Показаны сообщения с ярлыком yazar: Elmin Ağayev. Показать все сообщения
Показаны сообщения с ярлыком yazar: Elmin Ağayev. Показать все сообщения

воскресенье, марта 01, 2009

Əhli-beyt (ə) yolçusu təcəllisi

Dünyanın şahid olduğu dəryalar damcı-damcı yarandı. Uzun tarixi bir prosesmi? Tarixin anlaya bilmədiyi dəyərlərmi? Hansıdı bu damcılar. Dama-dama göl olar, Əllamə deyil. Əllamə dünyanın xəbəri olmuyan Marian çökəkliyindən də dərin ənənəyə malik olan əməli bir məktəbin hər mənada təzahürüdür. İstər nəzəri olsun, istər əməli. Çünki Əllamənin ənənəsinin kökü Quran nuraniyyətinin Həzrət Muhəmməd(s) sütunun ən dərin mərtəbəsinə söykənir. Tövhid çeşməsinin suyuyla yoğrulub Əllamə ənənəsi. Bu sözlər nə mubəliğə, nə də həqiqətə yad olan sözlər deyil. Həqiqətin özüdür.

Böyük sözləri demək asan olsa da, sübutu bir o qədər də asan deyil. Tam Quran məntiqiylə desək, "Ey iman gətirən və əməli salehlər". Yəni "Ey iddiasını sübut edənlər". Bəlkə də anlaşılmaz dilim sizi narahat edir. Narahat olmayın, bu bilgidən deyil, bilgisizliyimdən doğan problemdir. Öncəlikdə qeyd edim ki, naqis bəndənin Əllamə iddiasına sübutu bir o qədər də keyfiyyətli olmaz. Qüsurumun sizlərin dua səbəbi ilə nəticəsi lütf olan Allahın adıyla.

Əllamə Təbatəbai metododoloji sahəsində cürət olunmayan xəllaqiyyətlər etdi. İstər bu əqli müstəvidə olan elmi hüdudlardan olsun, istərsə nəqli. Bəlkə də onda anlamırdılar Əllamə istəyini. Əllamə unudulmuş əqlaniyyəti qaytardı islam toplumuna. Bu bir elmi müstəvidən Əllamə bəhrəsi olan Murtaza Mütəhhəri diliylə toplumun uzadılmayan əlinə qoyduğu bir məsələdir. İlk dəfə fəlsəfəni ümumi tədrisə gətirən Əllamə Təbatəbai Sədra fəlsəfəsini dərslik ünvanına gətirdi. Bəhrəsi dünyanın hələ tanımadığı Mürtəza Mütəhhəri, Muhhəmməd Təqi kəramətiydi bu xəllaqiyyət məktəbinin. Muütəza Mütəhhəri böyük-böyük məsələləri həll etməsinə, sahibnəzər olmasına baxmayaraq, şəhid olarkən Əllamənin açıqladığı həqiqət: "Mütəhhəri hələ təzə-təzə dil açmağa başlamışdı". Bəlkə də Mütəhhəri həqiqətini tanıyanlara bu cümlə Əllamə həqiqəti barəsində kifayət edərdi. Amma əfsuslar olsun ki, toplum Mürtəzaya tələbə olmaq qabiliyyətinə malik olmayanları Mürtəza Mütəhhəridən daha çox və daha yaxşı tanıyır. Bu üzərimizə vacib olan vacibi-kifayədən uğurla çığmaq ümidiylə qayıdaq Əllamə məktəbinin elmi mahiyyətinə.

Fəlsəfə sahəsində Əllamə Təbatəbai "realizmin-üsulu" və Sədra fəlsəfəsini özündə sistematik olaraq cəmliyən "bidayətul-hikmə", "nihayətul-hikmə" və "kifayətul-hikmə" dərsliyi və s. kitablar yazmış. İslam fəlsəfəsində məşşa və işraq məktəbini birləşdirən Sədra məktəbinin nümayəndəsi idi Əllamə. Nə idi mutəaliyə məktəbinin məziyyəti? Məşşa məktəbi Aristotel davamçıları, İşraq məktəbi isə Platon davamçıları idi. Aristotel və Platon bir-birindən uzaq düşmüş iki məktəb idi. «İslamın qəbul edib təkmilləşdirdiyi fəlsəfi məsələləri baniləri görsə, tanımaz» deyimi həqiqətin özüdür. Misal olaraq Platonun iddialar nəzəriyyəsini qəbul edən Suhrəverdiylə Platon nəzəriyyəsi heç də üst-üstə düşmür. Buna əlavə olaraq Məşşa məktəbinin nümayəndəsi olmasına baxmayaraq, Mirdamadın qəbul etdiyi iddialar nəzəriyyəsi hətta Suhrəverdidəkindən də fərqlənirdi. Məşşa və işraq məktəbini birləşdirən Sədaryla bir yeni dönəm başladı. Mirdamadın tələbəsi olan Sədra müəlliminin «Əsalətul-mahiyyət» məsələsini qəbul etmədi. İlk dəfə olaraq tədvin olunan Əsalətul-vucud məsələsi Sədra məhsuludur. Bunları qeyd etməkdə məqsədimiz uzun-uzadı cümlələr deyil, Əllamənin sahib olduğu dəyəri anlatmaq idi. Mövzumuz gücünün kənarında olan bu məsələlər üçün Murtaza Mütəhhərinin "fəlsəfə dərsləri" kitabına müraciət edə bilərsiniz.

Təfsir və usuli-təfsir sahəsində misli görünməmiş yeri var Əllamə Təbatəbainin. «"Təfsirul-Mizan" islam aləminin təfsir sahəsində intibahıdır» demək, heç də yanlış olmazdı. Mövzunun uzanmasını istəmədiyimizə görə bu qədərlə kifayətlənirik. Allahdan Əllamələr ümüdiylə.

Elmin Ağayev,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

пятница, октября 24, 2008

Qürurun «mən» siqnalı

(və ya "onlar" ümüdiylə)

Bəzən icabətlə, bəzən də ağlamaqla anılan səs... Bəzən də ağlaya-ağlaya icabət olunan səs... Səni də çağırır... Çağırır... Bu çağırışıyla dərd, bəla gətirir. Gətirir fəsad zülmətini iman nurunun kənarına. Bəlkə də günbəgün sənin ona tərəf irəliləməyinlə zülmətin bir addımlığında olduğunu unudursan. Unudursan imanınla... Unudursan namazınla... Unudursan orucunla... Unuttuğunun yerində kök salan bu ağac günbəgün böyüyməkdədir. "Ey iman edənlər, Allaha iman edin" dəvəti mömini silkələyən ayədir. Oyan! Oyan ki, qəflət imanından Allah inancı adlı həqiqəti yaşıyasan deyə.

Qürur adlı bir dənizin iman sahilində oturanlara ilk öncə qürurun küləyi dəyir. Bəlkə də anlamırsan bu küləyin soyuğunu. Küləyin soyuğu, ləpələrin səni qoynunda bəsləməsi... Bir tərəfdən oyan! oyan! sədaları... Nə etməli. Bu dənizin laylasmı...? Yox! «Yox!» söyləyir imanıyla, namazıyla, orucuyla.... Bəzən namaz qürur adlı dəniz olur. Adı namaz, özü isə əsir olur. Əsir olur şeytanların qürur adlı qəsrində. Neçə illər bundan öncə Nəhrəvanın iyin verən. Gecələri namaz qılan mülcəmlərin əmrində.

Narahatam. Narahatam addımların tıqqıltısından. Amma məni narahat edən fəsad mühütünün fəsad tıqqıltısından çox, "iman" addımıın qürur tıqqıltısıdır. Əslində yazı olsun, gözəl olsun, bəyənilsin deyə yazıramsa, yazmaq mənə çağırışdı. Amma bu çağırışın ünvanı şeytandır. Nə bilim, bəlkə də bu belədir. Bəlkə də zəlilliyiminin ünvanı yazılardır deyə onlardan qaçmağa çalışıram. Mən düz edirəm deyə iddiam yoxdur. Tam tərsinə: səni Allaha yaxınlaşdıran ictimai məsələlər sənin üçün zəlillik ünvanı olmamalıdır. Nə isə, özümdən danışdıqca yavaş-yavaş "mən"im mənə heç də yaxşı olmayan səslər pıçıldayır

Nədi qürur? Nədir ki, Şeytan bizi ona çağırır, bizi kərim olan Rəbbimizdən uzaqlaşdırır? Bunlar «Nisa» və «İnfitar» sürəsinin açıqladığı həqiqətlərdir. Geniş açıqlama istəyənlər «Nisa» sürəsinin 120-ci və «İnfitar» sürəsinin 6-cı ayələrinin təfsirinə baxa bilərlər.

«Qürur» kəlmə olaraq «ğərrə»dən gəlir Ana mənalarından biri də aldatmaqdır. Əslində qürur bir məna yükünə malikdir ki, varlığı prosesə görə dəyərləndirlir. Bizi maraqlandıran qürurun lüğəvi mənasından çox toplumun bu dənizdə qərq olmaması üçün verilən siqnallardır. Bu siqnallar bizi xəstəliklərdən müalicə olunmaq, xəstəliyin kökünü araşdırmaq üçün fövqəladə faydalara malikdir. Çatdırmaq istədiyim əslində sadəcə bu siqnaldır. Bu siqnal bəzən xırdaların böyüyməməsini, bəzən böyüklərin xırda olunmasını tövsiyə edir. Əziz bacı və qardaşlarım, dünya fəsadla döyünərkən sahib çıxdığımız dəyərlərlə onlar kimi döyünməyək. Dünyada qloballaşan ailə dağıntıları bizim üçün siqnal olsun. Siqnal olsun ki, Rəbbimizi qəzəbləndirən faktorlarda "mən" olsun deməkdən qaçaq ki, qürurun misdaqına çevrilmiyək.

Yadıma əziz izzətli mütəfəkkir Murtaza Mütəhhərinin fikri gəldi. "İslamda evliliyin müqəddəsliyi "mən"i boğub "o" yaratmaqdır. Ailədə övlad dünyaya gəldikdən sonra "o" "onlar"a çevrilir". "Onlar" ümüdiylə "mən" zillətindən "o" izzətinə doğru!

Elmin Ağayev,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

воскресенье, октября 12, 2008

Bu günündən qaçan insanlar

«Sabah olub, bu gün arxada qalsaydı» deyə bu günündən qaçan insanlar anlamaz Qüds dəyərini. Qüds «bu gün dəyərlidir, sabah yox» mənasına gəlməz. Qüdsün təqdisi eynən adı kimi əbədidir. Amma bu günündən qaçan insanlar üçün sabah da "bu gün"dür.

Zamanın arxasında gizlənməyə çalışanlar zamanın kölgətək əsərsiz olduğunu unudurlar.

Zamanın arxada qaldığını güman edənlər zaman-zaman zülümlər edirlər. Tam mənasıyla nə kitab anlayırlar, nə hesab. Xalqın diliylə desək, hesab-kitabı olan bu qədər vəhşilik etməz. Məgər dünyann vəhşilik silsiləsindən xəbəri yoxdur?!

Qüdsdən Qarabağa qədər uzanan bu silsilənin bir ucu sionizimin, digəri isə erməni vandallığının əlindədir. Bu silsilənin uşaq, qoca, yaşından aslı olmayaraq təsəvvürolunmaz zülm, namussuzluq adlı halqaları var ki, hər kəs bu kadrları silsilələşdirsə, vicdanın səsini kəsməz. Vicdanın səsi Amerikadan eşidilsə belə, heç də təəccüblü olmaz.

Bu silsilənin qurucusu, ideoloji təmsilçisi uzaq cinsdən deyil. Uşağa canavardan danışdıqda uşağın tükləri biz-biz olur. Özüm-özümə düşünürəm görən canavara sionizm adlı faktdan danışdıqda hansı proses baş verər. Yəqin anlasa, tükləri biz-biz olacaq.

Əslində hər vicdanlı insanı narahat edən Qüds və Qarabağ mövzusu sabahın deyil, bu günün mövzusudur. Sabah deyə-deyə Qüdsün davamı olan Qarabağ dəhşətini daddı Azərbaycan xalqı.

Qüdsün və Qarabağın ortaq nöqtələrini axtarsaq, bircə bu kifayətdir ki, Qarabağla Qüdsün bir fərqi var və bu fərqdən başqa bütün proseslərdə ittihadı var. Qüds sionizimin, Qarabağ isə erməni vandallığının insana qarşı yönəlmiş vəhşiliyidir.

Səni və sənin timsalında bütün vicdanlı insanları silkəliyən mövzudur Qüds və Qarabağ. Bəzən «Qarabağla Qüdsün nə əlaqəsi var?» sualı altında yaşayanlar yəqin vicdan adlı partanın arxasında «adlar ayrı olsa da, zülm eynidir» bəhsini dinləməyiblər. Sionizimi və erməni vandallığını suyun içindəki çubuğ kimi görənlərin bu həqiqətlə ayaqlarına baxarkən baş görməsi heç də təəccüblü deyil. Amma vicdan partasının arxasında Fələstinin çox dərindən «mənə kömək edən tapılmazmı» deyə hayqırtıs duyulur. Bu səsi eşitmiyib, görməyənlər vicdan adlı qulaq və gözdən məhrumdular.

Namusuna toxunulan insanın ölümə getməsi təəccüblü olmaz. Bəs Qarabağ və Qüdsü kimin namusuna yazaq? Vicdanlı insanlar bunları namusuna yazmış, yazır və yazacaq da. Vahhab olan Allahdan vicdanlı insanların bu yazını nurlandırmaları ümüdüylə.

Elmin Ağayev,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

среда, июня 11, 2008

Quran və biz

Vəlisini unudan ümmətə xatırlama

İstər fərdi, istər ictimai, istərsə də ali olsun, ehtiyac dolu varlıqdır insan. Tarix boyu insanların dilindən düşməyən bir mövzu olmuş - "gərəklər"... Filosofların belə nəzər-diqqətindən kənarda qalmayan bir mövzu. Gərəkləri kim müəyyən edəcək? İnsan oğlunu düşündürən suallar: nə etməli, niyə və necə etməli? kimi suallar. İstər fərdi, istərsə də ictimai sahənin "nə etməli"si var. Məsələ burdan başlayır. Nə etməlini kim müəyyən etməli? Allah, yoxsa insan?
İlk öncə insan anlamalı ki, nə etməlini yalnız bir varlıq müəyyən etməlidir. Əgər desək nə etməlini insan müəyyən etməli, onda unutmamalıyıq ki, Məmməd də, Vəli də insandır. Yəni nə? Məmmədin nə etməlisi və Vəlinin nə etməlisi. Təzadın başlanğıcı insanın nə etməlini müəyyən etməsidir. Əgər "nə etməlini" insan müəyyən edərsə, altı milyard yarım «nə etməli müəyyən edən» var. Artıq insanın ictimai varlıq olduğu unudulur. İnsan müəyyən etdiyi halda Epikorosların, Diogenlərin ortaya çıxması təbiidir. Bəzən vicdanın bahasına olsa belə, həzz dalınca, bəzən də sadələşmək üçün "sadə it" həyatını yaşayacaqsan. Yəni unutdun insan oluşunu.
Dəyərlər sistemi insan nə etməlisi baxımından nisbidir. Amma insan olma baxımından dəyərlər nisbi deyil. Çünki insan doğum və ölüm paraleli arasında nə etməliyə sahibdir. İnsan deyərkən bu iki paralel unudulmamalıdır. Nə ilk öncəki paralelin arxasını görmək, nə də sonrakı paralelin arxasına baxa bilmək qabiliyyəti olmayan insan hansı "nə etməli" iddiasındadır?
İnsanın "nə etməli"si, məxluq olduğuna görə, Xaliqindən keçir. Quran toplumun nə etməlisini müəyyən etmək üçün nazil olub. Əfsuslar olsun "İslam toplumu" unudub hətta İslamın sosial nə etməlisini. Dilində hər gün dediyi "biz" kəlməsini belə. Hər gün namazında «biz Sənə ibadət edirik, biz Səndən kömək diləyirik». "Bizi doğru yola yönəlt" - dediyi cümlələrdə olan bizi unutdu. Unutdu "bizin" içində olan Fələstin nə etməlisini. Quranın özü də bilmədən vərəqüstü olduğunu qəbul etdi. Unutdu Quranın həyatiçi kitab olduğunu. Bu unutmalarla nə etməlisini müəyyən etmək üçün Xaliqinin seçdiyi höccəti qeybdə niyə saxladığını belə unutdu. Ümumi insan toplumu Xaliqini, İslam toplumu isə Xaliqinin kəlməsini unutdu.
"Niyə İslam toplumu bəzən dırnaq arasına belə girməkdən çəkinmədi"- sualının cavabı Quranın həyat tərzindən kitab halına keçməsidir. Quran bəzək halında satılmaq üçün deyil, İslam toplumunu formalaşdırmaq üçün nazil olub. İslam toplumu o topumdur ki, Quranın əmrlərinə muxatib ola. Hələ təzə dil açmağa başlayan sosyalogiya elmi İslam haqqında "fakt" kəlməsini işlədir. "İslam" o qədər ümumiləşdi ki, terroristə də, dəvə musabiqəsiylə başı qarışanlara da İslam toplumu deyilir.
Quran İslamı dırnaq arasından çıxartmaq üçün nazil olub. Unutqanlıqla dolu yaşayan toplum altı gün keçməmişdi ki, unutdu Quranın rəhbər anlayışını. Unutdu ona əmanət qoyulan Quranı və Quranın vücuhunu, nəzairini, nəsxini, mənsuxunu, möhkəmini, mütəşabihini anladan «vəli» kəlməsinin mənasını. Unutdu ona əmanət qoyulan Quranın "və"sini.
Əvvəli cəhalət, sonu nisyan olan insan elminin aciz qaldığı Quran həqiqətini kim açıqlayacaq. Quran diliylə desək, "Unutmayanlardan soruşun". İnsan unutqandır. Allah bizə heç vaxt unutmayan itrəti ya lütf etməli, ya da lütfü inkar etməlidir. İkincisi Quran məntiqinə ziddir.
İmamət Allahın lütfüdür. Nə etməlini Allah müəyyən edir. İnsan-Allah rabitəsi Allahın xəbərinə əsasəndir.
Dünya həyatında nə etməli daim var. Yaratdığını yaradılandan gözəl bilən daim məxluqa lütfünə əsasən xəbərini çatdırmalıdır. "Yaradan bilməzmi yaratdığını? O lətif və xəbirdir".
Son demək istədiyim bir söz var: «Ey insan, Quranı həyat tərzindən uzaqlaşdırmaq istəyənlərlə mücadilə meydanında özünü müəyyənləşdir».

Elmin Ağayev,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi



среда, февраля 27, 2008

Insan «Fatihə» işığında

Quran ilk olaraq rəhman və rəhim olan Allahın adı ilə başlayır. Öncə Allah. Zira, sən "mən"i artıq məhdudlaşdırırsan. Allahın insandan ilk istədiyi şey "mən"i boğaraq ona tərəf yönəlməsidir. Budur həqiqi mənəviyyat dərsi. Bir "mən" var, o da Allahdır. Öz "mən"ini boğ ki, Allahın rəhməti sənə şamil olsun. Hansı Allahın? Əvvələr öz səviyyənə saldığın Rəbbinmi? Yox. Əhəd olan, səməd olan, doğmayan, doğulmayan, bənzəri olmayan Allahdan danışılır. Sənə ilk öyrədilən şey bu vacib olan varlığa yönəlməndir.
Allah! Yəni həmd oluna bilən yeganə varliq. Allah! Yəni aləmlərin rəbbi Allah! Yəni rəhmət Allahı! Yəni cəza, mukafat, hesab gününün sahibi. Bütün varlıq yalnız Sənə yönəlmədikcə, yalnız Səndən kömək istəmədikcə zəlildir. Buna əməl etdinmi, indi istə. Nəyi? Mənəviyyatın yolunu. O necə bir yoldur? O müstəqim bir yoldur ki, o yolun kənarında qalanlar azanlar, o yolun içinə daxil olanlar isə - nemət sahibləridir. Budur «Fatihə» sürəsinin göstərdiyi yol. Müfəssirlik baxımından «Fatihə» insana kifayət edən sürədir. Çünki «Fatihə» Quranın özüdür.
Uzaq düşdük. Nədən? Qurandan. Biz Allahın varlığını kiminsə sözünə bağladıq. Aristotel, İbn Sina və digərləri - mən bunların gördüyü işi kiçiltmirəm. Demək istədiyim budur ki, niyə Allahı öz kəlamında axtarmırıq. Ey İnsan! Allah deyən Allaha yaxınlaş. Quranın ilk kəlməsi "be"dir. Ərəb dilində "be" hərf adlanan nitq hissəsidir. Amma hərf müstəqil olaraq məna ifadə etmiyən nitq hissəsidir. Bu "be" - sənsən.
Quran üslubu! Bu üslub o qədər dərindir ki, onu ən gözəl bilən Allah özüdür. Sən yalnız bildiyin qədəri demək qabiliyyətindəsən. Allah ilk olaraq səninlə başladı. Amma tək məna ifadə edə bilmiyən "be" ilə. Allah sənə nəyi öyrədir? Diqqət et! Allahsız sənin mənan yoxdur. Ey insan, ona görə Allaha yönəlmən labüddür. Məna daşımaq, mənəviyyat sahibi olmaq istiyrsənsə, dön Allaha.
Sonra ism kəlməsi gəlir. Niyə görə «billah» gəlmədi «bismillah» gəldi? Axı Allah ilk dərsləri keçir. Allahı vəsf edəcək görən bir ad var? Çətin. Amma Allahın ifadə etdiyi ad Allahdır. Ad varlığı vəsf edir. İnsan bu qüdrətdən xalidir. Allahı bir sözlə vəsf etmək. Bu yalnız Allaha aid bir qüdrətdir. Bəziləri dedilər ki, isimlə musəmma eynidir. Amma Allah ilk olaraq insana öyrətdiyi şeylərdən biri də isimlə musəmmanın eyni olmamasıdır. Ona görə bismillah buyurur Allah kəlməsi: bu kəlmə elə bir kəlmədir ki, bütün hədəfi göstərir. Məbud, ibadət oluna biləcək varlıq! Belə bir varlıq tanyırsanmı? Yox. Yalnız Allah belə bir vəsfə malikdir. O halda hələ səcdəyə qapılmamısansa, kifayət qədər bilmirsən.
Allah səni anlayır və buyurur. O Allah ki, rəhman və rəhim sifətinə malikdir. Bəs hansı halda insan onun rəhmətinə nail olar?! Diqqət et iki xususi ad bir-birinin ardınca gəlib. İstəsən də, istəməsən də o sənin Allahındır və sənə rəhman sifətini göstərir. Onu inkar etsən belə, sənə rəhmət tanıyır. Sənə nəfəs verir. Çünkü O - Rəhmandır.
Bəs niyə eyni anda iki rəhmət sifəti dalbadal gəldi? Çünkü rəhim sifəti xassa (xüsusiyə) aiddir. Sən Allahı Rəhman olaraq gör ki, xassa çevriləsən. Allahı Rəhman qəbul edəni, Allah rəhm qucağına alır. Səni Alahın qucağında böyüyməkdən kim məhrum edir? Budur sənə Allahın ilk öyrətdiyi cümlə. Xoş gəldin Allahın rəhmət süfrəsinə. Bu süfrədə nə istəyirsən var. Sənə bircə götürmək qalır.
Quran! Bəli, Quran Allahın süfrəsidir. İstəyən bəhrələnər istəməyən ac qalar. "Həmd olsun aləmlərin Rəbbinə". Sufrədə ilk şey həmddir. Yəni süfrənin sahibini tanımaq. Rəbb! Bu sufrənin sahibi. Eyni halda başqa bir sufrə sənə təqdim olunur. Bu da aləmdir. Birində məcbur, birində muxtar yaradıldın. Elə bilirsən səni yaradan səni başı-boşunamı buraxdı? Yox, çünkü O, Rəbbdir. Yəni tərbiyə edən.
Aləmdə fiziki olaraq onun tərbiyəsi altındasan - uşaqlıq, cavanlıq, qocalıq.. Əgər Allahın rəbbaniyyətini inkar edirsənsə, onda uşaq olma, uşaq olaraq qal, cavan olma, qocalma - amma, yox, bunlar mümkün deyil. Çünkü sən təkvini rübubiyyətə istəsən də, istəməsən də tabesən. Demək Allahın həm təkvini, həm də təşrii rübubiyyəti var. Quran, nübüvvət və imamət Allahın təşrii rübubiyyətidir. Allah səni burada faili-muxtar buraxdı. Niyəsini bir azdan görərsən.
Rəbb! Bu kəlməni bir qədər araşdıraq. Bu nəyi ifadə edir? Ərəb dilindən bu kəlmənin açıqlanması - ağa, bəsliyib baxan, tərbiyə edən, kamala çatdıran mənalarına gəlir. «Rəbb» kəlməsi Qurani-Kərimdə 979 dəfə keçmişdir. Niyə Allah Rəbb kəlməsindən bu qədər istifadə edir? Heç sənin üçün maraqlıdırmı? Çünkü sən tərbiyəyə möhtacsan. İnsan əgər tərbiyə almazsa, vəhşi heyvandan da vəhşi durumda olar. İndi bir düşünün nədir Allahın tərbiyəsi altında böyüymək? Bu necə mümkündür? «Mənim Allahla əlaqəm yoxdur» deyirsən? Əlaqə nəyə deyirsən, fiziki olaraq təmasamı? Əgər nəzərin budursa, səhv yoldasan.
Qeyd etdik ki, istəsən də, istəməsən də, fiziki inkşafda Allaha möhtacsan. Düşünsən, mənəvi dəyər sahibi olmaq üçün də Allahla rabitəyə möhtacsan. Bax budur rübubiyyətin əsl mənası. İnsan və Allah rabitəsi. Bu rabitə səni kamala aparır. Hansı kamala? Kamal nəyə deyilir? Kamal yüksək bir dəyərdir ki, o insanın insan olaraq yaşamasını əhatə edir.
Sən nə olmaq istəyirsən, çoxlu mal sahibimi? Bax budur dünyanın dərdi, mərəzi - "sahiblik". Halbuki, özünü sahibi saydığın şeyin əslində quluna çevrilirsən. Axı insan sahiblik xususiyyətinə zatən malik deyil. Dünyaya fail olan, dünyanın məfuluna çevilməz. Sənin Rəbbdən ayrılmağın səni zəlil edər. Zəlil olmaq istəmirsənsə, dön Allahın rübubiyyətinə.
Öncə toxunduğumuz nöqtəyə gəldik: sənin faili-muxtarlığın DİN GÜNÜNƏ görədir. Allah insanı cənnətdə və ya cəhənnəmdə də yarada bilərdi, niyə öncə dünya sonra hesab? Allahın işi hikmətə əsasəndir. Dünya rəzalət mənbəyi olduğu halda, həmin dünya şərafət mənbəyidir də. Hər şey sənin bu dünyada necə yaşamağından asılıdır.
Tarixin o tayında qalmış nəbilərə bax! İmanın oda qələbə çaldığı Həzrət İbrahim şücaətindən ta Həzrət Muhəmməd əxlaqına kimi. Səni ittiham edənə, sənə iftira yaxana qardaş deyə bilmək! Bunlar elə dəyərlərə yükləniblər ki!
Kaş mən də bu əməllərin ləzzətini ala biləydim! Amma bunu dünyada həyata keçirmək düşünulən qədər asan deyil. Əkinsiz biçim yoxdur. Biçim günü... Bu gündə kimi qurtuluşa, kimisə əzaba göndəriləcək. Diqqət et! Əslində göndərilməyəcək, özü-özünü göndərəcək. Dünyada özünün seçdiyin hal - sənin ünvanındır. Seçdiyin yer sənə göstəriləcək.
Kimdi həmin gün qurtuluşa çıxan? İbadətinin hədəfi Allah olan. Həyatının bütün səhnələrində Onunla olan, Ondan ayrılmağı bihudəlik sayan, hər an özünü Onun dərgahında hiss edən, bütün işlərində Onun rizayətini axtaran, "mən"dən Ona doğru irəliləyən, yalnız Onun köməyini gözləyən. Səsləyir səni Allahın: gəl mənim yoluma ki, o - mustəqim yoldur, ən düz və ən düzgün yoldur…

Elmin Ağayev,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi