Показаны сообщения с ярлыком yazar: Şahin Qurbanov. Показать все сообщения
Показаны сообщения с ярлыком yazar: Şahin Qurbanov. Показать все сообщения

воскресенье, июля 13, 2008

XEYLİ ZAMANDAN BƏRİDİR

Haqq dilimin əzbəridir, xeyli zamandan bəridir,
Xeyli zamandan bəridir, xeyli zamandan bəridir.

Əzbər olubdur dilimdə xoş, şirin sözüm Bakımız,
Dövlətin vuran ürəyi ay canım, gözüm Bakımız,
Kimsə bilirmi görəsən bəs nədən bizim Bakımız
İndi fəsad məzhəridir xeyli zamandan bəridir.

Müşkülə səbr eyləməyə taqətimiz çoxdu bizim,
Torpağımızla neftimiz, sərvətimiz çoxdu bizim,
Bizdə qalıb kimin gözü dəvətimiz çoxdu bizim,
Gəl, yenə kim müştəridir xeyli zamandan bəridir.

Arxayın etdin ki, məni sən, bunu dərd eyləməyim,
Torpağı zəbt eylədi düşmən, bunu dərd eyləməyim,
Siz bunu dərd eyləməyin, mən bunu dərd eyləməyim,
Bəs bu kimin dərd-səridir xeyli zamandan bəridir.

Keyfə istirahətə get, fikr eləmə zərrə qədər,
Lövbər ata bilməz axı siz tərəfə qüssə - kədər,
Bircə dəfə bax kasıba, ömr eləyir gör nə təhər,
Bir sümükdü, bir dəridir xeyli zamandan bəridir.

Ta unudandan Onu bu, bu unudubdur özünü,
Dil deyə bilmir sözünü, nəfsi deyir öz sözünü,
İştaha bəh-bəh eləyir, heç çəkə bilmir gözünü,
Hey yeyir, sökür, əridir xeyli zamandan bəridir.

Hey yedin, içdin demədin qonşu qalıb qəmdə mələr,
Vecinə də olmadı heç, baş verir ətrafda nələr.
Gizlin olanlar açılar, məhşərə birlikdə gələr,
Kim ki, kimin yavəridir xeyli zamandan bəridir.

Gər toxumun Sən səpəsən, bəhrəsi düzgün yetişər,
Elmi - kəramət bağının meyvəsi üstün yetişər.
Hiyləgərə hiylələri şahid olan gün yetişər...
Şahid əməl dəftəridir xeyli zamandan bəridir.


Şahin Qurbanov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi







пятница, июня 27, 2008

HAQQI ELƏYƏR BƏRPA


Qəmdən üzülüb canım,
Nahaqq tökülüb qanım,
Qalxıb göyə əfqanım...
Gizlindədir imkanım,
Gəlmir hələ dövranım,
Qopmur hələ tufanım.

Haqqın səsi yüksəlmir,
Məzlum niyə dirçəlmir?
Zalım axı dincəlmir,
Göydən də bəla gəlmir.

Gözlərdən asıb pərdə
Hər yanda durub hərbə.
Heç qayğı olar zərbə?
Kim bunda düşər şəkkə?
Bu mərmidi, bu qəlpə!
Rəhm eyləmədən zərrə
Öldürdü neçə körpə.
Kim etsə buna qibtə
Lənət ona əlbəttə!

Haqqı tanıyan aqil
Zülm etməz, olar adil.
Kim olmadısa qafil
Oldu ona da şamil.
Dəryanı tutar sahil
Dərk etməsə də cahil
Cahil də ora daxil.
Hər bir işi naqabil
Hər yanda ötər dil - dil
Axır gələr Əzrayil(ə),
Surun çalar İsrafil(ə),
Mənsə bir işə mail,
Ol işdə ola təcil.

Mən səslərəm Allahi,
Gizlinlərə agahi.

«Rəbbim, bizə imdad et,
Nadanları bərbad et,
Qəmdən bizi azad et,
Xoş vədən ilə şad et».

Rəbbim əsil Hakimdir,
Hər şey ona təslimdir.
Üsyan eləyən kimdir?
Zalimdir o, zalimdir.

Qəlbimdə qalıb yarə,
Çarə qalıb izharə.
Məlunlara, küffarə
İmkan düşə bir parə
Gündüz də olar qarə,
Aləm də gələr zarə.
Elan olar aşkarə
Zalim çəkilər darə.

Döndükcə duran dünya
Olmaz əbədi əsla.
Haqq qalsa da bir damla
Bir gün daşırar dərya.
Olmaz bu fikir xülya
Gülşən yetirər səhra.
Allah həqiqi əla
Zülmü eləyər ifşa.
Haqq haqqa olub arxa
“Haqqı eləyər bərpa!”


Şahin Qurbanov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi



пятница, мая 16, 2008

İnsan izzət axtarışında

Bağışlayan və mehriban Allahın adı ilə!
Allahın duları qəbul edən tək Məbud olduğunu qəlbən qəbul edən fanilər mülkünün mehmanı əbədiyyət səltənətinin sahibinə daim ehtiyaclı və ümidlidir.
İnsanın həyatı qabaqcadan özünə məlum olmayan, lakin özünün də təsir edə biləcəyi həlledici anları özündə ehtiva etmişdir. Həyat sanki uçurumun kənarıyla hərəkət olunan səyahətdir. Bir səyahət ki, uçuruma yuvarladacaq müxtəlif təəssüblərə bağlı seçimlərlə zəngindir.
Bu bənzətmə heç də təsadüfi deyil. Bu dünya axirətin əkin zəmisidir. Bir gün əkdiklərinin bəhrəsini və ya hədər olmuş zəhmətin acısını duyur insan. Elə isə ətrafa ayıq, açıq gözlə baxmaq, ağrı-acıdan qorunmaq lazımdır. Ağrı-acı əzablı atəşdir axirətdə. Bu dünyada isə hər gün yüz minlərlə insan acılar içində qovrulur. Bir şəxs gecəni öz evində rahat, isti yorğan-döşəkdə uyuyarkən dünya evinin bir digər sakini gecə bombardmanından viran qalmış evinin xərabələri arasında çətiniklər burulğanında gecəsini səhər edir.
Bu qəlbin sızıltıları heç də uzaqda deyil. Yaxınlarını, əzizlərini itirmişlər Allah bəndələridirlər. Allah bəndələri Allahda birləşir. Allah isə bizə şah damarımızdan da yaxındır. Belə olan halda bəndələr dünyanın harasında olmasından asılı olmayaraq bir-birinin ağrı-acısını özününkü bilər. Bu gün bu acı, bu iztirab Fələstindədir, İraqdadır, Azərbaycandadır və müsəlmanlar yaşayan hər məmləkətdədir.
Qəzzada insanlar ibtidai insan yaşamından və hüquqlarından məhrum ediliblər. Səhər-axşam nahaqq qanları axıdılır, lakin qaniçən doymaq bilmir. Kərbəlada dünyaya göz açan körpə Əli Əsğər (ə) davamçısı ömrün ilkin çağında dünyada qəm-qüssə, kədər, şiddət, zalımların haqsızlıqlarından savayı bir şey görmədən, məkrli zalımlar at oynadan dünyadan gedir. Gileyli gedir, şikayətli və məsum baxışlı gözlərini qapayaraq başlanarkən bitən ömürdən gedir.
Azərbaycanın işğal altında olan torpaqları bizlərə göz dağıdır. Kiminsə şəxsi əmlakının əldən çıxma ehtimalı olarsa belə, tez özündən çıxar, əl-ayağa düşər. Görünür Xocalı və digər yağı tapdağı altında inləyən vətən torpaqlarına və o torpaqlar uğrunda şəhid olmuş qeyrətli vətən övladlarının əziz xatirəsinə, əsir düşmüş azəri qız-gəlinlərə ehtiram lazım olan qədər deyil. Torpaqlar əldən gedir, yalnız hava haqqında məlumatlarda torpaqlar yad olur.
Vətən torpaqlarını qorumaq İlahi vəzifədir. Allah Təala məxluqatı seçilmiş, uca ruhlu bəndələrinə xatir xəlq etmişdir. Və onlardan, onların əzizliyindən bəşəriyyətə varolma və varlığın təminatı Allah tərəfindən lütf olmuşdur. Dünya nemətləri hər vaxt Uca Rəbbi zikr edən Məsumun, Allah əzizinin ehsan süfrəsidir. Bir vaxt dövrün məsum İmamı Hüseyn (ə) haqqın harayına yetib, zülmün qarşısında durdu. Canıyla, qanıyla, yaxınları, əzizləri, bütün malik olduqlarıyla. Və şəhid oldu. Dünyaya ən ali - dəyərlərin yaşanmasının ən son və ən ağır çətinliklərdən keçərək mümkünlüyünü çatdırdı. Bu əzəmətli İmamın (ə) şəxsiyyəti ilə tanış olan hər bir vicdanlı insan öz kimliyi haqda dərin düşüncələrə qapılır...
Bu gün İmam Hüseynin (ə) şəhadət yolunun davamçıları olan mətin insanlar var. Haqq - ədalət uğrunda şüurlu surətdə canlarından keçirlər. Öz yaşam tərzləri ilə həyatın və ola biləcəklərin fövqündə duranlar, bombardıman altında yaşayanlar, Allaha sığınanlar. Bu gün zindanlarda, əsirlikdə düşmənlərin tənələrinə, verdikləri əzab-əziyyətlərə, işgəncə, alçaldılmalara dözənlərimiz var. Onlar sabaha adi insandan daha çox ümidlidirlər. O sabah, o sönməz ümid çırağı bizim öhdəmizdə, bizim sorağımızdadır, biz də Onun.
Həyata var-dövlət, sərvət pəncərəsindən baxarkən bir müşkül, bir sıxıntı, bir can ağrısı o pəncərəni gözdə kiçildir, bir dəlik qədər edir. O dəlik də kiçilir, dəyərsizləşir, heçə dəyməz olur. Bir gün hər şeyin daha yaxşı olacağına inanan insan o günün “haqq günü” olacağı mahiyyətindən uzaqlaşır və bu sonda onu haqq olaraq diz çökdürər.
Yer adlanan kürənin başqa-başqa coğrafi mövqelərində müsəlmanların qanını tökənlər axıtdıqları günahsız insan qanına münasbətdə biganədirlər. Bu biganəlik bütün insaniyyətə qarşı eynidir. Bir günahsıza qıymaq günahsızlığa və günahsızlara qıymaqdır. İnsanlığı bürümüş bu sıxıntılara yad yanaşma insana yaddır. Toxunulmaz dəyərləri, mənəviyyatı olmayan toplum bir gün bütün malik olduqlarından əl götürər və düşməninə peşkeş verər. Və bununla da tam süquta uğrayar...
Alçalmanın və zəlilliyin əksi olan şərəf və izzət Allah yanındadır və onu dilədiyinə lütf edər.
Allahım, bizi şərəfli, izzətli et, bizi zəlillikdən hifz et! Amin.
Dəyərlərlə yaşama ümidi ilə Allah amanında.


Şahin Qurbanov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi



понедельник, мая 05, 2008

XEYİRXAH

Salam olsun deyilən haqlı iradlara, hər işə qoyulan bir “mız” kimi baxanlarımıza. Ay kişi, adam da adamın hər təşəbbüsünə bu qədər qarşı çıxar? Hamı iş görəndə xoş, mən iş görəndə naxoş? Peşmanam əlimi nəyəsə uzadım ki, hərə bir tərəfdən düşür üstümə. Nədir, nəyim nəyinizdən əksikdir? Niyə məndən giley-güzar edirlər, baş aça bilmirəm. İndi mən sizdən gileylənim, siz də dinləyin.
Yadınıza gələr, qabaqlar indiki müasir ünsiyyətə yararlı, hədəflərini heç bir qaranlıq cəhət saxlamadan tam təzahür etdirən üst-qiyafələri biz tərəflərdə olmazdı. Bu möhtəşəm səhnənin pərdə açılışı aşkarlıq epoxasına, qurama yenidənqurma uzaqda durma və s. və i. gurultulu alqışlarla müşayət olunan şüarların son nəfəsdərmə dövrü ilə üst-üstə düşürdü. O vaxtlar bu geyim mədəniyyətinin pioneri və xalqın tanışlığını öhdələnən fədakar, xidmətinizdə daim hazır olan “mən” oldum. Bilmirəm mən olmasaydım bu avam kütlə nə edəcəkdi? Mən bilirdim ki, əməlim bir gün mütləq öz bəhrəsini verəcək. Ataların bir məsəli var. “Elə arxalanan igidin arxası yerə dəyməz”. Yadıma ataların daha bir yaxşı məsəli düşdü. “Örtülü bazar dostluğu pozar”. Mən də gücüm çatan qədər bu işə aydınlıq, açıqlıq gətirməyə çalışdım ki, camaatımız bir-birilə dost olsun, mehriban olsun. Xüsusən cavan oğlan və qızlarımız. Bir-birindən çəkinmək nəyə lazım? “Dünyanı sevgi xilas edəcək”. Odur ki, sevgiyə şərait yaratdım.
Qiymətini layiqincə verməsələr də demək olar ki, dünyanın xilasının özül daşını qoydum. Ancaq bəzi dünyagörmüşlər, ağsaqqal, ağbirçəklər məni qınayıb, qarğıdı ki, ey bunları satan, balan ölsün, belin bükülsün. Ə-ə, belə də iş olar? İnsaf da yaxşı şeydir. Daha sonra gündüzlər işdə-gücdə olan vətəndaşlarımızın və ölkəmizə gələn çox dəyərli işgüzar qonaqlarımızın gecələri fürsət bilib istirahət etmələri üçün güc verdim gecə barlarına. Yenə bu, “ ağzı göyçəklər” başladılar ki, adımızı batırırsan. Hələ üstəlik bardan gecələr şəhərimizi ağuşuna alan, ətrafa şən əhval-ruhiyyə yayan “gözəl musiqidən” şikayət edənlər də tapıldı. Biri gəldi ki, səsdən gecəni yata bilmirəm, bu səbəbdən səhər yatıb qalıram, işə gecikirəm. O biri gəldi ki, yuxusuzluqdan əsəb xəstəliyinə tutulmuşam. Camaatın da işi lap oyundur. Əzizim, yata bilməyirsən, əsəblərin yerində deyil? Gəl barımızda əylən, keyfin açılsın barı. Səndən artığı üçün əziyyət çəkməyəcəyik ki?
Daha sonra daha bir parlaq fikir məni vadar etdi ki, yerli və əcnəbi kişi və qadın müğənnilərin bütün hal və vəziyyətlərdə olan fotoşəkilləri dərc olunmuş jurnal işinə başlayım. Bunu da şəxsi mənafeyimə görə deyil, yalnız və yalnız xalqımızın, təkrar olsa da yenə də vurğulamalıyam ki, gənc oğlan və qızlarımızın hər gün yenilənən dünyadan geri qalmayıb hər şeyi görüb, bilib, heç nədən xəbərsiz olmamaları naminə bu ağır və məsuliyyətli işə əl qoydum, təvazö ilə desək barmaq...
Yenə də məndən narazı qaldılar. Adını vicdanlı qoyan bir-iki nəfər gəlib qapımı kəsdirdi. Sonra istədim ki, tele-məkanda yeniliklər edəm, gördüm ki, orada elə fövqəladə müasir düşüncə və dəyər hökm sürür ki, mənim bu illər ərzində həyata keçirdiklərimi və həyata keçirə bilmədiklərimi bütün bir günə yox, günün bir hissəsinə-elə “günün günorta çağı” 5-10 dəqiqəyə elə təsirli surətdə çatdırırlar ki, insanlarda olan bacarığa valeh olub, təəccübümü gizlədə bilmirəm. Bir göz qırpımında körpələr yetkinliyə qədəm qoyur yox, yetkinliyə “hoppanaraq” valideynlərindən heç nə soruşmadan hər şeydən xəbərdar olurlar. Bunun nəyi pisdir, anlamıram?
Bu təəccübdən açığı özümü bu işdə xəbərsiz və naşı hiss etdim. Lakin sevincdən gözlərim yaşla doldu. Böyük səslənsə də, əsl əzabkeşi tanıtdırmaq vaxtının yetişdiyini zəruri hesab edirəm. Bu işlərin əsasını 15-20 il əvvəl mən qoymuşam. Mən bu xalqın xeyirxah, lakin qədri bilinməyən balası (bəlası). Bütün bunları nəzərə almadan ömrümə və millətimin gələcək həyatına daha şanlı bir səhifə çevirirəm. Və tarixin “qızıl səhifələrinə qızıl hərflərlə” həkk olunacağı ümidilə bildirirəm. “Bu gün mən təntənəli surətdə and içirəm”. Mən bu gündən etibarən öz vicdanımın səsinə qulaq verəcəyəm, lazım gələrsə vicdanımın əlinə bayraq verəcəyəm.
Axı nə qədər bu xalqın malını çapıb-talayarlar? Mən də bu xalqın bir nümayəndəsi... Bu gündən, yox elə bu andan öz payıma düşəni vicdanımın tələb etdiyi qədər ələ gətirəcəyəm və ya ələ götürəcəyəm və ya əldən-ələ ötürəcəyəm. Nə qədər bu xalqın içindən çıxanlar özlərinə imkan quracaq, amma biz, həm də mən qıraqdan baxacağıq? Hə-ə, səndən soruşuram. Bu xalqın ali-dəyərlərini nə vaxtsa təyin edən olubmu ki, indi də təzə nəsə edənlərə imkan vermirlər?
Ay başına dönüm, belə dərd olmaz. Amma, yaxşı deyiblər “min dərdin min bir dərmanı var”. Bu dərdin dərmanı - “hərə öz bildiyini” etsin. Axı nə qədər olmasa, bu kiçik dünyada səmərəli ömrümün bir hissəsini sərf etməklə görün nələrə nail olmuşam. Ona görə də bu işdə də mən başbilən sayılmalıyam. Mənə tam əminliklə etimad göstərə bilərsiniz.

İmza: Qəlbi xalq malının yanğısıyla ağrayan ürək xəstəsi “Xeyirxah-CAHANDAR”.


GÖZLƏRİM

Mən yoruldum, qüssədən, qəmdən tutub tor gözlərim,
Gər şərafət istəsəm olsun görüm kor gözlərim.

Öz qəmim var, qeyrisindən ötrü mən biganəyəm
Kim yana, fəryad edə gendən baxar xor gözlərim.

Puç bir işdir gərçi yanmaq ac yetimlər halına
Şad olur yazıqları hər görsə dilxor, gözlərim.

Cənnəti kim gördü ki, boş şeydi öz keyfində ol,
Seyr elə hər guşəni, gör ləzzəti zor gözlərim.

Bəs filankəs mömin idi, öldü bir gün görmədi?...
Qan qaraldar heç nədən şayəd görə gor gözlərim.

Mən həya zad bilmərəm, iffət, həyadan dönmüşəm
Ta görüncən özgəsin şənlik qurar şor gözlərim.

Əfv elə Rəbbim, əgər əfv etməsən, yəqin məni
Göndərər məhşər günündə “narə” nankor gözlərim!


Şahin Qurbanov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi



четверг, мая 01, 2008

ÜSLUBUMUZ-MİNNƏT

(və ya ikisi birində)

Bu gün gündəlik həyatımızda əhali öz arasında qarşılıqlı ünsiyyət zamanı elə məfhum bazasından və elə fikir bildirmə üsullarından istifadə edir ki, qalırsan mat-məəttəl. Sözlərimin təsdiqi - peşman olarsan əgər birindən bir söz soruşarsan, qalarsan ki, verdiyin sualın cavabıdır, yaxud anlaşılmamış sözünə həmsöhbətinin qarışıq qarşılıq verməsidir. Bu danışıq tərzi sanki günümüzdə özünəməxsus söz dəbi formalaşdırmışdır. Dünya görmüş ata-babalarımızdan məsəl var ki, “ikibaşlı-ikibaşlı danışma”. Bunu deyən ataların bu gün bağrı çatlardı. Məsələn: Birindən müəyyən bir işin gedişatı haqda, alınıb-alınmayacağı barədə sual etdikdə mülahizələri “düşünən beynini” tərəddüddə qoyan möhtəşəm cavab - “problem deyil” alırsan. Bir cavabda həm bu gününün dəbinə riayət etmiş olur, həm də sual doğuran cavab vermiş olur. Sanki borclu qalırsan, minnətli düşürsən.
Çox götür-qoydan sonra düşündüm ki, bəlkə atalar səhv edib və ya bu gününün dəbinin tələbini nəzərə almayıblar. “Etdiyin çöpü tir etmədinsə daha nə ləzzəti?”. Bu səpkidə ataların günümüzlə uyğunlaşmayan bir məsəli də var: “Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq ər kişinin işidir”. Bu günlər bu məsəlin ikinci hissəsi ilə heç işimiz yoxdur. Çünki bir az əvvəl qeyd olunan zəmanənin dəbinin tələbinə uyğun gəlmir. O ki, qaldı birinci hissəyə, bu gün yaxşılıq etdiyin kəs gərək, hökmən xidmətində, qulluğunda dura ki, bəlkə xəcalətindən çıxmağa yaxınlaşa. Hər şeyi zəmanənin üstünə yıxan insanların əslində özlərinin “yad dəyərlərin” (yüzü birinə, biri heçə dəyməzlərin) “maviləşən” ekrandan istiqamətlənmiş təsiri nəticəsində tənəzzülə uğradıqlarını görmədiklərindən pərişan halda, düşünə-düşünə gəzərək gəlib çıxdım pal-paltar dükanlarından birinin qarşısına. Və orada olan səs-küy diqqətimi özünə cəlb etdi.
Bir satıcı ilə alıcı razılığa gələ bilmirdi. Bu durumdan yorulan alıcı narazı halda oradan ayrıldı. Elə olanlar da bundan sonra oldu. Satıcı əldən çıxan müştərinin arxasınca gileylənib dururdu. «Bəlkə köməyim dəyər» ümidiylə satıcıya yaxınlaşıb, salam verib, hal-əhval tutdum. Söhbət qurmağa çalışdım ki, fikri yayına, keyfi düzələ. Kor tutduğundan əl çəkməyən kimi o, da hey şikayətlənirdi ki, bundan ötrü bütün dükanı ələk-vələk etmişəm bu da heç nə almadı, hələ üstəlik mənə minnət qoyub narazı getdi.
Minnəti olsun, daha yaxşısını tapacaqsa tapsın. Gözümü açandan ticarətin bütün sahələrindən xəbərim var. Özüm məşğul olmasam da gözlərim ki, görür... Biri vətən torpaqlarını, biri daxildə və xaricdə abır-həyasını, biri vicdanını, biri dünyasını, biri axirətini və s. və i. saymaqla qurtatmaz (satmaqla qurtarmaz) - satır. Vəziyyəti belə görüb dinimizin halal ticarət haqda və qeybət etməyin çox pis hal olması haqda buyurduqlarını satıcıya bildirdim.
· Alarkən malın qiymətini aşağı salmaq üçün malı pisləmə.
· Satarkən malın qiymətini qaldırmaq üçün malı tərifəmə.
· Dediyin haqq olsa belə malı satarkən and içmə.
· Qeybət edən kəs ölmüş qardaşının ətini yeyir.
Bunları eşidən satıcı bir anlıq sükut edib, yerində donub qaldı. Sonra ağlına nə gəldisə, «bunlar hamısı düzdür, amma mənə nə aidiyyatı var», deyə məndən soruşdu. Bu sualı gözləmədiyimdən, bu suala cavab versəm belə verəcəyim cavabın qənaətbəxş olmayacağından və ən əsası ariflərin bir neçə kəlamı hafizəmdə canlandığından susdum.
“Axmaq sualın cavabı susmaqdır”.
“Nağaranın səsi kamançanın səsinə, sarımsağın qoxusu müşk-ənbərin ətrinə üstün gələr”.

Odur ki, «Allah amanında» deyib oradan uzaqlaşdım.
Yaxşı deyiblər : “Ağramayan başına dəsmal bağlama”.
Hə-ə, deyirəm bu qədər müsəlmandan bir kosmonavt çıxmadı, bir ovuc kosmonavtdan müsəlman çıxdı. Görəsən niyə?

Şahin Qurbanov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

среда, апреля 30, 2008

SƏN



Səni dərk etməyən könlüm duyuq düşdü hüzursuzdur.
Qəmindən qovrulan bikəs sevincsizdir, sürursuzdur.

Sən hər qəmli gözün nəmli olan halın görən kəssən
Sənin elmin hüdudsuzdur, sənin ismin qüsursusdur.

Sən hər tənha, sən hər məzlum - giriftarə ümidsən ki,
Əlin səndən üzən bəndə - bu yəqindir - şüursudur.

Sənə hər kim ola sadiq, ona təzim edər aləm
Önündə kim əyilməzsə o, cahildir, qürursuzdur.

Səni səslər, səni istər sənə müştaq olan bəndə
Bunun əksi olan halda həyatı cümlə nursuzdur.

Məni yoxdan edib mövcud, verib ruzi təmənnasız
Ona üsyan olan hər bir yolun xətmi uğursuzdur.



Şahin Qurbanov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

пятница, апреля 11, 2008

MÖVLUD, MÜSƏLMAN, İSLAM.

Salam olsun zamanın nəbzini tutan, dövrün silahlarına yiyələnən bəşəriyyətin aydın düşüncəli parlaq simalarına.
Ötən günlərdə təqdirəlayiq gözəl tərzdə bəşəriyyətin nicatı islam Peyğəmbərinin (s) və İmam Cəfər Sadiqin (ə) mövludunu qeyd etdik. Peyğəmbərin mövludu bir-birindən ayrı düşmüş, ayrı-ayrı təəssüblər ardınca gedənləri 1400 il əvvəl olduğu kimi, yenə də vəhdətlə bir yerə gətirdi. Tək mövludu bu qədər sevgi gücünə malik olan ikinci bir kimsə varmı? Bu fenomenlə Peyğəmbər kimliyinin ziyası gözlərə nur, düşüncələrə aydınlıq gətirir, insanlar arasında bir daha mehribanlıq toxumu səpilir. Bu gözəllik nişanələri insanın ən ülvi hislərinə toxunaraq İslam dininin gözləri və ağılları heyrətdə qoyan əzəmətinə insanı təslim edir. Müsəlman olmaqdan, haqq yolda olmaqdan insanı sevinc hissi bürüyür. Dilin tərif etməkdə aciz qaldığı Peyğəmbərin dininindəyəm demək - özüylə böyük məsuliyyət və çalışma gətirir. Müsəlman bunu bilirmi, özünü və vəzifələrini tanıyırmı?
Son zamanlar müsəlmanlara vəhşi obrazı verməyə çalışanların öz rəftarlarından vəhşilik əskilmir. O qədər bu “quru palçığı divara yaxmağa” çalışdılar ki, axır öz canlarında tutdu. Fələstində, Qarabağda törədilən vəhşiliklərə, tökülən qanlara hər nə ad qoydularsa da, «bu dünən idi» deyib belə zənn edirlər ki, “ötən itib” - çox yanılırlar. Tarix nə unudur, nə də bağışlayır. Dünyaya car çəkib demokratiya hayqıran boğazlar deyilmi İraqda günahsız körpələrin, köməksiz qoca və qadınların nahaqq qanını axıdan? İndi kimdir vəhşi?
Qəbul olunmuş ümumbəşəri dəyərlər müstəvisində yaxşını, pisi tanımağa nə mane olur ki, adını insan qoyan bir kəs digər insanın müsəlman olmasına görə onun üzərinə hücum çəkir, qan tökür, ürək yaxır. İnsanı əqidəsinə görə təzyiqlərə məruz qoymaq irqçilik deyilmi? Bu, dünənki Hitleri pisləyən dünyanın əsas söykənəcəyi deyilmi? Olmaya dünya haqqı görməməzlikdən gələn nitqi susmuşlara möhtac qalıb? Ələ düşən hər fürsətdə müsəlmanlara qarşı zorakılıq tətbiq edənlər İslam dəyərlərinə insani cavablarla qarşılıq vermirlər. Əvəzində hamıdan daha yaxşı bacardıqları qeyri-insani üsullara əl atırlar. Görünür heysiyyatlarını lətifələrə və reallıqdan kənar motivli filmlərə daşıyanların dəyəri budur. Bu gün əməllərinə don geydirən ziyana uğramış ziyanvericilər kiminsə səmimiyyətinə şübhə ilə yanaşırlar.
Budur insan «kamalı» - nadan, xəbis... Kiminsə özünü zirvəyə çatmış hesab etməsi ilə iş bitmir. “Bar verən ağac” başını ona görə aşağı dikmir ki, təzəcə cücərən otlara yuxarıdan aşağı baxa. Özünün bütün güc və istedadlarını səfərbər etdikdə belə əlçatmaz və toxunulmaz səmanın ucsuz-bucaqsız hüdudlarına vara bilmir. Bu ehtişam qarşısında və bu ehtişamın səbəbi qarşısında başını aşağı dikir. Heç nə səbəbsiz deyil.
Bu kamil-naqis nümunələr qarışıqlığında bir sual ortaya çıxır. Biz müsəlmanıqmı? Fəryad edənlər bizlərdəndirmi? Fəryad edənin imdadına getməyən müsəlman deyil - Peyğəmbərimiz belə buyurub. Ürək yanğısına həssasıqmı? Bu xüsusiyyət bizdə varsa...? Bəs yoxdursa...? Əgər bizdə varsa bütün gözəlliklərin mədəni Peyğəmbər (s) və onun pak Əhli - beytinin (ə) mübarək yolunun sadiq davamçıları biz, əgər bizdə yoxdursa bu başqalarıdır. Bu haqq və həqiqətdir. Dünyada hər zaman Haqq və haqqı qəbul edənlər olub. Haqqı batil qəbul etməz, batil isə məhvə məhkumdur.
Rəsuli - Əkrəm buyurub: “Müsəlmanın malı da canı kimi möhtərəmdir.”
Allahım, bizləri dərgahında möhtərəm qullarından qərar ver! Amin!


İSLAM
Yer - göy tanıyır Əhmədi (s) peyğəmbəri - İslam.
Ondan güc alır daima hər yavəri - İslam.

Hər an sizə min dəfə fəda olsa da ümmət,
Aləmlərə rəhmət gələnə azdı bu əlbət,
Mövcudluğu hər halda sizə borcludu xilqət,
Qurban sənə, qurban sənə ey sərvəri - İslam.

Qəflət elə zülmət toxumu səpdi zəmanə,
Övladi - bəşər hey sürüklənirdi ziyanə.
Bürhani - bəyan ilə tanıtdırdı cəhanə
Aləmlrə “Ol” hökm eləyən Davəri İslam.

Söz varsa budur: Əvvəl Əli, axər Əlidir!
Peyğəmbəri - xatəm buyurub: Rəhbər Əlidir!
Aləmdə şücaətlilərə sərvər Əlidir
Fəth etdi Əli əzmi ilə Xeybəri İslam.

Cahil nə bilirdi nədir izzət, nədir ismət?
Zülm altda həyatın bir adı var - o da zillət!
Kafirləri xar eylədisə bir zaman, əlbət -
Bir gün yenə diz çökdürəcək kafəri İslam.

Bir dürrdi yox bənzəri - Peyğəmbəri-Əkrəm.
Mövlamız Əlidir - o hünərpərvəri-aləm.
Onlarla görər gözlərimiz Kövsəri biqəm,
Ancaq hələ əvvəl gələcək Rəhbəri - İslam (ə.f)!!!


Şahin Qurbanov,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi


четверг, марта 20, 2008

ƏQL

«Dünya - gör-götür dünyasıdır» - deyirlər. Dünya durduqca və insan var olduqca bu belə olub, davam edir və edəcək də. Gör-götür dünyası yəqin ki, hər gördüyünü, hər rastlaşdığını mənimsəmək olsa, o zaman bu ibrətamiz məsəldən içərisindəki insanla birlikdə uçuruma yuvarlanan bir atəş-çənbərinə çevrilər. Qarşısına çıxan, özümüz də ora daxil olduğumuz, lakin özümüzü kənardan seyr edə bilmədiyimiz təlatümlü və səhvləri əfv etməyən adi insan həyatında yaxşını-pisi tanıyıb, seçib mənfəət əldə etməyə çalışırıq.
Bu - fitrətdən irəli gəlir. Özümüzə zərər vermərik. Çünki insan yaradılışdan digər məxluqlardan əql ilə fərqləndirilmişdir. Bu səbəbdən bəşər övladı hər şeyi gör-götür etmir, onu cəzb edən amilləri saf-çürük edir və lüzumsuz cəzbolunmadan özünü kənarda saxlayır. Və günlərin birində bir hadisənin şahidi olmaq elə bir təsir gücünə malik olur ki, insan o ana qədər sanki yuxudaymış, indicə oyanıb. Bütün tələsik işlərə, içi-boş, sonu-puç zənnlərə, aldadıcı bər-bəzəklərə, hətta bu qarışıqlıqda özünə belə “dur” deyir və düşünür.
Əgər... Birdən... Mən nə edərəm? Bu suallara cavab axtararkən gördüyünün təsiri zəifləyir və o məkandan və o andan bir daha üzləşməmək ümidi ilə ayrılmağa üz qoyur.
İnsan özündənmi qaçacaq? Bu, cavabı bəlli olan bir sualdır. Əlbəttə ki, xeyr. Niyə qaçırıq? Bəlkə ayaq saxlayıb dərindən bir nəfəs alaq? Özümüzü və gücümüzü tanıyaq. Özümüzü güzgüdəki görüntü gədər zənn edirik. Özünütanıma haqqda Həzrət Əlidən (ə) nəql olunan bir hədisdə buyurulur: “Təəccüb edirəm o insana ki, itirdiyini axtarır, bir halda ki, özünü itirib axtarmır”.
Özünü tanımayan insan əqli zirvələri fəth etmək iddiasındadır. İnsan əqli özü fəth olunmamış şah zirvədir. Bu əzəmət sahibi insan öz məhdudluğu qarşısında cılızlaşır. Gözləmədiyi anda qapı döyülərsə, min bir səksəkə içində qalır. Hələ gəlməmiş sabahın həqiqi nigarançılığını deyil, başqa nigarançılığı götür-qoy edir və bu hal onu dar bir dalanda sığışdırır.
Əbəs yerə deyilməyib: «Hər dərdin dərmanı var». Bu dərman, bu dalandan çıxış yolu əlbəttə ki, var. Bu sıxıntıdan qurtulmaq böyük hərflərlə “MƏN” deməyin əvəzinə kiçik, lakin mətin addımlarla qürurlanmadan üz çevirməkdədir. Budur düşünən insan əzəməti, öz həqiqətlərini tanıyanların yolu. Rahatlıq, əmin-amanlıq bəxş edən həyat yolu və ya həyat olan yol. Yol axtarışına bağlı-yaşayan xəlq olunmuş ən ali varlıq.
İnsan tələsən və rahatıq axtarandır. Tələskənlik fanilik nişanəsidir. “Vaxt qurtarar, mənə kifayət etməz” - düşünür insan.
Ey kaş, bu rahatlıqda nə axtardığını bilə insan! Nə gözəl olur nə istədiyini biləndə. Hədəfini təyin edə bilməyən dünəninə, bu gününə, sabahına nəzər salsa, düşüncəsi qaranlıqdan aydınlığa yönələr, hələ özünü görməsək belə, beynin təsəvvür gücü ilə sabahı ehtimal belə versək, bu - ona aparan yolları tanımağa həvəsləndirir.
Nə çox görmədən inandıqlarımız var? Sözü gedən həvəsə aydın düşüncəni və iradəni də əlavə etdikdə, artıq ibrətləri görməkdən, döyülən qapıdan, bu günün sabahından hürkmərik və düşünərik.
Peyğəmbərimizdən (s) nəql olunan bir hədisdə buyrulur ki, o Həzrət (s) ümmətin fikir fəqirliyindən narahatdır.
İnsan canlılardan düşünən olması ilə üstünlük təşkil edir. Bu əvəzsiz, böyük nemətdir. Hədisi-qüdsidə Allah yaratdıqlarından əqlə üstünlük verdiyini və əqllə cənnət-cəhənnəmi, cənnətə və cəhənnəmə gedənləri mükafatlandıracağını buyurur.
Hər kəs əqli miqdarında hesaba çəkilər.
Allahım, bizi əqlini hifz etdiyin bəndələrindən qərar ver! Amin!


ƏQL

Əqlə rəğbət bəsləyən insanə zinət əqldir.
Adəmi üstün qılan xilqətdə əlbət əqldir.

Əqli inkar eyləyən müşküldə acizlik edər,
Müşkülə qalib gələn aqildə şövkət əqldir.

Rəbbinə ol arxayın, səbrinlə əqli başda tut,
Çün zəkatı səbr olan insanda nemət əqldir.

Rəbbim aram eyləyəndir dalğalı ümmanlları,
Rəbbinə həmd eyləyən şakirdə izzət əqldir.

Dini kamil, neməti itmam edib bir gün Xuda,
Xəlqə qəbul etdirən bürhanı fitrət əqldir.

Məsləhətləşsən əgər xəlq ilə, sərvət tapmısan,
Çün Əlidən həqqi tapmış kani-sərvət əqldir.

Həsrətə səbr eyləyən aşiq yetər məhbubuna,
Bəndəyə zahir edən hər anı fürsət əqldir.


Şahin Qurbanov,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

четверг, марта 06, 2008

QURBANVERMƏ

Bəşər tarixinə nəzər saldıqda əldə olunan nailiyyətlərin kökündə birbaşa və ya dolayısı yolla müəyyən çalışqanlıq, fədakarlıq, qurban vermə və s. ali insani keyfiyyətlərin durduğu görünür.
Bunu gündəlik məişət həyatından ta tarixin bir çox dönüş nöqtələrində qəbul olunmuş qərarlaradək müşahidə etmək olar.
Mühitimizdə möhkəm, dayanıqlı ictimanın möhkəm və sağlam ailədən başlanması mərkəzi mövzuya çevrilmişdir. Bəs ailə həyatında nə baş verir, hansı proseslər gedir ki, özündə bu qədər ağır yükü daşıyır? Nəyi bilmək və nəyə riayət etmək lazımdır ailə həyatında ki, cəmiyyətin bu dayağı sarsılmaz olsun?
Dinimizin ailə ilə bağlı bir çox mühüm göstərişləri vardır. Bunların arasında qarşılıqlı hörmət atmosferinin yaradılması - mühüm amillərdən hesab edilir. Ailə həyatına yeni qədəm qoyanlar bir-birlərini nə qədər tanısalar da birgə yaşamada zaman keçdikcə müxtəlif sahələrdə müxtəlif düşüncə fərqləri, fikir ayrılıqları ortaya çıxır. Bu zaman ailənin bütünlüyünün qorunması və olan səfanın aradan getməməsi üçün tərəflərdən biri güzəştə gedir, öz prinsiplərində yumşaqlıq və geri çəkilmə nümayiş etdirir. Bu, dünyaya gələcək körpələrin də tərbiyəsinə, əxlaqına, insanlarla rəftarına öz xoş təsirini göstərir. İnsanlarda olan mənfi hisslər, öz yerini gözəlliyə canatma kimi ali fitri hislər tutur. Və cəmiyyətdə söz qəbul etməmə kimi bir xəstəliyin aradan getməsinə öz töhfəsini vermiş olur.
Əlbəttə, bu universal bir resept deyildir. Bəzən əksinə, nəyinsə həllinə bir fikir bildirmək lazım olduğu halda susmaq sağlam ictimai mühitin qurulmasına heç də faydalı deyil, əslində ziyanlıdır. Bu kiçik xidməti tərk etmək və susmaq laqeydlikdir. Laqeydlik isə bir dəyər deyildir.
Hal-hazırda demokratik tanınan ölkələrdə bir vaxt hakim kəsilən əsası olmayan diskriminasiyalar haqqı tələb etmək, hədəfə doğru məqsədyönlü irəliləmə, qurbanvermələr bahasına aradan yığışdırılmışdır.
Qurban vermə tək bir dəfə candan keçmə deyil. Həyatda problemlər olur ki, onların həlli heç də candan keçməyə bağlı olmur. Bu halda qurbanvermə problemin həlli yolunda sərf olunan vaxt, güc, qüvvə, hövsələyə bağlı olur.
Bəzən elə olur ki, insanların fədakarlığı məhdud olur. Onlar bəzən özlərinə fayda verdiyi həddə qədər fədakarlıq göstərir. Dərinə baxsaq, buna onun hədəfinin cılızlığı səbəb ola bilər.
Qurbanvermənin bir başa candan keçmə ilə yanaşı ölçüldüyü anlar da var.
«Qanla gələn, qanla gedər» deyiblər. 1920-ci ildə bolşevik hərəkatı 11-ci qızıl ordunun addımları ilə vətənimizə daxil olduqda vətəni işğaldan qorumaq istəyən fədailər candan keçdilər. Vətənə qurban getdilər. 1990-cı il qanlı yanvar ayının 19-dan 20-nə keçən gecə qanlar tökən rejim əliyalın, dinc sakinlərə divan tutdu və xalq yenə qurbanlar verdi.
Bu kontekstdə, toplumumuzun əksəriyyətinin müsəlman inanclı olmasını nəzərə aldıqda qurban verməyə İslam dininin hansı görüşdə olmasını bilmək hədsiz faydalıdır.
Din, müsəlman şəxsin bütün həyat çevrəsini əhatə etdiyindən və dinin hədəfi kamil insan yetişdirmək olduğundan atılan addımlarda, görülən işlərdə əzmkarlıq, səbrlilik, olan istedadların sonadək tam təzahürü tələb olunur. Bu əməllərin təqdim olunduğu varlığın, ən kamil olan Allah olması labüd edir. Çünki Allah hüzurunda Ona xatir, Ona şərik qoşulmadan görülən əməllər qəbul olur. Bu əməllərdə niyyətdə paklıq, əməldə ixlas, çətinliklərdə səbr, haqqın müdafiəsi üçün lazım gələrsə candan keçmə var. Bu məqamda insan öz mənafeyini düşünmür. Belə bir anda belə bir bəndə üçün yalnız Allah və Onun bəndəliyi var olur. Və belə bəndə Allahın əmrinə hər bir halda və öz tərəfindən qeyri-şərtsiz boyun əyir. Bunun əvəzində Allah bu bəndəsinə dünya və axirət səadətinə yetməyi nəsib edir.
Bəşəriyyətin xidmətində duran ali dəyərləri yaşatmaq öz mənəviyyatı haqda düşünən hər bir cəmiyyətin parlaq gələcəyinin təminatçısıdır. Elə isə bu dəyərlərin daşıyıcılarından olmağa səy göstərək. Böyük Allah yardımçımız olsun. Amin.

Şahin Qurbanov,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi




четверг, февраля 28, 2008

TORPAQ

Bir səhər torpaq üzərində yalın ayaqlarla yüyürərkən xəyallar aram dənizin ləpələri tək fikirlərimi öz ağuşuna alıb məndən bir xeyli uzaqlara apardı. Fikrimdə düşünə-düşünə torpağa baxıb onun nə olduğunu anlamayırmış kimi hey gözlərimi zilləyib öz-özümə sual verdim. Torpaq - bu nədir? Bu haqda düşünərkən çoxşaxəli budaq kimi müxtəlif fikirlər beynimdə dolaşırdı. Üzərində gəzdiyim bu torpaq doğma bir nəyisə xatırladırdı. Bəlkə bu ona görə idi ki, bu doğma vətən torpağının bir parçası idi? Bəlkə gözüm bu torpağı seyr etməyə adət etmişdir? Bəlkə torpaqdan yaradılmağım, bəlkə başqa bir səbəb? Torpağa biz həyatımızla bağlıyıq. Torpaq həyatdır: ağaclar, çiçəklər, çəmənlər, çaylar, dənizlər - həyatla qaynayan dünya. Ən ali xəlq olunmuş insandan ən kiçik, mikroskop altında görünən canlı orqanizmlərə qədər torpağa bağlıdır.
İnsan torpağı əkir, becərir, öz xeyri üçün ondan istifadə edir. Öz yaşayışında evlərini onun üzərində tikir. Torpaq insanın ixtiyarına verilən bir nemətdir, bərəkətlidir, onda zəhmət çəkənə arxa çevirmir, zəhmətinə qiymət verir, nemətlər bitirir. Onu əkib-becərdiyi kimi də qorumalı, uğrunda mübarizəyə qalxmalı, lazım gəldikdə candan belə keçməli olur insan.
Torpağın üstündə və üzərində döyüşlər aparır insan. Torpaq işğal olur, yağı tapdağı altında qalır, qurbanlar bahasına qaytarılır. Torpaq da onun uğrunda canından keçənlərə bir xüsusi münasibət göstərir, onların vücudlarını olduğu kimi qoruyub saxlayır.
Əgər əvvəlimiz torpaqdandırsa, sonumuz da torpaqdadır. Dünyaya gəldiyimiz kimi dünyadan gedir, bir-birimizin yanında xəbərsiz qonşular kimi Qiyamət gününə qədər torpaqda uyuyuruq. Bu vəziyyətdə bir sual canlanır. İnsan bu torpağa həris olur, onu alır, satır - bəs sonu? Bir gün torpaq onu alıb-satanları öz ağuşuna alır. Həqiqətdə torpaq mənimdir, sənindir və ya başqasının? Həqiqətən mənim olsaydı mənə qalardı, sənin olsaydı sənə qalardı və heç bir halda əksi olmazdı. Məzar olan torpaq uca insanları da, zalım, düşgün insanları da udur, gizlədir, sanki olmayıblar. Onlardan xatirə yalnız sağ ikən gördükləri əməllər xəbər verir. Torpağın bu adətini düşünərkən səmaya istiqamətlənən sonsuz sayda pillələr inşa edib hey yüksəlsə də, insan qürurlana bilmir, təvazö göstərir və üzərində gəzdiyi torpaq altında aciz qalacağını dərk edir. Bəlkə buna görədir ki, dinimiz «bəndə Yaradanına səcdəni torpaq üzərində etməlidir» -deyə buyurur ki, əvvəlimizi və axırımızı unutmayaq?
Bu düşüncələr sonda ürək ağrıdan bir hədəfi - bu gün işğal altında olan müsəlman torpaqlarını xatırlatdı. Qarabağı, Qüdsü xatırlatdı... Bu məqamda Həzrət Peyğəmbərin (s) vətəni sevmək, torpaqları qorumaq haqda buyurduqları yadıma düşdü və bir müsəlman olaraq hələ də işğal altında torpaqlarımızın olması məni sarsıtdı... İntizar və həsrət bir gün Peyğəmbərin (s) buyurduqlarının həyata keçəcəyinə inamımı, ümidimi gücləndirərək öz yerini səbrlə əvəzlədi.
«Ümid sonuncu ölür» - deyirlər. Nə qədər nurlu sabaha ümidlə yüksək amallar uğrunda ölənlər olub. Ölənlər? Xeyr! Ölənlər yox, azad vətən torpaqları uğrunda canından keçənlər. Şəhidlər. O kəslər ki, Allah dərgahında diridirlər. Bizlər o kəslərə borcluyuq. Qiyamət günü onların qarşısında, onların sualları müqabilində cavabsız, aciz qalmamaq üçün gərək torpaqlar azad ola, gərək bu ağır borc ödənilə. Borc ona görə borcdur ki, qaytarılır. Hər bir işin əvvəlində sonuna ümid var ümid, ümid. Ümidlərin zirvəsi Allahdır. Sonsuz qüdrət sahibi Allaha ümid bəsləməklə arzulara çatmaq mümkündür. Arzuların sonu var. Son, nəhayi arzu olunan isə Allahdır. O isə əzəli və əbədidir.
Arzu və ümidlərimiz Allahla olsun!

Şahin Qurbanov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi