Показаны сообщения с ярлыком Xəyalə Quliyeva. Показать все сообщения
Показаны сообщения с ярлыком Xəyalə Quliyeva. Показать все сообщения

понедельник, марта 02, 2009

İncili oxuyuram...

Ruhullahın şərab ilə (nəuzubillah!) nə işi?!

Əlimdəki bir vaxtlar səmavi olmuş, indi isə tamamilə insan düşüncəsinin məhsulu olan bu kitabı oxuyanda təəcüb etməyə bilmirəm! Allah kəlamlarının bu dərəcədə dəyişdirilməsi, onların bu səviyyədə bayağılaşdırılması insanda heyrət doğurur. Budur, yeni bir səhifə və budur insanı dəhşətə gətirəcək cümlələr:

“İsanın ilk əlaməti (möcüzəsi)

Üçüncü gün Qalileyanın Qana kəndində toy var idi. İsanın anası da orada idi. İsa ilə şagirdləri də toya çağırılmışdılar.

Şərab tükənəndə İsanın anası ona dedi: “Şərabları yoxdur”.

İsa ona dedi: “Ay arvad, mənə və sənə nə? vaxtım hələ gəlməyib”. Anası nökərlərə dedi:” Sizə nə desə, onu edin.”

Yəhudilərin təmizlənmə adəti üzrə hər biri iki-üç ölçü (ölçü-yunanca təqribən 40 litrdir.) altı daş küp var idi. İsa nökərlərə dedi: ”Küpləri su ilə doldurun” Küpləri ağızlarına qədər doldurdular. Sonra nökərlərə dedı: ”İndi sudan götürüb ziyafətə başçılıq edənə aparın!”. Onlar da apardılar. Ziyafətə başçılıq edən, şəraba çevrilmiş suyu daddığı zaman onun haradan olduğunu bilmədi. Bunu yalnız suyu gətirmiş nökərlər bilirdilər... İsa bu ilk əlamətini Qalileyanın Qana kəndində icra etdi və izzətini göstərdi. Şagirdləri də ona iman gətirdilər”.

Budur! Azğınlaşmış insanların haqdan dönmələri və həqiqəti bu cürə biabrcasına saxtalaşdırmaları. Suyu şəraba çevirmək Həzrət İsanın (ə) ilk möcüzəsi ola bilərmi? Möcuzə özü-özlüyündə İlahi bir anlayışdır. Yəni, möcüzə yalnız və yalnız Allahın iradəsi ilə olur. Allahın iradəsi bir peyğəmbərə (ə) şərabı suya çevirtdirərmi?! Nəuzubillah! Allah peyğəmbərinin şərabla nə işi?! Ruhullahın murdarla nə işi?!

Həzrət İsaya (ə) qarşı yazılmış olan cəfəngiyyatlar bununla bitmir. İncilin müxtəlif yerlərində ona qarşı olan bu amansızlığa rast gəlirik. Hz.İsanın (ə) “ölümü” ilə bağlı yazılanlar daha acınacaqlıdır:

“İsanın ölümü:

...Bundan sonra isə İsa hər şeyin indi tamam olduğunu bilərək, Müqəddəs yazının yerinə yetməsi üçün: “Susadım”- dedi. Orada turş şərab dolu bir qab qoyulmuşdu. Turş şərab ilə süngər doldurub, onu bir zufa budağına taxıb, onun dodaqlarna yaxınlaşdırdılar. İsa şərabı daddıqda: “Tamam oldu” - dedi və başını əyib canını tapşırdı”. (İsanın ölümü; Matta 27:45-56, Mark 15:33-41, Luka 23:44-49).

İlahi,sənə pənah aparırıq Sənin dinini dəyişdirənlərdən, İlahi göstərişləri cəfəngiyyat ilə əvəz edənlərdən, Sənin buyruqlarını gizlədənlərdən və bütün bu olanlara göz yumaraq bilə-bilə dəyişdirilmiş kitablara istinad edən və özünü dindar hesab edən avamlardan!

Doğrudan da, həqiqi İsanı axtaran İslama gəlməlidir. Həzrət İsa ilə tanış olmaq istəyən müsəlman olmalıdır. Çünki, Həzrət İsa, İsa olaraq yalnız və yalnız İslamdadır. Necə olub, və necə də var:

“O,harada oluramsa-olum, məni mübarək (həmişə hamıya xeyir verən, dini hökmlər öyrədən) etdi və məni diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu” (“ Məryəm” surəsi 31-ci ayə)

İlahi, Həzrət İsaya (ə) bizim həqiqi məhəbbətimizi çatdır və bizim salamımızı ona yetir!

Xəyalə Quliyeva

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi


воскресенье, марта 01, 2009

Missionerlə üz-üzə...

“Özünüzü unutmayın. Əgər doğru yolda olsanız, yolunu azanlar sizə heç bir zərər yetirə bilməzlər”( “Maidə”,105)

O gün metroda idim. Qatarda adam çox idi. Başımın üstündə uca boylu bir xanım dayanmışdı. Üzündə şirin, mehriban cizgilər yaratmaqla körpəmi güldürürdü. Birdən yanımdakı yer boşaldı və bu xanım mənim yanımda əyləşdi. O, bu səmimiyyəti davam etdirərək körpəm haqqında suallar verməyə başladı. Bir neçə sualdan sonra uşağın adını soruşdu. Dedim ki, adı Məryəmdir.

O, bu adı eşidəndə sanki, gözlərinə işıq gəldi, ürək döyüntüləri artdı. Mən bunu onun həyacanlanmağından hiss etdim. Sonsuz sevinc dolu nəzərlərini mənə dikib sözə başladı və mən də bu söhbəti inşallah ki, olduğu kimi təqdim etmək istəyirəm:

O: Nə, Məryəm? İsa məsihin anası Məryəm? Müqəddəs qadının adı?

Mən: Bəli.

O: Nə gözəl ad... Məryəm - qurtuluş deməkdir! Özünüz bilərəkdən Məryəm adı qoymusunuz?

Mən: Məgər siz onun haqqında oxumusunuz?

O: Bəli, oxumuşam. Siz də oxumusunuz?

Mən: Bəli, mən də oxumuşam.

O: İncildən?

Mən: Xeyr Qurani-Kərimdən!

O: Bilirsiz, Quranda az yazılıb, qısa yazılıb. Amma İncildə daha geniş yazılıb, onun həyatı bütün xırdalığınacan əhatə olunub.

Mən: Quranda İncildəkindən az olsa da, daha dəqiq və düzgündür. Çünki, İncil dəyişdirilib axı...

O: Məgər müqəddəs kitabı dəyişdirmək günah deyil?!

Mən: Günahdır. Amma dəyişdiriblər!

O: Kim dəyişdirib?

Mən: Nə bilim, yəqin kimlərəsə İncil olduğu kimi sərf etməyib, dəyişdiriblər.

O: Bunu sizə kim deyib?

Mən: Qurandan oxumuşam!

O: Quranda yazılıb ki,İncil dəyişdirilib?

Mən: Nəinki İncil, hətta Tövrat və Zəbur da! Məhz onları insanlar dəyişdirdiyinə görə Allah-Təala Quranı göndərib. İcərisində də bu kitabın hətta bir hərfinin belə dəyişdirilə bilinməyəcəyini yazib!

İnanın ki, söhbətin bu yerinəcən mən elə bilirdim ki, hicabsız, namazsız da olsa axırı ki, bir müsəlmanla söhbət edirəm. Amma sonra başa düşdüm ki, yox, bu qadın daha müsəlman deyil! Hansısa bir sektanın, missioner təşkilatının üzvü olub!

Doğrusu, bu hal mənə olduqca qəribə gəldi. Çünki, İslamdan dönmüş adam ilə birinci dəfə idi ki, din haqqında söhbət edirdim. Nə qədər çətin olsa da, çalışırdım ki, səmimiyyəti pozmayım. Çünki, bilirdim ki, hər bir insana həyatında deyilən hər hansı bir səmimi sözün olduqca böyük təsiri ola bilər. Və buna görə də üzümü ona tutub, qəlbimin ən dərinliyindən gələn həqiqi və pak bir səmimiyyətlə dedim:

- Ay xanım, deyəcəyim bu sözləri xahiş edirəm səmimi qəbul edəsiniz! Vallah bizim öz dinimiz çox gözəldir! Muhəmməd(s) ümməti olmaq dünyada hər bir şeydən daha üstündür!

Mən bu sözləri o qədər səmimi dedim ki, fikirləşdim ki, yəqin mənim bu sözlərim ona fövqaladi dərəcədə təsir edəcək, o dəqiqə “düz deyirsən qızım, mən niyə öz dinimdən dönmüşəm, öz dinim bütün dinlərdən daha gözəl, daha kamildir. Tövbə etdim“, deyəcək.

Ancaq harada... Onlar yoldan elə çıxarılmayıblar ki, belə asan şəkildə, özü də metroda öz inandıqlarından əl çəksinlər!

Birdən onun bayaqki mehriban simasına qeyri-adi bir görkəm gəldi. Sanki, o, özünü və öz “dinini” müdafiə edərcəsinə dilləndi:

-Düzdür, İslam gözəldir. Amma qurtuluş İsadadır! Görürsüz siz də İsanı çox sevirsiniz. . .

Mən: Düzdür mən Həzrət İsanı(ə) çox sevirəm. Ancaq Musanı, Süleymanı sevdiyim kimi!

O: Yox, ay qızım. Onlar axı torpaqdan yaranıblar! İsadan başqa bütün insanlar torpaqdan yaranıb. Bircə İsa Məsih Müqəddəs Ruhdan yaranıb. İsa qurtuluşdur!

Mən: Mən də sizə sual verirəm, omda bəs Həzrət Muhəmməd (s) niyə gəldi? Bilinən yalnız bir həqiqət var ki, hər şey yalnız Həzrət İsada bitsəydi, onda ondan sonra peyğəmbər gəlməməli idi. Amma gəldi...

Bu sözlərimdən sonra elə bil qadının cavabı qurtardı...

Mən: İncilin özündə yetərincə anlaşılmaz şeylər yazılıb. Məsələn, mən özüm bir dəfə oxumuşdum ki, Süleyman peyğəmbər (nəuzubillah!) səhərəcən Tanrı ilə güləşdi, axırda Süleyman peyğəmbər qalib gəldi!!

O: Siz nə danışırsınız, Tanrıya heç kəs qalib gələ bilməz. O, hamıdan güclüdür!

Araya bir-iki saniyəlik sükut çökdü. . . .

O: İsa qurtuluşdur, İsa şəfadır! Adəmdən bu yana olan bütün insanların günahlarına görə özünü fəda etdi, bizim günahlarımızı yudu, onu insanların günahları ucbatından çarmıxa çəkib, öldürdülər.

Mən: İslam deyir ki, o sağdır!

O : Hə də. . . çarmıxa çəkilib,öldürüləndən sonra dirilib.

Mən: O, heç öldürülməyib axı. . .

O: Bəs çarmıxa kim çəkilib?

Mən: Başqa birisi

O: Necə ola bilər?

Mən: Allahın qüdrəti ilə!

O: O,gələcək!

Mən: Bəli,mütləq gələcək! Özü də bilirsiniz kiminlə gələcək,12-ci imam Həzrət Mehdi (ə. f) ilə!

O: Bəs deyirlər Sahibzaman adlı bir kişi ilə gələcək?

Mən: İmam Mehdi Sahibəzzəmanın özüdür!

Elə bu vaxt qatar metronun “Qara Qarayev”stansiyasına çatdı. Qadın tələsik qalxıb, düşməyə hazırlaşdı. (Eşitdiyimə görə “Qara Qarayev” stansiyası ərazisində hansısa missioner təşkilatı yerləşir)

O: Sağ olun!

Mən: Siz də sağ olun!

O: Xilas olasınız!

Mən: Olmuşam!

Düşünmədən söylədiyim bu sözdə böyük həqiqət var idi. İnanın, nə qədər fikirləşsəydim də, belə bir cavabı yerində vermək ağlıma gəlməzdə. Bu cavab elə bil, məndən üstün bir qüvvədən gəldi!

Doğru söyləmişdim: mən və mənim milyonlarla müsəlman bacı və qardaşlarım doğrudan da xilas olmuşuq, qurtulmuşuq!

Ya Rəbbim, nə gözəldir hidayət olmaq, nə gözəldir Muhəmməd (s) ümməti olmaq, nə gözəldir Hüseynə əza saxlamaq, nə gözəldir Kərbəlanın eşq məktəbi...

İlahi, bizləri bu dünyadan həqiqi müsəlman kimi apar, necə ki, Həzrət İsanı (ə) bu dünyadan müsəlman kimi aparacaqsan! Amin, ya Rəbbəl-aləmin!

Xəyalə Quliyeva
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Sən demə Qara Qarayev şair imiş. .

O gün başıma qəribə bir traqi-komik hadisə gəlib. 21-ci əsrdə, özü də Bakının mərkəzi yerlərinin birində belə bir gülməli (bəlkədə ağlamalı) hadisə ilə qarşılaşacağım yüz il də düşünsəydim, heç ağlıma gəlməzdi. Deməli, bir neçə gün bundan əvvəl ictimai nəqliyyat vasitələrindən birində idim. Yanımda üç gənc qız var idi. Öz aralarında söhbət edirdilər. Mən də istəmədən onların söhbətinə qulaq yoldaşı olurdum. Qızların biri digərinə üzünü tutub “Bayaq metronun Qara Qarayev stansiyasında qoca bir kişi məndən: “Qara Qarayev kimdir” deyə soruşdu, mən də dedim ki,Qara Qarayev yazıçıdır, kişi bu sözümə əsəbləşdi. Bəyəm yazıçı deyil?”

Bu vaxt digər qız yoldaşının sözünü səbirsizliklə kəsib, ”sən nə danışırsan, Qara Qarayev şairdir!”

Söhbətin nədən getdiyini bilməyən üçüncü qiz da bəstəkarın adını eşitcək “Qara Qarayev şairdir”, - dedi.

İlahi, bu anlar mənim qəlbimdən sanki qara qanlar axırdı. Üzümə qəribə acı bir təbəssüm qondu. Ömrümdə bəlkə də birinci dəfə idi ki, ağlamaq əvəzinə gülürdüm. Mən həqiqətən də ağır bir ruhi sarsıntı keçirtdim.

Yox-yox nəbadə fikirləşəsiniz ki,mənim bu təlaşım Qara Qarayevin səxsiyyətinə pərəstişdən və yaxud onun əsərlərinin aludəsi olduğumdan irəli gəlirdi. Əsla! Mənim bu pərişanlığım yalnız və yalnız biçarə Azərbaycan gəncinin düşdüyü bu biabıçı vəziyyətə görə idi. Mən əslində millətimin balalarının halına yanırdim. Bir neçə saniyə bundan əvvəl doğma Azərbaycanımın “işıqlı gələcəyi”nin gözlərimin önündə belə pis vəziyyətə düşməsi məni yandırmaya bilməzdi!

Söhbətin gedişatını səssizcə seyr edə bilməzdim! Üzümü bayaqdan söhbət edən qızlara tutub: ”Qara Qarayev bəstəkar olub!”, - dedim. Onlar sanki, belə cavab gözləmirdilər: ”Aaa. . . dogrudan? Nə qəribədir, bəstəkar?”

İnanın ki, mən onlara Qara Qarayevin şou-biznes nümayəndəsi və yaxud da hansısa müğənninin proddüsseri olduğunu söyləsəydim, onlar bu qədər heyrətlənməzdilər, amma onun bəstəkar olduğu onları bu qədər təəccübləndirdi.

Mən də heyrət içində idim. Qəlbimdə onlara çox acıyırdım... Birtəhər özümü toplayıb, təvəllüdlərini soruşdum . Biri 1989-cu ildən idi, digərləri isə 1992-ci ildən.

Birdən yadıma düşdü ki, Qara Qarayev haqqında harada da keçməsələr, musiqi dərsində mütləq keçərlər. Ancaq bu fikrim də məni yanıltdı. Dedilər: ”Heç musiqi dərsi keçmişik ki!”. Fikirləşdim ki, yəqin bu qızlar hansısa ucqar bir kənddə oxuyublar. Dərhal oxuduqları məktəbi soruşdum. Aldığım cavab daha ürək ağrıdan idi. Onların üçü də Bakı şəhərində oxumuşdular.

Baş verənlərə birtəhər adaptasiya olmağa çalışırdım ki, söhbəti başlayan qız mənə belə bir sual verdi:”Qara Qarayevin adı nə olub ki?”

Dedim: ”Qara Qarayev”

Qız: ”Yox ee. . mən öz adını soruşuram”.

Mən yenidən bayaqkı cavabımı təkrarladım. Birdən qızlardan gülüş qopdu: ”Ha, ha, ha... Ada bax, Qara Qarayev! Ha, ha, ha!!!”

Bir anlıq fikirləşdim ki, yazıq bəstəkarın adı “Toylar kralı”və yaxud da”Meqa Star”olsaydı ona yəqin ki, bu qədər gülməzdilər.

Soruşdum ki, harada oxuyursunuz, dedilər tibb kursunda oxuyuruq, üçümüz də tibb bacısı olacağıq. Elə oradaca fikirləşdim ki, görəsən Qara Qarayevi şair bilən adam sabah-birigün analginlə aspirini, novokainlə novopossiti səhv salmazmı?!

Əslində söhbət heç də Qara Qarayevin şəxsindən getmir. Ola bilər ki, kimsə onun əsərlərini ömründə bir dəfə olsun dinləməsin. Ancaq Qara Qarayevin bəstəkar olduğunu bilməmək absurddur!

Amma deyəsən indi nəyin absurd olub-olmaması köklü şəkildə dəyişilib axı. Məsələn indi yeni ulduzu tanımamaq absurddur! Məclislərdə qız və gəlinlərimizin yarı-çılpaq olmalarına gileylənmək absurddur! İndi gənc olub metroda blutuzlaşmamaq absurddur!

Yadımdadır, bağçaya gedirdim. Evimizin ünvanını bütün detallarınadək elə səlisliklə deyirdim ki, müəllimlər heyrətə gəlirdilər. Mən hətta Siyasi Bironun bir neçə üzvünün də adını bağçaya gedəndə bilirdim. Bildiklərimi mənə atam öyrətmişdi,çünki, özü də yaxşı bilirdi! İndiki ataların çoxundan fərqli olaraq!

Sözümün xülasəsi budur ki, mən və mənim kimi minlərcə insan məktəbdən cüzü də olsa nəsə öyrəndiyimiz, indi də şükür Allaha, bu dünyanın necə dövran elədiyindən bixəbər olmadığımız halda, yenə düz-əməlli bir şey bilmiriksə, onda bu yazıq heç bilməyənlər nə edəcəklər, Allah bilir...

Xəyalə Quliyeva
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyici

четверг, июня 05, 2008

Hicab və gəlinlik paltarı

Toy - xalqımızın gözəl adət-ənənəsi olmaqla yanaşı, dinimizin vacibatı, Peyğəmbərimizin (s) sünnəsidir.
Hər bir insanın həyatında toy ən sevincli günlərin bəlkə də ən birincisidir.
Hər bir xalqın öz toy adət-ənənəsi var. Amma bunların bəziləri oxşar, bəziləri fərqlidir.
Bütün xalqların ortaq cəhətlərindən biri də gəlinlik donudur. Çünki milli mənsubiyyətindən asılı olmayaraq, bütün gəlinlər toylarında gəlinlik donunu geyinirlər. Gəlnlik donu - bir növ ümümbəşəri adət-ənənədir.
Gəlinlik donu bir geyimdir. Adət üzrə geyim dəblə ayaqlaşmalıdır. Dəbi isə bütün dünyaya Qərb diktə edir. Milli mentalitetimizə heç bir şəkildə uyğun olmayan, açıq-saçıq, həddindən artıq kip oturan, yuxarı hissəsi, demək olar ki, olmayan yabançı gəlinlik donları da hanısa anaşılmaz dəbə uyğun olmaq, təqlidçilik həvəsinin bir hissəsidir.
Bu cür avropasayağı dəb hicablı gəlinliklərdən də yan keçməyib. Son dəbin hicabla sintezi bəzi hicabları hicablıqdan çıxarıb, artıq bəzi gəlinlik qiyafələri naməhrəmlər qarşısında geyilməyəcək tərzdədir. Bəzi gəlinlərsə, belə geyimlərdə toy günü ziyarətgahlara gedir, küçədə sərbəst yeriyirlər. Bəlkə də bu möminə ev şəraitində bu sayaq geyim tərzi ilə heç bir naməhrəmlə qarşılaşmaz, amma nədənsə, beyinlərdə yeni bir fikir var: “toy günü köhnə dəblə geyinməyəcəyəm ki!” və s. Yeni bir fikir də meydana çıxıb: “Hicabsız xanımlar məni toy günü dəbdəbəli və bəzəkli hicabla görüb, hicaba gələcəklər”. Mən başa düşmürəm, burada “dabdəbə” deyiləndə nə nəzərdə tutulur. Əgər dəbdəbəyə qarışıb, o qədər əcaib geyiniləcəksə, artıq bu geyimə baxanda Xanım Zəhra (s.ə.) əmanətindən başqa hər şey adamın ağlına gəlirsə, onda bu fikir həqiqətən absurddur. Çünki bu bər-bəzəyə baxıb hicaba gələn nə hicab dərk edir, nə də onu doğru-düzgün tərzdə örtür. Bax o gəlinin toyunda necə görübsə, necə bər-bəzəklə, necə muncuqla görübsə, gündəlik həyatda da belə örtünür. Bu, bəzən illərcə belə davam edir. Mən şəxsən şahidi olmuşam ki, hicabı bər-bəzəkli tərzdə örtən xanımlara sonradan çox çətin olur ki, onu normal qaydada bağlasınlar.
Hicabın bir mənası da naməhrəm qarşısında hər cür cazibədarlıqdan uzaq olmaqdır. Amma bu sayaq “toy bəzəntisi” möminə xanımları fövqəl dərəcədə yaraşıqlı edir. Bunu isə toy günü evdən çıxandan ta şadlıq evinin özündən bütün gözlər görür - məhrəm də, naməhrəm də…
Burada söhbət bütün gəlinliklərdən getmir. Yalnız və yalnız hicaba yaraşmayan, qadın camalını qabarıq şəkildə biruzə verən, ekranlardan “Hollivud” ulduzlarının əynində görməyə adət etdiyimiz “dəbdəbəli” qiyafələrdən gedir. Biz nə bu geyimlərin, nə də son dəbin əleyhinə deyilik! Gözəl geyinək, gözəl bəzənək, dəb ilə ayaqlaşaq, amma nəbadə gözəl geyim, dəb ilə ayaqlaşmağı hicabı hicablıqdan çıxarmaq kimi başa düşək. Əgər kimsə öz toy günündə belə bir bər-bəzəkli qiyafədə olmaq istəyirsə, buyursun. Amma heç olmazsa, bu gözqamaşdırıcı bər-bəzəyin üzərindən yolda ağ bir örtük örtsün ki, heç olmazsa, şadlıq evinəcən İslamı bu tərzdə nümayiş elətdirməsin.
Adətən, gəlinlər toy günündən hətta bir neçə ay əvvəldən artıq hansı və necə gəlinlik donu geyinəcəklərini, hicablarını hansı bər-bəzək və aksessuarlarla bəzədəcəklərini götür-qoy edirlər. Bu işə o qədər həssas yanaşırlar ki, sanki irəlidə olan bütün həyatları, xoşbəxtlikləri məhz bu gəlinlik donundan asılıdır.
Əziz bacılar, gəlin gəlinlik donu seçərkən dəbə, gözəlliyə, yaraşığa fikir verməyimizlə bərabər, İslamı, İlahi təlimatları da yadımızdan çıxarmayaq. Xanım Zəhra (s.ə.) əmanətdarıyıq. Yadımızdan çıxarmayaq ki, bu din, bu Qurani-Kərim, bu namaz, bu oruc, bu hicab Hüseynin (ə) Kərbəlasından dolanıb gəlib, 72 günahsızın qanı bahasına qorunub saxlanıb. Bu hicab Xanım Zeynəbin (s.ə.) şah saraylarınacan əsir olaraq gedib. Amma qorunub, əsrlərlə, Məkkə necə var, elə.
Gəlin, hicabi hicab kimi taxaq, toy günümüz olsa belə.


Xəyalə Quliyeva
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

среда, мая 21, 2008

Dükandan alınan əl işinin sərgüzəştləri

Gözəl bir gün idi.
Bir neçə gündən bəri davam edən küləkli-yağışlı hava sanki heç olmamışdı. Mavi səmadan boylanan günəş ətrafa nur saçırdı. Baharın təravətli qoxusu ətrafı bürümüşdü.
Təsadüfən evimizin yanındakı parkdan keçirdim. Parkda çoxlu insan yığını uzaqdan nəzərə çarpırdı. “Görəsən nə olubdur?”, - deyə fikirləşməyə başladım. Sıra-sıra düzülən gül-çiçəkləri görəndə bildim ki, gül bayramıdır. “Bəs niyə mayın 3-ü? Keçən il mayın 10-da keçirilmişdi”. Nə isə...
Hə, doğrudan da gül bayramı idi. Rayonun hər bir məktəbi və hər bir bağçası öz hünər və bacarığını sərgiləyirdi. Daşdan miniatür ev tikən kim, mərci ilə keçmiş dövlət başçısının portretini düzəldən kim. Doğrudan da bəzi məktəblər çox yüksək sənətkarlıq inciləri nümayiş etdirirdilər. Burada sərgiyə çıxarılan istər rəsm əsərləri, istərsə də əl işləri çox orijinal və gözalıcı idi. Amma çıx təəssüf ki, bu bir neşə məktəbin göstərdiyi hünər idi. Park isə başdan-başa rayon məktəb və bağça nümayəndələri ilə dolu idi. Hər bir məktəb və bağça nümayəndəsinin yanında onun sərgiyə gətirdiyi eksponatlar var idi. Uzaqdan hər şey olduqca gözəl və əlvan görünürdü: güllər, çiçəklər, arılar, quşlar və daha nələr...
Amma bir az yaxına gələndə bu çiçəklərin nə dünən düzəldiyinin, nə də ötən ay düzəldiyinin şahidi oldum. Bu güllərin, bu quşların neçə-neçə yaşı var idi. Uşaq vaxtı məktəbin əmək kabinetində gördüyümüz əl işləri də burada idi. Mən onları modellərindən, yaşlarından, solmuş rənglərindən tanıdım. Bunlar hələ yaxşı idi, çünki neçə il keçsə də, axırı ki, əl işləri idi. Bilinirdi ki, bunlar körpə və məsum barmaqların məhsuludur. Bilinirdi ki, yalnız və yalnız kiçik və məsum barmaqlar rəngli kağızlardan bu sadəlikdə gül hazırlaya bilər.
Sıra ilə bir-bir baxa-baxa gedirdim. Məktəblər qurtardı, bağçaların gül nümayişi başlandı. Məktəblilərin düzəltdiyindən heç də fərqli olmayan güllər, çiçəklər. Sən demə, bizim bağça uşaqlarımızın əl işləri məktəblilərin əl içləri kimi gözəl və orijinal imiş!?
Növbəti bir sıra və üzərində «filan saylı körpələr evinin uşaq bağçası” yazılmış lövhə var idi. Elə o an onların rənglədiklərinə nəzər yetirdim. Gördüklərim məni heyrətə saldı. Bəlkə də bu hazır, olduqca böyük ölçülü süni ikebanaların o kiçik bağça uşaqlarının elədiklərinə özümü birtəhər inandırmağa çalışardım. Amma orada bir suvenir var idi ki, onu tanımaya bilməzdim. Bu uzərində “Allah” yazısı olan ikebana idi. Həmin bu cür ikebanalar şəhərin suvenir dükanlarında satılır. Doğrusu, məni qəhər bürüdü. Fikirləşirdim ki, körpələr evi, yəni valideynlərindən məhrum uşaqların evi. Görəsən, onlar niyə heç bir şey hazırlamayıblar? Bəlkə psixoloji vəziyyətləri pisdir, valideynlərindən ayrı qalmış uşaqların psixoloji durumları necə normal ola bilər? Amma hər halda uşaqdırlar da. Güldən, çiçəkdən düzəldə bilərdilər.
Bu fikirlərlə yenidən oraya qayıtdım. O bağçanı təmsil edən nümayəndələrə yazınlaşıb soruşdum ki, “xala, körpələr evi, yəni valideysiz uşaq evi?”. Dedi ki, yox. “Yox, yəni adi bağça”, - deyə fikirləşdim. Doğrusu, bir az sevindim. “Nə yaxşı, bu uşaqların valideynləri var. Bəs bu güllər niyə asxta, niyə satın alınmış?”. Dedim: “Ay xanım, bu gülləri axı uşaqlar düzəltməyiblər”. Ona qəfildən belə bir sualı verdiyim üçün qadın çaşıb qaldı. Özünü birtəhər toplayıb: “Sən nə danışırsan, ay qızım, axı sənə nə lazımdır?, - dedi. O ağbirçək xanımın gözlərindən mən çox şeylər oxudum. Yəni ki, ay bala, sənin nəyinə lazımdır? Qoy oturmuşuq, soyuq suyumuzu üfürə-üfürə içirik. Deyiblər: “Gül gətir!”, gətirmişik də. Nə fərqi, özümüz düzəldək, ya hazır alaq?”.
Bu söhbətə digər bağçanın nümayəndəsi də qoşuldu. Dedi: “Ay qızım, sən bir özün fikirləş, bunları bağça uşaqları heç cür düzəldə bilməzlər, vurub yarpaqlarını, ləçəklərini qırarlar. Amma bunları düzəldə bilərlər”, - deyib əlindəki kağız üzərində mərcidən düzəldilmiş çox sadə bir gülü göstərdi. Bunlar isə”, - yanındakı suvenirləri göstərərək: “Düz deyirsən, hazır alınıb”. Bu söz “gül yiyəsi”ni çox əsəbləşdirdi. “Nədir alınma? Alınmayıb!”. Birdən çaşdı qaldı. Səhvən ağzından “öz pulumuzla almışıq” sözləri çıxdı və hətta mən “50 manata” sözünü eşitdim. Nə isə...
Mən nə o bağça nümayəndəsi ananı qınamaq istəyirəm, nə də digər bağçanın öz həmkarlarını satan nümayəndəsini. Vallah, yazıqdır bizim millətin anaları! Qınamayın onları. Özləri də bilmirlər, nəyin dərdini çəksinlər. Bilmirlər, bu gün nəyi deyib, sabaha nəyi saxlasınlar ki, sabah ac qalmasınlar! Bilmirlər ki, dükandan aldıqları mərcidən, lobyadan bir qazan şorba bişirib, öz ac balalarını doyuzdursunlar, yoxsa həmin mərci və lobyadan gül-çiçək düzəldərək, “tənətənəli” gül bayramına təqdim etsinlər. Bəlkə elə belə etsələr yaxşıdır? Kim bilir hey, qarnımız acdır, əsas odur ki, qoy respublikamızın sədası böyük-böyük yerlərdən, uca-uca kürsülərdən gəlsin. Qoy bütün dünya bizim təbiəti necə sevdiyimizi görsün, süfrəmizin mərcisindən, lobyasından, hətta makaronundan belə necə məharətlə gül-çiçək düzəltdiyimizin şahıdı olsunlar. Biz ac qalsaq da olar. Vətən sağ olsun!
Hə, harada qalmışdıq? Suvenirdə. Bayaqkı bağçanın mağazadan alınıb, sərgiyə uşaqların əl işi təqdim edilən suvenirdə. Nə bilim, vallah, ha fikirləşirəm, amma bizdən başqa açıq havada, yaşıllıqda keçırılən güı bayramına dükandan alınan, amma uşaqların əl işi kimi təqdim edilən suvenirlərlə gələn bir millət tapa bilmədim.
Bunu da bacarmışıqsa, əhsən bizə!

Xəyalə Quliyeva
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi