Показаны сообщения с ярлыком imamət. Показать все сообщения
Показаны сообщения с ярлыком imamət. Показать все сообщения

четверг, марта 13, 2008

MƏHƏRRƏM-SƏFƏR: düşüncələr və suallar.

Bismillahir Rəhmanir Rəhim!

Zaman dövr etdikcə, bir məhərrəm-səfər əyyamı yaşadır bizlərə. Yenə çöhrələrdə qəm və matəm. İlbəil Əhli-beyt (ə) sevərlər əqidəsinə, İmamına (ə) rəğbəti olanlar təzələyirlər beyətlərini, kimin tərəfində olduqlarını bəyan edirlər. Yad edirlər Şəhidlər Sərvərini, onun silahdaşlarını. Zeynəb təki (s.ə.), İmam Səccad təki (ə) bürünürlər qara libasa, əza saxlayırlar hürr insanlara.
Faydalanırlar aşiqlər bu mərasimlərdən, öyrənırlər qəhrəmanlığı, dönməzliyi, əsl bəndəçiliyi və sadalanmasi, deyilməsi mümkünsüz olan bir çox keyfiyyətləri əxz edirlər özləri üçün. Bu ayların gəlişi ilə bir təzələnmə, hərarət və eşq ilə döyünməyə başlayır qəlblər. Zülmün, istibdadin, köləliyin zəncirləri qırılır və azadlıqsevər insanların özünəqayıdışının, oyanışının baş verdiyi aylardır bu aylar.
Zatən məhərrəm-səfər əyyamının fəlsəfəsində bir donuqluq, məhdudluq və son yoxdur. Damarlarda axan qan təki qoymur bir donuqluq, ölülük yaransın bəşər qəlbində. Sanki hər il QAN verir bəşərə və yaşaması üçün bir vasitəyə çevrilir. Zaman və məkan anlamının da fövqündə olub, onlarla məhdudlaşmır. Adətən, zamanla dəyişən ayların, illərin, məkanla dəyişən hadisələrin, hərəkatların xüsusiyyəti yoxdur bu aylarda. Elə zamanı zaman qədər, məkanı məkan qədər qiymətli edən bu hərəkatın, bu hadisənin özüdür.
Çox vaxt sonluq bitmiş, tükənmiş məvhumlara aid edilir. Bu aylar isə bir növ elə başlanğıcın özu, ilkinin əvvəli, sonu görünməyən sonsuzluqdur. Ona gorədir ki, əhatə dairəsinin genişliyi hər mühitin, hər toplumun ondan faydalanmasına, ibrət götürməsinə və həyatında tətbiq etməsinə zəminə yaradir. Bəziləri üçün məhərrəm-səfər əyyamı elə onun gündəlik həyatı, bəziləri üçün iki aylıq, bir aylıq özünütanıma, bəziləri üçün növbəti Aşura, bəziləri üçün isə sıradan bir təqvim ayı.
Bəli, zaman dövr edir və məhərrəm-səfər əyyamı yaşadır bizləri. Dövr edirmi bu zamanın ayları qəlbimizdə? Duyuruqmu, hiss edirikmi onun gəlişini, gedişatını? Fərd olaraq, toplum olaraq nə qədər təsir edib, nə qədər ətalətdən çıxarıb bizi bu aylar? Həqiqi hərəkətverici vasitə olubmu?
Durumumuz dəyişibmi, həqiqi HÜSEYNÇİ (ə) ola bilmişikmi?
İki ay "Hüseyn, Hüseyn" (ə) deyib on ay lənətlik yezidlərə uyğun həyat tərzi keçirməmişikmi?
Yaşada bilmişikmi Hüseyn (ə) ideyalarını, hansi ki, İmam (ə) öz ölümü ilə yaşatdi?!
Diri saxlamışıqmı o ruhiyyəni ki, Hüseyn (ə) və silahdaşları diri saxlamişlar?!
Həqiqi onlar təki azad nəfəs almışıqmı, zülmə qarşi vuruşmuşuqmu, məzluma dəstək olmuşuqmu və həyatın bütün səhnələrinin qəhrəmanı ola bilmişikmi görəsən?!
Və ən əsası daim təkrarlanan və qəlbi parçalayan bir sual ki, o dövrün müasiri olsaydıq əgər, yetmiş iki qəhrəmandan biri ola bilərdikmi? Toplayardıqmi bütün gözəllikləri özümüzdə?! Bir cağırışla "LƏBBEYK YA HÜSEYN" deyib fırtına yaradardıqmı Kərbəla səhrasında?! İmam (ə) bizə qucaq açıb bağrına basar, bizi döyüşə yola salar və başımızın üstünə gələrdi, yoxsa o pak dəstəyə qoşulmamağı, onu tərk etməyi bizə məsləhət görərdi?
Son anda son məqamda HÜRR olardıq, qayıdardıqmı, yoxsa əvvəldən axıra qədər laqeyid, etinasız və dunya qulu olardıq?!
Çətin sualların ağırlığından da ağırdır onun cavabları. Daim düşündürən, düşüməyə vadar edən cavablarda tələsməməyı anladandır bu suallar. Buna baxmayaraq cavab verməliyik bu suallara və ilk növbədə Hüseynnin (ə) kamillik məktəbinin həqiqi tələbələrindən olmalıyıq. Tarixin bu məktəbi, bu hərəkatı yaşadanların bərəkətidir ki, əməli olaraq bizlərə insanlıq dərsi keçmiş və bu hərəkatın təravətliliyini nəsillərdən-nəsillərə ötürmüşlər.
Dövründən asılı olmayaraq, hər dövrün Hüseyni də var, Zeynəbi də var, lənətlik yezidi də. Adlar müxtəlif olsa da, daşıdıqları anlam eynidir. Əgər bir Hüseyn (ə) tələbəsi ki, baxışlarında yeni üfüqlər yaratmır, düşüncələrində qaranlıqları aydınlatmır, ölü qəlbinə dirilik gətirmirsə, «mən HÜSEYNÇİYƏM» deməyə haqqı yoxdur. Ağlamağın da, qəm-qüssəyə batmağın da, yalnız onda əhəmiyyəti olur ki, əməllə həmahəngliyi olsun və düşmənin də axıtdığı göz yaşlara bənzəməsin.
Hər kəs öz daxilində bir AŞURA yaratmalı, bütləri sındırmalı, zülmətləri nura çevirməlidir. Yezidləri, ibn ziyadları qəlbindən silib atmalı, ruhunda bir Hüseyn (ə), Zeynəb (s.ə.), Səccad (ə) ruhiyyəsi yaratmalı, "yox" deməli nəfsani istəklərə - o böyük maneələrə ki, onu ayrı salıb fitrətindən, izzətindən, şərəfindən. Qaldırmalı o günah pərdələrini ki, səbəb olmuş İmamından (ə.f.), Peyğəmbərindən (s), ALLAHından ayri düşməsinə. Ruhunu boyütməli, cism olan bədənində zindan etməməli onu. Bununla da nicat gəmisinin sərnişini, hidayət çırağının ardıcılı olmalı. Dövrümüzün nicat gəmisini hərəkət etdirən, hidayət çırağını nurlandıran ZƏMANƏ SAHİBİnin (ə.f) həqiqi müntəziri olmağa tələsməli. Tələsməli ki, nicat tapsın, nicat tapmalı ki, hidayət olsun. Və nəhayət həqiqi əsgər olub Zəmanə Sahibi (ə.f) ilə Hüseyn (ə) intiqamını almaq üçün dua etməli.

Zaman dövr edib bitsin,
Bu intizar sona yetsin
Məhərrəm-səfər əyyamında
İmam Zaman (ə.f.) zühur etsin


Əli Ağayarov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Təəbbüd dəhşəti

Məhərrəm-səfər əyyamı günləri arxada qaldı. Amma hər zaman Kərbəla müsibəti haqda, onun törənmə səbəbləri və ümumiyyətlə zəncirvari bağlılıqla müsəlmanların bugünki duruma düşmələrinin səbəbləri haqda düşünəndə Təəbbüd dəhşəti göz önünə gəlir.
Axı necə olur ki imam Əli (ə) kimi bir şəxsiyyətin olduğu bir dövrdə lənətlik Muaviyə kimisi müsəlmanlara hökmranlıq etmə məqamına nail olur və güc toplayır? Bu sualın cavabı bizi Həzrət Peyğəmbərin (s) vəfatından sonrakı acı hadisələrə aparıb çıxartsa da, məqsədim ayrı-ayrı tarixi şəxslərin etdikləri çirkin əməlləri (hansılarının ki, nəticəsində Allahın nuru olan İslam dininə elə zərbələr vurulur ki, hələ də islam ümməti onlardan əziyyət çəkir) araşdırmaq deyil. Məqsədim o dövrki müsəlmanların çox mühüm olan əqidəvi məsələlərdə Təəbbüdə yol verməkləri idi.
Həmişə ümmətin gələcəyi haqda çox narahat olan Xatəmül-ənbiyanın (s) vəfatından cəmi 70 gün öncə Allahın əmri ilə 120 mindən çox müsəlmana özünün tezliklə onlardan ayrılacağına işarə edib özündən sonra nə edəcəklərini, kimin dalınca gedəcəklərini bəyan etmiş və sözlərinin orada olmayanlara çatdırılmasını tapşırmışdı. Bəs nə oldu o müsəlmanlar? Zalım hoqqabazlar İmam Əlini (ə) tutub öldurməklə hədələyərək beyyət etməsini tələb etdikdə, imam - "Əgər 40 nəfər köməkçim olsaydı, sizi pərakəndə edərdim" deyən o çox məsuluyyətli və həssas vaxtlarda hansı mövqe tutdu müsəlmanlar? Birinci xəlifənin elanından sonra yaranmış şok və onun məntiqi nəticələri nə səbəbə özünü lazımi səviyyədə bürüzə vermədi? Hansı məntiqlə yanaşdı müsəlmanlar olub bitənlərə? "Onlar lap əvvəldən Peyğəmbərin (s) yanındadırlar, onlar da orada idilıər, onlar daha yaxşı bilərlər" kimi düşüncələr islam ümmətinin çoxluğunu kökündəcə ALLAHIN İSLAM yolundan, kamil dindən sapdırmadımı və ümmətin bugünkü çətinliklərinin təməlini qoymadımı? Siyasi məsələlər ilə dini, elmi məsələləri ayırmadımı? Bu qorxunc Təəbbüd deyilmi ki, müsəlmanları "başbilənlər daha yaxşı bilər" deyə mühüm əqidəvi məsələlərdə araşdırmalardan saxlayan? Bu, "camaat necə, biz də elə", "palaza bürün, elnən sürün" kimi cəfəng məntiq ilə öz ağıllarını düşünmək kimi bir əziyyətdən "qoruyub", başını gündəlik həyatın qayğılarına qatıb, insanı ayılmaqdan, əbədi səadət yolundan saxlayan, cılızlaşdıran, bədbəxt edən yanaşma deyilmi? Allahın müqəddəs Quranda - "onlar heç düşünməzlərmi" - deyə dağıtmaq istədiyi ətalətli düşüncə bu deyilmi? Bu cür qeyri-passionar axının qarşısında ancaq saf Əhli-beyt çeşməsindən içmiş Əllamə Təbatəbai kimi dahi dühalar dayana bilər.
Bəli, düşünməyi başqalarının öhdəsinə buraxanda, sənin əvəzinə hər şeyi: necə yaşamağını, nəyə baxmağını, yollarda, küçələrdə nəyi ğörməli olduğunu, nə səviyyədə hüquq və azadlıqlara malik olmağını, uşaqların oynadıqları videooyunları və s. başqaları təyin edəcəklər.
Allah bizləri özü bəyəndiyi düşüncə tərzinə yönəltsin, o düşüncəyə ki, Yezid zabiti Hürrü həzrəti Hürr etdi.
Allahım! Bizim diriliyimizi mövla Əli əleyhissalamın diriliyindən, ölümümüzü də Əli əleyhissəlamın ölümündən qərar ver, inşəəllah. Amin!

Muhəmməd Əmircanov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi


четверг, марта 06, 2008

Zülmətdən işığa

Dayanmaq - çətinliklərə sinə gərib hər acıya dayanmaq. Dünya yaranandan insanların qarşısına gözləmədikləri qədər tez-tez çıxan və bəzilərinin nail olduqları, bəziləri üçünsə əl çatmaz hal olmaqda qalan bir durum.
Hər kəs isti bir ocaq, qorxusuz-hürküsüz yaşaya biləcəyi bir yer, sevgisini paylaşdıra biləcəyi bir ailəyə sahib olmaq arzusundadır. Lakin bu hər kəsin nəsibidirmi? Nəsibidirmi deyəndə ki, bunu hər kəs yaşaya bilirmi? Bunu hər kəsə yaşadırlarmı?…
Xoşbəxtlik üçün bir çox insana bunlar kifayətdir. Bu arzuların insanların ürəyində arzu olaraq qalmasının ən böyük və danılmaz səbəbi zülmdür. Birisinin özü kimi başqa birisilə haqsız-ədalətsiz rəftarı. Var-dövlətinin çoxalması üçün başqalarının malını mənimsəmək, yaşayış sahəsini genişləndirmək üçün özgəsinin ərazisinə soxulmaq, özünün rahatlığı üçün başqalarının əməyinin istismarı və s . Bu kimi insanlığa xələl gətirən əməllər.
əbii fəlakətlərin bəşəriyyətə vurduğu zərbələrin təsiri, nəticələri bir müddət keçəndən sonra aradan gedir və qlobal baxımdan bərpası o qədər də çətin olmur. Lakin insanların törətdikləri fəsadlar əsrlər boyu qəlblər yandırır, ürəklər dağlayır. Tarixdən görürük ki, hansısa bir “tarixi şəxsiyyət”in səhvi və ya xəyanəti günlərimizə qədər bəşəriyyəti incitməkdədir. Planetin hər hansı bir yerində baş vermiş zəlzələ, sunami və yaxud hər hansı bir digər təbii fəlakət, Xirosima və Naqasakiyə atılan bombalar qədər yaddaşlara həkk olmayıb. Qanlı terrorun günümüzdə sadə insanlara yaşatdığı acilar hansı tufanın şiddəti ilə müqayisə oluna bilər?
Haqqin batil ilə mübarizəsi,yaxşınin pisə dayanışı tarixin ən çox şahid olduğu səhnələrdir. O vaxt ki, zülm qol-budaq atır, başqa bir yandan haqq bağında şəhadət ətirli güllər qönçələnir. Zülm ağacı öz pöhrələrini verməmiş qönçələnmiş şəhadət gülləri açılaraq qan rəngli ləçəkləriylə aləmi al rəngə boyayırlar.
Günümüzdə Məhərrəm-Səfər əyyamının ab-havası yaşanır. Haqq-ədalətin zülmlə mübarizəsinin dərsi keçilən, əyilməzlik, məğrurluq, sadiqlik, aşiqlik imtahanı verilən günlərdi.
O vaxtlar da xilafət hərislərinin hiyləgərliklərinə tuş gələn günahsız insanlar zülmün qurbanları idilər. İndi də hökümranlıq hərisləri zülm miniyinə minib meydan sulayırlar, günahsız insanları öz çirkin planlarının qurbanlarına çevirirlər. Nəfsani maraqlarına sərhəd qoymayanların əməlləri o qədər həddini aşmışdı ki, hətta Həzrət Peyğəmbərin (s) onlara qoyduğu əmanətlərə alçaqcasına xəyanət etdilər. Bu xəyanətin qarşılığında Əhli-beyt (ə) Mədinədən Məkkəyə, Məkkədən Kərbəlaya, Kərbəladan Şama uzanan yolları göz yaşlarıyla suvarmışdır. Bu mübarək bağbanların becərdikləri bağ saysız-hesabsız güllər bitirmiş və bu güllər dünyanı öz ətirlərinə qərq etmişlər.
Sınmazlığın qılınca qarşı qələbəsi, haqqın Qiyamətədək yaşaması həmin günlərdə reallaşdı.
Yeri-göyü titrədən körpə nalələri, ana-bacıların ağıları, yetim qalmış uşaqların sızıltıları, İraq, Əfqanıstan, Qarabağ faciəsinin, Xocalı qətliamı qurbanları yaxınlarının gözlərindən axan yaşlar Şam xarabalıqlarında Kərbəla əsirlərinin göz yaşlarına qarışmazmı? Quantanamo, Əbu-Qureyb zindanlarından ucalan nalələr, oradakı əsirlərin qəlblərinin sıxıntıları Kərbəla əsirlərinin nalələrinə calanmazmı ?
Dünyanı zülmdən azad edəcək bir kəs, necə ki, Kərbəlanın qisasını alacaq, o cür də bütün məzlumların qisasını alacaq.
Ey dünya məzlumlarının pənahı, ya Mehdi (ə.f) gəl ki, üzümüz gülsün. Gəl ki zülmün yaratdığı zülmət aradan getsin. Gəl ki , dünya nura qərq olsun. Amin!

Rövşən Fərhadoğlu,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

четверг, февраля 28, 2008

SƏADƏT ÇIRAĞI - İMAMƏT

İnsan daim seçim qarşısındadi. İstər maddi, istər mənəvi məsələlərində özü üçün daha mənfəətli, xeyirli olanı seçir. Bu xeyri nədə görməsi fərdidi və özünü nə qədər tanımasindan, dünyagörüşündən, məlumatlılığından asılıdir. Bəs özü haqda, nə etməlisi haqda haradan bilgi alsın? Haradan bilsin ki, bu və ya digər məsələ pisdir ya yaxşıdır?
İnsan bəzi bədihi - yəni sübuta ehtiyacı olmayan, hamının qəbul etdiyi bilgilərə malikdir. Məsələn, yəqinlə bilir ki, özü var və özü kimi yaradılmışlar var. Və bilir ki, bu varlıqların yaradıcısının olması zəruridir, öz-özünə xəlq olmayıb onlar. Bu varlıqların ehtiyaclı olduqları varlıq digər mövcudiyyətdən, tərkib, zaman, məkan kimi amillərdən ehtiyacsızdır. Bu yaradıcı hər şeyi hikmət və nizam üzərində edəndir. Yaratdığı ilk insan ilk məlumat gətirən, ilk nəbi, yəni peyqəmbərdir.
Allah insani yaradır, onu nə etməlisi haqda məlumatlandırır. Malik olduğu məlumatlardan faydalanıb-faydalanmamasından asılı olaraq, insan əbədi həyatının müqəddəratını - səadətini və ya bədbəxtliyini özü seçir. Əgər insan həqiqi səadətinin nədə, harada olduğunu bilsə, əlbəttə ki, ona tərəf yönələr. Ona çatmaq üçün ötəri ləzzətlərdən imtina edər, vücudi araşdırmalar aparar.
Allah Təala Qurani-Kərimi insanlara çatdırmaq üçün Həzrət Muhəmmədi (s) vasitəçi seçmiş və ilk olaraq Peyqəmbər (s) özü ayələri şərh etmişdir. Muqəddəs kitabda insanın bütün nə etməli məsələləri acılmır. Bəs belə isə sonuncu peyqəmbər olan Həzrət Muhəmmədin (s) vəfatindan sonra ortaya cıxan məsələlərdə kimə müraciət etməli?
O Həzrət dəfələrlə özündən sonra Əli ibni Əbutalibi (ə) öz vəlisi və islam ümmətinin İmamı kimi təqdim etmişdir. Eyni zamanda əql də təsdiq edir ki, nübuvvətin (peyğəmbərliyin) xətmindən, yəni başa çatmasından sonra İlahi məlumatı əldə etmək, suallara cavab tapmaq üçün Allah tərəfindən müəyyən edilmiş məsum, yəni günahsiz olan bir rəhbərin - imamın olması zəruridir.
Qurani-Kərimin «Maidə» surəsinin 67-ci ayəsində buyrulur: “Ya peyqəmbər, Rəbbin tərəfindən sənə nazil ediləni təbliğ et. Əgər etməsən risalətini yerinə yetirmiş olmazsan. Allah Səni insanlardan (onların fitnə və şərindən) qoruyacaq”.
Təfsirçilərin nəzərincə, bu ayə Həzrət Əli (ə) haqqinda nazil olmuşdur. Belə ki, Peyqəmbər (s) sonuncu həcc ziyarətindən qayıdarkən Qədir-Xum adlanan məkanda İmam Əlinin (ə) əlini qaldırıb, “Mən kimin mövlasıyamsa, Əli (ə) də onun mövlasıdir”. Deməsindən sonra «Maidə» surəsinin 3-cü ayəsi - “Bu gün dininizi Sizin üçün kamilləşdirdim, Sizə olan nemətimi tamamladım və Sizin üçün din olaraq İslamı bəyənib, seçdim” nazil olur. Beləliklə, Əli (ə) Peyqəmbərdən (s) sonra ilk rəhbər - imamdır.
Daha əvvəl qeyd etdik ki, yer üzündə insaniyyət mövcud olduqca belə - yəni, İlahi tərəfindən müəyyən edilmiş bir rəhbərin olmasi vacibdir. Qurani-Kərimin «Nisa» surəsinin 59-cu ayəsində “Ey iman gətirənlər! Allaha, Peyqəmbərə (s) və özünüzdən olan əmr sahiblərinə itaət edin” - deyə buyurulur. Bəs kimlərdir bu əmr sahibləri? Necə təyin etmək ki, kim olmalıdir İlahi rəhbər? Peyqəmbərimiz (s) ona verilən “ulul-əmr kimlərdir ki, onlara itaət Sizə itaət kimidir?” sualına “Onlar mənim canişinlərimdir və məndən sonra müsəlmanlarin imamlarıdır” kimi cavablandırmışdır. Bundan sonra Peyğəmbərimiz (s) on iki ad sadalayır ki, bunlardan birincisi Əli (ə) ibni Əbutalib, sonuncusu İmam Mehdi Sahib-əz-Zamandır.
Tarixə nəzər salarkən aydın olur ki, Peyqəmbərin (s) vəfatından sonra Həzrət Əlidən (ə) başlayaraq, arada fasilə olmadan, imamət Peyqəmbərimizin sadaladığı ardıcıllıqla bu mübarək insanların birindən digərinə keçmişdir.
Bəs bizim yaşadiğimiz dövrdə kimdir İmam? Hazırda Zəmanə sahibi - Peyqəmbərimiz (s) adini çəkdiyi, on birinci imam Həsən ibni Əlinin (ə) oğlu Həzrət Mehdidir (ə.f.). İmamətinin ilk illərini «kiçik qeyb dövrü»ndə ümmətə dörd naib vasitəsilə rəhbərlik etməklə keçirərək sanki insanları uzun müddətli ayrılığa, yəni özünün «böyük qeyb dövrü»nə hazırlaşdırır İmam (ə). Insanlara bu müddət ərzində nə etməliləri haqda bilgi almaq üçün keçməli olduqları yola işiq salır.
Daha bir sual çıxır ortaya. Bəs nə vaxt zühur edəcək Məhdi Sahib-əz-Zaman (ə.f.)? İslam dininə mənsub bütün məktəblərdə belə bir nəzər mövcuddur ki, Peyğəmbərimizin (s) qızı Fatimeyi-Zəhranın (s.ə.) nəslindən bir kişi Qiyamətə bir gün belə qalsa da, rəhbərliyə gələr və Yer üzünü zülmdən, haqsızlıqdan xilas edər. Bu haqda Qurani-Kərimin «Ənbiya» surəsinin 105, «Əraf» surəsinin 128, «Tövbə» surəsinin 33 və digər ayələrində gəlməsi ilə yanaş,ı istər əhli-təsənnü, istərsə də cəfəri məktəblərinin hədis kitablarında yer almiş Peyqəmbərimizdən (s) nəql olunan hədislərdə dolğun məlumat verilir.
İmamın (ə.f.) zühurunun, qayıdışı ilə Yer üzündə ədaləti bərqərar etməsinin nə zaman baş verəcəyi haqda bir çox amillər göstərilir ki, bunlardan biri də dünyada 313 kamil insanin olmasıdır. Biz bir çox möhtərəm alimlərin qeyd etdikləri digər işarələr haqqinda da həcmli yaza bilərik. Lakin, daha faydalı olmazmı Allahin bizə bəxş etdiyi, bu dünyada tükənən nemətlərdən biri olan zamanımızı necə olacaq haqda düşünmək əvəzinə, İlahi hikmətlə bizə çatdırılan bilgilərdən faydalanaraq özümüzün islahına, kamilliyə doqru yüksəlməyə sərf edək ki, İmamımızın (ə.f.) zühurunun tezləşməsinə səbəb olanlardan, Onun nuru ilə işıqlananlardan olaq???
Allah hamıya doğru yolda olmağı qismət etsin!

Günay Həsənova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

пятница, февраля 01, 2008

Zamanın memuarı

Zaman hər gün tarixin yaddaş kitabçasına özünün ötməsiylə bir memuar yazır. Əgər hər gün bir memuar yazırsa, deməli, fərqliliyi, dəyişkənliyi duyur zaman. Əks təqdirdə zaman hər gün dırnaq içində uzun bir tire çəkərdi. Bu dəyişkənlik fonunda yaranış olan insan, zamanın ona görə yaradılmasına baxmayaraq, zamanın dəyişmə mexanizmindən kənar qala bilmir, dəyişir. Dəyişən insan bir tərəfdən qurub-yaradır, kəşflər edir, dənizin dibindən kosmosa qədər ayağının dəymədiyi yer qoymur, hətta zamanın fövqünə çıxmaq belə istəyir – özünün əbədilik arzusuyla, amma digər tərəfdən qurulub-yaradılan şeyləri, özünün əbədilik arzusuna baxmayaraq, məhv edir.

Əcəba nədən?Görəsən, bu paradoksal həqiqətlər nədən qaynaqlanır?

Zaman bunu bilir və bəlkə də tarixin yaddaş kitabçasına yazıb da bunu. Yazıb ki, bütün bunlar o zaman baş verdi ki, bəşər övladı insan tərbiyəsini öz üzərinə götürdü. Və bu, silahla çörək əldə etmək kimi qorxulu cərəyanlar, Nakasaki, Xirosima kimi faciələr nəticələndi. Və bu, tarixin yaddaş kitabçasında freydlər, nitçelər, markslar, mussolinilər, hitlerlər kimi qorxunc «tərbiyəçilər» əks olundu.

Zaman bilir ki, tərbiyə mürəkkəb bir anlayışdır və onu da bilir ki, insan özü-özünə yaranmadı ki, tərbiyəsini də özü müəyyənləşdirə. Zaman bilir insan özüylə münasibətdə, özünütərbiyədə müvəffəq deyil, hər an özüylə qarşılaşan insan özünü belə uduzur, nəfsinin hiylələrinə uyub laləzar gördüyü çirkablarla uğraşır... Bir zamanlar mələklərin insan oğluna necə səcdə etdiyinin şahidi olan zaman, indi insan oğlunun heyvanlara səcdəsini ürək yanğısıyla müşahidə edir.İnsana səslənərək hayqırır zaman:

-Ey insan, bütün bunların səbəbi Rəbbindən uzaqlığındır. Rəbb – yəni, tərbiyəedici.

Rəbbindən uzaqlıq təbiyədən uzaqlıq deməkdir. Tərbiyə, “böyütmək”, “həyata hazırlamaq”-deməkdir. Səni insan necə həyata hazırlaya bilər ki, onun özü buna ehtiyaclıdır? Yoxsa insanların sənin tərbiyən ilə eksprement aparmasınımı istəyirsən?

Sənin tərbiyəedicin tərbiyənin çeşməsi olmalıdır. Bu çeşməyə dünyaya ilk dəfə ağlayandan bəri teşnəsən. Səni Yaradanın səni səndən yaxşı tanıması, əslində, sadə bir məntiqdir. Ey insan, sənin Rəbbin sənə şah damarından da yaxın olduğunu bəyan edir. Sənin damarlarınla yaşamağına zəmanət olan qan dövranı həyata keçir. Bir an bu qan dövranı dayansa, ölüm səni cənginə alacaq. Amma sən bundan da sənə yaxın olan bir varlıqsız yaşamağa iddialısan. Necə ki, cismin qan dövranı olmadan yoxluğa məhkumdur, sənin ruhun da Allahsız yoxluğa məhkumdur.

Bəli, İlahi ruh İlahdan ayrı qalmaqla heyvandan da aşağı bir səviyyəyə yuvarlanmağa məhkumdur. Əxlaqi fəzilətləri aşaraq özü üçün əbədi səadət təmin etməli olan insanın İlahi-tərbiyədən uzaq düşməklə heyvandan da aşağı səviyyəyə enməsi yoxluqdan da beşbetər bir vəziyyətdir. Vəhşiləşən insanı isə cəza sistemləri belə ram edə bilmir, nəinki tərbiyə... Ona görə ki, ilk dəfə dünyaya ağlayandan etibarən, hələ ağ bir vərəq kimi yazılmamış, təzə-tər, pak, hər bir çirkinlikdən uzaq körpəcə-fidan bala olan zaman onu çirkinliklərə bulaşdırıblar.

Dünyaya ilk dəfə ağlamaqla dünyanı sevincə qərq edən bu körpəcə-fidan ağlamasıyla bizi güldürməsi bizim də onu öz sevincdən doğan gülüşlərimizlə güldürməyimizçündür, bəlkə də... Amma o, gülmür, elə heeey ağlayır. Çünki gülüşlərimizin mənbəyi bizə görə sevincdir. Amma uşaq bizim gülüşlərimizdə “xortdan gülüşləri” görür. Heç vaxt gülməyəcək. Axı, bilir bu “xortdanlar” onu da dəyişib “xortdan” edəcəklər.

Amma zaman her şeydən fərqli olaraq uşağı “tərbiyə” edib ona nəsə öyrədib onu dəyişməyin tərəfdarı deyil, əksinə – uşağın həmin pak halını qorumaq və ona iradə libası geyindirmək, onu fitrətə yönəltməyin tərəfdarıdır. Bütün bunları bir zamanlar tarixin yaddaş kitabçasına yazdığı İslam adlı memuardan oxuyur zaman, oxuyur və onda bəşəriyyətin “müasirlik” adı altında tərbiyəsizlikləri mənimsəməsiylə bağlı narahatçılıq yaransa da, o, nikbindir. Çünki zaman öz sahibinin-SAHİB-ZAMAN MEHDİnin (ə.f.) intizarındadır. Bir də axı, zaman tarixin yaddaş kitabçasına ataların “tarix təkrarlanır” deyimini də yazıb... Tarix təkrarlananda isə zaman, sadəcə, dırnaq içində uzun bir tire atacaq, təkrarçılıq olmasın deyə...



İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyasının
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Azər Nəsirov