, duanın mənası o deyildir ki, təbii vasitələrdən əl çəkək və onun yerinə zahirdə dua edək. Əksinə, duanın mənası odur ki, məqsədə çatmaq üçün hər cür çalışmalar və səylərlə yanaşı, duaya da müraciət etməkdir.

Allaha sığınaraq, Ondan ümid və hərəkət ruhu alaq və nəhayətsiz kömək sahibi olan O varlığa dua edək.

Dua o zaman ki, rahatlıq yaratdı, insan fəaliyyətlərini qəhrəmanlıq ruhuna, şənliyə vadar edir. Dua edənin xarakteri də dəyişir. Belə ki, rəftarında mətanət, daxili rahatlıq və şadlıq hiss olunur, yəqinliklə dolu olan çöhrəyə malik olur. Bu qüdrətin təsiri altında geri qalmış xalqlar belə öz əqli və əxlaqi qüvvələrini gözəl şəkildə işə sala bilər və ondan daha çox bəhrələnə bilərlər.

Təəsüflə onu deməliyik ki, duanı həqiqi simada tanıyan insanlar çoz azdırlar.

İnsan dua vasitəsilə ilahi feyzi daha çox dərk etmək üçün diqqət və ləyaqət əldə etmiş olur. Təbiidir ki, təkamülə çatmaq yolunda olan çalışmalar Allah qanunlarına təslim olmağa bərabərdir. Və onu da qeyd etmək lazımdır ki, ibadətin müsbət tərbiyyəvi əhəmiyyəti vardır, əlbəttə ki, dua da ibadətin bir növü olduğundan bu təsirlərə malik olacaqdır.

İmam Cəfər Sadiqdən (ə) hədis vardır: "Allah dərgahında elə dərəcələr vardır ki, duasız heç kim ona çata bilməz". Və başqa hədisdə o Həzrətdən (ə) belə nəql edilir: "Çoxlu dua edin, çünki dua Allah bəxşişinin kilidi və hacətlərə çatmaq üçün bir vasitədir. Nemət və rəhmət Allah yanındadır və duasız ona çatmaq qeyri-mümkündür. Və bil ki, hər bir qapı onunla açılır".

Zira, o ilahi varlıq bizə yaxındır, necə mümkündür ki, bizdən uzaq olsun, o halda ki, bizim qəlbimizin yeri Onundur…

Məşhədi Xanım, «Dəyərlər»

пятница, октября 24, 2008

Həqiqi məhəbbət

Həqiqi məhəbbət dedikdə əlbəttə ki, o İlahi Varlıq yada düşür. Bəs bu Varlığa həqiqi məhəbbətimiz olduğunu necə sübut edə bilərik?

Məhəbbət təkcə qəlbin əlaqəsi deyildir, əksinə onun təsiri insan əməlində əks olunmalıdır. O kəs ki, Allaha məhəbbətinin olmasını iddiası etsə, onun əməllərinin birinci nişanəsi onun Elçisinin (s) ardınca getməkdir.

Həqiqətdə məhəbbət təbii bir əsərdir ki, insanı məhbubuna və onun istəklərinə tərəf sürükləyir. Əlbəttə o da mümkündür ki, məhəbbət zəif olsun və onun şüası insan qəlbindən kənara çıxmasın. Ancaq bu məhəbbətlər o qədər cüzidirlər ki, hətta ona məhəbbət adı qoymaq belə çox çətin olur. Əsl məhəbbətin mütləq əməli təsiri olmalıdır və onun sahibi ilə məhbub arasında mütləq bir bağlılıq olmalıdır. Və bu da onun istəkləri yolunda səmərəli səylərə gətirib çıxaracaqdır.

İnsanın bir şeyə eşq və əlaqəsi mütləq ona xatirdir ki, həmin şeydə o kamala çatsın. İnsan heç bir zaman qüvvəsi və qücü olmayan bir şeyə məhəbbət hiss etməz . Beləliklə insanın Allaha eşqinin səbəbi odur ki, bu ilahi qüvvə hər növ kamalın mənşəyi və mənbəyidir. Təbii ki, bu varlığın bütün göstərişləri və tövsiyyələri də kamildir. Bu halda necə mümkündür ki, təkamül və inkişafın aşiqi olan insan bu tövsiyələrdən üz döndərə. Əgər üz döndərdi, bu onun eşq və məhəbbətinin yoxluğuna dəlalət edəcəkdir. Onlar ki, gecə və gündüz Allaha eşq və məhəbbətdən dəm vururlar, ancaq əməldə bir zərrə də olsa ilahi övliyalara bənzəmirlər. Onlar ki, başdan-ayağa günah içindədirlər, buna baxmayaraq elə bilirlər ki, qəlbləri Allah, Peyğəmbər, Əmirəl-mömünin və böyük rəhbərlərin eşqi ilə doludur və ya bu əqidədədirlər ki, iman, eşq və məhəbbət ancaq qəlbdə olmalıdır və əmələ heç bir aidiyyəti yoxdur. Və onlar çox təssüf ki, İslam məntiqindən çox uzaqdırlar. Axı ancaq dildə məhəbbət olmur, onun əməli təzahürü də olmalıdır.

İmam Sadiq (ə) buyurur: «O kəs ki, günah işlədir Allahı sevmir».

İlahi məntiqə görə, əgər Allaha məhəbbətiniz varsa, onun təsiri həyat və yaşayışınızda təzahür edibsə, deməli Allah da sizi çox istəyir və bu dostluğun təsiri Allahla sizin münasibətinizdə aşkar olacaqdır.

Bəzi rəvayətlərdə nəql olunur ki, din məhəbbətdən savayı bir şey deyildir. Bu rəvayətin məqsədi odur ki, dinin həqiqət və ruhu, Allaha olan həmin iman və eşqdir. Əgər iman və eşqin şüası insan vücudunun hər yerini işıqlandırarsa, onun bədənin bütün əzaları bu eşq şüasının təsiri altına düşər. Və bunun da bariz nümunəsi Allah fərmanına əməl etməkdir.

Məşhədi Xanım, «Dəyərlər»

Qurani Kərimdə insan

Qurani-Kərimdə "İnsan" haqqında bir çox mülahizələr gəlibdir. Belə ki, ayələrin çoxunda ona "bəşər" deyə müraciət olunub. Çox sayda ayələr vardır ki, orada insana "bəni-adəm də" deyirlər. Lakin ümumi olaraq, insan haqqında birmənalı bəhs olunmur. Məsələn, ayələrin bəzilərində o «huşsuz» və «haqq tanımayan» kimi, başqa yerdə «zəif mövcudat» kimi («Nisa» surəsi 38), başqa ayədə «zülmkar» və «küfr edən» mövcudat kimi («İbrahim» surəsi, 34), başqa yerdə «paxıl» kimi («İsra» surəsi 100),

Başqa ayədə kafir və küfr edən kimi (İsra surəsi 47), başqa yerdə zalım və cahil kimi («Əhzab» surəsi 72), başqa yerdə aşkar küfr edən kimi, başqa yerdə hətta Allahın qarşısında məğrur olan kimi («İnqitar» surəsi, 6 ), başqa yerdə isə verilən nemətlərə üsyan edən kimi («Ələq» surəsi, 6) təqdim olunur.

Tərtiblə baxsaq görərik ki, Qurani-Kərimdə "insan" bir çox mənfi xüsusiyyətlərə malik və müxtəlif zəif cəhətləri olan bir varlıq kimi tanıdılır.

Görəsən yuxarıda sadalanan insanlar Allahın «ən gözəl vaxt» və «ən gözəl formada» yaratdığı varlıqdırmı? («Tin» surəsi, 4)

Və ya görəsən bu həmin insandırmı ki, onun müəllimi Allah olubdur, bilmədiyini ona öyrədibdir. (Ələq surəsi 5)

Görəsən bu həmin insandırmı ki, Allah «bəyan elmini ona öyrətmişdir». («Rəhman» surəsi, 3).

Və nəhayət bu həmin insandırmı ki, Allah ona ilahi yolçuluğunda səy etmək və çalışmağa sövq etmişdir. («İnşiqaq» surəsi, 6)

Deyilənlərdən belə nəticə çıxartmaq olar ki, indiyə qədər sadaladığımız insanlar ilahi tərbiyə almayıblar, əksinə bir növ bitki kimi öz-özlərinə inkişaf ediblər. Həyat yolunda nə müəllimləri, nə yolgöstərənləri, nə də qəflət yuxusundan oyadanları olub.

Təbiidir ki, belə insanlar vücudlarının bol imkanatlardan bəhrələnmirlər. Əksinə, onlar öz varlıqlarını başlı-başına buraxaraq, onları səhv və yanlış yollarda irəliləməsinə və təhlükəyə atılmasına səbəb olurlar.

Amma əgər insan ilahi rəhbərindən bəhrələnsə, təkamül, haqqı tanıma və ədalət yolunda düşüncələrini, fikrini işə salsa "insanlıq" mərhələsinə addım atmış olar və "bəni-adəm" adına layiq olar. Və o səviyyəyə çatar ki, gözü Allahdan başqa heç kəsi görməz. Necə ki, Quran deyir: "Biz Adəm övladını şərəfli etdik, onları quruda və dənizdə (miniklərlə) daşıdıq, onlara pak şeylərdən ruzi verdik və onları yaratdıqlarımızın bir çoxundan gərəyincə üstün etdik".

Məşhədi Xanım, «Dəyərlər»