Показаны сообщения с ярлыком islam bankinqi. Показать все сообщения
Показаны сообщения с ярлыком islam bankinqi. Показать все сообщения

четверг, апреля 10, 2008

İSLAM BANK SİSTEMİ SOSİAL ƏDALƏT PRİNSİPİ ƏSASINDA İŞLƏYİR

Azərbaycan Marketinq Cəmiyyəti və “Gənclərin elmi-mədəni inkişafi” (GƏMİ) ictimai birliyinin təşəbbüsü ilə Islam İnkişaf Bankının eksperti doktor Ausaf Əhmədlə gənclərin görüşü olmuşdur. Son zamanlar İslam Bank sisteminə artan marağı və bu sahədə məlumat qıtlığını nəzərə alaraq görüş xüsusi əhəmiyyət kəsb edirdi. Qonaq gəncləri maraqlandıran bir sıra suallara cavab verdi:
- Bu sizin Azərbaycana birincı səfərinizdirmi?
- Buraya ikincı dəfədir ki gəlirəm. Birincı səfərim Azərbaycan Marketinq Cəmiyyətinin dəvəti ilə olmuşdu. Cəmiyyətin təşkil etdiyi seminarın mövzusu “Azərbaycanda İslam bankçılığının təşkili” idi. Ikinci səfərimin məqsədi isə Azərbaycan Dövlət İqtisad Universiteti ilə birgə “İslam bankçılığınin İqtisadi və Bank prinsipləri” mövzusunda treninq keçirmək idi. Bu tədbir də keçən dəfəki kimi uğurla həyata keçdi.
- Sizcə Azərbaycanda İslam İqtisadiyyatına maraq nə dərəcədədir?
- Məncə iki ay ərzində iki tədbir keçirilibsə və bunun təşəbbüskarı və təşkilatçıları siz özünüz olmusunuzsa, bu artıq bu sahəyə marağın göstəricisidir.
- İslam maliyyə sisteminin fərqli cəhətləri hansılardır?
- Müasir maliyyə sistemləri Qərb sivilizasiyası çərçıvəsində yaranıb və inkişaf edib. İslam konsepsiyasının əsas fərgi ondan ibarətdir ki, burada banklar faiz əsasında deyil, gəlirin bölüşdürülməsi prinsipi ilə fəaliyyət göstərir. Hesab olunur ki, faiz istismari xarakter daşıyır və gəlirlər bərabər bölüşdürülmür. Islam bank sistemi isə sosial ədalət prinsipi əsasında qurulub.
- Bu prinsipləri bir az açıqlaya bilərsinizmi?
- Qeyd etdiyim kimi, islami banklar mənfəətin bölüşdüruıməsi prinsipi ilə işləyir. Bu prinsiplər islam aləmində hər zaman olub, sadəcə olaraq artıq müasirləşdirilib praktikada tətbiq olunur. Bu əsasən iki yolla həyata keçirilir:
Müzaribə - burada, I tərəf (yəni bank) vəsait və ya resurslar verir. II tərəf (yəni müştəri) həmin vəsaiti işlədir və sonda mənfəəti bölüşdürürlər.
Müşarakə - burada hər iki tərəf işə sərmayə qoyur, əldə olunan mənfəəti bölürlər. Hər iki halda mənfəət əldə olunmasa, tərəflərin ikisi də zərər çəkir.
- Bəs bank özünü hansı yollarla ayaqda saxlayır? İlkin resursları necə əldə edir?
- Insanlar öz pullarını depozit kimi, əmanət kimi banka qoya bilərlər. Burada da əmanət hesabları iki cür olur.
I-investisiyaya icazə verilən hal. Müştərinin pulu bank tərəfindən istifadə edilə bilər. Burada müştəri bankın əldə etdiyi gəlirə şərik olduğu kimi, ziyana da şərik olur.
II-investisiyaya icazə verilməyən hallar - burada müştərinin pulu toxunulmaz qalir.
Söhbətə qatılan “Gənclərin elmi-mədəni inkişafi” (GEMİ) ictimai birliyinin sədri Sərdar Yusifoğlu qonağa “Azərbaycan gəncləri islam bankçılığı sahəsində nə dərəcədə məlumatlıdırlar?” sualı ilə müraciət etdi.
- Mən Azərbaycan dilini yaxşi bilmədiyimdən bunu dəqiq deyə bilmərəm. Amma hər iki tədbirdə aktiv iştiraklarına görə hiss edirəm ki, gənclərin bu sahəyə maraqları böyükdür.
Qonaq burada medianın rolunu da xüsusi qeyd edərək bildirdi ki, bu sahədə maariflənməni artırmaq üçün media işçiləri aktiv olmalı, cəmiyyəti mütəmadi olaraq məlumatlandırmalıdırlar. «Yaxşi haldır ki, gənclər arasında dinə maraq var. Ümidvaram ki, bu tendensiya davam edəcək» - deyə cənab Əhməd vurğuladı.
Marketinq Cəmiyyətinin icraçı direktoru Fuad Əliyev də qonağın dediklərinə dəstək olaraq söylədi ki, mediani cəlb etmək üçün qeyri-hökumət təşkilatları da bizə kömək etməlidirlər. Sonra o, qonaqdan islam maliyyəsinin inkişafı üçün hansı tədbirlər görmək lazım olduğu haqda soruşdu.
- Bu işlə təkcə 1-2 təşkilat deyil, kütləvi şəkildə məşğul olunmalıdır. Geniş hərəkat olsa, bu daha da effektiv olar.
Qonaq artıq Tatarıstanda İslam Maliyyə Şirkətinin fəaliyyət göstərdiyini qeyd etdi.
Səmimi söhbət formasında keçən gorüşdə Ausaf bəyin həyat yoldaşı Nurussabah xanım da iştirak edirdi. Xanim İcərişəhərdəki tarixi abidələri, məscidləri xüsusi bəyəndiyini söyləyərək Azərbaycanın qədim islami köklərə malik olduğunu vurğuladı.
Sonda qonaq Azərbaycana yenə gələcəyini vəd edərək, gənclərlə görüşdən məmnun olduğunu söylədi.


Günel Hüseynli,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi



пятница, февраля 29, 2008

AZƏRBAYCAN RESPUBLİKASINDA ISLAM BANKÇILIĞININ UĞURLU İNKIŞAFI ÜÇÜN BÖYÜK POTENSIAL MÖVCUDDUR

Beynəlxalq seminarın müzakirələrindən çıxan nəticələr belə düşünməyə əsas verir.
Fevralın 27-28-də İslam İnkişaf Bankı və Azərbaycan Marketinq Cəmiyyətinin təşkilatçılığı və İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə “İslam maliyyəsi və onun Azərbaycan Respublikasında perspektivləri” mövzusunda beynəlxalq seminar keçirilmişdir. Seminarda ölkənin bir çox aparıcı bank və maliyyə qurumlarının nümayəndələri iştirak etmişlər. Seminarın I günündə “İslam və iqtisadiyyat”, “Iqtisadi inkişafa İslamın yanaşması”, “İslam maliyyəsi iqtisadi inkişafın vasitəsi kimi”, “Maliyyə sektorunun müasir problemləri və İslam alternativi” kimi mövzular müzakirə mövzusu olmuşdur. Seminarın II günü isə İslam maliyyə sisteminin spesifikasının, İslam bankçılığının, məxsusən, İslam İnkişaf Bankı misalında, dünya dövlətlərində təcrübəsinin, Azərbaycanda İslam bankçılığının tətbiqi imkanlarının, İslam maliyyəsinin perspektivləri və problemlərinin müzakirəsinə həsr olunmuşdur.
Seminarda İslam İnkişaf Bankını bankın eksperti Dr.Ausəf Əhməd təmsil etmişdir. Ekspert çıxışında İslam maliyyəsinin və bankçılığının tarixindən danışaraq, “İslam bankçılığı” termininin son 30-40 il ərzində meydana gəldiyini bildirdi. İslam maliyyə sisteminin dünya ölkələrində təcrübəsindən bəhs edərkən isə Dr. Əhməd qeyd etdi ki, hal-hazırda İslam maliyyə təsisatlarının 80%-dən çoxu Fars körfəzi ölkələrinin payına düşür, maliyyə fondlarının 42%-dən çoxu isə Fars körfəzi, Cənub və Cənub-Şərqi Asiya ölkələrində təmərküzləşmişdir.

Azərbaycan Beynəlxalq Bankının Marketinq üzrə departamentinin müdir müavini Behnam Qurbanzadə çıxışında bildirdi ki, bugünkü gün üçün Azərbaycanda İslami prinsiplər əsasında fəaliyyət göstərən maliyyə təsisatlarının fəaliyyəti üçün münasib baza var və eyni zamanda onu da qeyd etdi ki, Azərbaycan məkanında şəriət prinsipləri əsasında fəaliyyət göstərəcək maliyyə qurumlarına tələbat duyan istehlakçı sektoru artıq yetişmişdir. Islam ölkələrinin zəngin investisiya kapitalına malik olduğunu vurğulayan mütəxəssis Azərbaycan bazarının bu investisiyalara böyük tələbat olduğunu bildirmişdir. O, həmçinin qeyd etdi ki, Azərbaycan Beynəlxalq Bankı öz fəaliyyətinin müəyyən istiqamətlərində (məsələn, lizinq fəaliyyətini) artıq İslam bankçılığınin şərtlərinə riayət edir və bu növ fəaliyyət Azərbaycan Respublikasının bir çox başqa banklarında da tətbiqini tapmaqdadır. Eyni zamanda bir çox banklar, o cümlədən ABB İslam İnkişaf Bankı ilə artıq bir çox layihələrdə fəal əməkdaşlıq edir.

Azərbaycan Respublikasında İslam maliyyəsinin perspektivlərindən danışan Azərbaycan Marketinq Cəmiyyətinin İcraçı direktoru Fuad Əliyev isə İslam maliyyəsinin ölkəmizdə qarşılaşdığı problemlər sırasında sələmsiz maliyyə bazarlarının yoxluğu, yetərli tənzimləyici hüquqi-normativ bazanın olmaması, islami iqtisadi alətlər ilə terminoloji tanışlığın aşağı səviyyədə olması və s. göstərmışdir. İslam İnkişaf Bankının ölkədə fəaliyyət perspektivinə toxunaraq isə əlavə olaraq bildirdi ki, sələmsiz əməliyyatların daha riskli olması, İİB-nin maliyyə təsisatlarının inkişaf etmiş deyil, inkişaf etməkdə olan dövlətlərdə yerləşdirilməsi, xarici kapitalın iştirakı üçün kvotaların müəyyən edilmiş olması, İslama uyğun investisiyaların yoxluğu səbəbindən yerli bankların likvid vəsaitlərini daha risqli sahələrə investisiya yatırmaları və nəhayət, yerli biznes adamlarında İslam etikasının aşağı səviyyədə olması (“müftəxorluq siyasəti”) uğurlu fəaliyyətin maneə faktorları kimi çıxış edə bilər. Fəaliyyət taktikasının yolları qismində F.Əliyev aşağıdakıları göstərdi: 1 - Islami bankçılıq fəaliyyətini “partizan” üsulda aparmaqla (ənənəvi bankçılıq formaları altında fəaliyyət göstərməklə) status-kvonu saxlamaq; 2 - Bank adı ilə deyil, Investisiya Şirkəti və qeyri-neft kredit obyektləri kimi fəaliyyət göstərmək; 3 - yerli banklarda İslam pəncərələrini (“İslamic windows”) açmaq.

Sonda yenidən söz alan İİB eksperti Dr.Ausəf Əhməd seminar müzakirələrinə xülasə vuraraq, İİB-nin fəaliyyətinin əhalinin dövlət sektoruna etibarının artması, mikroiqtisadiyyatın inkişafı, habelə iqtisadi uğurlu təşkilatlara kapital axının güclənməsi kimi uğurlu nəticələr verə biləcəyini vurğuladı.

Abbasova Leyla,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi