Показаны сообщения с ярлыком yazar: Zemfira Nəsrullayeva. Показать все сообщения
Показаны сообщения с ярлыком yazar: Zemfira Nəsrullayeva. Показать все сообщения

воскресенье, марта 01, 2009

Qeyri-adi müalicə

İnsan orqanizmi gün ərzində müxtəlif təsirlərə məruz qalır. Bu təsirlərin əksəriyyəti xarici amillərlə bağlı olaraq baş verir. Tibb elminin rəyinə görə insanda əsasən dörd duyğu: görmə, eşitmə, qoxubilmə, dadbilmə mövcuddur. Bu duyğular mərkəzi sinir sisteminin fəaliyyəti ilə həyata keçir. Məsələn, eşitmə prosesinə nəzər salaq: səs dalğaları eşitmə analizatoruna təsir edir. Eşitmə reseptorları xaricdən gələn qıcıqların təsiri ilə əmələ gələn oyanmaları sinir impulslarına çevirərək baş beyin yarımkürələri qabığının gicgah payında yerləşən eşitmə mərkəzinə verilir. Eşitmə mərkəzində səsin xarakteri, gücü, ucalığı qəti olaraq analiz və sintez edilir.

Eşitmə prosesi bu qədər mürəkkəb olmasına baxmayaraq, Allahın sonsuz lütfü sayəsində bizim üçün bunun nə qədər tez baş verdiyinin heç fərqinə belə varmırıq.

Həddindən artıq yüksək səs insan orqanizmi üçün olduqca təhlükəlidir. Qurani-Kəirmin “Yasin” surəsinin 28-29-cu ayələrində belə buyurulur: “Ondan (Həbib Həccardan) sonra tayfasının üstünə göydən heç bir qoşun göndərmədik və heç göndərən də deyildik. (Onların cəzası) ancaq dəhşətli (tükürpədici) bir səs (Cəbrailin qışqırtısı) oldu. Dərhal məhv olub (şam kimi sönüb) getdilər”.

İngiltərənin “Royal Mardsen” xəstəxanasının elmi əməkdaşları səs dalğalarından istifadə edərək xərçəng mənşəli hüceyrələri yox etməyi bacardıqlarını açıqlamışlar. Təcrübə aparan mütəxəssislər xüsusi ultrason cihazında istifadə olunan səs dalğalarının 10000 qat artıq güclə xərçəng mənşəli hüceyrələrə yönəltməklə onların eynilə mikrodalğa sobasında yandığı kimi yanmalarının mümkün olduğunu qeyd ediblər. Tədqiqat aparan alimlər bildiriblər ki, bu üsulla müalicə zamanı digər hüceyrələrə heç bir zərər toxunmur və üzərində müalicə aparılmış şəxsin əməliyyat olunmasına ehtiyac qalmır.

Qurani-Kərimin səsin insan üçün təsiri barədə digər ayəsi belədir: “O zülm edənləri qorxunc (tükürpədici) bir səs bürüdü və evlərində diz üstə çöküb qaldılar (bir göz qırpımında həlak oldular)” (“Hud”, 67).

Nəinki adi səs dalğaları, Rəbbin rəhmət olaraq bizlərə gondərdiyi hətta Quran sədası belə insanın ruhuna qida, mənəvi və cismani xəstəikləri üçün şəfadır. “Quran oxunan zaman onu dinləyin və susun ki, bəlkə (onun sayəsində) rəhm olunasınız” (“Əraf”, 204).

Zemfira Nəsrullayeva
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Zəmzəm suyunun özəllikləri

Zəmzəm çeşməsi haqqında demək olar ki, hamının müəyyən qədər təsəvvürü var. Zəmzəm çeşməsi susuz səhrada qalmış körpəyə və onun anasına İlahinin bir müjdəsi idi. Bəs görəsən bu suyun özəllikləri və qəribəlikləri nədən ibarətdir?

Hər il milyonlarla zəvvarın su təminatını ödəyən və heç vaxt tükənməyən, bir çoxlarının maraq dairəsinə çevrilən Zəmzəm çeşməsi dəfələrlə araşdırılmışdır. Avropa laboratoriyalarında aparılan araşdırmalara görə Zəmzəm suyu digər sulara nisbətən daha az kükürdə malikdir, daha çox minerallıdır, doyumludur, tərkibində mikrobları məhv edən flüor (F) var. Aclığını təmin etmək üçün içənin aclığını, susuzluğunu təmin etmək üçün içənin susuzluğunu aradan qaldırır. Məkkənin digər su qaynaqlarının sularına nisbətən tərkibində kalsium (Ca) və maqnezium (Mg) daha çoxdur. Bu da susuzluq və yorğunluğun aradan qaldırılmasına zəvvarlara olduqca müsbət təsir göstərir.

Dünya Sağlamlıq Təşkilatının (WHO) qənaətinə görə dünyadakı ən içməli və daha təmiz sulardan biridir. Amerikada edilən yoxlanışın nəticələrinə görə dünya üzrə içində mikroorqanizm və bakteriya olmayan yeganə su məhz Zəmzəm suyudur. Tibbdə təsdiq olunmuşdur ki, Zəmzəm suyu heç vaxt beldən aşağı hərəkət etmir, yalnız tər vasitəsilə insanın vücudundan xaric olur.

Dərinliyi təqribən 1.5 m, eni isə 14 addım olan bu quyunun mənbəyi hələ də bilinmir. Yaxınlığında heç bir quyu yoxdur, dəniz isə 80 km uzaqlıqdadır. Başqa qəribəliyi də odur ki, digər quyulardan fərqli olaraq divarlarında mamır və bu qəbildən olan başqa bitkilər bitmir.

Bəzi mütəxəssislər suyun 3 ana xətdən gəldiyini təxmin edirlər. Amma tam olaraq qaynağın hara olması bilmirlər. 2000 m-dən yüksək olan Taif dağına hər gün yağış yağması ilə əlaqədar olaraq qaynağın birinin bura olması təxmin edilir.

1971-ci ildə quyunun mənbəyini araşdırmaq məqsədi ilə güclü nasoslar işə salınır. Nasosların fasiləsiz işləməsi nəticəsində nisbətən suyun azaldılmasına cəhd göstərilir, amma yenə də quyu su ilə dolmağa başlayır. Səudiyyə Ərəbistanının o zamankı kənd təsərrüfatı və su ehtiyatları naziri Muin Əddin Əhməd xüsusi təmizlikdən keçəndən sonra quyunun dibinə enmişdir. O, suyun mənbəyinin nə qədər araşdırırsa, tapa bilmir. Amma birdən ayağının altında qum tərpənir. Bu zaman məsələnin nə yerdə olduğunu anlayır.

Həqiqətən, Zəmzəm suyu nəinki balaca İsmayıla və anası Hacərə, belə demək olarsa, bütün müsəlmanlara İlahinin bir töhfəsidir. Hər il həcc ziyarətinə gedən zəvvarlar bu sudan bəhrələnirlər. Allah bütün möminlərə bu dünyada Zəmzəm çeşməsindən, axirətdə isə Kövsər bulağından bəhrələnməyi nəsib etsin inşəallah!

Zemfira Nəsrullayeva
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

четверг, ноября 20, 2008

Ünsiyyət və biz

“Ünsiyyət” ərəb sözü olub, “üns” sözündən götürülmüş və əlaqə qurma, fikir-məlumat mübadiləsi, obyekt və subyekt arasında rabitə və s. mənalarına gəlir. Hər bir insan fitrətən ünsiyyət qurmağa meyllidir. Bəzi psixoloqlara görə insanlar məhz tələbatları və ehtiyacları ucbatından ünsiyyət qururlar, bu tələbat istər mənəvi olsun, istərsə də maddi.

Müəyyən araşdırmalar aparan mütəxəssislərə görə isə insanın həyat keyfiyyətinin daha yüksək olması cəmiyyətdə ünsiyyət vasitələrinin çoxluğu və ya azlığı ilə ölçülür. Onların fikrincə ünsiyyət nə qədər çox olsa, informasiya və bilik mübadiləsi nə qədər sürətlə artsa, insanlar arasında yaranan əlaqələr nə qədər geniş və çoxölçülü olsa, cəmiyyətlər bir o qədər də çox inkişaf edər.

Hesablamalara əsasən insan gün ərzində ona lazım olan 100% enerjinin 10%-ni qidadan, qalan 90%-ni isə ünsiyyətdən alır. Bəs görəsən hamı ilə ünsiyyət bu 90%-i bərpa edə bilirmi? İnsanın ünsiyyət çevrəsi bir neçə istiqamətə yönəlikdir: ətrafda olan insanlarla ünsiyyət, Yaradanla ünsiyyət və insanın özü ilə ünsiyyət.

Ətrafda olan insanlarla ünsiyyət haqqında müxtəlif fikirlər söylənilmişdir. Bəzi düşüncələrə görə ünsiyyət insanın xarakterindən asılı olaraq mümkün ola bilir. Bu cür düşüncənin nümayəndələrinin fikrincə elə insanlar var ki, qarşıdakı insanla daha tez ünsiyyət qurmağı bacarır, amma elələri də var ki, bu onlar üçün elə də asan iş deyil. Bunu da bir çox yöndən – bəzi komplekslər, bioenerjidəki aura yetərsizliyi və s. ilə izah edirlər.

İnsanın özü ilə ünsiyyəti isə vicdanı ilə, batini aləmi ilə üzləşməsidir. Təsadüfi deyil ki, bir səhvi olanda daxilən mənəvi iztirab çəkir. Amma bəzi hallarda ondan qaçmaq istəyir, sanki vicdanının səsini eşitmək belə istəmir. Bu zaman isə ona yalnız səmimiyyəti kömək edə bilər.

Yaradanla ünsiyyət isə insanın həyatının bütün sahələrinə sirayət edən bir məhfumdur. 90% enerjinin içində dominantlıq təşkil edən hissə məhz Allahla olan ünsiyyətdir. Bu ünsiyyətin də nə qədər yüksək dərəcəli olması insanın Allah qarşısında səmimiyyətindən asılıdır.

Bəzən insanı, xüsusən son dövrlərdə, depressiyalar, stresslər bürüyür. Bu zaman insanı səhrada susuz qalmış bir kəsə bənzətmək olar ki, gözü hər yerdə suyu axtarır. İnsanın bu halını onun həqiqi həmdəmindən uzaq düşməsi kimi izah etmək olar. Qəlbi Allaha təslim nəticəsində iman nuruyla dolarsa, artıq onun üçün çətinliklərə sinə gərmək, insanlarla ünsiyyətə girmək elə də çətin olmayacaq, indi daha çox güzəştə gedəcək, ətrafdakılarla daha çox mehriban olacaq. Necə ki «Fatir» surəsinin 10-cu ayəsində buyrulur: “Hər kəs izzət istəyirsə, (bilməlidir ki) bütün izzətlər Allahın yanındadır. Pak söz (lə iləhə illəllah) Allaha doğru yüksəlir və saleh əməl (isə) onu (daha da) yuxarı aparır”.

Mubarək hədislərimizdə də buyrulmuşdur ki, hər kim Rəbbi ilə öz arasını düzəltsə, Rəbbi də insanlarla onun arasını düzəldər.

Rəbb ilə ünsiyyət mənəviyyatın yüksəlməsi, qəlbin aramlıq tapması, yaradılışın həqiqətini anmaq, insanın bütün varlığı ilə Allaha yönəlməsi, daha nələr, nələr deməkdir. Bu ünsiyyət üçün də Allah Təala vasitələr qərar vermişdir ki, hər gün vacib namazlar, dualar, münacatlar və növbənöv ibadətlər hamısı bu qəbildəndir.

Zemfira Nəsrullayeva
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

суббота, октября 25, 2008

Axı o musəlman idi…

...Gözləri dalğalanan dənizə zillənmişdi. Bu mənzərəyə baxa-baxa dərin fikrə dalmışdı. Xəyalında nələrsə canlanır və tez-tez dərindən ah çəkirdi. Sanki bütün dərdlərini coşğun dənizin dalğalarında boğmaq istəyirdi. Dərdləri bir-bir yadına düşdükcə qəlbi sızıldayırdı. Gözlərinə diqqətlə baxanda dərin hüzn və sanki heç vaxt bitməyəcək bir həsrət var idi.

Həyatdan, insanlardan çox incimişdi. Haqqını çox tapdamışdılar. Bu incikliklər qəlbinə bir yox, bir neçə yara vurmuşdu.

...Gecə ikən evlərə hücum edilməsi, körpələrlə, qadınlarla amansızcasına davranılması, hər cür vəhşiliyin həyata keçirilməsi... Bu səhnələr onun yadına düşdükcə onu dəhşət bürüyürdü. Bu vəhşiliyin sayəsində də on minlərlə insan öz yurdundan, yuvasından didərgin düşdü. Bu yurd-yuva onun doğma vətəninin bir parçası – Qarabağ idi. Qarabağla birgə sanki qəlbinin bir parçasını da itirmişdi.

Elə bu fikir yelkənində üzürdü ki, birdən başqa bir sızlayan yarası – Fələstin, Qüds yadına düşdü. Uşaqların, qadınların naləsi, fəryadı, onların başlarına gətirilən zülmlər bir an gözünün önündə canlandı. Aman Allah! Bu necə də dəhşətli mənzərə idi...

Bəlkə də fikirləşə bilərik ki, özünün ən böyük dərdi olan “Qarabağ” özünə bəsdir. Amma yox, bu cür fikirləşməyə haqqımız belə yoxdur. Özü haqsızlığa uğrayıb qəlbi sızlayan, vicdanı, haqqı hayqıran insan bütün bunlara biganə qala bilməzdi. Axı o müsəlman idi. Qəlbi ağlayan, dərdlərindən yaralanan müsəlman. Bəli, o müsəlman ki, dini ona zülmə boyun əyməməyi, haqqı bərpa etməyi, haqsızlığa göz yummamağı əmr edir. Fələstin də, Qüds də, Kəşmir də onun qardaşlarının vətəni idi.

Kərbəla həsrəti də qəlbini yandırıdı. Amma nə etmək olar. Ora da gedə bilmirdi. Kərbəlanı xatırlayarkən elə bil bayaqdan düşdüyü qəflətdən ayıldı. Yadına Həzrət Hüseynin (ə) zülmə qarşı olan qiyamı düşdü. Elə bu an dərdlərindən alovlanmış qəlbinə sanki su çiləndi. Mövlası Hüseyn (ə) də haqq uğrunda mübarizə apardı. Ağası ona son nəfəsə qədər mübarizə aparmağı öyrətdi.

Şıltaq dalğalara zillənmiş ümidsiz gözlərində indi ümid görünməyə başladı və içindən hasısa səs hayqırdı. İçindən hayqıran səsi bunları deyirdi: “Heç kim bizi, dinimizi aşağılaya bilməz, heç kim haqqımızı əlimizdən ala bilməz, heç kim bizi əzə bilməz. Çünki zillət bizdən uzaqdır. Ey qəlbləri qana susamış canilər, tərk edin müqəddəs torpaqlarımızı. İslam Peyğəmbərinin (s) mübarək qədəmlərini basaraq şərəfləndirdiyi torpağı, müsəlmanların ilk qibləgahı olan torpağı, islam Peyğəmbərinin (s) meracı baş verən torpağı. Tərk edin Qüdsü, Fələstini , Qarabağı, İraqı, Kəşmiri!”

Zemfira Nəsrullayeva
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

четверг, октября 02, 2008

Aromoterapiya hedislerimizdə

Tibb aləmində bir çox müalicə metodları mövcuddur və bu metodlar hər biri digərindən özünəməxsusluğu ilə fərqlənir. Bu cür müalicə üsullarından biri də aromoterapiyadır – qoxu ilə müalicə . Aromoterapiya müxtəlif efir yağlarından müalicə məqsədilə istifadə edilməsidir. Efir yağlarından istifadə insanın sağlamlığına və əhval-ruhiyyəsinə müsbət təsir göstərməklə yanaşı, immuniteti möhkəmləndirir, zehni itiləşdirir. Bu yağlar insanın dərisi üçün də xeyirlidir. Həmçinin efir yağlarından bir sıra keyfiyyətli kosmetik vasitələrin hazırlanmasında da istifadə olunur.

Qədim romalılar, misirlilər, yunanlar bütün həyatları boyu aromoterapiyanın faydalarından yaralanmışlar. Hətta bəzi bitkilərin istifdə texnalogiyası o dərəcədə ustalıqla həyata keçirilmişdir ki, hələ də dəyişikliklərə uğramamışdır.

Güllərin, otların, ağacların ətirləri onlarda efir yağlarının olmasından xəbər verir. Bu cür xoş ətir bitkilərdə efir yağı, qatranlı və ya yağlı maddələr hasil edən hüceyrələrin hesabına yaranır.

Heç bir yaranmışı, hətta gözlə gözlə zorla görünən böcəyi belə əbəs yerə yaratmayan Allah Təala çiçəkləri, gülləri, bitkiləri də gözəlliklərilə zinətləndirməklə bərabər, onlarda min bir dərdin dərmanını da qərar verdi. Məhz bu səbəbdən islamda olan hədis və rəvayətlərə nəzər saldıqda Məsumlarımızdan (ə) bu mövzuda xeyli sayda tövsiyələrin nəql olunduğunun şahidi oluruq. Hədislərdə qeyd olunan bitki yağlarının faydaları tibbin gəlib çatdığı bir çox faydalarla üst-üstə düşür.

Nümunə olaraq bənövşə yağını göstərmək olar. Hədislərə əsasən bu yağdan istifadə etmək göz ağrısı, baş ağrısı, dərrakənin itilənməsi, insanın bədən tempraturunun mövsümə uyğun tənzimlənməsi üçün olduqca faydalıdır. Mübarək hədislərimizdə küncüd, zanbaq, ban, zeytun və s. yağları da vurğulanmışdır.

Ban yağı hind fıstığından istehsal edilən yağdır. Bu yağ dəridə, xüsusən ayaqda olan çatlar üçün xeyirlidir, imuniteti yüksəltmək qüdrətinə malikdir. Küncüd yağı isə baş ağrılarının aradan getməsinə kömək edir. Hətta rəvayətdə var ki, Peyğəmbər (s) burnuna küncüd yağının damcıladılmasını sevirdi.

Zanbaq yağı da təkid olunan yağlardan biridir. Bəzi mütəxəssislərə görə zanbaq ağ yasəmən kimi də başa düşülür. Hədislərə əsasən, İmam Kazim (ə) və İmam Rza (ə) burunlarına bu yağdan damızdırardılar.

Zeytun yağının bir çox üstünlüklərə malik olduğu bəllidir. Rəvayətdə də gəlib ki, Peyğəmbər (s) Həzrət Əliyə (ə) bu yağdan istifadə etməyi məsləhət görüb və ondan istifadə edəndən iblisin 40 gün uzaq gəzməsini bildirib.

İstər hədislərdə, istərsə də tibb elmində bitkilərlə bağlı qeyd olunan məsləhətlər insanın həm cismi, həm də ruhi rahatlığını tənzimləyir. Sağlamlıq hər bir kəsə gərəkdir. Onu qorumaq üçün də İlahinin bizə bəxş etdiyi nemətlərdən faydalanaraq tövsiyə olunan göstərişlərə əməl etmək lazımdır.

Zemfira Nəsrullayeva
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

суббота, сентября 13, 2008

Xəzinəmizi qoruyaq

Ailə hər bir insanın həyatında önəmli addımlardan biridir. Amma bəzən tərəflərin səhlənkarlığı, diqqətsizliyi, düşünülməmiş atılan addımları ucbatından ailə münüsibətləri sarsılır. Elə məhz bu sarsılmalar nəticəsində boşanma halları meydana çıxır.
Məlumdur ki, boşanmalar son illər daha çox artmaqdadır və gündəmin aktual məsələlərindən biridir. Mütəxəssislər boşanma hallarını bir çox səbəblərdə görürlər. Onlar bu səbəbləri gənclərin təcrübəsizliyi, ailə quran cütlüklərin yaş həddinin düzgün seçilməməsi, valideynlərin qurulan ailələrə qarışması, həmçinin ailə qurduqdan sonra ailəyə müdaxilələri, qısqanclıq, tərəflər arasında bir-birinə qarşı hörmətsizlik, qarşılıqlı anlaşılmazlıq, diqqətsizlik və s. ilə əlaqələndirirlər. Statistika göstərir ki, valideynlərin məsləhəti ilə qurulan ailələrə nisbətən müstəqil seçim edərək qurulan ailələrdə boşanma halları daha çoxdur. Qeyd etmək lazımdır ki, boşanmalara səbəblər içərisində, xüsusilə hal-hazırdakı dövrdə pis vərdişlər və maddi çətinlik də qaçılmaz hal deyil.
Statistik göstəricilərə əsasən hal-hazırda Azərbaycanda məhkəməyə müraciət edənlər arasında qadınlar üstünlük təşkl edir. Bəzi mütəxəssislər qadınları təhsilli və təhsilsiz kateqoriyalara bölərək hər bir kateqoriyanın özünəməxsus boşanma səbəblərini aydınlaşdırmışlar.
Türkiyənin Ailə və İctimai Araşdırmalar Ümumi Müdirliyi tərəfindən yaradılan Ailə Quruluşu belə bir nəticəyə gəlib ki, təhsilli qadınlar aldanma və təziqə məruz qalma, təhsilsiz qadınlar isə uşaq sahibi olmama və yoldaşının ailəsi ilə dolana bilməməsi kimi səbəblərə görə boşanırlar. (anspress.com)
Miçiqan universitetinin əməkdaşları son vaxtlarda hətta belə bir nəticəyə gəliblər ki, boşanmalar ekologiyaya ciddi zərbə vurur. Hesablamalara görə boşanmış şəxsin təsərrüfatı ailənin təsərrüfatından orta hesabla 40-50% azdır. Amma buna baxmayaraq, bir çox sərf olunan enerjinin miqdarı eynidir. Məsələn, evin qızdırılması üçün sərf olunan enerji.
Boşanmaların ictimai və fərdi zərərlərindən əlavə, daha böyük bir zərbəsi günahsız, onu gələcəkdə atılan bu addım nəticəsində nələr gözləyəcəyindən xəbərsiz olan uşaqlara dəyir. Bu addımı atan ata və ana ailədə öhdəsinə düşən məsuliyyəti layiqincə icra etsə, boşanma halları heç vaxt ortaya çıxmaz.
İslam şəriətində ailənin qorunması və davamlılığı naminə bəzi hallarda təlağa (boşanmaya) ağır şərtlər qoyulmuşdur. Lənətlik şeytanın ən çox xoşlandığı hallardan biri də ailənin dağılmasıdır. İdeal ailə nümunəsi olan Həzrət Əli (ə) və Həzrət Fatimə (s.ə) ailəsi bizim üçün ən gözəl örnəkdir. İmam Əli (ə) buyurub: “Qadınlar sizin əlinizdə ilahi əmanətləridir. Onlara ziyan vurmayın, onları sıxışdırmayın”.
İnsan hər hansı xəzinəyə, dövlətə sahib olduqda onun dəyərliliyinin fərqinə yetərincə varmır. Amma xəzinə itirildikdə, əldən çıxdıqda dəyəri daha çox anlanılır. Ailə də bir xəzinə, böyük bir İlahi nemətdir. Əldən çıxmamış qədrini bilmək lazımdır. Peyğəmbər (s) buyurub: “İnsanların iman cəhətdən ən layiqlisi ailəsinə qarşı xoşxasiyyətli və mehriban olanıdır. Sizlərin arasında ailəsinə qarşı ən mehriban olanı mənəm”.


Zemfira Nəsrullayeva
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

вторник, июня 17, 2008

Haqqa dəvət edən çağırış

"(Xalqı) Allaha tərəf çağıran, yaxşı iş görən və: "Mən müsəlmanlardanam!"- deyən kəsdən daha gözəl danışan kim ola bilər?!" («Fussilət», 33)
Alimlərin təfsirinə əsasən bu ayə azan və onu icra edən şəxs barəsindədir. İslamda azanı icra edənə müəzzin deyilir. Hər namaz vaxtı müəzzin minbərə çıxaraq azan deyir. Bu zaman milliyyətindən, cinsindən, rəngindən, tutduğu mövqedən asılı olmayaraq müsəlman olan və Allaha ibadət edən hər bir kəs Kəbə evinə tərəf yönələrək namaz qılır. Peyğəmbərin (s) nur adlandırdığı Allahın təkliyini xatırladan bu şüar, insanları Allaha pərəstiş etməyə çağırır. Bu səsdə elə bir cazibə mövcuddur ki, istər namaz qılan olsun, istər qılmayan - onu eşidən hər bir kəsin qəlbində titrəyiş əmələ gəlir.
İmam Rza (ə) buyurmuşdur: "Allah Təala azanı bir çox səbəbə görə göstəriş vermişdir: ümmətin öyrənməsi və qəflətdə olanların oyanması, namaz vaxtının bildirilməsi, insanları Allaha tərəf pərəstiş etməyə dəvət və onları ibadət üçün həvəsləndirmə, iman yolunda cihad, unutqanlığa xəbərdarlıq bəxş etmək və digər".
İslamda ilk müəzzin Bilal Həbəşi olmuşdur. Məkkənin fəthində Peyğəmbər (s) Bilalı uca səslə azan demək üçün Kəbənin hündür bir yerinə göndərdi. Bu hadisədən sonra Bilal Həzrətin (s) müəzzini oldu. Peyğəmbərin (s) axır gününə kimi Bilalın könül oxşayan səsi hər azan vaxtı əks-səda verdi. Bilal, Həzrətin (s) vəfatından sonra daha azan demədi.
Belə rəvayət olunur ki, bir gün Həzrət Zəhra (s.ə) dedi: "Çox arzu edirəm atamın müəzzininin səsini eşidim."
Bilal Fatimeyi-Zəhranın (s.ə) onun azanını arzulamasını eşidəndə azan deməyə başladı və "Allahu Əkbər! Allahu Əkbər!" deyə səsləndi. Zəhrayi-Mərziyənin (s.ə) atası ilə bağlı xatirələri təzələndi və atasını yad etdikcə göz yaşlarını bahar yağışı kimi axıtmağa başladı. "Əşhədu ənnə Muhəmmədən Rasulullah"a çatanda isə xanım huşunu itirdi. Adamlar Bilala dedilər: "Sakit ol! Peyğəmbərin qızı dünyadan getdi". Həzrət Zəhra (s.ə) bir xeyli bu vəziyyətdə qaldı. Bilal azanı kəsib dalını davam etmədi. Xanım özünə gəldikdən sonra yenidən azanın davamını Bilaldan istədi. Amma Bilal üzr istəyib dedi: "Qorxuram ki, davam etsəm artıq sizdə taqət qalmaz". Xanım onun üzrünü qəbul etdi.
Azanın iki növü var: xəbərdarlıq azanı və namaz azanı.
Xəbərdarlıq azanı namazın ilkin vaxtını camaata çatdırmaqla yanaşı, bu azanı icra edən müəzzin öz cazibədar səsi ilə bəzi qafilləri, yəni yeyib-içməyə başı qarışanları, işrətlə (keflə) məşğul olanları və ya mənasız söz danışanları, vaxtını boş yerə israf edənləri oyadır. Necə ki, «Maidə» surəsinin 58-ci ayəsində buyurulmuşdur: "Siz (bir-birinizi) namaza çağırdığınız zaman onlar onu oyun-oyuncaq sayarlar. Bu, onların anlamaz bir tayfa olmalarındandır".
İkinci növ azan ibadət əhli üçündür ki, onlar azanı eşitdikdə namazın müqəddiməsini təşkil edən dəstamaz və bu kimi işləri yerinə yetirərək namaza hazırlaşırlar, məscidə gedirlər.
Bildiyimiz kimi, gündəlik namazlarda da azan demək savabdır. Əziz Peyğəmbərimiz (s) buyurub: "Hər kəs namaz üçün azan deməyib təkcə iqamə desə, həmişə onunla birlikdə olan iki mələk namazda ona iqtida etməzlər."
Azan elə bir nurdur ki, bu səs səmalarda ucalan vaxt asimanın qapıları açılar, dualar müstəcəb olar, şeytan o yerdən qaçmağa üz tutar. Mötəbər hədislərimizdə buyurulmuşdur ki, Allah Təala yer əhlindən müəzzinlərin azan sədası və gözəl ahənglə Quran tilavətinin avazının yüksəlməsindən başqa bir şey eşitmək istəməz.
Azan müsəlmanları vəhdətə çağırışdır ki, islam düşmənləri bunu heç vaxt istəməz. İngilis siyasi xadimlərindən biri parlament iclasında belə demişdir: «Nə qədər ki, Muhəmmədin adı minarələrin yüksəkliklərindən eşidilir, nə qədər ki, Kəbə öz yerindədir və Quran müsəlmanlara yol göstərən kitab kimi saxlanılır, bizim siyasətimizin islam ölkələrində möhkəmlənməsinə imkan yoxdur». («Təfsiri-nümunə» c.4,s.438)
Allah Təala bizə o günü nəsib etsin ki, hər azan vaxtı şəhərimizin bir-iki küçəsində yox, digər müsəlman ölkələrində olduğu kimi, hər guşəsində azan sədaları ucalsın.


Zemfira Nəsrullayeva
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi


понедельник, июня 09, 2008

Tarixin nadir incilərindən biri

Ruhullah Musəvi Xomeyni (r.ə)… Elə bir şəxsiyyət ki, həyatının bütün səhnələri başdan-başa insanlığa nümunə olan, islamı qəriblikdən və tənhalıqdan çıxarıb dünyəviləşdirən, yüksək idarəetmə qabiliyyətinə malik olan, sahib olduğu vəzifəyə vicdanla əməl edən...
Ruhullah Musəvi Xomeyni (r.ə) 1902-ci il sentyabr ayının 24-də İranın mərkəzi əyalətinə aid olan kiçik Xomeyn şəhərində anadan olmuşdur. Atası Ayətullah Seyyid Mustafa Musəvini kiçik yaşlarında ikən itirmişdir. Atasının şəhadətindən sonra anası Hacər xanım və bibisi Sahibə xanımın himayəsi altında qalaraq böyümüşdür. Lakin 15 yaşında onları da itirdi. Elə həmin vaxtda yetimliyin ağrı-acılarını hiss edən İmam (r.ə), ata-ana nəvazişlərindən məhrum olaraq həyatını sərt sıxıntılar içində keçirməyə başladı. Həyatında baş verən acı hadisələrə baxmayaraq, kəramətli əxlaqını, təhsilə marağını, zirəkliyi və şücaətini heç vaxt tərk etmədi. O, üsul, fəlsəfə, fiqh, ürfan və digər elmlərə dərindən yiyələnmişdir.
Bir çoxları İmam Xomeynini (r.ə) İran İslam İnqilabı ilə xatırlayır. Elə bir inqilab ki, dünya tarixində özünəməxsus iz qoydu, düya ölkələrinə İranın strateji kimliyini tanıtdı. 1978-1979-cu illərdə baş verən bu inqilab sayəsində 2500 illik tarixi olan mütləq monarxiya üsulu devrildi, ölkə tarixində ilk dəfə prezident seçildi. Qeyd edək ki, monarxizmin son nümayəndəsi M.Rza Pəhləvi olmuşdur. Keçirilən ümumxalq referundumu nəticəsində İran islam dininin prinsiplərinə və şəriət qanunlarına əsaslanan İslam Respublikası elan olundu.
İmam Xomeyni (r.ə) bütün müsəlmanlara müraciətlə demişdir: "Bizim proqramımız islam proqramı olub, məqsədi müsəlman xalqlarının birgə ittifaqını və bütün islam ölkələrinin birliyini təmin etməkdən ibarətdir. İslam proqramı bütün müsəlman xalqlarının qardaşlığından, bütün dünya müsəlmanlarının sionizmə qarşı vahid birliyindən ibarətdir. Bizim məqsədimiz istismarçı dövlətlərə qarşı müsəlman xalqlarının birliyini yaratmaq, ona qarşı vahid cəbhədən çıxış etmək, islam dünyasının var-yoxunu talan edən soyğunçulara qarşı birgə mübarizə aparmaqdır."
Həyatını islami prinsiplər üzərində quran bu şəxsiyyət nəinki siyasi-ictimai sahədə, yaşamının hər sahəsində bu prinsiplərlə addımlamışdı. Sadə həyat tərzinə malik olan İmam (r.ə), mənəviyyatı zəngin, təvazökar, hamıya qarşı diqqətli, evdə və cəmiyyətdə nizam-intizama riayət edən və lətif təbiətə malik bir insan idi. Onun tələbələrinə olan nəsihətlərinin birində rast gəlinir: "Siz öz vəzifənizi yerinə yetirin, öz şəhərlərinizə gedərkən Allahın dinini təbliğ edin, bir-birinizin əleyhinə mövqe tutmayın, dünyəvi, nəfsani və var-dövlət cəhətlərini rədd edin. Siz yalnız belə olduqda ulu və mübarək Yaradanın qarşısında əziz ola bilərsiniz. Siz belə olsanız, eyni zamanda xalqın ürəyində özünüzə yer tapa bilərsiniz. Nəfsani istəklərdən doğan mövqe seçməkdən uzaq olun. Bilmədiyiniz şeyləri din adından danışmaqdan çəkinin. Allahın dinini bildiyiniz qədər izah edin. Çalışın ki, olan şeyi və gerçəkliyi danışasınız".
"Adi adamların dilində danışan Xomeyni özünün yoxsul və məhrum tərəfdarlarına özlərinə qarşı etimad, özünə inam və ehtiram hissi bəxş etdi. Bu hiss onları yolları üstündə duran hər kəsi öz güclü yumruğu ilə aradan qaldırmağa qadir etdi. O, yoxsul insanlara göstərdi ki, hətta Amerika kimi qüdrətli dövlətlərin də qarşısında dayanmaq və qorxmamaq olar. İslami İranın rəhbəri İmam Xomeyni dünyanın siyasi səhnəsində əsas qüvvə idi. - "Nyu Yorkun "Times" qəzetindən.
Bu dahi şəxsiyyət barəsində bu cür möhtərəm fikirlərin səslənməsi əlbəttə ki, təsadüfi deyil. İmam Xomeyni (r.ə) həqiqətən qibtə olunmalı şəxs idi. İmam Xomeyni (r.ə) 1989-cu il iyunun 2-də dünyasını dəyişmişdir. Yataq xəstəsi olduğuna baxmayaraq ömrünün son saatlarında belə Allahı zikr edir, qollarına bir neçə sistem qoşulduğu halda gecə namazının nafiləsini qılır, Quran oxuyurdu. O, öz vəsiyyətnaməsində bu cür yazmışdır: "Aram ürək, arxayın qəlb, şad ruh və Allahın fəzlinə ümidvar olan bir batinlə bacı-qardaşlarımın xidmətindən mürəxxəs oluram, əbədi məkanıma doğru səfər edirəm. Sizin xeyir-duanıza çox-çox ehtiyac duyuram. Rəhman və Rəhim Allahdan istəyirəm ki, xidmət göstərməkdə qüsur və təqsirli olduğuma görə üzrümü qəbul etsin. Millətə ümidvaram ki, xidmət göstərməkdə təqsirli və qüsurlu olduğuma görə üzrümü qəbul etsin, qüdrət, iradə və qətiyyətlə irəli getsinlər". Allah ona rəhmət etsin!

Zemfira Nəsrullayeva
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

понедельник, апреля 21, 2008

"Biz Fələstini onlara verməyəcəyik"

Bir dəfə gözüm belə bir ifadəyə sataşdı: "Hamının bir anası var, o da vətəndir." Vətən mövzusunda çox danışmaq olar. Amma qələm götürməyimdə məqsəd vətən haqqında yox, ürək yanğısıyla xatırlanan, minlərlə insanın vətəni olan Fələstin haqqındadır. Bu barədə yazmağı mənə Fələstin haqqında baxdığım bir proqram məcbur etdi desəm, yanılmaram.
Əslində Fələstin də bir vətəndir. Amma bu vətəndə zülm icra edənlər bu vətənin sakinlərini vətənsiz qoymaq istəyirlər. Hər gün kiçiyindən tutmuş böyüyünə qədər insaniliyini itirmişlər tərəfindən zülmlərə məruz qalmaq necə də ağırdır.
Ən şox cəlbedici məqam budur ki, bu zülmlərə qarşı fələstinli uşaqlar layiqincə mübarizə aparırlar. Ən azından üzərlərinə düşən qədər. Buna sübut onların bu cür yaşamı həyat tərzlərinə çevirmiş zalımlara qarşı təpki göstərmələridir. Buna misal olaraq İsrail rejiminin qaniçən əsgərləri tərəfindən divarın tikilməsinə və ya onlara edilən digər zülmlərə görə etiraz aksiyalarının keçirilməsini göstərmək olar ki, bu cür aksiyalara getmələri çox təhlükəli olduğu halda, uşaqları durdurmaq mümkün olmur. Bu cür aksiyalarda uşaqlara qarşı gözyaşardıcı bombalardan istifadə edirlər. Uşaqlar isə "Bunu torpaqlarımızı qorumaq üçün edirik" deyirlər. Hətta məktəbdə uşaqlar əsgərləri daşa da tuturlar.
Uşaqlardan müsahibə alınan zaman onlardan biri böyüyərkən pilot olmaq istədiyini dedi. Səbəbini soruşduqda isə "Döyüşçü olub vətənimizi düşməndən azad etmək üçün" deyə bildirdi.
"Biz israillilərin torpaqlarımızı almalarına imkan verməyəcəyik", "Onlar bütün bu hərəkətlərilə istəyirlər ki, biz vətəni tərk edək, amma bizə nə etsələr, biz vətəni tərk etməyəcəyik." Bu cümlələr bir fələstinli uşağın dilindən yox, müsahibə alınan hər bir uşağın dilindən səsləndi. Bu da onlarda olan həm vətənpərvərlik, həm də ümid hissini göstərir.
İstədiyin vaxt istədiyin yerə gedə bilməmək, gecələr üzərlərinə işıq tutulması və atəş açılması, gözünün qabağında yaxınına vəhşi əsgərlər tərəfindən zülm verilməsi, insanların küçədə pasportla gəzməsi, istirahət məqsədilə uşaqların dənizə gedə bilməməsi, bir sözlə, HƏBSXANA KİMİ HƏYAT TƏRZİ. Bu cür vəziyyətdə pulsuzluq, bir gün yemək tapmaq, bir gün tapmamaq, amma bütün bunlara baxmayaraq, ümidini itirməmək - fələstinlilərin gündəlik durumudur. Sadalanan bu zülmlərə dözmək, sinə gərmək və hər şeyə rəğmən ümüdini itirməmək uşaq yox, "böyük insan" işidir. Bu gün düşmən "olmayan" gözlərilə baxsın ki, Fələstin torpağı qoynunda necə övladlar bəsləyir. Allah onlara yar olsun!

Zemfira Nəsrullayeva,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

четверг, марта 06, 2008

Müsəlmanı tanımayan dünya

"Göylərin və yerin yaradılışı, dillərinizin və rənginizin müxtəlifliyi də Onun qüdrət nişanələrindəndir. Şübhəsiz ki, bunda ağıl sahibləri üçün nişanələr var" («Rum», 22). Bu ayənin zahirinə nəzər yetirsək, izahı çox aydındır. Harada dünyaya gəlməsindən, hansı rəngdə olmasından, hansı dildə danışmasından asılı olmayaraq, insan insan olaraq mövcuddur. Lakin bu gün dünya yaradılışının hədəfini unutmuşdur.
Müsəlman - yəni təslim olan. Elə bir Varlığa ki, hər an, hər saniyə Ondan vücud alır. Amma çox təəssüf ki, bu şərəfli ada layiq olmayan söz ünvanlayanlar heç də az deyil.
Götürək elə Azərbaycan toplumunu. İslama təzə gəlmiş və yenicə hidayət olmuş məktəbli bir qız vicdan azadlığı olan və islamda ona vacib buyurulan hicab bağlamış, amma bunu normal olmayan hal kimi qəbul edən müəllim eynəyinin altından ona tərs-tərs baxaraq: "Sən həmişə belə gəzəcəksən?" və ya "Bura səninçün mədrəsə, məscid deyil ki başını bağlayırsan?"
Ay əzizim, heç xəbərin varmı ki, müsəlman xanım təkcə mədrəsədə, məsciddə yox, hər yerdə hicab bağlamalıdır?! Sənin başa düşdüyünə görə məsciddə, mədrəsədə bağlamaq lazımdır. Bəs heç onların mənasını, niyəsini, fəlsəfəsini bilirsənmi? Əlbəttə yox. Bilsəydin, bu cür yersiz sullarla insanın əhvalına soğan doğramazdın ki.
Yaxud da başqa bir misal: «geridə qalmış müsəlman», «müsəlmanın sonrakı ağlı» və s. İnsanlar bu cür sözləri heç, bəlkə də, kökünü, məntiqi əsasını özləri də bilmədən işlədirlər. Məgər müsəlman ümmətinin əxlaqın kamil nümunəsi və insanlığın iftixar tablosu olan Muhəmmədi (s), bütün məqamlarda ədalətlə qərar verən Əlisi (ə), Allahı, dini yolunda hər şeyindən keçən Hüseyni (ə)... müsəlman deyilmi?
Əgər bu cür sözlərin işlədilməsinin səbəbi özümüzdəndirsə, təqsirkar elə özümüzük ki, örnək götürəcək, əxlaq öyrənəcək sadalanan bu kimi şəxsiyyətlərdən düzgün tərbiyələnməmişik. Yaxud da daha acınacaqlısı, islamdan islamın olduğu kimi xəbərimizin olmamasıdır. Yox əgər səbəb biz deyiliksə, onda müsəlmana "əyri gözlə" baxanın özündədir ki, islamla tanışlığı yoxdur. Niyə dini insanda axtarır, dinin özündə yox.
Əgər müsəlmanın əvvəlki ağlı olmasaydı (" müsəlmanın sonrakı ağlı" ifadəsinə istinadən), tarixə düşmüş şəxsiyyətlər gərək olmayaydı:
İmam Sadiqin (ə) şagirdi və elmi şəxsiyyətlərdən biri olan Cabir ibni Həyyan bütün dünyada ərəb kimyasının atası sayılır. Onun 100 cildə yaxın kimya elminə dair kitabı hələ də əllərdədir və həmin kitabların müasir kimyaya nüfuzu çox güclüdür. Avropa alimləri ona "hikmət ustadı" ləqəbini veriblər. ( Maks Hofun sözlərinə görə).
Riyaziyyat, astronomiya sahələrində misilsiz xidmətləri olan N.Tusinin rəhbərliyi ilə Yerin fırlanma oxunun presessiyası (51"4) tapılmışdır.(müasir qiyməti 51"2) N.Tusinin vaxtilə verdiyi "ədəd" anlayışı bu sahədə Avropa riyaziyyatçılarını qabaqlayır.
Hələ XIX əsrdə L.Tolstoy islam dininin şəriəti haqqında bu cür buyurmuşdur: «Muhəmməd (s) üçün təkcə geridəqalmış və qaniçən bir milləti yüksək tərəqqi və mədəniyyətə çatdırmaq işi kifayət qədər iftixarlı hesab edilə bilər. Muhəmmədin (s) şəriəti ağıl və hikmətlə uyğun olduğundan gələcəkdə bütün dünyada hökmranlıq edəcək».
Müsəlmanların elmə olan əhəmiyyəti haqqında doktor Qustav Loben isə bu cür söyləmişdir: «Müsəlmanların müxtəlif elmləri öyrənməyə yüksək əhəmiyyət göstərməsi doğrudan da, çox heyrətamizdir. İslam fəthləri zamanı onlar tutduqları hər bir şəhərdə birinci olaraq məscid və mədrəsələr inşa edirdilər».
XII əsrin alimlərindən olan Bencamen Tuvel yazırdı: «Mən təkcə İskəndəriyyə şəhərində 20 elmi laboratoriya görmüşdüm. Bağdad, Qahirə və başqa müsəlman şəhərlərində çoxlu elmi mərkəzlər, laboratoriyalar, kitabxanalar və rəsədxanalar mövcud idi. Halbuki Avropada ilk kitabxana bundan 400 il sonra Parisdə təsis edilmişdi».
Nümunələr çoxdur. Sadəcə həqiqəti dərk etmək lazımdır.
Bəs müsəlmanı tanımayan, tanımaq belə istəməyən dünya, görəsən, özü necədir? Müsəlman "geridə qalıbsa" onun inkişafı necədir? Bayaq qeyd olunan ayəyə istinadən demək istərdim ki, hal-hazırda dünyanın bir çox maddi cəhətdən inkişaf etmiş ölkələrində hələ də irqçilik problemindən əziyyət çəkmə, diskriminasiya halları var.
İnkişaf rəqabətdirsə, bu gün dünya nəyin rəqabətini aparır? Müasir texnologiyalara və nüvə silahlarına malik olaraq elmin qüdrəti ilə bəşəriyyəti qan və fəlakətlərə doğru sürükləməyinin və abadlıqları viran qoymağının planlarınınmı, minlərlə insanın acından ölməsininmi, günbəgün artan xəstəliklərinmi, müharibədə qırılan məzlumların sayınınmı?!
Hara gedirsən, dünya? Özü də hədəfi məlum olmayan bir yolla. Yox, yox hədəfin məlumdur. Lakin bu hədəflər səni dərinliyi bilinməyən uçuruma doğru aparır.

Zemfira Nəsrullayeva,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

пятница, февраля 22, 2008

PİSLİKLƏRDƏN UZAQLAŞAQ

Gündəlik həyatımıza diqqət etsək, bir şeyin şahidi olarıq ki, hər bir işimizdə ən yaxşıları seçərək çatışmamazlıqlardan, naqisliklərdən uzaqlaşmağa çalışırıq. Lakin elə yaxşı və pis işlər də var ki, artıq bizim pis və ya yaxşı vərdişlərimizə çevrilib. Yaxşılar hər mənada bəyəniləndir. Amma xoşagəlməz, artıq cəmiyyətdə, ailədə hamının narazılığına səbəb olan pisliklərdən, pis vərdişlərdən bəlkə uzaqlaşaq?
Pis vərdiş yaradan maddə dedikdə ilk ağla gələn alkohol olur. Amma bura təkcə alkohol yox, nikotin, morfi, geroin və s. də daxildir. Pis vərdiş yaradan maddələr mərkəzi sinir sisteminə, yəni beyinə və onunla əlaqədar olan başqa orqanlara mənfi təsir göstərir. Bunun nəticəsində isə bəzi şeyləri dərk etməkdə, xasiyyət və zehni qabiliyyətdə dəyişikliklər baş verir, davranışlar pozulur.
Bu cür maddələri qəbul etməyi vərdiş edən insan ondan istifadə üçün özündə həmin maddələrə qarşı daimi bir arzu hiss edir. Belə insanlar arzu etdikləri maddələri qəbul etməzlərsə, o zaman ruhi rahatsızlıqlar, əsəbilik kimi hallar baş verir. Bütün bunlar isə ruhi asılılığın mövcudluğunu sübut edir.
Psixoloqlar müəyyən etmişlər ki, insan ibadət etdikdə psixi cəhətdən çox sakitləşir.
İnsan üçün gündəlik vacib buyurulan ibadətlər onun mənəvi cəhətdən ruhuna qida, fiziki cəhətdən isə bədəninin sağlamlığı üçün çox xeyirlidir. Həmçinin Allahın insan üçün yeməyə və içməyə yasaqladığı qidalar. Həzrət Əli (ə) bu barədə buyurmuşdur ki, Allahın haram olaraq yasaqladığı şeylər elə özü özlüyündə pisdir. Diqqət etsək, islamda haram sayılan alkohollu içkilər, qumar, narkotik və bu kimi xoşagəlməz ünsürlər zatən pisdir.
Elə götürək alkohollu içkiləri. Alkohollu içkilər taxıl və meyvədən əldə edilir. Alkohol keyləşdirici, yəni yuxu gətirən bir maddədir. Qan yolu ilə beynə gedərək orqanizmin idarə mərkəzi olan beynin fəaliyyətini pozur. Beləliklə, insan sərxoş olur. Sərxoş isə düşünməyən, ağlını işlətməyən, xarici aləmlə əlaqəsi azalan, utanma hissi zəifləmiş olan, sadəcə olaraq ilkin fizioloji prosesləri olan - tənəffüs edən, qan dövranı və həzm qabiliyyəti olan bir şəxsdir. Amma daha çox qəbul edildikdə bu fəaliyyətlər də dayanır.
Alkohollu içkilərin nəinki bir şəxsə pis təsiri, həmçinin ictimai zərərləri də mövcuddur. Günümüzdə bu səbəbdən neçə-neçə ailələr dağılıb. Əzabını ən çox çəkən isə günahsız uşaqlardır.
Eləcə də siqaret. Siqaret tütün bitkisinin qurudulmuş yarpaqlarından hazırlanır. Siqaretin tüstüsündə 4000-ə qədər kimyəvi maddənin olduğu müəyyənləşdirilmişdir. Bu maddələrin insan orqanizminə heç bir faydası yoxdur. Bunlardan ən zərərli olanları nikotin, qatran, karbon-monooksid (dəm qazı), xərçəng yarada bilən (kanserogen) maddələridir. Araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, siqaret çəkmək iştahanı pozur, həzm prosesini çətinləşdirir, dişləri saraldır, mədə yarasına, dodaq, dil, yemək borusu, ağ ciyər xərçənglərinə səbəb olur, insanı öskürdür və xroniki bronxitə, damar divarlarının elastikliyinin azalmasına səbəb olur, hafizəni zəiflədir və bu kimi bir çox xoşagəlməz halları yaradır ki, bunlar da xəstəliklərin əmələ gəlməsinə zəmin yaradır.
Yəqin ki, bir çoxları, xüsusən gündəlik siqaret çəkənlər bütün bu deyilənləri eşidib qulaq ardına vuraraq:"Mən neçə ildir siqaret çəkirəm, heç ölmürəm" və ya "Mənə heç nə olmur" deyəcəklər. Onu da xatırlatmaq lazımdır ki, bütün bu sadalananlar birdən-birə yox, tədricən baş verir. Amma bu fikirdə olanlara demək lazımdır ki, ictimai yerlərdə özünü fikirləşmirsənsə, heç olmasa kənardakıları fikirləş! Yoxsa bu şəhərin sakini nəqliyyat vasitəsinə minərkən bu iyi duymağa öyrəşmiş və ya küçədə gedərkən hər addımdan bir siqaret kötüyünə rast gəlməyi xoşlamağa başlamışdır? Bəlkə Ramazan ayında oruc tutan insanlara xatir bu işdən uzaqlaşasan. Əgər Ramazan ayında oruclu insanlara xatir çəkinirdinsə, bu biri günlərdə də hər bir insana xatir çəkinməlisən. Çünki nəqliyyat vasitəsi və bu kimi ictimai yerlərdə oruclu insanlardan başqa qoca və körpə olanı da var.
Əgər evdə sakitçilikdirsə, sənin fikrin başqa-başqa yerlərdə olduğu üçün sən saatın tıqqıldayan səsini eşitməyəcəksən. Amma saatın səsinə diqqət etsən, o zaman eşidəcəksən. Eləcə də pis vərdişlər. Bir dəfə də olsun ziyandan başqa heç bir xeyri olmayan pis vərdişlərə diqqət edib haqqında düşündükmü?
Qurani-Kərimin «Əz-zariyat» surəsinin 56-cı ayəsində Allah Təala belə buyurmuşdur: "Mən cinləri və insanları Mənə ibadət etmək üçün yaratdım". Əgər biz müsəlmanıqsa, bu ayədən nəticə çıxarıb gündəlik həyatımızı proqramlaşdırmalıyıq. Belə ki, qeyd olunan hər bir pislik və xoşagəlməzlikləri tərk edib boş və mənasız işlərdən uzaqlaşaraq hər bir işimizi Allaha xatir görməliyik. Allaha xatir görülən hər bir iş isə ibadət sayılır. Lakin bu pis vərdişləri tərk etməsək və onları həyatımızın ayrılmaz bir hissəsinə çevirsək, bu bizim Allaha bəndə olmağımıza xələl gətirər. Yox əgər ruhi asılılığımıza çevrilmiş bu pis vərdişlərdən uzaqlaşa bilməyəcəyimizdən qorxuruqsa, əsla qorxmaq lazım deyil. Allah Təalanın bizə lütf etdiyi böyük nemətlərdən biri də iradədir. Əgər iradə göstərərək sonsuz rəhm sahibi olan uca Allaha sığınsaq, O, bizi bütün pisliklərdən qoruyar, inşəallah!

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Zemfira Nəsrullayeva




суббота, февраля 16, 2008

HƏQİQİ DÜŞMƏNƏ QARÇI GÜCLÜ SİLAHIMIZ

Həyatı "sürpriz"lərlə dolu olan insan çətinə düşdükdə bu çətinlikdən çıxış yolları axtarmağa başlayır. Lakin bəzən elə məqamlar olur ki, hara əl uzadırsa ya əli çatmır, ya da səsinə səs verən olmur. Məhz bu anda əlacsız qalan insan özünün gücsüz olduğunu hiss edərək elə bir varlığa sığınır ki, onun gücü və qüvvəsi tükənməzdir. İnsan bu cür anlarında Allaha sığınaraq Onun dərgahına əl açıb dua edir.
Əslində isə, insan təkcə çətinə düşəndə deyil, hər vaxt dua kimi bir ibadətdən faydalanmalıdır.
"Dua" kəlməsinin lüğəvi mənası "çağırmaq" deməkdir. İbadətlərin içərisində duanın özünəməxsus yeri var. Dua vasitəsilə insan öz maddi və mənəvi çatışmamazlıqlarını hər şeydə ehtiyacsız olan Allahdan diləyir. Bundan başqa, insan dua vasitəsilə psixoloji, mənəvi rahatlıq taparaq çətinliklərinin bir hissəsini geridə qoymuş olur.
İmam Sadiq (ə) buyurmuşdur ki, «Əsla duadan qafil olmayın. Çünki heç bir şey sizi Allah dərgahına dua kimi yaxinlaşdıra bilməz».
Həqiqətən, insan Allah dərgahına əl açıb yalvarış edəndə özünün ehtiyaclılığını, Allah qarşısında kiçikliyini və bəndə olduğunu biixtiyar hiss edir. İnsanın Allah dərgahında dəyərini artıran hisslərdən biri də məhz budur.
Onu da qeyd etmək lazımdır ki, Məsumlardan (ə) nəql olunan hədislərə əsasən duanın qəbul olma şərtləri, duanın qəbul olması üçün xüsusi vaxtlar və onun qəbul olmasına mane olan amillər də vardır.
Duanın qəbul olması üçün əsas şərtlər kimi duanın əvvəlində Peyğəmbər (s) və onun pak Əhli-beytinə salam göndərmək, bundan başqa ümidi bütün bəndələrdən kəsib yalnız Allaha ümid bağlamaq, duanın qəbul olmasına yəqin halında olmaq, Allahın dərgahına yaxın olan müqəddəs şəxslərə and vermək və bu kimi başqa xüsusiyyətlər vurğulanmışdır.
Bəzən aramızda elələrinə də rast gəlirik ki, "Mən dua edirəm, amma duam qəbul olmur" deyirlər. Bu məsələ ilə bağlı diqqətli olmaq lazımdır ki, Quranda buyurulduğu kimi biz bizim üçün nəyin xeyirli, nəyin isə ziyanlı olduğunu bilə bilmərik. Həmçinin Həzrət Əli (ə) bu barədə buyurmuşdur: "Allahın kəraməti hikməti ilə təzad təşkil etməz".
İmam Sadiqdən (ə) nəql olunan digər hədisdə isə rast gəlirik ki, «Allah Təala buyurdu: "Mən dostuma dünyada məni zikr etməyi unutduran bir şeyi verməyi əsirgəyərəm. Kafiri isə arzusuna çatdıraram, ona nifrət edirəm və istəmirəm ki, məni çağırsın və səsini eşidəm".
Bütün bu qeyd olunanlarla yanaşı, bizə çatan digər mötəbər hədislərə əsasən duanın qəbul olmasına mane olan əsas amillərdən biri də insanın günahlarıdır. Təsadüfi deyil ki, Kumeyl kimi əzəmətli duada rast gəlirik: "İlahi, mənim duaların qəbul olunmasının qarşısını alan günahlarımı bağışla".
Dua haqqında Məsumlardan (ə) kifayət qədər hədislərin nəql olunması duanın əzəmətli ibadət olmasına əsas verir və onun yerinə yetirilməsi çox təkid olunur. Gündəlik həyatımızda gərəyimiz olan və tez-tez xatırlamağımız gərəkən hədislərdən birini də Həzrət Peyğəmbər buyurmuşdur: "Dua möminin silahı, dinin sütunu və yerin-göyün işığıdır".
"Silah" kəlməsi bir çoxlarında müharibə və bu kimi şeylər assosasiya olunur, amma silahın digər mənası özünü düşməndən müdafiədir.
Möminin isə silahının birinci hədəfi şeytandır. Necə ki, «Yasin» surəsinin 60-cı ayəsində "Ey Adəm övladı! Məgər Mən (dünyada) sizə "Şeytana ibadət etməyin, o sizin açıq düşməninizdir!"-deyə buyurmadımmı?!" buyrulmuşdur.
Əlbəttə ki, güclü düşməndən müdafiə üçün güclü silah olmalıdır. Lənətlik şeytan gecə-gündüz hər an insanı fitnəyə, fəsada salmağa sövq edir. Dua isə lənətlik şeytana qarşı güclü silahımızdır.
Bundan başqa, bəzi düşmənlərə yalnız Allah qalib gələ bilər. Belə ki, əlimiz bəzi düşmənlərə çatmadıqda güclü silahımız olan duadan istifadə etməliyik. Malik olduğumuz bu böyük nemət vasitəsilə böyük işlər görmək olar. Belə ki, minlərlə zülm edilən müsəlman ahını almaq, minlərlə müsəlman şəhidinin qanını yerdə qoymamaq, evindən-eşiyindən didərgin düşmüş müsəlman balalarını öz isti ocaqlarına qaytarmaq…
Əgər müsəlman olaraq hər birimiz dualarımızda bu sadalananları, işğal altında olan müsəlman torpaqlarını - Qarabağ və Fələstini unutmasaq minlərlə məzlumun nicat tapmasına kömək etmiş olarıq, inşallah.

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası «Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi Zemfira Nəsrullayeva

вторник, января 22, 2008

DƏYƏRLİ AY


Dünyada bir neçə təqvim mövcuddur ki, bunlardan biri də müsəlman təqvimi olan hicri-qəməri təqvimidir. «Qəmər» sözü ərəbcə «ay» deməkdir. Bu təqvimin göy cismi olan ayla baglılığı ondadır ki, ayın hərəkətinə əsaslanır. Belə ki, ayın hər dəfə öz oxu ətrafında fırlanması bir qəməri ayına bərabər olur. Bu da təqribən 29.5 sutka təşkil edir və ilin günlərinin sayı isə 354-355 gün olur. Onu da vurğulamaq yerinə düşərdi ki, bu tarixin başlanğıcı Həzrət Peyğəmbərin (s) Məkkədən Mədinəyə hicrəti dövründən hesablanır.

Hicri-qəməri təqvimi Məhərrəm ayı ilə başlayır. Məhərrəm İslamın müqəddəs aylarından hesab olunur və o həm də haram aylardan sayılır – bu ayda müharibə etmək yasaqlanmışdır. Müsəlman aylarından hər birinin hikmət və dəyəri vardır ki, inanclı insanlar faydalanma baxımından onlara böyük önəm və qiymət verirlər. Bu ayların içərisində Məhərrəm ayının özünəməxsus yeri var.

Bəs Məhərrəm ayını müqəddəsləşdirən və digər ayların fövqündə saxlayan, ona sonsuz fəzilət və dəyər verən nədir? Hicri-qəməri təqvimi aylarının hər birininmi gəlişi belə maraq, belə həyəcan, belə ehtiram, belə hüzn və belə diqqətlə qarşılanır? Əlbəttə ki, yox.

Məhərrəm ayını diqqət mərkəzində saxlayan, hüzn və matəm baxımından bu qədər əhəmiyyətli edən, əsrlərlə yaddaşlardan silinməyən və həmişə diri saxlayan – Kərbəla vaqeəsi ilə bağlı olan Aşura mərasimi və əzadarlıqdır.

Bu hadisədən üzü bəri əsrlər boyu məzhəbindən, əqidəsindən, tutduğu mövqeyindən asılı olmayaraq bir sıra şəxsiyyətlər bu hadisəyə öz münasibətlərini müxtəlif şəkildə bildirmişlər.

Əhli-sünnə alimi olan Şeyx Əbdullahi Əlanın fikirləri isə daha çox maraq doğurur. O, bu hadisəni belə qiymətləndirir ki, İslam tarixini iki hicrət təyin etmişdir. Bu hicrətin əvvəli Peyğəmbərin (s) Məkkədən Mədinəyə hicrəti olmuşdur ki, aradan getmək təhlükəsi olan İslamın taleyini dəyişdi, ona can verdi və onu dirçəltdi. İkinci hicrəti isə İmam Hüseyn (ə) Mədinədən Məkkəyə etdi və bunun nəticəsi oldu ki, İslam bir din olaraq bu günə qədər yaşayır və Qiyamətə qədər də yaşayacaqdır.

İmam Hüseyn (ə) özü və pak ailəsindən olan neçə-neçə cavan İslamı xilas etmək üçün canını və qanını qurban verdi. İmam Hüseyn (ə) özü bu barədə buyurmuşdur: "Mən Peyğəmbər ümmətini hidayət etmək, yaxşılıqlara dəvət və pisliklərdən çəkindirmək üçün qiyam etdim"

Həmin dövrdə lənətlik Müaviyyə oğlu Yezid İslam xilafətini qəsb etmişdir. Yezid fasiq, əxlaqsız, günahı zahirdə edən bir ünsür idi. İslam dövlətinin idarəsini belə bir şəxsin əlində cəmlənməsini necə qəbul etmək olardı? Bütün bunlarla bərabər kufəlilərin İmama müraciət etməsi də qiyamın əsas səbəblərindəndir. İmama çatan bu cür müraciət məktublarının sayı 18 minə çatırdı. İmam Hüseyn (ə) bu qədər insanın səsinə necə səs verməyəydi?! Təbii ki, Kufə camaatı İmam Hüseyni (ə) dəvət etməsəydi belə, bu qiyam yenə baş verəcəkdi. Çünki İmam Hüseyn (ə) Kufə əhalisinin dəvətindən qabaq da Yezidin hakimiyyətinə qarşı çıxmışdır. Bu da əbəs yerə deyildi. İslam dövlətinin rəhbərliyi Yezid kimi insana tapşırılsaydı, İslamdan bu günə qədər əsər-əlamət qalmazdı. Məs buna görə İmam Hüseyni (ə) İslamın xilaskarı adlandırırlar.

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Zemfira Nəsrullayeva