Показаны сообщения с ярлыком məhərrəm-səfər əyyamı. Показать все сообщения
Показаны сообщения с ярлыком məhərrəm-səfər əyyamı. Показать все сообщения

пятница, апреля 04, 2008

Səhabə məktubu

İslam şəhidlərinin əziz xatirəsinə

Salam. Həmd yalnız aləmləri yaradan Allaha məxsusdur. Sonra bildirmək istəyirəm ki, bu məktubu bir hadisənin təsiri altında yazıram.
Mən Mədİnədə doğulmuşam. Peyğəmbərin iştirak etdiyi bütün döyüşlərdə iştirak etmişəm. Seyyidüş-Şühəda Həmzənin şəhadətini görmüşəm.
Rəsuli-Əkrəm (s) və Xanim Zəhrasız (s.ə.) Mədinə küçələrində ağlayaraq dolaşmışam. Elə bilirdim bunlardan böyük müsibət İslam dünyasinda baş verməz. Amma görəcəkli günlər qabağdaymiş…
İllər ötdü… Kufədən savaş səbəbilə çıxmışıq. Artıq bir neçə məntəqə arxada qoymuşuq. Qumsallıqdan qalxan narın qumlar mücahidlərin üzlərini tez-tez ziyarət edir. Ordu irəliləyirdi. Yolumuz Siffeynəydi. Əli (ə) öndə gedirdi. Bır ərazıdən keçırdık. Səbəbını bilmədən urəyim darıxmağa başlamışdı. Bu ərazidən tez uzaqlaşmaq istəyirdım. Amma ordu yavaş-yavaş boz qumsallıqda dayandı. Hamını maraq bürüdü: ”nə baş verır, nə üçün dayanmışıq?”. Süvarilərdən bir nəfər dözməyərək irəliyə səsləndi…
«Bizi kimsə bu işdən agah edəcək, ya yox?» - «Əlinin əmri belədir». Bu cavab əslində Əli (ə) böyüklüyündə nigarançılıq yaradırdı. Axı bura hara idi ki, yaxınlıqda bır dənə də olsun urəkaçan bir şey yox ıdı?! Baxdıqca uzanan boz qumsallıqan savayı…
Əlinin atı ordudan yavaş-yavaş aralanırdı. Gözlərı səhrada ünvansız gəzişirdi. Gah uzaqdakı təpəliyə, gah tikanlı kollara, gah da bir az aralıqda axan Fəratın bır qoluna tərəf baxırdı. Bir cuxurun yanında atdan endi və üzünü qoşuna tərəf cevırıb, «Atlardan enın, bura süvari olan yer deyıl!» - dedi. Burada Adəm [ə] tövbə diləyərək gəzdiyi vaxt dərdini unutduğu yerdır, bura da Nuhun [ə] gəmısınin lərzəyə gəldiyi yerdir, buara Suleymanin [ə] əza saxladığı yerdır, bura Xatəmul-ənbıyanın (s)…. Daha Əlinin nitqi kəsıldı. Əmmaməsının uclarını gözlərinə sıxdı.
Yadima Xəndək döyuşu duşdu. Əmr ibn Əbdüvəd meydanda rəqib səsləyəndə Peyğəmbər (s) "YOXMU İÇƏRİNİZDƏN BİR NƏFƏR MEYDANA ÇİXSIN" deyəndə haminin gözu qeyri-ixtiyar Əliyə dikilmişdi. Əli isə gözlərini Peyğəmbərin (ə) mübarək dodaqlarına dikmişdi ki, sözləri bir an havada qalmasın. Hər çağırışına «ləbbeyk» deyirdi. Ən çətin anlarımızın pənah yeri idi.
Yaxşi, Əli nədən ağlayır, kimə ağlayır? Bu fikirlərimi Əlinin sözləri dağıtdı. Əlinin dizləri qeyri-ixtiyari olaraq o çökəkdə qatlandı. Əlilə üzünü tutdu, göz yaşları ağ saqqalından süzülüb çökəkliyə tökülürdü. Bütün qoşunun hali dəyişmişdi, səbəbini bilmədən hami ağlayırdı. Əlinin sözləri elə bil kainatın dərinliklərindən gəldi. "BURA BALAM HUSEYNİN QƏTLGAHIDIR---KƏRBƏLADIR".
Elə bil bu səs bütün səhra üzərində dalğalandı.
Yadıma Mədinə küçələrində gecənin səssiz sükutunu «HUSEYNİM, VAY» sədaları ilə pozan Zəhra düşdü, yadima xütbə söyləyərkən balaca Huseyni (ə) yıxıldığı yerdən qaldirmaq üçün minbərdən enən Peyğəmbər (s) düşdü…
İlahi! Bu nə cəhalət! - deyə düşündüm. Bu nə qəflət! Məgər bu qədər qısa zaman kəsimindən sonra “Cənnət cavanlarının ağası”na əl qaldırmaqmı olar?!! Rəsuli-Əkrəmin (s): ”Huseyn məndəndir, mən də Huseyndənəm” deməsi bu qədər tezmi unudulacaq?!
Əlinin (ə) üzü Fərata «Qolsuz Ələmdarim, vay!» deməsi elə bil məni silkələdi. Məgər mən döyuşə getmirəmmi?! Qarşi tərəfdə döyuşənlər dillərində təhlil (lə ilahə illəllah) deyərək, qəlblərində Əlinin qanına susamayıblarmı?! Cəməldə verdiyin qurbanlar kimlər idi ki?! Ey qafil! Zəhraya nankor olan Hüseynin qanina əl batırmazmı?
Biz yola duşuruk. Mən Siffeynə Hüseynin intiqaminı almaq üçün gedirəm. Mən Siffeynə getməklə - Zəhraya: «Bax, sağ olsaydim Hüseynin çağrışına «ləbbeyk!» deyənlərdən olardım» -demək istəyirəm.
Bu naməni Kərbəlada qoyub gedirəm. Qoy Hüseyn zəvvarları bilsinlər ki, biz onları görməsək belə, onların müntəzirləriyik. Qoy bizləri həmişə yanlarinda bilsinlər, çunki onları daima yanımızda bilirik.
İmza: Hüseyn əzadarı.

Mətləb Həmzəyev
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

четверг, марта 13, 2008

MƏHƏRRƏM-SƏFƏR: düşüncələr və suallar.

Bismillahir Rəhmanir Rəhim!

Zaman dövr etdikcə, bir məhərrəm-səfər əyyamı yaşadır bizlərə. Yenə çöhrələrdə qəm və matəm. İlbəil Əhli-beyt (ə) sevərlər əqidəsinə, İmamına (ə) rəğbəti olanlar təzələyirlər beyətlərini, kimin tərəfində olduqlarını bəyan edirlər. Yad edirlər Şəhidlər Sərvərini, onun silahdaşlarını. Zeynəb təki (s.ə.), İmam Səccad təki (ə) bürünürlər qara libasa, əza saxlayırlar hürr insanlara.
Faydalanırlar aşiqlər bu mərasimlərdən, öyrənırlər qəhrəmanlığı, dönməzliyi, əsl bəndəçiliyi və sadalanmasi, deyilməsi mümkünsüz olan bir çox keyfiyyətləri əxz edirlər özləri üçün. Bu ayların gəlişi ilə bir təzələnmə, hərarət və eşq ilə döyünməyə başlayır qəlblər. Zülmün, istibdadin, köləliyin zəncirləri qırılır və azadlıqsevər insanların özünəqayıdışının, oyanışının baş verdiyi aylardır bu aylar.
Zatən məhərrəm-səfər əyyamının fəlsəfəsində bir donuqluq, məhdudluq və son yoxdur. Damarlarda axan qan təki qoymur bir donuqluq, ölülük yaransın bəşər qəlbində. Sanki hər il QAN verir bəşərə və yaşaması üçün bir vasitəyə çevrilir. Zaman və məkan anlamının da fövqündə olub, onlarla məhdudlaşmır. Adətən, zamanla dəyişən ayların, illərin, məkanla dəyişən hadisələrin, hərəkatların xüsusiyyəti yoxdur bu aylarda. Elə zamanı zaman qədər, məkanı məkan qədər qiymətli edən bu hərəkatın, bu hadisənin özüdür.
Çox vaxt sonluq bitmiş, tükənmiş məvhumlara aid edilir. Bu aylar isə bir növ elə başlanğıcın özu, ilkinin əvvəli, sonu görünməyən sonsuzluqdur. Ona gorədir ki, əhatə dairəsinin genişliyi hər mühitin, hər toplumun ondan faydalanmasına, ibrət götürməsinə və həyatında tətbiq etməsinə zəminə yaradir. Bəziləri üçün məhərrəm-səfər əyyamı elə onun gündəlik həyatı, bəziləri üçün iki aylıq, bir aylıq özünütanıma, bəziləri üçün növbəti Aşura, bəziləri üçün isə sıradan bir təqvim ayı.
Bəli, zaman dövr edir və məhərrəm-səfər əyyamı yaşadır bizləri. Dövr edirmi bu zamanın ayları qəlbimizdə? Duyuruqmu, hiss edirikmi onun gəlişini, gedişatını? Fərd olaraq, toplum olaraq nə qədər təsir edib, nə qədər ətalətdən çıxarıb bizi bu aylar? Həqiqi hərəkətverici vasitə olubmu?
Durumumuz dəyişibmi, həqiqi HÜSEYNÇİ (ə) ola bilmişikmi?
İki ay "Hüseyn, Hüseyn" (ə) deyib on ay lənətlik yezidlərə uyğun həyat tərzi keçirməmişikmi?
Yaşada bilmişikmi Hüseyn (ə) ideyalarını, hansi ki, İmam (ə) öz ölümü ilə yaşatdi?!
Diri saxlamışıqmı o ruhiyyəni ki, Hüseyn (ə) və silahdaşları diri saxlamişlar?!
Həqiqi onlar təki azad nəfəs almışıqmı, zülmə qarşi vuruşmuşuqmu, məzluma dəstək olmuşuqmu və həyatın bütün səhnələrinin qəhrəmanı ola bilmişikmi görəsən?!
Və ən əsası daim təkrarlanan və qəlbi parçalayan bir sual ki, o dövrün müasiri olsaydıq əgər, yetmiş iki qəhrəmandan biri ola bilərdikmi? Toplayardıqmi bütün gözəllikləri özümüzdə?! Bir cağırışla "LƏBBEYK YA HÜSEYN" deyib fırtına yaradardıqmı Kərbəla səhrasında?! İmam (ə) bizə qucaq açıb bağrına basar, bizi döyüşə yola salar və başımızın üstünə gələrdi, yoxsa o pak dəstəyə qoşulmamağı, onu tərk etməyi bizə məsləhət görərdi?
Son anda son məqamda HÜRR olardıq, qayıdardıqmı, yoxsa əvvəldən axıra qədər laqeyid, etinasız və dunya qulu olardıq?!
Çətin sualların ağırlığından da ağırdır onun cavabları. Daim düşündürən, düşüməyə vadar edən cavablarda tələsməməyı anladandır bu suallar. Buna baxmayaraq cavab verməliyik bu suallara və ilk növbədə Hüseynnin (ə) kamillik məktəbinin həqiqi tələbələrindən olmalıyıq. Tarixin bu məktəbi, bu hərəkatı yaşadanların bərəkətidir ki, əməli olaraq bizlərə insanlıq dərsi keçmiş və bu hərəkatın təravətliliyini nəsillərdən-nəsillərə ötürmüşlər.
Dövründən asılı olmayaraq, hər dövrün Hüseyni də var, Zeynəbi də var, lənətlik yezidi də. Adlar müxtəlif olsa da, daşıdıqları anlam eynidir. Əgər bir Hüseyn (ə) tələbəsi ki, baxışlarında yeni üfüqlər yaratmır, düşüncələrində qaranlıqları aydınlatmır, ölü qəlbinə dirilik gətirmirsə, «mən HÜSEYNÇİYƏM» deməyə haqqı yoxdur. Ağlamağın da, qəm-qüssəyə batmağın da, yalnız onda əhəmiyyəti olur ki, əməllə həmahəngliyi olsun və düşmənin də axıtdığı göz yaşlara bənzəməsin.
Hər kəs öz daxilində bir AŞURA yaratmalı, bütləri sındırmalı, zülmətləri nura çevirməlidir. Yezidləri, ibn ziyadları qəlbindən silib atmalı, ruhunda bir Hüseyn (ə), Zeynəb (s.ə.), Səccad (ə) ruhiyyəsi yaratmalı, "yox" deməli nəfsani istəklərə - o böyük maneələrə ki, onu ayrı salıb fitrətindən, izzətindən, şərəfindən. Qaldırmalı o günah pərdələrini ki, səbəb olmuş İmamından (ə.f.), Peyğəmbərindən (s), ALLAHından ayri düşməsinə. Ruhunu boyütməli, cism olan bədənində zindan etməməli onu. Bununla da nicat gəmisinin sərnişini, hidayət çırağının ardıcılı olmalı. Dövrümüzün nicat gəmisini hərəkət etdirən, hidayət çırağını nurlandıran ZƏMANƏ SAHİBİnin (ə.f) həqiqi müntəziri olmağa tələsməli. Tələsməli ki, nicat tapsın, nicat tapmalı ki, hidayət olsun. Və nəhayət həqiqi əsgər olub Zəmanə Sahibi (ə.f) ilə Hüseyn (ə) intiqamını almaq üçün dua etməli.

Zaman dövr edib bitsin,
Bu intizar sona yetsin
Məhərrəm-səfər əyyamında
İmam Zaman (ə.f.) zühur etsin


Əli Ağayarov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

среда, марта 05, 2008

"Hüseyn əzadarı" şerinə nəzirə.

"Hüseyn əzadarı" şerinə nəzirə.
(Məfhumların radiusunu azaldaraq misdaqları çoxaltmaq naminə yazılan bir şer.)

Məhərrəmdə əza tutmaq ibadətdir əzadarə,
Həqiqət carçısı şahə itaətdir əzadarə.

Qoy pür olsun suze-qəlbin ətşan Hüseyn eşqi ilə,
Hüseyn eşqindən ayrı bir eşq afətdir əzadarə.

Düş batəvəssül səcdəyə, tövbə et, hacət dilə,
Çün hər Məhərrəm mahi- nədamətdir əzadarə.

Əşqi- eynün süzülsün, güllər açsın yanağında,
Əşqilər məhşərdə abi- həyatdır əzadarə.

Həqqin olsun nizam ilə, nizamsız olsa gər həqqün,
Həp məqami- tənəzzüllər ədalətdir əzadarə.

Şücaət göstər, sinəzən ol, yar dəhri-elmiləri,
Çün cəhalət sərzənişdir, məlamətdir əzadarə.

Cədəl et nahaq ilə, xəlvətməkan olmaq nədir?
Quşeyi- vəhdət, axı, səfalətdir əzadarə.

Pasiban ol hər zaman haqq aşiqi olan şəxsə,
Ayrılma, bil- bu şəxslər ƏLAMƏTDİR əzadarə.

Baş yarıb, yarə edib axıtma bihudə qanlar,
Ehsan et, məhz bu qanlar şəfaətdir əzadarə.

Ayıl qəflətdən, agah ol, dünyaya üz döndər, saqın,
Cilvəyi- dünya rəngüdür, xərabətdir əzadarə.

Cilvəyi-aləm qunaqun, imtahanlar səxto-sərt,
Hər gün, hər saət, hər an qəzavətdir əzadarə.

Bil," Hər günün Aşuradır və hər məkan Kərbubəla",
- Bu bir Elmi- Lədunidən xitabətdir əzadarə.

Yıxıl payi- Hüseynə sən, tut daməni- Hüseynidən,
Xaki-payi- Hüseyn özü şərafətdir əzadarə.

Azər Nəsirov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

четверг, февраля 28, 2008

Pəncərələrdən baxılan İslam

Dəniz kənarı. Küləyin dalğaları sahilə çırpması. Quşların uçuşu. Arabir balıqların sudan başını mənimlə oyun oynayırmışlar kimi çıxarması. Qarın narın-narın, həm də ruhumu oxşadacaq dərəcədə səssizcə yağması. İnsanların yanımdan yarışən, yarıqəmli ötüb keçməsi. Və bu gözəlliklər qarşısında ruhumun dincəlməsini sezən - mən.
Küləyin dalğaları təmənnasız, həm də məni dincəltmək üçün Xəzərin bu başından mənim indi görə bilmədiyim sahillərə - uzaqlara daşıması qəribə göründü mənə. Təbiət mənə təmannasız tamaşa verirdi sanki...
Görəsən, bu gözəlliklər ruhumun onları seyr edərək dincəlməsi üçünmü, yoxsa bu mənzərələr insan var olandan bəri hər gün gözünün qarşısında dikldiyinə görə insan da, əslində, gözəl olmayan bu mənzərələrdə gözəlliklər aramağa başlamış və onların gözəl olduğuna inanmağa başlamış məcburən. Mən də bu yalançı bilgiyə təqlid edirəm. Amma yox, bu ehtiyacın içimdən gəldiyini ən azı qarşımdakı mənzərələr qədər aydın sezirdim. İnsanların rahatlıq sevmələri fikri də yad deyildi mənə. "Bu bir fitri təmayüldür" - deyə dodaqaltı pıçıldandım. Bu gözəllikləri yaratdığına, onu duyma istedadını insana verdiyinə görə Allahıma bir şükranlıq duyğusu keçdi içimdən. Bunun özünə də daha bir şükür düşürdü ki, şükretmə imkanını da əsirgəməmişdi Allah.
Əslində, Xəzərin qərb sahilində olmama rəğmən, təbiətin ruhumu incəldərək məni duyğulandırması, bir yandan da insan oğlunu daban-dabana izləyən, bəzən heç özünün də müəyyənləşdirə bilmədiyi fikirlər məni ağuşuna alıb Xəzərin mənim indi görə bilmədiyim sahillərinə - uzaqlara götürmüşdü. Bu şükranlıq duyğusunu mənə öyrədən İslamla tanışdığıma görə çox sevincliydim.
Bu duyğuları keçirtdiyim zaman, hansısa kitabdan oxuduğum bir neçə cümlə yadıma düşdü: "İlahi dinlərin ən önəmli özəlliklərindən biri insanlara bir əxlaqi-yaşayış proqramı təklif edərək əxlaqi fəzilətlərə çatmalarını təmin etməkdir. Bu proqramda yaxşı və pis, gözəl və çirkin - bir sözlə, dəyərlər insanlara açıqlanır".
Görünür, bu gün dünyanın müəyyənləşdirə bilmədiyi dəyərlərin radiusu tikanlı məftillərlə insan yaranandan bəri müəyyənləşdirilb bu fəzilət proqramlarında. Bəs, o zaman, görəsən niyə bəzi təlimlər adam öldürmək, zina kimi ən çirkin əməlləri yalnız öz aralarında yasaqlayaraq başqalarına qarşı bir maneə görmür? Məgər bu fəzilətmi? Və bu yolla səadətə çatmaq düzgünmü?
Artıq bu suallar məni Xəzərin mənim indi görə bilmədiyim sahillərinə deyil, dünya okeanına çıxışının olmamasına rəğmən, Aralıq dənizi sahillərinə - Fələstin adlı torpaqlarda - sionistlərin bu maddəni necə iştahla həyata keçirtdiklərinin tamaşasına götürdü. Bu zaman «gözəlliyin» qüdrətlə yıxıb-dağıtmaq, yandırmaq, susuz, işıqsız qoymaq, öldürmək olduğunu gördüm. Fələstində gördüklərim üstündə filosofların baş sındırdığı dəyərlərin dünyada "qüdrət adlı subyekt"in kriteriyalarına əsaslandığını anladırdı insana. Dünya da buna susmasıyla öz imzasını atırdı. Əxlaqi tələblərin var oluşunun səbəbləri bu tələblərin bütün normal insanlarca yaşanmış olmasıdır fikrini dil-dil ötən dünyanın nəzərincə bu əməlləri törədənlər normal insan sərhədlərini aşmırlarmı?!
Qana susamış İsrail əsgərlərinə öz kiçik əlləriylə daş atmaqla, sanki Cavid Əfəndinin repressiya dönəmlərində dediyi kimi - "mənim Tanrım gözəllikdir, sevgidir" deyən balaca fələstinli oğlan uşağı isə adamı riqqətə gətirirdi. Sanki, bu balaca mücahid: «harda nahaqqa qarşı ucalan səs varsa, o, gözəldir və mənim Tanrım oradadır» - deyə hayqırırdı. Bu balaca mücahidin ruhunun göylərdə pərvazı əsgərləri daha da qıcıqlandırırdı. Və onlar bu balaca mücahidi dartıb yerə - öz yanlarına endirmək istəyirdilər. Amma o, yenə də, sanki, Cavidsayağı deyirdi:
Ona məxsus yoxsa bir məva,
Ərşə çıxmaqda varmı bir məna?

Onu öldürməyə qalxışan əsgərlərə dediyi - "məni indi öldürməyiniz də mənimçün gözəldir və burada da Allah vardır" cümləsi isə qaytardı məni Xəzərin qərb sahillərinə. Üzümdə acı bir təbəssümün yaranmasını başını sudan çıxararaq mənə tamaşa edən balığın hürküb dənizin dərinliyinə cummasından sezdim.
Artıq bayaqkı sevincimdən əsər-əlamət qalmamışdı. Bir tərəfdən Fələstində insanların çəkdiyi acının verdiyi iztirab, digər tərəfdən isə balaca mücahidin sözləri məni utandırırdı. Bu mücahid Kərbəla kimi faciədən sonra: "mən (Kərbəlada) gözəllikdən başqa bir şey görmədim" - deyən Xanım Zeynəb məktəbi keçmişdi. Utanırdım. Ona görə ki, mən yalnız təbiətin zahiri gözəlliyindən zövq aldığım halda, Xanım Zeynəb kimilər bütün gözəlliklərin səbəbi Allahın öz gözəlliyindən zövq alırlar. Və zatən Xanım Zeynəb kimilərçün mövcud olan hər şey gözəldir, çünki Ən Gözəldən - Allahdan gəldiyinə görə. Mənim İslama baxışım isə, otağının pəncərəsindən şəhərə boylanıb baxan insanın görə bildiyi "pəncərə şəhərə" bənzəyirdi. Utanırdım ki, hələ müsəlman olaraq İslamı kiçildib öz pəncərəmə sıxışdırmışamsa - bir sözlə, "pəncərə islam"ı etmişəmsə, məhz buna görə dünya üçün İslam pəncərəsiz qaranlıq bir otaq kimi qorxuludur.
«Bəlkə də mənim kimi milyonlarla "pəncərə islamçılar" dünyanı Xanım Zeynəb İslamından - gerçək İslamdan uzaq salıblar» fikri isə, yanımdan keçən insanlardan, sanki, içimdəkiləri duyurmuşlar kimi utandırdı məni. Və sanki dalğalarıyla dəniz, yağan qarıyla səma, yanımdan ötüb-keçən insanlar, hətta dənizin dərinliyinə hürküb cuman balıq da bir cümləni: «Əsl gözəllik Ən Gözəldə - Allahda qərq olub, Onun bəndələrini ən gözəl şəkildə nura çıxarmaq uğrunda mübarizə aparmaqdır» - cümləsini pıçıldayırdılar qulağıma.
Bir gün mənə də belə gözəlliyi duymaq nəsib olacaq ümidiylə ayrıldım bu "pəncərə gözəlliklərdən".

Azər Nəsirov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi





KƏRBƏLA ŞƏHİDLƏRİ

Böyük islam alimi Mühəmmədtəqi Cəfəri "Aşuranın təhlili" kitabinda yazir: İmam Hüseyn (ə) hər bir cəhətdən - nəsəb, dindarlıq, təqva, əxlaq və ədalət baxımından insaniyyətin ən yüksək zirvəsində idi. Məhz İmam Hüseyndə (ə) mövcud olan bu kimi səciyyələri, insani keyfiyyətləri nəzərə alaraq, hətta Muaviyə belə, öz oğluna belə tövsiyə etmişdi: "Nəbadə, Hüseynlə qarşı-qarşıya durasan!... Hüseyndə Əlinin qanı var. Sən Hüseyni ələ ala bilməzsən, əgər onunla mübarizəyə başlasan, Bəni-Üməyyənin adını ümumiyyətlə tarixdən siləcəksən".
Bəli bu haqq qəsbkarı məlun Müaviyənin, şərabxor, zinakar, bütün rəzil sifətləri özündə cəm etmiş oğlu Yezidə tapşırığı idi. Məlun Yezid isə bu hiyləgər tapşırığın nə demək olduğunu anlaya bilmədi. Onda hər rəzil sifət var idisə də, atasının tülkü hiyləgərliyi yox idi. Atasının qəsb etdiyi hakimiyyəti özününkü bilən Yezid bu dəfə özü "tapşırıqlar" verirdi.
Yezidin belə bir tapşırığından İmam Hüseyn (ə) hələ Məkkədə olarkən hali olmuşdu. Əmr ibni Səid Yeziddən aldığı tapşırığı: "İmamı ya tutmaq, ya da qətlə yetirmək" həyata keçirmək üçün Məkkəyə daxil olmuş idi.
... Ümumiyyətlə Kərbəla hadisəsinə Aşura gününə dək baş verən hadisələrə diqqət etdikdə görürsən ki, üz-üzə dayanan haqq keşikçiləri ilə batil qoşunları sanki MÜHÜM TAPŞIRIĞIN icrasındadırlar.
... İmam Hüseyn (ə) zalım nökəri Əmr ibni Səid ibni Asın niyyətindən agah olduqdan sonra möhtərəm evin hörmətin saxlamaq üçün Məkkədən çıxmağı qərar verir. Qardaşı Muhəmməd ibni Hənəfiyyənin: "Bəs belə tələsik Məkkədən çıxmağına nə səbəb olub" sualına İmam belə cavab verir:. . . Peyğəmbər (s) yuxuda mənim yanıma gəldi və buyurdu ki, "Hüseyn, Məkkədən çıx"...
İmam Hüseyn (ə) bu addımı atıb Məkkədən çıxarkən əziz babası islam Peyğəmbərinin buyurduğunu, tapşırığını icra edirdi. İmam hətta səfərə çıxdığı bu yolun nə kimi nəticələnəcəyini bilirdi. Və qardaşı Muhəmməd Hənəfiyyəyə bildirdi: "Peyğəmbər yuxuma gəlib buyurdu ki, ... Allah səni onun yolunda öldürdüyünü görmək istəyir».
İslamı aradan aparmaq istəyənlərin müaviyələrin, yezidlərin gözlərinə sanki bir ox batırırdı İmamın mübarək varlığı.
Muhəmməd ibni Hənəfiyyə İmamından soruşur ki, Ağa əgər şəhid olmaq məqsədilə gedirsənsə, bəs xanimanını niyə özünlə aparırsan?
İmam cavabında buyurur: «Allah onları əsir görmək istəyir».
Bəli, İmam Hüseyn (ə) bu səfərinin hər addımında bəyan edir ki, bunu Allah istəyib və Peyğəmbəri buyurub. İmam bununla bütün bəşərə bir dərs verir. Öyrədir ki, bəndə Rəbbinin buyruğu ilə Peyğəmbərinin tapşırığı ilə SƏADƏTLİ HƏYAT əldə edir. İmamın bu ZİLLƏTSİZ HƏYATdərsindən faydalananlar bütün dünyada KƏRBƏLA ŞƏHİDLƏRİ adı ilə tanınır və tanınacaq. O Kərbəla şəhidləri ki, susuz səhralarda qanları ilə mübarək cisimlərinə qüsl verdilər. Döyüş paltarlarını kəfən qərar verdilər.
Bəşər yaranandan bu günə qədər haqlı-haqsız qanlar axıdılır. Ancaq hər fədəkar qanına qəltan olan Kərbəla şəhidi olmayıb. Görən bəs bunun səbəbi nədədir?
Səbəb isə çox aydındır. 72 şəhidin hər biri döyüşdən əvvəl İmamının yanına gəlib döyüş üçün tapşırıq istəyir. Öncə ibn Ziyad ordusunun böyük sərkərdələrindən olan Hürr döyüşdən əvvəl bir anın içində qərar verir ki, məzlumlar tərəfində, zalımlara qarşı döyüşəcək. Və bu an Hürr atını İmamın düşərgəsinə tərəf sürür. İmam Hüseynin (ə) qarşısında atdan enən Hürr İmamından (ə) onun tərfəində vuruşmaq üçün icazə istəyir və döyüş üçün tapşırıq alır...
Bu qanlı səhnədə yüniyetmə Qasim: «Ölüm mənə baldan da şirindir» deməklə İmamından icazə istəyir və buyruq alır. Necə də ibrətamiz bir səhnə var burada, İlahi. İmamın buyruğunu yerinə yetirərkən, İmamın tapşırığını yerinə yetirərkən ölüm də bal dadır...
Qələm qollarına göz yaşı axıtdığımız Əbülfəzl Abbas imamın buyruğunu Necə Yerinə Yetirmək dərsini öyrədir aşiqlərinə.
... Ağam Kərbəlada BAYRAQDAR idi. İmam Hüseyn (ə) onu ələmdar təyin etmişdir. Lənətlik Yezid ordusu Əbülfəzl Abbası üzük qaşı kimi əhatə edir və xain zərbə... Bir qol Ələmdardan ayrılır. Ağam isə tək əli ilə bayrağı köksünə sıxır. Kəsilən qolda ağrımı yox? Niyə yarasını yox, ağam bayrağı qucaqlayır? Çünki buyruq Hüseyndəndir (ə), tapşırıq Hüseyndəndir (ə).
Lap kiçik yaşlarımdan Hüseyn (ə) əzadarlığı məclislərində bu sadaladığım səhnələri Seyid Zeynal rövzə və mərsiyələrində danışardı. Biz də «Hüseyn (ə) vay» deyə ağlardıq. Və bu ağlamaq daxilimdə o pak hissləri qoymuşdu. «... Kaş ki, Hüseynim (ə) mənə də bir buyruq verəydi"
İmam Hüseynin (ə) bu qiyamı bir çox alimlər tərəfindən araşdırılmış və təhlili yazılar yazılmışdır. Bu yazılardan biri Şəhid Mütəhhərinin "İmam Hüseynin (ə) qiyamına analitik bir baxış" kitabıdır. İmam Hüseyn (ə) qiyamını əmr-be-məruf, nəhy-əz-münkər müstəvisində təhlil edərkən dövrümüzün də bütün islami dərdlərini qabardaraq sonda belə bir sual qoyur. "Görəsən bu gün İmam Hüseyn (ə) nə buyurardı?»
Sual sanki Hüseyn (ə) əzadarlarına, Mehdi (ə.f.) intizarında olanlara ünvanlanır. Və Şəhid Mütəhhəri sualın cavabında buyurur: «Şübhəsiz o Həzrət (ə) buyurardı ki, sizin şüarınız FƏLƏSTİN olmalıdır... Öz zəmanənizin şimrini tanıyın...».
Allah Təala bizlərə həqiqi Hüseyn (ə) əzadarı olmağı nəsib etsin!

Təbiət Hüseynov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi




среда, февраля 27, 2008

Hüseyn əzadarı

Muhərrəmdə əza tutmaq ibadətdir əzadarə,
Həqiqət carçısı şaha itaətdir əzadarə.

Səni Zəhra sevib, canı bilib peyğəmbəri-xatəm,
Əli övladının zikri səadətdir əzadarə.

Bəşər üstün yaranmışdır, fəqət bundan da üstün var
Vəsiləndən vücud tapmaq şərafətdir əzadarə.

Olan müşkül, çətinliklər tapar həllin, olar asan
Bütün müşküllərin həlli inayətdir əzadarə.

«Hüseynim can!» deyən anda gözündən yaş süzülməzsə,
Dözülməz dərdə düşməzsə, xəcalətdir əzadarə.

Əgər qəlbində var eşqin, çəkər aləmlərin dərdin
Həmin günki döyüş hər cür dəyanətdir əzadarə.

İmamın ali-amalı həyat verməkdi İslamə
Bir an çıxsa əgər yaddan qəbahətdir əzadarə.

Hüseynin qanlı köynəkdə düşünsə şiə qan ağlar,
Gözündən hər düşən damla şəfaətdir əzadarə.

Hüseynin Kərbəlasıyla nicat tapmışsa yadlar da
Yaşatmaq Kərbəla şövqün əmanətdir əzadarə.

Həyatında «Hüseynim can» deməkdən başqa söz yoxdur
Dili lal olsa məhşərdə kifayətdir əzadarə.

Məni şah etmə Allahım, nökər et, şahların şahı
Hüseyn eşqində qərq olmaq nəhayətdir əzadarə.

Şahin Qurbanov,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

пятница, февраля 22, 2008

İNSAN HAQLARI VƏ AŞURA

BİSMİLLƏHIR-RAHMƏNİR-RƏHİM.
17 YANVAR 2001-ci il. Əziz oxucu, bu tarix sənə nəyisə xatirladirmi? Üstündən 7 il keçən bu tarixin bizim üçün bir anlami varmi?
Xatirlamadinizsa, birgə xatirlayaq - düz 7 il öncə məhz bu tarixdə ölkəmiz Avropa Şurasına daxil olmuşdur. Elə bu tarixdən sonra leksikonumuzda daha əvvəllər bir o qədər də işlənməyən bir sira sözlər tez-tez işlənməyə, ictimai-siyasi kuluarlarda səslənməyə başladi: "İnsan haqlari», «azadlıqlar», «sərbəst toplaşmaq azadliği» və s. Gəlişi gözəl, əməli icrasi isə müşkül olan bu kəlmələr bəzən də yerli-yersiz şablonlaşmaya məruz qaldi dilimizde.
Nədən? Bəlkə mahiyyətinə varılmadan işlədildi bu sözlər? Bəlkə imitasiya etdik bu sözlərlə ona görə? Bəlkə, bəlkə, bəlkə… Çox «bəlkə»si var bu «Nədən»in. Amma bir yəqini var bu bəlkələrin. Öyrəşdik özümüzdə daha əvvəldən olan dəyərləri başqalarinda axtarmağa. NƏDƏNin bir başqa çalari isə insan haqlari və azadlıqları formatında ölkədəki total haqq pozulmasına etiraz etmək, haqlar uğrunda mübarizə aparmaq imkankarı mümkünlər qapısından keçir. Ona görə ki, qeyd olunan tarixdən Azərbaycan Avropa hüquqi məkanına daxil olmuş və bir sıra - o cümlədən insan haqları və azadlıqlarına dair öhdəliklər götürmüşdür. Məhz bu məqam bu ifadələrin aktuallaşmasina, məna yükünün artmasına səbəb olmuşdur.
Qayıdaq nədənin yəqininə. O hansi dəyərlərdir ki, başqalarinda axtarırıq özümüzdə var ikən? Hürriyyət, azadəlik, zalımın, haqq basanin zülmünə, məzlumun haqlarinin tapdanmasına razi olmamaq, bu zülmə baş əyməmək və bu zülmlərdə zalıma şərik olmamaq və s. Möminlərin əmiri Həzrət Əli (ə) belə buyurmuşdur: "Heç kimə qul olma ki, Allah səni azad yaratmişdır". Bu kimi şuarlar altinda xalqimiz zaman-zaman böyük şəxsiyyətlərin timsalinda hürriyyət savaşlarına qalxmiş, istiqlal mübarizəsi aparmış, bu millətin, bu xalqin zülmə, zalıma əyilməzliyinin bənzərsiz nümunələrini tarixə və bu keyfiyyətlərə malik olmayan digər xalqlara, millətlərə hədiyyə etmişdir, bu yolda parlaq qələbələr ortaya qoymuşdur. Dövrümüzdə də 20 Yanvar şəhidlərinin, Qarabağ şəhidlərinin bu yüksək bayrağı aparmalarının şahidi oluruq.
İndi də dünyanın müxtəlif bölgələrində qəlbləri daha da qəsavətlənmiş, daha da bərkimiş zalımlar tərəfindən saysız zülmlər edilməkdədir. Günümüzün ən məzlum, haqqları ən çox tapdanan toplumu FƏLƏSTİN xalqı olsa da, ən mübariz toplumlardan biri də məhz bu toplumdur. Bu gün Qarabağda, Fələstində, Somalidə, Əfqanıstanda, İraqda, Kəşmirdə və digər məkanlarda zülmün toxumları diri tutmaqdadır. HƏR GÜN yüzlərlə insanın bu zülmlər nəticəsində həyatlarina son qoyulur, yaşamaq hüquqları əllərindən alınır.
HƏR GÜN minlərlə məkanda yüz minlərin haqqları tapdanır. Burada İmamət nurundan bir hədisi xatirlamaq yerinə düşər. İmam Cəfər Sadiq (ə) bu haqda belə buyurur: "Hər gün Aşuradır, hər yer Kərbəla".
İmamın bizə çatdırışı nədir bu hədisdə? Harada ki, haqlar pozulur - ora Kərbəladır və nə vaxt ki, nə zaman ki, haqlar tapdanır - o zaman Aşuradır. O anda, o zamanda, o yerdə, o məkanda Aşura yenidən yaşanır, yenidən təzahür edir. Demək ki, Aşura insan haqları probleminin eynən özü olaraq qarşımıza çıxır.
Fransiz professor Corc Qordon yazir; "Tarixdə bu qədər az sürən (5 saat), bu qədər az itki verən (72 nəfər), lakin bu qədər yaşayan (1400 il) başqa müharibə tanimiram."
Uca Allah cəmi müsəlmanları bu həqiqətləri, bu nemətləri dərk edənlərdən qərar versin! Amin!

Mehdi Fərəc,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi


Azadəlik Qurban misalında

Bəşəriyyət yaranandan daimə qurbanlar verib və bu qurbanlar can, mal, səhhət, və digər şeylər bahasına olub. Qurbanlar müqabilində insanlar öz yaşayışını, rifahını, sağlamlığını və ən əsası azadlığlnı təmin edib. Hansı azadlıqdan gedir söhbət?
Bəlkə insan öz daxili hisslərinə tabe olaraq rasionallığı kənara qoyub onların köləsinə çevrilərək əldə etdiyi azadlıqdan gedir söhbət?
Yaxud da məhdud düşüncə radiusu ilə özü üçün sərhədsiz yaşayış məhdudiyyətlərini təyin edərək azadlıq əldə etmiş olduğunu zənn edir!?
İnsanmı təyin edir azadlığın rəngini, qoxusunu, gözəlliyini?
Ölkəmizdə məhərrəm-səfər mədəniyyəti artıq intibah dövrünü yaşamaqdadır. Bu mənada Aşura qəhrəmanlarının ali məqamlara ucalma fəlsəfəsini anlamaq üçün Zilhiccə ayi mədəniyyəti ilə tanışlıq çox böyük əhəmiyyət kəsb edir.
Zilhiccənin onu… Bu gün insanlar, Allahın hikmət və sevgisindən irəli gələn göstərişini yerinə yetirmək üçün böyük diqqət və şövq ilə öz qurbanlarını kəsməyə hazırlaşır. Bu mübarək ayin, Zilhiccə ayında Məkkə şəhərində yerləşən Kəbə evinin ziyarətində vacib əməllərdən biridir.
Bu əməl Həzrət İbrahim və İsmayıl peyğəmbər (ə) arasında baş verən münasibəti simvolizə edir. Bu hadisədə bəşər üçün çox böyük ibrətlər var.
Ibrahim peygəmbər öz oğlunu çox sevirdi. Günlərin birində Ibrahim peyğəmbərə Allah yolunda öz yeganə oğlu İsmayılı qurban kəsmək əmri vəhy vasitəsi ilə nazil olur. Budur, öz sevimi oğlunu sevən məhəbbətlə dolu ata ürəyi.
O ürək ki, Allah eşqi ilə döyünür və azadə qəlbdə yerləşir.
Ata və oğul mübarək qədəmləri ilə qurbanğaha doğru irəlləyirlıər. Nə gözəl ibadət! Bəli, Allah rizası üçün görülən bütün işlər ibadətdir. Xalis niyyətdir hər bir işin zinəti! Bütün yer, göy, asiman tamaşaya çixib.
Qəlblərə vəs-vəsə salan, insanları düz yoldan sapdıran, lənətlik şeytan da orada hazır olur. Onun məqsədi İbrahim və İsmayılı Allah fərmanından çəkindirmək idi. Yumşaq ata qəlbindən istifadə etmək istəyib İbrahimə, onu kövrəltmək ümidi ilə bu işi görməməsini deyir. Şeytanmı çaşdıra bilər İbrahim qəlbini?! Şeytan lənətlik haradan bilsin ki, "Qəlblər, Allah istəyəndə kövrələr". "Bədənlər, Allah isdəyəndə min-min iti qlınc qarşısında durar". "Dizlər, Allah istəyəndə yetim gördükdə titrəyər". "Kəsik başlar, Allah istəyəndə nizədə Quran oxuyar"!!!
İbrahım kim idi? - Nəfsi istəklərini ram edib, Allah bəyənən yaşayış tərzinə malik olan azad insan idi. O, nəfsi istəklərinin deyil, Allah qulu idi. Nəfsinə deyil, Allaha bəndəlik edirdi. Bu da ona əbədi azadlıq vermişdi. Şeytan belə insanları sevmir, onları hər an təqib edir. Allahın xalis bəndələri isə, öz iradə və sabitqədəmliyi ilə lənətllik şeytanı həmişə məyus edir. Necə ki İbrahim və İsmayıl Uca Yaradana itaət etməklə şeytanı məyus etdi. İbrahim (ə) yerdən bir daş götürüb şeytana atır və onlar yenidən yoluna davam edir. Bu haqqın batilə vurduğu bir zərbə idi. "Şeytana daş atma" əməli də buradan yaranıb.
Artıq qurbangahdir. İsmayıl, Allahin bu göstərişini səbr və itaətlə qəbul edir.
Bəndənin yaradanına olan sevgi və etiqadına heyran qalmamaq olmur. «Ata, sənə əmr olunanı et» - deyə İsmayıl səslənir. Əl bıçağa uzanır.Biçaq boğaza sürtülür amma onu kəsmir! Bu cəhd bir neçə dəfə təkrar olursa da, nəticə eyni olur.
Bu itaət müqabilində Uca Allah onlara öz rəhmi ilə Cəbrail mələk əleyhissalam vasitəsi ilə bir qoç göndərir və o, Allah yolunda qurban kəsilir. Onların hər ikisi Yaradan qarşısında vücudi imtahandan ən ali tərzdə - Allah bəyəndiyi tərzdə çıxırlar. Zaman-zaman Həzrət İbrahimlər kimi, Həzrət İsmayıllar kimi xalis insanlar olub, var və olacaq.
Sanki bu Qurbanvermə Məktəbinin siniflərindən keçərək, bəşər övladı Aşura məzununa qədər yüksələ bilmişdir.
Əsrlər boyu "Qurbanlıq bayramı" və Aşura nəsillərdən-nəsillərə ötürülür. Əslində insan mənəviyyatı həmişə susamış durumdadır bu kimi nemətlər üçün. Bizlər bu fenomenlərdən Allaha itaət, sədaqət, səbr və Allah yolunda qurbanolma və qurbanvermə dərsini almalıyıq. Cəmiyyətlər də öz növbəsində qurbanvermə mədəniyyəti ilə taniş olaraq, insanlara Uca Yaradanla özləri arasında ən ülvi duyğular bərqərar etmək səadətinə nail olmağı aşılaya bilərlər.

Kənan Quluzadə,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

пятница, февраля 08, 2008

Böyük ruhların hədəfi

Məşhur klassik ərəb şairi Mütənəbbinin bir şerində deyilir:
"Əgər nəfslər (ruhlar) böyük olarsa, cismlər onun istəklərinə çatmaq üçün əziyyətə düşər."
Demək, böyük ruhlar cismin istəklərinə boyun əyməz. Əksinə, öz istəklərinə, hədəflərinə doğru hərəkətdə cismi məşəqqətə salarlar.
Bu nə deməkdir? Necə olur ki, böyüklük belə bir cazibyə malik olur?
Ən rəzil sifətlərin hədəfinə çevrilmiş kiçik ruhun əksinə olaraq, böyük ruh daha ali, daha müqəddəs və ilahi hədəf dalınca olur.
Biz tarixə nəzər salsaq, bu deyilənlərin bariz nümunəsini müxtəlif insanların simasında müşahidə edə bilərik.
Kimlərsə vəzifə, məqam, yaxud dünyanın aldadıcı həvəslərini əldə etməyə xatir öz şəxsiyyətlərini hər cür rəzilliyə sürükləmiş, elə bu andaca kimlərsə əzab-əziyyətə, işgəncəyə dözərək, cismin alçalmasina, əzilməsinə səbəb olsa da belə, öz şəxsiyyətini, ruhunu uca tutmuş, onu hər cür rəzilətdən hifz etmiş olur.
Bəs insanı bu şəxsiyyəti, ruhu uca tutmağa vadar edən nədir? Nədir insanı dəyərli edən?
Müxtəlif zamanlarda müxtəlif məktəblər olmuşdur ki, bu sualın ətrafında uzun-uzadı mübahisələr aparmış, nəzəriyyələr yaratmışlar. İnsanın bu rəftarının hansı hissə söykəndiyi, hansı məqsəddən irəli gəldiyi heç də laqeyd qalınacaq bir məsələ olmamışdır.
Hərə insan ruhunun, insan şəxsiyyətinin dəyərini bir şeydə görmüşdür.
Özünü şəxşiyyət hiss etmə hissi yalnız fərdə aid olan bir məsələ deyil. Hətta, bir toplumun ən böyük sərmayəsi, o toplumun ucalığı və dəyərliliyi özündə şəxsiyyət mənlik, başqa toplumlardan ehtiycsızlıq hiss etməsindədir.
Şəxsiyyət və mənliyini itirmiş topluma heç bir iqtisadi, elmi inkişafın faydası yoxdur. Əksinə, özünün müstəqillik fəlsəfəsinə etiqadı olan bir toplum bütün var-dövlətini, imkanlarını əldən vermiş olsa da, yenə də öz ayaqları üstə durar.
Almanların gözəl bir sözü var: "Biz ikinci dünya müharibəsində öz mənlik və şəxsiyyətimizdən başqa hər şeyimizi itirdik. Şəxsiyyətimizi itirmədiyimiz üçün hər şeyi yenidən əldə etdik".
Demək, insanın rəzaləti onun ölümündə, onun yaralanıb ayaqlar altına düşməsində, kiminsə əsirinə çevrilib, hər cür işgəncələrə məruz qalmasında deyil. Bir sözlə, rəzil insan cismi alçalan insan yox, ruhu alçalan insandır. Çünki, insanın həqiqəti onun cismində deyil, ruhundadır.
Tarixə nəzər saldıqda bu deyilənlərin şahidi oluruq.
Kərbəla səhnəsi insanlıq məktəbinin ən ali nümunəsidir. İstər fərd baxımından, istərsə də toplum baxımından. Biz insanlıq dəyərini, insan şəxsiyyətinin ucalığını həm Kərbəla şəhidlərinin ictimai mühitində, həm də ayrı-ayrı fərdlərində öz əksini tapdığını görürük. Yezid, Übeydullah, Ömər bin Səd, İbni Ziyad lənətliklər kimi rəzil sifətlərin gözündə zahirən, cismən məğlub olan bu şəhidlər insanlıq nəzərində qələbə çalmış ali ruhlardır.
Lənətlik İbni Ziyad İmam Hüseynin (ə) əsir götürülmüş ailəsini alçaltmaq, özünü qüdrətli göstərmək, camaatın ürəyinə qorxu salmaq üçün öz sarayında böyük bir məclis təşkil edir. Bir çox tanınmış şəxslərin də dəvətli olduğu bu məclisə Həzrət Hüseynin (ə) mübarək kəsilmiş başını və əsirlərin gətirilnəsini əmr edir. Xanım Zeynəb (s.ə.) və ailəsinin məqamından xəbərdar olan İbn Ziyad lənətlik yaşadığı faciəni xatırlatmaqla onu və ailəsini camaat içində alçaltmaq, sındırmaq məqsədilə deyir: "Allaha həmd olsun ki, sizi rüsvay etdi, kökünüzü kəsdi və iddianızı yalan çıxardı. Allahın Əhli-beytə (ə) qarşı etdiklərinə necə baxırsan?"
O ali ruhun rəzil insana verdiyi cavab qarşısında bütün məclis əhlinin qəlbindəki batil sevinc sanki bir yasa çevrilir. Xanım Əhli-beytin (ə) ümmətdəki yüksək məqamını xatırladaraq buyurur: "Allaha həmd olsun ki, bizi öz peyğəmbəri Muhəmmədlə (s) şərəfləndirdi və bizi hər bir çirkinlikdən pak qərar verdi. Onu bil ki, rüsvay edilən yalnız günahkar, təkzib edilən isə yalnız yolunu azandır. O isə biz deyilik, ey Mərcanənin oğlu……Mən bütün bu olanlarda gözəllikdən başqa bir şey görmürəm."
Xanım ətrafdakılara əhəmiyyət vermədən öz çıxışı ilə heç bir məğlubiyyət və alçalmaq hissi keçirmədiyini, əksinə, ailəsinin üzləşdiyi müsibətin din məntiqinə əsasən gözəl bir şey olduğunu bəyan etdi - çünki, Allaha xatir edilmişdi.
Çoxlarının dərk edə bilmədiyi bu zahiri məğlubiyyətin batində nəinki onun ailəsinin, hətta bütün islam dünyasının əbədi qələbəsi olduğunu əsrlər keçməsinə baxmayaraq bütün bəşər aləminə çatdırdı.
Əgər zahiri məğlubiyyət həqiqətdə insan ləyaqətinin alçaldılması olsaydı, kamil insan şəxsiyyətinin ali nümunəsi olan Hüseyn (ə) belə bir addım atmazdı. Çünki o, bu hərəkata başlamazdan öncə onun zahirdə məğlub olacağından və ailəsinin əsir düşərək alçaldılacağından xəbərdar idi. Bunu bəzi zəif məntiqli insanlar da dərk edir, onu bu işdən çəkindirməyə çalışırdılar. Ən azından ailəsini, uşaqlarını bu işə qarışdırmamasını təklif edirdilər.
Ailəsinin məqamını hər bir kəsdən çox yaxşı dərk edən İmam (ə), nəyin bahasına olursa-olsun onları özü ilə aparacağını bildirir.
Əgər zahiri məğlubiyyət rəzil olmaq, alçalmaq deməkdirsə, necə ola bilər ki Əhli-beyti (ə) bütün çirkinliklərdən pak qərar vermiş, bütün bəşəri, hətta axirəti onlara xatir yaratmış Allah bu uca məqamlı şəxsləri cılız bir bəşərin qarşısında alçaltsın? Əgər belə olsaydı, bu Allahın hikmətinə zidd olan məsələ olardı.
Deməli, burada nəsə məntiq və hikmət vardır. Hüseynin (ə) ailəsini özü ilə aparmasındakı məqsədi nə onları tək qoymaq istəməməsi fikri, nə də ki, Əhli-beytinə bağlı olması deyildi. Heç kəs təhlükəli səfərə gedərkən ailəsini özü ilə aparmır. Bəs necə olur ki, bu səfərin nəinki təhlükəli olduğunu, hətta onların hamısının məğlub olaraq öldürüləcəyini, ailəsinin isə əsir düşəcəyini bilən Hüseyn (ə) hətta körpə uşaqlarının da onunla gəlməsini israr edir?
Bilirik ki, mühüm şərait və yerlərdə hər kəsin bir missiyası olur. Demək məlum olur ki, İmam Hüseynin (ə) da bu işi hesablanmış bir missiya olub. Ailəsini də bu səfərə həmin missiyanı və hökmü həyata keçirmək üçün özü ilə aparır. Çünki İslam uğrunda mübarizəyə qalxan İmam bilirdi ki, Peyğəmbər (s) ailəsində nazil olub böyüyən İslamı Peyğəmbər ailəsindən başqa heç kəs qoruyub yaşada bilməz.
Bu fikrində İmam (ə) heç də yanılmadı.
İnformasiya vasitələrinin əsla olmadığı bir mühitdə İslamın səsini nəinki öz yaşadığı dövrə, bütün əsrlərə və minilliklərə çatdırdı İmam Hüseyn (ə). Bununla o, islamın görünməyən tərəflərini göstərdi. İslamın həqiqətini açib göstərən İmam (ə), onun bəşəri bir din olduğunu, islamı kamilləşdirərək ona ali dəyərlilik verdiyini kimi bir çox məsələləri ortalığa qoyur.
Digər tərəfdən bu hadisə sübut edir ki, İslam nəinki yalnız kişilər üzərinə bir missiya qoyaraq onları bir çox məsələlərdə vəzifəli edir. İslam hətta qadını da çox işlərdə, o cümlədən tarix yaratma və yaşatma kimi ağır bir vəzifənin öhdəsindən layiqincə gələ biləcəyini deyir.
Demək, həm İmam Hüseyn(ə), həm İmam Zeynəlabidin (ə, )həm xanım Zeynəb (s), həm də Kərbəlada olan bütün İmam aşiqləri zahiri "mən"lərinin işgəncəyə məruz qalaraq alçaldılmasına səbəb olsa belə, daxili "mən" lərini ucaldaraq bu müqəddəs və ilahi missiyanın öhdəsindən layiqincə gəldilər.
Zillətə boyun əyməyən Əhli-beyt (ə) bəşərə ləyaqətli, dəyərli insan nümunəsini Kərbəla hadisəsi ilə bir daha göstərdi...

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Vüsalə Əliyeva

пятница, января 25, 2008

MƏHƏRRƏM AYI XATİRƏLƏRDƏN BU GÜNƏ

"Bir gecə təkbaşına yazı yazarkən bir təqvim üzərindəki rəsmə gözüm dikilmişdi. Rəsmdə tamamən qara bir sahənin ortasinda kicik şam yanırdı. Və şamın alovu qaranlıqla müqayısədə cox kicikdi. Bu rəsmin altında isə ərəbcə bir şeir yazılmışdı: "Mənim bu qaranlığı aradan aparmağım mümkün olmaya bilər. Fəqət bu kiçicik işıq ilə qaranlıqla nurun, haqq ilə batilin arasındakı fərqi göstərə bilərəm. Nə qədər kiçik olsa da işığı axtaran kəslərin qəlbində bu işıq böyüyəcəkdir". O gecə bu şer və rəsmin təsiri altında qalmışdım. Çox keçmədən rəsmi çəkən və şeri yazanla qarşılaşdığımda heyrətimi gizlətmədim. O adam Mustafa Çamrandan başqası deyildi".

Xanım Qatə Çamran. "Yarı gizli ay"


Hər daşı bir naməlumdur bu dünyanın. Gündüzü alatoran, gecəsi zulmət dünya. Göz-gözü görməyən bu aləmdə insan oğlu daim bir çıxış yolu axtarmış, gecənin yırtıcılığından qorunmaq üçün bir sığınacaq yeri ummuşdur. Fəqət yorulmamış insan həyatını qaranlıqlardan və ya qara ləkələrdən təmizləmək üçün. Bu zaman ideallar axtarmış, şüurlu, ya da kortəbii şəkildə təqib etmiş onları. Kiminin idealları onun həyatına gecəyarısı dənizin tən ortasında hökm sürən uğultulu, qorxunc bir səssizliyi çökdürmüş, kimininkisə gecəyarısı ucu-bucağı görünməyən səhrada sanki ona ay işığı tək yol göstərmişdir.

Bu fitri təlatümlər məndən də yan keçmədi. Hər kəsdə olduğu kimi, məndə də bu sahədə xəyallarımın mənə bəxş etdiyi, hətta bir çox hallarda utopik həddə qədər yüksələn ideal anlayışları yarandı. Bu ideallar məni zabit, hüquqşünas, politoloq və ucqar bir yerdə kənd müəllimi də etmişdi desəm inanın ki, yalan danışmış olmaram. Və xoşbəxt günlərin biridə mən İmam Hüseyni (ə) ideal olaraq tapdım. Əslində heç indiyə qədər də bilmirəm İmam Hüseyni (ə) tapdımmı, yoxsa bu İlahinin bir hədiyyəsi idi. Dünyada 6 milyard əhali olduğu halda mənim də Hüseyni (ə) tanıma şərəfinə layiq olmağım, əlbəttə ki, sual doğurmamış deyil. Bilmirəm, bu anamın kiçikkən Məhərrəm ayının 10-da əlimdən tutaraq, hətta dərs olduğu halda İmamla əlaqəli məclislərə aparmasının məntiqi nəticəsi idi və ya başqa səbəbi var, bilmirəm. Başqa vaxtlar öz diliylə desək (əslində bütün mətn onun dilindədir) "dərsdən qalsan gözünü çıxararam" deyən anamın bu gün, məhz İmam Hüseynin (ə) şəhadətə çatdığı gün məni məclis-məclis gəzdirməsi o zaman mənim üçün çox təəccüblü idi və nə baş verdiyini anlamırdım.

Elə bəlkə də, o vaxtlar məsələnin mahiyyətini başa düşmədiyim üçün dərsə getməməyim səbəbindən İmam Hüseyni (ə) çox sevirdim. İllər keçdi və mənim üçün ideallaşan İmam Hüseyn (ə) bir zamanlar dərsdən qaldığım üçün sevilirdisə, bu dəfə dərsi, elmi, kitabı sevmə səbəbinə çevrildi. Hələ o vaxtlar iki ay müddətində anam bir qədər saralmış vərəqlərdə köhnə kiril əlifbası ilə yazılı mərsiyələrini oxuyar, mən də onun dizi kənarında kiçik və ətli əllərimlə mərsiyə sədaları altında dizimə və ya sinəmə vurardım. Bu mərsiyələri deyə-deyə anam kövrəlib ağlayar, mənsə duruxmuş baxışlarla anamın yaşlı gözlərini min bir sual içimdə doğaraq seyr edərdim. Əslində məni anamın həzin və kövrək səsi cəlb edirdi. Körpəykən bu səsin həzin laylaları altında çox uyumuşdum. İndi isə o səsi yenidən tapmışmış kimi mərsiyələrin sədaları altında sanki körpələşirdim. Bu laylaların sevimliliyi məni bir neçə il sonra Kərbəla səhnələrini özündə əks etdirən mərsiyələrə qulaq asmağa "məcbur"edirdi. Və o zaman heç vaxt düşünmürdüm ki, bu səs bir zamanlar layladan mərsiyə dinləməyə "məcburən" götürdüyü kimi bu "məcburiyyət" mənə illərdən sonra dünyanın bir çox dahilərinin dərs götürdüyü İmam Hüseyn məktəbini tanıdacaq ilk mənbə olacaq. İmam Hüseyn mənə öz şəxsində, hətta xəyllarımın belə yarada bilmədiyi ideal şəxsiyyət obrazını verdi.

Dəhşətlər baş verən İmam Hüseynin Kərbəla məktəbində götürülməli olan nələr yox ki? Bir tərəfdə qana susamış yırtıcılar, digər tərəfdə bir içim su tapmayan insanlıq şahzadələri, bir tərəfdə Ömər b.Sədin "Peyğəmbər(s) nəvəsi üzərinə mən getməsəm də, onsuz başqasını göndərəcəklər" -deyən rəzil bir sifəti, digər tərfdəsə İmam Hüseynin altıaylıq Əli Əsğərini başı üzərinə qaldıraraq, sanki «Allahla mənim aramda heç bir pərdə ola bilməz» deməsini, bir yanda suyu çaqqal tək ciyərlərinə dolduran məlunlar, digər yanda Fəratın yanında dodaqları istidən partlamış, lakin sudan imtina edən Həzrət Əbulfəzlin timsalında hürrüyətin, azadlığın özündən başqa bir şey görmürük.

Azadlığa, hürrüyyətə, məhəbbətə İmam Hüseyn məktəbinin şagirdlərindən gözəl kim tərif verə bilmiş ki! Kərbəla müsibətinin tərifini isə "mən (Kərbəlada) gözəllikdən başqa bir şey görmədim" sözləri ilə xanım Zeynəb vermişdir. Həzrət Zeynəb Kərbəladan Şama dək Əli(ə) nitqi ilə danışmış, lənətlik Yəzid xanədanını Əli (ə) cəsarəti ilə silkələmişdir. Həzrət Zeynəb xanım Fatimə həyası ilə yeri gələndə susmuş, yeri gələndə Həzrət Əli qeyrəti ilə danışmışdır.

ALLAH, bizlərə haqqın memarı İmam Hüseynin (ə) yolu ilə getməyi nəsib et!!! Amin!

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Eynal Qardaşov

вторник, января 22, 2008

DƏYƏRLİ AY


Dünyada bir neçə təqvim mövcuddur ki, bunlardan biri də müsəlman təqvimi olan hicri-qəməri təqvimidir. «Qəmər» sözü ərəbcə «ay» deməkdir. Bu təqvimin göy cismi olan ayla baglılığı ondadır ki, ayın hərəkətinə əsaslanır. Belə ki, ayın hər dəfə öz oxu ətrafında fırlanması bir qəməri ayına bərabər olur. Bu da təqribən 29.5 sutka təşkil edir və ilin günlərinin sayı isə 354-355 gün olur. Onu da vurğulamaq yerinə düşərdi ki, bu tarixin başlanğıcı Həzrət Peyğəmbərin (s) Məkkədən Mədinəyə hicrəti dövründən hesablanır.

Hicri-qəməri təqvimi Məhərrəm ayı ilə başlayır. Məhərrəm İslamın müqəddəs aylarından hesab olunur və o həm də haram aylardan sayılır – bu ayda müharibə etmək yasaqlanmışdır. Müsəlman aylarından hər birinin hikmət və dəyəri vardır ki, inanclı insanlar faydalanma baxımından onlara böyük önəm və qiymət verirlər. Bu ayların içərisində Məhərrəm ayının özünəməxsus yeri var.

Bəs Məhərrəm ayını müqəddəsləşdirən və digər ayların fövqündə saxlayan, ona sonsuz fəzilət və dəyər verən nədir? Hicri-qəməri təqvimi aylarının hər birininmi gəlişi belə maraq, belə həyəcan, belə ehtiram, belə hüzn və belə diqqətlə qarşılanır? Əlbəttə ki, yox.

Məhərrəm ayını diqqət mərkəzində saxlayan, hüzn və matəm baxımından bu qədər əhəmiyyətli edən, əsrlərlə yaddaşlardan silinməyən və həmişə diri saxlayan – Kərbəla vaqeəsi ilə bağlı olan Aşura mərasimi və əzadarlıqdır.

Bu hadisədən üzü bəri əsrlər boyu məzhəbindən, əqidəsindən, tutduğu mövqeyindən asılı olmayaraq bir sıra şəxsiyyətlər bu hadisəyə öz münasibətlərini müxtəlif şəkildə bildirmişlər.

Əhli-sünnə alimi olan Şeyx Əbdullahi Əlanın fikirləri isə daha çox maraq doğurur. O, bu hadisəni belə qiymətləndirir ki, İslam tarixini iki hicrət təyin etmişdir. Bu hicrətin əvvəli Peyğəmbərin (s) Məkkədən Mədinəyə hicrəti olmuşdur ki, aradan getmək təhlükəsi olan İslamın taleyini dəyişdi, ona can verdi və onu dirçəltdi. İkinci hicrəti isə İmam Hüseyn (ə) Mədinədən Məkkəyə etdi və bunun nəticəsi oldu ki, İslam bir din olaraq bu günə qədər yaşayır və Qiyamətə qədər də yaşayacaqdır.

İmam Hüseyn (ə) özü və pak ailəsindən olan neçə-neçə cavan İslamı xilas etmək üçün canını və qanını qurban verdi. İmam Hüseyn (ə) özü bu barədə buyurmuşdur: "Mən Peyğəmbər ümmətini hidayət etmək, yaxşılıqlara dəvət və pisliklərdən çəkindirmək üçün qiyam etdim"

Həmin dövrdə lənətlik Müaviyyə oğlu Yezid İslam xilafətini qəsb etmişdir. Yezid fasiq, əxlaqsız, günahı zahirdə edən bir ünsür idi. İslam dövlətinin idarəsini belə bir şəxsin əlində cəmlənməsini necə qəbul etmək olardı? Bütün bunlarla bərabər kufəlilərin İmama müraciət etməsi də qiyamın əsas səbəblərindəndir. İmama çatan bu cür müraciət məktublarının sayı 18 minə çatırdı. İmam Hüseyn (ə) bu qədər insanın səsinə necə səs verməyəydi?! Təbii ki, Kufə camaatı İmam Hüseyni (ə) dəvət etməsəydi belə, bu qiyam yenə baş verəcəkdi. Çünki İmam Hüseyn (ə) Kufə əhalisinin dəvətindən qabaq da Yezidin hakimiyyətinə qarşı çıxmışdır. Bu da əbəs yerə deyildi. İslam dövlətinin rəhbərliyi Yezid kimi insana tapşırılsaydı, İslamdan bu günə qədər əsər-əlamət qalmazdı. Məs buna görə İmam Hüseyni (ə) İslamın xilaskarı adlandırırlar.

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Zemfira Nəsrullayeva



воскресенье, января 13, 2008

Aşura və dəyərlər

Müsəlman dünyasında bir sıra böyük tarixi əhəmiyyətli günlər bu günə kimi qeyd olunur, yaddaşlarda qorunub saxlanılır. Bunlardan biri də öz əzəməti ilə seçilən möhtəşəmliyi ilə yaşayıb günümüzə qədər gəlib çatmış Aşura hadisəsidir.
Hər il Məhərrəm ayının 10-u (ərəbcə əşərə - 10 deməkdir. «Aşura» sözü burdan gəlir) müsəlmanlar matəm günü kimi qeyd edir və bu artıq bir mədəniyyət halını almışdır. Hamının bildiyi kimi, həmin tarixdə 5-ci məsum İmam Hüseyn (ə.s) şəhadətə yetişmişdir. Tarixə nəzər saldıqda görürük ki, İmam Hüseynə (ə) qədər və ondan sonra bir neçə məsumlarımız şəhid olmuşlar. Etiraf etməliyik ki, digər məsumların şəhadət günlərinin sırasında Aşura günü öz əzəməti ilə seçilir. Bəs görəsən bu müstəsnalığın səbəbi nədir? Bu müstəsnalıq bəzilərinin dediyi kimi süni bir formallıqdan ibarətdirmi? Yoxsa köklü bir əsası var? Bu suallara cavab vermək üçün müxtəlif dəyər müstəvilərindən Aşura hadisəsinə baxmağa çalışaq. Daha doğrusu, İslamdan kənar nəzərlərin və İslamın özünün bu hadisəyə necə qiymət verməyini bir qədər araşdıraq. Daha sonra isə Aşuranın özünün dəyərlərə nə kimi təsir etdiyinə də fikir vermək yerinə düşərdi.
Ümumiyyətlə bu mövzunu əhatə etmək üçün ilk öncə “dəyər” anlamının özünə bir açiqlama gətirmək lazımdır. Nədir “dəyər”? İnsanlar nəyi dəyərləndirirlər? Dəyərin özünün doğru olub-olmamasından asılı olmayaraq insanlar nəyisə görür, hiss edir, onu dəyərləndirə bilirlər. Məsələn: əgər bir adam özünün mömin olduğunu iddia edirsə, əməllərində, rəftarında isə bu hiss olunmursa, imanın görünməz olduğuna baxmayaraq, heç kim onu mömin kimi qiymətləndirməyəcək. Buradan belə çixir ki, dəyərləndirilən nəsə üzdə olan, görünən bir şeydir. Bəs nədir bu?
Bir az da mövzudan uzaqlaşaq... Bəşər tarixində Yer üzünə çoxlu peyğəmbər gəlmişdir. Bunların hamısı da Allahın təkliyindən xəbər vermiş, insanları düzgün yola çağırmışlar. Bu bütün peyğəmbərlərin missiyalarında olan ümumi bir cəhətdir. Amma peyğəmbərlərin hərəsinin özünə məxsus fərqli cəhətləri də olmuşdur. Belə ki, sonuncu peyğəmbərimiz Həzrət Muhəmməd (s) öz missiyasi haqqında belə demişdir: ”Həqiqətən mənim peyğəmbərliyə seçilməyimdə məqsəd - ən gözəl, ən üstün əxlaqları kamala çatdirmaqdan ibarətdir”. Sanki Peyğəmbərimiz özündən əvvəlki peyğəmbərlərin gətirdiyi tövhidi dinləri insanların etdiyi müdaxilələrdən təmizləmiş və üzərini gözəl və möhkəm əxlaq pərdəsi ilə örtmüşdür və bununla da bütün peyğəmbərlərin işini sona çatdirmişdir. Necə ki, meyvənin qabığı onu kənar amillərdən qoruyur və həm də onu gözəlləşdirir, əxlaq da eləcə tövhid dəyərindən tutmuş füruiddinə qədər bütün təbəqələrin üzərini örtmüş, onları həm qoruyur, həm də onların nurunu özündə əks etdirir, gözəlliyini ətrafa saçır.
Burdan belə nəticəyə gəlmək olar ki, həmin üzdə olan, görünən, dəyərləndirilən elə çox vaxt əxlaq olur.
Qayıdaq Kərbəla hadisəsinə. Kərbəla hadisəsinə kənardan nəzər saldıqda ilk öncə nəzərə çarpan yüksək əxlaqdir. Amma bir qədər irəli getdikcə İslam dininin nəzəri şəklidə olan bütün qatlarının, tərəflərinin Kərbəla hadisəsində canlandığının şahidi oluruq. Kərbəla hadisəsində üsuliddinin hər bir bəndinin kamil təcəssümünü görmək mümkündür və bunlarin hər biri ayri-ayriliqda uzun-uzadı təhlil olunası mövzulardır. Kərbəla hadisəsinin islami nəzərdən ən böyük qiymətini isə elə bu hadisənin içində olanlar özləri vermişlər. Xanım Zeynəbin “Mən burda gözəllikdən başqa bir şey görmədim” sözləri Aşuranın əsl dəyərini ifadə edir. İmam Hüseynin (ə) “Zillət bizdən uzaqdir!” şüari zülmə baş əyməyən, yüksək izzəti-nəfsə malik, ali əxlaqlı kamil insandan xəbər verir. Burada Peyğəmbərimizin gətirdiyi kamil əxlaqın praktik şəkildə şahidi oluruq.
İslamdan kənar məktəblərə gəldikdə isə, dünyanın bir çox məşhur insanlarının Kərbəla hadisəsi haqqındaki fikirləri, onların Aşuraya verdikləri dəyər müxtəlif kitablarda, yazılarda rast gəlinir. Məsələn: qərb alimi Murik Dukber yazir: “əgər tarixçilərimiz Aşuranın mahiyyətini anlasaydılar, buna sadə baxmazdılar. Çünki Hüseyn ardıcılları zəlillik və acizliyə baş əyməzlər. Çünki onların əsas şüarları zülmə baş əyməmək, təslim olmamaqdır.” M.Qandi isə demişdir: “Mən mübarizəni Hüseyndən öyrəndim.”
Ümumiyyətlə, yer üzündə müxtəlif keyfiyyətləri əsas dəyər hesab edən bir-birindən fərqli əxlaqi məktəblərin hansi birinin prizmasından Kərbəla hadisəsinə baxsaq, onların hər birinin dəyər meyarının orada tapmış olacağıq. Məsələn: bu məktəblərdən hansısa üçünsə iradə dəyərdir - onlar Kərbəlada əsl dəyər görəcəklər. Hansı üçünsə məhəbbət dəyərdir - onlar Kərbəlada ən ali məhəbbətə şahid olacaqlar. Kimlər üçünsə gözəllik dəyərdir, ədalət dəyərdir - onlar Kərbəlada misli görünməmiş gözəlliyin, yüksək ədalət uğrunda mübarizənin şahidi olacaqlar və s.
Kərbəla hadisəsinin özünün dəyərlərə təsirinə gəlincə, diqqət etsək, bayaqdan bəri müxtəlif cəhətlərdən, dəyər sistemlərindən Aşura hadisəsinin dəyərləndirilməsi elə Aşuranin özünün onlara təsirinin nəticəsidir. Sanki,müxtəlif formalı güzgü parçaları vahid günəşin şüalarını əks etdirir - hərəsi özünə tərəf bu şüanın düşmə bucağına uyğun olaraq. Amma bunların arasında elə güzgü parçaları var ki, bu şüalari əks elətdirə bilmir. Çünki, əks tərəfə baxır bu güzgülər. Bu günəşin nöqsanı deyil. Kimlər Kərbəla hadisəsinin gözəlliklərini görə bilmirsə, hiss edə bilmirsə özlərində dəyişiklik aparmalıdırlar. Öz dəyər güzgülərini doğru səmtə yönəltməlidirlər. Budur İmam Hüseynin (ə) şəhadətinin əbədiyaşarliğının sonsuz səbəblərindən biri. İmam Hüseyn (ə) hərəkatı dəyərlərdə inqilab yaratdi. Bu inqilab hələ də davam edir. Aşura haqqında təsəvvürü olmayan adam ilk baxişda çox bəsit görünən bu hadisəyə əvvəlcə təəccüb edir. Bu təəccüb həmin adamı hadisənin mahiyyəti ilə maraqlanmağa məcbur edir. Maraq isə həqiqətləri üzə çıxarır. Həqiqəti dərk edən insan isə artiq əvvəlki insan olaraq qala bilmir. Hər kəs öz tutumuna görə bu gözəllikdən, bu kamillikdən bəhrələnir. Hər kəs öz durumuna görə İmamət günəşinin nuru ilə işıqlanır. Qoy Uca Allah bu dünyada və axirətdə bizləri bu nurdan ayri salmasın...

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Bikəxanım Əzimova