Показаны сообщения с ярлыком sağlamlıq. Показать все сообщения
Показаны сообщения с ярлыком sağlamlıq. Показать все сообщения

понедельник, июня 02, 2008

ALKOHOLLU IÇKILƏR XƏRÇƏNG XƏSTƏLIYINƏ SƏBƏB OLUR

Azərbaycanda isə bu törədicinin genişmiqyaslı istehsalına rəvac verilir

Avstraliyanın Nyu Saus Uels Xərçəng İnstitutunun (The Cancer Institute of New South Wales) mütəxəssisləri müəyyən ediblər ki, spirtli içkilərin qəbulu bağırsaq, boğaz nahiyəsi və ağız boşluğunda xərçəngin əmələ gəlməsinə zəmin yaradır.
Alimlərin qənaətinə görə, alkohol xərçəngin yaranma riskini bağırsaqda 50%, süd vəzisində 22%, qırtlaqda (boğazda) 40%, ağız boşluğunda isə 75%-dək artırır.
Əldə edilmiş nəticələr öncəki bir çox tədqiqatların nəticələri ilə tam ziddiyyət təşkil edir, belə ki, əvvəllər güman olunurdu ki, guya qırmızı çaxırın “qədərində” istifadəsi ürək xəstəliklərinin qarşısını alır və ümumiyyətlə, orqanizmə bir çox səpkilərdə müsbət təsir göstərir.
Buna müqabil olaraq, avstraliyalı həkimlər bildirirlər ki, alkoholun faydalılığı şişirdilib, gerçəkdə spirtli içkilərin qəbulunun heç bir təhlükəsiz miqdarı yoxdur. Alkoholun gündəlik qəbul edilməsi isə real təhlükəni daha da artırır. Onkoloqlar (xərçəngin tədqiqi ilə məşğul olan mütəxəssislər) iddia edirlər ki, insanın qida rasionunda alkoholun miqdarı mütləq (!) minimuma - yəni sıfıra enidirilməlidir. Qeyd etməliyik ki, Ümumdünya Səhiyyə Təşkilatının klassifikasiyasına görə alkohol I qrup kanserogenlər, yəni ən təhlükəli xərçəng törədiciləri sırasına daxildir. Onun hətta cüzi miqdarı hüceyrələri zədələyərək, xərçəng törəmələrinin yaranmasına gətirib çıxara bilər (news-medical.net).
Bəşər elminin alkohollu içkilərin zərərinə dair növbəti dəlili gündəmə gətirməsi fonunda Azərbaycanda genişmiqyaslı alkohollu içki istehsalına rəvac verilməsi olduqca qəribə (odioz) təəssürat doğurur. Məlum olduğu kimi, Rusiyanın pivə istehsalı üzrə «qabaqcıl» şirkətlərindən biri olan ASC “Baltika” ilə Brasseries Internationales Holding (Eastern) Ltd (BIH Eastern) arasında “Baku-Kastel” pivə zavodunun alınmasına dair saziş imzalanıb. Sazişə görə şirkət Xırdalanda yerləşən “məşhur” pivə zavoduna sahibliyi əldə edib və orada öz “məhsullarını” istehsal etməyi planlaşdırır. Şirkət Azərbaycan bazarına və istehlakçısına böyük ümidlər bəsləyir. Belə ki, şirkət prezidentinin bəyanatına əsasən, ASC hər il Azərbaycanda pivə bazarını 12-14% genişləndirməyi proqnozlaşdırır.
Dünyanın sabaha planlarından silmək istədiyini bizim sabahımızda görmək arzusunda olanları düşündükcə Darvin atavizmlərinin, ən azı, kimlərinsə təfəkküründə yer aldığına ciddi şəkildə inanmağa başlayırsan...
İstinadlar: health.intermedia.com.ua, news-medical.net, day.az.
P.S. Görən, istehsalçılar “Pivənin/alkoholun həddən artıq qəbulu səhhətinizə ziyan vura bilər” xəbərdarlığında təhlükəsiz həddin olmadığını biləndən sonra bu sözlərin yerinə nə yazacaqlar?...

Leyla Abbasova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

среда, мая 14, 2008

Donor seçiminin əhəmiyyəti

və ya İslamda qanköçürməyə baxış

Orqanların transplantasiyası XXI əsr təbabətinin çox geniş istifadə olunan sahələrindən biridir. Günümüzdə transplantasiyanın uğurlu nəticələrinə etibar edən çox sayda insan zəruri və qeyri-zəruri hallarda (məs. müəyyən plastik dəyişikliklər aparmaq üçün və s.) bədənlərində bu əməliyyatların aparılmasına razılıq verirlər. Zərurilik baxımından transplantasiyanın ən əhəmiyyətli sahələrindən biri isə qanköçürmədir. Transplantasiyanın digər növləri kimi qanköçürmə də donor və resipient arasında aparılır (orqanı köçürülən donor, orqan köçürülən isə resipient adlanır).Qanköçürmədə əsas məqsəd qanın çatışmayan miqdarının ödənilməsi və hemoterapiya- yəni qanla müalicədir. Bildiyiniz kimi bu əməliyyat qan qrupu və rezus-faktorun uyğunluğu şərtləri altında aparılır (əlbəttə ki, qanın tərkibində müxtəlif infeksion xəstəlik daşıyıcılarının olub-olmamasının yoxlanılması da zəruridir).
Amma müstəsna da olsa, bəzi hallarda qan qrupunun, rezus faktorun və s. müayinə göstəricilərinin uyğun olmasına baxmayaraq resipientin qanı donorun qanına əks reaksiya verir, belə demək mümkünsə, resipientin orqanizmi bu qandan imtina edir. Bunu tibbdə fərdi bioloji uyuşmazlıq adlandırırlar.Qeyd etməliyik ki, belə hallar çox az təsadüf edilir və əksər qanköçürmələr uğurla başa çatır.
Bəs sonra? Sonra həmin insanı nə gözləyir? Bədəninə köçürülən bu yad qan insanda hansı dəyişikliklər edir? Donorun kimliyinin qanköçürmədən sonrakı mərhələdə əhəmiyyəti varmı? Təəssüflər olsun ki, müasir tibb elmi bu suallara tutarlı bir cavab vermir. Prosesin uğurla başa çatması anından təbabət öz işini bitmiş hesab edir. Gələcəkdə həmin resipientdə hansısa problemlər olsa belə (söhbət qandan keçə biləcək infeksion xəstəliklərdən getmir), bunun səbəbini heç vaxt nə zamansa həmin insana köçürülmüş qanla əlaqələndirmirlər.
Elə isə gəlin cavabsız qalmış bu suallarımıza həyatımızın hər sahəsini hər zaman əhatə edən möhtəşəm dinimizdə cavablar axtaraq. Müqəddəs kitabımız Qurani-Kərimdə bir çox ayələr vardır ki, sonunda Rəbbimiz bizə “...düşünən kəslər üçün burada bir ibrət var.” - deyə müraciət edir, və bizi nələr barədəsə öz təfəkkürümüzlə nətcələr çıxarmağa çağırır.
Əziz Peyğəmbərimizdən (s) nəql olunmuş hədislədən birində deyilir: ”Həyat yoldaşı seçməkdə nə qədər diqqət edirsənsə, övladına süd vermək üçün dayə təyin etməkdə də bir o qədər diqqət et. Çünki, süd insan təbiətini dəyişdirə bilir”.
Başqa bir hədisdə Həzrət (s) buyurur: ”Baxın görün sizin övladlarınıza kim süd verir. Çünki, sizin övladınız süd ilə inkişaf edib kamala çatır. Süd verən şəxsin əxlaqi xüsusiyyətləri onda (süddə) təsirlidir”.
Hətta Rəsuli-Əkrəmin (s) körpəlik çağları haqqında olan kitablarda rəvayət olunur ki, o, Məkkə qadınlarının südündən imtina edib. Çünki, besətdən əvvəlki dövrlərdə Məkkə qadınlarının çoxu kişilər kimi xurmadan hazırlanmış şərab içirdilər.
İndi isə gəlin görək ana südü özü nədir və qadının qidası ilə süd arasında hansı təsiredici amil var. Əlbəttə, hətta tibbi-bioloji təhsili olmayan hər kəs təsdiq edə bilər ki, qadının qəbul etdiyi qida və ana südü arasında bir qan mərhələsi vardır.Yəni qəbul olunmuş qida həzm prosesində qana sovrulur, bu qan müxtəlif komponentlərlə birləşərək nəhayi mərhələdə ana südünə çevrilir.
Bəs bu süd körpəyə, onun vücuduna necə təsir qoyur? Təbii ki, burada da yuxarıdakı mərhələyə oxşar proses gedir. Süd bir qida olaraq körpənin mədəsinə daxil olur, həzm şirələrinin təsiri ilə parçalanır, bağırsaqlardan qana sovrulur və qan şəklində körpənin bütün vücuduna yayılaraq öz təsirini qoyur.
Gördüyümüz kimi, hədislərdə sözü gedən süd yalnız uşağın qəbul etdiyi anda südüdür. Bu anın həm öncəsi və həm də sonrası qandan ibarətdir. Bu mərhələlərin izahını verməkdə məqsəd ondan ibarətdir ki, hədislərdə birbaşa qan və onun təsiri haqqında danışılmasa da, əgər qidanın əxlaqa, əqidəyə təsiri təsdiq olunursa, bu, bizə əsas verir nəticə çıxaraq ki, donor qanı da bu keyfiyyətlərin daşıyıcısıdır. Fərq budur ki, həzm donorun bədənində gedir. Beyinə təsir edən isə hər iki halda qandır. Bir halda ki, qan əxlaqi və əqidəvi keyfiyyətlərin daşıyıcısı ola bilər, bəlkə də elə yuxarıda qeyd etdiyimiz qanköçürmə zamanı fərdi uyuşmazlıq halının da bu yönümdən bir açıqlaması vardır. Yəqin mənimlə razılaşarsınız ki, sözü gedən bütün bu məsələlər daha ətraflı, əsaslı və geniş araşdırmalar tələb edən mövzulardır. Amma onu da qeyd etmək lazımdır ki, illər boyunca insanlar həmişə dünyəvi elmlərin inkişafında təcrübələrdən nəzəriyyələrə istiqamətli olublar, nəinki əksinə, nəzəriyyələrdən təcrübəyə. Yəni, bizim bu gün nəzəri müstəvidə üzərində düşündüyümüz mövzu haqqında uzun illərin təcrübəsi ilə nəticə çıxarıb, artıq bunu (qeyri-rəsmi də olsa, öz aralarında) bir nəzəriyyə halına salıb tətbiq edənlər vardır.
Bu gün bəzi xalqlar vardır ki, öz milli və mənəvi dəyərlərinin xalisliyini qorumaq məqsədilə digər millətlərə məxsus donor qanından və ana südündən istifadəyə çox ciddi qadağalar qoyurlar. Onların belə bir nəticəyə gəlməkdə nələrə istinad etdiklərini bilməsək də, istədikləri məqsədlərinə nail olduqları, yanlış da olsa öz əqidələrini qoruyub saxlamağı bacarmaları göz qabağındadır.
Qəribədir, İslami tövsiyyələrin tətbiqinə müsəlmanların deyil, qeyri-müsəlmanların praktikasında rast gəlirik. Özü də bu tətbiqin hədəfi elə əsasən müsəlmanların özünə qarşı istiqamətdədir desək, məncə yanılmarıq. Halbuki bu İslama məxsus bir zirehdir. Və nə qədər ki, biz öz dinimizi lazımi şəkildə öyrənib, onun qiymətli incilərini dəyərləndirib, həyatımızda tətbiq etmirik, bu kimi zirehlərdən başqaları istifadə edəcək.Özü də bizim özümüzə qarşı.
Hörmətli oxucular, yəqin ki, içərinizdə bu yazıda mənim müəyyən fikirlərimlə razılaşan və razılaşmayanlar olacaq. Amma gəlin etiraf edək ki, bu mövzu bir mövzu olaraq çox faydalı və maraqlıdır. Bəlkə də içərinizdə bu mövzunu bir başqa yönümdən, daha maraqlı işləməyə həvəsi və bacarığı olanlar var. Elə isə belə həvəsi və bacarığı olanlara bu mövzuda silsiləvi yazılar şəklində fikirlərini bildirmələrini təklif edirəm. Məncə bu hər birimiz üçün daha faydalı olar.

Bikəxanım Əzimova,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

суббота, марта 22, 2008

SƏN TƏK DEYILSƏN!

Doğulan andan mübarizəyə atılır insan. Mövcudiyyətini təmin etmək, ayaqda durmaq, özünü tapmaq üçün elə hey çalışır, daim nələrsə edir. Ömür belə təlatümlərlə, mübarizələrlə ötüb keçir. Stresslər, depressiyalar, bəzən də çıxılmaz görünən şəraitlər, onların özüylə gətirdiyi bəlalar-intiharlar, özünə qəsdlər, həyatdan küsmələr və s.- bütün bunlar bizi təqib edən ən aktual bəlalardır. Insan bu düyünləri açarkən nə edim?, necə edim? deyib çarə axtaranda qəlbinin dərinliyindən bir səs ona - “Sən tək deyilsən” deyir.
Günümüzün zərurətinə çevrilmiş stresslər- biz onlara öyrənmişik, onlar da bizə. Səhər işə gecikmək kimi kiçik streslərdən tutmuş, yaxınların ölümü, qəzada, təbii fəlakətlərdə bədəninin bir hissəsini itirmək kimi ağır psixoloji zədələr insan həyatını əsl «cəhənnəmə» çevirə bilər.
Bütün xəstəliklərə qarşı immun sistemi olan insan mənfi psixoloji hücumlara nə ilə qarşı dursun? Haradan qidalandırsın ruhunu və beynini? Qəlbi narahatlıq, ruhi sarsıntılar kimi xəstəlikləri necə müalicə etsin?
Xəstəliyi müalicə etmək üçün onun səbəblərini araşdiraq. Psixoloqlar stress, depressiya yaradan amillər siyahısına gündəlik kiçik problemlərdən başlayaraq, arzuların həyata keçməməsi, planlaşdırılan işlərin baş tutmaması, əzizlərini itirmək, tək qalmaq, ətrafdakılarla münasibətlərdəki anlaşılmamazlıqlar kimi səbəbləri daxil edirlər. Daimi olaraq mənfi psixoloji hucumlara məruz qalan insan güclü iradə, ümid və inamla silahlanmazsa, bu həyati mübarizədə məhv olub gedər. Belə iradə, umid və inamın da həqiqi, sabit və qüdrətli mənbəyi Allahdır.
«Qəlblər yalnız Allahı zikr etməklə aram tapar». (“Rəd”, 28).
Allahsız bir qəlbə sahib olan insan həyata keçməsinə ümid etdiyi bir işdə yalnız özünü icraçı bildiyindən baş tutmayan işdən sarsılar, hər şeyi ölçüb biçdiyini güman edərək gözlənilmədən qarşılaşdığı mənfi sürprizdən stress kecirər, əgər güc tapıb məsələni həll edə bilməsə, uzunmüddətli depressiya halını yaşayar.
Lakin eynilə bu cür problemlə qarşılaşan imanlı şəxs bir işin həyata keçməsində yalniz özunun deyil, Allahın da iradəsinin mütləq var olduğunu bildiyindən baş tutmayan arzularına “Bu - Allahin məsləhətidir”- deyə rahat reaksiya verər, problem qarşısında sınmaz. Eynilə üzünə bağlanan qapıların mütləq nə vaxtsa açılacağına da böyük ümid bəslədiyindən səbr edər, həyat eşqi sönməz və o, yoluna davam edər. Çünki, o, öz hesablamalarından da, götür-qoylarından da üstün olan bir qərarvericinin - Allahın var olduğuna inanır.
Ölümu yox olma kimi anlayan şəxslə, onu bir dünyadan başqa dünyaya köçmə kimi qavrayan insan arasında nə qədər böyük fərq var! Biri onu dəhşətlə qarşılayıb hər şeyin sonu kimi qəbul edir, digəri isə bunu həyatın zərurəti hesab edib, insanın gəldiyi yerə qayıdışı kimi başa düşür.
Övladlarını itirən analar, valideynlərini itirən övladlar, müharibədə, qəzada əllərini, ayaqlırını itirənlər də Allahı tanıyanlar və tanımayanlar kimi iki qismə bölünüb eyni bəlaya, müsibətə müxtəlif cür reaksiya verirlər. Biriləri həqiqi mənada heç nəyə sahib olmadıqlarını, hər şeyin - hətta bədən üzvlərinin belə onlara əmanət verildiyini bilir. Belə insanların bu nemətlərin onların əlindən istənilən vaxt alınmasına da psixoloji hazırlığı olur. Digərləri isə var olanın haradan qaynaqlandığını bilmədiyindən, yox olanın da hara getdiyini bilmir. Bu səbəbdən də itki qarşısında aciz və caş-baş qalırlar. Bir çoxları ruhən ölür, bəziləri isə daha betər - fiziki cəhətdən də özlərinə qəsd edirlər. Bununla da iztirablardan qurtaracaqlarına və xilas olacaqlarına inanırlar. Lakin əzab cəkən ruh əbədi olduğundan, öz halını o biri dunyada davam etdirir. Üstəlik onun üstünə intihar kimi böyük günahın cəzası da yüklənir…
Mömin isə bədənin ruhuna örtük olduğunu bilir və bu vasitədən - cisminin ona əmanət verildiyi vaxtdan səmərəli istifadə edərək ötəri kədərli hallarını tez həll edərək ruhi halını sabit saxlayır.
Allahsız dünyanın üzləşdiyi bir problem də tənhalıq hissidir. Hətta fiziki cəhətdən tək olmayan insanlar belə bu hissi yaşayırlar. Onlar başqaları tərəfindən başa düşülmədiyindən, dərdini bölüşməyə bir kimsə tapmadığından, üzləşdikləri problemləri təkbaşına həll edə bilmədiklərindən özlərini qaranlıq bir quyuda yalnız, heç kim tərəfindən səsi duyulmayan insanlar kimi hiss edirlər. Allaha bağlı olan imanlı insanlar isə ikilikdə olanda özlərini üç bilər, üç olanda üzlərini dörd bilər, tək olanda isə daim onlarla həmsöhbət olan, dərdlərindən, ehtiyaclarından agah olan, həmişə üz tutub kömək istəyə biləcək və mütləq yardıma gələcək bir Rəbbin - Allahın olduğunu əminliklə bilirlər. Bu səbəbdən də, istənilən həqiqi iman sahibi bütün çətin anlarında “mən tək deyiləm”- deyib Ona sığınır. İnsanı da yaşadan, güclü edən də elə bu ümid, həqiqi qüdrət mənbəyinə bağlılıq və etimadın olmasıdır.

Qaranlıqlar cökən zaman həyatına,
Əngəllər, müşküllər çıxanda qarşına,
Sən qərq olma təlatümlü dəryalara
Tək deyilsən, tapın Ona, sığın Ona!

Puca çıxsa arzuların, ümidlərin,
Tərk etsə də yaxınların, sevdiklərin,
Yerdən-göydən üzülməsin qoy əllərin
Tək deyilsən, tapın Ona, sığın Ona!

Yalnız qalsan keşməkeşli bu yollarda,
Dərd əlindən zara gəlib boğulanda,
Tək bilsən də sən özünü bu meydanda
Tək deyilsən, tapın Ona, sığın Ona!

Qapansa da bütün qapılar üzünə,
Zülm hər yandan hücum çəksə üzərinə,
Elə bu an su çilənər ürəyinə -
“Bəndəm mənim, tək deyilsən, sığın Mənə”

Əbəs yerə «Quran dərdlərə dərmandır, ən gözəl təbibdir» - deyilməyib. Çünki, o, bizə Allahı tanıdir, çünki, O,
“…Harada olsanız, O, sizinlədir” («Hədid», 4) - deyə səslənir. Hər an Rəbbimizin himayəsində olduğumuzu bizə xatırladır, ruhumuzu qüvvətləndirir.
Allahı tanımaq heç də bəlalara, itkilərə laqeyd, bivec münasibət bəsləmək demək deyil. Insan yaradılarkən emosiyalarla - sevinc, kədər, qorxu kimi hisslərlə təchiz edilmişdir. Ona görə də bu hisslərin yaşanması onun üçün normal haldır. Vacib deyil ki, o enişli-yoxuşlu həyat yolunda büdrəməsin, əsas odur ki, büdrəyib yıxılarkən tez ayağa qalxmağı bacarsın.
Əgər özünü aciz bilib ayağa qalxmağa güc tapmırsansa, “əlbəttə ki, mənə çətin anlarımda hər an əl uzadan, nəzəri daim üstündə olan Rəbbim var” - deyib qalx və yoluna davam et! Çünki, SƏN TƏK DEYİLSƏN!

Günel Hüseynli,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

четверг, марта 06, 2008

DÜŞÜNCƏSİZ DÜŞÜNCƏLƏR

Insan beyninin mükəmməliyi haqqnda çox danışırlar. Ən qədim filosoflardan tutmuş müasir dövrün alimlərinə qədər. Hər biri bu obyektin mücərrədliyini və hələ də tam öyrənilmədiyini vurğulamiş və bu haqda müəyyən fikirlər söyləmişdir.
Onları ən çox maraqlandıran isə ağlın olmasıdı. Çünki insanın baş hissəsinində ağıl deyilən bir orqan yoxdu. Olmuyan bir şeyin var olmasi çox qəribədir. Heç kim görmür, amma var...
Ən azından insan düsünə bilir. Düsüncə isə ağlın məhsuludu. Məhsul varsa, deməli istehsaçı da var.Məyvə varsa ağac da var. Nəticə varsa, səbəb də var.
Heç bir istehsaçı zay məhsul istehsal etmək istəmədiyi kimi, ağıl da "zay düşüncə" istehsal etməz. Zay məhsul müəssisəni məhvə aparar…
Əgər ətrafımıza diqqət yetirsək, bəzi insanlarin ağlının "düşüncəsiz düşüncə" istehsal etdiyini görə bilərik. Özüdə bu cür insanların sayı heç də az deyil. Nəinki az deyil, hətta normal düşünənlərdən çoxdu. Ən azi iki dəfə.
Fikirlərimin aydın olması üçün bütün dediklərimi konkret misallar üzərində göstərim.
Ən bəsit misal - zərərli vərdişlər.
Məni həmişə uşaqlıqda maraqlandıran bir sual olub. Nəyə görə zərərli vərdişi olanların əksəriyyəti onu tərgitməyə can atır? Bəlkə də bunu başa düşmək olar. Səhv etdiyini anlayan insan səhvini düzlətməyə cəht edir. Bəs yaxşı, nəyə görə belə vərdişin olmadığı insanların əksəriyyəti bunu əldə etməyə meyilidir? Bax bunu isə anlamaq mümkün deyil. Özü də vərdişkar olanlarin tərgitmək istədiklərin bilə-bilə, özü də zərərli olduğun bilə-bilə, özü də ölümü tezləşdirdiyini bilə-bilə, özü də dünyada bu kimi vərdişlərin nəticəsində hər saniyədə nə qədər insanın ölduüyünü bilə-bilə, özü də...
Maraqlı orasıdır ki, gecə-gündüz belə vərdişlərin ziyanı barədə 4 tərəfdən xəbərdarlıqlar edilir. Bütün bunlara baxmayaraq yenə də bunlara meyl zəifləmir ki, güclənir...
Hər hansı vərdişin insanda suni səkildə yaradilmasi öz-özlüyündə cətin bir prosesdir. Amma sonralar bu vərdişlərin dərin fəsadların - sağlamlığa, maddi duruma vurduğu ziyanları görə-görə, bunlardan əl götürməmək - başa düşülən deyil.
Göründüyü kimi çətin keçilən bir yoldu bu yol. Çətin yolu keçmək yaxşıdı o halda ki, hədəf mükəmməl olsun.
Bu çətin yolu keçdikdən sonra zərurətdən ikinci çətin yol meydana gəlir. Onu necə tərgitməli...
Vərdişi başlanandan onu tərgidənədək çəkilən parabola əyrisi hansı ağlın məhsuludu, hansı meyarlara əsaslanan addımlar siyahısıdır?
Yaxşı bəs nətiçə nədir? Başladığın yerə geri dönmək, nəsə qazanmamış və çox şey itirmiş halda. Sağlamlığın, zamanın itkiləri ilə...
Başqa bir "düşüncəsiz düşüncə " rüsvət. Rüsvət almaq və rüşvət vermək. Heç bir məntiqə siğmayan düşüncə. Ən əsası da, təhsil sistemindəki rüşvət. Çox acınacaqlıdı. Acınacaqlı olduğu qədər də düşüncəsizlikdir. Düşüncəsiz olduğu qədər də düşünməli məsələdi.
Bir müəllimin tələbədən nəyisə alması və onun müqabilində nəsə etməsı gələcəyimizi baltalamaq demək deyilmi? Bəlkə bu gün məvacibin az olması bəhanəsı ilə öz vicdanını rahatlatdın. Bəs sabah...?
Sabah bir vaxtlar nəyisə alıb qiymət yazdığın "həkim" tələbənin yanina xəstə halda getsən necə olacaq? Nələr baş verəcək? Heç düşünmüsənmi düşüncəsiz düşüncənlə ?
Və ya sabah nəvənin əlindən tutub aparsan məktəbə ki, elm öyrənsin. Müəlimi isə odur, sənə rüşvət verib sənədən qiymət alan. Indi övladına, nəvənə savad verəcək. Oxumadıqlarını oxutmaqla, öyrənmədiklərini öyrətməklə ...
Sonra nəvən böyüyəcək. Bilmədiklərinə görə müəllimini qınayacaq, heç özü də bilmədən, səni qınamalı olduğu halda…
Beləcə hər yanımız düşüncələr dənizidi. Hərədə də bir ağıl var. Kimisi bu ağıl ilə gəmi düzəldıb üzür burda. Kimisi daş düzəldib batir suda. Düşünməyin köməyi ilə biri ölür, biri qalır. Qalan görür düşüncənin qüdrətini, ölənsə görmür. Bəlkə də görmək istəmir. Gözünü yumur və hey düşünür düşüncəsiz düşüncəsini...
Yaşamaq, ya yaşarkən ölmək. Seçim sənin əlindədir. Seç indi birini...
Amma düsün və seç. Düşüncənin köməyi ilə düşün. Düşüncəsiz düşüncəni qoy kənara. Səni öldürən odur. Səni yaşarkən öldürən…
Yaşamaq da əlindədi. Seç onu düşüncəli düşüncənlə…

Xəqani Səfərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

пятница, февраля 22, 2008

PİSLİKLƏRDƏN UZAQLAŞAQ

Gündəlik həyatımıza diqqət etsək, bir şeyin şahidi olarıq ki, hər bir işimizdə ən yaxşıları seçərək çatışmamazlıqlardan, naqisliklərdən uzaqlaşmağa çalışırıq. Lakin elə yaxşı və pis işlər də var ki, artıq bizim pis və ya yaxşı vərdişlərimizə çevrilib. Yaxşılar hər mənada bəyəniləndir. Amma xoşagəlməz, artıq cəmiyyətdə, ailədə hamının narazılığına səbəb olan pisliklərdən, pis vərdişlərdən bəlkə uzaqlaşaq?
Pis vərdiş yaradan maddə dedikdə ilk ağla gələn alkohol olur. Amma bura təkcə alkohol yox, nikotin, morfi, geroin və s. də daxildir. Pis vərdiş yaradan maddələr mərkəzi sinir sisteminə, yəni beyinə və onunla əlaqədar olan başqa orqanlara mənfi təsir göstərir. Bunun nəticəsində isə bəzi şeyləri dərk etməkdə, xasiyyət və zehni qabiliyyətdə dəyişikliklər baş verir, davranışlar pozulur.
Bu cür maddələri qəbul etməyi vərdiş edən insan ondan istifadə üçün özündə həmin maddələrə qarşı daimi bir arzu hiss edir. Belə insanlar arzu etdikləri maddələri qəbul etməzlərsə, o zaman ruhi rahatsızlıqlar, əsəbilik kimi hallar baş verir. Bütün bunlar isə ruhi asılılığın mövcudluğunu sübut edir.
Psixoloqlar müəyyən etmişlər ki, insan ibadət etdikdə psixi cəhətdən çox sakitləşir.
İnsan üçün gündəlik vacib buyurulan ibadətlər onun mənəvi cəhətdən ruhuna qida, fiziki cəhətdən isə bədəninin sağlamlığı üçün çox xeyirlidir. Həmçinin Allahın insan üçün yeməyə və içməyə yasaqladığı qidalar. Həzrət Əli (ə) bu barədə buyurmuşdur ki, Allahın haram olaraq yasaqladığı şeylər elə özü özlüyündə pisdir. Diqqət etsək, islamda haram sayılan alkohollu içkilər, qumar, narkotik və bu kimi xoşagəlməz ünsürlər zatən pisdir.
Elə götürək alkohollu içkiləri. Alkohollu içkilər taxıl və meyvədən əldə edilir. Alkohol keyləşdirici, yəni yuxu gətirən bir maddədir. Qan yolu ilə beynə gedərək orqanizmin idarə mərkəzi olan beynin fəaliyyətini pozur. Beləliklə, insan sərxoş olur. Sərxoş isə düşünməyən, ağlını işlətməyən, xarici aləmlə əlaqəsi azalan, utanma hissi zəifləmiş olan, sadəcə olaraq ilkin fizioloji prosesləri olan - tənəffüs edən, qan dövranı və həzm qabiliyyəti olan bir şəxsdir. Amma daha çox qəbul edildikdə bu fəaliyyətlər də dayanır.
Alkohollu içkilərin nəinki bir şəxsə pis təsiri, həmçinin ictimai zərərləri də mövcuddur. Günümüzdə bu səbəbdən neçə-neçə ailələr dağılıb. Əzabını ən çox çəkən isə günahsız uşaqlardır.
Eləcə də siqaret. Siqaret tütün bitkisinin qurudulmuş yarpaqlarından hazırlanır. Siqaretin tüstüsündə 4000-ə qədər kimyəvi maddənin olduğu müəyyənləşdirilmişdir. Bu maddələrin insan orqanizminə heç bir faydası yoxdur. Bunlardan ən zərərli olanları nikotin, qatran, karbon-monooksid (dəm qazı), xərçəng yarada bilən (kanserogen) maddələridir. Araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, siqaret çəkmək iştahanı pozur, həzm prosesini çətinləşdirir, dişləri saraldır, mədə yarasına, dodaq, dil, yemək borusu, ağ ciyər xərçənglərinə səbəb olur, insanı öskürdür və xroniki bronxitə, damar divarlarının elastikliyinin azalmasına səbəb olur, hafizəni zəiflədir və bu kimi bir çox xoşagəlməz halları yaradır ki, bunlar da xəstəliklərin əmələ gəlməsinə zəmin yaradır.
Yəqin ki, bir çoxları, xüsusən gündəlik siqaret çəkənlər bütün bu deyilənləri eşidib qulaq ardına vuraraq:"Mən neçə ildir siqaret çəkirəm, heç ölmürəm" və ya "Mənə heç nə olmur" deyəcəklər. Onu da xatırlatmaq lazımdır ki, bütün bu sadalananlar birdən-birə yox, tədricən baş verir. Amma bu fikirdə olanlara demək lazımdır ki, ictimai yerlərdə özünü fikirləşmirsənsə, heç olmasa kənardakıları fikirləş! Yoxsa bu şəhərin sakini nəqliyyat vasitəsinə minərkən bu iyi duymağa öyrəşmiş və ya küçədə gedərkən hər addımdan bir siqaret kötüyünə rast gəlməyi xoşlamağa başlamışdır? Bəlkə Ramazan ayında oruc tutan insanlara xatir bu işdən uzaqlaşasan. Əgər Ramazan ayında oruclu insanlara xatir çəkinirdinsə, bu biri günlərdə də hər bir insana xatir çəkinməlisən. Çünki nəqliyyat vasitəsi və bu kimi ictimai yerlərdə oruclu insanlardan başqa qoca və körpə olanı da var.
Əgər evdə sakitçilikdirsə, sənin fikrin başqa-başqa yerlərdə olduğu üçün sən saatın tıqqıldayan səsini eşitməyəcəksən. Amma saatın səsinə diqqət etsən, o zaman eşidəcəksən. Eləcə də pis vərdişlər. Bir dəfə də olsun ziyandan başqa heç bir xeyri olmayan pis vərdişlərə diqqət edib haqqında düşündükmü?
Qurani-Kərimin «Əz-zariyat» surəsinin 56-cı ayəsində Allah Təala belə buyurmuşdur: "Mən cinləri və insanları Mənə ibadət etmək üçün yaratdım". Əgər biz müsəlmanıqsa, bu ayədən nəticə çıxarıb gündəlik həyatımızı proqramlaşdırmalıyıq. Belə ki, qeyd olunan hər bir pislik və xoşagəlməzlikləri tərk edib boş və mənasız işlərdən uzaqlaşaraq hər bir işimizi Allaha xatir görməliyik. Allaha xatir görülən hər bir iş isə ibadət sayılır. Lakin bu pis vərdişləri tərk etməsək və onları həyatımızın ayrılmaz bir hissəsinə çevirsək, bu bizim Allaha bəndə olmağımıza xələl gətirər. Yox əgər ruhi asılılığımıza çevrilmiş bu pis vərdişlərdən uzaqlaşa bilməyəcəyimizdən qorxuruqsa, əsla qorxmaq lazım deyil. Allah Təalanın bizə lütf etdiyi böyük nemətlərdən biri də iradədir. Əgər iradə göstərərək sonsuz rəhm sahibi olan uca Allaha sığınsaq, O, bizi bütün pisliklərdən qoruyar, inşəallah!

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Zemfira Nəsrullayeva




суббота, февраля 16, 2008

Ən fəzilətli gün

və ya Ağam məni bağışla. . .

Əziz İslam Peyğəmbərindən (s) və onun pak Əhli-beytindən (ə) nəql olunan hədislərdən məlum olur ki, günlərin ən fəzilətlisi, ən üstünü - cümə günüdür. Bu günün özünəməxsus əməlləri vardır ki, bu əməllər barəsində həm Allah kəlamı olan mübarək Qurani-Kərimdə, həm də Məsumların (ə) hədislərində xüsusilə qeyd olunur.
Qurani-Kərim buyurur: «…Elə ki, sizi cümə gününün namazı üçün çağırdılar, həmin halda Allahı yad etməyə tələsin». («Cümə» surəsi 9)
Bu günün digər mübarək əməlləri ilə bağlı İmam Cəfər Sadiqdən (ə) nəql edilir. «Hər müsəlman üçün cümə günləri dırnaqlarını tutb, ətirlənmək münasibdir».
Kişilərdə gərək xoş ətrin qoxusu aşkar olsun, qadınlarda isə tam əksinə.
Həzrət Əli (ə) cümə günü ilə baglı buyurur: "Hər cümə günü öz ailə üzvlərinizə bir az təzə meyvə nübar edin ki, cümənin gəlməsindən sevinsinlər".
Cümə gününün mübarək əməllərindən biri də Cümə qüslüdür. İmam Sadiq (ə) buyurmuşdur ki, «Cümə qüslü insanı pak edər və gələn cüməyə qədər onun günahlarının kəffarəsidir».
Cümə günü ilə bağlı Məsumların bu kimi göstərişləri var ki, Allah Təala bu göstərişlərə layiqincə əməl etməyi hər bir haqq yolçusuna nəsib etsin.
Belə fəzilətli gündə ötən cümə günlərinin birində şahidi olduğum bir ibrətamiz hadisəni bu yazıda qeyd etməyi özümə borc bildim.
Qonşum Muhəmməd Baqir məscidə birlikdə getməyimizi istədi. Vədələşdiyimiz vaxt evdən çıxdıq. Yol boyu qonşum söhbət əsnasında yaxın bir tələbə dostunun da bizi metro stansiyasının qarşısında gözləyəcəyini dedi. O gün havadan da xoş ətir qoxusu gəlirdi. Adam istəyirdi ki, bu təmiz havanı tamam ciyərlərinə doldursun. Nəhayət gəlib yeraltı keçidə çatdıq. Muhəmməd Baqir tələbə dostu ilə məni tanış etdi.
Adı Saleh idi. Biz də çoxdankı tanışlar kimi bir-birimizə xoş təbəssümlə «Cümə günün mübarək» söylədik.
Yeraltı keçidə düşəndə artıq bayaqkı xoş ətirli havadan əsər-əlamət belə yox idi. Sanki "Cəhənnəm burulğanı" idi. Belə yerdə siqaret çəkmək heç nəyə sığmaz. Adamların bu gur yerində dostumuz Saleh bizdən geridə qalmışdı, siqaretin tüstüsü mənim gözlərimi yaşartmış idi. Muhəmməd Baqirisə təngnəfəs olmuşdu. Dedim ki, bu insanlar niyə özlərinə belə zülm edirlər. Muhəmməd Baqir ixtisasca həkim idi. Odur ki, izah etməyə çalışırdı ki, siqaret çəkənlər nəinki özlərinə, hətta xüsusən belə yerdə hamıya zülm edirlər. Elə bu vaxt bir qadın qucağındakı uşağın ağzına şərf tutaraq gileyləndi: «Burda nəfəs almaq olmur ki. Bu siqaret çəkənlərdən ötrü bu keçidə düşməyə peşman olur adam. Nə xəstə bilirlər, nə də uşaq!».
Biz ləngiyib Salehi gözləməli olduq. Amma nə görsək yaxşıdır. Dostumuzun əlində siqaret közərtisi. Muhəmməd Baqir təəccüblə üzünü Salehə tutaraq: "Əzizim biz bu tüstünün insanlara verdiyi əzabdan danışırdıq. Amma Sizi heç təsəvvür də etmirdik ki...». O, sözünün ardını demədi.
Yaxınlığımızdan keçən bir qoca: «Tüstüdən daha boğuluram» deyib əlini cibinə saldı. Sonra ağzını açıb boğazına "aerozol" dərmanı vurub yoluna davam elədi.
Sonra qonşum Salehə qayıtdı ki, görürsən hamı "Belə zülm olmaz deyir". Bəs sən nə deyirsən?
Saleh: «tərgidə bilmərəm» dedi. Yol əsnasında Muhəmməd Baqir əvvəlcə siqaret qutusunun üstündəki Səhiyyə Nazirliyinin xəbərdarlığını Salehə göstərdikdən sonra siqaretin ziyanı barədə xeyli bilgi verdi. - «Siqaret insan orqanizminə kimyəvi hücum edir. Tədqiqatlar göstərmişdir ki, siqaretin yaratdığı problemlər təkcə nikotindən asılı deyil, onun tərkibindəki yanmayan maddələrlə bağlıdır. Onların bir hissəsi orqanizmə daxil olduqdan sonra müxtəlif xəstəliklərin yaranmasına səbəb olur və hətta xərçəngin yaranmasına gətirib çıxarır. Və siqaretə qarşı dünyanın hər bir yerində aparılan kompaniyalar artıq bir sıra müsbət nəticələr vermişdir».
Muhəmməd Baqir çox maraqlı hadisələri bizim üçün xatırlayırdı ki, şəhərdəki məscidlərdən azan səsi ucaldı.
Biz məscidin həyətində möminlərlə salamlaşıb birlikdə məscidə daxil olduq.
Cümə namazı haqda islam alimləri buyurur ki, İmam Zaman (ə.f.) qaib olduğu dövrdə cümə namazı təxyiri vacibdir (yəni mükəlləf şəxs cümə günündə ya zöhr namazını, ya da cümə namazını qılmaqda ixtiyar sahibidir).
Cümə namazı haqda alimlərin buyurduğu bir sıra göstərişlər var ki, bunun üçün hər bir mükəlləf müctəhidə müraciət etməlidir.
Namazı qılıb, İmam Zaman ağanın (ə.f.) salamatlığına salavat zikr edib möminlər cəmən «Fərəc» duasını oxudular. Duadan sonra Saleh: «Sizi bayırda gözləyəcəyəm» deyib məsciddən çıxdı. Biz də möminlərlə əl tutub görüşdükdən sonra məsciddən çıxdıq. Gördüyümüzə inanmadıq. Sən demə Saleh siqaret çəkmək üçün məsciddən çıxıb. Muhəmməd Baqir dostumuzun bu hərəkətini gördukdə qaşları alnında sanki düyünləndi. O, Salehə yaxınlaşıb əvvəlcə mülayim danışmağa başlasa da səsi getdikcə sərtləşir və istehza ilə soruşurdu: «Bu nədir? Yoxsa "qürbətən illəllah yandırmısan?! Əzizim, dünyaya min cür bəla gətirən bu siqareti yoxsa pak nemət bilirsən? Yoxsa bədən üzvlərinin Allahın əmanəti olduğunu unutmusan? İndicə məsciddə «Fərəc» duasını oxuyurdun. Unutma ki, müntəzir İmam Zaman (ə) ağanın eşqilə yaşayan kəs başqalarının haqqını pozmamalıdır. Yoxsa keçiddə o körpə uşağın nədən ağladığını, yaxud qoca kişinin nədən həb qəbul etdiyini yadından çıxartdın?!
Bəlkə sözlərimə görə məndən inciyirsən, ancaq bil ki, biz bir-birimizin aynasıyıq! Mənim eyb və qüsurumu sən deməlisən. Mən bundan incimərəm. Çalış iradəni ortaya qoy və bu ZƏHƏRİ tərgit. Doğrudan da mən inanıram ki, sən Zühur eşqilə yaşayırsan və duaların da xalisdir».
Saleh danışmırdı. Onun gözləri aydın səmaya dikilmişdi. Muhəmməd Baqirin gözləridə yaşla dolmuşdu. O, əllərini mehribanlıqla Salehin çiyninə qoyub titrək səslə dedi: «Ağam bu an zühur edib müntəzirinin əlindən tutmaq istəsə nə deyəcəksən? Deyəcəksən ki, "gözlə siqareti" söndürüm?».
Bu vaxt Salehin barmaqları qeyri-ixtiyarı aralandı və siqaret əlindən yerə düşdü. Aydın səmaya dikilmiş gözlərində axan intizar yaşları Salehin yanağı ilə süzülürdü. Dərin sükut çökmüşdü. Muhəmməd Baqirin sözləri hamımıza təsir etmişdi.
Bu vaxt Saleh əllərini üzünə tutaraq hıçqırıq və pıçıltı ilə deyirdi "Ağam məni bağışla".
Hörmətli oxucum mən bu hadisəni yazmaya bilməzdim. Çünki, "əmr be məruf" və "nəhy əz-münkər" (yaxşılığa dəvət etmə və pislikdən çəkindirmə) sənə vacib olduğu kimi mənə də vacibdir.

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Təbiət Hüseynov