Показаны сообщения с ярлыком yazar: Surac Azəri. Показать все сообщения
Показаны сообщения с ярлыком yazar: Surac Azəri. Показать все сообщения

воскресенье, марта 01, 2009

Azərbaycan tarixinin ən dəhşətli səhifəsi

Bu tarix Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur.

Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir. 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunmuş, Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr erməni ideloloqlarının "dənizdən-dənizə Ermənistan" adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi.

Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi nə idi? Bu, bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək məqsədi idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu xüsusi mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşmüşdür. Xocalının kromlexləri, dolmenləri, siklopları, kurqanları və digər abidələri, həmçinin müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələridir. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv ediliməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsiylə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı, dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.

1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil. Hücumda həmçinin mayor Oqanyan Seyran Muşeqoviçin (Seyran Oqanyan hazırda Dağlıq Qarabağda ermənilərin qeyri-qanuni rejiminin "müdafiə naziri"dir) komandanlığı altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixinin komandası altında 3-cü batalyonun, 1 saylı batalyonun qərargah rəisi Çitçyan Valeriy İsayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və praporşik iştirak etmişdir. ("Xocalının işğalına dair istintaq materiallarından"). Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilmişdir

Xocalı soyqırımının epizodları insanı dəhşətə gətirir.

Kütləvi qətl yerlərində olmuş rusiyalı jurnalist Y.Romanov Qarabağ haqqında yazdığı “Mən müharibəni çəkirəm...” adlı kitabını aşağıdakı sözlərlə başlamışdı: “İlahi, axı bu necə “milli-azadlıq mübarizəsi”dir?”

Həmin kitabdan cəmi bir epizodu sizə təqdim edirik, özünüz nəticə çıxarın: “...Lentə çəkdiyim 37 saniyə əllərimi yandırır. Mən insanların əhatəsindən çıxıb kameranı qaldırıram. Videoaxtarıcıda içərisində yaralılar olan maşının şütüdüyü yol görünür. Budur, yaralıları xərəklərə qoyur, platformadan birbaşa vaqonların açıq pəncərələrindən əməliyyat vaqonuna aparırlar. Başı sarıqlı 6 yaşlı qızcığaz. Sarğı elə qoyulmuşdur ki, onun hər iki gözünü örtür.

Mən kameranı söndürmədən qızcığaza tərəf əyilirəm:

-Sənə nə olub, əzizim?

-Gözlərim yanır... Əmi, gözlərim yanır...

Gözlərim yanır!!!

Həkim çiynimə əlini qoyur:

-O kordur. Gözlərini siqaret kötükləri ilə yandırıblar... Onu bizim yanımıza gətirəndə gözlərindən siqaret kötüyünün qalıqları sallanırdı...

Oxucu məni bağışlasın, lakin gözlərimlə gördüklərimi, qulaqlarımla eşitdiklərimi dilimlə deyə bilmirəm. Belə xatirələr izsiz ötüb-keçmir və axşam bu fəsli yazandan sonra, ertəsi gün gicgahlarımda ağ tüklərin çoxaldığını görürəm.

Xocalı soyqırımı şahidlərinin ifadələrindən:

Xocalı sakini Əntiqə erməni hərbçilərinin tələb etdiyi "bu yerlər böyük Ermənistanın bir hissəsidir" sözlərini dilinə gətirmədiyinə görə ermənilər tərəfindən diri-diri yandırıldı. Digər Xocalı sakini Səriyyə Talıbova danışırdı ki, "4 məsheti türkü və 3 azərbaycanlının erməni qəbirinin üzərində başını kəsdilər. Sonra daha 2 azərbaycanlının gözlərini çıxartdılar". Ermənilər tərəfindən qətlə yetirilmiş azərbaycanlı uşaqların sinəsi yarılıb ürəkləri parçalanmış, əksər meyidlər isə tikə-tikə doğranmışdır

Heydərov Camal Əbdülhüseyn oğlu: "Qaraqaya deyilən yerin yaxınlığındakı fermanın 2 kilometrliyində eybəcər hala salınmış xeyli azərbaycanlı meyiti var idi. Qətlə yetirilmiş uşaqların sinəsini yarıb ürəklərini parçalamış, əksər meyitləri isə tikə-tikə doğramışdılar".

Heydərov Şahin Zülfuqar oğlu - Naxçıvanik kəndi (Xocalı) yaxınlığında 80-ə yaxın meyit görüb. Meyitlər qorxulu vəziyyətə salınmış, başları kəsilmişdir. Milis mayoru Əlif Hacıyev, yaxın qohumları Səlimov Fəxrəddin, Səlimov Mikayıl da qətlə yetirilənlər arasında olmuşdur.

Hümbətov Cəlil Hümbətəli oğlu - Ermənilər onun gözü qarşısında həyat yoldaşı Füruzə, oğlu Muğan, qızı Simuzər və gəlini Südabəni güllələmişlər.

Paşayeva Kübra Adil qızı - Kətik meşəsinə girəndə ermənilərin mühasirəsinə düşmüşdür. Gizləndiyi kolluqdan həyat yoldaşı Paşayev Şura Tapdıq oğlu, oğlu Paşayev Elşad Şura oğlunun güllələnməsinin şahidi olmuşdur.

Əmirova Xəzəngül Təvəkkül qızı Xocalı işğal olunan zaman erməni silahlıları onun ailəsini bütünlüklə girov götürmüşdür. Ermənilər Xəzəngülün anası Rayanı, 7 yaşlı bacısı Yeganəni və xalası Göycəni güllələyib, atası Əmirov Təvəkkülü isə benzin tökərək yandırmışlar.

Əliyeva Zoya Əli qızı 150 nəfərə qədər adamla 3 gün meşədə qalıb. Meşədə Zoyanın yanında Əhmədova Dünya və onun bacısı Gülxar donaraq ölmüşdür.

Mustafayeva Kübra Əliş qızı: "Ermənilər bizi girov götürən kimi yanımdakı altı nəfəri yerindəcə güllələmişlər".

Kərimova Səidə Qurban qızı: "12 nəfərlə birlikdə girov götürüldük. Ermənilər qızım Nəzakəti, Tapdığı, Səadəti, İradəni işgəncə ilə öldürmüşlər".

Nəcəfov Əli Ağami oğlu: "Ermənilər qaçan adamları mühasirəyə alaraq 30-40 nəfəri yerindəcə güllələmişlər"…

Vəhşiləşmiş ermənilərin dinc əhaliyə qeyri-insani qəddarlıqla divan tutmasının daha bir səbəbi vardır.

Bunu hazırda Ermənistanın prezident kürsüsündə əyləşən Serj Sarkisyan çox həyasız və sərt şəkildə söyləmişdir: “Xocalı hadisəsinə qədər azərbaycanlılar elə düşünürdülər ki, bizimlə zarafat etmək olar, onlar elə bilirdilər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu “stereotipi” qırmağa nail olduq”.

Deməli, bu amansız qırğın bilərəkdən vahimələndirmə aktı kimi planlaşdırılmışdı.

Lakin onlar öz məqsədlərinə çatmadılar və heç vaxt çatmayacaqlar.

XX əsrin genosid və etnik təmizləmələr tarixində qanlı səhifələrdən biri də Xocalı soyqırımıdır. Həmin hadisə ilə bu və ya başqa cür əlaqəsi olan adamlar, hələ ki, öz vicdanları qarşısında məsuliyyət daşıyırlar. Lakin o vaxt gələcək, hökmən o gün gələcək və onlar öz mənfur əməllərinə görə tarixin məhkəməsi qarşısında, bəşəriyyət qarşısında cavab verməli olacaqlar.Çünki tarix heç nəyi unutmur.

(AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu materialları əsasinda hazirlanmisdir)


Surac Azəri
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

среда, мая 14, 2008

Otlaqdan fermaya keçid mərhələsi

və ya iri və xırda buynuzlu tövsiyyələr

Bu məmləkətdə adam elə şeylər eşidir ki, bilmirsən güləsən, yoxsa ağlayasan. Adam lap çıxılmaz vəziyyətdə qalır.
Xülasə, sən demə məmləkətimizin baş ekoloqunu bir şey elə bərk narahat edib ki, kişi lap əməlli başlı məmləkətdə həyəcan təbili çalmağa başlayıb. Bu yerdə müəllimimin bir sözü yadıma düşdü. Deyirdi ki, bir şey adamı elə bərk narahat etməlidir ki, o səndə dəğdəğəyə çevrilsin. İndi görün bu baş ekoloqumuzda dəğdəğə olan nə imiş?
Bizim bu baş ekoloqumuz birdən ayılıb görüb ki, məmləkətin iri və xırda buynuzlu heyvanları belə getsə ölkəni Saxara səhrasına çevirəcəklər. Çıxış yolu kimi də bu 6 milyon baş heyvan fermalara doldurulub. Allahın onlara verdiyi bütün nemətlərdən məhrum ediliblər. Bu yerdə bir şeyi mən başa düşə bilmirəm ki, bu dünya yaranandan bəri bu yazıq heyvanlar elə bu otlaqlarda otlayıblar. Bizim təbirimizcə desək, çəmənlik onların elə dədə-baba yurdudur.
Xülasə, baş ekoloqun niyyətinin ciddiliyini nəzərə alaraq, iri və xırda buynuzlu məxluqların fermalara doldurulmasının qaçılmazlığını nəzərə alaraq, onlara bir neçə praktiki məsləhət verməyi qərara aldım. Beləliklə, ey məmləkətin iri və xırda buynuzlu heyvanları, məmləkətimizin rayon və kəndlərində işıq problemi olduğu üçün gündəlik informasiya almaqda çətinlik çəkdiyiniz üçün bizim öyrəşdiyimiz, ancaq sizin üçün şok xəbərləri sizə çatdırmağı özümə borc bilirəm.
Nəzərinizə çatdırıram ki, məmləkətin otlaqlarını, yaşıllıqlarını məhv etdiyiniz üçün “Milli sərvətlərimizin qanunsuz olaraq məhv edilməsi” maddəsi ilə təqsirləndiriləcəksiniz. Hamınızı fermalara doldurub bütün hüquq və azadlıqlarınızı, o cümlədən sərbəst yerdəyişmə azadlığınızı da əlinizdən alıb, dünyanın bir çox yerindəki zavalılar kimi, bədbəxt günə salacaqlar.
Gələcəkdə vəziyyətiin daha da ağır olmaması üçün istərdim bir neçə tövsiyədə bulunum:
1) Əgər hərçənd birdən etiraz eləmək fikrinə düşsəniz, nəzərə alın ki, sizləri hər zaman Avropadan gətirilmiş “klon” cinslərlə rahat əvəzləyə bilərlər;
2) Əgər nəsə dinc bir aksiya keçirmək istəsəniz, gərək mütləq müvafiq otlağın yerləşdiyi ərazinin kəndxudasından icazə alasınız. Amma bəri başdan deyim ki, baş tutan iş deyil. Elə əlçatmaz, ünyetməz yerə, sıldırım qayalığa göndərəcəklər sizi ki, qatır orada dırnaq salır. Bu kəndxudaların dilini biz başa düşmürük, siz hardan başa düşəcəksiniz, ay yazıqlar!
3) Əgər birdən başqa etiraz formalarından istifadə etmək istəsəniz (süd verməməklə, ac qalmaqla və s.) ziyanvericilikdə ittiham edib, «statyanı» belinizə elə yapışdıracaqlar ki, gəl görəsən!
4) Əgər birdən kəndxudadan icazə almadan səsinizi çıxartmaq, ağız-ağıza verib nəsə demək istəsəniz, bax, bəri başdan bu fikri başınızdan atın. Yoxsa, ət kombinatını gözünüzün altına bəri başdan alın…
Sonda bir yekun tövsiyəm var. Birdən ruhdan düşüb, özünüzü canavarlara yem etmək istəsəniz, bu fikirdən daşındırıram sizləri. Yeməkdənsə, ümid yaxşıdır. Birdən hamı üçün ferma tapılmadı, kimsə bayırda qalası oldu, çəmənlikdə otlayası…

Surac Azəri
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi








четверг, марта 06, 2008

Qarabağsız İllərimiz

Hər il olduğu kimi, ötən ili də o doğma Qarabağsız illərdən biri kimi özündə bir çox gerçəklikləri, dərdləri gizli saxlayaraq başa vurduq. O illər ki, bir millət kimi sahib olduğumuz həqiqi dəyərlərimizi itirə-itirə yaşayaraq başa vurmuşuq. O həmin illərdir ki, itirdiyimiz o dəyərləri sevinclə, atəş-fəşanlıqla başa vuraraq növbəti ilimizi də bu acı durumda yaşamağa məhkum edirik.
Hər il o atəş-fəşanlıq səslərini eşitdikcə Xocalıdakı körpələrin məsum gözlərindən axan göz yaşları, anaların üz-gözlərinə vuraraq etdiyi fəryad səsləri, qocaların imdad çağırışları gözümün önündə canlanır və içimdən hayqıraraq “Dayanın! Nə vaxta qədər öz keçmişimizi unudaraq yaşamağa davam edəcəyik» - deyə bir nida qopur.
Nə vaxta qədər bu rəzil halda yaşamağa özümüzü məhkum edəcəyik?!!
Əsrlər boyu bu zülmləri, vəhşilikləri yaşayan bu millət deyilmi, nə oldu xalqımın qan yaddaşına?!
Millətinin azadlığı, hürriyyəti yolunda tanklar qabağında silahsız - sanki bir azadlıq sipəri yaradaraq minlərlə şəhid verən bu millət deyilmi?!
Əsrəlr boyu Xətailər, Rəsulzadələr, Topçubaşovlar kimi dühalar yetişdirən bu millət deyilmi?!
Nə vaxta qədər itirə-itirə gedəcəyik?!
Haradadır bu millətin igidləri, ərənləri?
Haradadır bu millətin aydınları, düşünən beyinləri?
Məgər zamanmı dəyişib, yoxsa biz zamanın bururğanında dəyişərək özgələşmişik?
Məgər biz bu millətin bir parçası deyilikmi? Məgər Xocalı kimi o dəhşəti, vəhşiliyi görən, 20 yanvar kimi azadlıq eşqinin şirinliyini duyan, Qarabağ kimi şəhidlik ruhunu hiss edən biz deyilikmi?
Bəs nə tez unutduq keçmişimizi?!
Xocalı kimi faciəsi, 20 yanvar kimi azadlığı, şəhidlik kimi ruhiyyəsi olan bu millət unudulmağa haqqı çatmır. Ən azı ona görə ki, bu millət dühaların eşqi, imanı, şəhidlərimizin qanı ilə can verilərək yaşadılıb. Bu millətin xəmiri İmam Hüseyn (ə) eşqi ilə yoğrulub, Əhli-beyt (ə) məhəbbəti ilə nurlanıb.
Bəlkə düşünmək, fərqinə varmaq istəmirik?!
Nə vaxta qədər ki, bir millət kimi sahib olduğumuz həqiqi dəyərlərimizi qoruyub saxlaya bilməyəcəyiksə, keçmişimizi, həqiqi düşmənimizi unudaraq bu laqeyidliklə yaşamağa davam edəcəyiksə, bu millətə öz qanııyla, qeyrəti, imanı ilə can verən şəhidlərimizi, dühalarımızı, aydınlarımızı unudacayiqsa - gələcək illərimizidə bu acı və rəzil durumda yaşamağa məhkum olacağıq. Düsünmək, ozümüzə qayıdış məqamıdır. Qarabağ iniltisini duymaq vaxtıdır...

Surac Azəri
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi