Показаны сообщения с ярлыком oxucu. Показать все сообщения
Показаны сообщения с ярлыком oxucu. Показать все сообщения

среда, мая 14, 2008

Sevginin əsl ünvanı

Sevgi! İnsanın yaranandan bəri xilqətində yoğrulduğu bir həqiqət. İlk növbədə sevgi ən üstün kamal olaraq Allahın özünə bəslədiyi məhəbbətdir. Sevgi kamal hesab olunanıı sevməkdir, kamal olaraq seçdiyimiz hədəfin həqiqətdə nə dərəcədə kamil olub-olmamasından asılı olmayaraq. Sevgi elə bir müəmmadır ki, nə gözlə görmək olur, nə əllə toxunmaq, nə də dillə ifadə etmək. Hətta bu möcüzəvi hissdən yalnız maddənin var olduğunu, maddədən qıraq heç bir şeyin olmadığını iddia edən materialistlər belə yan keçə bilməmişlər.
Sevgi elə bir sirli həqiqətdir ki, tarix boyu insanların araşdırma obyektinə çevrilmiş, bəzən bunu söyləyənlər həqiqəti inkar edənlər və onu insanların uydurduğu şirin bir nağıl adlandıranlar belə tapılmışdır. Amma bunu söyləyənlər əslində həqiqəti kor-koranə inkar edənlərdir.
Sevgi elə bir müdhiş hissdir ki, bəşər övladı sevdiyi uğrunda canını belə sevə-sevə fəda verər. Əsl sevən bu dünyanı zillət, cəfa bilib, tezliklə öz məşuquna, onun görüşünə tələsərək şəhidlik məqamını əldə edir. Bu günə qədər bəşəriyyətin keçdiyi ömür yoluna nəzər salsaq tarixin insanlığı heyrətə bürüyən neçə-neçə qəhrəmanlıq, fədakarlıqlarla zəngin olduğunu görərik. Nədir insanlara bu qədər cəsarət verən? Nədir uğruna hər şeyini qurban verməyə vadar edən səbəb?! Əlbəttə sevgi, eşq!
Bəzən insanlar sevməli olduqlarını deyil, çəkinməli olduqlarını sevmiş, ona bağlanmışlar, dünya və axirətini belə ona qurban vermişlər. Bəzi insanlar pul sevgisi, şöhrət-nüfuz sevgisi, rahatlıq və şəhvətdən aldığı zövq sevgisi və s. uğrunda yaşamış və bunları hədəf seçmişdir. Beləliklə, əsl sevginin məqsədi insanı ucaltmaq, aliləşdirmək, kamilləşdirmək olduğu halda, belə "sevgi" isə insanı ən aşağı səviyyəyə salmaq, onu məhv etməkdə iddialıdır.
Hansı sevgini, hansı yolu seçdiyimizə nəzər salaq. Kamilləşməkdirmi hədəfimiz, yoxsa cahilləşmək? Kamilləşməkdirsə, ən üstün kamala, ən yüksək sevgiyə sahib olanı - Allahı sevək. Əsl mənada, minnətsiz, təmənnasız, riyasız, saf, təmiz qəlblə sevək. Həmin qəlb özü də daima sahibini sevmək, onun üçün döyünmək, onun üçün hiss etmək, onun üçün sevinmək, onun üçün ağlamaq intizarındadır. Qəlbimizi o sevgidən uzaqlaşdıracaq hər bir şeydən uzaq olaq. Çünki əks təqdirdə məhvə düçarıq.
Bütün insanlar nöqsansız sevgi, ideal eşq axtarışındadır. İnsandakı bu fitri yanğını heç bir bəşəri sevgi söndürə bilmir. Çünki, insan cövhərində olduğu o eşqi bəşərdə axtarmağa çalışdıqca, yanıldığını başa düşür. Axı, insan naqisdir və mütləq, kamil sevgini bəsləmək iqtidarında deyil. İnsan içindəki o saf məhəbbətə susamış qəlbini yalnız kamil Allah sevgisi ilə razı sala bilər. O Allah ki, hər şeyi yaratmış və insanın ixtiyarına saysız-hesabsız nemətlər təqdim etmişdir. Biz Onun sayəsində varıq, biz Onun sayəsində yaşamağa, Onu sevməyə, Onu hiss etməyə fürsət əldə etmişik. Ondan başqa hər şey bir yoxdur. Çünki, Odur hər şey. Hər şeyə Onu görürmüş kimi baxaq və hər şeydə Onun təcəllisini və təzahürünü görək. Gecənin zülmətindən sonra açılan səhərdə, uçan quşda, min cür nemət bitirən torpaqda, sütunsuz səmada, cücərən toxumda, aldığımız nəfəsdə... Saymaqda belə aciz olduğumuz bütün canlıların hər gün ruzilərinin olmalarında, hətta aynaya baxanda özümüzdə belə Onu görə bilərik.
Yetər ki, gözümüzdəki hicabı, qəlbimizdəki qafillik pərdəsini götürə bilək. Artıq Allahı göydə deyil, öz daxilimizdə axtarmağı bacaraq.
Baxın, bu sevgidən aldığımız zövq əminəm ki, qəlbimizin ən böyük coşqu ilə axtarışda olduğu o hüzuru, xoşbəxtliyi bizə bəxş edəcək. Bunun üçün ilk növbədə yaradılmışları Yaradana görə sevməli, şəfqət göstərməliyik. Ətrafımızda olan hər kəsi Onun üçün sevməli, Onu sevməyənlərdən, Onun ayələrini, nişanələrini görməməkdə israrlı olanlardan Ona görə uzaq olmalıyıq. Bir sözlə, həyatımızın bütün qayəsi O olmalıdır. Əgər biz həyatımızın əsas dəyərinin ilahi eşq olduğunu unutsaq, deməli, özümüzü də unutmuş oluruq. Çünki, biz yalnız Onunla özümüzü tapa bilərik.
Həyatımızın cövhəri olan sevgini başa salmaqda sözlər acizdir. Onu başa düşmək üçün yalnız onun dadına baxmaq lazımdır. Ümid edirəm ki, bu möhtəmşəm sevgini dadmaq, İlahi eşqin sərçeşməsində qərq olmaq, əsl xöşbəxtliyin məğzini anlamaq və bütün qəlbimizlə onu yaşamaq bizlərə nəsiib olacaq. Bu, bizim özümüzdən asılıdır. İnsanların daşıya bilməyəcəyi yükü onlara yükləməyən Allah əgər insana bu qabiliyyəti verməsəydi, onu bizdən tələb etməzdi.

Pərvin Nəsirova

«Dəyərlər»in oxucusu

вторник, мая 13, 2008

DİNLƏ ƏDƏBİYYATIN ƏLAQƏSİ

Dini arxetip süjetləri

İlk növbədə qeyd edək ki, dinlə ədəbiyyatın sıx əlaqəsi nəticəsində bir çox dini süjet və obrazlar ədəbiyyatda öz əksini tapmışdır. Bədii əsərlərdə dini motivlər məhz dini süjetlər, dini obraz və dini simvol şəklində təzahür edir.
Həm Qərb, həm Şərq ədəbiyyatında, eləcə də, Azərbaycan ədəbiyyatında dörd Səmavi kitabda (Tövrat, İncil, Zəbur, Quran) bir çox rəvayətlərin ( Hz.Yusif peyğəmbər, Hz.İbrahim peyğəmbər, Hz.Musa peyğəmbər, Hz.Adəm və Həvva ilə bağlı rəvayətlərin) təkrarlanması vardır. Əllbəttə ki, bu rəvayətlərin bədii ədəbiyyatda istifadə olunması da dini süjetli əsərlərin yaranmasına səbəb olur. Bədii ədəbiyyatda bir və ya eyni dini süjet əsasında təkrar əsərlərin yazılmasına dini arxetip süjetlər də deyilir. Belə ki, həmin əsərlərin əsas qayəsi eyni bir dini süjet olsa da, o, müxtəlif müəlliflərin təxəyyül süzgəcindən keçirilərək müxtəlif ifadə və təsvir vasitələrinin köməyi ilə ərsəyə gətirilir, bir sənət nümunəsinə çevrilir, eyni zamanda müəllif dinə münasibətini, öz dünyabaxışını bədii əsərdə ifadə edir. Məs: Şərqdə “Yusif və Züleyxa” dastanı kimi məşhur olan mövzunu ilk dəfə qələmə alan Qul Əli özünün “Qisseyi-Yusif” (Yusif dastanı) əsərini yazır. Yusif əhvalatı, onun məzmun və süjeti çoxdan bəri Şərq xalqları arasında yayılmışdı. Bu rəvayətə “Tövrat” və “İncil”də rast gəlirik. Quranda isə “Sureyi-Yusif” adı ilə geniş şəkildə təsvir olunur.
Bundan başqa bu mövzuda fars şairi Firdovsi “Yusif və Züleyxa” əsərində Hz.Yusif peyğəmbərin taleyini, Züleyxanın Hz.Yusif peyğəmbərə məhəbbətini əks etdirmişdir. Əbdürrəhman Caminin “Yusif və Züleyxa” əsərində də Hz.Yusif peyğəmbərin əhvalatından danışılır. Qərb ədəbiyyatında alman yazıçısı T.Mann özünün “İosif və qardaşları” (1933-1943) əsərini yazmaqla Nobel mükafatı qazanır.
Ümumiyyətlə, sənətkarlar dini süjetləri əsərlərində işləyərkən onun əsl mahiyyətindən bəzən uzaqlaşır, ona poetik don geyindirməyə çalışırlar. Məs. Hz.Yusif peyğəmbər rəvayətindən danışarkən daha çox Züleyxa ilə münasibəti kontekstindən verirlər.
Dini kitablarda öz əksini tapmış Adəm və Həvva əhvalatına bir çox yazıçılar müraciət edərək gözəl sənət nümunələri yaratmışlar. Məs: Azərbaycan ədəbiyyatında H.Cavid “Hübuti-Adəm” poemasını, Qərb ədəbiyyatında ingilis yazıçısı Con Milton “İtirilmiş cənnət” əsərini yazmışlar. Bundan başqa, M.Füzuli “Həqiqətüs-Şühəda”əsəri ilə A.Bakıxanovun “Riyazül-Qüds” əsəri eyni məsələdən - Kərbəla hadisələri və İmam Hüseyn (ə) müsibətindən bəhs edir.
Ümumiyyətlə, dini süjetlərə müraciət edərək əsər yazanlar çoxdur. Məs: alman yazıçısı Höte “Muhamməd”, H.Cavid “Peyğəmbər”, Vaşinqton İrvinq “Peyğəmbərin həyatı” əsərində bəşəriyyətin sonuncu peyğəmbəri olan Rəsulullah (s) haqqında yazmışlar. Alman yazıçısı F.Q.Klonştok “Messiada” epopeyasında Hz.Musa peyğəmbərin obrazını yaratmağa çalışmışdır. İtalyan şairi T.Tasso “Azad edilmiş Qüds”, “Müqəddəs Məryəmin göz yaşları”, “Dünyanın yaranmasının yeddi günü” əsərlərinin, Con Milton “Qaytarılmış cənnət” əsərinin müəllifidir. Bayron “Qabil” əsərində ilk insan övladı olan Qabilin qardaşı Habili öldürməsini qeyd etmişdir.
Qeyd edək ki, belə əsərlərin yazılması bir tərəfdən dinin təbliğində müsbət rol oynasa da, bəzən əksinə də təsadüf etmək mümkündür. Ona görə bu cür bədii əsərlərə birmənalı şəkildə yanaşmaq düzgün deyil. Oxucu bədii təsvirlərin həqiqiliyini tarixi və dini mənbələrdən dəqiqləşdirsə, nəticə daha gözəl olar.

Babayeva Çinarə
«Dəyərlər»in oxucusu,
Bakı Slavyan Universitetinin
Azərbaycan ədəbiyyatı ixtisası üzrə magistrantı

пятница, марта 14, 2008

«ALLAHU ƏKBƏR»i HƏQİQƏTDƏ ANLAYAQ…

Tez-tez rastlaşdığımız bir cümlə. Bəlkə də dilimizdən heç düşməyən bir ifadə. Milyonlarla insanın ən azı hər gün dilində səslənən cümlə. Eyni zamanda ən çox repressiyaya uğratdığımız bir ifadə - ALLAHU ƏKBƏR. Bu gün dünya müsəlmanlarının demək olar ki, hamısının bildiyi və iradi ya qeyri-iradi tez-tez təkrarladığı bir cümlə. Bizi böhranlardan çıxarmaq naminə Allahın bizə öyrətdiyi bu cümləni repressiyaya uğratmağımızla əslində elə özümüzü böhrana salmışıq.
Dildə "Allah böyükdür" deyirik. Lakin nə fayda?! Əgər hər gün bir çox işlərdə Allah Təalanın buyruğunu deyil, ən dəyərsiz şeyləri, öz nəfsimizi belə daha üstün tuturuqsa… Əgər hər gün o böyük dediyimiz Allahın sözlərini mövqeyimizi, məqamımızı itirməyək deyə bu dünyadakı "böyük" hesab etdiyimiz şeylərə qurban veririksə! Əgər dinin sütunu, imanın gözü, ruhun meracı olan namazda belə «Alllah böyükdür» deyərkən, Allahdan başqa hər şey gəlirsə ağlımıza! Nə fayda əgər «Allah böyükdür» deyir, ancaq Onun böyüklüyünü öz şəxsi mənafeyimizdən kiçik görürüksə!
Bəs, hanı bizim Allaha böyük dediyimiz! Niyə bu gün Böyük Allahın buyruqlarını kiçik görürük? Niyə bu dünyanın aldadıcı ləzzətlərindən başımız ayılıb Allaha doğru yönəlmirik ki, bəlkə düşdüyümüz bu aşağı səviyyədən Mütləq Kamala, Həqiqi Böyüyə, İzzət Məcmuəsinə (Həqiqətən bütün izzət Allaha məxsusdur), Elm Dəryasına (O hər şeyi biləndir) yönələrək insanlıq mərtəbəsinə yüksələ bilək?!
Nə oldu?! Yoxsa bu sözlər bizdə ikrah hissimi yaratdı? Allahı nə qədər kiçik gördüyümüzün fərqinəmi vardıq? Yoxsa tanıya bilməyirik özümüzü? Baxaq! Diqqətlə baxaq özümüzə daxili gözümüzlə!
Ey insanlar, ey müsəlmanlar, nə olar, gələk, öz adımıza sahib çıxaq! Buna yalnız Allahı həqiqi zikr etməklə çata bilərik. Əgər biz Allahı yeganə, Ondan başqa böyük olmayan bir Böyük kimi tanısaq və bu bizim bütün həyatımıza sirayət etsə, nə xoş bizim halımıza. Əslində mərifət olaraq bunu bilirik də. Ancaq qəlblərimiz hələ də qəflətdədir. Hələ də «Allahu Əkbər» deyəndə tir-tir əsib yerə düşmürük bu sözün BÖYÜKlüyündən. Niyə dilimiz bəçəriyyətin ən yüksək məqamında olarkən, qəlbimiz ən aşağı, rəzil səviyyədə donub qalır?! Donub qalmaqla yetinmir, daha da aşağı pillələrə enməklə nə üçün yaranmış olduğunu, yaşama qayəsini belə unudur? Axi, Allah insanı Ona ibadət üçün yaratmışdır. İtaət və ibadətin mənası həyatın hər səhnəsində Allahla olmaqdır. Əsl təslim olmuş insan həyatının hər bir səhnəsində Allahı görürmüş kimi yaşasa, (necə ki, Həzrət Əli (ə) buyurub: «Kor olsun o gözlər ki, Səni qarşısında görmür»), əsl ibadət etmiş, zikr etmiş olur.
Lakin bizlər hələ də Əsl Dostumuza, Vəlimizə (Allah müttəqilərin vəlisidir) tam mənasıyla etibar etmir, hələ də Onun bizə söz verdiyi məsələlərdə süstlük edir və Böyük, hər şeydən Böyük Allaha təvəkkül etməyi bacarmırıq. Çünki, "Allahu Əkbər"in nə demək olduğunun hələ də fərqində deyilik. Allah bizə Öz Dostluğunu, Köməyini vəd etdiyi halda, biz hələ nədənsə kimin, nəyin - Mütləq İradə və Qüvvət sahibi Rəhimli Böyük Allahınmı, yoxsa yalançı vədlər verən fani insanın, ötəri dünya ləzzətlərinin, nəfsani istəklərimizinmi tərəfində duracağımızı düşünürük.
Görəsən niyə?! Çünki Allahın nə qədər böyük olduğunu bir çox hallarda qəbul edə bilmirik. Ola bilsin ki, Allahın hər şeydən böyük olduğunu sübut etməkçün uzun-uzadı elmi mübahisələr, diskussiyalar aparılsın, kitablar yazılsın, ancaq bu böyüklüyün qəlbə hopması üçün bu kifayət deyil. Bununçün bizə hər gördüyümüzü və oxuduğumuzu ürək gözüylə görmək və oxumaq lazımdır. Çünki bir hadisə qarşısında bir insan bütün ömrünü, nəinki ömrünü, axirətini belə dəyişə bilər, kamilliyə doğru ucalar. Kimisi isə heç bir şey görmürmüş kimi, sadəcə, zahiri gözlə tamaşa edər və yüksəkliyə doğru gedən yolun sərhədindən yan keçər.
"Gözlər kor deyil, lakin sinələrdəki qəlblər kordur". Uca Allahın bildirdiyi kimi, bizə şeylərin həqiqətini görə bilmək, hadisələri düzgün analiz edə bilmək, nəticə çıxarmaq üçün hər şeyə zahiri gözlə deyil, ürək gözüylə də baxmaq lazımdır.
Belə olduğu təqdirdə biz Allahı düzgün ana, zikr edə bilərik. Əks halda bizim riayət etdiyimiz «Allahu Əkbər» zikri bizi həqiqətən Böyük olan Allaha yönəldib ucaltmaq əvəzinə, ən rəzil Şeytana tərəf yönəldərək nəfsimizə əsir düşməyi davam etdirməyimizə səbəb olar. Allah bizi Onun Gözəl İsimlərini Onun şəninə yaraşan - ən gözəl şəkildə zikr edənlərdən qərar versin, inşəallah.

Pərvin Nəsirova,
«Dəyərlər»in oxucusu