Показаны сообщения с ярлыком fəzilətlər. Показать все сообщения
Показаны сообщения с ярлыком fəzilətlər. Показать все сообщения

среда, июня 11, 2008

GÖZLƏRDƏN SÜZÜLƏN HİSSLƏR

Qonşu otaqdan ikiaylıq körpənin ağlamaq səsi gəldi. Anasına “uşaq deyəsən acıb” deyəndə ana əminliklə “yox, ac olanda belə ağlamır, başının üstündəki oyuncaqlardan qorxub yəqin ki...”- deyə cavab verdi.
Maraqlıdır. Ana asanlıqla uşağın ağlamaq tərzinə görə onun nə demək istədiyini başa düşür. Çünkı, bu onun körpə balasının danışıq dilidir, ətraf mühitə öz ehtiyaclarını catdirması üçün yeganə üsuldur, ilkin kommunikasiya vasitəsidir.
Göz yaşları nədir? Psixoloqlar hesab edirlər ki, ağlamaq emosional müdafiə formasıdır. Göz yaşları insan psixikasını neqativ, bəzən də dağıdıcı zərbələrdən qoruyur. Insanlar hec vaxt səbəbsiz ağlamırlar. Göz yaşları hansısa emosiyanın təzahürü olduğundan, həmin emosiyanın realizə olunmaması insan sağlamlığı üçün təhlükəlidir. Kiçik yaşlarından ailədə, cəmiyyətdə oğlan uşaqlarına ağlamağın yolverilməz olduğunu təlqin edirlər. Buna görə də statistika göstərir ki, kişilər qadınlara nisbətən 4-5 dəfə artıq stress xarakterli xəstəliklərdən əziyyət cəkirlər. Alimlər müəyyən etmişlər ki, ağlamağı bacarmayan insanlar (tibbdə buna “quru göz” xəstəliyi deyilir) göz və dəri xəstəliklərindən əziyyət cəkir, hətta ən kiçik stresləri belə çətinliklə dəf edir, onlarda ağız suyu və tər ifrazı daha cox olur.
İl ərzində insan orqanizmi 1 stəkan göz yaşı istehsal edir. Ağlamaq çox mühüm fizioloji bir prosesdir. Həkimlər bu ağır emosional prosesdə belə düzgün ağlamaq qaydalarına riayət etməyi məsləhət görürlər: üzüqoylu yastığa uzanaraq, gözləri yumaraq və ovxalayaraq ağlamaq olmaz - bu halda baş ağrısı, üzün şişməsi və gözlərin qızarması qaçılmazdır. Yaxşı olar ki, insan təklikdə, hisslərinə azadlıq verərək ağlasın, sonra isə üzünü sərin su ilə yusun.
Göz yaşının kimyəvi tərkibini tədqiq edən bioloqlar belə bir qənaətə gəliblər ki, onda bir çox toksik maddələr vardır ki, bu maddələrin də toplanıb qalması və orqanizmdən ifraz olunmaması sağlamlıq üçün heç də zərərsiz ötüşmür. Baxmayaraq ki, bir çox mədəniyyətlərdə kişilərin ağlaması qəbuledilməz hesab edilir, həkimlər hesab edirlər ki, ağlamaq həm kişilərə, həm də qadınlara lazımdır.

MÜSƏLMANIN GÖZ YAŞLARI
Qeyd etdiyimiz kimi, ağlamaq sadəcə fizoloji proses deyil, hər hansı bir duyğunun, yaşanan hissin maddiyyata cevrilmiş formasıdır. İnsana təsiretmə dərəcəsinə, onu ağlamaga vadar etmə gücünə görə səbəblər də müxtəlif ola bilər. Vay o günə ki, insan heç bir səbəblə ağlaya bilməsin. Əgər tibb elmində buna orqanizmin xəstəliyi deyilirsə, islamda bu qəlbin xəstəliyidir. İmam Əli (ə): “Göz yaşları yalnız qəlbin daşlığı səbəbindən quruyur və qəlblər yalnız günahların coxluğundan daşlaşır”.
Dinimiz belə insanları bədbəxt adlandırır. Allah Rəsulu (s) buyurub: “Bədbəxtliyin əlamətlərindən biri də göz yaşının qurumasıdır”.
İslamda ağlamaq qəlbin diriliyindən, onun mərhamət, şəfqət, sevgi ilə dolu olmasından xəbər verən bir əməl kimi qiymətləndirilir.
Dahi Füzuli Məcnunun doğulan kimi ağlamasına urfani bir rəng verərək belə deyir:
Ol dəm ki, bu xakdanə düşdü
Halını bilib fəğanə düşdü
Axir günün əvvəl eyləyib yad,
Axitdi sirişkü, qıldı fəryad.
Füzuli arifanə bir şəkildə körpələrə xas olan ağlamağın səbəbini uşağın dünyaya göz açan kimi aqibətini düşünüb ağladığı kimi qələmə verir.
Möminin hər bir əməlinin səbəbi dəyərli olduğundan onun göz yaşlarının da səbəbi dünyəvi sıxıntılar deyil, daha yüksək və ali hisslərdir. Müsəlman ya zülmə məruz qalanda Rəbbinə şikayət edərək ağlar, ya günahlarından peşman olaraq istiğfar edəndə ağlar, ya ilahi mərhəməti hiss edəndə kövrələrək ağlar, ya aqibətini düşünüb narahat olanda ağlar. O, İmam Hüseynə (ə) olan sevgisindən, onu qətlə yetirənlərə olan nifrət və qəzəbindən ağlar, zəmanəsinin İmamının (ə.f.) intizarından, həsrətindən ağlar. Onun qəlbini riqqətə gətirən və gözlərini yaşardan emosiyalar əqidəsinin, imanının, qəlbi durumunun təyin ediciləridir.
Odur ki, möminin göz yaşı sadəcə tərkibi, və digər minerallardan ibarət olan məhlul deyil. Möminin göz yaşı gözlərindən süzülən qiymətli, ali, ülvi hisslərin onun ruhunda coşdurduğu dənizin sahilə ötürdüyü damlalardır.

Günel Hüseynli,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

вторник, мая 20, 2008

Təşəkkürü necə etməli?

Bir neçə gün öncə qonşusuna verdiyi qabı almağa gedən Əliəkbər gördüyü mənzərədən cox əsəbləşir. Çünki onun evində istifadə etdiyi qabda qonşusu itinə yal verirdi. Hələ bu azmış kimi, qonşusunu görən İsfəndiyar dil-ağız da edir:
- Sağ ol, ay qonşu. Verdiyin qab lap yerinə düşdü. Qab alana qədər istifadə edim, sonra qaytararam.
- Mən evimdə istifadə etdiyim qabı vermədim ki, onu bu cür istifadə edəsən! Sənin bu təşəkkürün məsxərəyə daha çox oxşadı…
Bir acı həqiqətdir bu...
Hər bir nemətin özünə məxsus təşəkkür qaydası var. Bunların ən kamili bu təşəkkürün əməldəki inikasıdır.
Məsələn, məmur ona göstərilən etimadı ona etimad göstərənlərin rifahını yaxşılaşdırmaqla qarşılıq verərsə, bu, onun təşəkkürünün kamil formasıdır.
Tələbənin təşəkkürünün kamil formasi, onun qarşısına qoyduğu məqsədə doğru yorulmaq bilmədən səy etməsidir, tədrisində müvəffəqiyyətidir.
Yəqin ki, "O olmasın, bu olsun " filmində Baloğlanın tapança ilə qoz sındırmağın görmüsünüz. Alleqorik olsa da, burada nemətin təyinatı üzrə istifadə olunmamasını görürük. Hər bir nemətin öz kamalı var. Əgər o, öz kamalına uyğun istifadə olunmazsa, həmin nemətə zülm etmiş oluruq. «Hədisi-Qüds»də "Günahlarınızı etiraf edin ki, onları bağışlayım. Verilən nemətlətin şükrünü edin ki, onları artırım" - deyə zikr olunan hədisdə nemətlərin davamlı olması üçün şükür amili bir daha vurğulanır. Biz isə nə dərəcədə nemətlərlə əhatə olunduğumuzun fərqinə belə varmırıq. Bu üzdən Məsumlardan (ə) gələn hədislərdə "İlahi! Nemətinin nemət olduğunu dərk elətdir bizə" deyə zikr olunur.
Digər bir duada "İlahi! Sənə şükürlər olsun ki, məni yaranmışların əşrəfi olan İNSAN olaraq xəlq etdin. Əzalarımda heç bir qüsura mübtəla etmədin. Məni haqq yola - İSLAM dininə hidayət etdin və məni ƏHLİ-BEYT mərifətindən məhrum etmədin. YA RƏBB! Məni bu kərəminə layiq et! AMİN!" deyilməklə insanlar mərifətə dəvət edir.
Yarı dolu stəkanın ancaq boş hissəsini görən insanlar hər an Allahın onlara nə qədər inayət etdiyindən təbii ki, bixəbər olacaqlar.
Yazımızı etdiyi şükrünün və duasının nəticəsində cənnətdə peyğəmbərlə (ə) qonşuluq dərəcəsinə yüksələn mərifətli bir odunçunun rəvayətilə təbərrükləndirmək istərdik.
Belə nəql edirlər ki, bir gün Davud (ə) Allah Təaladan onun cənnətdəki qonşusunu ona tanıtdırmağıni rica etdi.
Həzrət Davuda (ə) şəhərin darvazasından ilk girəcək səxsi işarə etdilər. Oğlu Həzrət Süleymanla (ə) birgə həmin şəxsi görmək üçün Davud (ə) bir müddət orada gözləməli olur. Bir də görürlər ki, uzaqdan bir nəfər çiynində bir şələ odun, tər içində şəhərə daxil olur. Davud (ə) odunçuya yaxınlaşır və bir gecəliyə qonaq saxlamağını təvəqqe edir. Odunçu qonaqlarının kimliyindən bixəbər halda, onları evinə dəvət edir. Davud peyğəmbər (ə) odunçuda qeyri-adi heç nə görmür, bununla belə sakit halda yolu qısaldırlar. Qonaqların yol yorğunluğunu nəzərə alan odunçu, onları öz kasıb süfrəsinə dəvət edir.
Allahın peyğəmbərilə bir süfrə başında oturmasından bixəbər odunçu adəti üzrə yeməkdən sonrakı duasını edir: "İlahi! Məni Sən yaratdın, əqlimi Sən verdin, meşəni Sən yaratdın, odun toplamaq üçün qüvvəni Sən verdin, topladığım odunlara müştərini Sən yetirdin, əldə etdiyim ruzini sağlam halda qidalanmağı Sən lütf etdin" - odunçunu qəhər boğduğundan, göz yaşları yanağında iz açaraq duasina son verir: "İlahi! Bu qadər lütfü-kərəminin müqabilində mən nə etdim?!"
Həzrət Davud (ə) oğluna baxaraq razılıq əlaməti olaraq başını yelləyir…

Mətləb Həmzəli
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

пятница, мая 16, 2008

Təmiz qəlb

Həmd olsun Allaha ki, bizi insan olaraq yaratdı, bizə imanı sevdirdi, bizi İslam dinində etməklə şərəfləndirdi.
Bu bir həqiqətdir ki, 70 il qəflətdə yaşadıq, cəhalətə sürükləndik, özümüzə zülmümüz, azğınlığımız hüdud bilmədi. Dinsiz, asi bir hökumətə müti olub, “ox yayından çıxan kimi islamdan çıxdıq”. Belə ki, Allaha itaət və ibadətdən bixəbər bütöv bir nəsil meydana gəldi.
Yenə həmd olsun, bizə bizdən yaxın Rəhim Allaha ki, bizi özümüzdən qorudu, zalımlardan saymadı. Bəlkə də qəlbimizdə olan Allah sevgisi, islam sevgisi bizi özümüzə qaytardı. Çünki “Allah zalım qövmü hidayət etməz” («əl-Maidə», 51). Bu bir ilahi lütfdür ki, 70 illik qəflətdən sonra yenə ölkəmizdə İslama dönüşün baş verdiyini, namaz qılıb, oruc tutanlarımızın, dini maariflənməyə meyl edən gənclərimizin çoxaldığını, məscid və mədrəsələrimizin artıb abadlaşdığını, uzun illər yasaq olmuş dini ədəbiyyatın yayıldığını görməkdəyik. Həqiqətən, Allahın rəhmətindən ümid kəsilməz.
Lakin təəssüflər olsun ki, həmvətənlərimizdən bu gün də dinin vacib hökümlərinə, o cümlədən namaza, oruca biganə yanaşanlar hələ də var. Belələri bu biganəliyə haqq qazandırmaq üçün belə bir deyimi tez-tez təkrarlayırlar: ”Əsas odur ki, insanın qəlbi təmiz olsun”. Zahirdə təsirli görünsə də, təəssüf ki, imana heç bir aidiyyəti olmayan, dindən uzaqlaşdıran sözlərdir. Qəlbin təmiz ya natəmiz olduğunu Allahdan qeyri bilən kimdir? Özünü təmiz sayaraq ibadətə ehtiyac görməyən insan o bilgiyə sahibdirmi? O, haradan bilir ki, təmizdir? Məsələn, Allah-Təala buyurur: ”Ona (Qurana) yalnız təharətlənənlər (paklananlar) toxunar” («Vaqeə»,79). Paklanmaq üçünsə ən azı Allahın rizasını umaraq dəstəmaz almaq, zəruri hallarda qüsl etmək gərəkdir. İbadət etməyənin qüslə, dəstəmaza əhəmiyyət vermədiyi məlumdur. Beləsi böyük nemətdən, yəni Qurani-Kərimi ələ alıb oxumaqdan özünü məhrum edər. Allahın kitabını oxumayanın “elmi” iblisdən olar. İblis isə yalnız vədə verər, elm verməz, verdiyi vədənin də üstündə durmaz. O, insanı özü-özünə təmiz göstərər, insan da inanar, ”təmizəm” deyib ibadətdən uzaq düşər. Əslində şeytanın istədiyi də budur. Quranda buyurulur: ”Dilədiyini pak edən yalnız Allahdır” («ən-Nisa»,49).
Özünü təmiz sayan insan ilk yaradılışda necə olduğunu düşünməzmi? ”O, sizi torpaqdan yaradarkən və siz analarınızın bətnində döl halında ikən sizi tanıyırdı. Özünüzü təmiz göstərməyin”. («ən-Nəcm»,32)
İbadətin insanı pak etdiyini hədisi-şəriflər də anlatmaqdadır. Bir dəfə sevimli Peyğəmbərimiz (s) əshabından soruşdu: «Sizlərdən birinizin qapısının önündən çay axarsa və o kimsə hər gün beş dəfə o çaya girib yuyunarsa, üzərində kir qalarmı?» Səhabələr “qalmaz” dedilər. Rəsulallah (s) buyurdu: ”Gündə beş vaxt namaz qılanların da kiçik günahları beləcə təmizlənər.”
Ey insan! Qəlbləri təmizləyən Allaha sığın! Onu tap. Onu tanı. Ona qulluq et. O, sənə yetər. Onun sənə ehtiyacı yoxdur, sən ona möhtacsan.


Yeganə Fərəc,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

вторник, мая 06, 2008

Qeybət və əzab

Rəhman və Rəhim Allahın adı ilə!
Vay qeybət eyləyənin və qeybət axtaranın halına! İnsan Allahdan uzaqlaşanda onun haram buyurduqlarına yaxınlaşır. Allahdan həya etməyən, günahları asanlıqla yerinə yetirir. Həzrəti Əli (ə) buyurur: ”Bilərəkdən günah edən şəxs bağışlanmağa layiq deyildir”. Bilə-bilə qeybət edən şəxs Allahın onu bağışlayacağına çox ümidli olmamalıdır. Həzrət Muhəmməd (s) buyurub: ”Qeybət insanın imanına cüzamın bədənə göstərdiyindən daha tez təsir göstərər”.
Öz acı şirinliyi ilə insanlarda maraq yaradan bu əməl sonda yalnız ağır əzaba səbəb olur. İnsan deyəsən alovlu, atəşli bir yuvanın onu gözlədiyini unutmuşdur. Allahın lənətinə tuş gəlmiş şeytan bəşər övladını aldadıb öz qeybət məclisinə dəvət edir. Məclisin padşahı şeytandır, digərləri isə ona qul olan, yolunu azmış şeytan dostlarıdır. Şirin-şirin qeybət edənlər bilməlidirlər ki, Allah onları ağır əzaba düçar edəcək. Allahdan qorxub, çəkinənlər belə məclislərin yönünü dəyişməli, ya da məclisi tərk etməlidir. İmam Əli (ə) buyurur: ”Qeybəti eşidən qeybət edən qədər günah qazanar”.
Aciz adam, iradəsinin zəyifliyindən başqasının qeybətini edər və onun nöqsanlarını üzünə deməkdə cəsarətsiz olar. Bu cür davranış və əməl insanı sonu olmayan əbədi cəhənnəmə atılmağına şərait yaradar.
Qeybətin müxtəlif formaları var: dil, əl, göz ilə işarələrlə qeybət etmək mümkündür. Bir hədisdə buyrulur ki, Rəsuli-Əkrəmin (s) yanına bir nəfər ziyarətçi gəlir. O, çıxdıdan sonra bir nəfər əli ilə onun balacaboy oldugunu göstərir. Peyğənbərimiz ona həmin şəxsdən halallıq almasını bildirir və buyurur: «Sən o insanın qeybətini etdin».
Qeybəti tərk etmək üçün Allahın verdiyi əzabdan qorxmaq lazımdır. Bu günahdan insan həm özünü, həm də başqalarını çəkindirməlidir. Peyğənbərimiz buyurmuşdur: ”Qeybəti tərk etmək Allah yanında on min rükət müstəhəb namaz qılmaqdan daha əzizdir”.
Günahdan çəkinmək və çalışmaq lazımdır ki, öz qardaşlarınızın qeybətini etməyəsiniz. Mömin möminin ata-anası bir olan doğma qardaşı kimidir, baxmayaraq ki, ayrı-ayrı valideynlərin övladlarıdır. İmam Musa ibni Cəfər buyurur: ”Öz mömin qardaşına nəsihət verməyən və qeybətin edən şəxs məlundur”.
Özündə eyb görməyənlər həmişə başqalarında eyb axtarırlar. Düzdü,r insan özünü sevir və öz dəyər-qiymətini bilir. Bu o cür olmamalıdır ki, insan başqalarına sevgisi olmadığından onlara qarşı pis fikirdə olsun. Bir müşahidəçi kimi həyatda bu cür situasiya ilə çox qarşılaşmışıq. Bəzi hallarda insanlar əzizlərinə qarşı o qədər məhəbbət bəsləyirlər ki, onların eyblərini görə bilmirlər. Yəni insan dəyər, qiymət verəndə də, məhəbbət bəsləyəndə də haqqı deməli, nahaqq iş tutmamalıdır. Əmirəl-möminin İmam Əli əleyhissəlam buyurur: ”Ən pis adam odur ki, camaatın eyblərini axtarsın, amma öz eyblərini görməsin”
Və sonda yenə mövzumuzu Həzrət Əli (ə) hədisi ilə tamamlayırıq: ”Haqq ilə batil arasındakı məsafə dörd barmaq qədərindədir. /Gözlə qulaq arasındakı məsafə nəzərdə tutulur/ Gözlə gördüklərin həqiqət, qulaqla eşitdiklərinin əksəriyyəti isə batildir”.


Zeynəb Aslanova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

понедельник, мая 05, 2008

Yersiz gülüş və xoş təbəssüm.

İnsanların ən gözəli nurlu, gülərüz və mehriban nəzərləri ilə xoş təsir bagışlayan, qəlbi imanla dolu bəndələrdir. Bu insanların çöhrəsindən təbəssüm daima öz işığını ətrafa saçır. Təbəssüm həyatda bir çox qəlbləri yumşaldıb çətinliklərin və dərdlərin aradan getməsinə səbəb olmuşdur.
Allahın bəxş etdiyi bu hiss əbəs deyil. Lakin, bəşər övladı bilməlidir ki, harda və necə gülüb, təbəssüm etməlidir. Gülüş və təbəssümün müxtəlif növ və formaları var. Burda doktor Həsən Ələvinin gülüş haqqında söylədiyi fikirlərə nəzər salaq. O, gülüşün müxtəlif qisimlərini sadalamışdır. Məhəbbət gülüşü, məsxərə gülüşü, təsirlənmək gülüşü və qəzəb gülüşü. Hətta ağlamaqda həmişə qəm-qüssədən yaranmır. Sevinc və şövqdən ağlamagın ləzzətini hamı dadıb və hamı üçün bu hal baş verib. Bəzən böyüklərdən «yersiz gülmə!», deyə söylədiklərini hər birimiz eşitmişik. Burda bir hadisəni sizlərə çatdırmaq istərdik.
İşdən evə qayıdırdım. Yolumu Bakı Metropolitenidən salıb oturacaqların birində əyləşdim. Növbəti stansiyalarda beş-altı cavan içəri daxil olar-olmaz uca səslə danışıb, gülməyə başladılar. Sərnişinlərdən bir neçəsi onlara baxırdı. Kənardan çox pis görünürdü. Sanki hamı onların düşməyini gözləyirdi. Məcburən də olsa onlarla birgə yol getdik. Sərnişinlərdən onlara sakit olun dedikdə təəccüblə baxır və heç kəsi saymırdılar. Onların etdikləri bu hərəkət, yersiz gülüşləri ilk növbədə özlərini eybəcər göstərməklə yanaşı, ruhlarına da təsir etdiyini bilməlidirlər. Odur ki, Rəbbimizin bizlərə əta etdiyi hiss və duyğular yersiz mələkə halını almamalıdır. Allah Təala öz bəndələrinə buyurur: ”Bəndəm nəyə gülür ki, bir halda bilmir, mən ondan razıyam ya yox”.
Əgər biz Allahın razılıgını qazanmaq istəyiriksə, onda bəxşiş etdiyi hər bir şeydən yalnız ona xatir etməli və qurbi ilahi olmalıdır. Və İmamımız Əli (ə) bir hədisində buyurur: ”Çox gülmək, insanın qəlbini bərkidər”. İnsan hər əməlinə diqqət etməlidir ki, Allahdan uzaq düşüb, uçuruma yuvarlanmasın.
İslam peyğənbəri Həzrəti Muhəmməd(s) heç vaxt ucadan gülməz və həmişə xoş təbəssüm edərdi. Hədislərdən məlum olur ki, onun qabaq dişləri güləndə görünmürdü. Lakin Uhud döyüşündə öz oglunun yarasını bağlaya-bağlaya düşmənə qarşı mübarizə aparan qəhrəman ananı gördükdə sevincini xeyli büruzə vermişdi. Peygənbərimizin bu mənzərəni böyük sevinclə qarşılamasının əsas səbəbi qadının igidliyi idi. Ananın göstərdiyi rəşadət və əzm əziz Peygənbərimizi təsirləndirib və sevindirmişdir.
Peygənbərimizin əməlləri bizlərə örnəkdir. Həzrət Muhəmməd (s) buyurmuşdur: ”Behiştə daxil olmaq istəyirsinizsə, Allahdan qorxun və əxlaqlı olun”.

Zeynəb Aslanova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi



четверг, апреля 10, 2008

SƏBR VƏ UĞUR

Kainatı, təbiəti, gördüyümüz və görmədiyimiz hər bir şeyi mükəmməl və dərin hikmətilə yaradan ALLAHın adı ilə!
Hər bir yaratdığına hikmət qoyan Allaha həmd olsun!
Ətrafımıza diqqətlə baxsaq, çox hikmətlər görüb-götürə bilərik. Həm canlı, həm cansız təbiətdə, gündəlik həyatımızda. Məs: Dağa baxsaq həyatın keşməkeşli anlarına qarşı müqaviməti, dayanıqlığı öyrənirik. Dağ silsiləsinə baxsaq “Tək əldən səs çıxmaz” məsəlinə uyğun özünü tək və gücsüz hiss etdiyində arxalanacaq dostlarla birləşməyi öyrənirik. Çaylara baxıb məqsədimizə çatmaq üçün həyat yollarımızı necə seçməyi öyrənirik. Qarışqa bizə zəhmətkeşliyi, qənaət və tədarükü öyrədir. Biz çox şeyi Allahın qoyduğu hikmətlərlə öyrənmişik. Hətta Adəm oğlu Qabil öz qardaşı Habili öldürdüyündən sonra onu necə gizlədəcəyini bilməyərək aciz qaldığı halda, qarğalardan yeri qazıb basdırmağı öyrənmişdi. Sadalamaqla bitməz görüb-götürəcəyimiz hikmətlər. Bəs görəsən bambuk ağacı bizə nəyi öyrədir?
Çinlilər bambuk ağacını belə yetişdirirlər: əvvəlcə toxum əkilir, sulanır və gübrələnir. Birinci il toxumda heç bir dəyişiklik baş vermir. Toxum yenidən sulanıb, gübrələnir. Bambuk ağacı ikinci il də torpağın üzünə çıxmır. Üçüncü və dördüncü illərdə də eyni işlər təkrar edilir, bambuk toxumu sulanır və gübrələnir. Lakin inadcıl toxum bu il də cücərmir. Çinlilər böyük səbrlə beşinci ildə də bambuka su və gübrə verməyə davam edirlər. Və nəhayət beşinci ilin sonuna doğru bambuk cücərməyə başlayır və altı həftəlik qısa vaxt ərzində 27 metrə çatır.
Əvvəldə qeyd etdiyimiz “Bambuk ağacı bizə nəyi öyrədir?” sualına cavab isə : “Bambuk ağacı bizə “SƏBR” etməyi öyrədir.”
Ağla gələn ilk sual budur: Çin bambuk ağacı 27 metrə altı həftədə yoxsa beş ildə çatdı? Bu sualın cavabı təbii ki, beş ildir. Böyük bir səbrlə beş il boyunca sulanıb gübrələnməsəydi, ağacın nəinki böyüməsindən, heç mövcudluğundan belə söz açmaq olmazdı. Gündəlik həyatımızda da bəlkə beş il, bəlkə on il, ya da daha çox səbr etməli illərimiz vardır. Bəs görəsən bambuk ağacı yetişdirən çinlilər kimi səbirliyikmi? Bilirikmi, uğurun və müvəffəqiyyətin açarı səbrdir?! Müqəddəs dinimiz bizə bunu tövsiyyə edir. Necə ki, Qurani-Kərimdə buyrulur: “Ey iman gətirənlər! Səbrli olun və başqalarını da səborə sövq edin!” («Ali-İmran», 200).
Səbr etmək hər bir uğurun, müvəffəqiyyətin ilk şərtidir. Hər hansı bir işin sonunun gözəl və nəticəsinin xeyirli olması üçün ilk əvvəl səbr etmək lazımdır. Amma bu o demək deyil ki, əli-qolu bağlı oturub gözləməlisən. İmkan daxilində çalışmaq lazımdır. Cəhd göstərmək lazımdır. Hətta illər boyu çalışıb-çalışıb nəticəsini görmədikdə belə, təəssüflənib ruhdan düşmək olmaz.
Əminəm ki, “Səbr edənlərdənəm” deyənlərin sayı olduqca çoxdur. Ancaq iş əmələ gəldikdə heç də səbr edənlərdən olmurlar. Bu arada sizə bir hekayəni təqdim etmək istərdim:
Bir vaxtlar Hüseyn adlı bir cavan oğlan ucqar kəndlərdən birində yaşayırmış. Hüseyn evlənir və toy məclisinə Quran surələri, ilahi şe`rlər oxuyan, gözəl nəsihətlər verən çoxlu dindarları çağırır. Hüseynin həmin bilmişlərin,dindarların halından çox xoşu gəlir. Onların elmi və dini bilgiləri onu valeh edir. Evlilik həyatının elə ilk iki-üç aylarında elm öyrənmək üçün qürbət ellərə getməyə qərar verir. (“Elm hətta Çində olsa belə onun ardınca get” - buyurur Peyğəmbəri-Əkrəm(s).) Və düz iyirmi bir il evindən uzaqda, qürbətdə elm öyrənir, sonunda istədiyi dərəcəni əldə edir. Nəhayət evinə qayıtmağa qərara alır, yola düşür. Öz kəndinə gedən yoldakı bütün kəndləri gəzir və bir kənddə yaşlı qocanın evində bir gecəlik qalır. Axşam ikən söhbət əsnasında qoca Hüseynə buyurur:
- Gəl sənə bir sual verim, görək biləcəksənmi ? De görək elmin başı, əvvəli nədir?
Hüseyn cavabında:
- “Bismillah”dır .
- Xeyr,bilmədin.
- “Fatihə”dir
- Yenə bilmədin.
- “Nasara Yensuru”dur.( xristianlığın bir qolu)
- Yox, yox. Yenə bilmədin.
Hüseyn bu sualı cavablandıra bilmir və:
- Yaxşı, mən tapa bilmədim. Siz deyin.
- “Yox, belə rahat sənə onun cavabını deməyəcəm. Sualın cavabı əvəzində mənim yanımda altı ay ərzində işləməlisən” deyə qoca buyurur.
Hüseyn razülaşgr və kəndin dünyagörmüş ixtiyar qocasının yangnda düz altı ay müddətində işləyir. Vaxt tamam olanda Hüseyn yaşlı qocadan sualın cavabını soruşur. Cavabında:
- Orlum, Elmin başı, əvvəli “SƏBR”dir- deyə buyurur.
Hüseyn təəccüblənərək :
- Sən məni bu qədər elə bircə bu söz üçünmü saxlatmısan?! Mən də elə bildim ki, yeni bir şey öyrənərəm. Məgər mən səbri bilmirəm?! Sənə saatlarca səbr haqqında danışaram. Sənin heç insafın yoxdurmu? Bunu mənə necə qıydın? Bu qədər vaxtım hədər getdi.
- Hirslənmə, oğlum! Sən səbrin elmini bilirsən, saatlarca da bu haqda danışa bilərsən. Amma səni ilk gördüyüm gündən başa düşmüşdüm ki, səbr etməyi bilmirsən. Səbri bilmək ayrı, səbr etmək ayrı. Səbr etməyi sən burda altı ay sualın cavabını gözləyəndə öyrəndin. Indi isə yolun açıq olsun! Amma unutma, tələsmə! Səbr et ! Sonra qərar ver!
Beləliklə, Hüseyn yoluna davam etmiş, öz kəndinə axşam qaranlıqda çatmışdı. Evinə yaxınlaşanda görür ki, bir cavan oğlan onun evinə daxil olur. Qəlbinə çoxlu şübhələr düşür: “Olmaya yoldaşım başqası ilə evlənib?....Öldürərəm, Vallah öldürərəm! Əgər məni aldadırsa!..” Birdən qocanın sözləri yadına düşür və öz-özünə: “Hələ bir səbr et, tələsmə! Hələ bir sabah olsun”. Beləliklə, sabah açılır. Sübh namazını məsciddə camaatla qılır və cammat arasında yaşlı, ixtiyar qocalardan molla Hüseyn adlı birini maraqlanır. Qocalar:
- Əlbəttə tanıyırıq. Bizə namazı qıldıran (imam-camaat) gənc oğlan elə onun oğlu idi. O olmadan atası təhsil üçün getmiş və qayıtmamışdır.
Hüseyn başa düşür ki, dünənki gənc onun oğlu imiş və səbrin gözəlliyini bir daha başa düşür və Allaha həmd-səna edərək, dəfələrcə şükr edir.
Baxın, hekayəmizin qəhramanı da “Səbr edənlərdənəm” deyənlərdən idi, halbuki səbri altı ay ərzində öyrəndi. Bəs biz necə? Səbr etməyi öyrəndikmi?
Həyatının hər bir anında, hər bir çətinliyə səbr edən, əsl “Səbr edənlər”dən olan sevgili Peyğəmbərimiz (s) səbirli şəxsin üç əlamətini göstərmişdir: “Birincisi budur ki, tənbəllik etməsin. Ikinsisi budur ki, ah-nalə etməsin. Üşüncüsü budur ki, Allah Təalaya şikayət etməsin. Çünki, o, tənbəllik edərsə, haqqı zay etmiş olur. Ah-nalə edərsə, şükrü yetirməmiş olur. Rəbbindən şikayət etdikdə isə ona qarşı üsyankarlıq edər.”
Yuxarıda gətirilən bəhsləri təhlil etmiş olsaq mə`lum olacaq ki, səbrli insanın xüsusiyyətləri həm çinlidə, həm də Hüseyndə vardır. Belə ki, çinlilər beş il suvarıb, gübrələməyə tənbəllik göstərmirlər. Hüseyn də həmçinin, altı ay qocanın yanında işləməyə razılaşır. Ah-nalə də etmirlər. Hər il toxumun cücərmədiyinə baxmayaraq ruhdan düşməyib beşinci ili də bambuku suvarıb, gübrələyirlər. Hüseyn də qəlbinə düşən bir çox şübhələrə güc gəlir, sabahı gözləyir. Və sonunda hər ikisi uğur əldə edirlər. Çinlinin uğuru 27 metrə çatan bambuk ağacı olur, Hüseyn isə həm sağ-salamat ailəsinə qovuşur, həm də istədiyi elmi dərəcəni əldə edir. Elm özü bir uğurdur.
Nə bambuk ağacı yetişdirən çinli olaq, nə də ki, elm öyrənən Hüseyn. Halbuki, nə çoxdur illərcə yetişdirdiyimiz “Bambuk ağacları”, nə çoxdur qəzəbləndiyimiz, şübhələrə düşdüyümüz anlar. Sadəcə özümüz olaq. Lakin səbr edənlərdən olaq. Çünki, Allah Təbarəkə və Təala səbr edənləri sevir. Səbr Allahın bizə əta etdiyi ən gözəl ne`mətlərdəndir. Bu ne`mətdən lazımınca faydalansaq dünya və axirətdə xeyrini görmüş olarıq.
Peyğəmbəri-Əkrəmə (s.) nisbət verilən hədisdə deyilir: «Pərvərdigara! Məni imtahana çəkdiyin şeylərdə SƏBR əta et!». Amin!

Leyla Masiyeva
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi