Показаны сообщения с ярлыком yazar: Muhəmməd Əmircanov. Показать все сообщения
Показаны сообщения с ярлыком yazar: Muhəmməd Əmircanov. Показать все сообщения

воскресенье, марта 01, 2009

BIR YAS MƏCLISINDƏ

Bu günlərdə qohumlardan birinin yas məclisində oldum. Xeyr, burada qeyri-adi bir şey baş vermədi (ən azı bizim üçün). Sadəcə olaraq uşaqlıqda baxdığım bir filmə (xüsusən də Azərbaycan filminə) yenidən yeni gözlə baxdığım kimi, burada da baş verənlərə yeni gözlə baxırdım və məndə qalan dərin təəssüratlarla sizinlə bölüşmək istəyirəm.

Qonaqlar təyin olunmuş vaxt üçün bu növ məclislərin həmişə keçirildiyi xeyir-şər evinin həyətində artıq dəstə-dəstə yığışmışdılar. Hər kəs qohumlar içində olan cevrəsinin dairəsində bir-biri ilə söhbət edirdi. Bu vaxt qonaqlar içəri dəvət olunur və beləcə dəstə-dəstə qonaqlar keçib əyləşirlər və məclis başlayır. Başda oturan cavan molla nəsə danışırdı, ancaq zalın genişliyindən və səs-küyün çoxluğundan nə dediyi anlaşılmırdı, deyəsən elə molla özü də öz səsini eşidmirdi. Nəyə görə belə hallarda heç kimin ağlına mikrofon qoymaq gəlmədiyi hələ də mənim üçün qaranlıq qalır.

Hər dəfə dinin təbliğatçısı olmalı olan mollaya baxanda həyatımda xoşlanmadığım, amma yerinə yetirmək zorunda olduğum işlər yadıma düşürdü. Məclisdə tamam başqa ab-hava var idi. Görünür rəhmətliyin vəfatından artıq 40 gün keçdiyindən və ya hər hansı başqa səbəbdən idi bilmirəm, amma rəhmətlik gənc olmasına baxmayaraq, heç xatırlanmadı, hər kəs öz aləmində idi.

Bir az keçmişdi, hiss olundu ki, Quran oxunmağa başladı. Camaatımızın öyrəşdiyi həmişəki molla öz sorğu-sualını verməyə Haqq dərgahına getdiyindən, yeni mollanın Quran oxuması bəzilərini artıq səbirsizləndirirdi. Bu məqamda əvvəlki, yola verən molla rəhmətlə xatırlandı. Ancaq məni dəhşətə gətirən hadisə hələ baş verməmişdi. Nə idi bu? Əsas məclisin sonunda, getməyə hazırlaşdığımız bir vaxtda təsadüfən, dindar kimi tanınan qohumlardan biri ilə eyni dairədə olduq. Məsələlərdən agah olan və keçmişdə musiqi ilə məşğul olmuş əmim oğlu bu dindar qohuma dinin musiqiyə münasibəti barədə sual verdi. Dindar kimi tanınan qohum musiqilərin bir hissəsini, o cümlədən muğamı – haram, bir hissəsini də, bir-iki istisna olmaqla, şirk elan etdi. Dediklərinin tərəfimizdən təsdiqini tapmadığını görən dindar qohum məndən müzakirə üçün bir az qalmağımı xahiş etdi. Mən də hələ də qohumun yeni əldəqayırma “məzhəblərdən” olmadığını düşünərək və qəlbini qırmaq istəmədiyimdəm qaldım və məclisə geri qayıtdım. Qayıtmaz olaydım. Nə isə.

Qohum dönüb mənə “İslam dininin” nəzərlərini izah etməyə başladı. Məlum oldu ki, qohumumun bulaşdığı “əqidə” Imam Hüseynin (ə) Aşura məktəbini aradan aparmağı özünə məqsəd qoyub və işi-gücü müsəlmanlar içində düşmən axtarmaqdır. Hətta İmam Mehdinin (ə.f) zühurunu, gəlib Əhli-beyt (ə) məktəbinə mənsub olanların səhv yolda olduğunu deyəcəyi ümidi ilə gözlədiklərini biləndə, daha deyiləcək bir söz tapmadım. Bu məqamda içimdə İmamın (ə.f) zühurunun həsrəti sızıltısı yeniləndi. Bir də baxdıq ki, ətrafımızda olanlar bizə tamaşa edir, üstəlik qohumlardan birinin gəlib “bax, siz iki dindara baxıb mən din haqda nə fikirləşim?” deməsi məndə dərin peşmançılıq hisslərini doğurmuşdu. Daxilimdə qalan böyük narahatçılıq hissi, bu gün bu məclisdə gördüklərimin ölkəmizdəki ümumi vəziyyətin kiçik bir modeli olduğunu düşünəndə bir az da artdı. Vəziyyətin bu yerdə olmağının, dini savadsızlığın bu səviyyədə olmağının səbəbləri haqda düşüncələr məndə bəzi suallar doğurmuşdu: kimdir günahkar? Bəlkə dinin təbliğatına əngəllər törədənlər? Bəlkə din adından danışan “mollalar”? Bəlkə camaatı çaşdıran sapdırıcı “əqidələr”? Bəlkə insanların özləri? Bəlkə müəyyən məlumatı olanların passivliyi? Bəlkə… bəlkə… bəlkə…? Bu suallar zehnimi məşğul edərkən “nəyə görə jurnalistika məktəbində oxumaq istəyirsən?” sualını aldım. Müxtəlif tribunalardan batil cəbhəsinin ağzına gələni danışdığını görüb bu mövzunun əhəmiyyətini özüm də daha yaxşı başa düşməyə başladım.

Allah bizləri üzərinə düşən vəzifələri yerinə yetirməyə səy edənlərdən eləsin, inşəallah!

Muhəmməd Əmircanov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

суббота, ноября 01, 2008

NƏLƏR BAŞ VERİR

Bismılləhir-Rahmənir-Rahim
və ya haqqın möcüzəli hidayəti

Bu günlərdə dostlarla məscidə namaza gedirdik. Yolumuz digər bir məscidin yanından keçirdi. Məscid İslam dininin atributlarından biri olsa da, bu məscidin adı heç də islam məntiqi ilə uyuşmurdu. Belə ki islamda (o cümlədən onun atributlarında) milli mənsubiyyətə görə ayrı-seçkilik yüngül desək, bəyənilmir. Amma digətimizi cəlb edən məqam başqa idi - bu məscidin ətrafına yığışanlar. Söhbətimizin aktual problemlərimizin müzakirəsindən bu insanların üzərinə necə keçdiyindən heç özümüzündə xəbərimiz olmadı. Nə idi burada qeyri- adi?

1) Bu insanların xarici görkəmləri. Onların zahiri yadıma Qans Xristian Andersonun “Kralın yeni libası” nağılı düşdü.

2) Rus dilində danışmaları, yəni rusdilli olmaları, yəni müəyyən dünyagörüşünə, savada malik olmaları. Bəlkə də çoxlarınız bunun belə olmadığını, rusdilli olmağın savada və dünyagörüşünə dəxli olmadığını və bunun ancaq bizim xəstə cəmiyyətin təxəyyülü olduğunu iddia edəcəksiniz. Yenə də hamı razı olar ki, dil bilmək yaxşı şeydir və ən azı dünyagörüşünə təsiri var.

Bu iki amil, yəni ağlı başında olan insanın bu vəziyyətə özünü salması bizi düşündürdü və müzakirə predmetinə çevrildi. Nələr baş verir cəmiyyətimizdə, dünyada? Hansı proseslər gedir? kimi sualların cavablarını aramağa çalışdıq. Gənclərin, özü də əksərən savad baxımından ciddi problemləri olmayan (ən azı bizimki kimi xəstə cəmiyyətlər üçün) gənclərin bu durumlarının səbəbləri düşündürdü bizi. Təbii ki, hər insanın daxilindən gələn pərəstiş hissi hərəkətə gətirmişdi onları. Bəs nə səbəbdən pərəstişin ünvanını səhv salmış, yollarını azmışlar? Yenə də təbii ki əsas səbəb - İslam düşmənlərinin illər, əsrlər boyu gördükləri işlər, apardıqları əks təbliğat, müasir dillə desək, qara PR. Bu vəziyyət səbəb-nəticə faktorunun gerçək təzahürüdür. Hər iki tərəfdən iş aparan düşmənlər, bir tərəfdən haqqı maskalamaq üşün, yüngül desək ikrah doğuran, insanları özündən qaçıran, həqiqətdə İslamda olmayan ruhani təbəqəsi yaradır, digər tərəfdən insanları haqdan 180° döndərmək üçün, zahiri bəzəklər vurub, haqq kimi təqdim etdiyi, əslində isə öz əlaltısı olan vəhşi bir təlim qoyur ortaya. Demək bu gənclər ikrah doğuran “İslamdan” bəzək vurulmuş “İslama” yönəliblər. Indi mənzərə aydınlanmağa başlayır. Bəs bu gənclərin fərdi obyektiv araşdırma aparmamalarının səbəbi nədədir? Bu sualın cavabı isə bizim üçün tam açılmamış qalır. Bəlkə də bu sualın cavabı daha çox mənəvi məqamlarla bağlı olub, etdikləri əməllərdən dolayı haqq yoldan uzaq düşüb, onunla düşmənçilik yolunun bu gənclərə nəsib olmasıdır. Təbii ki, haqq düşmənlərinin dalınca düşüb gedənlərin manqurdlaşması və haqqı qəbul edəməz hala gəlməsi labüddür.

Zalım İslam düşmənləri bunlarla kifayətlənməyib bu torpaqlarda toxum salmış həqiqi İslamın cücərtilərini də məhv etmək üçün əllərindən gələni edirlər. Yenə də bunların hamısına baxmayaraq, həqiqi İslamın yaşaması və nəinki yaşaması, hətta inkişaf etməsi möcüzə deyilmi? Bəli, bu, gündəlik həyatımızda rastlaşdığımız və bu səbəbdən öyrəşdiyimiz “adi möcüzələrdəndir”. Bəlkə də Həzrət Əli (əleyhissalam) “nə qədər çoxdur ibrət götürüləsilər, nə qədər azdır ibrət götürənlər” deyə həmçinin elə bunları nəzərdə tutmuşdu?! Zalımların bütün çalışmalarına baxmayaraq, onlar istəsələr də, istəməsələr də, xoşlarına gəlsə də, gəlməsə də Allah öz vədinə sadiq qalaraq nurunu yayır və ən ucqar kənddə də eşidilir haqqın sədaları. Doğurdan da, Allah nurunu ufürməklə söndürmək istəyən düşmənlərini Rəbbil-Aləmin ağılsızlardan yaradıb. Bəlkə də Allah Təalanın üzərində düşünməyə və düzgün seçim etməyə dəvət etdiyi ayələri həmçinin elə bunlardır?

Hər zaman seçimimizi düzgün etmək ümidi ilə Allah amanında!

Muhəmməd Əmircanov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

пятница, октября 24, 2008

ÖZÜ ÖZ YERİNƏ DANIŞAN DİN

Salam əziz dostlar. Mübarək ramazan ayının günləri, əfsus ki, artıq arxada qalmışdır və bu xüsusda diqqəti özünə cəlb edən məqamı sizlərlə bölüşmək istərdim. Nədən ibarətdir bu məqam? Bu, sanki hayqırarmış kimi, hər gün dünyaya səslənən mubarək Ramazan ayının hər gün oxunan duasıdır.

“İlahi, qəbristan əhlinə şadlıq verib, onları sevindir! İlahi, bütün kasıb və yoxsulları dövlətli et! İlahi, bütün acları doyuzdur! İlahi, libası olmayan bütün yoxsulları geyindir! İlahi, bütün borcluların borclarını ödə! İlahi, bütün çətinlikdə yaşayanları qəm-qüssədən azad et! İlahi, bütün qəribləri öz vətənlərinə qaytar! İlahi, bütün əsirləri əsirlikdən qurtar! İlahi, möminlərin işlərində fəsad törədənləri islah et! İlahi, bütün xəstələrə şəfa ver! İlahi, Öz sərvətinlə bizim yoxsulluğumuzu aradan qaldır! İlahi, Öz gözəl halınla bizim uğursuzluğumuzu dəyişdir! İlahi, bizim borclarımızı ödə və bizə yoxsulluqdan nicat ver! Həqiqətən, Sən hər bir şeyə qadirsən!!!”

Normal şəraitdə bəlkə də burada qeyri-adi bir şey yoxdur. Bəs real mənzərə necədir? İslam dedikdə orta statistik dünya vətəndaşının zehnində doğrudanmı bütün insanlara qarşı sevgi dolu, sülhpərvər bir təlim canlanır? Yoxsa “islamskiy terrorizm” kimi terminlər, əsirlərin başını kəsən, tarixi abidələri dağıdan vəhşi bir təlim təsəvvürü yaranır?!!!!

İslam dini dedikdə göz önünə gələn ilk məsələlərdən biri orucluqdur. Orucluq da onu müşayət edən dualarsız təsəvvür edilə bilməz. Nə və niyə diqqəti belə cəlb edir bu dualarda? Müqəddəs islam təliminin nümunəsi olan yuxarıdakı duada kulli (bütün) kəliməsi insanlar arasında fərq qoymadan (bəzi dinlərdən fərqli olaraq) bütün insanları əhatə edir. Necə ola bilər ki, bu duaları oxuya-oxuya böyüyən insan insanlara nifrətlə yetişsin? Yuxarıda işarə edildiyi kimi, bu dua heç bir xususi dərin araşdırmalar aparmadan, islam dininə nəzər saldıqda rast gəlinən mənalardandır. Bu səbəbdən 11 sentyabr və bu kimi hadisələrdən sonra islama nəzər salanlar nəinki nifrət etmirlər (bu hadisələri törədənlərin planlarına zidd olaraq) hətta , bu təlimə, bu mübarək dinə məhəbbət yaranır onlarda. Və daha dərinə getdikcə bu dinin mahiyyətinə qat-qat artır ilk tanışlıqda yaranmış məhəbbət. Sanki qovuşur fitrət ilə kainat, tapılır çoxdan axtarılan mahiyyət, çatışmayan həyati əhəmiyyətli detal tapılıb tutur öz yerini, cavablanır bütün cavabsız suallar, öz yerini tutur bütün məsələlər həyatda, aydılanır dünyası insanın.

Toxunduğunuz bu dua mübarək İslam dininin sadəcə bir aspektlərindəndir. Yaşadığımız mübarək Ramazan ayı ilə yetişdi bizlərə. Hansı tərəfdən yaxınlaşsan, toxunsan bu dinə bu cür mayiyyətlər açılacaq üzümüzə. Ehtiyacı yoxdur kimsəyə həmişə ucada olan islamın. özü öz yerinə danışır saməd Allahın haqq təlimi!

Muhəmməd Əmircanov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

вторник, октября 07, 2008

Yeni iliniz mübarək!

Bismilləhir-Rahmənir-Rahim!

Yəqin ki çoxlarınız deyəcəksiniz “bu nə danışır, nə yeni il, sentyabr hara, yeni il hara”, ən təmkinliniz isə “yəqin nəsə dinlə əlaqəqar dindarlar yenə nəyi isə qeyd edirlər” deyəcəkdir. Əvvəla onu deyim ki, nə hamımızın istifadə etdiyi günəş təqvimi olan miladi, nə ay təqvimi olan qəməri, nə təbiət, nə dini, nə qeyri-dini, nə də hər hansı bir başqa təqvimlə il təhvil verilmədi bu günlərdə. Bəs nə baş verdi? Hansı yeni ildən gedir söhbət? Söhbət mahiyyətcə yeni ildən gedir. Yəni nə?

Hər il dekabrn 31-dən yanvarın 1-nə keçən gecə bütün dünyada, çox təəssüflər olsun ki, həmçinin bizim məmləkətdə də şıdırğı bir gecə yaşanır. Düşünməyin ki, bu günün qeyd olunması ilə əlaqədar nəsə bir problemim var. Xeyir, belə deyil. Yeni ilin qeyd olunmasına da bəlkə də pis baxmıram. Yuxarıdaki cümlədə qeyd olunan “təəssüflər olsun ki” ifadəsi ancaq özümüzə aiddir. Niyə? İzah edim. Bütün dünyada (dünya dedikdə də əsasən Qərb, xristian ölkələri nəzərdə tutulur, bu mənim cümləmdə belə deyil, hamımız dünya deyəndə onları nəzərdə tuturuq, bəlkə dünyaya baxanda digər dövlətlər gözə görünmədiyindən, bəlkə də hər hansısa başqa bir səbəbdən bilmirəm - bu ayrı geniş bir mövzudur, qoyaq kənara), ancaq bu belədir) insanların malik olduqları dəyər bəlkə elə budur. Bu səbəbdən “təəssüflər olsun ki” ifadəsi onların öz dəyərlər sisteminin əsasını təşkil edən bayramlarına bağlılıqlarına aid edilmir. Ancaq bir azərbaycanlının dekabrn 31-dən yanvarın 1-nə keçən gecə “mütləq qəbul olunacaq dilək” tutmaq üçün saat 12-ni gözləməsi və “ili necə qarşılayarsan, elə də keçirərsən” kimi bir əqidə bəsləyib onu bu cür yaşatması doğrudan da çox təəsüf doğurucudur. Gəldik məsələnin özünə.

Valideyinlərindən, qohum-əqrabasından, dost-tanışından, qonum-qonşudan, vətənindən ayrı salınmış bir uşaq kimi, kim nə sırıyır gəbul eləmişik, unutmuşuq nəsil-nəcabətimizi, vətənimizin şirin qoxusunu, unutmuşuq özümüzü. Bizə deyillər sən busan, belə olmalısan - biz də qəbul eləyirik. Deyirlər noolsun ki, sən müsəlmansan, adam müsalman da olar, amma içki də içər, digər müsalmançılığa zidd olan qələtləri də eləyər, əqidəsinə daban-dabana zidd həyat tərzi də sürər. Bunların hamısı, özümüz də fərginə varmadan, həyata keçirilir. Dilimizdəki ilə əməllərimizin düz gəlməməyi, bunun doğru olmadığını bildiyimiz xəstəlik yaradıb bizlərdə. İkiüzlülük xəstəliyidir bu xəstəlik. Xəstə, məriz adam necə inkişaf edə bilər? Bu üzdən zəif düşüb, zəlil olb qul olmuşuq nəfsimizə, əsarətə düşmüşük, hakim olub əcnəbilər bizlərə.

Amma çox mehribandır böyük Allah! Nəyəsə nail olmağın, nəyəsə çatmağın, əldə etməyin ümumi qaydaları ilə yanaşı, qısa keçidlər qoyub bəşərə lətif Allah. Hər şeyə qadir olan Allah bir vücudi pəncərə qoyub ki, bu da Qədr gecəsidir. “Bir gecə zəhmət çəkin, min ay zəhmətdən artığının əvəzini verim sizə. Bir gecə zəhmət çəkin, il boyu səbəblər verim sizə. İşlərinizin xoş nəticələri üçün, bir gecə zəhmət çəkin, bir illik taleyinizi zaminə alın” demiş rəhman Allah! Taleyimizi öz əllərimizə vermiş adil Allah. Məgər ilin başlanğıcı deyilmi bu? Çoxumuz sahib çıxıb öz həqiqi dəyərlərimizə, durub taleyimizin dəyişməsini istəsək qadir Allahdan, dəyişməzmi taleyi saydaşlarımızın, dindaşlarımızın, Qarabağımızın, Qüdsümüzün?

Muhəmməd Əmircanov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

среда, сентября 24, 2008

UYUŞDURUCU VERİLƏN YARALI ƏSGƏR

Bismilləhir-Rahmənir-Rahim



- Nəyə görə yaralı aydındır - QARABAĞ, ZƏNGƏZUR, GÖYÇƏ, İRƏVAN, BORÇALI və s. yaraları var bu əsgərin. Hərçənd ki Qarabağdan başqa digərlərinin ağrısı bu gün unutdurulub.

- Nəyə görə əsgər? Ona görə ki, tarix boyu bəxtinə düşmüş heç bir cəng meydanından yayınmayıb və elə bir zaman kəsiyi olmayıb ki şəhidlərin mübarək qanı ilə bərəkətlənməsin bu torpaqlar.

- Və nəhayət ən əsası - Nəyə görə uyuşdurucu verilən? Uyuşdurucu verilən ona görə ki, biz unutsaq da yaxın və uzaq keçmişimizi, nəzərlərdən uzaq, gizli kabinetlərdə, məxfi dosyelərdə hələ də vahimə ilə saxlanılır imperiyaya üsyan edən xalqın, 20 yanvar şəhidlərini dəfn edən, tərpənən Diri şəhərin rəsmləri, kadrları.

Qorxurlar onlar, çox-çox qorxurlar huşunun özünə gəlməsindən bu yaralı əsgərin. Onun çün də sırıyırlar bu uyuşdurucu çirkabını bizlərə. Bu yuxulu, gicəllənən əsgərin, hər gün qəsb edirlər haqqını, hər gün qoparılar cismindən bir parça.

Hər gün bayram, şoular, konsertlər, hər evdə, hər küçədə, hər meydanda, nəqliyyatda, əlləri çatan hər yerdə səslənir əxlaqsızlığa çağırışlar. Saxta ideallar sıranır gənclərə. “Ulduz” yağmuruna tutmuşlar bu xalqı. Adiləşdirilib azərbaycanlının, bu əsgərin ayıqlıqda heç cür qəbul edəməyəcəyi hallar. Bəli, lazım deyil bizə daha mühəndislər, kosmonaftlar, ixtiraçılar. Bunlardan qat-qat asan və ən əsası perspektivli «ulduz» olmağa sövq edilir, stimullaşdırılır gənclərimiz.

Çökdürülmüş iqtisadiyyat, məhv edilmiş sənaye. Ancaq uyuşdurucu – şərab, araq, pivə və sair nəcis istehsal edir zavodlarımız silah yerinə. Nə ilə yaşayırıq bizlər? Kimdir bizim ideallarımız? Qələbə çalıblarmı onlar? Nail olublarmı istədiklərinə? Qələbənin dərirlərmi bəhrəsini? Nə vaxtadək bu belə davam edəcək? Görünür hələ dirənməyib bıçaq sümüyə, hələ daşmayıb səbr kəsası bu xalqın.

Qoy etsinlər nə bacarırlar! Bir gün gələr bu əsgərin gəlbinin dərinliklərindən, nəsillərdən-nəsillərə ötürülən haqqın səsi, Hüseyn (ə) eşqi baş qaldırar, ayıldar qəflət yuxusundan bizləri. Yada salıb Seyyiduş-Şuhada dərdini. Baxarıq özümüzə, qəmlənərik, ağlayarıq, ləğv edərik saxta bayramları, saxta şadlıqları göz yaşı ilə, ram edərik bizi zəlil etmiş nəfsimizi, sağaldarıq yaralarımızı əzadarlıqla.

Doğma Sadiqimizin (ə) “Hər gün Aşuradır, hər yer Kərbəla” hədisini əməldə şuar edərik özümüzə. İbrət götürərik Kərbəla səhnələrindən, yaşadarıq Hüseynin(ə) qəhramanlıq səlnaməsini, tezləşdirərik zühurunu İmamımızın (ə.f). Çox yaxındır o gün, İNŞAALLAH!

Allah bizlərə həqiqi ruhi hürriyyət nəsib etsin!

Muhəmməd Əmircanov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

суббота, июля 12, 2008

İnam açlığı

Bismilləhir-Rahmənir-Rahim!

Salam əziz dostlar. Bu günlərdə futbol üzrə Avropa çempionatında nələrin baş verdiyinin hamımız şahidi olduq. Məqsədim bununla əlaqədar vətənimizdə baş verənlərdir. Nə müşahidə etdik biz? Biz gənclərin bir yerə toplanıb gecə səhərə kimi küçələrdə hayqırışlarının şahidi olduq. İctimai asayişi pozmaqlarına görə cəzalanmaqdan qorxmadan və bunu gözləmədən hisslərini izhar edirdi gənclər. Bir-birlərini tanımayan, hətta bir-birilərini öncədən heç görməyənlər belə yad kimi baxmırdılar bir-birilərinə. Düşünmürdülər: “Allah bilir nə yuvanın quşudur” bir-biri haqda. Fərqi yox idi, hansı bölgədəndir, rayondandır, şəhərlidir və ya kəndli, qaçqındır ya yerlidir ordakılar. Yox idi orda aranlı, dağlı, bağlı. Orda ancaq bu torpaqların yetişdirdiyi vətən övladı, müsəlman, azərbaycanlı var idi. Eyni tərəfdə, eyni cəbhədə görürdü hamı bir-birini, polisi də, vətəndaşı da. Tam başqa ab-hava var idi orada, eyni hisslər, duyğular. Getmişdi aradan xof, qorxaqlıq. Gəlmişdi birlik, qardaşlıq. İmperiyaları silkələyən qəhraman xalqın ətri gəldi bir anlıq.
Aclıq biruzə verdi özünü bu günlərdə ölkəmizdə. Mənəvi aclıq idi bu aclıq. Ruh yüksəkliyinə aclıq idi bu aclıq. Susamışıq inama, səmimiyyətə, birliyə. Həqiqi inkişaf fonuna, bərpa edilib inkişaf edən iqtisadiyyata, dirçələn sənayeyə, öncədən olan zavodların, fabriklərin yeni texnoloqiya ilə bərpa edilib işləməsinə, ətrafında şəhərlər salınan yeni istehsalat müəssisələrinin salınmasına, idxalın minimuma endirilib, tərkibində təbii sərvətlərin, xam-malın miqdarı cüzi olan ixracın maksimuma yüksəlməsinə, korrupsiyanın, rüşvətxorluğun sərt cəzalandırılmasına, məmurların xalqa xidmət missiyalarını yerinə yetirməsinə, orduda rabitənin təminini həyata keçirmək üçün xususi olaraq ayrılmış güclü mobil operatorunun mövcudluğuna və bu kimi işlərə acımışda millət. Və bunların fonunda yüksəlmiş inama aclıq duyuldu bu günlərdə.
Nədən belə cılızlaşmışıq biz? Bu yaltaqlıq, bu qorxaqlıq, bu ikiüzlülük, bu süstlük hardan yoluxduruldu bizlərə? Bəlkə alınan maaşla aylıq xərclərin fərqliliyi bizi belə eyləyib? Bəlkə şəxsiyyətin ikiləşməsidir səbəb buna? Nədir bunun əlacı? Qarabağ! Bəli, ancaq cəng meydanında çalınan qələbələr, şəhidlərin pak qanları dirildər bizləri. Çıxacaq ortaya həqiqi əsgərlər. Yaranar inam. Bərpa olar bu ab-hava. Ayılacaq xalqımız. Əzəcək millətimiz yağı düşmənlərin başını. Ölülümdən qorxmayan bir xalqı nə ilə qorxutmaq olar?! Kölə olmaz birdə bu xalq düşmənə! Azadlığı, hürrlüyü yenə dadarıq, İNŞAALLAH!

Muhəmməd Əmircanov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

пятница, июня 20, 2008

Şirin ümidlər

Bismilləhir-Rahmənir-Rahim!

Bu günlərdə yenə növbəti dəfə Gürcüstanla Rusiya arasında gərginlik yaşandığını müşahidə edirik. Və biz azərbaycanlılar nə düşünürük? Çox, çox-çox müdrik bir xalq kimi biz baxıb gürcülərin hərəkətlərinə gülüb, onlara lağ edərik, o saat deyərik - ağılsızlığa bax e-e. Rusiya kimi bir dövlətlə də belə danışmaq ola-ar? Dünyanın ən güclü ordularından birinin hərbiçiləri ilə necə belə rəftar etmək olar?
Onların silahlarını əllərindən almaq və özlərini də dama basma-aq?! Bu necə də böyük siyasətsizlikdir! Gürcülər bununla nə əldə edirlər bəyəm?! Əşşi-i, dağ admlarıdır də-ə. Onları da qınamaq olmur, cavandılar, təcrübələri yoxdur, “siyasət” məktəbi keçməyiblər. Deyəcəksiniz ki onlar Qərb müttəfiqlərinə güvənirlər. Yaxşı, bəs həmin bu Qərb, elə Rusiyanın özü də bizim supersiyasətçiliyimizin nəticəsində bizim də istrateji müttəfiqimiz döyül bəyəm?! Zarafat iş deyil a-a, iki zidd ilə eyni zamanda dost olmaq. Əhsən bizim siyasətçilərimizə. Əsas nəticədir. Çox da ki, istrateji həmsədrlərimizdən biri rəsmi surətdə Dağlıq Qarabağa pul ayırır, biri silah verir, biri də hər növ siyasi, imformasiya və iqtisadi dəstək verir qeyri-istrateji tərəfdarları olan ermənilərə. Şirkətləri Qarabağda iş görürlər.
Gərək biz də onların geyri-istrateji tərəfdaşı olaydıq. Nə pis şey imiş bu istrateji tərəfdaşlıq. Noolsun. Biz ürəyi təmiz və gəlbi geniş xalqıq, belə xırda-para şeyləri ört-basdır etmək lazımdır, bunları şişirdib o boyda nəhəng dövlətlərlə düşmən olmayacayıq ki!! Zato hamısı ilə münasibətlərimiz yaxşıdır, hamısı ilə dostuq. Bir düşünün, misal üçün Rusiya bizimlə əlagələrini kəssə, həmvətənlərimizi oradan geri göndərsə, nə olar halımız?! Necə? Gürcüstanın nefti yoxdur və ona heç nə olmadı? Bizim çoxumuzdan yaxşı yaşayırlar? Bu da orada bizə baxanda demokratik rejimin hökm sürməyinə görədir? Əşşii-i, demokratiya-zad hamısı boş şeydir, əsas odur ki, bizim ölkə inkişaf templəri üzrə dünyada birinci yerdədir.
Yadıma bir az əvvəl olan pilotsuz təyyarə qalmaqalı düşdü. O vaxt düşünmüşdüm ki, axı bu təyyarədən bizdə niyə yoxdur. Bu əjdaha başı deyil ki, lazımsız bir şey ola. Əsgərlik vaxtı qarşı tərəfdə duran duşmənin mövqelərini bilməyin necə zəruri olduğu yadıma düşmüşdü. Sonra kosmosa peyk buraxmaq istədiyimizi görüb sevindim. Indiki zamanda kosmosdan yerdəki qəzetin də oxunduğunu duşunub öz-özümə dedim, əhsən bizimkilərə, özlərini danışıqlara aldanmış kimi göstərib dığaların torbalarını tikməyə hazırlaşırlar. Amma (yenə bu hər şeyi körlayan əmma) kardeşlerimiz demişkən nərdə-ə-ə. Məlum oldu ki peykimiz istrateji tərəfdarlarımız olan izrail və amerikanın tam nəzarəti altında buraxılacaq. Sonra gördüm ki “bizimkilərin” heç belə bir fikirləri də olmayıb, onlar olimpiadanın bizdə keçirilməsinə hazırlaşırlarmış, o da əldən çıxdı. Bununla da ümidlərimin kökünə balta çalındı.
Niyə biz heç olmasa açıq-aşgar düşmənimiz olan dığalarla bu tərzdə (Gürcüstanın Rusiya ilə tonu kimi) danışmırıq görəsən? Danışmaq bir yana, heç olmasa qaş-qabaq eləmirik? Qaş-qabaq bir yana, heç olmasa onların üzünə gülümsəməkdən özümüzü saxlamırıq?! Axı hələ də, elə həmin o üzlərinə güldüyümüz anlarda da əsirlərimiz dığaların əllərində işgəncə görürlər. Allah mənliyimizi əlimizdən almasin. Bunlar olmayandan sonra digərlərinin mənası nədir? Axı hələ bir-iki ay bundan qabaq bizimkilər 5-10 dığanı Andronikin yanına göndərəndə çoxumuzda ümid dolu hisslər oyanmışdı?! Qarabağ intiqamının reallığı hissi… İşğal olmuş torpaqların qaytarılması hissi… Necə də şirin hisslər! Bu hisslərin aradan getməməsi ümidi ilə Allah amanında.

Muhəmməd Əmircanov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

четверг, марта 13, 2008

Təəbbüd dəhşəti

Məhərrəm-səfər əyyamı günləri arxada qaldı. Amma hər zaman Kərbəla müsibəti haqda, onun törənmə səbəbləri və ümumiyyətlə zəncirvari bağlılıqla müsəlmanların bugünki duruma düşmələrinin səbəbləri haqda düşünəndə Təəbbüd dəhşəti göz önünə gəlir.
Axı necə olur ki imam Əli (ə) kimi bir şəxsiyyətin olduğu bir dövrdə lənətlik Muaviyə kimisi müsəlmanlara hökmranlıq etmə məqamına nail olur və güc toplayır? Bu sualın cavabı bizi Həzrət Peyğəmbərin (s) vəfatından sonrakı acı hadisələrə aparıb çıxartsa da, məqsədim ayrı-ayrı tarixi şəxslərin etdikləri çirkin əməlləri (hansılarının ki, nəticəsində Allahın nuru olan İslam dininə elə zərbələr vurulur ki, hələ də islam ümməti onlardan əziyyət çəkir) araşdırmaq deyil. Məqsədim o dövrki müsəlmanların çox mühüm olan əqidəvi məsələlərdə Təəbbüdə yol verməkləri idi.
Həmişə ümmətin gələcəyi haqda çox narahat olan Xatəmül-ənbiyanın (s) vəfatından cəmi 70 gün öncə Allahın əmri ilə 120 mindən çox müsəlmana özünün tezliklə onlardan ayrılacağına işarə edib özündən sonra nə edəcəklərini, kimin dalınca gedəcəklərini bəyan etmiş və sözlərinin orada olmayanlara çatdırılmasını tapşırmışdı. Bəs nə oldu o müsəlmanlar? Zalım hoqqabazlar İmam Əlini (ə) tutub öldurməklə hədələyərək beyyət etməsini tələb etdikdə, imam - "Əgər 40 nəfər köməkçim olsaydı, sizi pərakəndə edərdim" deyən o çox məsuluyyətli və həssas vaxtlarda hansı mövqe tutdu müsəlmanlar? Birinci xəlifənin elanından sonra yaranmış şok və onun məntiqi nəticələri nə səbəbə özünü lazımi səviyyədə bürüzə vermədi? Hansı məntiqlə yanaşdı müsəlmanlar olub bitənlərə? "Onlar lap əvvəldən Peyğəmbərin (s) yanındadırlar, onlar da orada idilıər, onlar daha yaxşı bilərlər" kimi düşüncələr islam ümmətinin çoxluğunu kökündəcə ALLAHIN İSLAM yolundan, kamil dindən sapdırmadımı və ümmətin bugünkü çətinliklərinin təməlini qoymadımı? Siyasi məsələlər ilə dini, elmi məsələləri ayırmadımı? Bu qorxunc Təəbbüd deyilmi ki, müsəlmanları "başbilənlər daha yaxşı bilər" deyə mühüm əqidəvi məsələlərdə araşdırmalardan saxlayan? Bu, "camaat necə, biz də elə", "palaza bürün, elnən sürün" kimi cəfəng məntiq ilə öz ağıllarını düşünmək kimi bir əziyyətdən "qoruyub", başını gündəlik həyatın qayğılarına qatıb, insanı ayılmaqdan, əbədi səadət yolundan saxlayan, cılızlaşdıran, bədbəxt edən yanaşma deyilmi? Allahın müqəddəs Quranda - "onlar heç düşünməzlərmi" - deyə dağıtmaq istədiyi ətalətli düşüncə bu deyilmi? Bu cür qeyri-passionar axının qarşısında ancaq saf Əhli-beyt çeşməsindən içmiş Əllamə Təbatəbai kimi dahi dühalar dayana bilər.
Bəli, düşünməyi başqalarının öhdəsinə buraxanda, sənin əvəzinə hər şeyi: necə yaşamağını, nəyə baxmağını, yollarda, küçələrdə nəyi ğörməli olduğunu, nə səviyyədə hüquq və azadlıqlara malik olmağını, uşaqların oynadıqları videooyunları və s. başqaları təyin edəcəklər.
Allah bizləri özü bəyəndiyi düşüncə tərzinə yönəltsin, o düşüncəyə ki, Yezid zabiti Hürrü həzrəti Hürr etdi.
Allahım! Bizim diriliyimizi mövla Əli əleyhissalamın diriliyindən, ölümümüzü də Əli əleyhissəlamın ölümündən qərar ver, inşəəllah. Amin!

Muhəmməd Əmircanov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi