Показаны сообщения с ярлыком yazar: Aysel Kərimova. Показать все сообщения
Показаны сообщения с ярлыком yazar: Aysel Kərimova. Показать все сообщения

воскресенье, апреля 13, 2008

Qərbin Həzrət Muhəmməd (s) haqqında düşüncələri

Tarix bəşəriyyətin əli ilə, bəşər isə hər şeydən çox peyğəmbərlərin əli ilə tərbiyə olunur. Əgər quruculuq və yaradıcılıq sahəsində insanı əsas tutsaq, heç bir sənətkar peyğəmbərlə ayaqlaşa bilməz. Yaranış ənənəsi dünyanı insanın fərmanına, insanı iman qüvvəsinin fərmanına tabe, peyğəmbərləri isə bu qüvvənin rəhbəri və hərəkətvericisi etmişdir. (Ustad Şəhid Mürtəza Mütəhhəri)
Bu gün bəşər bütün elmi müvəffəqiyyitlərdən sonra dərdli-dərdli inləyir. Görəsən, niyə inləyir? Əksiklik, nöqsan, çatışmamazlıq nədədir?
Günümüzün insanı bu qədər ecazkar elmi və texniki tərəqqilərə baxmayaraq, insanlıq cəhətindən bir addım da olsun irəliləməmiş, əksinə, sanki tarixin ən qaranlıq dövrünə qayıtmışdır. Heç bir dövrdə yeni əsr qədər ədalət, azadlıq, qardaşlıq, insansevərlik, sülh, paklıq, doğruluq, sədaqət barəsində söz deyilməmiş və heç bir əsrdə də indiki qədər bu xüsusiyyətlərin ziddinə iş görülməmişdir.
Bəşəriyyət bu həqiqi dəyərləri özündə əks etdirən islamdan ayrı düşmüş və yalançı dəyərlər üzərində zorla formalaşdırılan insaniyyət, əxlaqiyyət barədə danışaraq özünün təbiətini dəyişməyə çalışmışdır.
İslamın qısa bir vaxtda yayılması heç bir əsr belə keçmədən Şimali Afrikaya, oradan Əndəlusa, daha sonra Avropanın içinə doğru irəliləməsi Qərb dünyasını çox sarsıtmışdı. Bu yayılmanın qarşısını almaq məqsədilə Qərb, özünün bədnam "xaç yürşlərinə" başladı. Təqribən 200 il sürən bu yürüşlər nəticəsiz qaldı. Amma əsrlər keçdikdən sonra, "mənəvi xaç yürüşləri"nə start verildi. Bu cür xaç yürüşlərinin hədəflərinin başında islam haqqında şübhələr yaratmaq, Həzrət Peyğəmbəri (s) gözdən salmaq, onun (nəuzubillah!) saxta bir peyğəmbər olduğu fikrini insanların beyinlərinə yeritmək prinsipi vardı. Missionerlik fəaliyyətlərilə müsəlmanları içdən çökdürüb, mənəvi güclərini qırmaq məqsədilə isə iftira kompaniyalarına başladılar. Həzrət Peyğəmbər (s) və Qurani-Kərimlə əlaqədar xurafat və batil inanclar yaydılar, yalan və iftiralarla dolu kitablar nəşr etdilər.
İslam aləmini ayağa qaldıran mənfur karikatura hadisələri və Qərbin bəzi qüvvələrinin islam və müsəlmanlara qarşı olan kin, nifrət və düşmənçiliyinin açıq bir şəkildə təzahürünün kuliminasiya nöqtəsi oldu.
Ancaq karikatura hadisələri ilə ortaya bir həqiqət çıxdı. Qərbin bəzi qüvvələrinin Həzrət Muhəmmədə (s) düşmənçiliyi nə qədər çoxdursa, müsəlmanların sevgisi də bir o qədər çoxdur. Hətta bizim sevgimiz onların düşmənçiliyindən də qat-qat çoxdur. Quran Həzrət Peyğəmbərdə (s) gözəl bir örnək («Əhzab», 21) olduğunu vurğulayır. Bunun mənası HəzrətPeyğəmbərin (s) həyatının bütün mərhələlərinin hər insan üçün bir model olmasıdır. Çünki o, bir insanın həyatında baş verə biləcək hər cür maddi və mənəvi halı şəxsən yaşamışdır. Yetim olmuş, kasıb olmuş, cəmiyyətin rəhbəri olmuş, imam olmuş, ordu rəhbəri olmuş, ata olmuş, övlad acısı yaşamış və s.
Həzrət Muhəmməd (s) insanın dəyər və şərəfini yüksəltmiş, dil, irq, məqam, mövqe, milli mənsubiyyətdən yaranan fərqlilikləri ortadan qaldırmış, insanların bərabər olduğu prinsipini çatdırmışdır.
Qadınlar onun gətirdiyi İslam dini ilə haqq və hüriyyətlərinə qovuşmuş, yoxsullar insan olmanın qürurunu hiss etmiş, yetimlər himayə altına girmənin zövqünü dadmış, uşaqlar nəvazişin fərahlığını duymuşdular. Allah Təala İslamın qayəsi olan "kamil insan" modelini Həzrət Muhəmmədin (s) timsalında ortaya qoymuş, onu bütün bəşəriyyət üçün misilsiz örnək götürüləcək şəxsiyyət qılmışdır.
Məhz bu kimi xüsusiyyətlərə görə məsələyə nisbətən obyektiv baxmağa çalışan Qərbin obyektiv yazıçı və tədqiqatçıları Allah Rəsulu ilə əlaqədar qismən də olsa haqqa, həqiqətə əsaslanan etiraflar etmişlər. Bu etiraflardan bəzilərini qeyd edirik.
İrland yazıçısı Corc Bernard Şounun etirafları: "Mən həmişə Muhəmmədin dininə, onun həyatiliyinə görə böyük hörmət hissi ilə yanaşmışam. Mənə elə gəlir ki, o, hər zaman və hər yerdə cazibəli ola bilən və həyatın ən müxtəlif sahələrində məişət üçün yararlı olan yeganə dindir. Orta əsrlər xristian ruhaniləri ya öz nadanlığı, ya da ki, təəssübkeşliyi üzündən islamı ən tutqun boyalarla təsvir etmişlər. Mən Muhəmmədi dahi bir şəxsiyyət kimi öyrəndim, əmin oldum ki, o Məsih İsa ilə düşmənçilikdən uzaqdır. Biz onu mütləq "Bəşəriyyətin xilaskarı" adlandırmayıq. Mən inanıram ki, onun kimi bir adam müasir dünyanın başında dursa, onda ən çox ehtiyacı olduğu sülh və səadət bərqərar etməklə onun bütün problemlərini uğurla həll edər! Mənim millətimin nümayəndələri olan avropalılar Muhəmmədin dinini qəbul edirlər, biz hətta deyə bilərik ki, Avropanın islama keçidi başlanmışdır. XXI əsr başa çatmamış Avropa öz problemlərinin həlli üçün islamdan kömək diləməyə başlayacaqdır."
Filosof Karl Layl (XIX əsr) yazır: "Dinləməyə və qəbul edilməyə ən layiqli sözlər Muhəmmədin sözləridir. Çünki yalnız onun dedikləri həqiqəti əks etdirir."
Vyana universitetinin dekanı professor Şepel 1927-ci ildə hüquqşünasların konfransında demişdir: "Bəşəriyyət Muhəmməd kimi bir adamın ona mənsubluğu ilə fəxr edir. Belə ki, neçə yüzillik qabaq o, elə bir şəriətlə gəlmişdir ki, biz avropalılar əgər min ildən sonra onun qiymətini dərk etsək, çox xoşbəxt olarıq."
Şahzadə Otto Von Bismark: "Mən iddia edirəm ki, Muhəmməd mümtaz bir qüvvədir. Yaradanın ikinci belə bir varlığı varlıq aləminə gətirməsi ehtimallardan çox uzaqdır. Sənə müasir bir vücud olmadığım üçün mütəəssirəm, ey Muhəmməd! Müəllimi və naşiri olduğun bu kitabın Allahdan olduğunu inkar etmək, müsbət elmlərin batil olduğunu iddia etmək qədər gülüncdür. Buna görə bəşəriyyət sənin kimi mümtaz bir qüdrəti görüb və bir daha da görməyəcəkdir."
Edvard Gibbon: "Muhəmməd kırallığın ehtişamını çox xor görürdü. Allahın elçisi ailəsində bir xidmətçi kimi davranır, ocağı qalayır, yer süpürür, qoyunları sağır, paltarları və ayyaqqabılarını özü təmir edirdi. Bir rahib, bir keşiş mənzərəsini də təsvir etmə ehtiyacını duymadan çox təbii bir zöhd həyatı yaşayırdı."
Alfonso de Lamarte: "Tarixdə kim Muhəmmədlə müqayisə oluna bilər ki? İnsan əzəmətinin təyini üçün lazım olan bütün meyarlar daxilində soruşuruq: Ondan daha böyüyü varmı?"
Burda həqiqəti görməyi bacaranların çox az bir qisminin adlarını verməklə kifayətləndik. Həqiqəti görməyərək və yaxud da görmək istəməyərək sənə iftira edənlərdən, Ya Rəsulallah, ancaq Rəbbimizə şikayət edir və deyirik: «Ya Allah!...Onlar bilmir! Bilmələrinə bizi vəsilə qıl! ... Üzərimizdəki bu tənbəlilyi qaldır! İslamın şəfqət və mərhəmətini bütün insanlığa çatdırmağı bizlərə nəsib et! Canımızı ancaq Sənin üçün yaşadıb, Sənin üçün fəda edə bilməyi lütf et və bu canlar can qatsın digər cansızlara! Bir dirilişin toxumları ola bilsin ürəklərimiz!»

Aysel Kərimova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

четверг, февраля 28, 2008

Səcdə - mənəvi yüksəliş

Səcdə - bəndənin Rəbbi qarşısında zəifliyini və acizliyini ifadə edir, Allahın əzəmət və əbədiliyinin müqabilində bütün varlıqların gücsüzlüyünü göstərir.
Məgər bütün yaranış Uca Allahın əzəməti və əmri qarşısında səcdə etmirmi? Bəs biz nə üçün kainatla birgə bizi yaradana səcdə etməyək?
Bəndəlik rəmzi sayılan səcdə məqamında insanın özünü kiçik sanması, təzim etməsi, nəfsini sındırması, təvazökarlığı, bütün vücudunu haqqa təslim etməsi gərəkdir. Bir anlıq da olsa dünyəvi hisslərdən ayrılıb Rəbbinə təzim etməsi - insan övladının Uca Yaradanı qarşısında mənəvi yüksəlişidir. Bütün varlığı ilə Rəbbinin qarşısında əyilməsi o mübarək nurun insanlığa verdiyi bir töhfədir.
Adəm xəlq edildikdən sonra bütün mələklər ona səcdə etdilər. Allah mələklərə Adəmə səcdə etməyi əmr etdiyi halda, Adəmə yalnız Onun Özü müqabilində səcdə etməsinə icazə verdi. Ancaq bəzən insan təbii halı olan səcdənin həqiqi ünvanını itirir. O, bəzən hisslərinə, tükənmək bilməyən ehtiraslarına, bəzənsə pula, məqama, şöhrətə səcdə edir.
İnsana lütf edilən bu şərəfli iş şeytan üçün ən çətin, ağır və dözülməz bir hal hesab olunur. Həmin şeytan ki, öz təkəbbür və qüruru üzündən Adəmə səcdə etməkdən imtina etdi, İlahinin dərgahından qovuldu və həmişəlik lənətə düçar oldu.
İmam Sadiq (ə) buyurur: "Hər kəs ömründə bir dəfə də olsa, səcdənin həqiqətini rədd edib ondan boyun qaçırıbsa, nə böyük ziyan çəkib! Amma o kəslər ki, səcdə halında nəfsin hiylələrinə uymadan öz Pərvərdigarı ilə xəlvət qalıb, Ondan qəflət etməyib, Allah Təala onlar üçün təcili müjdə və axirət rahatlığı hazırlayar. Hər kəs səcdə halında Allaha müqərrəb oldusa, əbədi olaraq Ondan uzaqlaşmaz. Lakin ədəbi pis olan və öz Pərvərdigarına hörmətsizlik edib səcdə halında qəlbi başqa şeylərlə məşğul olan kəs heç vaxt Allaha müqərrəb ola bilməz".
Səcdə edənlərin zinəti, abidlərin fəxri sayılan İmam Səccad (ə) səcdədə olarkən o qədər böyük diqqətlə Allahın adını təkrar edirdi ki, başını qaldırarkən mübarək bədəni tərə bürünmüş olardı. Səcdəsi zaman baxımından uzun çəkdiyinə görə səcdə yerləri qabar bağlayarmış.
Səcdə namazın mühüm hissələrindəndir və məzhəblər arasında səcdənin hansı qaydada yerinə yetirilməsi məsələsində fikir ayrılığı yoxdur. Bütün mənsəblər bədənin 7 üzvünün yerə qoyulmasını bildirmişlər. İxtilaf isə " Səcdə nəyin üzərinə edilməlidir?" sualı ətrafındadır.
Səcdə nəyin üzərinə edilməlidir barədə nəql olunan Peyğəmbər (s) hədisləri olduqca çoxdur. Burada mütəvatir olduğu barədə fikir ayrılığı olmayan " Yer mənim üçün səcdəgah və pak qərar verildi" hədisinin qısa şərhini verməklə nəticə çıxarmağa çalışacağıq.
Hədisdən göründüyü kimi, səcdə yalnız yer üzərinə edilməlidir. Digər tərəfdən də başa düşülür ki, islam şəriətinə görə toxunma şeylər üzərinə səcdə düzgün deyil. Çünki bu cür şeylər "yer" adlanmır. Deməli, " yer " adlanmayan əşyalar üzərinə edilən səcdəyə islam şəriəti icazə vermir.
Səcdə Allah Təala qarşısında kiçiklik, mütilik, itaətkarlıq əlamətidir. Allah əzəməti qarşısında olan bu mütilik və itaətkarlıq yalnız torpaq üzərinə edilən səcdə vasitəsilə tamamlanır. Bahalı döşəmə, qiymətli xalça üzərinə edilən səcdədə bu cür mütilik və kiçiklik yoxdur.
Bəs İmam Hüseyn (ə) türbəti üzərinə edilən səcdənin əhəmiyyəti niyə böyükdür?
Birincisi, Allah Təala Kərbəla torpağını yaradandan bəri onu müqəddəs və əzəmətli etmişdir. Peyğəmbər (s) buyurub: "Kərbəla torpağı yer kürəsinin bütün torpaqlarından pakdır, ona görə ki, o cənnət çəmənliklərindən biridir".

İkincisi, Kərbəla torpağının müqəddəsliyi və əzəməti ondadır ki, o İmam Hüseyn (ə) kimi Peyğəmbər (s) nəvəsinin mübarək vücudunu özündə saxlayır. İmam Hüseyn (ə) o kəsdir ki, Allah yolunda hər bir şeydən keçdi, ən əzizlərini, özünü qurban verdi və öz qanı ilə islamı dirçəltdi, aradan getməyə qoymadı. Ona görə də İmam Hüseyn (ə) kimi əzəmətli bir şəxsiyyətin vücudunu özündə saxlayan bir torpağın, əlbəttə ki, hörməti Allah dərgahında böyükdür.
Seyidəş-şühədanın pak türbəti azadlıq məktəbi, şəhadət rəmzidir. Bu müqəddəs torpağa səcdə etmək insanı Kərbəla, Aşura mədəniyyəti ilə tanış və yaxın edir.
Odur ki, ey bəndə, zəlil halda böyük təvazö ilə səcdə et və bil ki, O səni torpaqdan yaradıb, murdar nütfənin tərkibindən vücuda gətirib. Həm də bil ki, səcdənin mənası Allah Təalaya qəlblə və ruhla müqərrəb olmaqdır. Hər kəs Ona yaxın olsa, qeyri şeylərin hamısından uzaq olar.
Allah Təala bizləri daim Onun hüzurunda səcdə halında olanlardan qərar versin. Amin!!!

Aysel Kərimova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası «Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

пятница, февраля 08, 2008

İNANARAQ FƏTH EDƏNLƏR

İnsan sirli və əsrarəngiz bir varlıqdır. Bəşər tarixi boyu insan övladına endirilən ilahi kitablara nəzər salsaq, insanın həm tərif və təşviq olunduğunu, həm də məzəmmətlənib danlandığını görərik. O, bəzən mələklərdən üstün, bəzənsə hətta dördayaqlı heyvanlardan belə aşağı səviyyəyə endirilir. Quran insanın öz istedadı sayəsində təbiətə hakim ola bilməsini və mələkləri ixtiyarı altına ala biləcəyini, çirkin əməlləri nəticəsində isə bu dünyada zillətə, axirətdə isə cəhənnəmin ən aşağı təbəqəsinə düşə biləcəyini bəyan edir.
Allah yer üzünün əşrəfi təyin etdiyi insana digər məxluqatdan fərqli ağıl və şüur lütf etmişdir. Məhz bu ağıl və şüurun vasitəsilə insan özünü Allaha itaətdə dərk edir. Əgər o, Allahını unudarsa, özünü unudar, kim olduğunu, nə edəcəyini, hara doğru gedəcəyini bilməz.
İnsanın batinində Allahı dərk edən qüvvə vardır. Hər bir kəs Allahı tanıma fitrətinə malikdir və yalnız Allahı yad etməklə rahatlıq tapar. Çünki insanın istəkləri sonsuzdur. Allahın müqəddəs zatindan başqa qazandığı hər şeydən doyur və uzaqlaşmaq istəyir, sonra anlayır ki, istədiyi yeganə şey Allahın müqəddəs zatına qovuşmaqmış. «Rəd» surəsinin 28-ci ayədə buyurulduğu kimi "Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aramliq tapar".
İnsan yaşamaqçün yeməyə və içməyə ehtiyaclı olduğu kimi, inanmağa da ehtiyaclı olaraq doğulmuşdur. Bəzən unuduruq ki, acmağımız, susamağımız çörəyin və suyun mövcudluğundan xəbər verdiyi kimi, inanmağa olan ehtiyacımız da sonsuz qüdrət sahibi uca Yaradanın varlığından xəbər verir.
Lakin onlar unutmadılar, unutmadıqları üçündür ki, inandılar və zirvələri fəth etdilər.
Thomas Edison Alva da Yaradanına inanaraq geriyə milyardlarla insanın dua edəcəyi şərəfli bir keçmiş qoymuşdur. Elektriki kəşf etdi. Biz bu gün qaranlıq gecələrimizi bir düyməyə basmaqla aydınladırıq, amma keçmiş tarixlərdə insan oğlu axşam olub qorxunc qaranlıq üzərinə çökdüyü zaman ona qarşı qoyacaq bir güc axtarmışdır. Bu gücü Edison yorulmadan 200-dən çox maddə üzərində təcrübə apararaq, illər sürən əməyinin nəticəsi kimi 1879-cu ildə ixtira etmişdir.
Allaha inanan namuslu bir insan idi o. Kəşflərinin altında yatan sirr bu idi, desək yanılmarıq. Fonoqrafı "səs qeyd edən cihazı" ixtira edəndə ilk yazdığı söz: "Qalx və Rəbbinə yönəl" sözü olmuşdur.
Etdiyi bu ixtira barəsində ondan soruşulanda, bunun otların torpağı yarıb yer üzünə çıxması qədər mükəmməl bir kəşf kimi olmadığını söyləmişdir.
Gecələr qalxar, göy üzünə baxar, Uca Yaradanın ehtişamı qarşısında heyrətlənib ona sığınardı.
Aşağıdakı fikirləri ilə məşhur olan İsaak Nyutonu da bu sıraya aid etmək olar: "Məncə kainatdakı nizam-intizam ancaq gücü hər şeyə çatan bir Zatın iradə və qüdrətindən qaynaqlanır. Allah əbədi və sonsuzdur. O, zaman və məkan deyildir. Özümü çox bəxtiyar hiss edirəm, çünki bir yaradanın olduğunu, onun bizə nələr verdiyini və bizim də gərək Ona, gərəksə bir-birimizə qarşı nə kimi öhdəliklər daşıdığını açıqca görməyi bacarıram. Keçmişdə yalançı tanrılara inananlar həqiqətlərə gözlərini bağlamasaydılar, günəşə, aya, ölmüş atalarına sitayiş kimi boş inanclar yerinə gerçək bir yaradana inanmağı öyrənərdilər".
Nyuton kilsənin bir çox qanunlarına qarşı çıxırdı. Məsələn, təslis inancını qəbul etməyərək deyirdi: "Belə bir şey olmaz! Bu fikirlər müqəddəs İncilin təhrifindən başqa bir şey deyildir. Allah birdir, İsa isə onun qulu və elçisidir". Belə dedikcə kilsə onun üzərinə daha çox hücum çəkirdi.
Ağacdan Nyutonun başına düşən alma əhvalatı hamıya məlumdur. Bunun nəticəsidir ki, o, Yerin cazibə qanununu kəşf etmiş və bu kəşfinə görə Uca Yaradana xüsusilə borclu olduğunu dilindən heç düşürməmişdir. O, ömrünün son zamanlarını dini ədəbiyyat oxumaqla keçirmişdir. Ölümündən sonra belə şəxsiyyəti və varlığı daim xatırlanaraq, insanlığa xidmət edən kəşflərin atası sayılmışdır.
Luis Pasteu (Paster): İnanclı bir ailədə dünyaya göz açmışdır. Ailəsi ona mənəvi əxlaqının zənginləşməsi üçün daim peyğəmbərlərin həyatlarındakı nümunələrdən örnək göstərirdi. Dövrünün sağalmaz xəstəliklərindən sayılan quduzluğun çarəsini tapmışdır. Dərdi verən Allah dərmanını da verər düşüncəsi ilə "Əgər quduz mikrobu varsa onu yox edən bir canlı da vardır" deyərək ciddi-cəhdlə işə başlamışdır.
Müvəffəqiyyətinin sirrini soruşanları bu cür cavablandırmışdır: "Gözəl düşünmək, çalışmaq, təklik və dua". Gənclərə həmişə aşağıdakı tövsiyələri verərmiş: "Ucalmaq istəyirsinizsə, uca Allahın yaradılış sirrini öyrənin. Çətinliklərlə qarşılaşanda isə peyğəmbərlərin çəkdikləri çətinlikləri yadınıza salın. Bunlar sizin uğurlarınızı doğru yola istiqamətləndirir".
Mohandas Mahatma Qandi dünyadakı ilk sivil qarşıdurma hərəkatını başlamışdır. Təhqir olunan "toxunulmazlar"ın və müsəlmanların haqlarını qorumuş, bu yolda günlərlə oruc tutub Allaha dua etmişdir. Qandi onu yaralayan bir insanı bağışlayacaq qədər geniş bir ruha sahibdi.
İnqilabının ən parlaq səhifəsi hind toplumunun sinif anlayışının ictimai şüurda yerlə bir etməsi olmuşdur.
Hind uşaqlarına ərəbcə öyrənməyin zəruriliyini söyləyərdi. Vəkil kimi müsəlman bir ailənin haqlarını qoruyarkən islamla tanış olmuş, Quranı başdan sona oxumuşdu. Davasını üzərinə götürdüyü müsəlman ailəyə davamlı olaraq «Hud» surəsinin 116-cı ayəsini oxuduğu söylənilirdi. Bu ayə belədir: "Barı, sizdən əvvəlki nəsillərin ağıl və fəzilət (hünər) sahibləri yer üzündə fitnə-fəsad törətməyi qadağan edəydilər! Onların xilas etdiyimiz az bir qismi istisnadır. Zalımlar isə onlara verilmiş nemətə uydular və günahkar oldular".
Qandinin mücadiləsinə diqqət yetirsək, onun Qurandan ədalət, barış, insanlıq, bərabərlik və s kimi mövzularda olan ayələrin çıxarılaraq çoxaldılıb insanlara paylamasının şahidi olarıq. Qandi aşağıdakı fikirlərlə adını yaddaşlara həkk etmişdir: "İnandığı kimi yaşayanlar düşmənlərini belə özlərinə heyran qoyur, inandığı kimi yaşamayanlar isə bir müddət sonra yaşadığı kimi inanmağa başlayırlar. Daha sonrakı dövr isə günahların halallaşmağa başladığı dövrdür. Bu dövr isə düşmənin nifrətini daha da çoxaldar". Bir zamanlar "O,ən kiçik bir hadisədə oruc tutur, siyasətlə ilahiyyatı qarışdırır" deyənlər belə hətta onun düşündüyü kimi yaşayan, kütlələri bir əl hərəkəti ilə təsirləndirən insan, heysiyyatlı və izzətli bir alim olduğunu qəbul etmişdilər. Qandi ölərkən belə üzü gülümsəmiş və dodaqlarından bu kəlmələri heç düşürməmiş:"Uca Tanrı!"
Əziz oxucu, burada inanaraq zirvələri fəth edənlərdən yalnız bir qisminin adını verməklə kifayətləndik. Ancaq tarixə nəzər salsaq, hər bir kəşf və ixtiranın haqsızlıqla mübarizələrdə qazanılmış uğurların arxasında mütləq inanclı bir şəxsin durduğunun şahidi olarıq. Dünyanın elm, tarix, ədəbiyyat, fəlsəfə, siyasət, mədəniyyət və sənət həyatına yön verən belə insanların həyatı bizə, hansı şərtlərdə də olsaq, çətinliklərin öhdəsindən gəlmək və qazanmaq üçün bir səbəbimiz olduğunu göstərir. Bu səbəb Allaha olan inamımızdır. Əgər biz də Allahı layiqincə dərk edib inanaraq çalışarsaq, niyə bizim adlarımız zirvələri fəth edənlərin sırasında çəkilməsin???

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Aysel Kərimova