Показаны сообщения с ярлыком yazar: Aynur Məmmədova. Показать все сообщения
Показаны сообщения с ярлыком yazar: Aynur Məmmədova. Показать все сообщения

воскресенье, марта 01, 2009

Fələstinli qadın əsirlərin də haqları pozulur

İşğalçı rejim, zindanlara qapadığı fələstinli qadın əsirləri ən təbii hüquqlarından məhrum edir, - Fələstin informasiya mərkəzi məlumat verir. Sionist İsrail rejiminin zindanlarda tutulan fələstinli dustaq qadınlara göndərilən əşyaların, xüsusilə ayaqqabı və kitabların içəri buraxmamasını mübariz qadınlar etirazla qarşıladılar. Onlar vəkillərinin görüşünə ayaqyalın çıxaraq məruz qaldıqları davranışı bildirmək istəsələr də, həbsxana gözətçiləri buna mane olaraq ayaqqabılarını geyməyə məcbur etmişlər.

Sionist İsrailin zindan gözətçiləri qadın dustaqların ailələrinin gətirdiyi ayaqqabıları qəbul etməyərək, onları ayaqqabiları müəyyən bir şirkətdən almağa məcbur edirlər. Həmçinin, kitabları da onlara çatdırmırlar. Halbuki, bu kitabların heç bir problemi yoxdur. Bu kitabların hamısı dini və mədəniyyət mahiyyətli kitablardır.

Qeyd edək ki, İsrail işğal rejiminin zindanlarında 60 fələstinli qadın dustaq saxlanılır. HƏMAS İsraillə əsir dəyişdirilməsində bütün qadın, uşaq, yaşlı və uzun illərdir İsrail zindanlarında tutulan dustaqların sərbəst buraxılmasını şərt qoyur.

Aynur Məmmədova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

İslam paytaxtı titulunun tarixi müqəddiməsi

Bu yaxınlarda Bakı şəhəri təntənəli olaraq İslam mədəniyyəti paytaxtı seçildi. Hər yerdə bunu bildirən plakatlar asılıb. Həqiqətən paytaxtımız vaxt olub ki, sözün həqiqi mənasında bu ada layiq olub. Belə ki, Azərbaycan da digər islam dövlətləri və millətləri kimi İslam mədəniyyətinə öz töhfələrini verib. Elm, incəsənət, memarlıq, ədəbiyyat və s.sahələrdə. Nəsrəddin Tusi, Nizami, Şeyx Şəhabəddin Sührəvərdi, Füzuli və ilaxır şəxslərin timsalında.

Mədəniyyət özü dəyişən, təkmilləşən tarixi kateqoriyadır. Buna görə də mədəniyyət də başqa ictimai hadisələr kimi inkişaf edir, get-gedə şaxələnir, yeni-yeni nailiyyətlər qazanır. Xüsusilə qloballaşan dünyada mədəniyyətlər bir-birinə yaxınlaşır, inteqrasiya edir. Bu qloballaşma əsrində yer üzündə İslama marağın artması, ona etiqad edənlərin kəmiyyətcə çoxalması, Azərbaycan xalqının da öz doğma dininə yeni tərzdə yanaşması – zamanın tələbinə çevrildi.

Bakının İslam mədəniyyəti paytaxtı seçilməsi fövqəladə böyük bir hadisədir. Çünki İslam mədəniyyəti digər mədəniyyətlərdən üstün mövqedə durur. Misal olaraq Qərb və İslam mədəniyyətlərini götürək. Bu böyük və kəskin fərqi qeyri-müsəlman alimləri öz əsərlərində xüsusilə qeyd ediblər. Qustav Lebon adlı bir fransız ziyalısı yazmışdır: ”Avropa məktəbləri beş əsr müddətində müsəlman alimlərinin kitabları ilə təmin olunurdu. Avropanı elm və əxlaqla tərbiyələndirib mədəniyyət cərgəsinə daxil edən də onlar idi. Müsəlmanların Avropa xristianlarını cəhalət girdabından xilas etdiklərini bəziləri etiraf etməyə çəkinirlər”.

Maks Mirkof İslam sivilizasiyasının əzəməti haqqında yazır: ”Şərq elmləri - İslam alimlərinin əsərlərinin tərcümələri – rəhmət yağışı kimi Avropanın quru və susuz çöllərinə yağaraq məhsuldar etdi”.

Bu xidmətlərdə Azərbaycanın da müəyyən rolu olmuşdur və malik olduğu islam mədəniyyətini dünyaya nümayiş etdirmək üçün fürsət əldə etmişdir.

Dünya sivilizasiyasında Azərbaycanın islam kimliyi və mədəniyyəti ilə tanınmasının zəruriliyini hələ ötən əsrin əvvəllərində ADR başçısı M.Ə.Rəsulzadə söyləmişdir. İslami dəyərlərin təzahürü dövlətçilik ənənələrindən başlayaraq cəmiyyətin bütün sahələrinə, xüsusilə mədəniyyətə doğru geniş nüfuz etdi. İslami təzahürlərin ən parlaq təntənəsi dövlətçiliyi təmsil edən atributlarda: bayraq, gerb, himndə özünəməxsus layiqli yer tutması idi. Bayraqda yaşıl rəngin İslamın rəmzi olması, gerbdə məşəlin alov hissəciklərindən Allah kəlməsinin yazılışı - bu təzahürlərdəndir. Azərbaycanda yaşamış mütərəqqi fikirli Axund Yusif Talıbzadə, Axund Əbuturab, Hüseyn Əfəndi Qayıbov, Səid Ünsüzadə, Məhəmmədkərim ağa Mircəfərzadə və b. xalqın mədəni dirçəlişi naminə böyük işlər görmüşlər.

Yaşadığımız əsr müsəlmanların oyanış əsridir. Müsəlmanları Allah yolunda sabitqədəm edəcək bir əsas amil var, o da vəhdətdir. Ümid edək ki, İslam mədəniyyətinin paytaxtı olaraq Bakının seçilməsi bu vəhdətə doğru atılmış bir addım və bu adı doğrultmaq üçün bir vasitə olacaq.

Aynur Məmmədova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Bizim yolumuz haradır?

Əlbəttə, hər bir insanın gedəcəyi yol Rəbbinə doğrudur. Nəzərdə tutduğumuz yol xalq olaraq Qərbə doğru, yoxsa Şərqə doğru getməkdir. Günümüzün durumu göstərir ki, hələ müəyyənləşmə getməyib.

Həmişəki qaydada dərsə getmişdim. Dərs boş olduğu üçün 5-6 nəfər aramızda söhbət başladı. Bu söhbət əməlli-başlı diskusiyaya çevrildi. Özümüz özümüzdən danışdıq. Özümüz deyəndə, xalqımızı nəzərdə tuturam. Niyə beləyik? Ölkəmizin olduğu müharibə şəraitində birinci hərb sahəsi yada düşdü. Necə özbaşınalıqlar baş verir, eşidirsən. Adicə bir misal. Bir ailənin əsgər getmiş övladını döyüb öldürürlər. Valideynlərinə onun cəsədinə baxmağa imkan vermirlər. Onun soyuqdəymədən öldüyünü deyirlər. Bəli, elə hadisələr var ki, analoqu yoxdur.

Digər tərəfdən rüşvətxorluq problemi. Maraqlı faktdır ki, Azərbaycandan Gürcüstana sərhədinə keçərkən uzun bir siyahı təqdim edirlər, yəni öyrəşdiyin vərdişlər burda keçmir. Siyahıda bəndlərin də çoxu rüşvətxorluqla bağlıdır. Səndən istənilən bu qaydalara riayət etsən səni heç kimin narahat etməyə haqqı yoxdur. Bizdən kasıb olan (maddi resurs baxımından) lakin yaşamaq rahat olan bir ölkədə qanunlar işləyir.

Bu söhbətdən həm də belə çıxdı ki, bizdə həmçinin qorxu streotipi var. Onu yenməsək, çətin millət kimi mövcudiyyətimiz qalsın. Xalqın millət olması üçün əsas şərtlərdən biri milli-ictimai şüurun ayıq olmasıdır. Nə isə. Bu söhbətdən sonra dərsə girməyib bir tədbirə qoşuldum. Qoşulduğumuz Boloniya sistemində dərsdə iştirak etmək sərbəstdir. Ancaq köhnə vərdişlər qalıb. İştirak etməsə tələbə azar eşidəcək, bəlkə təhqir də olunacaq. Hər halda qoşuldum tədbirə. Mövzu Azərbaycanın Avropaya inteqrasiyası və islam amili idi. Nə milli dəyərlər, nə də din Avropaya inteqrasiyaya mane olur. Bəlkə yuxarıda sadaladığımız problemlər imkan verməz buna. Biz özümüzü düzəltməmiş Avropa dəyərlərini necə qəbul edə bilərik? Avropa dəyərləri, yəni müsbət bəşəri dəyərlər nəzərdə tutulur, nəinki sırınan Avropa geyimi, əxlaqı, həyat tərzi. Avropanın insanlara xidmət edən dəyərlərinə üstünlük vermək lazımdır. Ancaq Avropa dövlətlərində azərbaycanli tələbə gənclərin forumlar təşkil etməsi, Azərbaycanın Avropaya inteqrasiya yolunu tutmasının bariz nümunəsidir. Bu inteqrasiya həmçinin onların islami kimliyini özünə qaytarır.

İslamın buyurduğu yola sadiq qalsaq, o zaman hansı dəyərlərin bizim üçün proitet olması aydınlaşar.

Aynur Məmmədova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Uçan divarın altından qaçmayanlar

İnsan elə bir varlıqdır ki, onu hər zaman vücudi suallar maraqlandırır. Kimdir, bu həyata gəlməkdə məqsəd nədir, nə kimi məsuliyyət daşıyır və s. Bu silsilə suallar içərisində tale, qəza və qədər ilə bağlı suallar da diqqət mərkəzində durur. Tale, qəza və qədər adlı sonsuz dərəcədə qüdrətli bir güc dünyanın bütün hadisələrinə hökmranlıq edirmi? İnsan çarəsiz və məcbur şəkildə dünyaya gəlib, beləcə də dünyadan gedirmi? Bəzi insanlar qəza-qədər anlayışını insan iradəsini məhdudlaşdıran bir qayda kimi qəbul edirlər. Bəzən onu müsbət qiymətləndirərək insanın pis işlərə məcbur olduğunu bildirir, öz günahlarını qəza-qədərin ünvanına yazır, bəzən isə mənfi qiymətləndirərək, insanın bir sıra vəzifələr qarşısında aciz olduğunu iddia edir, insani vəzifələrindən boyun qaçırırlar.

Əslində necədir? Qəza-qədər Allahın varlıq aləminə hakim olan qanunlarıdır. Dünyada hökm sürən qanunlar və qaydalar dəyişməzdir. Təbii varlıqlar dəyişkən olsalar da, təbiətdəki nizam dəyişməz və sabitdir. İnsan həyatı daim dəyişmə və təkamüldədir. Gah kamillik həddinə çatır, gah da durğunluq keçirir. Gah iti surətlə irəliləyir, gah da ləngiyir. Müxtəlif amillər insanların taleyini dəyişdirir.

Allah Təalanın elmi bütün hadisələrə vaqifdir. O, gələcəkdə baş verəsi, keçmişdə baş vermiş və hazırda baş verən bütün hadisələrdən eyni dərəcədə xəbərdardır, onun xəbərsiz olduğu məsələ yoxdur. Zaman və məkanca qeyri-məhdud bir varlıq üçün “keçmiş”, “bu gün”, “gələcək” kimi məfhumların mənası yoxdur. Onun üçün keçmiş də, bu gün də, gələcək də eynidir. O, hər şeydən xəbərdardır. İnsansa azad və ixtiyar sahibi yaradılmışdır. Həyatda da özünə yol seçməkdə azaddır.

İslamın başlanğıc dövründəki müsəlmanlar vəhy mənbəyinin təsiri sayəsində qəza-qədər məsələsini düzgün anlamışdılar və insanın istək və iradəsinə zidd bilmirdilər. Bir gün Həzrət Əli (ə) uçulmaqda olan divardan kənarlaşarkən ondan soruşdular ki, məgər Allahın qədərindən qaçırsan? Əli (ə) buyurdu: “İlahi qəzadan İlahi qədərə pənah aparıram, yəni bir taledən o biri taleyə qaçıram”.

İnsan iki yoldan birini seçməkdə azaddır. O, uçulmaqda olan divarın altında otursa, əlbət ki, öləsidir. Yəni uçulmaqda olan divarın altında oturan insanın ölümü Allahın təqdiridir.

Qəza-qədərə inanmaq iradə azadlığını inkar etmək deyil. Qəza-qədər məsələsi ilə cəbr məsələsi arasında kəskin fərq var. Bir zaman Avropada bunları eyniləşdirib belə nəticə çıxarırlar ki, İslam cəbri bir dindir, guya müsəlmanların tənəzzülünün başlıca səbəbi qəza-qədərə inanmalarındadır. Mərhum Seyyid Cəmaləddin Əsədəbadi Parisdə olduğu vaxt bu tənqidlərə diqqət yetirib xüsusi bir risalə yazmışdır. O, bu risalədə yazır: ”Çağdaş müsəlmanlar hərbi və siyasi qüvvə cəhətindən avropalı millətlərdən geri qalmışlar. Yalan, hiylə, düşmənçilik, təfriqə, dünya vəziyyətindən xəbərsizlik, xeyrini-şərini bilməmək, məişətdə dilənçi payı ilə kifayətlənmək onların arasında geniş yayılmışdır. Tərəqqi fikri, düşməni dəf etmək qayğısı çəkmirlər. Qərblilər bütün bu çirkinlik və alçaqlıqların taleyə etiqaddan doğduğunu deyirlər. Avropalılar qəza-qədərə inamla bütün əməl və işlərində mütləq məcbur olduğunu söyləyən cəbr məzhəbi arasında fərq qoymurlar”.

İnsanın iş və fəaliyyəti elə hadisələr zəncirindəndir ki, onun taleyi mütləq və qeyd-şərtsiz deyil. Bir insan, bir xalq öz təşəbbüsü ilə öz hal və vəziyyətini dəyişdirməyincə, Allah onların hal və vəziyyətində heç bir dəyişiklik etməz.

Hər şey İlahi qəza-qədərlə bağlıdır. Lakin insanın da burada rolu olmamış deyil. Dua insan taleyinə təsir edərək qəza-qədərin qarşısını ala bilir. Sədəqə və ehsan da taleyin dəyişməsinə və əvəz edilməsinə təsir göstərir.

Ümumiyyətlə günah və tövbə, ədalət və zülm, yaxşılıq və yamanlıq və bu kimi işlər sağ-salamatlıq və ruzi baxımından insan taleyinə təsir göstərir. İmam Sadiq (ə) buyurur: ”Günahlar vasitəsilə ölənlərin sayı, ömrün başa çatması ilə ölənlərin sayından çoxdur. Yaxşı işlərlə ömürlərini uzadanların sayı, öz ömrünü yaşayanların sayından çoxdur”.

Yəni əcəl və ölüm İlahi qəza və qədərin hökmü ilə müəyyən olunsa da, bu işlər taleyin dəyişmə və əvəzetmə amilləridir.

İslam Peyğəmbəri (s) buyurur: ”Beş tayfanın duası qəbul olmaz. Bunlardan biri uçulmaqda olan divarın altından qaçmayan adamdır”.

Allah bizi kortəbii və süst olmaqdan qorusun! İlahi, amin.

Aynur Məmmədova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

четверг, ноября 20, 2008

Məsumeyi-Qum fenomeni

Zilqədə ayının biri, yəni həzrət Fatimeyi-Məsumənin (s.ə.) təvəllüdü günü kəramət günlərindən biridir. İslam aləminin böyük alimlərindən olan Ayətullah Cəfər Sübhani həm İmam Kazimin (ə) qızı xanım Fatimeyi-Məsumənin (s.ə.), həm də səkkizinci imam Həzrət Rzanın (ə) mövlud günlərini “kəramət günləri” adlandıraraq, bu islami bayramların daha coşğulu bir şəkildə reallaşmasını vurğulayıb. O, “kəramət günləri” adlı tədbirlərin geniş qeyd edilməsini zəruri sayıb.

Xanım Fatimeyi-Məsumənin şəxsiyyəti, onun müqəddəs Qum şəhəri ilə əlaqəsi barədə çoxumuzun yetərli məlumatı yoxdur.

Həzrət Məsumə hicri-qəməri tarixilə 173-cü ildə müqəddəs Mədinə şəhərində dünyaya göz açmışdır. Atası imam Musa ibn Cəfər (ə), anası Nəcmə xatun, qardaşı imam Rza (ə) olmuşdur. Uşaqlıq dövranında ikən Bağdad şəhərində Harunun zindanında həbs olunmuş atasının şəhid edilməsi hadisəsi ilə üzləşmiş və ondan sonra qardaşı imam Rza (ə) onu öz himayəsi altına almışdır. Məmun Abbasinin təkid və təzyiqlərindən sonra İmam Rza (ə) sürgünə bənzəyən Mərv səfərinə düzəlmiş və yanında Əhli-beytdən heç bir kəs olmayan halda Xorasana getmişdir. Qardaşının hicrətindən bir il keçdikdən sonra İmam Rzanı (ə) görmək şövqündə olan həzrət Məsumə bir dəstə mömin ilə Xorasana tərəf yola düşür. Keçdikləri bütün şəhər və məhəllələrdə xalq onları təntənə ilə qarşılayır, onlara məhəbbət və qonaqpərvərlik göstərirdi. Həzrət Məsumə (s.ə.) də böyük bibisi xanım Zeynəb (ə) kimi qardaşının məzlumiyyəti və qürbətini insanlara çatdırır, həmçinin onlara özü və Əhli-beytin bəni-Abbasın zalım hakimiyyətinə qarşı olan müxalifətini bəyan edirdi. Həzrət Məsumənin məqsədi Xorasana getmək idi. Lakin karvan Savə şəhərinə çatdıqda hökumət məmurlarının himayə etdiyi bir dəstə Əhli- beyt müxalifləri onların qabağını kəsərək onlarla vuruşmağa başladılar. Nəticədə təxminən karvanın bütün kişiləri şəhid oldu, həzrət Məsumə (s.ə.) isə zəhərləndi.

Hər halda o həzrət ya çoxlu qəm-qüssə və yaxud zəhər nəticəsində xəstələndi və Xorasana getməyə imkansız olub Qum şəhərinə tərəf yola düşdü. Xanım buyurdu: ”Məni Qum şəhərinə aparın. Çünki atamdan eşitmişdim ki, buyururdu: ”Qum şəhəri bizim tərəfdarlarımızın mərkəzidir”. Burada İmam Sadiqin (ə) bu hədisi yada düşür: ”Qum kiçik Kufədir. Behiştin 8 qapısı var, onlardan üçü Qumdadır. O şəhərdə övladlarımdan bir qadın dünyadan köçəcək. Onun şəfaəti ilə bütün tərəfdarlarım behiştə daxil olacaqdır”. Bəli, o həzrət 17 gün müddətində bu şəhərdə yaşadıqdan sonra qardaşı imam Rzanı (ə) görmədən, qürbət yerdə böyük qəm-qüssə ilə dünyasını dəyişib Əhli-beyt aşiqlərini matəmə qərq etdi.

Bir maraqlı fakt bundan ibarətdir ki, o Həzrəti kimin dəfn etməsi zamanı çətinlik yaranır və bu vaxt qiblə tərəfdən üzlərinə niqab çəkmiş iki atlı sürətlə onlara yaxınlaşır. Namaz qıldıqdan sonra onlardan biri qəbrin içərisinə daxil oldu, digəri isə Həzrətin (s.ə.) pak nəşini qaldıraraq ona verdi. O iki nəfər işlərini qurtardıqdan sonra heç bir kəslə danışmadan öz atlarına minib oradan uzaqlaşdılar. O iki nəfər Allahın höccəti sayılan İmam Rza (ə) və imam Cavad (ə) olur. Çünki məsum insan məsum şəxsin əli ilə dəfn olunmalıdır. Belə ki, xanım Fatiməni (ə) Əmirəl möminin, Həzrət Məryəmi (ə) İsa (ə) (bu siyahını davam etdirmək olar) şəxsən dəfn etmişdir.

Həzrət Məsumənin (s.ə) qəbri üzərində imam Cavadın (ə) qızı Zeynəb (ə) ilk dəfə olaraq günbəz tikdirdi. Hal-hazırda xanım Məsumənin (ə) mübarək məzarı Əhli-beyt ardıcılları, həmçinin vilayət və imamət aşiqlərinin ziyarətgah və şəfa yerinə çevrilib.

Mütəal Allah bizə Peyğəmbər və onun Əhli-beytinin bu dünyada ziyarətini, axirətdə şəfaətini nəsib etsin, inşaallah.

Aynur Məmmədova,

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

четверг, ноября 06, 2008

İnsan özünü unutsa əgər...

“O kəslərdən olmayın ki, Allahı unutdular və Allah da onlara özlərini unutdurdu” («Həşr» surəsi, ayə 19). Qurani-Kərim özünü unutmağı Allahı unutmağın məntiqi davamı olduğunu bildirir. Quran bəyan edir ki, insan bəzən özünü unudur. Bu İlahi kitabın buyurduğu mətləblərə əsasən ən böyük məğlubiyyət və uduzmaq pullarını, var-dövlətini itirmək deyildir, ən böyük uduzan özünü uduzmuş şəxsdir. İnsan özünü uduzanda hər şeyini uduzmuş olur. Bəzən insan bir ömrü boyu qəflətdə olur, özünü tanımır və tanımağa cəhd etmir. Zamanın axarına düşərək “ömür sürür”. Kimdir? Niyə gəlib bu dünyaya? Məqsəd nədir? sualları ətrafında düşünmür. Çünki özünü tanımır, unudub.

Unutmaq zamanın bəlasına, mənəvi xəstəliyə çevrilib. Bütün müstəvilərdə unutmaq mümkündür, ancaq ən dəhşətlisi özünü unutmaqdır. Özünü unutmaq, yəni kimliyini unutmaq, Allah bəndəsi olduğunu unutmaqdır. Həzrət Əli (ə) buyurub: ”Təəccüb edirəm o şəxsə ki, bir şey itirəndə həmişə onu axtarır, amma özünü itirməsinə baxmayaraq onu axtarmır”.

Sağlam insanın özü barədə düşünməsi, öz kamilliyi və bu kamilliyə çatma yollarını araşdırması tam təbiidir. Lakin ətrafını fəsad bürümüş mühitdə yaşayan, əsas dəyər ğina, eyş-işrət, «yemək-içmək» olan,”üç günlük dünya” psixologiyası ilə yaşayan insanlara bu düşüncə tərzi yaddır. ”Nəfsini özünə tanrı edən insanı Allah necə doğru yoldan çıxarıb qulağını və qəlbini möhürlədiyini, gözünə də pərdə çəkdiyini gördünmü? Allahdan başqa kim onu doğru yola qaytara bilər?”(«Casiyə» surəsi, ayə 23).

İnsanın nəfsə bu sayaq kor-koranə itaəti Quranda “qəflət” adlandırılmışdır və qəflətdə olanlar məzəmmət olunur.

Qafil olmamaq üçün özünü tanımaq və özünü tərbiyə etmək lazımdır. Səmavi dinlərin, dini rəhbərlərin və əxlaq alimlərinin bu məsələdə israrı, bu işin mahiyyətini bir daha təsdiq edir. Qəflət səbəbindən insan özünü unudur, diqqət əsl məsələdən yayınır, insan olmaq şərəfini dərk etməkdə aciz qalır. Allahın ona əta etdiyi istedadları, daxili qüvvələrin fərqinə varıb onları realizə edirmi, potensialını üzə çıxarırmı? Axı bunlar ona boşuna verilməyib? İnsanda olan qüdrət ,eşq və pərəstiş, kamilliyə canatma, iradə, agahlıq, əql və s. kimi fitri meyllər var və bu meyllərdən düzgün istiqamətdə istifadə edilməməsi acı nəticələrə gətirib çıxarır. Bu meyllər özü də iki cür əsasa malikdir: insanın varlığının təmininə yönəlmiş meyllər və kamillik meylləri. Məsələn, insan öz varlığını qorumaq üçün qidalanır və ya özünü kamilləşdirmək üçün Quran oxuyur. İnsanın özünü təmininə yönəlmiş meyllər onun iradəsindən asılı olsaydı, qəflət və unutqanlıq səbəbindən bir çox çətinliklər yarana bilərdi. Ancaq kamillik meylləri iradidir, nəzarət etməsən qəflətə düşərsən.

Elm kəsb etmək insanın özünü tanımasına yardımcı olur, ancaq həqiqətdə insanlığa dəlalət etmir. Əslində bəzi filosoflar belə güman edirlər ki, elm bütün kamilliklərin əsasıdır. Digər bir qrup filosoflar isə belə qənaətdədirlər ki, insanın təhsil yolu ilə öyrəndiyi elmin onun kamilliyinə heç bir dəxli yoxdur. Elm və sənət, hətta dünya həyatının özü insan üçün əsl dəyər hesab oluna bilməz.

Elm öyrənməkdə kiminin məqsədi ad-san, var-dövlət və s.ola bilər. Demək nə elmi təhsil, nə sənət, nə fərdi və ictimai işlər mütləq dəyər deyil. Bütün bunlar Allaha yaxınlığa, insanı tanımağa xidmət etdikdə dəyərli ola bilər.

Sokrat əql, elm və hikməti “əsl fəzilət” hesab etmişdir. Ərəstun isə belə qeyd edir ki, elm və hikmətə malik olub, onu işlətməmək səbəbindən əxlaqi fəzilətlərdən məhrum olanlar çoxdur.

İnsanın düz yolda olub insan kimi yaşaması üçün fitri paklığı, seçdiyi dostu əhəmiyyətlidir. ”Vay halıma! Kaş filankəsi özümə dost etməyəydim. And olsun ki, Quran mənə çatdıqdan sonra məni doğru yoldan o sapdırdı” («Furqan» surəsi, ayə 28-29).

Həvarilər İsa peyğəmbərdən soruşdular: ”Kiminlə yoldaşlıq edək?” İsa (ə) buyurdu: ”Görüşü Allahı xatırladan, danışığı elminizi artıran, rəftarı axirəti sevdirən insanları dost seçin”.

Hər addımda diqqətli olmaq lazımdır, xüsusilə də insan özünə qarşı diqqətli olmalıdır. Axı o, əmanətdir. Özümüzü unutsaq bu əmanətin cavabını necə verəcəyik?!

İnsan özünü unutsa əgər, nələr olar, nələr! İnsan özünü unutsa, insanlıq unudular. İnsanlıq unudulsa azadlıqlar tapdanar, qanunlar dəyərsizləşər, bir sözlə hər şey baş -ayaq olar.

Ey insan! Özünü unutma! Unutma ki unudulmayasan…

Aynur Məmmədova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

вторник, октября 07, 2008

Qüdsə dəstək günü

Fələstin. Qüds. Məscidül-Əqsa. Hər birimizə, hər müsəlmana bu sözlər nə qədər doğmadır... Eləcə də yaralı yerimiz, dərd ünvanımızdır. Bu gün dünyada Qüdslə əlaqəli olan Fələstin problemi əzilmişliyin, haqqı tapdanmışlığın simvolu kimi qəbul edilir.

Artıq müsəlmanlar hər il Ramazan ayının son cümə gününü “Qüds günü” kimi qeyd edir, bununla da Fələstində illərdir davam edən sionist cinayətlərin və qətliamların dayandırılması üçün Fələstinin yanında olduqlarını dünyaya hayqırır.

Hər gün KİV-də həyatını günahsız yerə itirən yüzlərlə fələstinli barədə dəfələrlə məlumatlarla rastlaşırıq. Bu gün fələstinlilərin öz vətənində yaşamaq haqları tanınmır, azadlıqlarına hörmət edilmir. Fələstin torpağında sionistlərin cinayətləri hesaba gəlmir. Müqəddəs məkan Qüds işğal altındadır. Həmin Qüds şəhəri ki, müsəlmanların ilk qibləgahı Məscidül-Əqsa oradadır. Həmin Qüds şəhəri ki, əziz peyğəmbərimiz Həzrət Muhəmməd (s) buradan, Məscidül-Əqsadan meraca yüksəlmişdir.

Təkcə müsəlmanlar üçün deyil, digər dinlər də Qüdsü digərindən az dəyərləndirmir. Əvvəllər burada müsəlman, xristian və yəhudi məhəlləsi sərhədlənməmişdi. Müsəlmanlara aid müqəddəs məkanların yəhudi və xristianlara aid müqəddəs məkanlarla qarma-qarışıq bir formada bir-birinin içində olması bu 3 dinin müqəddəs məkanlarının dəqiq cizgilərlə bir-birindən ayrılmasını çətinləşdirirdi. Bəs belə bir sülh ortamına malik bir şəhər indi niyə məzlumların ahı ilə dolub?

Tarixə nəzər salaq. 1947-ci ildə BMT Baş Məclisi ingilis idarəçiliyindən azad olmuş Fələstin ərazisində ərəb və yəhudi dövlətlərinin yaradılması, Qüdsün də BMT-nin nəzarəti altına verilməsi haqqında qərar qəbul etdi.1948-ci ildə Fələstin ərazisində İsrail rejiminin qurulması ilə birinci ərəb-İsrail müharibəsi baş verdi. İsrail Fələstin torpağı üçün «ayrılmış» ərazinin bir hissəsini işğal etdi. 1964-cü ildə Fələstin Azadlıq Təşkilatı yaradıldı. İsrailə qarşı xalq müqaviməti başlandı. İsrailin işğalları davam etdi. 1980-ci ildə İsrail daha da qabağa gedərək Qüds şəhərini özünün “vahid və bölünməz paytaxtı” elan etdi. 1996-ci ildə FAT ilə bağladığı Oslo sülhünə görə İsrail işğal etdiyi Fələstin ərazilərinin 30%-ni boşaltmağı öhdəsinə götürsə də, Qüdsün ərəblər yaşayan hissəsində yəhudi məskənləri salmağa (1997) başlaması münasibətləri yenidən gərginləşdirdi.

Sionistlər qanlı qırğınlar törətməyə davam edir, həqiqi mərmilərdən daşlara qarşı istifadə edir, tanklarla fələstinlilərə aid bölgələrə soxulur və yolları bağlayırlar. Hətta müqəddəs Qüds şəhərini yandırmışlar. Bu yanğında Məscidül-Əqsanın böyük bir bölümü ilə tarixi minbər də xarab olmuşdu. Digər tərəfdən 1968-ci ildən bu yana arxeoloji araşdırmalar bəhanəsiylə «qazıntı işləri» aparırlar. Əslində isə burada Məscidül-Əqsanı yıxıb yerində «Süleyman məbədi» inşa etmək istəyirlər.

Bütün dünya isə hər zaman olduğu kimi, hadisələri yalnız qınamaqla kifayətlənir. İsrail sionist rejimi isə BMT-nin bu müddət ərzində verdiyi 181, 242, 298, 338, 446 saylı qərarlarının heç birinə əməl etməyərək bu günə qədər işğal etdiyi əraziləri tərk etməkdən imtina edir. Əlbəttə, sionizmin bu cinayətləri dəstəksiz də deyildir. Quantanamo, Əbu-Qureyb və Avropanın gizli həbsxanalarında cinayət törədən, İraq və Fələstin xalqlarını təhqir edən, İraq və Əfqanıstanda müsəlmanların həyat və hüquqlarını heçə sayan qüvvələrin bu azğınlıqlarda rolu az deyildir.

Müqəddəs Ramazan ayında da ən azı dualarımızda fələstinliləri anmaq hamımıza etiqaddan gələn bir vəzifədir. Ən azı ona görə ki, Azərbaycanın da Qarabağ kimi bir ağrısı var və bu problemin də kökü sionizmin dünya ağalığı iddialarının erməni daşnakları tərəfindən dəstəklənməsindən rişələnir. Belə ki, Qarabağa təcavüz Qüdsün işğalının davamıdır.

Amma hər bir inanclı bilir ki, Fələstin xalqının hüquqlarına təcavüz etmək və onun doğma torpaqlarını qəsb etmək gec-tez məğlubiyyətə məhkumdur. Fələstin xalqının bugünkü qəhramanlığı və fədakarlığı qəsbkarların gələcəkdəki məğlubiyyəyindən xəbər verir.

Sonda islamın böyük mütəfəkkirlərin təbirincə desək, ”Haqq verilməz, alınar. Zülmkar heç kəsin haqqını verməz. Bu dünyanın əzəli qanunudur.” Uca Allahdan duamız budur ki, tezliklə Qarabağ və Qüdsdə azadlıq bayrağı dalğalansın.

Aynur Məmmədova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

вторник, сентября 30, 2008

Rəhmətlə dolu ay

Bismilləhir rahmənir rahim!

Artıq mübarək üç aylıqdan Rəcəb və Şaban ayları arxada qaldı. İlahi mərhəmətlə dolu bu aylar Allah ayı olan mübarək Ramazan ayına bir növ hazırlıq idi. Allah Təala bütün aylardan üstün tutduğu, şərəfli etdiyi bu aya bəndələrinin layiqli bir halda daxil olmasını istər. Belə ki, bütün aylar Allahın ayıdır, lakin bu ay özünün malik olduğu əhəmiyyətə görə «Allah ayı» adlandırılmışdır. Bu ad həmin aya xüsusi mənəvi məqam və imtiyaz bağışlamışdır. Bu ayda ən son səmavi kitab olan Qurani-Kərim nazil olmuşdur.

İslam peyğəmbəri (s) Şəban ayının axırıncı cüməsində Allah ayının əzəmət və dəyəri barəsində belə buyurmuşdur: ”Ey insanlar! Allah ayı bərəkət, rəhmət və məğfirətlə sizə tərəf gəlmişdir. Bu ay Allahın dərgahında ayların ən yaxşısıdır. Onun günləri günlərin ən yaxşısı, gecələri gecələrin ən yaxşısı, saatları saatların ən yaxşısıdır. Bu ayda siz Allah dərgahına qonaq dəvət olunaraq, lütf və kəramətə layiq görülmüsünüz. Bu ayda sizin çəkdiyiniz nəfəsə Allahın zikri və təsbih savabı, yuxunuza da ibadət savabı verilir.

Bu ayda əgər Allah dərgahına gəlib Onun astanasında otursanız, Allah sizin duanızı qəbul edər. Belə isə səmimi, pak və səfalı qəlb ilə Allahı çağırın ki, bu ayın orucunu tutmaq, Quran oxumaq sizə inayət eləsin. Çünki bədbəxt o kəsdir ki, bu ayda Allahın feyz, bərəkət, bağışlanmaq və rəhmətindən məhrum olsun”.

Bu ayda oruc vacib edilmişdir. Əgər Rəcəb və Şaban aylarında oruc müstəhəbdirsə, Ramazan ayında vacibdir. Bəqərə surəsinin 183-cü ayəsində Allah Təala buyurur: ”Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə (bunun vasitəsilə) siz (Allahın əmr və nəhyləri qarşısında) təqvalı olasınız”.

Allah Təalanın bütün əmrləri, eləcə də oruc insanın kamala çatması, təqvalı olub qürbi-ilahiyə çatması üçün gözəl fürsətlərdir. İnsanın yaranmasının məqsədi Allahın yer üzündəki nümayəndəlik məqamına və xilafətə çatmasıdır. ”Necə qaşıq xörəyi yemək üçün, fincan çay içmək üçündür, insan da yalnız adam olmaq üçün yaradılmışdır”. Bu məşhur bir İslam arifinin sözləridir.

Ramazan ayı ilə bağlı oruc ayələrinə diqqət etdikdə aydın olur ki, oruc tutma çətin və məşəqqətli olduğuna görə sübhan Allah oruc tutan bəndəsilə çox şəfqətli davranır, öz bəndəsinə şərəf və təriflə “iman gətirənlər” deyə müraciət etmişdir. ”Vacib edildi” kəlməsini məchul zamanda qeyd etmişdir. Bu da məzmuna yumşaqlıq bəxş edir. Həmçinin buyurur ki, bu oruc yalnız sizə deyil, sizdən öncə olanlara da vacib edilmişdir. İnsana bəyan edir ki, ey insan, bunun faydası yalnız sənin özünə olacaq və səni təqva zinəti ilə zinətləndirib o yüksək zirvəyə çatdıracaq.

Beləliklə, hər bir mükəlləf şəxsə oruc tutmaq, yəni Yaradanın əmrinə itaət etmək üçün sübh azanından gün batana qədər orucu batil edən şeylərdən çəkinmək vacibdir. Orucun müxtəlif dərəcələri vardır. Adi insanların orucu sadəcə yeyib-içməkdən və digər orucu batil edən şeylərdən çəkinməkdirsə, xüsusi şəxslərin orucu, orucu batil edən işlərdən çəkinməkdən savayı, bütün günahlardan uzaqlaşmaqdır. Xüsusilərin xüsusisinin orucları isə, orucu batil edənlərdən və günahlardan əlavə Allahdan başqa qəlbdə olan bütün istəkləri qəlbdən kənarlaşdırmaqdır.

Oruc bir növ insanı mələklərə bənzədir. Bu mənada ki, mələklər yemək-içməkdən və şəhvətdən uzaq olduqları kimi oruc tutan şəxs də oruc tutduğu müddətdə bu halda olur.

Oruc özünəməxsus olan şərtlərlə insanı arzu və həvəslərin, nəfsin şəhvətlərin qulu olmaqdan azad etməkdə və nəfsi günah aludəliklərindən təmizləməkdə son dərəcə əhəmiyyətlidir. İmam Sadiq (ə) buyurub: ”Oruc tutdunuzsa gözünüz, qulağınız, tükləriniz, hətta dəriniz də oruc tutmalıdır”.

İslam peyğəmbəri (s) Cabir ibn Abdullah Ənsariyə buyurdu: ”Ey Cabir! Bu Ramazan ayıdır, hər kəs onun oruclarını tutsa və gecələr də Allahı yad edərək oyaq qalsa, qarnını haramdan qorusa, dilini saxlasa, bu aydan çıxanda bütün günahlardan xaric olur”. Cabir dedi: ”Ya Rəsulullah! Bu necə də gözəl bir xəbərdir”. Həzrət Peyğəmbər (s) buyurdu: ”Ey Cabir! Onun şərtləri nə qədər də ağırdır”.

Bu baxımdan orucun mükafatı və savabı o qədər mühümdür ki, Mütəal Allah əvvəlcədən orucun savabının qədərini təyin etmədən onun savabını özünə mənsub edir. İslam Peyğəmbəri (s) buyurub: ”Allah Təala buyurur: Oruc mənim üçündür və Mən onun əvəzini verəcəyəm”.

Sonda demək olar ki, orucun hədəflərindən ən mühümü insan şəxsiyyətində olan iradəni gücləndirməkdir. Deyilənlərdən belə nəticəyə gəlirik ki, oruc səbrə, səbr isə təqvaya gətirir.

Oruc tutmağın nəticələrini sizin diqqətinizə çatdırırıq:

- iradə və səbr yaratma,

- vərdiş olunmuş pis adətlərdən qurtulma,

- çarəsizlərlə həmdərd olma,

- nemətlərin qədrini bilmə,

- sağlamlığa tərəf yönəlmə,

- hesab gününü xatırlama,

- işləri yalnız xaliscəsinə Allah üçün həyata keçirməyi qüvvətləndirmə,

- intizama riayət olunmasına adət etmə,

- insanlar arasında məhəbbəti yayma,

- əmanətçiliyə riayət etmə,

- müsəlmanların vəhdətdə olmalarına şərait yaratma,

Nəhayət İmam Cəfəri Sadiqin(ə) hədisi ilə yazımızı bitiririk: ”Oruc cəhənnəm odu qarşısında möhkəm bir sipərdir”.

Oruc tutaq ki, öz günahlarımız ilə alışdırdığımız odu söndürək. Allah orucunuzu qəbul etsin.

Allah amanında.

Aynur Məmmədova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

среда, июня 11, 2008

İslamın təqdim etdiyi nümunə kimlərdir?

İslam dini bəşəriyyətə göndərilmiş sonuncu ilahi din olmaqla insanın kamil yaşayış proqramını təqdim edir, kamala - yekun hədəf olan qürbi-ilahiyə çatmağın üsul və qaydalarını öyrədir. Bəs müsəlman olan insan İslama nə dərəcədə riayət edir? Həqiqətən təslim olurmu Allahın əzəməti və qüdrəti qarşısında?
Yalnız Allaha iman gətirib onun peyğəmbərini tanıyan, iki mühüm əmanətə sahib çıxan insanlar bəndə olmağa layiqdirlər. Lakin elə adamlar vardır ki, zahirdə İslamın hökmlərini yerinə yetirib, batində buna zidd əməllər etməklə dırnaqarası müsəlman imici yaradırlar və bunlar bir nümunə halına gəlir. İnsan dindən qaçır. Dinlə dindar səhv salınır. «Filankəs mömündür, filankəs hicablıdır, elə mömün, hicablı olmaqdansa, ürəyim düzdür bu mənə bəsdir» - tez-tez eşidilən bəhanələrdəndir. Lakin soruşula bilər ki, sənin üçün nümunə onlarmıdır? Həzrət Peyğəmbərdən (s) hədis var: ”Allaha pərəstiş edənlər 3 qrupdurlar: Biri qorxudan ibadət edənlər. Bu qulların ibadətidir. O biri mükafat tamahı ilə ibadət edənlərdir. Bunlar muzdurlardır. Üçüncü dəstə onlardır ki, Allaha eşq və məhəbbətlə ibadət edərlər. Bu da azad insanların ibadətidir”.
Nümunə - Allahın Peyğəmbəri (s)və pak Əhli-beytidir (ə). Allah Təala bəşəriyyəti hidayət etmək üçün peyğəmbərlər seçmiş və onları pak, hər eybdən təmiz, məsum qərar vermiş və bütün insanları Peyğəmbər və İmamların ardınca getməyə dəvət etmişdir. Əhli-beytin (ə) pak olmağını Quranın «Təthir» ayəsi - «Əhzab» surəsinin 33-cü ayəsi sübut edir. ”Allahın iradəsi bu olmuşdur ki, yalnız siz Əhli-beytdən hər növ çirkinliyi aradan aparıb sizi pak-pakizə qərar versin”
İnsan elə yaradılıb ki, həm bütün yaxşı və bəyənilmiş xüsusiyyətlərə malik ola bilər, həm də pis və bəyənilməyən xüsusiyyətləri gücləndirə bilər - seçim özünündür. Demək, bəşər övladı haqq yolunda olan ən yaxşı insan və ya tarixin üzünü qara edən ən pis cinayətkar olmaq iqtidarındadır. İnsan dünyaya gəldikdə ilk vaxtlar aclıq və susuzluq kimi duyğulardan başqa bir şey bilmir. Lakin onun vücudunda göz və qulaq kimi elə orqanlar qoyulmuşdur ki, onların vasitəsilə bilmədiklərini bilsin və ya başqa insandan öyrənsin. İnsan elm və təcrübəni başqalarından öyrənir. Onun fitrətində yaşamaq qüvvəsi vardır, lakin necə yaşamağı başqalarından, həyatın alçaq-hündürlüyünü, isti-soyuğunu görən şəxslərdən öyrənir.
İnsan öz şəxsi, ictimai-siyasi və əxlaqi həyatında agah və səmimi bir tərbiyəçiyə möhtacdır ki, necə yaşamağı və ümumiyyətlə kamal və səadət yollarını ona öyrətsin. Tərbiyəçilərin əməl və danışıqları insanlar üçün nümunə, özləri isə insanlara rəhbərdirlər. Məlumdur ki, hər hansı bir şəxsin özünə seçdiyi rəhbər və ülgü, insan elmli, sədaqətli və adil olarsa, onu kamala, fəzilət və tərəqqiyə çatdırar. Əks halda - cəhalətə və nəticədə geriliyə, bədbəxtliyə sövq edər.
Qurani Kərimin «Əhzab» surəsinin 21-ci ayəsində buyurulur: ”Həqiqətən Allahın Rəsulu Allaha, Qiyamət gününə ümid bəsləyənlər (Allahdan, Qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir”
Allaha inanan bütün müsəlmanlara və Həzrət Peyğəmbəri (s) İslam cəmiyyətinin rəhbəri kimi qəbul edən, İmamları (ə) onun canişini bilənlərə vacibdir ki, Onların dediklərinə və gördükləri işlərə tabe olsunlar. Əgər belə olsalar, hər hansı azğınlıqdan qurtularlar, nicat taparlar.

Aynur Məmmədova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi


четверг, июня 05, 2008

İnflyasiya nədir?

Son zamanlar bahalaşma günümüzün əsas məsələlərindən birinə çevrilmişdir. Belə ki, ölkəmizdə əmtəə mallarının, xüsusilə də ərzaq məhsullarının bahalaşması hamıya məlumdur. Ancaq bu bahalaşma təkcə bizim ölkə kimi inkişaf etməkdə olan ölkələrə xas deyildir.
Dünya Bankının hesablamalarına görə, dünyanın 33 ölkəsi ərzaq bahalaşması ilə bağlı sosial narazılıq və iğtişaşlarla üzləşə bilər. Bankın prezidenti xəbərdarlıq edib ki, ərzaq məhsullarında qiymətlərin artması yaxın zamanlarda qlobal böhrana səbəb ola bilər.
Son aylar Haiti, Burkina-Faso, vəziyyəti nisbətən yaxşı olan Misirdə’’çörək etirazları’’ adlandırılan iğtişaşlar baş verib. Hətta Londonun özündə əhali son vaxtlar qiymətlərin artmasından narazıdır.
Bəs bahalaşmanın səbəbləri nədir? Hər bahalaşma inflyasiyanın nəticəsidirmi? Bahalaşma və inflyasiyanın fərqləri nədir?
İnflyasiya termini latınca «inflatio» sözündən əmələ gəlib ’’hədsiz artırılma’’ mənasını verir.
İnflyasiya dedikdə əmtəə və xidmətlərin qiymətlərinin ümumi artımı formasında təzahür olunan tələb və təklifin tarazlığının pozulması başa düşülür. Lakin bu o demək deyildir ki, inflyasiya dövründə bütün qiymətlər artır. Bəzi əmtəələrin qiymətləri arta, digər əmtəələrin qiymətləri isə sabit qala bilər, bəzi əmtəələrin qiymətləri surətlə, digər əmtəələrin qiymətləri isə xeyli ləng arta bilər.
İnflyasiyanın ən ümumi ənənəvi tərifi belədir: bu, bir iqtisai kateqoriyadır ki, əmtəə qiymətlərinin və xicmətlərin artması və pul vahidinin qiymətdən düşməsi ilə səciyyələnir. Yəni inflyasiya baş verdikdə pulun alıcılıq qabiliyyəti aşağı düşür, o, qiymətsizləşir. Lakin qiymətlərin sadəcə artması inflyasiya demək deyildir. Qiymətlər məhsulun keyfiyyətinin yaxşılaşdırılması, istehsal xərclərinin artması - xammal və materialların bahalaşması ilə əlaqədar olaraq (məsələn, taxılın qiymətinin artması çörəyin bahalaşmasına səbəb olur), ümumiyyətlə əmtəələrə olan tələbin onların təklifindən çox olması və s. səbəblərdən də arta bilər. Ayrı-ayrı bazarlarda qiymətlərin artması hələ inflyasiya demək deyildir. İnflyasiya məcmu tələblə məcmu təklif arasındakı tarazlığın pozulması nəticəsində ölkənin bütün bazarlarında qiymətlərin ümumi səviyyəsinin artması deməkdir.
Ölkəmizdə ərzaq məhsulları getdikcə bahalaşsa da orta əmək haqqında heç bir real irəliləyiş nəzərə çarpmır. İnkişaf etmiş Qərb ölkələrində isə hər altı aydan bir əmək haqqında düzəlişlər edilir: inflyasiyanın artımının hər bir faizinə görə əmək haqqı yarım faiz artırılır.
Əvvəlki dövrlərdə inflyasiya fövqəladə vəziyyətlərdə meydana gəlirdi. Məsələn, müharibə vaxtı dövlət özünün hərbi xərclərini ödəmək üçün tədavülə külli miqdarda kağız pullar buraxırdı. Son 30-40 il ərzində isə bir çox ölkələrdə inflyasiya daimi xarakter daşıyır və təkrar istehsal prosesinin bir amilinə çevrilmişdir.
İl ərzində qiymətlər 10%-dən çox artmayanda buna mülayim, sürünən inflyasiya deyilir. Bəzi iqtisadi cərəyanlar belə inflyasiyanı iqtisadi inkişaf üçün hətta faydalı hesab edirlər.
İl ərzində qiymətlər 20%-dən çox artanda buna surətli yaxud, dördnala çapan inflyasiya deyilir. Belə inflyasiya iqtisadiyyatda ciddi gərginlik yaradır.
Tədavüldə pulların və əmtəələrin qiymətlər səviyyəsi son dərəcə artanda buna hiperinflyasiya deyilir.
İnflyasiyanın tarazlaşdırılmış və tarazlaşdırılmamış növləri olur. Tarazlaşdırılmış inflyasiya zamanı müxtəlif əmtəə qruplarının qiymətləri bir-birlərinə nisbətən sabit qalır. Tarazlaşdırılmamış inflyasiya şəraitində isə müxtəlif əmtəələrin qiymətləri bir-birinə nisbətən və həm də müxtəlif proporsiyalarda dəyişir.
Gözlənilən və gözlənilməyən inflyasiyaları da bir-birindən fərqləndirmək lazımdır. Gözlənilən inflyasiyanı müəyyən dövr üçün əvvəlcədən proqnazlaşdırmaq mümkündür. Bəzən də, o, ölkənin hakimiyyəti tərəfindən planlaşdırılır. Gözlənilməyən inflyasiya qiymətlərin birdən-birə siçrayışı ilə səciyyələnir ki, bu da ölkədə pul tədavülünə və vergi sisteminə mənfi təsir göstərir.
İnflyasiyanın mənfi təsirləri artıq hamımıza yaxşı məlumdur. İnflyasiya xalq təsərrüfatında sabitliyi pozaraq, həm də xırda şirkətlərə ciddi iqtisadi ziyan vurur. İnflyasiya vergilərdən daxil olan vəsaitləri qiymətsizləşdirir. İnflyasiya əhalinin əmanətlərini qiymətsizləşdirir, banklara böyük zərər yetirir. O, sanki əhalinin üzərinə vergi qoyur, nominal və eləcə də real əmək haqqının artım templərinin əmtəə və xidmətlərin qiymətlərinin kəskin artımından geri qalmasını şərtləndirir. İnflyasiyadan daha çox təqaüdçülər, sərbəst peşə adamları, işçilər zərər çəkirlər.
İnflyasiyaya qarşı mübarizə makroiqtisadi səviyyədə aparılmalıdır. Ölkə hökuməti köklü tədbirlər həyata keçirməklə ya onu aradan qaldırmalıdır, ya da ona uyğunlaşmaq lazımdır.


Aynur Məmmədova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

вторник, апреля 22, 2008

Boloniya sistemi bizə nə vəd edir?

Ali məktəblərdən biri. Lövhədə belə bir cümlə var: Qurtuluşa 74 gün qaldı. Görəsən bu nə deməkdir? Ağla müxtəlif fikirlər gəlir. Bu cümləni belə həyacan doğuran şəkildə yazdıran səbəb nədir? Bəlkə torpaqlarımızın azadlığına, qurtuluşuna az qalıb? Bəlkə yad ünsürlərdən torpaqların təmizlənməsinə az qalıb? Bəlkə televiziyalardan tökülən əxlaqsızlıqlardan qurtulmağa az qalıb? Bəlkələr çoxdur. Ancaq cavabı çox asan və bəlkə də bizə məntiqsiz gələn bir cavabdır: universiteti qurtarırıq və bununla canımızı da qurtarırıq. Bəs məgər universitet təhsil, tərbiyə ocağı deyilmi?
Universitetlərin necə vəziyyətdə olmasına təhsil naziri "Ali məktəblərdə tələblər və zərurətlər" adlı konfransda belə cavab vermişdir: "Təəssüf ki, hələ də ali məktəblərdə Sovet idarəetmə strukturu yaşamaqdadır. Ən ciddi problemlərdən biri də təhsilin məzmunundadır. Ali məktəblərin çoxunda nə dərslik, nə vəsait, nə təlim texnologiyası, nə də müəllimlər müasir təlim texnologiyalarına cavab verir. Ali məktəblərin proqramlarında əhəmiyyəti olmayan çoxlu fənnlər var”
Həmçinin müəllimlərin tələbə üzərində psixoloji təzyiqi, müstəqil fikir yürütməyə mane olmaları, bürokratik ab-hava təəccüb doğurur. Əlbəttə, «bu hal bütün ali məktəblərə aiddir»- desək ədalətsizlik olar. Amma mütləq əksəriyyəti bu durumdadır.
Bu problemlər azmış kimi, hələ mahiyyətini tam olaraq bilmədiyimiz Boloniya adlı bir sistemə qoşulmuşuq. Nədir Boloniya sistemi? Boloniya sistemi yeganə Avropa Ali Təhsil Məkanı yaratmaq məqsədilə Avropa ölkələrinin təhsil sisteminə yaxınlaşma və onunla harmoniya təşkil etmə prosesidir. Boloniya sistemi 46 ölkəni birləşdirir. 41 Avropa ölkəsindən başqa, Azərbaycan, Gürcüstan, Türkiyə, Ermənistan və Rusiya da daxildir. Sistemin məqsədi 2010-cu ilə qədər milli təhsil sistemlərini Boloniya bəyannaməsinin əsas müddəalarına uyğun dəyişdirməkdir. Müddəalardan biri olan surətlilik sxeminin aparılmasına ciddi nəzarəti təmin etmək təhsil yükünü qısa vaxta sıxışdırır, tələbələr yuxarı kursun materiallarını mənimsəmək məcburiyyətində qalır və nəticədə təhsilin səviyyəsi aşağı düşür.
Yeni sistemə 1-ci keçən Sankt-Qallens universitetində professor və dosentlərin əksəriyyəti dəyişikliyin təhsil prosesinə mənfi təsir göstərdiyini gizlətmirlər. Təhsilin standartlaşdırılmasının və kredit bal sisteminə girişin nəticəsində daha çox humanitar sahəyə nəzərə çarpan zərbə vurulduğunu deyirlər. Belə olan halda biz bu sistemin ölkəmizdəki tətbiqindən nə gözləməliyik?
Bu səbəblərdən, «qurtuluşa az qalıb» deyən tələbə “zindandan”, ”buxovdan”qurtulurmuş kimi sevinir.
Əslində universiteti bitirən tələbə başqa şeyə sevinməlidir. Sevinməlidir ki, önünə yeni bir yol açılır, mütəxəssis ola bilər, vətəninə, xalqına xeyir verib çox şeylər edə bilər.

Aynur Məmmədova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

четверг, марта 20, 2008

Müasir insanın mənəviyyatı

İnsan və mənəviyyat - bu iki anlayışı bir-birindən ayrı təsəvvür etmək qeyri-mümkündür. İnsan digər yaradılmış canlılardan məhz bu keyfiyyətinə görə fərqlənir. Bu səbəbdən insanların maraqlarının və araşdırmalarının mərkəzində həmişəlik qərar tutmuş mövzulardan biri də mənəviyyat məsələsi olmuşdur.
İnsanın mənəviyyata meylli olması ona öyrədilməmişdir. Bu fitri məsələdir və əgər üzərinə qəflət və unutqanlıq tozu yığılmamışsa, insan təbiətində yaşayan bir mövzudur. O, insanın daxilində parıldayır və cilvələnir. Qafillik pərdələri ilə örtüldükdə şölələri bir qədər azalır, lakin heç vaxt sönmür. Kiçik bir özünəqayıdış ilə yenidən şölələnməyə başlayır.
Dünyada müxtəlif sahələrdə böhran vəziyyəti mümkündür və olur. Lakin müasir dövrün ən böyük böhranı mənəvi böhrandır ki, bunu biz ən inkişaf etmiş ölkələrdə belə müşahidə edirik. Sənəyeləşmə, texnologiya, elm, intelektuallıq və s. adlar ilə özündən və həqiqətdən uzaqlaşan insan böran keçirir.
Bugünkü insan elmin inkişafı nəticəsində bir çox mümkün olmayan şeyləri mümkün etsə də, nə elm, nə texnologiya, nə də bu inkişafın ardınca yaranan ideyalar onun susuz ruhuna sakitlik bəxş etmişdir. Həqiqətdə bugünkü dünya insana asayiş bəxş etmiş, lakin onun ruhunun rahatlığını əlindən almışdır. Sadaladığımız heç bir qazanılmış nailiyyət bugünkü insanın mənəvi boşluğunu doldura bilməmişdir.
İnsanın insanlığı o dərəcədə ayaq altına atılmışdır ki, o bir qul kimi ixtiyarını nəfsinin əlinə vermiş, öz istək və meyllərinə çatmaq üçün utanc gətirən işlərə girişir, o cümlədən ağir cinayətlər törədir. Sanki manqurta çevrilərək nə eşidir, nə görür, nə də dərk edir.
Müasir dövrün ən böyük bəlalarına ilk növbədə intihar, nihilizmin artması, səmimiliyin azalması, əsəb xəstəliklərinin artması, bekarçılığın artması və s. daxildir. İntihar faktı müsəlman ölkələrində nəzərə çarpmayacaq dərəcədə aşağı, inkişaf etmiş ölkələrdə isə yuxarıdır. 45 ölkənin siyahısında birinci yerdə olan ölkələr - Litva, Estoniya, Finlandiya, Fransa, Yaponiya, İsveçrə, İsveçdir. Yeganə müsəlman ölkəsi isə Qazaxıstandır. Dünya statistikasına əsasən, hər 40 saniyədə 1 nəfər özünə qəsd edir.
İntiharın əsəs səbəbi depressiyadır ki, bu da mənəvi böhranın göstəricisidir. Araşdırmalar göstərib ki, intihar normal həyat tərzi keçirənlərin arasında 7 dəfə azdır. Buradan belə bir sual ortaya çıxır: ”İnsan cəmiyyəti, sivilizasiyası düzgün istiqamətdəmi getmişdir?”.
Axı niyə müsəlman ölkələrində bu hal aşağı səviyyədədir? Çünki müsəlman insanın dini var. Dini onun mənəviyyatını tozlanmağa qoymur, özünü tanıtdırır. İnsanın özünə bağlılığı onun özünə yadlaşmasına, biganəliyinə, özündən xəbərsizliyinə səbəb olmur və insanın öz dəyərlərini unutmasını tələb etmir, insan hərəkətinin dayanması və ətalətdə qalması ilə nəticələnmir. İnsan Allaha bağlananda özünü unutmur. İslam fəlsəfəsində hər bir şeyin yaradıcısının yaratdığı şeyə onun özündən yaxın olması çox aydın dəlillərlə bəyan olunub.
Hamı özünün özünə hamıdan yaxın olmasını deyir, amma Quran deyir ki, Allah hər bir şeyə onun özündən də yaxındır. İnsanın Allaha tərəf getməsi, onun özünə doğru getməsidir ki, bu da mənəviyyatın zənginləşməsinə səbəb olur.
Bütün dinlərdə mənəviyyata diqqət vardır. Bugünkü insan bütün dinlərdə, hətta insanın təbiətində yaşayan bir ümumi mənəviyyata inanır. Lakin, hərtərəfli geniş texniki və texnoloji nailiyyətlər, onların ardinca isə elmi yüksəlişlər qərb insanının daxili aləmini hiss və təcrübə ilə o qədər qarışdırmışdır ki, hətta İlahi və vəyh köklərinə malik olan dini də dəyişdirməyə də cəhd göstərir.
Müasir insan hər şeyi ağıl və təcrübə tərəzisində ölçmək istəyir. Lakin artıq belə bir inam əldə etmişdir ki, dünyada ağıl və təcrübə ilə yoxlanılması mümkün olmayan məsələlər vardır. Bunlar işlərin daxili və son mahiyyəti, qeyri-maddi işlər kimi məsələlərdir ki, dünyaya müraciət etməklə onlara cavab tapmaq olmur. Erik Frumun fikrincə, ”din “nə üçün”lərə cavab tapmaq üçün gəlmişdir, ”necə”lərə bəşər ağlı və bəşər elmi cavab verir”. Nitşe isə deyir ki, “biz nə üçün”ləri bildikdə yaşaya bilirik”.
Bugünkü insan onun “nə üçün”lərinə cavab verə biləcək və ona düzgün həyat yolu öyrədə biləcək bir sığınacaq axtarışındadır. Elə buna görə də Avropa İslama üz tutur.
Biz inkişaf etmiş ölkələrin elmi-texniki tərəqqisinə həsəd aparib, özümüzü o səviyyədə olmamaqda qınamamalıyıq. Görünən yalnız aysberqin üst tərəfidir. Biz dünyanın inkişaf etmiş ölkələrinin elmi-texniki tərəqqisindən, texnoloji inkişafından faydalanmalıyıq, lakin buradan gələ bilən mənfi cəhətlərindən imtina etməliyik. Müxtəlif səviyyəsiz şou və aşağı standartlı «əyləncəvi» layihələrin pərdəsi altında mədəniyyətsizliyin mədəniyyət adı altında sırınma cəhdlərini görməliyik və bunlara qarşı immunitetimiz olmalıdır.
Biz əlimizdə olan nemətin - düzgün həyat yolu öyrədə biləcək bir dinimizin qiymətini bilsək və mənəviyyatımızı unutmasaq, inşəallah, hər şey yaxşı olacaq.

Aynur Məmmədova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

четверг, февраля 28, 2008

Elmin dəyəri

Müasir dünyada elm çox geniş bir məna kəsb edir. Elmlərin miqdarı o qədər artıb ki, onları sayıb qurtarmaq olmur. Lakin məna dərinliyinə getdikcə onlar bir-birinə yaxınlaşıb bir mərkəzə tərəf gedirlər. Rəsuli-Əkrəm (s) buyurub: “Elm bir nöqtədir, cahillər isə onu çoxaldıblar”.
Bəzi cəhalətpərəst, qəflətdə olanlar zaman-zaman elmləri iki yerə bölmüşlər: dini və dünyəvi. Bu elmlər arasına uçurum salmışlar. Dünyəvi elmlər tərəqqiyə aparan elmlər kimi təqdim edilmiş, dini elmlər isə əksinə. Amma əslində əgər dini elmlər insanları dünyanı dərk etməyə yönəldirsə, bu elə dünyəvi elmlərdir. Əslində tərəqqiyə aparan bütün elmlər İslami elmlər sayılır.
Elmin əhəmiyyəti haqqında müxtəlif nəzəriyyələr mövcuddur. Bəzi filosoflar belə güman edirlər ki, elm bütün kamilliklərin əsasıdır. Varlıq aləminin bütün sualları qarşısında elmi dəlillərə malik olan insan ən kamil insan hesab olunur. Digər bir qrup filosof isə bu qənaətdədir ki, insanın təhsil ilə öyrəndiyi elmin onun kamilliyinə heç bir dəxli yoxdur. Hətta elmi kamilləşmə yolunda maneə hesab edənlər də var. Bu qənaətlərin ən düzgünü budur ki, elm insan üçün kamillik sifətidir.
Elmi-hüsuli, başqa sözlə oxumaqla öyrənilən elm iki növdür: nəzəri və əməli. Nəzəri elmlərin insan xarakteri ilə əlaqəsi olmasa da, onlardan bəziləri son məqsədi tanımaqda insana kömək edir.
Təkamül yolunda insanın agah şəkildə kamilləşməsi əməli elmlərdən asılıdır.
Praqmatizm nəzəriyyəsinə görə, elm və sənət yalnız o zaman dəyərlidir ki, insan onun vasitəsilə özü üçün gözəl və rahat həyat qura bilsin. Ancaq nəinki elm və sənət, hətta dünya həyatının özü insan üçün əsl dəyər hesab oluna bilməz. Nə elmi təhsil, nə sənət, nə də fərdi və ictimai işlər mütləq dəyər deyil. Bütün bunlar yalnız Allaha yaxınlığa xidmət etdikdə dəyərli ola bilər. Elm öyrənməkdə kiminin məqsədi ad-san, kiminin məqsədi isə Allahın razılığını qazanmaqdır. Allaha yaxınlıq məqsədilə elm təhsili - ibadətdir.
«Bir saat elmlə məşğul olmaq altmış il ibadətdən üstündür» hədisini yanlış olaraq belə başa düşürlər ki, elm öyrənmək ibadət təklifini aradan götürür. Elmi xidmətlər və məşğuliyyətlər, camaata düzgün yolu göstərmək ən yaxşı ibadətlərdən sayılır, qürbət qəsdi yerinə yetirilərsə İlahi dərgaha doğru yaxınlıq və mənəvi təkamülə səbəb ola bilər. Lakin nə günahlara və əxlaqi rəzilliklərə bir dərman, nə də ki, İlahi təklif və vəzifələrin götürülməsinə səbəb olmalıdır.
Elm əhli də başqaları kimi, həlakətdən xilas olmaq, əbədi səadətə və kamala çatmaq üçün təqvaya, nəfsin saflaşdırılmasına, ibadətdə ciddiyətə ehtiyacı vardır.
İnsanın qəflət yuxusundan ayılmasına səbəb olacaq elm isə çox təəssüflər ki, bəzən qürura, cəhalətə səbəb olur.
Elm imanla rabitəli şəkildə əlaqəlidir. İman əqlin təsdiq etdiklərini qəbul etməsi və onun şərtlərinə əməl etmək qərarına gəlməsidir. Sabir elm və imanın əlaqəsini belə ifadə etmişdir.
Gər olsa nisada elmü-irfan
Övlada edər bu yolda iman
Azərbaycanın məşhur ədib və ziyalıları maarifi, elmi cəmiyyətin inkişafı üçün əsas meyar hesab etmiş, bu yolda mübarizə aparmışlar. Sabir:
Elm ilə olur hüsuli-izzət
Elm ilə olur nüfuzu-millət
Bu arada İslamı qəbul etmiş dünyanın bir sıra görkəmli elm xadimlərini qeyd etmək yerinə düşərdi.
Alman şairi, mütəfəkkir İohan Volfqanq Höte demişdir: «Uzun illər Allahdan xəbərsiz keşişlər bizi Quran həqiqətlərini dərk etməkdən uzaq saxlayıb. Ancaq elm aləmində bütün məchul və naməlumlar Qurandadır».
İngilis alimi ser Edvard Henri əl dərisi naxışlarının quruluşu ilə cinayətkarların axtarışı kəşfini Qurani-Kərimin «Qiyamət» surəsinin 3-4 cü ayələrindən götürmüş və 1891-ci ildən dünyanın kriminalistika sahəsində ilk dəfə olaraq tətbiq edilməyə başlamışdır.
Fransız filosofu, yazıçı Qüstav Lebon: «Quran vasitəsilə İslam dini dünyaya ən təmiz, həqiqi monoteizmi - təkallahlıq dinini çatdırır».
Jak İv Kusto Cəbəllutariq boğazında tədqiqat apararkən, elmin izah edə bilmədiyi təəccüblü faktla, bir-birinə qarışmayan iki su kütləsinin olması ilə üzləşir. Bütün bunların 1400 il bundan qabaq Quranda olmasını bilərkən heyrətlənir və deyir: "And içirəm ki, müasir elmi 1400 il geridə qoyan Quran insan sözü ola bilməz. Bu, həqiqətən Uca Allahın sözüdür”.
Bu siyahını daha da artırmaq olar. Sonda bu hədisi hər zaman yadda saxlamalıyıq: “Elminizi başqalarına öyrədin və başqalarının elmini öyrənin”.

Aynur Məmmədova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi