Показаны сообщения с ярлыком insan. Показать все сообщения
Показаны сообщения с ярлыком insan. Показать все сообщения

среда, июня 11, 2008

Qorxu - hərəkətverici qüvvə

Bu dünyanın hər daşının arxasından bir qorxu nümunəsi boylanaraq insanı səsləyir. Və bu qorxular insanın hərəkətverici amilinə çevrilmiş. Hətta bəzən insanı passivliyə sövq etməsinə rəğmən, yenə də hərəkətverici özəlliyini itirmir, əksinə passivliyin özünə doğru da hərəkətə sövq edir insanı.
Maraqlı gərdişi var çərxi-fələyin. Əslində, həqiqi varlığı olmayan, lakin varlıqların bir-birinə nisbətində yaranan bir şeyin insanın hərəkətverici amilinə çevrilməsi bu həmin şeyin üzərində düşünməməyin mümkününə bir "qeyri" əlavə etməyi deterministcəsinə insana hökm edir.
Qorxu - insanın bir türlü ayrıla bilmədiyi bir duyğu.
Qorxu - dünyada bir çox şeyi sevməməyimizin səbəbi, eyni zamanda bir çox şeyə qəlbimizdə nifrətimizin illəti.
Qorxu - bəzən gözlərimizdə abi-neysan kimi təcəlla edən, bəzən də əlimizdə olanları, sahibləndiklərimizi itirmək təhlükəsiylə bizə yol tapan, amma fərqində olmadan digər bir sahibləndiyimizi - nizamımızı əlimizdən oğurlayan duyğu.
Qorxu - bəzən umulacaq bir kəs qalmadıqda, döyüləcək bir qapı tapılmadıqda, bir sözlə əllərimiz ətəklərimizdən uzun olduqda bizi Allaha gətürən, bəzən də "iş dünyasına", "ev dünyasına", daha neçə belə "dünyalara" həbs etməklə Allahdan uzaq salan bir duyğu.
Qaranlıqların gətirdiyi qorxu, qaranlıqları gətirən qorxu.
Zülmətləri nura qovuşduran, eynizamanda nura zülmət donu geyindirən - qorxu.
Qorxu - qulun Rəbbindən uzaqlığının, fərağının gətirdiyi iztirab.
Qorxu-Cənnət, Cəhənnəm tamahı.
Bəzən rəqəmlərdən belə qorxur insan, yəgin hər birimizçün şagird dönəmlərində müəllimimizin qələmindən mürəkkəblə süzülən "2" rəqəminin gətirdiyi o hiss yad deyil. Yaxud məhkəmələrdə məhbuslarçün hakimin dilindən səslənən "10 il", "15 il" kimi vahiməli rəqəmlər nəinki onları, bizi belə qorxudur.
Bəzən də səslər qorxudur insanı. Bəzən adam qorxanda, bəlkə də adi şəraitdə eşidəcəyi tədqirdə sadə qarşılayacağı səslər ona vahiməli və qorxunc gəlir. Bəzən də məhz səslər özü qorxunu gətirir: Fələstində, İraqda insanların artıq yaşam tərzlərinə çevrilmiş güllə səsləri kimi.
Bu dünya yaman qorxudur insanı. Sanki Fələyin dəyirmanında qorxu nümunələri üyüdülür. İnsanın dünyadan azad olmaq istəyinə məhəl qoymadan bu dünyanın qorxularının belə rəngarəngliyi insanı lap təngə gətirir. Allahsa ömrünün ən çətin anlarında mağarada sığınan Peyğəmbəri (s) vasitəsiylə bütün qorxan insanlara səslənərək: "QORXMA, ALLAH BİZİMLƏDİR" deyir.
P.S. Rənglər də qorxudur insanı, məsələn: lənətlənmiş israil əsgərlərinin Fələstində insanlara tutduğu divanda insanların bədənlərindən - sanki, belə də olmalıymış kimi - axan qanın qırmızısı, yaxud Buş administrasiyasının, daha dəqiq, "Ağ evin" belə "bəyazlığının" insanlara gətirdiyi faciə, yaxud da Buşun YAŞIL rəngə olan allergiyasından dolayı "Ağ ev"in "bəyazlıqlarıyla" bu YAŞILLIQLARA qara yaxması…

Azər Nəsirov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi


пятница, мая 16, 2008

İnsan izzət axtarışında

Bağışlayan və mehriban Allahın adı ilə!
Allahın duları qəbul edən tək Məbud olduğunu qəlbən qəbul edən fanilər mülkünün mehmanı əbədiyyət səltənətinin sahibinə daim ehtiyaclı və ümidlidir.
İnsanın həyatı qabaqcadan özünə məlum olmayan, lakin özünün də təsir edə biləcəyi həlledici anları özündə ehtiva etmişdir. Həyat sanki uçurumun kənarıyla hərəkət olunan səyahətdir. Bir səyahət ki, uçuruma yuvarladacaq müxtəlif təəssüblərə bağlı seçimlərlə zəngindir.
Bu bənzətmə heç də təsadüfi deyil. Bu dünya axirətin əkin zəmisidir. Bir gün əkdiklərinin bəhrəsini və ya hədər olmuş zəhmətin acısını duyur insan. Elə isə ətrafa ayıq, açıq gözlə baxmaq, ağrı-acıdan qorunmaq lazımdır. Ağrı-acı əzablı atəşdir axirətdə. Bu dünyada isə hər gün yüz minlərlə insan acılar içində qovrulur. Bir şəxs gecəni öz evində rahat, isti yorğan-döşəkdə uyuyarkən dünya evinin bir digər sakini gecə bombardmanından viran qalmış evinin xərabələri arasında çətiniklər burulğanında gecəsini səhər edir.
Bu qəlbin sızıltıları heç də uzaqda deyil. Yaxınlarını, əzizlərini itirmişlər Allah bəndələridirlər. Allah bəndələri Allahda birləşir. Allah isə bizə şah damarımızdan da yaxındır. Belə olan halda bəndələr dünyanın harasında olmasından asılı olmayaraq bir-birinin ağrı-acısını özününkü bilər. Bu gün bu acı, bu iztirab Fələstindədir, İraqdadır, Azərbaycandadır və müsəlmanlar yaşayan hər məmləkətdədir.
Qəzzada insanlar ibtidai insan yaşamından və hüquqlarından məhrum ediliblər. Səhər-axşam nahaqq qanları axıdılır, lakin qaniçən doymaq bilmir. Kərbəlada dünyaya göz açan körpə Əli Əsğər (ə) davamçısı ömrün ilkin çağında dünyada qəm-qüssə, kədər, şiddət, zalımların haqsızlıqlarından savayı bir şey görmədən, məkrli zalımlar at oynadan dünyadan gedir. Gileyli gedir, şikayətli və məsum baxışlı gözlərini qapayaraq başlanarkən bitən ömürdən gedir.
Azərbaycanın işğal altında olan torpaqları bizlərə göz dağıdır. Kiminsə şəxsi əmlakının əldən çıxma ehtimalı olarsa belə, tez özündən çıxar, əl-ayağa düşər. Görünür Xocalı və digər yağı tapdağı altında inləyən vətən torpaqlarına və o torpaqlar uğrunda şəhid olmuş qeyrətli vətən övladlarının əziz xatirəsinə, əsir düşmüş azəri qız-gəlinlərə ehtiram lazım olan qədər deyil. Torpaqlar əldən gedir, yalnız hava haqqında məlumatlarda torpaqlar yad olur.
Vətən torpaqlarını qorumaq İlahi vəzifədir. Allah Təala məxluqatı seçilmiş, uca ruhlu bəndələrinə xatir xəlq etmişdir. Və onlardan, onların əzizliyindən bəşəriyyətə varolma və varlığın təminatı Allah tərəfindən lütf olmuşdur. Dünya nemətləri hər vaxt Uca Rəbbi zikr edən Məsumun, Allah əzizinin ehsan süfrəsidir. Bir vaxt dövrün məsum İmamı Hüseyn (ə) haqqın harayına yetib, zülmün qarşısında durdu. Canıyla, qanıyla, yaxınları, əzizləri, bütün malik olduqlarıyla. Və şəhid oldu. Dünyaya ən ali - dəyərlərin yaşanmasının ən son və ən ağır çətinliklərdən keçərək mümkünlüyünü çatdırdı. Bu əzəmətli İmamın (ə) şəxsiyyəti ilə tanış olan hər bir vicdanlı insan öz kimliyi haqda dərin düşüncələrə qapılır...
Bu gün İmam Hüseynin (ə) şəhadət yolunun davamçıları olan mətin insanlar var. Haqq - ədalət uğrunda şüurlu surətdə canlarından keçirlər. Öz yaşam tərzləri ilə həyatın və ola biləcəklərin fövqündə duranlar, bombardıman altında yaşayanlar, Allaha sığınanlar. Bu gün zindanlarda, əsirlikdə düşmənlərin tənələrinə, verdikləri əzab-əziyyətlərə, işgəncə, alçaldılmalara dözənlərimiz var. Onlar sabaha adi insandan daha çox ümidlidirlər. O sabah, o sönməz ümid çırağı bizim öhdəmizdə, bizim sorağımızdadır, biz də Onun.
Həyata var-dövlət, sərvət pəncərəsindən baxarkən bir müşkül, bir sıxıntı, bir can ağrısı o pəncərəni gözdə kiçildir, bir dəlik qədər edir. O dəlik də kiçilir, dəyərsizləşir, heçə dəyməz olur. Bir gün hər şeyin daha yaxşı olacağına inanan insan o günün “haqq günü” olacağı mahiyyətindən uzaqlaşır və bu sonda onu haqq olaraq diz çökdürər.
Yer adlanan kürənin başqa-başqa coğrafi mövqelərində müsəlmanların qanını tökənlər axıtdıqları günahsız insan qanına münasbətdə biganədirlər. Bu biganəlik bütün insaniyyətə qarşı eynidir. Bir günahsıza qıymaq günahsızlığa və günahsızlara qıymaqdır. İnsanlığı bürümüş bu sıxıntılara yad yanaşma insana yaddır. Toxunulmaz dəyərləri, mənəviyyatı olmayan toplum bir gün bütün malik olduqlarından əl götürər və düşməninə peşkeş verər. Və bununla da tam süquta uğrayar...
Alçalmanın və zəlilliyin əksi olan şərəf və izzət Allah yanındadır və onu dilədiyinə lütf edər.
Allahım, bizi şərəfli, izzətli et, bizi zəlillikdən hifz et! Amin.
Dəyərlərlə yaşama ümidi ilə Allah amanında.


Şahin Qurbanov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi