Показаны сообщения с ярлыком irs. Показать все сообщения
Показаны сообщения с ярлыком irs. Показать все сообщения

четверг, марта 13, 2008

MƏHƏRRƏM-SƏFƏR: düşüncələr və suallar.

Bismillahir Rəhmanir Rəhim!

Zaman dövr etdikcə, bir məhərrəm-səfər əyyamı yaşadır bizlərə. Yenə çöhrələrdə qəm və matəm. İlbəil Əhli-beyt (ə) sevərlər əqidəsinə, İmamına (ə) rəğbəti olanlar təzələyirlər beyətlərini, kimin tərəfində olduqlarını bəyan edirlər. Yad edirlər Şəhidlər Sərvərini, onun silahdaşlarını. Zeynəb təki (s.ə.), İmam Səccad təki (ə) bürünürlər qara libasa, əza saxlayırlar hürr insanlara.
Faydalanırlar aşiqlər bu mərasimlərdən, öyrənırlər qəhrəmanlığı, dönməzliyi, əsl bəndəçiliyi və sadalanmasi, deyilməsi mümkünsüz olan bir çox keyfiyyətləri əxz edirlər özləri üçün. Bu ayların gəlişi ilə bir təzələnmə, hərarət və eşq ilə döyünməyə başlayır qəlblər. Zülmün, istibdadin, köləliyin zəncirləri qırılır və azadlıqsevər insanların özünəqayıdışının, oyanışının baş verdiyi aylardır bu aylar.
Zatən məhərrəm-səfər əyyamının fəlsəfəsində bir donuqluq, məhdudluq və son yoxdur. Damarlarda axan qan təki qoymur bir donuqluq, ölülük yaransın bəşər qəlbində. Sanki hər il QAN verir bəşərə və yaşaması üçün bir vasitəyə çevrilir. Zaman və məkan anlamının da fövqündə olub, onlarla məhdudlaşmır. Adətən, zamanla dəyişən ayların, illərin, məkanla dəyişən hadisələrin, hərəkatların xüsusiyyəti yoxdur bu aylarda. Elə zamanı zaman qədər, məkanı məkan qədər qiymətli edən bu hərəkatın, bu hadisənin özüdür.
Çox vaxt sonluq bitmiş, tükənmiş məvhumlara aid edilir. Bu aylar isə bir növ elə başlanğıcın özu, ilkinin əvvəli, sonu görünməyən sonsuzluqdur. Ona gorədir ki, əhatə dairəsinin genişliyi hər mühitin, hər toplumun ondan faydalanmasına, ibrət götürməsinə və həyatında tətbiq etməsinə zəminə yaradir. Bəziləri üçün məhərrəm-səfər əyyamı elə onun gündəlik həyatı, bəziləri üçün iki aylıq, bir aylıq özünütanıma, bəziləri üçün növbəti Aşura, bəziləri üçün isə sıradan bir təqvim ayı.
Bəli, zaman dövr edir və məhərrəm-səfər əyyamı yaşadır bizləri. Dövr edirmi bu zamanın ayları qəlbimizdə? Duyuruqmu, hiss edirikmi onun gəlişini, gedişatını? Fərd olaraq, toplum olaraq nə qədər təsir edib, nə qədər ətalətdən çıxarıb bizi bu aylar? Həqiqi hərəkətverici vasitə olubmu?
Durumumuz dəyişibmi, həqiqi HÜSEYNÇİ (ə) ola bilmişikmi?
İki ay "Hüseyn, Hüseyn" (ə) deyib on ay lənətlik yezidlərə uyğun həyat tərzi keçirməmişikmi?
Yaşada bilmişikmi Hüseyn (ə) ideyalarını, hansi ki, İmam (ə) öz ölümü ilə yaşatdi?!
Diri saxlamışıqmı o ruhiyyəni ki, Hüseyn (ə) və silahdaşları diri saxlamişlar?!
Həqiqi onlar təki azad nəfəs almışıqmı, zülmə qarşi vuruşmuşuqmu, məzluma dəstək olmuşuqmu və həyatın bütün səhnələrinin qəhrəmanı ola bilmişikmi görəsən?!
Və ən əsası daim təkrarlanan və qəlbi parçalayan bir sual ki, o dövrün müasiri olsaydıq əgər, yetmiş iki qəhrəmandan biri ola bilərdikmi? Toplayardıqmi bütün gözəllikləri özümüzdə?! Bir cağırışla "LƏBBEYK YA HÜSEYN" deyib fırtına yaradardıqmı Kərbəla səhrasında?! İmam (ə) bizə qucaq açıb bağrına basar, bizi döyüşə yola salar və başımızın üstünə gələrdi, yoxsa o pak dəstəyə qoşulmamağı, onu tərk etməyi bizə məsləhət görərdi?
Son anda son məqamda HÜRR olardıq, qayıdardıqmı, yoxsa əvvəldən axıra qədər laqeyid, etinasız və dunya qulu olardıq?!
Çətin sualların ağırlığından da ağırdır onun cavabları. Daim düşündürən, düşüməyə vadar edən cavablarda tələsməməyı anladandır bu suallar. Buna baxmayaraq cavab verməliyik bu suallara və ilk növbədə Hüseynnin (ə) kamillik məktəbinin həqiqi tələbələrindən olmalıyıq. Tarixin bu məktəbi, bu hərəkatı yaşadanların bərəkətidir ki, əməli olaraq bizlərə insanlıq dərsi keçmiş və bu hərəkatın təravətliliyini nəsillərdən-nəsillərə ötürmüşlər.
Dövründən asılı olmayaraq, hər dövrün Hüseyni də var, Zeynəbi də var, lənətlik yezidi də. Adlar müxtəlif olsa da, daşıdıqları anlam eynidir. Əgər bir Hüseyn (ə) tələbəsi ki, baxışlarında yeni üfüqlər yaratmır, düşüncələrində qaranlıqları aydınlatmır, ölü qəlbinə dirilik gətirmirsə, «mən HÜSEYNÇİYƏM» deməyə haqqı yoxdur. Ağlamağın da, qəm-qüssəyə batmağın da, yalnız onda əhəmiyyəti olur ki, əməllə həmahəngliyi olsun və düşmənin də axıtdığı göz yaşlara bənzəməsin.
Hər kəs öz daxilində bir AŞURA yaratmalı, bütləri sındırmalı, zülmətləri nura çevirməlidir. Yezidləri, ibn ziyadları qəlbindən silib atmalı, ruhunda bir Hüseyn (ə), Zeynəb (s.ə.), Səccad (ə) ruhiyyəsi yaratmalı, "yox" deməli nəfsani istəklərə - o böyük maneələrə ki, onu ayrı salıb fitrətindən, izzətindən, şərəfindən. Qaldırmalı o günah pərdələrini ki, səbəb olmuş İmamından (ə.f.), Peyğəmbərindən (s), ALLAHından ayri düşməsinə. Ruhunu boyütməli, cism olan bədənində zindan etməməli onu. Bununla da nicat gəmisinin sərnişini, hidayət çırağının ardıcılı olmalı. Dövrümüzün nicat gəmisini hərəkət etdirən, hidayət çırağını nurlandıran ZƏMANƏ SAHİBİnin (ə.f) həqiqi müntəziri olmağa tələsməli. Tələsməli ki, nicat tapsın, nicat tapmalı ki, hidayət olsun. Və nəhayət həqiqi əsgər olub Zəmanə Sahibi (ə.f) ilə Hüseyn (ə) intiqamını almaq üçün dua etməli.

Zaman dövr edib bitsin,
Bu intizar sona yetsin
Məhərrəm-səfər əyyamında
İmam Zaman (ə.f.) zühur etsin


Əli Ağayarov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

четверг, февраля 28, 2008

"SALAM OLSUN SƏNƏ, EY QARAGÜNƏ OĞLU QARAGÜNƏ"

Yəqin ki, bir çoxlarınız AŞPA-nın Azərbaycan üzrə məruzəçisi A.Herkelin dünya sivilizasiyası incilərindən olan Azərbaycanın zəngin tarixindən xəbər verən «Kitabi-Dədə Qorqud» əsərini eston dilinə tərcüməsindən xəbəriniz var. Yüz illər keçməsinə baxmayaraq, öz təravətini təzə-tər saxlayan bu tarixi əsər hələ yüz illərdən sonra da bir çox dillərə tərcümə olunacaq və milyonlarla insanlar «Kitabi-Dədə Qorqud» ibrətlərindən bəhrələnəcəkdir.
Doğma şəhərimizin tarixi abidələrinə əl gəzdirib bu abidələri "müasirləşdirənlər" (başıbəlalı İçərişəhər kimi) nədənsə «Kitabi-Dədə Qorqud» boylarını müasirləşdirməkdən vaz keçirlər. Və nəticədə böyük bir boşluq yaranır. Dədə Ozanın qopuzu nədənsə indi heç yada düşmür. Axı Dədə Ozan heç vaxt bu eldən-obadan ayrı olmayıb. Bütün el şənliklərində soy-soylayan, boy-boylayan elin gözü qarşısında qan töküb ad çıxaranlara "Qazan", "Buğac" adlarını verən Dədə Ozandan indi səs-səmir yoxdur.
Düzdür zəmanə dəyişib indi "ağ", "qırmızı", "qara" çadırlar sehirli qutuda EFİR deyilən meydanda qurulur. Və camaatın da gözü sehirli qutunun güzgüləndirdiyi bu meydana dikilir.
Meydanda isə Qalın Oğuz bəylərinin gözü qarşısında kəllə-kəlləyə gələn millət adından yumruqlarını işə salanlar tam adsız qalır. Bir çox "ulduzlar" adlarının olmamağından şikayətlənir.
Hansı ki, Dədə Ozan belə meydanlarda cəng edənlərə "Qazan", "Buğac" adlarını əsirgəmirdi.
Və ya illərlə övlad arzusunda olan ailəyə övlad sevinci nəsib olur. Ata bu sevinci paylaşmaqdan ötrü düşdüyü borcdan çıxmamış "İqtisadi və Sosial İnkişaf Mərkəzi"ndən Vüqar müəllim bəyan edir ki, körpənizin artıq 270 dollar borcu var.
İndi bu xəbəri məsum körpəyə kim və necə desin?
Valideyn isə əziz İslam Peyğəmbərinin buyruğu ilə körpəsinin qulağına ancaq və ancaq azan və iqamə deyə bilir. Uşağa borcunun olmasını deməyə isə ata cəsarət etmir.
Bəli bu vaxt Dədə Ozan yada düşür. Əgər o, bu gün aramızda olsaydı körpənin beşiyi başında durub qopuzu sinəsinə basardı və: "SALAM OLSUN SƏNƏ, AY QARAGÜNƏ OĞLU QARAGÜNƏ deməklə uzun bir boy boylardı.
İndi siz də mənim sözümü təsdiq edərsiniz ki, təzə boylar yarana bilər. Elə boylar ki, mütərcimlərin dilinə daha yatırımlı.
Diqqət edin görən Herkel qağa hansı boyu daha tez tərcümə edə bilər "Salur Qazanın evinin yağmalanması" boyunu, yoxsa azadlığı tələb olunan "Mətbuatın yağmalanması" boyunu.
Nə isə belə mətləblərə toxunsam, təvazökarlıqdan uzaq olmasın, yeni "Oğuznaməni" ərsəyə çatdıra bilərəm. Burada bir məsələyə diqqət edək. Təsəvvür et ki, bir həvəskar yazar əlinə qələm alır ki, cızmaqara etsin elə bu vaxt Dədə Ozan gəlir: "Oğul bu qələmlə haqqdan yazacaqsansa, Allah sənə yar olsun. Yox əgər haqqdan özgə yazacaqsansa...". - bu vaxt Dədə Ozan qələmi yazarın əlindən alır və əlavə edir: «Qoyma Qaraca Çobanın sapandını toz örtsün!».
Dediyim də elə budur ki, nə qədər ki, Dədə Ozan elin-obanın arasında idi, o zaman elin də alqışı-alqış, qarğışı-qarğış idi.

Təbiət Hüseynov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi



Fikir qanadlarında səyahət

Bu yazımızın mövzusu milliliyimiz və dinimiz haqqında olacaq. Məqsədimiz isə kompakt şəkildə olsa da xalqımızın dini və milli xüsusiyyətlərinin nə qədər üst-üstə düşməsini və nə qədər fərqlənməsini araşdırmaq və bir millət olaraq öz milli-mənəvi durumumuzu obyektiv şəkildə təhlil etməkdir. Əgər biz gözləsək ki, bu işi bizim əvəzimizə başqaları etsin, yəni kənardan bizə qiymət versinlər, düşünürəm ki, nəticə obyektiv olmayacaq. Ən azından ona görə ki, onların öz maraqları var və gördükləri iş də bu marağa xidmət edəcək. Elə bu səbəbdəndir ki, çox vaxt bizim özümüzü öz nəzərimizdə cılızlaşdırmış, özümüzü öz gözümüzdən salmışlar. Hətta bu məsələ o həddə çatmışdır ki, içərimizdən bəziləri “azərbaycanlı”, “müsəlman” ifadələrini özlərinə aid etməkdən utanc hissi duymuşlar.
Bəli, acınacaqlı olsa da bu - belədir. Və hamılıqla belə bir acınacaqlı vəziyyətə düşməmək üçün gəlin, özümüz özümüzə bir nəzər salaq, nöqsanlarımız varsa, onları düzəltməyə çalışaq.
Məşhur mütəfəkkirlərdən biri demişdir: “Mətnin içində olaraq həmin mətn haqqında kamil məlumat vermək mümkün deyil”. Bəs biz özümüz necə, mətnin içindən çıxdıq ki, məlumatımız obyektiv olsun? Bu mümkündürmü?
Əlbəttə ki, mümkündür. Əgər insan öz təxəyyülünün sonsuz imkanlarından istifadə etməyi bacarsa, hər şeyi əldə edə bilər. Ona görə də biz qərara aldıq ki, sizinlə fikir qanadlarında səyahətə çıxaq. Bir qədər ucalıqdan öz keçmişimizə, bu günümüzə, gələcəyimizə nəzər salaq. Səyahətimizin uğurlu keçməsi üçün “milli eqoizm”, “təəssüb” kimi bizə yük ola biləcək, fikirlərimizi tənəzzülə apara biləcək hissləri bir kənara qoyaq. (Çünki, yalnız bu yolla mətnin içindən çıxa bilərik).
Beləliklə, səyahətimizə davam edək. Gəlin əvvəlcə keçmişimizdən başlayaq. Dünənimizə nəzər salaq, görək dünən biz nələrə malik olmuşuq, və malik olduqlarımızdan nələri itirmiş, nələri qoruyub saxlamışıq?
Bəs hansı cəhətləri araşdırmalıyıq? Əlbəttə ki, milli xüsusiyyətlərimizi dəyərləndirmək istəyiriksə, millətləri bir-birindən fərqləndirən cəhətləri axtarmalıyıq. Belə olan surətdə deyə bilərik ki, hər bir millət digərindən öz dili, əxlaqı, adət-ənənəsi, folkloru, musiqisi, sənətkarlığı, geyimi və hətta kulinariyası ilə fərqlənir. Və Azərbaycan xalqının da bir millət olaraq bu sahələrdə özünəməxsusluğu danılmazdır. Bəs nədir bu özünəməxsusluq?
İlk öncə onu deməliyik ki, sadaladığımız bütün bu sahələr ayrı-ayrılıqda uzun-uzadı təhlil və müzakirə oluna bilən mövzulardır və biz bütün bunları etməli olsaq, səyahətimiz çox uzun çəkər. Çünki, bu məsələlər haqqında çox yazılmış və bunlar cildlərlə kitabların mövzularına çevrilmişlər.
Təkcə bunu demək kifayətdir ki, bu sahələrin hər birinin strukturunda bir harmoniya, mütənasiblik, gözəllik və ən nəhayət fəlsəfilik var. (Bu fikrimizi mütəxəssis alimlər təsdiq edə bilərlər). Və bu sahələr bir-birindən təcrid olunmuş şəkildə deyil, hər birindən digərinə keçidlər, rabitələr mövcuddur. Həmin keçidlər və rabitələr bir şəbəkə gözəlliyi, şəbəkə möhkəmliyi ilə bir-birini tamamlayırlar (məs, muğamla poeziyanın sintezində olduğu kimi). Məncə, milli özünəməxsusluğumuzu elə bu şəbəkə simvolizə edir. Bütün bu xüsusiyyətlər bizə əsas verir deyək ki, azərbaycan xalqı çox müdrik bir xalq olmuşdur və daha böyük hikmətləri qəbul edə bilmək üçün bir potensialı, zəmini olmuşdur. Bu səbəbdən İslam kimi mütərəqqi bir dini qəbul etmək bu xalq üçün heç də çətin olmamışdır. İslam dini xalqımızda əvvəlcədən mövcud olmuş bir çox əxlaqi xüsusiyyətləri bir qədər də cilalamış və ən əsası -mütləq hədəfə doğru istiqamətləndirərək daha da inkişaf etdirmişdir.
Bu baxımdan deyə bilərik ki, azərbaycan xalqının milli və dini dəyərləri heç də təzad təşkil etmir. Əksinə, bu iki keyfiyyət paralel istiqamətdədir və dini dəyərlərimiz milli xüsusiyyətlərimizin daha da inkişaf edib, kamil şəkil almasına səbəb olmuşdur. Məs. azərbaycan xanımlarının başörtüsünün tarixi hələ İslamdan öncəki dövrə təsadüf edir. Lakin, islamın təkid etdiyi hicab həmin milli geyimimizin bir elementi olan örpəyin daha kamil və məqsədyönlü bir şəkilidir ki, bu gün inanclı azərbaycan xanımları onu böyük bir fəxrlə daşıyırlar.
Ümumiyyətlə, İslam Azərbaycana gəlişi ilə bir çox sahələrdə, o cümlədən də elm sahəsində böyük sıçrayışlar etdi. Azərbaycanda Bəhmənyar, Şeyx Nizami, Tusi kimi dahilər yetişdi. Bu kimi misalların sayını artırmaq da olar.
...Keçmişə səyahət bu qədər. İndi isə gəlin, bu günümüzə nəzər salaq. Səthi baxışda ola bilər ki, hər şey qaydasında, və hətta inkişafda görünsün. Amma gəlin özümüzü aldatmayaq. Çox cüzi istisnaları çıxsaq, bu gün bizim nə milliliyimizin, nə də dinimizin təzahürü o qədər də hiss olunmur. Nə bir-birimizə münasibətdə, nə geyimimizdə, nə incəsənətimizdə. Hətta mətbəximizdə belə.
Bu gün biz dədə-babalarımızdan bizə miras qalmış böyük bir xəzinədən əl çəkmiş, kimlərinsə bizim üçün süni surətdə yaratdıqları hədəfi bilinməyən axına qoşulub bu yolla tərəqqi edəcəyimizə ümid edirik.
Söz bu məqama çatanda yolumuzu bir İçərişəhərdən də salsaq, məncə yerinə düşər. Keçmişə səyahət zamanı gördüyümüz o şəbəkə naxışlarını heç yerdə tapa bilməsək də, düşünürəm ki, İçərişəhərdə görə bilərik. Hə, bu da İçərişəhər. Həmin şəbəkə də buradadır. Amma nədənsə elə bil kimsə həmin şəbəkəni söküb yenidən qurmaq istəyib, lakin bacarmayıb. Bir-birindən qopmuş hissələr hərəsi bir tərəfdə qalıb. Sanki, keçmişimizdən gəlmiş başı qaragül papaqlı, əynində çərkəzi geyim olan üzü nurlu, pirani bir qocanın libasını dəyişib, başına “beysbolka”, əyninə idman modelli kostyum geyindiriblər (bütün bunlarda məqsəd isə «sivil qonşularımızdan geri qalmamaq», onlara müasir görünməkdir).
Bax bu gün İçərişəhərimizə də, milli-mənəvi dəyərlərimizə də münasibət bu cürdür.
Hə, səyahətimiz yavaş-yavaş başa çatmaq üzrədir. Qaldı bircə gələcəyə səyahətimiz. Bəlkə də çoxlarında belə bir fikir yarandı ki, bu günümüz belədirsə, gələcəyə getməyimizin bir anlamı yoxdur. Gəlin pessimizmə qapılmağa tələsməyək. Bir Məsum sözü var. İmam Sadiq (ə) deyib: ”Ağıl vasitəsilə dərinliklərdəki hikmət, hikmət vasitəsilə dərinliklərdəki ağıl üzə çıxarılır. (Bunlardan) yaxşı idarə üsulu ilə sağlam bir ədəb poeması yaranır.”
Vaxtilə azərbaycan xalqı da öz müdrikliyi, ağlı ilə dərinlliklərdəki hikmətə - İslama qovuşdu. Bu cün Azərbaycanda sayları o qədər çox olmasa da, milli adət-ənənələrə, islami qayda-qanunlara uyğun olaraq yaşayan ailələr vardır. Və bu ailələrdə balaca Mühəmmədlər, Əlilər, Fatimələr, Zeynəblər, Hüseynlər, Sadiqlər, Cavadlar böyüyürlər. Biz inanırıq ki, millətimizin ağlının, hikmətinin, dininin daşıyıcıları olan bu körpələr İmam Sadiqin (ə) dediyi “daha dərinlikdəki ağıl”ı üzə çıxaracaq, keçmişimizin Bəhmənyarlarının, Şeyx Nizamilərinin, Tusilərinin davamçıları olacaqlar. Və onların həyatından “sağlam bir ədəb poeması” - Azərbaycanın qədim şəbəkəsi canlanacaq.
Çün bir şəm ki, həqdən yana, heç bad ilə sönməz...

Bikəxanım Əzimova,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi




суббота, февраля 16, 2008

İÇƏRİSİ SÖKÜLƏN ŞƏHƏR

və ya merə ilgili məsləhətlər

“Biri var idi, biri yox idi. Mənim balam, gördüyün bu yerdə İçərişəhər adlı qədim yaşayış kompleksi var idi. ”
Yəqin, bir müddət sonra biz övladlarımıza İçərişəhəri bu cür nağılvari cümlələri özündə əks etdirən sözlərlə anladacağıq. Ya da təmirə dayandırılmış hər hansı yerin ətrafına çəkilmiş qoruyucu lövhələrin üzərinə vurulu iri şəkillərdə eyni yuxarıda qeyd etdiyim cümlələri, yəqin, başqa formada yeritməyə çalışacağıq. Yazıq uşaq da bilməyəcək babasının, ya valideyninin anlatdığı İçərişəhər, doğrudan da, olubmu? Çünki ona məktəbdə nağılları şifahi xalq ədəbiyyatının və xalqın görmək istədiyi utopik düşüncə tərzinin nümunəsi olduğunu öyrədirlər.
Üstəlik 21-ci əsr texnologiya əsridir. Bu dövr uşağını nağıllar deyil, reallıqlar maraqlandırır. Yəqin ki, biz bu nağılları uşağa danışdığımız, hələ lovğalanaraq özümüzü tarixin canlı arxivi hesab etdiyimiz və qəlbimizdə qururlandığımız anda uşaq bizim danışdıqlarımıza gülünc, özümüzə isə kəmağıl kimi baxacaq. Bu cür kinayəli baxışların ağırlığını üzərimdə hiss edib üzümü tez İçərişəhərə tutdum ki, vəziyyətin reallığını öyrənim.
Məni ilk qarşılayan “Qız qalası” oldu. Ona baxar-baxmaz beynimdən dərhal “bunun yerində yaxşı “novostroyka” çıxar “ fikirlərini keçirdim. “Üstəlik ponoraması da dənizə. Amma içərisinə bir qədər əl gəzdirib səfirliklərə vermək də pis olmazdı. Mən ölüm, bilirsən nə pul qazanmaq olar? Sonra da get nə bilim Avropanın harasında istəsən yaşa. Lap, istəsən Kanadanın buz otellərində sakin ol. ”Lənət şeytana, axı, mən bura başqa məqsədlə gəlmişdim. Məni qınamayın. Lətifəsi bizdən uzaq “atı atın yanına bağlasan həmrəng olmasa da, həmxasiyyət olar” deyib atalarımız. Bu fikirləri başımdan atıb bir qədər də irəlilədim. İçərişəhərin dalanları, qədim küçələri ilə dolaşdı. Uzun illərdən bəri bağlı olan memarlıq abidəsinin açılmaması səbəbini soruşduqda, bildirdilər ki, Sakit okeandakı Marian çökəkliyindən çıxarılacaq mərmərlə bəzənəcək deyə, təmir qurtarmır ki, qurtarmır. Yenə qədim bilgilərimi saralmış beynimdə işə salıb dedim ki, a kişi, Marian çökəkliyinə exolotla səs göndərib güclə dərinliyini ölçürlər. Göndərəndə də səs “geri qayıtmır”. Cavab verdi ki, sən yaman əlləm-qəlləm adama oxşayırsan ha. Elə bil, orta əsrlərdən qalmısan (halbuki, özü V.Hüqonun “Səfillər”indəki küçə qəhrəmanlarına bənzəyirdi). Sənin xəbərin yoxdurmu ki, neftçilərimiz uzunmüddətli müqavilə şərti ilə artıq Marian çökəkliyindən neft çıxaracaqlar? Di, get başımdan.
Bu qocaya matdım-matdım baxıb “bərəkallah”- dedim. Bəlkə, bu xəbərlərdən heç Azneftin də xəbəri yox idi. Ayrıldım. Beynim yaman qarışmışdı. Sən öləsən, mən qalım bu fransızlardır, firənglərdir, nə bilim daha kimlərdir bunların, deyəsən, başı xarab olub. Əəə, bu informasiya əsrində bizimkilərdən niyə xəbər tutmayıblar? Niyə əlaqə qurmurlar ki, bizimkilər gedib Bastiliyanı-zadı abıra salsınlar? Hələ, bəlkə, neft də taparlar orda. Sonra Bastiliyanı söküb yerində qosqoca qüllə ucaldarlar. Bu yarışülküt kişi mənə bizimkiləri elə bəlağətlə təbliğ etdi ki, beynimə “ağıllı” fikirlər gəlməyə başladı. Hələ qeyd etdiklərim də son deyil. İçərişəhəri dolandıqca ağlıma maraqlı bir sual da gəldi. Nə əcəb balam, qədimdən yerə döşənmiş bu daşları çıxarıb yerində palma, banan ağacı əkmirlər? Üstəlik, neftimiz də var. Olardıq banan ölkəsi, Afrika ölkəsi, ərəb ölkəsi, nə bilim daha nə?
Sonra özümü dümsükləyib ayıltdım ki, axı, biz Avropaya inteqrasiya edirik. Elə o səbəbdəndir ki, köhnələri söküb təzələri ilə əvəz edirik. Necə deyərlər, yevrostill tikililərlə. Ona görə də İçərişəhəri başdan ayağa ispan parketi ilə döşəmək, məncə, pis olmazdı. Artıq sürətini ölçə biləcək cihaz olmadığı dərəcədə modernləşirik. Hətta firənglərdən də sürətlə. Mən bizim bu mədəni inkişafı bilmirəm hansı səviyyəyə qoyum. Yüz faiz postmoderni geridə qoymuşuq. Biz artıq post-postmoderni yaşayırıq. Hətta sürət o qədərdir ki, yazıq dilçilərimiz hələ bu mərhələyə imkan tapıb ad verə bilmirlər. Ona görə «post»u iki dəfə işlətməyə məcburuq. Əziz dilçilər, bəlkə, vaxtdır, siz də öz tövhənizi dünya linqvistikasına verəsiniz. Nə vaxta kimi sözləri də alacağıq? Bu da iqtisadiyyatla, sənayenin inkişafı ilə bağlı deyil ki, kənardan alaq. Amma deyirəm, nə yaxşı oldu, bizim indiki mədəni inkişaf mərhələmiz dünyanın heç bir ölkəsində yoxdur. Bəlkə, indi dəbərib bir şey edəsiniz. Öz aramızdı, bu kişilər də (kişi sözünü mətndə ancaq cins mənasında işlətmişəm) bilir necə hərəkət etmək lazımdır, ha. Görürsən, elə addım atıb Bakının anası ağlayıb. Həəə, yaman «rovzəxandı» bizim mer.
Əlqərəz, bu modernləşməni gördükcə daha da həvəsləndim, ürəyim dağa döndü və ruhən modernləşməyə doğru irəlilədim. Yenə beynimə düşdü ki, merə modern üstü bir ideya yazım. İstədim yazım ki, cənab mer cənabları, (özü bu tipli sözləri kiməsə dalbadal düzməyi sevdiyi üçün mən də hörmətən belə etdim. Atalar demiş: “Nə tökərsən aşına, o da çıxar qaşığına”. Həə, çox mərifətli adamdı) siz belə bir yenilikçi təfəkkürlə, nə əcəb, İçərişəhəri əhatə edən qala divarlarını nəzərdən qaçırıbsınız? Əminəm ki, deyəcəyim sözlər sizin fikrinizdə çoxdan var. Sadəcə təvazörkalığınız imkan verməyib ki, həyata keçirəsiniz. Ay meeer, gəlsənəm, qala divarlarının üstündə elə bir yaşayış kompleksi, yəni “novostroyka” demək istəyirəm tikək ki, dünya tamaşaya dursun. Möhkəmliyinə görə “Ginessin rekordlar kitabı”na da düşər. Həm ev satıb pul qazanmaq olar, həm də dünya gəlsin seyrinə pul qazanmaq olar. Həm də bununla hökumətə sübut etmək olar ki, iş necə olur, iqtisadiyyat necə qaldırılı. Təqaüdə də göndəriləndə, səfirdən-zaddan edərlər.
Bu fikirləri beynimdə çeynəyə-çeynəyə çıxdım düz şəhərə. Amma daxilimdə bir narahatlıq var idi. Dədə-babası belə bir mədəniyyət yaratmış xalqın yenidən öz tarixinə, kimliyinə, genofonduna qayıtması problemi məni yaman düşündürürdü. Elə bu pessimizmin təsiri altında həmin o fikirləri əks etdirən məktubu yazmaq fikrindən vaz keçdim. Amma düşündüm ki, başqa bir məzmunlu məktub yazım. İstəyirəm yazım ki, a kişi, nə özünü həlak edirsən bu millətin yolunda! Onsuz bunlar yaxşılıq-zad başa düşən deyil. Bunlar nə bilir «yevrostil» nədir! Öz soyuna-kökünə bağlıdır eee bunlar, heç nəyi və heç kəsi unutmurlar. Geci-tezi var, hər şey öz yerini tutacaq. Sən öz sağlamlığının qeydinə qal.
P.S. Bizlərdən hər birimiz bir gün keçmişə çevriləcəyik. Ən azı özümüzə hörmətimiz varsa, keçmişimizə hörmət edək. Çünki, biz insanlığımızla necə davranıb miras qoyacayıqsa, onlar da bizim miraslarımızla o cür davranacaqlar.

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Eynal Qardaşov