Показаны сообщения с ярлыком yazar: Günel Hüseynli. Показать все сообщения
Показаны сообщения с ярлыком yazar: Günel Hüseynli. Показать все сообщения

вторник, октября 07, 2008

Öz gücünə inan!

(Fələstin və Qarabağ həsrəti)

Qüds günü – bir ümubəşəri gündür. Bu gün təkcə Fələstin xalqına məxsus deyil. Bu gün – bütün haqqı tapdalanmışların zülmkarlara qarşı müqavimət göstərməsinin simvoludur.
Bu gündə İslam yenidən həyata dönməlidir. Bu gündə müsəlmanlar ayılmalı, maddi və mənəvi qüdrətlərini dirçəltməlidirlər. Bir milyard əhalisi olan İslam, Allah Təalanın himayədarlığına malik olan müsəlmanlar nədən qorxmalıdırlar?

Bu gün Qüds günüdür. Bütün dünya müsəlmanlarını mübarək ayın sonuncu cüməsində düşmənə qarşı birləşdirən bir gün. Müsəlmanlara öz tarixi köklərini, ata-babalarının şücaətlərini xatırladan, onlara öz qüvvələrinə inam bəxş edərək, İslam dininin qüdrətini tanıtdıraraq mənəvi silah verən bir gün. Qüds harayı - müsəlmanlar arasında İslam körpüsü salaraq onları bir bayraq altinda birləşdirən vəhdət çağırışıdır.

Qüdsün tarixinə nəzər salaq. Qüds faciəsi İsrailin təcavüzkar, mənfur siyasətinə dayanır. İsrail on illərcə böyük bir milləti işğal altinda yaşamağa məcbur edən bir rejimdir. 1948-ci ildə Fələstin torpaqlarının böyük bir qismini işğal etmiş, fələstinlilərin bir qismini öz müstəmləkəsi altında yaşamağa məruz qoymuş, bir qismini sürgün etmiş, bir qismini isə öldürmüşdür. 1967-ci ildə isə Fələstin torpaqları bütünlüklə İsrailin işgalı altına girmışdir. Bundan əlavə İsrail Misirin, Suriyanın, Livanın torpaqlarının bir qismini də işğal etmiş, illər boyu bu torpaqlardan cəkilməmişdir. Ümumiyyətlə, dünyanın dördüncü böyük ordu gücünə sahib olan sionist rejimi tarix boyu faşist rejimlərinə dəstək olmuş, hər zaman əli qanlı diktatorların müttəfiqi olmuşdur. İkiüzlü İsrail bir tərəfdən təcavüzkar, irqçi, işğalçı kimi tanınsa da, digər tərəfdən özü üçün “məzlumların sığınacağı” imicini də yaradır. Rəsmi ideologiyası sionizm olan bu iyrənc rejim Fələstin torpaqlarında «müqəddəs terror», «müqəddəs işgəncə» siyasəti aparır. Təkcə 1987-1993 illər dönəmində İsrail tərəfindən 1283 fələstinli öldürülmüs, 130 472 nəfər xəstəxanaya yatırılacaq dərəcədə yaralanmıs, 481 nəfər sürgün edilmiş, 22 088 insan həbsxanalara atılmışdır. 1995-ci ilin ortalarında tarixçilər tərəfindən ortaya cıxan “Çöl və alovlar içində“ adlı kitabda 1948, 1956 və 1967-dəki ərəb-Israil döyüşlərində İsrail ordusu tərəfindən əsirlərə inanılmaz işgəncələr verildiyi barədə faktlar gətirilmişdir. Əsir götürülən əsgərlərin gözləri sigaretlə oyulmus, bədənlərinin ayrı-ayrı üzvləri kəsilərək dozülməz ağrılara məruz qalmışdır.

Burada vacib olan bir nöqtə var. İsrail rejimi bu terror və işgəncəni yalnız pragmatik olaraq deyil, müqəddəs bir missiya olaraq göstərməkdədir. Guya İsrailin terroru yəhudi dini qaynaqları tərəfindən əmr edilir. „Mən Tanrının seçilmiş, ən üstün qövmüyəm“ - deyə özünü həyasızcasına haqlı sayan sionistlər öz “müqəddəs terror“larına teoloji bir don geydirərək işğallarını dini bir siyasət adı altında davam etdirməkdədirlər. Elə bu səbəbdən də təcavüz, işgal, nifrət və sionizm bir-birindən ayrılmaz məfhumlardır.

Bu savaş bizim üçün heç də yad olmayan, əksinə bir cox əlamətlərindən cox tanış gələn bir savaşdır. Bizim də Qarabağ adlı bir dərdimiz, İsrail kimi işğalçı, təcavüzkar, alçaq siyasət yürüdən bir düşmənimiz var. Bu iki cinayətkar rejimin qondarma soyqırım siyasəti, əsirlərə amansız işgəncə vermək, özgə torpaqlarını zəbt edib əhalisini kütləvi şəkildə qırmaq kimi ortaq cəhətləri, hər ikisinin də müsəlmanlara, İslama nifrəti və ədavəti var.

Nə etməli? Ümmət olaraq bizim böyük bir nicat ünvanımız var. İstənilən halda bizim „nə etməlimiz“ bizlər üçün təqdim olunmuşdur. „Sizə qarşı vuruşanlarla siz də vuruşun!“ -deyir Müqəddəs Kitabımız. Keçmişimiz Aşura kimi mərdlik və şücaət məktəbinə, gələcəyimiz „zühura inam“ kimi ümidə söykənir. Bizim Bədr döyüşü kimi „Allah yolunda“ niyyətilə qələbə calmağın mümkünlüyünü sübut edən möcüzəvi bir döyüş nümunəmiz var. Bu qüvvətli mənəvi silahlar güclü və sarsılmaz ordulardan qat-qat böyük qüdrətə malikdirlər. Cünki, bu silahlar ilahi bir qüdrətə, ilahi bir vəzifəyə və tapşırığa söykənir.

Odur ki, müsəlmanların ilk qibləsi - müqəddəs Qüdsün, Fələstin torpaqlarının yadelli işğalçıların ayaqları altında tapdalanması hər bir müsəlman üçün ürək yanğısı olmaqla bərabər, eyni zamanda vicdan təbili, müqəddəs bir xatırlamadır.

Bu gün Qüds günüdür. Bu gün haqqımız olan torpaqlarımıza sahib çıxmaq üçün birləşmək günüdür. Hər bir müsəlmanın Allah və öz vicdanı qarşısında olan mühüm vəzifəsini icra etmək üçün dunyanın istənilən yerindən Qüds harayına hay vermək günüdür. Bü gün düşmən bombalarıyla ambulanslar içində parçalanan gözüyaşlı Fələstın körpələrinin, dəhşətli işgəncələrlə qətlə yetirilən Xocalı şəhidlərinin, öz doğma yurdlarından didərgin düşmüş bütün məzlumların qisasını alma günüdür. Bügün bizim olub, amma bizdə olmayanları – Fələstini, Qarabağı yada salıb öz kimliyimizi xatirlama günüdür.

Ey müsəlman, onları unutma. Buna haqqın yoxdur. Onları unutsan öz kimliyini unutmuş olarsan. Sən güclusən. Cünki gücün Haqqa bağlıdır. Öz gücünə inan!

Günel Hüseynli,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

вторник, июня 17, 2008

XANIM ZƏHRA (s.ə.) və İLAHİ TƏLİM-TƏRBİYƏ

Allah ən çox sevdiyi bəndəyə ən qiymətli hədiyyəsini əta edər. Həzrət Muhəmməd (s) də Allah dərgahında xüsusi şərafət və məqama malik peyğəmbərdir. Şəninə “Kövsər” surəsi nazil olan Xanım Fatimə (s.ə.), atasına ilahi bir bəxşiş, dəyəri sözlə ifadə olunmayacaq qədər misilsiz bir hədiyyədir. Həqiqətən də Zəhradan (s.ə.) qiymətli hədiyyə ola bilərmi?
O, Allahın seçdiyi, bütün əxlaqi gözəlliklərlə zinətləndirdiyi, ali kamalları bəxş etdiyi bir nəcib varlıqdır. O şəhadətindən sonra da dirilik irsi qoyub gedən xanımdır. O, hərəsi öz dövrünün yol göstərən cirağı olan imamların Anasıdır. Məsumların anası, atası təsadüfi seçilə bilməz. Mütləqdir ki, bu ilahi missiyanı daşıyan nur parçaları özləri də başlanğıcını nur ceşməsindən götursünlər. Bəli, Xanım Fatimə (s.ə.) nur ceçməsi və dirilik qaynağıdır.
O, Allahdan vəhy alan peyğəmbər vücudunun bir parçasıdır. Həzrət Fatimeyi-Zəhra (s.ə.) atasının ümmətindən istədiyi sevginin ünvanıdır. Nübuvvət və risalət evində tərbiyələnmiş, dünya və axirət xanımlarının xanımıdır.
Peyğəmbər (s) buyurub: “Fatimə mənim gözümün nuru, bədənimin bir parçası, qəlbimin meyvəsidir”.
Haqqı “eynul-yəqin” ilə görən gözün nuru sizcə necə ola bilər?
Meraca ucalan bədənin bir parçası sizcə necə ola bilər?
Vəhy enən pak qəlbin meyvəsi sizcə necə ola bilər?
Əlbəttə ki, qəzəbiylə Allah qəzəblənəcək qədər, sevinciylə Allah sevinəcək qədər qiymətli, əziz və dəyərli.
Dünyaya gələcəyi atasına müjdə olan Xanımın evliliyi belə ilahi vəhyin buyruğu ilədir: «Ey Peyğəmbər! İşığı işıqla - Fatiməni Əli ilə evləndir».
Xanım Zəhranın dünyaya gəlməsi, ailə qurması, ümumiyyətlə bütün yaşamı ilahi təqdiratla həyata keçmişdir. Onun həyatını araşdırsaq, hələ körpə yaşlarından atası Peyğəmbərin (s) qayğısına qalması, ona nəvaziş göstərərək insanların ən şərəflisi tərəfindən “atasının anası” adını qazanması, sonralar incə, zərif bir varlığın atasının vəsiyyəti və həyat yoldaşının qəsb olunmuş haqqını qoruması uğrunda mübarizə aparmasını görəndə bu həya və iffət rəmzi olan heyrətamiz vücudda təzadların olmasının şahidi oluruq. Buna izah onun öz əməllərinə Rəbbinin məsləhəti ilə qərar verməsi, elminin ilahi bir elm mənbəyindən qaynaqlanması, əxlaqının ilahi bir lüftlə tərbiyələnməsi ola bilər.
Məsumlardan gələn hədislərdə “Allah bizi insanlara, Xanım Zəhranı isə bizə höccət gəndərmişdir” - deyə qeyd olunur. İmamlar da peygəmbərlər kimi ilahi təlim görmüş, ilahi təqdiratla təyin olunmuş, ilahi elmlə zinətlənmişlər. Bir-birinə ötürülən ilahi elm, əxlaq, kamal zəncirinin ilk bəndi olan xanım Zəhra (s.ə.) həm atası peygəmbərdən, həm də birbaşa Allahdan tərbiyə alan və özündən sonra hidayət yolçuları olan İmamları (ə) da tərbiyə edən bir məsumədir.
Fatimə (s.ə.) cavan ağac kimi vəhy işığının kölgəsində böyümüşdür. O, azadlıq və ədalət meyvələrini yetişdirərək Quranın buyurduğu kimi «Şəcəratun Tayyibətun»un (yaxşılar ağacı) başlanğıcı adını almışdır. O xanımı tanımaq üçün elə onu mədh bu ləqəbin izahı kifayətdir.
«Xoş bir söz kökləri yerdə möhkəm olub budaqları səmaya ucalan gözəl bir ağac kimidir». (“İbrahim”, 24)
Zəmanənin İslam alimlərindən biri olan Seyyid Kamal Heydəri ağa bu ayəni belə açıqlayır: Ayədə qeyd olunan kökləri yerdə möhkəm dayanmış ağac - Allaha imandir. Onun kökü sabitdir və bu - tövhiddir. Səmaya ucalan budaqları isə kəramətli əxlaqlardır. Ədalət, şücaət, iffət və s. kimi. İndi daha aydın başa düşülür ki, Xanım niyə bu adla adlandırılmışdır. Həzrəti Fatimə (s.ə.) əsli tövhid üzərində dayanan, budaqları da gözəl əxlaqlardan ibarət olan bir ağacdır.
Hədislərdən məlumdur ki, Allahin 99 adı var ki, bunlar da 99 əxlaqdır, 99 kamaldır. Xanım bu əxlaqların hamısının daşıyıcısı idi. Çünki, o, Allahın əxlaqı ilə əxlaqlanmış, bütün iradələrini Allahın iradəsində qərq etmişdir.
Bütün fəzilətlər gənc bir fidanda necə də zirvə nöqtəsində, necə də kamil şəkildədir! Burada aşıq-aşkar ilahi bir tərbiyənin, ilahi bir bağlantının izləri və əlamətləri var.
Xanımın Allaha bağlılığı, ibadətində mütılik və təslimiyyəti, ilahi lütflə əməlin təkcə zahirini deyil, batinini də görərək ondan çəkinməsi və ya yerinə yetirməsi onun Rəbbani bir tərbiyəyə sahib olmasından, daim Ruhul-Qudsla ünsiyyətdə olmasından xəbər verir.
Bu mübarək vücudun qısa ömrü o qədər zəngin, kamil və ibrətamizdir ki, əsrlər ötdükcə bu “həqiqi qadın nümunəsi” heç vaxt köhnəlmir, əksinə 14 əsrlik yaşına baxmayaraq daim müasirlik və təravətlik ətri saçır.

Günel Hüseynli,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

среда, июня 11, 2008

GÖZLƏRDƏN SÜZÜLƏN HİSSLƏR

Qonşu otaqdan ikiaylıq körpənin ağlamaq səsi gəldi. Anasına “uşaq deyəsən acıb” deyəndə ana əminliklə “yox, ac olanda belə ağlamır, başının üstündəki oyuncaqlardan qorxub yəqin ki...”- deyə cavab verdi.
Maraqlıdır. Ana asanlıqla uşağın ağlamaq tərzinə görə onun nə demək istədiyini başa düşür. Çünkı, bu onun körpə balasının danışıq dilidir, ətraf mühitə öz ehtiyaclarını catdirması üçün yeganə üsuldur, ilkin kommunikasiya vasitəsidir.
Göz yaşları nədir? Psixoloqlar hesab edirlər ki, ağlamaq emosional müdafiə formasıdır. Göz yaşları insan psixikasını neqativ, bəzən də dağıdıcı zərbələrdən qoruyur. Insanlar hec vaxt səbəbsiz ağlamırlar. Göz yaşları hansısa emosiyanın təzahürü olduğundan, həmin emosiyanın realizə olunmaması insan sağlamlığı üçün təhlükəlidir. Kiçik yaşlarından ailədə, cəmiyyətdə oğlan uşaqlarına ağlamağın yolverilməz olduğunu təlqin edirlər. Buna görə də statistika göstərir ki, kişilər qadınlara nisbətən 4-5 dəfə artıq stress xarakterli xəstəliklərdən əziyyət cəkirlər. Alimlər müəyyən etmişlər ki, ağlamağı bacarmayan insanlar (tibbdə buna “quru göz” xəstəliyi deyilir) göz və dəri xəstəliklərindən əziyyət cəkir, hətta ən kiçik stresləri belə çətinliklə dəf edir, onlarda ağız suyu və tər ifrazı daha cox olur.
İl ərzində insan orqanizmi 1 stəkan göz yaşı istehsal edir. Ağlamaq çox mühüm fizioloji bir prosesdir. Həkimlər bu ağır emosional prosesdə belə düzgün ağlamaq qaydalarına riayət etməyi məsləhət görürlər: üzüqoylu yastığa uzanaraq, gözləri yumaraq və ovxalayaraq ağlamaq olmaz - bu halda baş ağrısı, üzün şişməsi və gözlərin qızarması qaçılmazdır. Yaxşı olar ki, insan təklikdə, hisslərinə azadlıq verərək ağlasın, sonra isə üzünü sərin su ilə yusun.
Göz yaşının kimyəvi tərkibini tədqiq edən bioloqlar belə bir qənaətə gəliblər ki, onda bir çox toksik maddələr vardır ki, bu maddələrin də toplanıb qalması və orqanizmdən ifraz olunmaması sağlamlıq üçün heç də zərərsiz ötüşmür. Baxmayaraq ki, bir çox mədəniyyətlərdə kişilərin ağlaması qəbuledilməz hesab edilir, həkimlər hesab edirlər ki, ağlamaq həm kişilərə, həm də qadınlara lazımdır.

MÜSƏLMANIN GÖZ YAŞLARI
Qeyd etdiyimiz kimi, ağlamaq sadəcə fizoloji proses deyil, hər hansı bir duyğunun, yaşanan hissin maddiyyata cevrilmiş formasıdır. İnsana təsiretmə dərəcəsinə, onu ağlamaga vadar etmə gücünə görə səbəblər də müxtəlif ola bilər. Vay o günə ki, insan heç bir səbəblə ağlaya bilməsin. Əgər tibb elmində buna orqanizmin xəstəliyi deyilirsə, islamda bu qəlbin xəstəliyidir. İmam Əli (ə): “Göz yaşları yalnız qəlbin daşlığı səbəbindən quruyur və qəlblər yalnız günahların coxluğundan daşlaşır”.
Dinimiz belə insanları bədbəxt adlandırır. Allah Rəsulu (s) buyurub: “Bədbəxtliyin əlamətlərindən biri də göz yaşının qurumasıdır”.
İslamda ağlamaq qəlbin diriliyindən, onun mərhamət, şəfqət, sevgi ilə dolu olmasından xəbər verən bir əməl kimi qiymətləndirilir.
Dahi Füzuli Məcnunun doğulan kimi ağlamasına urfani bir rəng verərək belə deyir:
Ol dəm ki, bu xakdanə düşdü
Halını bilib fəğanə düşdü
Axir günün əvvəl eyləyib yad,
Axitdi sirişkü, qıldı fəryad.
Füzuli arifanə bir şəkildə körpələrə xas olan ağlamağın səbəbini uşağın dünyaya göz açan kimi aqibətini düşünüb ağladığı kimi qələmə verir.
Möminin hər bir əməlinin səbəbi dəyərli olduğundan onun göz yaşlarının da səbəbi dünyəvi sıxıntılar deyil, daha yüksək və ali hisslərdir. Müsəlman ya zülmə məruz qalanda Rəbbinə şikayət edərək ağlar, ya günahlarından peşman olaraq istiğfar edəndə ağlar, ya ilahi mərhəməti hiss edəndə kövrələrək ağlar, ya aqibətini düşünüb narahat olanda ağlar. O, İmam Hüseynə (ə) olan sevgisindən, onu qətlə yetirənlərə olan nifrət və qəzəbindən ağlar, zəmanəsinin İmamının (ə.f.) intizarından, həsrətindən ağlar. Onun qəlbini riqqətə gətirən və gözlərini yaşardan emosiyalar əqidəsinin, imanının, qəlbi durumunun təyin ediciləridir.
Odur ki, möminin göz yaşı sadəcə tərkibi, və digər minerallardan ibarət olan məhlul deyil. Möminin göz yaşı gözlərindən süzülən qiymətli, ali, ülvi hisslərin onun ruhunda coşdurduğu dənizin sahilə ötürdüyü damlalardır.

Günel Hüseynli,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

четверг, апреля 10, 2008

İSLAM BANK SİSTEMİ SOSİAL ƏDALƏT PRİNSİPİ ƏSASINDA İŞLƏYİR

Azərbaycan Marketinq Cəmiyyəti və “Gənclərin elmi-mədəni inkişafi” (GƏMİ) ictimai birliyinin təşəbbüsü ilə Islam İnkişaf Bankının eksperti doktor Ausaf Əhmədlə gənclərin görüşü olmuşdur. Son zamanlar İslam Bank sisteminə artan marağı və bu sahədə məlumat qıtlığını nəzərə alaraq görüş xüsusi əhəmiyyət kəsb edirdi. Qonaq gəncləri maraqlandıran bir sıra suallara cavab verdi:
- Bu sizin Azərbaycana birincı səfərinizdirmi?
- Buraya ikincı dəfədir ki gəlirəm. Birincı səfərim Azərbaycan Marketinq Cəmiyyətinin dəvəti ilə olmuşdu. Cəmiyyətin təşkil etdiyi seminarın mövzusu “Azərbaycanda İslam bankçılığının təşkili” idi. Ikinci səfərimin məqsədi isə Azərbaycan Dövlət İqtisad Universiteti ilə birgə “İslam bankçılığınin İqtisadi və Bank prinsipləri” mövzusunda treninq keçirmək idi. Bu tədbir də keçən dəfəki kimi uğurla həyata keçdi.
- Sizcə Azərbaycanda İslam İqtisadiyyatına maraq nə dərəcədədir?
- Məncə iki ay ərzində iki tədbir keçirilibsə və bunun təşəbbüskarı və təşkilatçıları siz özünüz olmusunuzsa, bu artıq bu sahəyə marağın göstəricisidir.
- İslam maliyyə sisteminin fərqli cəhətləri hansılardır?
- Müasir maliyyə sistemləri Qərb sivilizasiyası çərçıvəsində yaranıb və inkişaf edib. İslam konsepsiyasının əsas fərgi ondan ibarətdir ki, burada banklar faiz əsasında deyil, gəlirin bölüşdürülməsi prinsipi ilə fəaliyyət göstərir. Hesab olunur ki, faiz istismari xarakter daşıyır və gəlirlər bərabər bölüşdürülmür. Islam bank sistemi isə sosial ədalət prinsipi əsasında qurulub.
- Bu prinsipləri bir az açıqlaya bilərsinizmi?
- Qeyd etdiyim kimi, islami banklar mənfəətin bölüşdüruıməsi prinsipi ilə işləyir. Bu prinsiplər islam aləmində hər zaman olub, sadəcə olaraq artıq müasirləşdirilib praktikada tətbiq olunur. Bu əsasən iki yolla həyata keçirilir:
Müzaribə - burada, I tərəf (yəni bank) vəsait və ya resurslar verir. II tərəf (yəni müştəri) həmin vəsaiti işlədir və sonda mənfəəti bölüşdürürlər.
Müşarakə - burada hər iki tərəf işə sərmayə qoyur, əldə olunan mənfəəti bölürlər. Hər iki halda mənfəət əldə olunmasa, tərəflərin ikisi də zərər çəkir.
- Bəs bank özünü hansı yollarla ayaqda saxlayır? İlkin resursları necə əldə edir?
- Insanlar öz pullarını depozit kimi, əmanət kimi banka qoya bilərlər. Burada da əmanət hesabları iki cür olur.
I-investisiyaya icazə verilən hal. Müştərinin pulu bank tərəfindən istifadə edilə bilər. Burada müştəri bankın əldə etdiyi gəlirə şərik olduğu kimi, ziyana da şərik olur.
II-investisiyaya icazə verilməyən hallar - burada müştərinin pulu toxunulmaz qalir.
Söhbətə qatılan “Gənclərin elmi-mədəni inkişafi” (GEMİ) ictimai birliyinin sədri Sərdar Yusifoğlu qonağa “Azərbaycan gəncləri islam bankçılığı sahəsində nə dərəcədə məlumatlıdırlar?” sualı ilə müraciət etdi.
- Mən Azərbaycan dilini yaxşi bilmədiyimdən bunu dəqiq deyə bilmərəm. Amma hər iki tədbirdə aktiv iştiraklarına görə hiss edirəm ki, gənclərin bu sahəyə maraqları böyükdür.
Qonaq burada medianın rolunu da xüsusi qeyd edərək bildirdi ki, bu sahədə maariflənməni artırmaq üçün media işçiləri aktiv olmalı, cəmiyyəti mütəmadi olaraq məlumatlandırmalıdırlar. «Yaxşi haldır ki, gənclər arasında dinə maraq var. Ümidvaram ki, bu tendensiya davam edəcək» - deyə cənab Əhməd vurğuladı.
Marketinq Cəmiyyətinin icraçı direktoru Fuad Əliyev də qonağın dediklərinə dəstək olaraq söylədi ki, mediani cəlb etmək üçün qeyri-hökumət təşkilatları da bizə kömək etməlidirlər. Sonra o, qonaqdan islam maliyyəsinin inkişafı üçün hansı tədbirlər görmək lazım olduğu haqda soruşdu.
- Bu işlə təkcə 1-2 təşkilat deyil, kütləvi şəkildə məşğul olunmalıdır. Geniş hərəkat olsa, bu daha da effektiv olar.
Qonaq artıq Tatarıstanda İslam Maliyyə Şirkətinin fəaliyyət göstərdiyini qeyd etdi.
Səmimi söhbət formasında keçən gorüşdə Ausaf bəyin həyat yoldaşı Nurussabah xanım da iştirak edirdi. Xanim İcərişəhərdəki tarixi abidələri, məscidləri xüsusi bəyəndiyini söyləyərək Azərbaycanın qədim islami köklərə malik olduğunu vurğuladı.
Sonda qonaq Azərbaycana yenə gələcəyini vəd edərək, gənclərlə görüşdən məmnun olduğunu söylədi.


Günel Hüseynli,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi



суббота, марта 22, 2008

SƏN TƏK DEYILSƏN!

Doğulan andan mübarizəyə atılır insan. Mövcudiyyətini təmin etmək, ayaqda durmaq, özünü tapmaq üçün elə hey çalışır, daim nələrsə edir. Ömür belə təlatümlərlə, mübarizələrlə ötüb keçir. Stresslər, depressiyalar, bəzən də çıxılmaz görünən şəraitlər, onların özüylə gətirdiyi bəlalar-intiharlar, özünə qəsdlər, həyatdan küsmələr və s.- bütün bunlar bizi təqib edən ən aktual bəlalardır. Insan bu düyünləri açarkən nə edim?, necə edim? deyib çarə axtaranda qəlbinin dərinliyindən bir səs ona - “Sən tək deyilsən” deyir.
Günümüzün zərurətinə çevrilmiş stresslər- biz onlara öyrənmişik, onlar da bizə. Səhər işə gecikmək kimi kiçik streslərdən tutmuş, yaxınların ölümü, qəzada, təbii fəlakətlərdə bədəninin bir hissəsini itirmək kimi ağır psixoloji zədələr insan həyatını əsl «cəhənnəmə» çevirə bilər.
Bütün xəstəliklərə qarşı immun sistemi olan insan mənfi psixoloji hücumlara nə ilə qarşı dursun? Haradan qidalandırsın ruhunu və beynini? Qəlbi narahatlıq, ruhi sarsıntılar kimi xəstəlikləri necə müalicə etsin?
Xəstəliyi müalicə etmək üçün onun səbəblərini araşdiraq. Psixoloqlar stress, depressiya yaradan amillər siyahısına gündəlik kiçik problemlərdən başlayaraq, arzuların həyata keçməməsi, planlaşdırılan işlərin baş tutmaması, əzizlərini itirmək, tək qalmaq, ətrafdakılarla münasibətlərdəki anlaşılmamazlıqlar kimi səbəbləri daxil edirlər. Daimi olaraq mənfi psixoloji hucumlara məruz qalan insan güclü iradə, ümid və inamla silahlanmazsa, bu həyati mübarizədə məhv olub gedər. Belə iradə, umid və inamın da həqiqi, sabit və qüdrətli mənbəyi Allahdır.
«Qəlblər yalnız Allahı zikr etməklə aram tapar». (“Rəd”, 28).
Allahsız bir qəlbə sahib olan insan həyata keçməsinə ümid etdiyi bir işdə yalnız özünü icraçı bildiyindən baş tutmayan işdən sarsılar, hər şeyi ölçüb biçdiyini güman edərək gözlənilmədən qarşılaşdığı mənfi sürprizdən stress kecirər, əgər güc tapıb məsələni həll edə bilməsə, uzunmüddətli depressiya halını yaşayar.
Lakin eynilə bu cür problemlə qarşılaşan imanlı şəxs bir işin həyata keçməsində yalniz özunun deyil, Allahın da iradəsinin mütləq var olduğunu bildiyindən baş tutmayan arzularına “Bu - Allahin məsləhətidir”- deyə rahat reaksiya verər, problem qarşısında sınmaz. Eynilə üzünə bağlanan qapıların mütləq nə vaxtsa açılacağına da böyük ümid bəslədiyindən səbr edər, həyat eşqi sönməz və o, yoluna davam edər. Çünki, o, öz hesablamalarından da, götür-qoylarından da üstün olan bir qərarvericinin - Allahın var olduğuna inanır.
Ölümu yox olma kimi anlayan şəxslə, onu bir dünyadan başqa dünyaya köçmə kimi qavrayan insan arasında nə qədər böyük fərq var! Biri onu dəhşətlə qarşılayıb hər şeyin sonu kimi qəbul edir, digəri isə bunu həyatın zərurəti hesab edib, insanın gəldiyi yerə qayıdışı kimi başa düşür.
Övladlarını itirən analar, valideynlərini itirən övladlar, müharibədə, qəzada əllərini, ayaqlırını itirənlər də Allahı tanıyanlar və tanımayanlar kimi iki qismə bölünüb eyni bəlaya, müsibətə müxtəlif cür reaksiya verirlər. Biriləri həqiqi mənada heç nəyə sahib olmadıqlarını, hər şeyin - hətta bədən üzvlərinin belə onlara əmanət verildiyini bilir. Belə insanların bu nemətlərin onların əlindən istənilən vaxt alınmasına da psixoloji hazırlığı olur. Digərləri isə var olanın haradan qaynaqlandığını bilmədiyindən, yox olanın da hara getdiyini bilmir. Bu səbəbdən də itki qarşısında aciz və caş-baş qalırlar. Bir çoxları ruhən ölür, bəziləri isə daha betər - fiziki cəhətdən də özlərinə qəsd edirlər. Bununla da iztirablardan qurtaracaqlarına və xilas olacaqlarına inanırlar. Lakin əzab cəkən ruh əbədi olduğundan, öz halını o biri dunyada davam etdirir. Üstəlik onun üstünə intihar kimi böyük günahın cəzası da yüklənir…
Mömin isə bədənin ruhuna örtük olduğunu bilir və bu vasitədən - cisminin ona əmanət verildiyi vaxtdan səmərəli istifadə edərək ötəri kədərli hallarını tez həll edərək ruhi halını sabit saxlayır.
Allahsız dünyanın üzləşdiyi bir problem də tənhalıq hissidir. Hətta fiziki cəhətdən tək olmayan insanlar belə bu hissi yaşayırlar. Onlar başqaları tərəfindən başa düşülmədiyindən, dərdini bölüşməyə bir kimsə tapmadığından, üzləşdikləri problemləri təkbaşına həll edə bilmədiklərindən özlərini qaranlıq bir quyuda yalnız, heç kim tərəfindən səsi duyulmayan insanlar kimi hiss edirlər. Allaha bağlı olan imanlı insanlar isə ikilikdə olanda özlərini üç bilər, üç olanda üzlərini dörd bilər, tək olanda isə daim onlarla həmsöhbət olan, dərdlərindən, ehtiyaclarından agah olan, həmişə üz tutub kömək istəyə biləcək və mütləq yardıma gələcək bir Rəbbin - Allahın olduğunu əminliklə bilirlər. Bu səbəbdən də, istənilən həqiqi iman sahibi bütün çətin anlarında “mən tək deyiləm”- deyib Ona sığınır. İnsanı da yaşadan, güclü edən də elə bu ümid, həqiqi qüdrət mənbəyinə bağlılıq və etimadın olmasıdır.

Qaranlıqlar cökən zaman həyatına,
Əngəllər, müşküllər çıxanda qarşına,
Sən qərq olma təlatümlü dəryalara
Tək deyilsən, tapın Ona, sığın Ona!

Puca çıxsa arzuların, ümidlərin,
Tərk etsə də yaxınların, sevdiklərin,
Yerdən-göydən üzülməsin qoy əllərin
Tək deyilsən, tapın Ona, sığın Ona!

Yalnız qalsan keşməkeşli bu yollarda,
Dərd əlindən zara gəlib boğulanda,
Tək bilsən də sən özünü bu meydanda
Tək deyilsən, tapın Ona, sığın Ona!

Qapansa da bütün qapılar üzünə,
Zülm hər yandan hücum çəksə üzərinə,
Elə bu an su çilənər ürəyinə -
“Bəndəm mənim, tək deyilsən, sığın Mənə”

Əbəs yerə «Quran dərdlərə dərmandır, ən gözəl təbibdir» - deyilməyib. Çünki, o, bizə Allahı tanıdir, çünki, O,
“…Harada olsanız, O, sizinlədir” («Hədid», 4) - deyə səslənir. Hər an Rəbbimizin himayəsində olduğumuzu bizə xatırladır, ruhumuzu qüvvətləndirir.
Allahı tanımaq heç də bəlalara, itkilərə laqeyd, bivec münasibət bəsləmək demək deyil. Insan yaradılarkən emosiyalarla - sevinc, kədər, qorxu kimi hisslərlə təchiz edilmişdir. Ona görə də bu hisslərin yaşanması onun üçün normal haldır. Vacib deyil ki, o enişli-yoxuşlu həyat yolunda büdrəməsin, əsas odur ki, büdrəyib yıxılarkən tez ayağa qalxmağı bacarsın.
Əgər özünü aciz bilib ayağa qalxmağa güc tapmırsansa, “əlbəttə ki, mənə çətin anlarımda hər an əl uzadan, nəzəri daim üstündə olan Rəbbim var” - deyib qalx və yoluna davam et! Çünki, SƏN TƏK DEYİLSƏN!

Günel Hüseynli,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

четверг, февраля 28, 2008

CƏNNƏTİN AÇARI - DUA

Siz heç dərsini pis hazırlayan azyaşlı şagirdin halıyla tanışsınızmı? Müəllim jurnaldakı adlara göz gəzdirdikcə “kaş məni cağırmasın”, “kaş mənim adımın üstündən keçsin”, “kaş zəng tez vurulsun” sözlərini dönə-dönə təkrar etməsi hissləri çoxumuza tanışdır yəqin ki. Bəlkə də o şagirddən “Sən bu gün dua etmisənmi?”- deyə soruşsalar düşünmədən “xeyr” deyə cavab verər. Həqiqətdə isə o, özü də fərqində olmadan çətinə, dara düşəndə dua etmək halətini yaşayıb.
Dua nədir ki, insanlar dinindən, etiqadından, irqindən, milliyyətindən asılı olmayaraq ömür boyu bunu icra edirlər? Dua etmək ehtiyacı hamıda var. Çünki, bu bir fitri tələbatdır ki, insan daim onu ödəməyə çalışır. Dua ehtiyaclının ehtiyacsıza, kiçiyin böyüyə, zəifin güclüyə üz tutması və ondan kömək istəməsidir. Bu baxımdan dua etmə bütün insanlara xasdır. Insan fitrətən tapınan, sığınan kimi yaradıldığından bu, onun yaradılışından qaynaqlanan bir hissdir. Ona görə də tapındığı varlığın kimliyindən və necəliyindən asılı olmayaraq, onda agah və ya naagah şəkildə bu yönəliş və rabitənin olması təbiidir. Dua çox zaman tək icra olunsa da, mütləq qarşı tərəfin olması zərurətini doğurur. Çünki bu ilahi prosesdə insanin yönəldiyi bir varlıq olmalıdır.

HARA YÖNƏLƏK? KIMDƏN ISTƏYƏK?
Dua ərəb sözü olub - dəvət etmək, çağırmaq mənasını verir. Buna görə də çağrılan varlığın zamandan, məkandan, məsafədən asılı olmayaraq mütləq eşitmə istedadı olmalıdır. İmdad istənilən varlıq hər zaman köməyə gəlmə, ehtiyacları ödəmə qüdrətinə malik olmalıdır. Həmçinin insan təşəkkür etdiyi, minnətdar olduğu varlığın duasının həyata keçməsində bütün vasitələrin fövqündə dayandığını və hətta o vasitələrin də var olmasının ona bağlı olduğunu yəqin bilməlidir.
Nazilolma səbəbi hidayət yolunu göstərmək və həqiqi yönəliş hədəfini tanıtmaq olan Qurani-Kərim bu məsələdə də bizə doğru yolu göstərmişdir.
“Bəndələrim Məni səndən soruşanda (söylə ki), “Mən onlara yaxınam, dua edib Məni çağıranın duasını qəbul edərəm, gərək onlar da Mənim cağırışıma əməl edib, Mənə iman gətirsinlər ki, bəlkə yolu tapdılar”. («Bəqərə»,186.)
Ayəni təhlil etsək, gorərik ki, burada mutləq eşitmə, zamanı, məkanı aşan mutləq yaxınlıq və istənilən halda ehtiyac ödəmə qüdrəti acıq-aşkar bəyan edilmişdir. Diqqət etsək görərik ki, Quranın bir çox ayələrində Özünü “Biz” deyə tanıtdıran Allah Təala bu ayədə bəndə ilə Özü arasında heç bir vasitə, fasilə, maneə göstərmədən bəndəsini “Mənim Bəndəm”, “Mən yaxınam”,”Məni çağırsınlar”, “Mən qəbul edərəm” - deyə rabitəyə, söhbətə dəvət edir.

DUA MƏDƏNIYYƏTI
İnsan öz mövcudiyyətinin səbəbinin fərqində olsa, əsl “dua etmə” halını tapar. Yəni vücudunu hər an yönəldiyi varlıqdan alan, var olmasının davamlılığını əl açıb üz tutduğu Rəbbinin daim ona vucud ötürməsini bilən bəndə, təbii ki, dualarında acizanə, yalvarışlı bir halda olacaqdır.
«Səhər-axşam yalvararaq, qorxaraq ürəyində səsini qaldırmadan Rəbbini yad et və qafillərdən olma!». («Əraf», 205)
Insan təbiətən səbirsiz olduğundan duasının tez qəbul olmasını istər. Ona görə də gec həyata keçən və ya ümumiyyətlə heç həyata keçməyən arzularına görə “bəs niyə”, “istədim alınmadı”, bəlkə eşidilmədim” - deyə şəkkə düşərək daxilən üsyanlar edər. Burada da sevimli Peyğəmbərimizin dilindən soylənən bir hədis insana boyuk təsəlli verərək nəinki duaların eşidilməsində, hətta qəbul olunmasında belə əminlik və yəqinlik yaradır. Qiyamət günü qəbul olmayan dualar insana bəzəkli xonçalarda təqdim olunar. Insan təəccüblə, «bu nədir?» - deyə soruşanda, «bu sənin dunyada qəbul olmayan dualarının əvəzidir» -deyiləcək. Bu gözəllik qarşısında insan - “Ey kaş ki, dunyada heç duam qəbul olunmazdı” - deyəcək.
Buna görə də bəndə dualarında səmimi, israrlı və səbirli olmalıdır. Dar zaman cərcivəsində düşünən, gələcəkdən bixəbər olan insan onu yaradanın onun üçün nəyin həqiqi xeyir, nəyin ziyan olduğunu daha yaxşı bildiyini nəzərə alaraq arzularının yerinə yetməsini Allahın məsləhətinə buraxmalıdır.
Həzrət Peyğəmbərdən (s) nəql edirlər: «Allah Təala belə buyurur: «Hər kəs yalnız Mənim zərər və xeyir çatdırmağımı bildiyi halda, Məni çağırsa, duasını qəbul edərəm».

NƏ ISTƏYƏK?
Biz nə istədiyimizi təyin etdiyimiz kimi, nə istədiyimiz də bizim daxili dünyamızı təyin edir. Insan ardınca olduğu, hədəf bildiyi şeyləri əldə etmək üçün dua edir. Kimisi yalnızca mal, mülk, bu dunya ilə məhdudlaşan xoşluqlar, kimisi günahlarının bağışlanmasını, kimisi isə Allaha yaxınlaşmağı və istədiyi hər bir şeyin, hətta dünyəvi nemətlərin də Allaha yaxin olmağa xidmət etməsi üçün dua edir.
Deməli, insanın Rəbbindən nə istədiyini onun ruhi halını, mənəvi səviyyəsini təqribən təyin edən meyar kimi qəbul etmək olar.

Ya Rəbb, bəlayi-eşq ilə qıl aşina məni!
Bir dəm bəlayi-eşqdən etmə cüda məni!
(Füzuli, «Leyli və Məcnun»)

Bu, ilahi eşqdən dəli olub Məcnun ləqəbini qazanmış Qeysin, atasının ona - “dua et, dua et ki, bu eşqdən qurtulasan” deməsinin muqabilində etdiyi duadir. Bu, Rəbbini sevməkdən ləzzət alan bir aşiqin duasidir.
Həzrət Əli (ə) «Mövlam» duasında deyir: «Mövlam, ey mövlam! Sən varlığımın sahibisən, mən isə sahib olunan, sahib olunana sahib olandan başqa kim mərhəmət edər? Mövlam, ey mövlam! Sən hidayət edənsən, mən isə sapan, sapana hidayət edəndən başqa kim mərhəmət edər? Mövlam, ey mövlam! Sən güç sahibisən, mən isə imtahan edilən, imtahan edilənə güç sahibindən başqa kim mərhəmət edər?».
Həzrət Əlidən gələn (ə) «Kumeyl» duasında belə bir yer var: «Axı bəndələrinə Sənə ibadət etmək hökmü vermisən, Sənə dua etməyi onlara buyurmusan, onların duasına cavab verməyi zəmanət vermisən. Ona görə də, ya Rəbb, üzümü Sənə tutmuşam.
Ey tez razılıq verən Allah! Duadan başqa əlində başqa bir şeyi olmayanı bağışla. Axı Sən istədiyini edə bilənsən».
Bu, Rəbbi qarşısında ən aciz, nəfsi qarsisinda çox hökmran, Rəbbi qarşısında ən zəif, insanlar arasinda ən qüvvətli cəngavər, dünyasını boşamiş, axirət azuqəsini toplamış, eşqindən ləzzət aldiğı məhbubunu gözəl adlarla səsləyən bir bəndənin - imamət günəşinin ilk nuru İmam Əlinin (ə) ümid, səbir, yalvarış, ixlas və sevgi dolu duasıdır.
Layiq olub-olmasan da sənə Rəbblik edən, sənə ruzi yetirən, fərqində olub-olmadığın nemətlər əta edən, sənin varlığını təmin edən Allahdan daha dəyərli, daha qalıcı, daha davamlı ləzzətlər istə. Çünki, istədiyin şeylərin dəyəri - sənin öz dəyər göstəricindir.

EY INSAN!

Ey bəndə, ta ruhlar aləmində Rəbbinə verdiyin sozu xatırla: “Mən sizin Rəbbinizəmmi” soruşan Rəbbinə “Bəli”- deyə cavab vermisən. Odur ki, Yaradanın, Rəbbin, Məbudun olan Allaha üz tut. Ondan istə - Odur ehtiyacları ödəyən. Onu cağır - Odur eşidən. Ona şükr et - Odur nemətləri əta edən. Ona şikayət et - Odur zalımları cəzalandıran. Dərdlərini, müşkullərini özün kimi acizlərə deyil, bir işi “Ol!” deməsilə vücuda gətirən sonsuz qüdrət sahibinə danış. Odur dualari müstəcəb edən, Odur gözləmədiyin, ummadığın yerdən qapılar açan.
Ibn Fədh nəql edir ki, Allah qədim vəhydə belə buyurur: «Dua etməkdən yorulmayın. Çünki Mən duaları qəbul etməkdən yorulmuram». «Hədisi-Qudsi», hədis 293
«De ki, əgər Mənim Rəbbim sizi dəvət etmək istəməsəydi, sizə nəzər salmazdı». (“Furqan”, 77)
Odur ki, dua et. Dua et ki, asimandakı mələklər səsini eşitdikdə bir-birilərinə «Bu səs bizə tanışdır, bu, bəla üz verəndə də, asayişdə də Rəbbinə üz tutub ondan kömək istəyən, ona şükr edən bəndənin səsidir» - deyə pıçıldasınlar. Rəbbini yad et ki, yad olunanlardan olasan. Çağır ki, eşidilənlərdən olasan.


Günel Hüseynli
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

пятница, февраля 22, 2008

UŞAQ TƏRBİYƏSİ

Uşaq tərbiyəsi bir sənət əsərinə bənzəyir. Necə ki, rəssam bir tablo yaradır, yazıçı bir yazı yazıb ortaya cıxarır, hər bir uşaq da oz valideynlərinin tərbiyəsi ilə formalaşıb kimlik tapan insan adlı bir əsərə çevrilir. Bu baxımdan bu, valideynlərin üzərinə duşən, həssaslıq və məsuliyyət tələb edən bir işdir. Ata-ana bu çətin, şərəfli və məsuliyyətli işlə Allah tərəfindən vəzifələndirilmiş və müqabilində də onlara böyük savablar vəd edilmişdir.

NƏDƏN BAŞLAMALI?
Anton Semyonoviç Makarenkoya görə ilk öncə uşaq sağlam mühitdə doğulmalıdır. Yəni, ailənin özünün formalaşmiş ailə normalari, ailə rolları olmalıdır. Ailə rolları dedikdə, əsasən valideynlərin, sonra da digər ailə üzvlərinin özlərinə məxsus funksiyalari yerinə yetirməsi nəzərdə tutulur. Ailə mühitinin hüzurlu olmasinin uşağın mənliyinə təsiri böyükdür. Bu heç də problemsiz ailə demək deyil. Hər ailədə, hər valideynlə uşaq arasinda problem yaşana bilər. Əsas olan bu problemin necə həll edilməsidir. Təməlində sevgi və hörmət hissi dayanan münasibətlər valideyn-övlad münasibətlərinin ən düzgün modeli hesab olunur.
Mübarək islam dini isə uşağın hələ ana bətnində tərbiyə olunmasını tövsiyə edir. Ananin nə hiss etdiyi, nə eşitdiyi, ətrafdakılarla necə rəftar etdiyindən tutmuş, nə ilə qidalanacağının uşağın fizioloji sağlamliğına və mənəvi safliğına təsirinə dair dinimizin konkret göstərişləri və tövsiyələri vardir.
Uşağın xarakterinin formalaşmasında ətraf mühitin rolu çox böyük olsa da onun qarşılaşdiğı ilk tərbiyəalma sistemi - ailədir. Ona görə də hələ ilk günlərdən ata-ananın övlada münasibəti, öz aralarında və digər insanlarla davranışlarının uşaq tərəfindən qeydə alındığını və onun təmiz beynində fiksə olunduğunu (həkk olunduğunu) nəzərə almaq lazımdır. Valideynlərinin hər bir hərəkətini özlərinə örnək götürən uşaq onların bütün davraniş tərzlərini mənimsəyir. Imam Əlidən (ə) nəql olunan bir hədisdə buna çox gözəl bir şəkildə işarə edilmişdir: “Həqiqətən də yeniyetmənin qəlbi xam (işlənməmiş) torpaq kimidir. Ora nə atılsa, qəbul edər.” (Tuhəful-Uqul, səh.70). Həmçinin Sokratdan “Nə üçün çox vaxt yeniyetmələrlə həmsöhbət olursan?” sualına o, “Ona görə ki, nazik və tər budaqları düzəltmək daha asandır, təravəti getmiş, qurumuş ağacı düzəltmək isə mümkün deyildir” - deyə cavab vermişdir.

HİSSLƏRİN TƏRBİYƏSİ
İslamın hisslərin tərbiyəsi müstəvisindəki ideal düsturlarını uşaq tərbiyəsinə də tətbiq etmək olar. Tusinin nəzərinə görə, uşaqda hələ korlanmayan fitri, əxlaqi keyfiyyətləri qoruyub saxlamağa calişmaq lazimdir. Yəni, uşaqda pis adətlərə, bəd əməllərə nifrət, əksinə, xeyir işlərə rəğbət yaratmaq və onları yerinə yetirməyə təhrik etmək lazımdır.
Təcrübəli pedaqoq Makarenkonun tövsiyələrinə görə, övladının gələcəkdə məsuliyyətli insan olmasını istəyən valideyn uşağın lap körpə vaxtlarından ona davranışlarında sərbəst olma imkanı verməlidir. Məsələn, uşaq ilk addımlarını atmağa başlayanda ara-sıra əllərini buraxmaq, onu cəsarətləndirməyə çalişmaq lazımdır. Hətta bacarmayacağını bildiyiniz halda üstünə-başına dağıdaraq yemək yeməsınə, saçlarını daramasına, ayaqqabılarını geyinməsinə və s. icazə vermək onda məsuliyyətli, cəsarətli olmaq kimi xüsusiyyətləri formalaşdırır.
Uşaqda məsuliyyət və kimlik hissinin qazanılmasında diqqət ediləsi bir necə nöqtələr vardır.
1) Uşağı öz öhdəlikləri ilə başlı-başına buraxmaq. Məsələn, əlindən gəldiyi qədər öz otağını özünün yığışdırmasını təmin etməli.
2) Köməyə ehtiyacı olduğu zaman dəstəyə və yardıma acıq olduğunuzu ifadə edin. Lakin problemi necə həll etməsini söyləmək lazım deyil. Onu problemlə başlı-başına buraxın. İmkan verin ki, sizdən yardım və məsləhət istəsin. Beləcə, cətinə, dara düşdükdə sual verməyi və dərdini sizinlə böluşməyi öyrənmiş olacaqdir.
3) Uşağı yaşına uyğun məsuliyyət və öhdəliklərlə yükləyin.
4) Seçim etmə azadlığı yaradın. Məsələn, gəzməyə gedərkən nə geyəcəyinə, nə içəcəyinə qərar verməsinə imkan yaradın.
Etdiyi bütün müsbət davranışların ilk öncə yaxın çevrəsi olan valideynləri, sonra da digərləri tərəfindən rəğbətlə qarşılandığını görən uşaq, bu hərəkətləri təqdirəlayiq bilərək təkrarlamağa çalışacaq və nəticədə bu keyfiyyətlər onda mələkə-vərdiş halına keçəcək. Ona görə də uşağın hər bir müsbət addımına valideynin “əhsən”, “afərin” deyə münasibət bildirməsi və dəstəkləməsi çox önəmlidir.
İslamın nəzərinə görə, uşaqda xoşagələn bir hərəkət baş verdikdə, onu tərifləyib həvəsləndirmək lazımdir. Əks hallar baş verdikdə çox danlayıb hər şeyi qadağan etməkdən də çəkinmək lazımdır. Bu, uşağı acığa düşüb həmin işi bir də görməyə sövq edər, onu nəsihətə qulaq asmaqdan bezdirər.
Bəzi psixoloqların fikrincə, uşağı düzgün tərbiyələndirməyi bacarmaq üçün valideyn özünü uşağın yerinə qoya bilməli, onun duyğu və düşüncələrini anlaya bilməlidir. Valideyn uşağın içində olduğu yaşın özəlliklərini bilməli və ona uyğun rəftar etməlidir. Uşağa hörmət etdiyini, dəyər verdiyini və sevdiyini hiss etdirməlidir. Uşağın fərdi çətinliklərini kəşf etməklə valideyn onu bacara bildiyindən daha çox yükləməməyə, istedadlarını kəşf etməklə isə onların ortaya çıxıb inkişaf etməsinə nail ola bilər.

OĞLAN VƏ QIZ UŞAQLARININ TƏRBİYƏSİNDƏKİ ÖZƏLLİKLƏR.
Uşaq tərbiyəsində oğlan və qız uşaqlarının sırf bioliji və fizioloji özəlliklərindən qaynaqlanan fərqlərinə görə onlara münasibət də nisbətən fərqli olacaqdir. Ata-ana oğlan uşağına kişi xarakterini, qiz uşağına isə xanımlara məxsus xarakter aşılamalıdır. Məsələn, qiz uşaqlarında xəyala dalma, dinləmə, digərlərini təqlid etmə hissi daha güclüdür. Oğlan uşaqlarında isə ixtiraçılıq, icad etmə bacarığı daha irəlidədir. Edison, Mosart kimi dahi insanlar çox kiçik yaşlarından tapıntılar etmiş, əsərlər yaratmişlar. Qız uşaqlarının oyunları daha sakitdir, oğlan uşaqları isə sərt bədən hərəkətlərinə dayanan oyunları sevir. Bu da qız uşaqlarının yazı və rəsmi daha tez öyrənməsinə bir səbəbdir. Oğlan uşaği daha ağir düşünür, qız uşaqları isə tez qavramalarının təsirindən daha sürətli düşünürlər. Getdikcə bu, qız uşaqlarında reflekslərin daha sürətli olmasına gətirib çıxarır.
Bütün bu fərqləri nəzərə alaraq qız uşağina “sən də qardaşın kimi etsənə” və ya əksinə oğlan uşağına “sən də bacın kimi olsana” deyilməsi qətiyyən məqsədəuyğun deyil.

KIMLİYİN FORMALAŞMASI
Uşaq tərbiyəsini ən önəmli cəhəti - kimliyin qazanılmasıdır. Uşağa sağlam bir kimlik duyğusu aşılamaq lazımdır. Yəni, bir gəncin “mən kiməm?” sualına verə biləcəyi cavabı lap kiçik yaşlarından formalaşdırmaq lazımdır. Kimlik duyğusu olan insanlar psixoloji olaraq tamlıq və bütövlük hissinə malik olurlar. Güclü bir kimlik duyğusu ilə dəyərlər arasında sıx bir bağlantı vardır. Jan Piajeyə görə əxlaqi dəyərlər uşağın hər yaş dövrünə görə fərqlidir. Yəni, uşaq kiçik yaşlarında bəsit bir şəkildə ata-ananin öyrətdiyi əxlaq normalarına riayət edir. Amma artiq yetkinlik yaşına çatmiş gənc isə əxlaqi qanunları daha geniş formada özünün əqli seçiminə və digər insanların rəğbətinə görə dəyərləndirir.
Əxlaqi dəyərləri bir çox nəzəriyyələr araşdırsalar da, bu keyfiyyətlərin ideal modelini təqdim edən İslam dini uşağın kimlik hissinin formalaşmasında ən kamil bir sistem ortaya qoyur. Dinimizin tövsiyəsinə görə, hələ körpə yaşlarından uşağa başa düşə bildiyi dildə Allahı tanıtmaq, əməllərini və rəftarlarını Allahın xoşuna gedə biləcək tərzdə etmək, yaşı artdıqca ona yaradılmasının fəlsəfəsini sadə dildə anlatmaq, ona dəyərli və qiymətli bır varlıq kimi yaradıldığını başa salmaq lazımdır. Belə məlumatların yalnız və yalnız uşaqda şəxsiyyət və ləyaqət hissinin formalaşmasına xidmət etməsi məqsədini güdmək lazımdir. Ona görə də bu movzularda da həddi aşmamaq, uşağa təkəbbür və eqosentrik hisslərin baş qaldırmasına səbəb olacaq məlumatlar verməkdən çəkinmək məsləhətdir. Danışmağa başladığı yaşlarından onu diqqətlə dinləməyi bacarmaq, suallarını onu qane edəcək şəkildə cavablandırmaq, təklif etdiyi ağlabatan ideyaları həyata keçirmək, onunla razılaşmaq, ona şəxs kimi yanaşmaq lazımdir.

İLAHİ MÜKAFAT
Mübarək dinimizin kamil yaşam qanunları toplusu olan Qurani-Kərimdə belə buyurulur: «Və mehribanlıq üzündən onların (ata-ananın) qarşısında təvazökarlıq və kiçiklik qanadı sal və: “Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onların hər ikisinə rəhm et!” de». («İsra», 24).
Bu ayə uşaq tərbiyəsinin ata-ana üzərində bir haqq olduğunu göstərməklə yanaşı, bu çətin, həssas bir işi yerinə yetirən valideynə övladı tərəfindən dua edilərək bağışlamna fürsətini qazandırır. Odur ki, bu işə yalnız ailə içi, ictimai bir vəzifə kimi deyil, İlahi bir tapşırıq kımı yanaşan valideyn, əxlaqi dəyərlərin bütün gözəl rəngləri ilə çəkdiyi əsrarəngiz sənət əsərinin töhvəsini həm dünya, həm də axirətində görəcəkdir.

İstinadlar: A.S. Makarenko, Jean Piaget, Tusi “Əxlaqi-nasiri”, Əxlaq fəlsəfəsi (mühazirə mətnləri).

Günel Hüseynli
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi






вторник, января 29, 2008

QURBAN BAYRAMI - MENEVI YUKSELISHE BIR FURSET


Allah dergahinda insanin qiymetinin olcu meyari onun menevi keyfiyyetlere bagliligidir. Bu baxımdan uzumuze gelen Qurban bayramı çox simvolik bir xarakter dasiyir. Bayramin kokunde Ibrahim (a)-in Allah yolunda sevimli oglu Ismayilin bashini kesmeye hazir olmasi, lakin bu emelini yerine yetirmeye Allahin izn vermemesi dayanir. Bayramin esas mezmununu bu gosterishin onun ucun bir imtahan oldugu ve peygemberin bu imtahandan yuksek iman, tam mutilik, xalis bendelik numayish etdirerek cixmasi teshkil edir. İbrahim (a) peyğəmbərin etdiyi bu gozel emel Allaha xalis qul olmanin heyretamiz tezahuru ve subutudur.

Qurban bayraminin insanin menevi yukselishinde oynadigi rol nedir? Bunu izah etmek ucun evvelce bayramin ne oldugunu anlamaq lazimdir. Hezret Ali (a) bayramların birində buyurmuşdur: «Mominin gunah etmediyi her gun bayramdir». Dinimizde insanın gunah etmediyi, Allaha asi olmadıgi gun - bayramdır. Ozunu tanima ve bununla da Allahi tanima, oz varligini Onun varliginda eritme meqamina yukselme yolunda insanin oz azad iradesi ile attigi her bir addim onun duzgun seciminin neticesidir. Tebiidir ki, kamilliyi ozune hedef bilen insan ucun bu hedefe catma yolunda etdiyi her bir musbet fealiyyet onun sevincine sebeb olacaqdir. Dinimiz de bu mentiqden cixish ederek bayramlarin felsefesini insanin oteri deyil, heqiqi, daha koklu, sevinc hissi duymasi, huzura qovushmasi kimi aciqlayir.

Bu baximdan Qurban bayrami da insanin Allaha bendeciliyini numayish etdirmesine bir sherait ve shans kimi qiymetlendirile biler. Bendelik meqamina yetishmek isteyen her bir insane ucun bu bayram bir furset ve tohvedir. Bayramin hem ferdi, hem de ictimai yonleri vardir ki, onlarin semimi, ixlasli icrasi menevi yukselishe sebeb olan amillerdir. Burada ferdin Allah yolunda qurban kesme niyyetinden bashlayaraq sonra hemin qurbani ehtiyaci olanlarla paylamasi, imkansizlara bash cekmesi, yaxinlariyla, qonshularla munasibetlerini tezelemesi ve barpa etmesi hem sexavet ve merhemet kimi necib hisslerin, hem de bir cox ictimai munasibetlerin formalashmasina zemin yaradir.

Qurban bayrami hevesle icra olunan, sevincle mushayet olunan ozune mexsus ruh yuksekliyi ile edilen bir ibadetdir. Bayramin kokunde dayanan iman, Allaha tevekkul ve Rebb qarsisinda tam mutilik kimi deyerlerin olmasi bu mubarek bayramin niye bu qeder gozel xususiyyetlere malik olmasi sualina cavab verir.

Bayramlarin bizi esl arzu ve hedefimize yetishmek ucun bir vesile oldugunu bilerek Allahin bize bexsh etdiyi bu lutfu deyerlendirerek bu mubarek gunden laziminca faydalana bilmeliyik. Bu yolda her kese mohkem irade, fedakarliq, kamil iman arzulayir, ve kesilen butun qurbanlarin qebul olunmasini dileyirem. AMIN.


İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Gunel Huseynli

QURBAN BAYRAMININ IQTISADI ASPEKTLERI


Qarshidan Qurban bayrami gelir. Bayramin yaxinlsahmasi bazarda suni qiymet artimina bir qeder de stimul verib. Artiq rayonlardan mal-qara getiren saticilar qiymetleri nece artiracagi barede dushunurler. Bashqa mehsullar, esasen de bayramda telebat artan mallarin qiymetleri her gun deyishmekdedir. Bahalashma bayram ehval-ruhiyyesini yashamaga imkan vermir. Bu meqama toxunan ekspertler qeyd edirler ki, bashqa olkelerde bayram oncesi qiymetlerde endirimler mushahide olunur. Olkemizde bunun eksinin bash vermesi ne ile elaqedardir? Umumiyyetle, dovlet bazara nece nezaret edir? Bu suallarla Az. Marketinq cemiyyetinin icraci direktoru Fuad Aliyeve muraciet etdik.

Fuad bey, siz Qurban bayrami ile elaqedar bahalashma barede ne dushunursunuz?

Umumiyyetle, maya deyeri ve satish qiymeti arasinda keskin ferq olmali deyil. Hemcinin qiymetlerin suni qaldirilmasi bayramin felsefesine de ziddir. Mence eksine, qiymetler dushmelidir. Cunki, bu erefede aliciliq qabiliyyeti daha da artacaq. Saticilar qiymet teyin etmekde azaddirlar. Lakin oz aralarinda razilashdirilaraq qiymetleri qaldirmaq istehlakcilarin huquqlarinin pozulmasi demekdir ve buna ciddi cerime dushur.

Peygember doneminde Medine sheherinin gireceyinde bir qrup insan shehere gelen mallarin hamisini alib, ozleri merkezde istedikleri qiymete satirdilar. Bu xeberi eshiden peygember tez bir zamanda bunu qadagan edib qarshisini almishdir. Inhisarciliq hem qanunla yolverilmez, hem de dinimize gore beyenilmeyen bir haldir. Bes bugun bizde bu sahede hansi tedbirler gorulur?

Muselman teshkilatlar xalqa muraciet edib, saticilar qiymetleri qaldirmasinlar. Kend teserrufati Nazirliyinin iqtisadiyyat shobesinin melumatina gore ise bazardaki pishtaxtalari ve yol kenarindaki sallaqxanalari zebt eden alvercilere onlarin tesir etmek imkanlari mehduddur. Bu ishle diger orqanlar meshgul olmalidirlar. Ilk once ise bayram gunlerinde qiymetlere tesir etmek ucun yalniz yarmarkalarin imkanlarinin artirilacagini ved edir. Oz qazancini daha da artirmaq isteyen qruplar mallari deyerinden bir nece defe baha satirlar. Menin qenaetim ise beledir ki, inhisarcilarin emellerinin qarshisini artiq inzibati yollarla almaq mumkun deyil. Onlar baresinde ciddi sanksiyalar tetbiq olunmalidir. Inhisarcilar Amerika ve diger olkelerde oldugu kimi cinayet mesuliyyetine celb edilmelidir.

Mehsullarin temizliyine nezaret nece teshkil olunub?

Iqtisadi Inkishaf Nazirliyinin muvafiq departamenti bununla ciddi meshgul olmalidir. Etin uyqunluq sertifikati olmali ve bu ishe ekspertler tam nezaret etmelidirler. Ehalinin saglam ve gigiyenik cehetden temiz mehsulla temin olunmaq haqqi var.

Umumiyyetle, qurban bayraminda mal-qaranin kutlevi suretde kesilmesinden hansi iqtisadi xeyir elde etmek olar?

Kesilen heyvanlarin ceki odenseydi, dovlet budcesine kulli miqdarda pul daxil olardi. Pullar EDV seklinde toplanardi. Camaat kutlevi sekilde mal-qarani yalniz bu erefede kesdirir. Budce gelirlerinin 100%-i camaata catmasa da, hec olmasa 25% catar. Bu da ehalinin umumi rifah halinin yasxilashmasina sebeb olardi.

Sonda Fuad bey, bu cetin iqtisadi sheraitde xalqimiza ne arzu ederdiniz?

Once men bir muselman kimi cox isteyerdim ki, insanlar bayramin sheri tereflerine reayet etsinler. Imkanli sexsler terefinden kesilen qurbanlar esasen ehtiyasi olanlara paylansin. Bununla da az da olsa, cemiyyetde iqtisadi balansi bir nece gunluk olsa bele tenzimleye bilerler. Allah her kesin kesdiyi qurbanlari qedul etsin inshaAllah.

Maraqli musahibeye gore cox saq olun!

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Gunel Huseynli