Показаны сообщения с ярлыком Pərvin Nəsirova. Показать все сообщения
Показаны сообщения с ярлыком Pərvin Nəsirova. Показать все сообщения

четверг, ноября 20, 2008

İnsanlar hara tələsirlər?

Ətrafımızda olan insanlar daima qaçhaqaçdadılar. Həmişə harasa tələsirlər və gecikirlər. Hamı vaxt azlığından şikayətlənir. Amma nəyə tələsirlər?

Nəyin ardınca qaçırlar? Gündəlik evə çörək pulu gətirmək, yemək və yatmaq üçünmü? Öz nəfsani arzu və xəyallarını gerçəkləşdirə bilmək üçünmü? Çox təəssüf ki, insanlarının çoxunun həyat qayəsi, məqsədi məhz elə bunlardan ibarətdir. Bəlkə də buna səbəb iqtisadi problemlər və çətin yaşayışdır? Yox! Bu əsla insanın təfəkkürünə, özünü tanıma və Yaradanını tanımağa, ona qulluq etməyinə mane ola bilməz. Bunlar əslində özümüzün özümüzə uydurduğu bəhanələrdir. Bu bəhanələr bizi həqiqətlərdən ayırır və daha bir yalana, faniyə dalıb qəflət burulğanında boğulmağımıza səbəb olur.

İnsanlar bu gün özləri ilə, Rəbbləri ilə söhbət etməyə 10 dəqiqə belə vaxt tapmırlar və ya vaxt ayırmaq istəmirlər və ya qorxurlar… Özləri ilə hesabatdan qorxurlar, məsuliyyətlərdən qaçırlar. Çox acınacaqlıdır ki, insanların əksəriyyəti müsafir olduqları yerdə elə məskən salıblar ki, sanki öz evlərinə bir də qayıtmayacaqlar. Sanki qayıdarkən heç bir şey aparmayacaqlarını bilmirlər! Sanki bütün şeylərini onun rifahı, tətmini üçün etdikləri cisimlərinin bir gün torpağa qarışıb, qurda-quşa yem olacaqlarını bilmirlər. Sanki gözlərinin önündə apaydın sərilən həqiqət səhnələrini görmürlər! Bəs niyə insan bu qədər həqiqətləri bilə-bilə hələ də qəflətdədir və hələ də özü üçün uydurduğu “mühümlər”lə ciddi-ciddiyə məşğuldur?!

İnsanlar daha çox mənfəət əldə etmək üçün bütün fürsətlərdən yararlanırlar, ancaq axirət azuqəsi hazırlamaq üçün hələ də tələsmirlər. Hələ də fikirləşirlər, hələ də yaxın gerçəyin uzaqlığına inanırlar. Yaxşıdan çox pisə, əbədidən çox ötəriyə, həqiqətdən çox illuziyaya, aqibətdən çox dünyaya tələsirlər. O dünya ki, oyun-oyuncaqdan ibarətdir. İnsan isə yaradılışının bir qayəsini unudub, dünyanın ötəri nemətləri ilə, bər-bəzəkləri ilə başını qatmışdır.

“Dünya həyatının zahirini bilirlər, ancaq axirətdən isə qafildirlər” («Rum» surəsi 7)

Dünya - həyatın görünən tərəfidir. Doğulub, boya-başa çatmaq, yemək, içmək, pul qazanmaq, komfortlu həyat sürmək, ev, maşın sahibi olmaq üçün hər yola baş vurub çalışmaq və bir gün də ölüb getmək. Məgər dünya elə bunlardan ibarətdir?! Allah Təala dəfələrlə və israrla öz kitabında “Məgər onlar özləri-özlərində fikirləşmirlər ki, Allah yeri və göyləri, onlar arasında olanları ancaq haqq olaraq və müəyyən müddət üçün yaratdı”. (Rum 8)

Biz dünyanın batinini bilməliyik və bilməliyik ki, həyat təkcə nəfsani arzularımızın tətminedici hədəfi deyil. Dünya həyatının batini axirətdədir və hər bir əməlimizin ardında axirət məfrukəsi olmalıdır. Həyat insanı öz zahiri bər-bəzəyi ilə Allahdan uzaqlaşdıra bilər, iblis insanın gözünə nələrisə ğaş-ayaq göstərə bilər. Amma unutmaq lazım deyil ki, iblis müttəqilərə yaxınlaşmır. Çünki hər dəfə hiyləsinin boşa çıxdığını görəndə həmin insanın Allaha bir mərətəbə daha yaxınlaşdığının şahidi olur.

Əslində isə dünya bizim üçün Allaha çatmaq yoludur, əbədi səadəti, həqiqi eşqi tapmaq yoludur.

Bir gün hamı oyanacaq, hamı qəflət yuxusundan ayılacaq, hamı dünyanın iç üzünü tanıyacaq! Amma artıq gec olacaq. Artıq geriyə dönməyə nə bir yol, nə də bir fürsət olacaq. Yalnız etdiklərimizlə baş-başa qalacağıq və o gün heç bir peşmançılıq da fayda verməyəcək.

Bizim bu qədər gerçəklikləri görməməyə heç bir haqqımız yoxdur. Biz həqiqətə tələsməliyik! Biz Haqqa tələsməliyik!

Pərvin Nəsirova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

воскресенье, октября 12, 2008

UNUTQANLIQ CƏZASI

«Allah yolunda vuruşun və bilin ki, eşidəndir və biləndir». («Əl-Bəqərə», 244).

«Allah yolunda öldürülənlərə ölü deməyin. Əksinə, onlar diridirlər, lakin siz dərk etmirsiniz». («Əl-Bəqərə», 154).

Bəli, Allah yolunda mübarizə aparmaq bir İlahi əmrdir. Allah yolunda vuruşmaq çox geniş məna ifadə edir. Bura torpaqları, ümməti, dini, namusu uğrunda döyüşməkdən tutmuş gündəlik həyatında fəsadlarla, nəfsiylə mübarizəyə qədər çox müfəssəl mövzular daxildir. Müsəlman ilk növbədə insanlıq borcunu yerinə yetirməklə, ədalətə boyun əyib, haqq uğrunda mübarizə aparmaqla ucalmalıdır. Daha sonra bir çox vəzifələri olan müsəlman vətəni, dini qarşısında daşıdığı öhdəlikləri yerinə yetirməlidir. Müsəlmanlar bu çox ağır və çətin məsuliyyət yükünü daşıyır.

Ancaq ən ağırlısı budur ki, müsəlmanların əksəriyyəti bunun fərqində deyil. Fərqində deyilik ki, hər məhərrəmlikdə, hər aşurada Kərbəla Şəhidləri üçün ağladığımız zaman günümüzdə canlı-canlı şahidi olduğumuz kərbəlaları çox biganə şəkildə seyr edirik. Biz Fələstində sionizmin aclıq, susuzluq, müxtəlif əzab və işgəncələrlə göz qırpmadan qətlə yetirdikləri dindaşlarımızı, müsəlman bacı və qardaşlarımızın dərdinə yanmağı unutmuşuq. Biz bizim olanları unutmuşuq, Qüdsümüzü, Qarabağımızı unutmuşuq. Biz Kəbədən öncə müsəlmanların qibləgahı olan Məscidul-Əqsanı unutmuşuq. Peyğəmbərimizin (s) "sidrətul muntəha"dan öncə aparıldığı müqəddəs məkanı unutmuşuq.

Biz bizim olan əzəli torpaqlarımızı unutmuşuq və onların düşmən tapdağında qalmasıyla sanki barışmışıq. Biz Qarabağımızın bizi necə yanğıyla çağırdığını, fəryadına qulaq verməyi unutmuşuq. Qarabağımızı yad əllərdə qoyub nalə çəkən torpqlarımızın səsini, göynəyən ürəyimizin fəryadını unutmuşuq.

Biz Allahın əmrini, Peyğəmbərimizin (s) nəsihətlərini unutmuşuq. Halbuki, Allah dəfələrlə o mübarək kitabında "müsəlmanlar bir-birilərinin əleyhinə kafirlərlə əhdləşməsinlər" deyə buyurmuşdur. Peyğəmbər (s) "möminlər bir bədən kimidirlər" buyurur. Yazıqlar olsun bizə ki, hələ də ağrıyan üzvlərimizdən xəbərsizik. Bütün bunların səbəbi isə bizim izzət, məsuliyyət hissi, Allah sevgisini – hansı ki, hər bir şeyi əhatə edir – unutmağımızdır. Ona görə də bütün müsəlman ümməti nə qədər məhvə düçar olsa da, biz ancaq seyrçi qismində heç bir şey hiss etmədən tamaşa etməkdə davam edirik.

Biz analarımızın, bacılarımızın, soydaşlarımızın vəhşiliklərlə öldürüldüyünün şahidi olan bir xalqıq. Biz sinəsinə dağ çəkilmiş vətənin övldlarıyıq. Vətən bizdən vəzifələrimizə, daşıdığımız məsuliyyətə sahib çıxmağı istəyir. Vətən bizdən övladlıq, mərdlik istəyir. Vətən bizdən yağmalanan kəndlərin, şəhərlərin, şəhid olan günahsızların qisasını istəyir. Biz isə hələ də süstlük edirik. Hələ də ağrılarımızı, dərdimizi başqalarına çatdırmaqla məşğuluq. Nədənsə mümkün olmayan şeyləri- onların da bizim çəkdiyimiz əzabları, hiss etdiyimiz acıları hiss etmələrini istəyirik. Amma anlamırıq ki, bu gün heç bir millətin vətəndaşları belə bir-birlərinin dərdinə şərik çıxmır. Nəhayət ki, biz ilk növbədə bir müsəlman olaraq öz dinimizə sahib çıxmalıyıq. Necə ki, Allah Təala buyurur: "Fitnə qalmayıb, bütün din yalnız Allaha məxsus olanadək çarpışın" (Ənfal 39). Bir vətəndaş kimi, biz öz vəzifələrimizdən boyun qaçırmamalıyıq, işğal altında qan ağlayan torpaqlarımızı unutmamalıyıq. Əgər müsəlmanlar Allahın əmr etdiyi kimi birləşsə və Allah uğrunda döyüşsə, mütləqdir ki, qalib gələcəklər. Çünki Allah bunu vəd edir: "Ya Peyğəmbər, möminləri döyüşə həvəsləndir, içinizdə 20 səbrli kişi olsa, 200 kafirə, 100 səbrli kişi olsa, 1000 kafirə qalib gələr. Çünki onlar anlamayan bir qövmdür." («Ənfal», 65).

Ey müsəlmanlar, ey Allahın vədinə inanan, əmrinə itaət edən mömin və möminələr, gəlin müqəddəs ziyarətgahlaımıza, doğma torpaqlarımıza, namusumuza sahib çıxaq!


Pərvin Nəsirova

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

пятница, июля 11, 2008

Həyat idealımız Xanım Fatimənin (s.ə.) həyatımızda rolu

Bütün mömin və möminələr sənin mövludunu qeyd edir, sənin üçün, sənin şərəfinə bayram edir, sevinir. Ancaq bilmirəm sevinməyə, bayram etməyə nə dərəcədə haqqımız var. Biz sənin irs qoyub getdiyin iffətə, ismətə, izzətə, qeyrətə nə dərəcədə sahib çıxa bildik? Biz bu gün həyatımızda, seçimimizdə, davranışımızda hər vaxt sənə layiq olduqmu? Hər vaxt hər işimizdə, atdığımız addımda səni nümunə götürüb sənin bu vəziyyətdə nə edəcəyini fikirləşdikmi?!
Biz səni yaşatmağı, sənin kimi yaşamağı unutduq. Əlbəttə sənin doğum günün bəşəriyyət üçün şərəfdir, çünki sən bizə əsl qadınlıq nümunəsi bəxş etdin və necə olmalı olduğumuzu bəyan etdin. Biz isə bir çox hallarda örpəyimizə belə sahib çıxa bilmədik. Bu gün bütün müsəlmanlar səni tanıyır, ancaq bütün müsəlman qadınları hicablarına yiyələniblərmi?! Bəs hicablı möminələrin hamısı daşıdıqları məsuliyyətin fərqindədirlərmi?! Səni insanlığın ən üstünü olaraq tanıdığımız halda, həyatımızın ən ucqar küncündə yaşadırıq. Çünki bu gün müsəlman qadınına dünyanın bər-bəzəyindən ayrılıb sənin kimi olmaq çətindir. Naməhrəm bilmədən, halal-haram demədən hərəkətlərinə müasirlik donu geyindirməyə çalışan müsəlman qadınlarımıza səni örnək götürmək çətindir.
Görünür biz hələ sənin kim olduğunu dərk etməmişik və ya özümüzün kimliyini unutmuşuq. Ey Rəsulullahın (s) gözünün nuru əziz Fatimə (s.ə)! Bilirəm sənin ürəyin parçalanır bizim halımızı gördükcə. Bəlkə də bizim sənin mövludunu bayram etməyə özümüzdə hünər tapmağımız təəccüblü bir haldır. Bağışla! Bağışla ki, səni ömrümüzdə yalnız doğum günlərində xatırlayıb, sənin bizdən razı olub-olmadığını bilməyərək gülüb-şənlənməyə cürət tapırıq. Əslində vicdan gözü ilə özümüzə nəzər salsaq, nə dərəcədə hicabla yiyələndiyimizi, qərarlarımızı, fikirlərimizi ilk öncə sənin idrak süzgəcindən nə dərəcədə keçirtdiyimizi, danışarkən, gülərkən nə dərəcədə sənin ismətini, iffətini düşündüyümüzü, hər zaman rahatlığa meyl edən, cihaddan, müharibədən qorxan bu qadın ürəyimizə sənin qeyrətini nə dərəcədə izah etdiyimizi görərikmi?! Əgər durumumuzdan utanıb, səndən üzr istəsək belə nə xoş halımıza. Çünki sənə dönməyə, qaranlığa yuvarlanan bu qəlbimizi işıqlandırmağa heç olmasa şansımız olar. Amma yəqin, çoxumuz hələ də səndən nə qədər uzaq olduğumuzun, əslində səni yalnız dildə sevdiyimizin fərqində deyilik və bu sözlərin bizə aid olmadığı düşüncəsi ilə qəflətimizdə inad edirik.
Allahım, bütün müsəlman kişi və qadınına Xanım Fatimə (ə.s) qeyrətini, namusunu nəsib et! Çünki mən əminəm ki, əgər biz izzətimizə sahib çıxsaq, bu gün də Kərbəla yaşamarıq və hər gün, hər saat namərd düşmən gülləsindən şəhid olan müsəlmanlarımızın haqq uğrunda ölümlə mübarizəsinə yalnız seyirçi qismində tamaşa etmərik. Allah Təala Quranda dəfələrlə müsəlmanlara kafirlərlə mücadilədə vəhdətdə olmağı əmr edir. Biz müsəlmanlar heç Qurana - Allahın kəlamına da qulaq asmırıq, lazımınca itaət etmirik. Quran o ayələrdə sanki bizlərdən bəhs edir və bizim aqibətimizi təsvir edir, biz isə əslində Qurandan və özümüzdən uzaq düşmüşük.
Allahım, bütün müsəlman qadınlarına əsl qadın olmağı, həyatlarının hər sahəsində çox qısa, lakin qısa olduğu qədər də uzun-uzadı təfsilata, izahata ehtiyac duyan ömrü ilə əsl gözəlliyin portretini çəkən gözəllik mücəssiməsi Xanım Zəhranı (s.ə.) özlərinə örnək götürmələrini nəsib et!
Allahım, bizi onun qədrini layiqincə bilmədiyimizə, onu lazımınca sevmədiyimizə görə bağışla!
İlahi, inşəallah bizi onun üçün yaşayanlardan, ürəyi onun eşqi ilə döyünənlərdən, özümüzü və hər şeyimizi onun üçün və onun özünü fəda etdiyi o ülvi dəyərlər üçün həsr etməyi nəsib et! Bizi bu özümüzdən xəbərsizlikdən, qafillikdən, zülmətdən aləmlərin nurundan bir nur olan Həzrət Fatimənin (s.ə.) iman çeşməsindən yararlanmağı, onun nuru ilə həyatımızı, yolumuzu aydınlatmağı, işıqlandırmağı nəsib et! Amin.

Pərvin Nəsirova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

среда, мая 14, 2008

Sevginin əsl ünvanı

Sevgi! İnsanın yaranandan bəri xilqətində yoğrulduğu bir həqiqət. İlk növbədə sevgi ən üstün kamal olaraq Allahın özünə bəslədiyi məhəbbətdir. Sevgi kamal hesab olunanıı sevməkdir, kamal olaraq seçdiyimiz hədəfin həqiqətdə nə dərəcədə kamil olub-olmamasından asılı olmayaraq. Sevgi elə bir müəmmadır ki, nə gözlə görmək olur, nə əllə toxunmaq, nə də dillə ifadə etmək. Hətta bu möcüzəvi hissdən yalnız maddənin var olduğunu, maddədən qıraq heç bir şeyin olmadığını iddia edən materialistlər belə yan keçə bilməmişlər.
Sevgi elə bir sirli həqiqətdir ki, tarix boyu insanların araşdırma obyektinə çevrilmiş, bəzən bunu söyləyənlər həqiqəti inkar edənlər və onu insanların uydurduğu şirin bir nağıl adlandıranlar belə tapılmışdır. Amma bunu söyləyənlər əslində həqiqəti kor-koranə inkar edənlərdir.
Sevgi elə bir müdhiş hissdir ki, bəşər övladı sevdiyi uğrunda canını belə sevə-sevə fəda verər. Əsl sevən bu dünyanı zillət, cəfa bilib, tezliklə öz məşuquna, onun görüşünə tələsərək şəhidlik məqamını əldə edir. Bu günə qədər bəşəriyyətin keçdiyi ömür yoluna nəzər salsaq tarixin insanlığı heyrətə bürüyən neçə-neçə qəhrəmanlıq, fədakarlıqlarla zəngin olduğunu görərik. Nədir insanlara bu qədər cəsarət verən? Nədir uğruna hər şeyini qurban verməyə vadar edən səbəb?! Əlbəttə sevgi, eşq!
Bəzən insanlar sevməli olduqlarını deyil, çəkinməli olduqlarını sevmiş, ona bağlanmışlar, dünya və axirətini belə ona qurban vermişlər. Bəzi insanlar pul sevgisi, şöhrət-nüfuz sevgisi, rahatlıq və şəhvətdən aldığı zövq sevgisi və s. uğrunda yaşamış və bunları hədəf seçmişdir. Beləliklə, əsl sevginin məqsədi insanı ucaltmaq, aliləşdirmək, kamilləşdirmək olduğu halda, belə "sevgi" isə insanı ən aşağı səviyyəyə salmaq, onu məhv etməkdə iddialıdır.
Hansı sevgini, hansı yolu seçdiyimizə nəzər salaq. Kamilləşməkdirmi hədəfimiz, yoxsa cahilləşmək? Kamilləşməkdirsə, ən üstün kamala, ən yüksək sevgiyə sahib olanı - Allahı sevək. Əsl mənada, minnətsiz, təmənnasız, riyasız, saf, təmiz qəlblə sevək. Həmin qəlb özü də daima sahibini sevmək, onun üçün döyünmək, onun üçün hiss etmək, onun üçün sevinmək, onun üçün ağlamaq intizarındadır. Qəlbimizi o sevgidən uzaqlaşdıracaq hər bir şeydən uzaq olaq. Çünki əks təqdirdə məhvə düçarıq.
Bütün insanlar nöqsansız sevgi, ideal eşq axtarışındadır. İnsandakı bu fitri yanğını heç bir bəşəri sevgi söndürə bilmir. Çünki, insan cövhərində olduğu o eşqi bəşərdə axtarmağa çalışdıqca, yanıldığını başa düşür. Axı, insan naqisdir və mütləq, kamil sevgini bəsləmək iqtidarında deyil. İnsan içindəki o saf məhəbbətə susamış qəlbini yalnız kamil Allah sevgisi ilə razı sala bilər. O Allah ki, hər şeyi yaratmış və insanın ixtiyarına saysız-hesabsız nemətlər təqdim etmişdir. Biz Onun sayəsində varıq, biz Onun sayəsində yaşamağa, Onu sevməyə, Onu hiss etməyə fürsət əldə etmişik. Ondan başqa hər şey bir yoxdur. Çünki, Odur hər şey. Hər şeyə Onu görürmüş kimi baxaq və hər şeydə Onun təcəllisini və təzahürünü görək. Gecənin zülmətindən sonra açılan səhərdə, uçan quşda, min cür nemət bitirən torpaqda, sütunsuz səmada, cücərən toxumda, aldığımız nəfəsdə... Saymaqda belə aciz olduğumuz bütün canlıların hər gün ruzilərinin olmalarında, hətta aynaya baxanda özümüzdə belə Onu görə bilərik.
Yetər ki, gözümüzdəki hicabı, qəlbimizdəki qafillik pərdəsini götürə bilək. Artıq Allahı göydə deyil, öz daxilimizdə axtarmağı bacaraq.
Baxın, bu sevgidən aldığımız zövq əminəm ki, qəlbimizin ən böyük coşqu ilə axtarışda olduğu o hüzuru, xoşbəxtliyi bizə bəxş edəcək. Bunun üçün ilk növbədə yaradılmışları Yaradana görə sevməli, şəfqət göstərməliyik. Ətrafımızda olan hər kəsi Onun üçün sevməli, Onu sevməyənlərdən, Onun ayələrini, nişanələrini görməməkdə israrlı olanlardan Ona görə uzaq olmalıyıq. Bir sözlə, həyatımızın bütün qayəsi O olmalıdır. Əgər biz həyatımızın əsas dəyərinin ilahi eşq olduğunu unutsaq, deməli, özümüzü də unutmuş oluruq. Çünki, biz yalnız Onunla özümüzü tapa bilərik.
Həyatımızın cövhəri olan sevgini başa salmaqda sözlər acizdir. Onu başa düşmək üçün yalnız onun dadına baxmaq lazımdır. Ümid edirəm ki, bu möhtəmşəm sevgini dadmaq, İlahi eşqin sərçeşməsində qərq olmaq, əsl xöşbəxtliyin məğzini anlamaq və bütün qəlbimizlə onu yaşamaq bizlərə nəsiib olacaq. Bu, bizim özümüzdən asılıdır. İnsanların daşıya bilməyəcəyi yükü onlara yükləməyən Allah əgər insana bu qabiliyyəti verməsəydi, onu bizdən tələb etməzdi.

Pərvin Nəsirova

«Dəyərlər»in oxucusu

пятница, марта 14, 2008

«ALLAHU ƏKBƏR»i HƏQİQƏTDƏ ANLAYAQ…

Tez-tez rastlaşdığımız bir cümlə. Bəlkə də dilimizdən heç düşməyən bir ifadə. Milyonlarla insanın ən azı hər gün dilində səslənən cümlə. Eyni zamanda ən çox repressiyaya uğratdığımız bir ifadə - ALLAHU ƏKBƏR. Bu gün dünya müsəlmanlarının demək olar ki, hamısının bildiyi və iradi ya qeyri-iradi tez-tez təkrarladığı bir cümlə. Bizi böhranlardan çıxarmaq naminə Allahın bizə öyrətdiyi bu cümləni repressiyaya uğratmağımızla əslində elə özümüzü böhrana salmışıq.
Dildə "Allah böyükdür" deyirik. Lakin nə fayda?! Əgər hər gün bir çox işlərdə Allah Təalanın buyruğunu deyil, ən dəyərsiz şeyləri, öz nəfsimizi belə daha üstün tuturuqsa… Əgər hər gün o böyük dediyimiz Allahın sözlərini mövqeyimizi, məqamımızı itirməyək deyə bu dünyadakı "böyük" hesab etdiyimiz şeylərə qurban veririksə! Əgər dinin sütunu, imanın gözü, ruhun meracı olan namazda belə «Alllah böyükdür» deyərkən, Allahdan başqa hər şey gəlirsə ağlımıza! Nə fayda əgər «Allah böyükdür» deyir, ancaq Onun böyüklüyünü öz şəxsi mənafeyimizdən kiçik görürüksə!
Bəs, hanı bizim Allaha böyük dediyimiz! Niyə bu gün Böyük Allahın buyruqlarını kiçik görürük? Niyə bu dünyanın aldadıcı ləzzətlərindən başımız ayılıb Allaha doğru yönəlmirik ki, bəlkə düşdüyümüz bu aşağı səviyyədən Mütləq Kamala, Həqiqi Böyüyə, İzzət Məcmuəsinə (Həqiqətən bütün izzət Allaha məxsusdur), Elm Dəryasına (O hər şeyi biləndir) yönələrək insanlıq mərtəbəsinə yüksələ bilək?!
Nə oldu?! Yoxsa bu sözlər bizdə ikrah hissimi yaratdı? Allahı nə qədər kiçik gördüyümüzün fərqinəmi vardıq? Yoxsa tanıya bilməyirik özümüzü? Baxaq! Diqqətlə baxaq özümüzə daxili gözümüzlə!
Ey insanlar, ey müsəlmanlar, nə olar, gələk, öz adımıza sahib çıxaq! Buna yalnız Allahı həqiqi zikr etməklə çata bilərik. Əgər biz Allahı yeganə, Ondan başqa böyük olmayan bir Böyük kimi tanısaq və bu bizim bütün həyatımıza sirayət etsə, nə xoş bizim halımıza. Əslində mərifət olaraq bunu bilirik də. Ancaq qəlblərimiz hələ də qəflətdədir. Hələ də «Allahu Əkbər» deyəndə tir-tir əsib yerə düşmürük bu sözün BÖYÜKlüyündən. Niyə dilimiz bəçəriyyətin ən yüksək məqamında olarkən, qəlbimiz ən aşağı, rəzil səviyyədə donub qalır?! Donub qalmaqla yetinmir, daha da aşağı pillələrə enməklə nə üçün yaranmış olduğunu, yaşama qayəsini belə unudur? Axi, Allah insanı Ona ibadət üçün yaratmışdır. İtaət və ibadətin mənası həyatın hər səhnəsində Allahla olmaqdır. Əsl təslim olmuş insan həyatının hər bir səhnəsində Allahı görürmüş kimi yaşasa, (necə ki, Həzrət Əli (ə) buyurub: «Kor olsun o gözlər ki, Səni qarşısında görmür»), əsl ibadət etmiş, zikr etmiş olur.
Lakin bizlər hələ də Əsl Dostumuza, Vəlimizə (Allah müttəqilərin vəlisidir) tam mənasıyla etibar etmir, hələ də Onun bizə söz verdiyi məsələlərdə süstlük edir və Böyük, hər şeydən Böyük Allaha təvəkkül etməyi bacarmırıq. Çünki, "Allahu Əkbər"in nə demək olduğunun hələ də fərqində deyilik. Allah bizə Öz Dostluğunu, Köməyini vəd etdiyi halda, biz hələ nədənsə kimin, nəyin - Mütləq İradə və Qüvvət sahibi Rəhimli Böyük Allahınmı, yoxsa yalançı vədlər verən fani insanın, ötəri dünya ləzzətlərinin, nəfsani istəklərimizinmi tərəfində duracağımızı düşünürük.
Görəsən niyə?! Çünki Allahın nə qədər böyük olduğunu bir çox hallarda qəbul edə bilmirik. Ola bilsin ki, Allahın hər şeydən böyük olduğunu sübut etməkçün uzun-uzadı elmi mübahisələr, diskussiyalar aparılsın, kitablar yazılsın, ancaq bu böyüklüyün qəlbə hopması üçün bu kifayət deyil. Bununçün bizə hər gördüyümüzü və oxuduğumuzu ürək gözüylə görmək və oxumaq lazımdır. Çünki bir hadisə qarşısında bir insan bütün ömrünü, nəinki ömrünü, axirətini belə dəyişə bilər, kamilliyə doğru ucalar. Kimisi isə heç bir şey görmürmüş kimi, sadəcə, zahiri gözlə tamaşa edər və yüksəkliyə doğru gedən yolun sərhədindən yan keçər.
"Gözlər kor deyil, lakin sinələrdəki qəlblər kordur". Uca Allahın bildirdiyi kimi, bizə şeylərin həqiqətini görə bilmək, hadisələri düzgün analiz edə bilmək, nəticə çıxarmaq üçün hər şeyə zahiri gözlə deyil, ürək gözüylə də baxmaq lazımdır.
Belə olduğu təqdirdə biz Allahı düzgün ana, zikr edə bilərik. Əks halda bizim riayət etdiyimiz «Allahu Əkbər» zikri bizi həqiqətən Böyük olan Allaha yönəldib ucaltmaq əvəzinə, ən rəzil Şeytana tərəf yönəldərək nəfsimizə əsir düşməyi davam etdirməyimizə səbəb olar. Allah bizi Onun Gözəl İsimlərini Onun şəninə yaraşan - ən gözəl şəkildə zikr edənlərdən qərar versin, inşəallah.

Pərvin Nəsirova,
«Dəyərlər»in oxucusu