понедельник, ноября 10, 2008

İmam Cəfər Sadiq (ə) şəhadəti

İlk həzin başlıqda əziz imamımız Cəfər Sadiq (ə) haqqında yazarkən nədən, necə başlayacağımı bilmədim. Lakin Mərhum Əllamə Kuleynin «Üsuli-Kafi adlı» kitabının birinci cildində bir rəvayət diqqətimi çəkdi. Kitabda Abdullah bin Sinan rəvayət edir: «İmam Sadiqə (ə) dəstəmaz və namazla əlaqədar olaraq müxtəlif vəsvəsələrə düçar olmuş bir adamdan söz açdım, sonra da bunu söylədim: "O, ağıllı bir adamdır". İmam Sadiq (ə) buyurdu: "Şeytana uyan bir adam necə ağıllı ola bilər?" Dedim: "Necə yəni şeytana uyur?" Buyurdu: "Onun özündən soruş ki, sənin içindəki bu vəsvəsə kimdəndir? Mütləq:" Şeytan işidir" deyə sənə cavab verəcəkdir"».

Digər bir hədisdə Həzrət Cəfər Sadiq (ə) belə buyurur: "İnsanların ağıl baxımından ən kamili, əxlaqı ən gözəl olandır".

Hər bir dövrdə dini qoruyub saxlamaq üçün məsumlarımız olmazın məşəqqətlə də olsa, bunu həyata keçirmişlər. İmam Hüseyn (ə) qiyamı ilə, İmam Həsən (ə) sülhü ilə, İmam Səccad (ə) duaları ilə, İmam Sadiq (ə) məhz öz elmi ilə dini qoruyub, saxlamışlar. İmam Cəfər Sadiqdən (ə) nəql edilən hədisdə belə tövsiyə olunur: "Elm öyrənən, lazımi qaydada hərəkət edən və onu Allah üçün başqalarına öyrədən, göylərdəki mələklər aləmində böyük bir şəxs kimi xatırlanır və deyilir ki: "Bu adam Allah üçün elm öyrəndi. Allah üçün elmin icab etdiyi ilə əməl etdi və Allah üçün onu başqalarına öyrətdi".

Qurai-Kərimdə isə («Fatir» surəsi, 28) buyrulur: "Allahdan, Öz bəndələri içərisində, ancaq alimlər qorxar".

İmam Sadiq (ə) bu ayəyə əsasən belə buyurmuşdur: "Bu ayədə keçən alimlərlə, özünə məxsus əməlləri ilə, sözlərini təsdiqləyən kəslər nəzərdə tutulur. Yoxsa ki, əməlləri sözlərini təsdiqləməyən kəslər, alim ola bilməzlər".

O, Həzrətin (ə) dünyadan köçməsi haqqında rəvayətlərdə belə bildirilir. Hicrətin 148-ci ilində, bəzi rəvayətlərdə rəcəbin 15-də, bəzilərində isə şəvvalın 15-də dünyadan köçməsi bildirilir. Xəlifə lənətlik Mənsur Dəvənaqi zəhərlənmiş üzümü Həzrət İmam Sadiqə (ə) vermişdi, bu da İmamın (ə) şəhadətə çatmasına səbəb olmuşdur.

Həzrət (ə) 34 illik imamətlik dövrü keçirib. Altımış beş il ömür sürüb. İmamın (ə) yeddi oğlu, üç qızı olub. Onların adları: Musa ibn Cəfər (ə), İsmayıl, Abdullah Məhəmməd Dibac, İshaq, Əli, Abbas. Ümmü Fərvə, Əsma, Fatimə.

İmam Sadiq (ə) buyurur: "Qum kiçik Kufədir. Behiştin 8 qapısı var, onlardan 3-ü Qumdadır. O şəhərdə övladlarımdan bir qadın dünyadan köçəcək. Onun adı Fatimədir. O, Musa ibni Cəfərin (ə) qızıdır. Onun şəfaəti ilə bütün tərəfdarlarım behiştə daxil olacaqlar".

Allah Təala qəlblərimizə iman, əməllərimizə paklıq, elmimizi Allah yolunda sərf edənlərdən nəsib etsin. Və bizləri behiştdə Əhli-Beytin şəfaətindən məhrum etməsin. İlahi amin!

Zeynəb Aslanova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Qarabağ dərdi

O, yalnız ölülərimi narahat edir?!

İnsanın göz açdığı torpaq ona doğma, şirin gəlir. Bəzən görürsən yalnız bircə dəfə, doğulduğu gün vətəndə olmuş bir insan, lakin illərdən sonra həmin yurda getdikdə, həsrət, qovuşmaq istəyi kimi qəribə hisslər keçirir. Bu hiss insanda fitridir. Allah Təala Quranda buyurur: "Şəhidlər ölü deyil, onlar diridirlər".

Gerçəkdən bu ayədə dərin məna var. Vətəni sevmək və Allah yolunda canından keçib, onu qorumaq, həqiqətən də Uca Yaradanın nəzərində böyük bir məqamdır. Təəssüflər olsun ki, bu hiss bir çox insanlarda yox anlamına gəlib. Çoxları düşmənlə qarşılaşıb, onlarla üz-üzə gəlməkdə çətinlik çəkir. Bu gün ən ağır, kədərli dərdimiz Qarabağdır. Qarabağı unudan özünü unutmuşdur. Əgər bir insanın qeyrət və namusu itərsə, o, ölüdür.

Bir vaxtlar erməni faşistlərinə vəd olunmuş Qarabağ, düşmən əlindən qan ağlayır. Bir hadisəni nəzərdən keçirək. Qarabağda yaşıyan sakinlərindən biri əbədiyyətə qovuşmuş və elə öz vətənində də dəfn edilmişdir. Çox gözəl şerlər yazırmış. Onun şerlərində «vətən, vətən» kəlmələri dəfən-dəfən işlənmişdir. Xalqının vətənpərvər övladlarından olmuşdur. Öz yaxınlarından birinin yuxusuna gəlmiş və demişdi: «Biz əziyyət çəkirik, kömək edin, üstüm açıqdır, dəhşətli soyuqdur, donuram. Hələ bu azmış kimi zalımlar bizi əzir, tapdalayır, təpikləri ilə vururlar. Üstümüzə neft töküb, yandırırlar. Hanı bizim igid-igid əsgərlərimiz?! Mən döyüşə bilmirəm, yoxsa bu qansızları qanına qəltan edərdim». Sonra qohumlarını səsləyib: «Hanı Vüqar, Rəşad, İbad, Emin, Cavid, hanı onlar? Belə qardaşlıq olmaz! Bizə kömək edin! Siz orada rahat-rahat yatanda, biz onların hər gün murdar çöhrələri ilə qarşılaşırıq. Bizə riçxəndlə: «namusunuzu qoruya bilmədiniz», deyə təhqir edirlər. Oyanın yuxudan! Oyanın!».

Ölüləri narahat edən Qarabağ dərdi, çox dirilərin heç yadına da düşmür. Vəhşicəsinə, zorakılıqla, kiçik, böyük, qoca ayırmadan, bütünlüklə düşmən taladı bizi. Bu azmış kimi, özünü hər yerdə günahsız, təmiz göstərməyə çalışır. Müsəlmanları isə qaniçən göstərməyə cəhd edirlər. Halbuki, dinimiz düşmənlə də humanist davranmağı tələb edir.

İlahi! İlahi! Rəsuli Əkrəm (s) doyüşləri və o cümlədən əsirlərlə davranışı bizə axirətə kimi örnəkdir. O əziz Peyğənbərimiz (s) döyüşçülərinə xitab edərək buyururdu: "Uşaqlara, qocalara, qadınlara toxunmayın! Hətta əsirləri incitməyin, onlarla yaxşı davranın. Yemək, içməklə də təmin edin…".

Bəli məhz o nurlu Allah Elçisi (s), əsl əxlaq sahibi idi. Uca Yaradan göndərdiyi Peyğəmbərinin (s) əxlaqına əhsən demişdir.



Göz yaşlarım dayanmaz, ümidlərim tükənməz,

Arzularam vətəndə, diyar-diyar gəzməyi.

Hər guşəsi şirindir, hər diyarı əzizdir,

Seyr edərkən bu yurdu, qəlbim yanır, odlanır.

Həsrətindən dözməyib, cismim uçmaq istəyir.

Qanadlanıb uçaraq, dolaşıb hər guşəsin,

Meşələrin, dağların görmək istər bu könlüm.

Ağlama sən, ey gözüm, ümüd şamı sönməyib

Dözüb bir az səbr edək, yetişsin dadə İmam (ə.f.)

Zalımların zülmündən, xilas etsin bizləri.

Yazdığım bu misralardan sonra ruhum sıxıntıdan uzaqlaşdı. Ümid edirsənsə, demək bir gün o Həzrət (ə.f.) öz nuru ilə bu dünyanı işıqlandırıb, günəşi qara buludlardan təmizləyəcək. Yenə işıqlı, parlaq bir həyat canlanacaq. Ümidləriniz, arzularınız, istəkləriniz çin olsun. İmam Zaman ağanın (ə.f.) zühurunun tezləşməsi üçün Muhəmməd və ali-Muhəmmədə bir salavat zikr edək: "Allahummə salli alə Muhəmmədin və əli-Muhəmməd."

Zeynəb Aslanova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Putin Qroznıda məscidə gedib

İNTER.rus saytının yaydığı xəbərlərə görə Rusiyanın keşmiş prezidenti Vladimir Putin Qroznıdakı məscidin açılışında iştirak etmişdir.

Məscidin təm-təraqlı açılışında iştirak edən Vladimir Putin özünü "İliç" sayağı göstərdi. Belə ki, bir zamanlar «oxumaq, oxumaq, yenə də oxumaq» şüarını özününküləşdirən Vladimr İliç Lenin xalqın mənəviyyatını əzib, ateistliyi irəli gətirmək istəmişdir.

1994-cü ildən bu yana dincliyi olmayan çeçen xalqına olmazın zülmlər ediblər. Rusiya ilə gedən müharibələrin təsirindən Çeçenistanda doğulan uşaqlar dünyaya xəstə gəlirlər. Çeçen muxtariyyətinin səhiyyə nazirliyinin yaydığı məlumata görə, Çeçenistanda körpələrin ən azı 40%-i xəstə olaraq dünyaya gəlir. Bir millətin əlindən zorakılıqla hər şeyi almaq və sonradan o millətə çəkilən dəhşətli zülmün üstünü örtəcək bu əməli, onun məscidin açılışındakı iştirakı gözdən pərdə asmağa bənzəyir.

Bu gün kefi kök olan insanlar ağıllarına belə gətirmirlər ki, bir gün o məsciddə iki rükət namaz qılmağa yetəcək zaman üçün bütün ömürlərini qurban verməyə hazır olacaqlar. Zalımlar o zaman Quranın buyurduğu kimi belə deyəcəklər: «Rəbbinin əmrinin yetişəcəyi və mələklərin səf-səf duracağı. Və cəhənnəmin (məhşər meydanına) gətiriləcəyi gün – məhz o gün insan (öz günahlarını) xatırlayar, amma bu xatırlamaqdan ona nə (fayda)?! O: "Kaş ki, mən öz (əbədi) həyatım üçün əvvəlcədən (yaxşı əməllər) göndərmiş olardım!"- deyər». («Fəcr» surəsi, 22-24)

Zeynəb Aslanova

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Təqvanın həqiqəti nədir?

«Təqva» sözünün əsas mənası «saxlamaq» deməkdir. Daha aydın desək, daxili kontrol edən bir qüvvədir ki, insanı nəfsinin tüğyanı qarşısında hifz edir, saxlayır. Başqa sözlə desək, bir növ tormoz rolunu oynayaraq, insanı xətərlərdən qoruyur.

Elə ona görə də Həzrət Əli (ə) təqvanı günahın xətərləri qarşısında olan qüvvətli qalaya bənzətmişdir. Belə ki, İmam (ə) buyurmuşdur: "Ey Allahın bəndələri! Bilin ki, təqva möhkəm və nüfuz edilməz bir qaladır".

İslam hədislərində və həmçinin alimlərin kəlamlarında təqvanın vəziyyətini və necəliyini bəyan edən oxşarlıqlar çoxdur. Başqa bir yerdə Həzrət Əli (ə) buyurur: "Təqva sanki bir minikdir ki, onun sahibi ona minibdir və ona rəhbərlik öz əlindədir və behişt yolu ilə irəliləyir".

Bəziləri təqvanı o kəsin halına bənzədirlər ki, "o, günah və rəzil insanların yaşadığı bir torpaqdan qaçmışdır və çalışır ki, ehtiyatla irəliləsin ki, ayağı və ya paltarı bu rəzalətə batmasın".

Şairlərdən biri təqva haqqında belə demişdi: "Kiçik və böyük günahları tərk et ki, təqvanın həqiqəti elə budur. Həmçinin elə adam ol ki, rəzilliyin olduğu bir torpaqda ehtiyatla addım atasan. Kiçik günahları cüzi sayma, çünki dağlar da kiçik daşlardan təşkil olubdur".

Bu dediklərimizdən bunu başa düşə bilərik ki, təqva o demək deyil ki, hamıdan qaçıb, xəlvətə çəkiləsən. Xeyr! Əksinə, təqvalı insan ictimainın içində olub, özünü onun çirkinliklərindən qorumalıdır.

Hər bir halda, təqvalı insanın Allaha və Qiyamət gününə imanı olduğu açıq-aydındır. Yəni təqvalı insan "məbdə" (başlanğıca) və"məada"(sonunca) inanan bir insan deməkdir.

Həzrət Əli (ə) buyurur: "Təqva və Allahdan qorxmaq bütün bağlı qapıların açarıdır, axirət üçün ehtiyat yığmağın, şeytanın əsirliyindən azad olmağın səbəbi və həlakətdən nicat tapmaq deməkdir".

Qurani-Kərim təqvaya böyük əhəmiyyət verir və onu insan dəyərini qiymətləndirən əsas meyar sayır. Məsələn «Bəqərə» surəsində Allah Təala buyurur: "Allah gördüyünüz hər bir xeyr işi bilir. Xeyr əməllərlə azuqə götürün. Ən yaxşı azuqə təqvadır".

Başqa surədə, yəni «Əraf» surəsində buyrulur: "Lakin təqva paltarı daha yaxşıdır".

Bir çox ayətlərdə peyğəmbərlərin (ə) dəvətinin ilk yolunun təqva olduğu zikr olunur və başqa yerdə bu mövzunun əhəmiyyətini o qədər yüksəklərə qaldırır ki, Allahı "təqva əhli" hesab edir və buyurur: "O, təqva əhlidir və Ondan məğfirət dilənməlidir."

Quran təqvanı İlahi nur kimi tanıdır ki, hər hansı yerdə görünsə, elm və bilik yaradar.

Beləliklə, yuxarıda dediklərimizdən belə nəticəyə gələ bilərik ki, təqva haqqında gələn ayələrdə Qurani-Kərim hər bir təqvalı əməlin imandan, pak niyyətdən bəhrələndiyini bildirir. Təqva elə həmin məsuliyyət hissidir ki, imanın qəlbdə möhkəmlənməsi üçün insan vücuduna hakim olar və onu günahdan qoruyar, yaxşılığa, paklığa və ədalətə dəvət edər. İnsan əməllərini xalis tutar, fikrini və niyyətlərini çirkabdan yuyub təmizləyər. Və beləliklə deyə bilərik ki, təqvanın əsil mənası insan ruhunu və canını hər növ pisliklərdən uzaq saxlamaq və insanın bütün qüvvələrini Allahın rizayəti olan işlərə sərf etməsinə yönəltmək deməkdir.

Deməli, İslamda insan fəzilətinin və iftixarının əsas meyarı və şəxsiyyətin ölçülmə dərəcəsi təqva ilə müəyyən olunacaqdır.

Allah bizim iman və təqvamızı möhkəmləndirsin və bizə örnək olan Məsumlamızın (ə) təqvasından bizə də əta etsin. Amin!!!

Məşhədi Xanım,

«Dəyərlər»

Qoyunlar insanları yeyir

(və ya əsgərlərimiz kimə ya nəyə qurban gedir?!)

Orta əsrlər kapitalizminin məhşur deyimi: “Qoyunlar insanları yeyir” və ya “Çəpərləmələr”. Orta əsr kəndlisini, eləcə də bütün aşağı təbəqəyə məxsus olanlarını təngə gətirən hərəkat. Əsas... Kapitalizim oyunu meydana gəlirdi. Bəli, elə məhz bu adla feodallar o dövr insanının dediyi kimi, Adəm övladını qoyunlara qurban verməyə başladı. Qoyun tükü insanların evlərin aldı, torpağın aldı, nizamlı həyatını aldı insanların əlindən. Amma həyatları qaldı özlərində. Düzünü desək, gedib-gələn nəfəsləri saxladı onlarda. Lakin bunun qalmasının nə faydası ki! Beləcə bütün bu əsaslarla “inkişaf” etdi kapitalizm. Hansı ki, indi bizim millət də iddialıdır həmin bu kapitalizmə.

Mən danışmaq istəmirəm hazırda dövlətimizin kapitalist durumundan. Sadəcə danışmaq istərdim kapitalizmə iddialı olan dövlətimizin keşikçilərindən, yəni əsgərlərindən. Böyük bir sualım var, əvvəl özümə, sonra isə bu suala cavab verməyə məcbur olan hər kəsə. Görəsən heç düşünmüşük ki, bu gün əsgər deyilən məfhum olmasa dövlətimizdə vəziyyət necə olar? Və ya ümumiyyətlə dövlətimizi və bizi əsgərlərin taleyi nə dərəcədə maraqlandırır?

Bu günlərdə məşhur bir informasiya portalında eyni zamanda iki xəbər gedir. Bunların hər ikisi türk əsgəri barədə gəlmişdi. Təəssüf ki, hər ikisi də əsgərlərin ölümü xəbəri idi. Əslində, yəgin diqqətinizdən yayınmadı ki, “şəhid olma xəbəri” demədim. Niyə, çünki, bu xəbərlərdən ikincisinə şəhid adı vermək mümkün deyil. Xəbəri ixtisarla çatdırım. “Həkkari vilayətində PKK qruplaşmasına qarşı manevr edən Türk Silahlı Qüvvələrinin beş əsgəri əks-hucum nəticəsində şəhid olur. Baş qərərgah xəbəri dərhal alın açıqlığı ilə təsdiq edir və şəhidlərin ailəsinə dərin hüznlə başsağlığı verir. Şəhidlərin torpağa tapşırılmasının hansı təmtaraqla baş tutacağı haqqında isə hələ məlumat yoxdur. Eyni vaxtda Azərbaycanda da analoji hadisə baş verir, yəni əsgər itiririk. Amma necə?! Hər hansı bir “N” saylı hərbi hissədə bir əsgər digər, həmyerlisi olan əsgəri silahdan açdığı atəşlə qətlə yetirir. Əlaqədar nazirliyin mətbuat orqanları isə adəti üzrə susur”.

Düşünürəm ki, bu heç də eşitdiyiniz təsadüf hallardan deyil. Bəlkə də eyni hissədə bir həmvətənlimizin digər yoldaşını öldürməsi təsadüfü haldır. Amma mənəvi öldürmələri kimin ayağına yazaq?! Bu yaxınlarda intiharla mübarizə günü qeyd edilirdi. Bu səciyyənin xarakterik olduğu insanların əksər hissəsini kimlər təşkil edir? Əsgərlərimiz. Döyülmələr, söyülmələr, alcalmalar... Bunlar da özlüyündə bir kitab təşkil edir. Atəşkəs vəziyyətində olan dövlətimizdə hər gün olmasa da, günaşırı əsgərlərimizin şəhid olması hansı zəmindən doğur? Nə üçün əlaqədar qurumlar cavanlarının taleyinə bu qədər laqeyd yanaşırlar? Axı, bu qədər əsgərimizi müharibə olmadan itirdiyimiz halda və itirilənlərə və onların ailələrinə mənfidən azca yuxarı münasibət hansı inkişaflar yoluna işıq saçır?

Mən əminəm ki, biz kapitalizmə və digər bu adla yeridilən iqtisadi inkişafların heç birinə xalqımızı və xüsusən də heç bir əsassız əsgərlərimizi qurban verməklə nail ola bilmərik. Özünüzdən muğayat olun və ya özünüzü qoruyun...

NURAN MİKAYILOĞLU

«Dəyərlər»

Qoyunlar insanları yeyir

(və ya əsgərlərimiz kimə ya nəyə qurban gedir?!)

Orta əsrlər kapitalizminin məhşur deyimi: “Qoyunlar insanları yeyir” və ya “Çəpərləmələr”. Orta əsr kəndlisini, eləcə də bütün aşağı təbəqəyə məxsus olanlarını təngə gətirən hərəkat. Əsas... Kapitalizim oyunu meydana gəlirdi. Bəli, elə məhz bu adla feodallar o dövr insanının dediyi kimi, Adəm övladını qoyunlara qurban verməyə başladı. Qoyun tükü insanların evlərin aldı, torpağın aldı, nizamlı həyatını aldı insanların əlindən. Amma həyatları qaldı özlərində. Düzünü desək, gedib-gələn nəfəsləri saxladı onlarda. Lakin bunun qalmasının nə faydası ki! Beləcə bütün bu əsaslarla “inkişaf” etdi kapitalizm. Hansı ki, indi bizim millət də iddialıdır həmin bu kapitalizmə.

Mən danışmaq istəmirəm hazırda dövlətimizin kapitalist durumundan. Sadəcə danışmaq istərdim kapitalizmə iddialı olan dövlətimizin keşikçilərindən, yəni əsgərlərindən. Böyük bir sualım var, əvvəl özümə, sonra isə bu suala cavab verməyə məcbur olan hər kəsə. Görəsən heç düşünmüşük ki, bu gün əsgər deyilən məfhum olmasa dövlətimizdə vəziyyət necə olar? Və ya ümumiyyətlə dövlətimizi və bizi əsgərlərin taleyi nə dərəcədə maraqlandırır?

Bu günlərdə məşhur bir informasiya portalında eyni zamanda iki xəbər gedir. Bunların hər ikisi türk əsgəri barədə gəlmişdi. Təəssüf ki, hər ikisi də əsgərlərin ölümü xəbəri idi. Əslində, yəgin diqqətinizdən yayınmadı ki, “şəhid olma xəbəri” demədim. Niyə, çünki, bu xəbərlərdən ikincisinə şəhid adı vermək mümkün deyil. Xəbəri ixtisarla çatdırım. “Həkkari vilayətində PKK qruplaşmasına qarşı manevr edən Türk Silahlı Qüvvələrinin beş əsgəri əks-hucum nəticəsində şəhid olur. Baş qərərgah xəbəri dərhal alın açıqlığı ilə təsdiq edir və şəhidlərin ailəsinə dərin hüznlə başsağlığı verir. Şəhidlərin torpağa tapşırılmasının hansı təmtaraqla baş tutacağı haqqında isə hələ məlumat yoxdur. Eyni vaxtda Azərbaycanda da analoji hadisə baş verir, yəni əsgər itiririk. Amma necə?! Hər hansı bir “N” saylı hərbi hissədə bir əsgər digər, həmyerlisi olan əsgəri silahdan açdığı atəşlə qətlə yetirir. Əlaqədar nazirliyin mətbuat orqanları isə adəti üzrə susur”.

Düşünürəm ki, bu heç də eşitdiyiniz təsadüf hallardan deyil. Bəlkə də eyni hissədə bir həmvətənlimizin digər yoldaşını öldürməsi təsadüfü haldır. Amma mənəvi öldürmələri kimin ayağına yazaq?! Bu yaxınlarda intiharla mübarizə günü qeyd edilirdi. Bu səciyyənin xarakterik olduğu insanların əksər hissəsini kimlər təşkil edir? Əsgərlərimiz. Döyülmələr, söyülmələr, alcalmalar... Bunlar da özlüyündə bir kitab təşkil edir. Atəşkəs vəziyyətində olan dövlətimizdə hər gün olmasa da, günaşırı əsgərlərimizin şəhid olması hansı zəmindən doğur? Nə üçün əlaqədar qurumlar cavanlarının taleyinə bu qədər laqeyd yanaşırlar? Axı, bu qədər əsgərimizi müharibə olmadan itirdiyimiz halda və itirilənlərə və onların ailələrinə mənfidən azca yuxarı münasibət hansı inkişaflar yoluna işıq saçır?

Mən əminəm ki, biz kapitalizmə və digər bu adla yeridilən iqtisadi inkişafların heç birinə xalqımızı və xüsusən də heç bir əsassız əsgərlərimizi qurban verməklə nail ola bilmərik. Özünüzdən muğayat olun və ya özünüzü qoruyun...

NURAN MİKAYILOĞLU

«Dəyərlər»

Dəvət olunmuş qonaqlar qovuldu

Bir neçə ildir ki, "İntizar" teatr truppası fəaliyyət göstərir. Bu illər ərzində əxlaqi və ibrətamiz tamaşalar hazırlanmış, xüsusən də dini mövzulara daha geniş yer verilmişdir. Komediya janrında teatrlar, həmçinin körpə balalar üçün də kukla teatrı, tamaşalar ərsəyə gətirilmişdir. Bakının bir çox qəsəbə və kəndlərində, o cümlədən ali məktəblərdə mövlud, şəhadətlərdə öz kiçik və böyük səhnələri ilə çıxış etmişlər. Tamaşalardan sonra teatrsevərlər aktyorlara öz müsbət fikirlərini söyləmiş və razılıqlarını bildirmişlər. Amma gələcəkdə qəribə bir hadisə ilə qarşılaşacaqlarını ağıllarına belə gətirmirdilər.

Günlərin bir günü "İntizar" teatr truppası hazırladığı tamaşa ilə çıxış etmək üçün dəvət alır. Bir neçə gün qabaq xəbər olunur ki, mütləq orada olsunlar. Bəs yaxşı necə olur ki, özləri dəvət etdikləri qonağı elə özləri də qovurlar? Bu hadisə kənardan kiməsə gülməli və yaxud başqa birisinə ağlamalı görünə bilər. Görəsən bu hadisə ilə siz qarşılaşsaydınız, hansı hissləri keçirərdiniz?

Hadisə belə baş verib. Əhmədlidə yerləşən böyük kitabxanaların birində televiziya çəkilişləri aparılırdı. Və "İntizar" teatr qrupunda fəaliyyət göstərən aktyorlardan biri həmin kitabxanada üzv imiş. Dəvət onun vasitəçiliyi ilə baş verib. Bu dəvəti səmimi qəbul edən qrup həmin ünvana təşrif buyurub. Məhz həmin gün əziz imamlarımızdan olan İmam Zaman ağanın (ə.f.) mövlud günü ilə üst-üstə düşdüyündən, hazırladıqları kiçik sujetli səhnəcik, məsum İmama həsr olunmuşdur. Mənzil başına çatar-çatmaz kitabxananın direktoru salamsız-kəlamsız «gedə bilərsiniz və biz istəmirik ki, bu qrup burada tamaşa göstərsin» - deyə bildirib. Bu kəlmələri eşidən qrup üzvləri bir-birinin üzünə baxa-baxa oranı tərk etmək məcburiyyətində olublar. Sonradan bir- birlərini danlayaraq «axı, biz niyə ona bir söz demədik?!» - deyə pərtliklərini izhar ediblər. Hərçənd ki, bu hadisədən sonra kitabxanaya getmək və orada direktorun etdiyi hərəkətin Azərbaycan milli ənənələrindən hansına uyğun olduğunu soruşmaq istəyəndə bunun mənasız olduğu anlaşılıb.

Lakin baş verən bu xoşagəlməz hadisənin səbəbi qrup üzvlərinə aydın olmuşdur. Dəvət etdiyi qonaqların, teatr qrupunun mədrəsədə fəaliyyət göstərməsi ona əvvəlcədən məlum idi. Sonradan həmin direktor bu barədə ona sual verildikdə belə cavablandırmışdır: «Məgər biz hansı zəmanədə yaşıyırıq? Mən sizi bu qiyafədə gözləmirdim».

Amma, axı qiyafələrin heç bir nöqsanı yoxdur. Sadəcə baş örtüyü imiş ki, direktoru narahat edirmiş. Biz uşaqlıqdan böyüklərimizdən, nənə və babalarımızdan eşitmişik ki, qonaq Allah qonağıdır. Gərək onun yanında üzüqara olmayasan. Nəinki bizim millət, hətta başqa ölkələrdə də qonağa hörmət, izzət var.

Bu gün cəmiyyətdə artmaqda olan belə düşüncəli insanlara Allah Özü hidayət qismət etsin.

Zeynəb Aslanova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

четверг, ноября 06, 2008

Müsəlman olmaq çətindir

(və yaxud kinolar gerçək olur)

“Əvvəlcə kasıb olan oğlan öz ata-anasını itirir. Sonra ona baxan əmisi də dünyadan köçür. Beləliklə oğlan düşür küçələrə. İndi onun heç kimi yoxdu. Bir müddət küçədə qalır. Bir çox adamlar ona pislik edir...

Bir gün bir adam avtomobil qəzasına düşür. Həmin oğlan da bu səhnənin şahidi olur. Qəzaya düşmüş adamı xəstəxanaya aparır. Kişi yolda keçinir. Ölməmişdən əvvəl isə bütün var-dövlətini oğlana miras qoyur. Və beləliklə kasıb və yetim oğlan varlı olur. Ona edilən pisliklərin əvəzini çıxır...”

Yəqin ki bu cür standart ssenari sizə kinolardan məlumdur. Ancaq bu absurd ssenarilərin həyata keçməsini görməmişəm. Açığı o cür kinolara baxanda nə qədər dramatik olursa-olsun mənə gülməli gəlirdı.

Ancaq o gün adətən kinolarda gördüyümüz bir hadisənin canlı şahidi oldum. Bu mənim həyatımda ilk dəfə idi.

Deməli, bir cavan amerikanlı qız mənim gözlərimin qabağında islamı qəbul elədi. Düzdü, indi siz deyəcəksiniz ki, “nə olsun bu qəbildən olan hadisələri hər gün qəzetlərdən oxuyuruq daa”. Elə ilk dəfə mən də bu hadisəni eşidəndə belə fikirləşmişdim. Ancaq həmin proses vaxtı orda olmaqla başa düşdüm ki, əslində məsələyə çox sadə baxırmışam.

İnsanın öz əqidəsini dəyişməsi asan olmayan işdir. Uzun illər inandığın bir şeyın əslində səhv olduğunu alayıb, başqa əqidənın düzgünlüyünün yəqinliyinə çatmaq hər adamın əlindən gələ bilməz. Bəziləri də özlərinin səhv olduğunun yəqininə çatsa da, heç vaxt onu dəyişmir. Dedim axı, əqidənin dəyişilməsi hər adamın işi deyil.

İndi bizim bu amerikalı qız bəlkə də özü üçün ən çətin olanını etdi. Çünki onsuz da onun məmləkətində və dünyada islamafobiya baş alıb gedir. Bu bir axındı. Bəzi müsəlmanların özləri belə hətta bu axına düşür zaman-zaman. Ancaq axınla gedən bir adamın birdən-birə axının əksinə tərəf irəliləməsi çox təəccüblüdü. Buna səbəb ancaq və ancaq müqabilində də mənəvi mənfəət güdməsindən başqa heç nə ola bilməz. Mənəvi rahatlıq. Dünya və axirət səadəti və s.

İndi gəlsin maddəçilikdən yekə-yekə danışanlar bunun səbəbini mənə izah etsinlər. Bəs nə oldu hər şey maddə idi və ondan kənar heç nə yox idi?

Çox təəssüflər olsun ki, onun necə bu qənaətə gəldiyini öyrənə bilmədim. Təxminimə görə özü oxuyub, araşdırıb belə nəticəyə gəlib. Heç əksi ola da bilməz zatən...

Mənim fikrimcə, hələ İslamın heç 1 faizi dünyaya çatdirilmayıb. Dünya qoynunda yatan cəvahirdən xəbərsizdi. Bu cəvahiri açıb dünyaya göstərmək onu tanıyanların öhdəsindədı. Yəni sənin, mənim öhdəmdədir. Bu işi heç kim bizim yerimizə edən deyil. Hətta biz eləməsək, bu cəvahiri yox eləmək üçün əllərindən gələni edəcəklər.

Nə isə. Allah kərimdi. Öz dinini qoruyacağına söz verib. Ancaq bu o demək deyil ki, müsəlmanlar əllərini əllərinin üstünə qoyub oturmalıdılar. Əllbəttə ki, bu hərəkət, bərəkət məsələsidi. Hərəkət etməsək, Allah da bərəkət verməz. Bu ədalətin özüdür.

Bu zamanədə müsəlman olmaq heç də asan deyil. Belə ki, dövrün məhrəm-naməhrəm anlamayan metrosu, avtobusunun olması. Bundan başqa televizorlarda, radiolarda və internetdə kimi hər an müsəlmançılığına xələl gətirəcək proqramların, saytların olması, sənin də heç bir maneə olmadan hər an onlardan rahat istifadə edə bilmə imkanının olması, indiki dövrdə müsəlman olmağın çətin olduğuna sübutdu. (Allah axırımızı xeyr eləsin)

İndi qalmışam belə. Bilmirəm nə edim. Əgər kinolarınız gercək olmağa başlasa ... evimiz yıxıldı. Belə ki, o qədər əcaib kinolara baxmışam ki. Deyirəm birdən onlar da gerçək olar eee ...

Xəqani Səfərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

İnsan özünü unutsa əgər...

“O kəslərdən olmayın ki, Allahı unutdular və Allah da onlara özlərini unutdurdu” («Həşr» surəsi, ayə 19). Qurani-Kərim özünü unutmağı Allahı unutmağın məntiqi davamı olduğunu bildirir. Quran bəyan edir ki, insan bəzən özünü unudur. Bu İlahi kitabın buyurduğu mətləblərə əsasən ən böyük məğlubiyyət və uduzmaq pullarını, var-dövlətini itirmək deyildir, ən böyük uduzan özünü uduzmuş şəxsdir. İnsan özünü uduzanda hər şeyini uduzmuş olur. Bəzən insan bir ömrü boyu qəflətdə olur, özünü tanımır və tanımağa cəhd etmir. Zamanın axarına düşərək “ömür sürür”. Kimdir? Niyə gəlib bu dünyaya? Məqsəd nədir? sualları ətrafında düşünmür. Çünki özünü tanımır, unudub.

Unutmaq zamanın bəlasına, mənəvi xəstəliyə çevrilib. Bütün müstəvilərdə unutmaq mümkündür, ancaq ən dəhşətlisi özünü unutmaqdır. Özünü unutmaq, yəni kimliyini unutmaq, Allah bəndəsi olduğunu unutmaqdır. Həzrət Əli (ə) buyurub: ”Təəccüb edirəm o şəxsə ki, bir şey itirəndə həmişə onu axtarır, amma özünü itirməsinə baxmayaraq onu axtarmır”.

Sağlam insanın özü barədə düşünməsi, öz kamilliyi və bu kamilliyə çatma yollarını araşdırması tam təbiidir. Lakin ətrafını fəsad bürümüş mühitdə yaşayan, əsas dəyər ğina, eyş-işrət, «yemək-içmək» olan,”üç günlük dünya” psixologiyası ilə yaşayan insanlara bu düşüncə tərzi yaddır. ”Nəfsini özünə tanrı edən insanı Allah necə doğru yoldan çıxarıb qulağını və qəlbini möhürlədiyini, gözünə də pərdə çəkdiyini gördünmü? Allahdan başqa kim onu doğru yola qaytara bilər?”(«Casiyə» surəsi, ayə 23).

İnsanın nəfsə bu sayaq kor-koranə itaəti Quranda “qəflət” adlandırılmışdır və qəflətdə olanlar məzəmmət olunur.

Qafil olmamaq üçün özünü tanımaq və özünü tərbiyə etmək lazımdır. Səmavi dinlərin, dini rəhbərlərin və əxlaq alimlərinin bu məsələdə israrı, bu işin mahiyyətini bir daha təsdiq edir. Qəflət səbəbindən insan özünü unudur, diqqət əsl məsələdən yayınır, insan olmaq şərəfini dərk etməkdə aciz qalır. Allahın ona əta etdiyi istedadları, daxili qüvvələrin fərqinə varıb onları realizə edirmi, potensialını üzə çıxarırmı? Axı bunlar ona boşuna verilməyib? İnsanda olan qüdrət ,eşq və pərəstiş, kamilliyə canatma, iradə, agahlıq, əql və s. kimi fitri meyllər var və bu meyllərdən düzgün istiqamətdə istifadə edilməməsi acı nəticələrə gətirib çıxarır. Bu meyllər özü də iki cür əsasa malikdir: insanın varlığının təmininə yönəlmiş meyllər və kamillik meylləri. Məsələn, insan öz varlığını qorumaq üçün qidalanır və ya özünü kamilləşdirmək üçün Quran oxuyur. İnsanın özünü təmininə yönəlmiş meyllər onun iradəsindən asılı olsaydı, qəflət və unutqanlıq səbəbindən bir çox çətinliklər yarana bilərdi. Ancaq kamillik meylləri iradidir, nəzarət etməsən qəflətə düşərsən.

Elm kəsb etmək insanın özünü tanımasına yardımcı olur, ancaq həqiqətdə insanlığa dəlalət etmir. Əslində bəzi filosoflar belə güman edirlər ki, elm bütün kamilliklərin əsasıdır. Digər bir qrup filosoflar isə belə qənaətdədirlər ki, insanın təhsil yolu ilə öyrəndiyi elmin onun kamilliyinə heç bir dəxli yoxdur. Elm və sənət, hətta dünya həyatının özü insan üçün əsl dəyər hesab oluna bilməz.

Elm öyrənməkdə kiminin məqsədi ad-san, var-dövlət və s.ola bilər. Demək nə elmi təhsil, nə sənət, nə fərdi və ictimai işlər mütləq dəyər deyil. Bütün bunlar Allaha yaxınlığa, insanı tanımağa xidmət etdikdə dəyərli ola bilər.

Sokrat əql, elm və hikməti “əsl fəzilət” hesab etmişdir. Ərəstun isə belə qeyd edir ki, elm və hikmətə malik olub, onu işlətməmək səbəbindən əxlaqi fəzilətlərdən məhrum olanlar çoxdur.

İnsanın düz yolda olub insan kimi yaşaması üçün fitri paklığı, seçdiyi dostu əhəmiyyətlidir. ”Vay halıma! Kaş filankəsi özümə dost etməyəydim. And olsun ki, Quran mənə çatdıqdan sonra məni doğru yoldan o sapdırdı” («Furqan» surəsi, ayə 28-29).

Həvarilər İsa peyğəmbərdən soruşdular: ”Kiminlə yoldaşlıq edək?” İsa (ə) buyurdu: ”Görüşü Allahı xatırladan, danışığı elminizi artıran, rəftarı axirəti sevdirən insanları dost seçin”.

Hər addımda diqqətli olmaq lazımdır, xüsusilə də insan özünə qarşı diqqətli olmalıdır. Axı o, əmanətdir. Özümüzü unutsaq bu əmanətin cavabını necə verəcəyik?!

İnsan özünü unutsa əgər, nələr olar, nələr! İnsan özünü unutsa, insanlıq unudular. İnsanlıq unudulsa azadlıqlar tapdanar, qanunlar dəyərsizləşər, bir sözlə hər şey baş -ayaq olar.

Ey insan! Özünü unutma! Unutma ki unudulmayasan…

Aynur Məmmədova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

İnsanin dəyəri onun iradəvi seçiminə görədir

Uşaqlıqda gördüyüm bir tablonu sizinlə bölüşmək istəyirəm. Tabloda 3 uşaq meşənin dərinliklərində üzü güclü küləyə hərəkət edirlər. Uşaqlardan ikisi küləyin sovurduğu tozdan, yarpaq və qurumuş ağac budaqlarından qorunmaq üçün üzlərini öndə gedənin arxasında gizlədib, azmasınlar deyə ətəyindən tutmuşdular. Öndə gedən isə hər iki əlini irəliyə uzadaraq istiqamətini təyin edirdi. Onun kor olduğu başa düşülürdü. Uşaqların bir neçə addimlığında isə sonu görünməyən sıldırım təsfir olunurdu.

Bəli bir az düşünək. Kiminlə və haraya gedirik? Etdiyimiz seçimin nəticələri bizi maraqlandırırmı? Verdiyimiz qərarlara nə qədər diqqətliyik? Çox vaxt verilən ani qərarlar bizim həyatımızın axarını, istiqamətini dəyişəcək səviyyədə önəmli olur.

İnsana təkvini (qeyri-iradəvi) olaraq verilən nemətlər var. Məsələn ata, ana, baci, qardaş və s. Sizcə insan iradəvi olaraq bunları seçsəydi, hansı meyarı əsas tutardı? Məsələn, ata və ananı insan hansı meyarla seçərdi? Maraqlıdir. Amma çox şükür ki, bu bizim öhdəmizdə deyil, çünki nəticəsi bizim digər seçimlərimizin nəticələrindən fərqli olmazdı.

İnsanin dəyəri onun iradəvi seçiminə görədir. Bu seçim bəzən insana ömür boyu səadət və ya zillət paltarı geyindirə bilər. Ən əsası odur ki. insan hər bir seçimini bir meyar əsasında edir. Onun seçimi dünyagörüşündən, əqidəsindən aslıdır. İnsanın məsuliyyəti artdıqca verdiyi qərarlar, etdiyi seçimlər də o qədər əhəmiyyətli olur. Məsələn, bir insanın verdiyi qərar böyük-böyük şəhərləri viran qoya bilər. Xirosima, Naqasaki kimi nəticələrə gətirə bilər. İraq, Əfqənıstan, Fələstin kimi ölkələri xaraba qoya bilər. Ən önəmlisi isə o şəxslərin verdiyi qərarda onu o vəzifədə hələ də görmək istəyənlənin payı da əhəmiyyətli qədərdir. Qurani-Kərim Həzrət Muhəmmədin (s) zəmanəsində yaşayan yəhudiləri onlardan bir neçə əsr öncə yaşayan yəhudilərin cinayətlərinə razı olduqları üçün onlari həmin cinayətləri işləmişlər kimi məzəmmət edir.

İnsan öz məhəbbətinə və nifrətinə məsuldur. Məsumlardan (ə) gələn hədislərdə "İnsan əgər məhəbbətini daşa da salsa, Allah onu o daşla məhşur edər" deyə qeyd olunur. Rəsuli-Əkrəm (ə) buyurub: "İnsan sevdiyi ilə birgə olar". Diqqətli olaq! Əgər kiminsə cinayətlərinə, fasid qərarlarına şərik olmaq istəmiriksə seçimimizdə yanilmayaq! Məhəbbətimizə və nifrətimizə sahib olaq! O böyük gündə İmam Hüseynin (ə) qanlı köynəyini görəndə peşiman olmayaq. Yaddan çixartmayaq ki, İmam Hüseyn (ə)buyurub: "Hüseyn kimilər yezid kimilərə heç vaxt beyət etməzlər".

İlahi, bizi hər an seçimlərimizə diqqət edənlərdən qərar ver! İlahi bizi ziyanimiza olsa belə ədalətli seçim edənlərdən et! İlahi ölənə qədər qəlbimizdən Əhli-beytə məhəbbəti, zalımlara nifrəti əksik etmə!

İlahi MÖVLANIN zühurunu təcili et! Amin!

Mətləb Həmzəli
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

PİTERİN İRADI

Ölkədə prezident seçkisi prosesi gedir. Əvvəlki seçkilərdən fərqli olaraq bu il keçirirələcək prezident seçkisi ərəfəsində heç bir canlanma hiss olunmur. Bu süstlük və məyusluq təkcə toplum arasında deyil, gündəlik mətbuatda da hiss olunmaqdadır. Əvvəlki seçki ərəfəsində qəzetlərdə yeni manşetlər, liderlərin yeni təklifi, xalqa müraciəti, mitinq çağırışları və. s. kimi müəyyən canlanma müşahidə olunurdu. İndi isə o fəallar boykotdadırlar. Təzə müxalif obrazını yaradan dırnaqarası liderlər nəinki xalqın, hətta Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebinin də gözünə yaxşı dəyməyib, və xarici qonağımız bu giley-güzarını axır ki, dilinə gətirib: "Azərbaycanda seçkiqabağı atmosfer hiss olunmur"

Hörmətli Piter bəyi qınamıram. Axı prezidentliyə namizədin vəkili alma satmaqla hansı atmosferi yarada bilərdi. Seçkinin bu il belə sönük keçməsinə camaatımızın müxtəlif cür yanaşması var. Mənim yanaşmam isə belədir ki, ənənəvi müxalifət bu il "normal Buş" tapa bilmədi. 2003-cü ildə isə belə bir Buş var idi. O zaman Buşa müraciətlə "We want freedom" – «Biz azadlıq istəyirik» deyənlər var idi.

Guya ki, Buş azadlıq bəxş edəndir. Bu azadlıq istəyilə bağlı Buşa çağırışı qəzet səhifələrində görəndə o zaman çox təəssüflənmişdim. Bilirdim ki, Buşun adını şüar etmək heş bir millətə baş ucalıq gətirməyib. Siz də şahidisiniz ki, Buşun səpdiyi "azadlıq toxumundan" bu gün Əfqanıstan və İraqda "qan qönçələrindən" "qan çiçəkləri" açılır. Əlbətdə ki, belə bir «azadlıq bəxş edən»dən "freedom" istəmək çox eyib olar. Bu səbəbdən o vaxtkı fəallar indi boykotdadırlar.

Bu məsələyə toxunmaqla hörmətli Piter bəyin sözünü cavablandırmaq istədim ki, sizdə "normal Buş" olsaydı bizim seçkidə də siz istəyən atmosfer olardı. Məsələ getdikcə siyasiləşir, odur ki, keçirəm günün digər mövzusuna. Bu yaxınlarda qüdrətli ordumuzun döyən və döyülən əsgərlərimizin videoçarxı internet səhifələrində yayımlanıb. Əlbətdə belə də olmalı idi. Bir şeydən ki, çox danışanda nənələr, babalar onun ətrafında üzərlik ya da pişik tükü yandırardı. Bunlar da tapılmasaydı dağdağan çubuğunun ortasından bir deşik açıb muncuq kimi asardılar o əşyayi-dəlilin boynuna. Bizdə isə bunu etmədilər. Heç olmazsa Əfqanıstandakı tağımımızın sayını ikiqat artıranda bu dədə-baba tövsiyəsini unutmamalı idilər. Hərbi hissələrimizin ətrafında pişik tükü yandırıb vətənə bu kimi xidmət edən zabit və çavuşlarımızın döşündən dağdağan asılmalı deyildimi ki, nəzər olmasın?! Bu video görüntü nə idi? Ordumuza qarşı yeni təxribatmı? Bu barədə yəqin ki, rəhbərlik özü düşünür.

Mən özüm ordu sıralarına daxil olarkən vətənə sadiq olacağıma hərbi sirr açmayacağıma söz vermişəm. Odur ki, sizə heç bir "dedovşina sirri" aça bilməyəcəm. Ancaq onu əlavə edəcəyəm ki, bizim zabit və çavuçlar çox "ürəyi yumşaqdır". İnanmıram belə qəddar hərəkət etsinlər. Günahsız gənc əsgələri döyüb incitsinlər, "molodoyluğunu" onlara sübut etsinlər. Düzdür olur ki, bəzən gənc əsgər düzlən-farağatını bilmir. Bu zaman bizim zabit və çavuş heyəti yaxınlaşıb çox mülayimcə deyir: "əsgər farağat komandası odur ki, elə bil lom udmusan".

Bundan sonra isə . . . . . . . . . . . təntənəli surətdə and içirəm. . . . . . . . . . . and içirəm.


Təbiət Hüseyn

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Xəbərlər

BUZLU MATERIKDƏ YANĞIN BAŞ VERIB

Rusiyanın Antarktidadakı “Proqress” stansiyasında şiddətli yanğın baş verib (RİA “Novosti” ).

“Radioavadanlıq tamamilə məhv edilib. Stansiyanın şəxsi tərkibinə ezam edilmiş tikinti dəstəsinin əməkdaşlarından biri həlak olub, daha iki nəfər ağır sınıq və zədələr alıb”, - bunu telefon rabitəsilə Rusiyanın Antarktik ekspedisiyasının rəhbəri Valeri Lukin xəbər vermişdir.

Stansiyanın əməkdaşları ilə rabitə imkanları məhdud olduğundan məlumat şimal kontinentinə gec gəlib çatmışdır.

Lukin bildirib ki, “Hal-hazırda zərər çəkən inşaatçılar stansiyanın xəstəxanasına yerləşdirilib. Onlara lazımi yardım göstərilib və müalicə işləri davam etdirilir. Zərər çəkmişlərin səhhətinin vəziyyəti orta ağır olaraq qiymətləndirilir”. RusHidroMet-in Arktika və Antarktika ETİ-nin direktor müavini qeyd edib ki, “yanğını heyətin şəxsi qüvvələri hesabına söndürmək mümkün olmadığından stansiyanın (yaşayış-qışlama) binası tamamilə məhv olub”.

Qeyd edək ki, “Proqress” vaxtıkən SSRİ-nin buzlu materikdə quraşdırdığı 8 stansiyadan biri və ən cavanıdır. O, 1988-ci ildə 33-cü Sovet Antarktik ekspedisiyası vaxtı təsis edilib. Sonradan bu ETS Rusiya Federasiyasının nəzdinə keçib. Hal-hazırda stansiya Antarktidanın Şərq hissəsində elmi-təqdiqat işləri ilə məşğul olur.

Leyla Abbasova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi


HINDISTANDAN FƏLƏSTINƏ DƏSTƏK: BURADA FƏLƏSTİN SƏFIRLIYI AÇILIB

Fələstin muxtariyyətinin rəsmi heyəti və Hindistanın baş naziri Manmoxan Sinqxin birgə iştirakı ilə Hindistanda Fələstin səfirliyinin rəsmi açılışı baş verdi (Arab News).

Səfirliyin təməl daşını qoyma mərasimində Mahmud Abbas aşağıdakıları söyləmişdir:

“Münasibətlərimizin necə yaxşı olduğu sizlərə məlumdur. Bu dahi İndira Qandi və Yasir Ərəfatın dönəmindən bəri davam edir”.

Səfirliyin binası Dehlinin diplomatik anklavı sayılan Çanakyapuridə fəaliyyət göstərəcək. “Münasibətlərimiz günbəgün inkişaf etməkdədir. Və biz hind xalqının Fələstinə dəstək və yardım göstərməsinə çox şadıq”, - deyə Fələstin rəsmisi nitqinə əlavə etmişdir.

Mərasimdə nitq söyləyən Hindistanın baş naziri Sinqx: “Biz Fələstinə bütün cəhdlərində, o cümlədən öz gücünü artırmasında köməklik göstərməyə davam edəcəyık”, - deyə bəyan etmiş və gerisində “Fələstin səfirliyi bizim dostluq və həmrəyliyimizin rəmzi olacağ”ını söyləmişdir

Baş nazir həmçinin BMT-nin Fələstinin dövlət quruluşuna dair nizamnamələrini, İsrailin qəsb olunmuş torpaqlardan, o cümlədən Şərqi Qüdsdən öz iddialarını tamamilə geri çəkməsinə dair Ərəb sülh planını və “suveren, müstəqil, həyat qabiliyyətli və vahid Fələstin dövlətinin mövcudluğunu” dəstəklədiyini bildirmişdir.

Nitqinin davamında M. Sinqx Hindistan dövlətinin Fələstinə 20 milyon $ maliyyə yardımı ayırdığını bildirmişdir: “Böyük məmnunluqla bəyan etmək istəyirəm ki, biz özünün təxirəsalınmaz ehtiyaclarını təmin etməsi üçün Fələstin Xalq Muxtariyyətinin büdcəsinə 10 milyon $ məbləğində qrant və inkişaf layihələrini reallaşdırılması üçün əlavə daha 10 milyon $ maliyyə yardımı ayırmışıq”.

Görüş müddətində iki tərəf arasında razılaşma imzalanmışdır. Razılaşmanın şərtlərinə görə Hindistan öz üzərinə Şərqi Qüdsün Əbu Dis adlı hissəsində Hindistanın dövlətinin ilk Baş Naziri Cəvahirləl Nehrunun adını daşıyacaq məktəb tikintisinə dair öhdəlik götürmüşdür.

Bir qədər öncə qəsb olunmuş torpaqlarda, o cümlədən Qəzzada yaşanmış müdhiş olaylardan məyusluq duyduğunu bildirən Sinqx söyləmişdir: “Biz şok və həyəcan yaşamalı olduq. Ümid edirik ki, daha müdrik qərarlar qalib gələcək və bölgədə sülhün bərqərar olması naminə danışıq yoluna üstünlük veriləcəkdir”.

Öz növbəsində Fələstin təmsilçisi də müstəqilliyə nail olacaqlarına ümidvar olduğunu, həmçinin gələcəkdə, Fələstin dövləti bərqərar olunacağı təqdirdə onun paytaxtı olacaq Şərqi Qüdsdə Hindistan səfirliyinin tikiləcəyinə ümid bəslədiyini bildirmişdir.

“Biz sizi (Cənab Sinqx) mümkün olacaq ən tez bir zamanda Fələstində görmək istəyirik”, - deyə Fələstin rəsmisi söyləmişdir.
Leyla Abbasova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

суббота, ноября 01, 2008

NƏLƏR BAŞ VERİR

Bismılləhir-Rahmənir-Rahim
və ya haqqın möcüzəli hidayəti

Bu günlərdə dostlarla məscidə namaza gedirdik. Yolumuz digər bir məscidin yanından keçirdi. Məscid İslam dininin atributlarından biri olsa da, bu məscidin adı heç də islam məntiqi ilə uyuşmurdu. Belə ki islamda (o cümlədən onun atributlarında) milli mənsubiyyətə görə ayrı-seçkilik yüngül desək, bəyənilmir. Amma digətimizi cəlb edən məqam başqa idi - bu məscidin ətrafına yığışanlar. Söhbətimizin aktual problemlərimizin müzakirəsindən bu insanların üzərinə necə keçdiyindən heç özümüzündə xəbərimiz olmadı. Nə idi burada qeyri- adi?

1) Bu insanların xarici görkəmləri. Onların zahiri yadıma Qans Xristian Andersonun “Kralın yeni libası” nağılı düşdü.

2) Rus dilində danışmaları, yəni rusdilli olmaları, yəni müəyyən dünyagörüşünə, savada malik olmaları. Bəlkə də çoxlarınız bunun belə olmadığını, rusdilli olmağın savada və dünyagörüşünə dəxli olmadığını və bunun ancaq bizim xəstə cəmiyyətin təxəyyülü olduğunu iddia edəcəksiniz. Yenə də hamı razı olar ki, dil bilmək yaxşı şeydir və ən azı dünyagörüşünə təsiri var.

Bu iki amil, yəni ağlı başında olan insanın bu vəziyyətə özünü salması bizi düşündürdü və müzakirə predmetinə çevrildi. Nələr baş verir cəmiyyətimizdə, dünyada? Hansı proseslər gedir? kimi sualların cavablarını aramağa çalışdıq. Gənclərin, özü də əksərən savad baxımından ciddi problemləri olmayan (ən azı bizimki kimi xəstə cəmiyyətlər üçün) gənclərin bu durumlarının səbəbləri düşündürdü bizi. Təbii ki, hər insanın daxilindən gələn pərəstiş hissi hərəkətə gətirmişdi onları. Bəs nə səbəbdən pərəstişin ünvanını səhv salmış, yollarını azmışlar? Yenə də təbii ki əsas səbəb - İslam düşmənlərinin illər, əsrlər boyu gördükləri işlər, apardıqları əks təbliğat, müasir dillə desək, qara PR. Bu vəziyyət səbəb-nəticə faktorunun gerçək təzahürüdür. Hər iki tərəfdən iş aparan düşmənlər, bir tərəfdən haqqı maskalamaq üşün, yüngül desək ikrah doğuran, insanları özündən qaçıran, həqiqətdə İslamda olmayan ruhani təbəqəsi yaradır, digər tərəfdən insanları haqdan 180° döndərmək üçün, zahiri bəzəklər vurub, haqq kimi təqdim etdiyi, əslində isə öz əlaltısı olan vəhşi bir təlim qoyur ortaya. Demək bu gənclər ikrah doğuran “İslamdan” bəzək vurulmuş “İslama” yönəliblər. Indi mənzərə aydınlanmağa başlayır. Bəs bu gənclərin fərdi obyektiv araşdırma aparmamalarının səbəbi nədədir? Bu sualın cavabı isə bizim üçün tam açılmamış qalır. Bəlkə də bu sualın cavabı daha çox mənəvi məqamlarla bağlı olub, etdikləri əməllərdən dolayı haqq yoldan uzaq düşüb, onunla düşmənçilik yolunun bu gənclərə nəsib olmasıdır. Təbii ki, haqq düşmənlərinin dalınca düşüb gedənlərin manqurdlaşması və haqqı qəbul edəməz hala gəlməsi labüddür.

Zalım İslam düşmənləri bunlarla kifayətlənməyib bu torpaqlarda toxum salmış həqiqi İslamın cücərtilərini də məhv etmək üçün əllərindən gələni edirlər. Yenə də bunların hamısına baxmayaraq, həqiqi İslamın yaşaması və nəinki yaşaması, hətta inkişaf etməsi möcüzə deyilmi? Bəli, bu, gündəlik həyatımızda rastlaşdığımız və bu səbəbdən öyrəşdiyimiz “adi möcüzələrdəndir”. Bəlkə də Həzrət Əli (əleyhissalam) “nə qədər çoxdur ibrət götürüləsilər, nə qədər azdır ibrət götürənlər” deyə həmçinin elə bunları nəzərdə tutmuşdu?! Zalımların bütün çalışmalarına baxmayaraq, onlar istəsələr də, istəməsələr də, xoşlarına gəlsə də, gəlməsə də Allah öz vədinə sadiq qalaraq nurunu yayır və ən ucqar kənddə də eşidilir haqqın sədaları. Doğurdan da, Allah nurunu ufürməklə söndürmək istəyən düşmənlərini Rəbbil-Aləmin ağılsızlardan yaradıb. Bəlkə də Allah Təalanın üzərində düşünməyə və düzgün seçim etməyə dəvət etdiyi ayələri həmçinin elə bunlardır?

Hər zaman seçimimizi düzgün etmək ümidi ilə Allah amanında!

Muhəmməd Əmircanov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Bakının ağacları Qırmızı kitaba düşəcək

Köhnə «Bakı Soveti», indiki «İçərişəhər» metro stansiyasının yanında gözəl bir bağ var idi. İndi də var. Lakin hasarlanmış şəkildə. Dövrəyə alınmış bu bağa baxan hər bir kəs orada bağdan əsər-əlamət görməyəcək.

Həmişə camaatın gedib-gəldiyi, istirahət etdiyi bu bağın taleyi hələ məlum deyil. Kim bilir, bəlkə yerində «elitar», hündür bina tikəcəklər. Hər halda bağın təmir olunması ehtiyacsızdır. Çünki o bağda olan ağaclar, iri fəvvarə, qədim divarlardan ibarət bir hissəli daş hasar xüsusi gözəllik, yaraşıq verirdi. Artıq bir tərəfini qazdıqları bu bağ demək olar ki, çox yararsız vəziyyətdədir. Əgər fikirləşsək ki, yenidən təmir işləri gedir bu inandırıcı olmaz. Axı niyə, nə üçün təmir işləri aparılır? Məgər kəsdikləri ağacların yerində yenidənmi ağac əkəcəklər?!

İri, qocaman, qollu-budaqlı ağacları kökündən kəsmək qətiyyən məqbul olmayan bir işdir. Bitkilərin havaya təsirindən hər birimizin anlayışı var. Onlar karbon qazını udub, oksigeni xaric edirlər. Bəs yaxşı, bu qədər ağaca ziyan vurduqdan sonra o ağacların yerində «bitən», belə desək tikilən daş binalar bu qanunu yerinə yetirməyə qadir ola biləcəkmi?

Ümumiyyətlə, belə getsə Bakıdakı ağaclar Qırmızı kitabda oz yerini alacaq. Bu dəhşətdir. Hər birimiz bu cəmiyyətin üzvüyük. Təbiəti qorumaq hər bir cəmiyyətdə yetişən şəxsiyyətli və ləyaqətli fərdin borcudur.

Zeynəb Aslanova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

ƏLİDİR


Yanırıq eşq oduna qəlbdə sevda Əlidir,

Nə gərək başqa gözəl çün bizə ziba Əlidir.

Eləməz püç bir əməl hər işinin hikməti var,

Yaradandan verilən “İnsana” məna Əlidir.

Nə zaman hökmü – Xuda ümmətə ağır görünər,

O zaman hökmü edən şövq ilə icra Əlidir.

Qalalar fəth eləyib dildə Xuda zikri ilə

Həmişə dini tutan dəhrdə əhya Əlidir.

Bir olan nuru iki cismdə hökm etdi Xuda,

Buna vaqif olana eynidi Taha Əlidir.

Necə dərk eyləsin acizlər Əlinin kərəmin

O qiyamət günü qismət bölən hətta Əlidir.

Nə olubdursa Qədir – Xumda bilir əhli – vəfa,

Sübutu ayə, hədis: - Höccəti – Yekta Əlidir.

Pak olan abi – həyat çeşməsinə teşnələrə

Həm mənbə, həm mənsəb, həm məcra Əlidir.

Ey Əli aşiqi, düşmənlərə meydan oxu sən,

Bu kifayət eləyər ki, sənə mövla Əlidir.

Bizə düşmən nə edə zərrə tükənməz gücümüz,

Bu tükənməz gücümüz bircə kərə “Ya Əlidir.”

Mən Əli zakiriyəm şamu – səhər dildə budur,

Bəşərə rahi – hüda, elmdə dərya Əlidir.

Bir ömür “Ya Əli mövla” demişəm, səsləmişəm,

Sağ olam ya öləm, hər yerdə təmənna Əlidir.

Hələ gizlində qalan “ Höccət”isə, rəbbimizin

Yer üzündə eləyən düzlüyü bərpa – Əlidir (ə.f).
Şahin Qurbanov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Uşaqlar və gələcəyimiz

Çox qəribə səslənir bu söz. Sizcə uşaqlar həqiqətən də bizim gələcəyimizdir? Mənim fikrimcə xeyr! Soruşa bilərsiniz, niyə? Düzdür, verilən cavabı hər kəsə aid etmək olmaz. Əgər biz uşaqlara gələcəyimizin, sabahlarımızın ümidi kimi baxırıqsa, bunu onlara göstərdiyimiz düzgün qayğıda biruzə etməliyik. Qayğı nədən başlanır? Qayğı o demək deyil ki, sən uşağı əzizləyib, yedizdirib, geyindirəsən.

Gələcəyimizin uğurlu olması üçün uşaqlarımızın ən azından dəvət olunan yerlərə getməsi bəlkə də valideynin öz balasına ən gözəl qayğısıdır. "Tək əldən səs çıxmaz" həqiqətən bu cümlə özündə birliyi əks etdirir. Bu gün övladlarımızı dinin ucalması üçün təşkil olunmuş tədbir və dəvətlərdən kənarlaşdırıb, evin küncündə və yaxud bir guşəsində başlarını qatmaqla əvəz etmək istəyiriksə, gələcək və sabahlarımızı parlaq görmək olarmı? Bu sualı hamımıza verirəm. Bu sualı özünü Allah yolunda sayan və o Uca Varlığın qarşısında zəlil, xar olmuş halda görən biz bəndələrə.

... Axı niyə tənbəllik bizləri əzir? Məgər Həzrət Muhəmməd (s) buyruğunu unutduqmu? Əziz Peyğənbərimiz (s) buyurur:" Mənim xoşlamadığım kəslər o kəslərdir ki, tənbəllik edirlər".

Gəlin bu süstlüyü, tənbəlliyi bir sözlə, daşı ətəyimizdən tökək. Özümüzə və uşaqlarımıza rəhm edək.

Hər il ölkəmizdə bayramlar olur. Halbuki, keçirilən bayramların bəzisi yersiz və lazımsızdır. Amma nə olsun? Bir çox evlərdən bu bayramların əks-sədası gəlir. Yeni ilin mübarək, səkkiz martın mübarək, qaraqız, ağqız, qarasaqqal, ağsaqqal nələr, nələr...

Bəs yaxşı, biz əsl köklü bayramlarımızı necə təqdim edirik? Hec! Elə-belə. Bax bu elə-belə bizim evimizi yıxdı. Əziz bacı və qardaşlarım. Gəlin, unutmayaq ki, hər əməlimizə görə sorğu-sual olunub cavab verməliyik. Özümüz haqqında suallara cavab tapa bilsək də, bizlərə əmanət olunan bu balalar haqqında verilən suallara cavab tapa biləcəyik, ya yox?

Ax! Bu suallar, suallar... Deyəsən siz də yoruldunuz? Bəli, sual insanı o vaxt yorur ki, onun cavabın tapa bilmir. Sizlərə tanış olan bu nurlu kəlam "Düşünün, bəlkə nicat tapasınız".

Həqiqətən körpələri soyuqdan, istidən – bir sözlə, təbiətin sizləri çəkindirəcək şıltaqlıqlarından qorxaraq, geridə, uçuruma diyirlənməkdən qurtuluş yolunu tapmağı düşünün. Bir cəmiyyətdə fəallıq olarsa, o, daima irəlidədir. İndi biz fəal olub, islama xidmət etsək, nəinki irəlidə – əbədi səadətə çatmış olarıq.

Odur ki, bizi yoxdan var edən Yaradanımıza «Ləbbeyk!» deyib, hər əmrini yerinə yetirməyimizə əmin bir halda, son islam dinimizin yüksəlməsi, əbədi yaşaması üçün çalışıb və balalarımızı da bu əməllərdə ən yaxın şərik hesab etməliyik. İnşallah, bu ən gözəl, nurlu gələcəyimizin parlaq nümunəsinə körpüdür. Körpünü keçərkən Uca Allahdan büdrəyib yıxılmamaq ümidi ilə.


Zeynəb Aslanova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

пятница, октября 31, 2008

Duanın qəbul olma şərtləri

İnsan qəlbi və ruhu dua vasitəsilə Allah ilə yaxın bağla bağlanır. Okeana qarışmış bir qətrəni xatırladır o.

O böyük varlığa mənəvi bağlılıq nəticəsində insan qüdrətə çatır. Dua bir növ ürəyin və fikrin oyanması və ilahi qüvvə ilə batini bağlılıq deməkdir. Həzrət Əli (ə) buyurur: "Allah qafil ürəklilərin duasını qəbul etməz".

İslami mənbələrdə duanın qəbul olma şərtləri verilir:

1. Duanın qəbul olması üçün qəlb və ruhunuzu pak tutun, günahlarınızdan tövbə edin və ilahi rəhbərlərdən ilham alın.

İmam Cəfər Sadiqdən (ə) hədis vardır: "Nəbadə sizlərdən hər hansı biriniz Allaha, əvvəl həmd və səna demədən, Peyğəmbər (s) və onun alisinə salam göndərmədən və sonra Allah qarşısında günahını etiraf etmədən dua etsin."

2. Mallarınızın qəsbi olmamasını təmin edin və haram şey yeməyin.

Həzrət Peyğəmbərdən (s) nəql olunur: "O kəs ki, duasının qəbul olmasını istəyir, gərək yeməyi və qazandığı pak olsun".



3. Fəsadla mübarizədən, haqq yoluna dəvət etməkdən əl çəkməyin. Belə ki, o kəslər ki, əmr-be-məruf və nəhy-əz-munkəri tərk etsə, duası qəbul olmaz.

Həzrət Peyğəmbərdən (s) hədis nəql olunur: "Gərək yaxşılıqlara dəvət və pisliklərdən çəkindirmə edəsiniz, yoxsa hər nə qədər dua etsəniz qəbul olmayacaqdır".

4. Allah ilə bağladığınız əhdə əməl edin. İman, saleh əməl, əmanətdarlıq və düzgünlük kimi xüsusiyyətlər duanın qəbul olma şərtlərindəndir. Hər kim ki, Allah qarşısında öz əhdinə vəfa etməsə, gərək Allah tərəfindən duasının qəbul olması intizarında olmasın.

Bir nəfər Həzrət Əliyə (ə) dualarının qəbul olmamasından şikayət edib, «Bəs Allah hər dua edənin duasını qəbul edəcəyini söyləyir?» - deyə sual verib.

İmam cavabında buyurur ki, sizin qəlbiniz və fikriniz neçə şeyə xəyanət etmişdir:

1-Siz Allahı tanımısınız, amma onun haqqını yerinə yetirməmisiniz, ona görə də sizin Allahı tanımağınız halınıza heç bir fayda verməmişdir.

2-Siz Allahın Elçisinə (s) iman gətirmisiniz və sonra sünnəti ilə müxalifət etmisiniz.

3-Onun kitabını oxumusunuz, amma ona əməl etməmisiniz. Dediniz ki, eşitmişəm və itaət etmişəm. Amma sonra müxalifət etmisiniz.

4-Siz deyirsiniz ki, Allaha küfr etməkdən qorxursunuz, amma bəzən elə işlər görürsünüz ki, buna yaxın şeylər olur.

5-Deyirsiniz ki, Allah mükafatına əlaqəniz vardır, amma bəzən elə şeylər edirsiniz ki, ondan sizi uzaqlaşdırır.

6-Allah nemətini yeyirsiniz, amma ona şükr etmirsiniz.

7-Sizə əmr etmişdi ki, şeytandan uzaq olasınız, iddia edirsiniz ki, şeytan sizin düşməninizdir, amma əməldə onunla müxalifət etmirsiniz.

8-Siz xalqın eybini nəsəbuleyn hesab edirsiniz və öz eybinizi isə heç saymırsınız. Bu halda necə intizar edərsiniz ki, dualarınız qəbul olsun. Təqvanızı gücləndirin, əməllərinizi salih edin, əmr be məruf və nəhy əz munkər edin ki, dualarınız qəbul olsun.

Nəticə olaraq, bunu deyə bilərik ki, sadəcə dildə dua etmək heç bir fayda verməz. Duanı etməmişdən qabaq insan gərək günahlarına görə tövbə etsin, Allaha həmd və səna desin, haram yeməsin, fəsadla mübarizə aparsın, əhdinə sadiq olsun və duanı xalis niyyətlə, ürəkdən etsin. Ancaq bundan sonra inşallah ki, dualarımız qəbul olar.

Məşhədi Xanım,

«Dəyərlər»

Yalan bütün günahların mənşəyidir

İslam rəvayətlərində yalan "Günahların açarı" hesab olunur. Əli (ə) buyurur: "Doğruluq yaxşı işlərə, yaxşı işlər isə beheştə dəvət edir".

İmam Muhəmməd Baqirdən (ə) hədis oxuyuruq ki, «Allah Təala şər və pis işlər üçün qıfıl qoymuşdur və bu qıfılın açarı şərabdır. Sonra isə əlavə edir: yalan şərabdan da pisdir».

İmam Həsən Əsgəri (ə) buyurur: "Bütün pisliklər bir otaqda yerləşir və onun açarı yalandır".

Yalan ilə günah bir-biri ilə sıx rabitədirlər. Belə ki, günahkar insan heç zaman doğru söyləyə bilməz, çünki doğru söz onun rüsvayçılığına səbəb olar və günahın səbəbini ört-basdır etmək üçün mütləq o şəxs yalan deməlidir.

Başqa sözlə desək, yalan insanı günah qarşısında azad buraxır və doğruluğa məhdudiyyət qoyur. Yalan danışan insan daim təşvişdədir, çünki günahkardır. Günahlarının üzə çıxmasından qorxan bu şəxs əvvəl yalan işlədir sonra isə hədislərdə deyildiyi kimi başqa günahların da qapısını açmış olur. Kiçik saydığımız bir yalanın bu qədər fəsadlar yaradacağı heç ağlınıza gələrdimi?

Yalan imanla harmoniya yaratmır, yəni onunla uyğun gəlmir. Belə ki, hədisdə belə oxuyuruq: "Peyğəmbərdən (s) soruşdular ki, imanlı insan mümkündürmü ki, qorxaq olsun? Deyir: Bəli. Yenə soruşublar: Mümkündürmü ki, paxıl olsun? Buyurdu: Bəli. Mümkündürmü ki, yalançı olsun? Buyurdu: Xeyr."

Çünki yalan nifaqın nişanələrindən sayılır və nifaq da imanla uyğun gəlmir. Bu haqda Həzrət Əlidən (ə) hədis nəql olunur: "İnsan heç vaxt yalanı tərk etmədən imanın dadına baxa bilməz, istər zarafatla olsun, istərsə də ciddi."

Yalan insanların etimad və etibarını da məhv edir. Düzgünlüyə çatmaq və yalanı tərk etməyin ən mühüm dəlillərindən biri də elə budur. İslam hədislərində oxuyuruq ki, din rəhbərləri həmişə yalançı tayfa ilə dostluqdan uzaq olmağı tövsiyə edirlər, çünki onlar etimad edilməli insanlar deyildirlər. Həzrət Əli (ə) də bu haqda buyurur: «Yalançılarla dostluqdan çəkinin, çünki onlar ilğım kimidirlər. Uzağı sənin üçün yaxın və yaxını sənin nəzərində uzaq göstərərlər».

Beləliklə nəticədə deyə bilərik ki, kiçik saydığımız və ona çox əhəmiyyət vermədiyimiz yalanı uşaqlara gərək kiçik yaşlarından tanıdaq və onun törətdiyi fəsadla tanış edək ki, böyüyəndə günah əhli olmasınlar və yalan danışan insanlardan uzaq olsunlar. Çünki yalan bütün günahların qapısıdır, o qapını aralasan günah aləminə daxil olmuş olarsan. Allah bizə o qapını açmaq tofiqi nəsib etməsin! Amin!

Məşhədi Xanım

«Dəyərlər»

ƏSL “KİŞİLİK” MƏKTƏBİ

(Bir əsgərin tarixcəsi)

Bura “N” saylı hərbi hissədi. Mən də artıq bir neçə vaxdır ki, burada qulluq edirəm. Əslində mənim qulluq etdiyimi başqaları deyir. Mən bu çür yaşayışa qulluq yox, istirahətdə keçən on səkkiz ay deyərdim. Nəyə görə belə deyirəm, indi sizə izah edərəm.

Deməli, mənim on səkkiz yaşım olan kimi həvəslə hərbi hissədən gələn “çağırış vərəqəmi” gözləyirdim. Amma o vərəqə gəlmirdi ki, gəlmirdi. Dostlarım isə bir-bir vətənə olan borclarını ödəməyə gedirdilər. Düzünü desəm, onlara paxıllıq eləyirdim. Nəhayət bir gün o gözlənilən an gəldi, evimizin qapısını bir nəfər döyüb “çağırış vərəqəsini” mənə verdi. Həmin gün evdə toy-bayram idi.

Nəhayət. pal-paltarımı yığıb getdim vətənə borcumu ödəməyə. Çünki, heç kəsə borclu qalmağı xoşlamıram.

İlk gün üç-dörd əsgər mənə yaxınlaşıb “çibimdə nə var, ver bizə” - dedi. Çox təəccüblü halda onlara baxdım. Və onlardan şikayət edəcəyimi söylədim. Elə bunu demişdim ki, gözüm yumuldu. Gözümü açanda başımın üstündə iki həkim dayanmışdı və məni ayıltmağa çalışırdılar. Sonradan başa düşdüm ki, o iki əsgər məni o qədər döyüblər ki, huşumu itirmişəm.

Nə isə. Özümə gələndən sonra onlardan şikayət ərzəsi yazmaq fikrinə düşmüşdüm. Ancaq mənim bu fikrimi eşidən mənə nəyə görəsə gülürdü. Axırda biri mənə başa saldı ki, onlar “dembel”di, sən isə “molodoy”san. Onların səni döyməsi normaldı. Bu adı etik qaydalardı. Hər kəs bu mərhələni keçməyə məcburdu. Bu hərbi hissənin «mənəvi» nizamnaməsində yazılıb.

Bir necə ay mən hər iki gündən bir döyülürdüm. “Dembel” deyilən o məxluqlar təkcə məni yox, mənimlə birlikdə gələnlərin hamısına bu “qanunu” tətbiq edirdilər. İş təkcə döyülmək də deyil. Yeməyimizi əlimizdə alır, bizə evdən gələn paketlərin əsl sahiblərinə çevrilirdilər. Bəzən bizi düzüb mənəvi təziqlər edirdilər – söyürdülər, alçaldırdılar.

Biz də bunların heç birinin cavabını vermirdik. Çünki, adi halda etdiklərinin on qatını edirdilər cavab qaytaranlara. Ancaq ürəyimizdə biz də onlara ağzımıza və ağlımıza gələni deyirdik. Təkcə təskinlik tapdığımız bu olurdu.

İndi, şükür Allah, hər şey qaydasındadı. Çünki o məxluqlar yoxdu. Çıxıb gediblər evlərinə. Və bu səfər “dembel” olmaq sırası məndədi.

Mənim “dembel” həyatım çox qəribə keçir. Təkcə onu deyim ki, hərbi hissə tarixində mənim kimi “dembel” görməyib. Belə ki, keçən dəfə dostlarımdan biri dedi ki, əvvəlkilər mənim yanımda “toya getməli” imişlər.

Mən indi “molodoy”lara elə divan tuturam ki, adlarıda yadlarından çıxır. Nə edim axı bu qanundu və hamı qanuna əməl etməlidi. Mən də hərbi hissənin bu «mənəvi» nizamnaməsinə layiqincə əməl edirəm.

Bu yaxınlarda mənim qəhramanlığıma aid bir qısametrajlı kinoda çəkilib. Yəqin onu mətbuatda görmüsünüz. Orada mənim bacardıqlarımın və etdiklərimin heç bir faizi də göstərilmir. Burada kəsf etmişəm ki, məndə çoxlu potensial var imiş.

Kəşf etdiyim ikinçi şey isə kişilik anlayışı olub. Sən demə mən kişiliyi səhv başa düşürmüşəm. Əsgərliyə gəlməmişdən əvvəl elə bilirdim ki, kişilik qeyrətli olmaq, vətəni sevmək, məzlumu qorumaq və daima haqlının yanında olmaq deməkdi.

Ancaq indi baxıram ki, nə qeyrət, nə zad. Və ya nə vətəni sevmək, a kişi! Vətəndən mənə nə? Mənim hərbi hissədəki əsl işim zəifləri döymək, “molodoylara” öz yerini bildirmək və onların yemək payını, paltarlarını əlindən almaqdı. Məhz əsl kişilik də budu. Əsl kişilik budur ki, səni söyələr, sən də onlara heç nə deməyəsən. Çünki bu yazıq “molodoy”lara mən hərbi hissənin «mənəvi» nizamnaməsini oxuyanda ən azı ürəyində ağlına və ağzına gələni mənə deyirlər. Və mən də bunu bilirəm. Amma bu mənim vicdanıma təsir eləmir. Belə çıxır ki, mənim qeyrətim yoxdu? Yox, bu əsla belə deyil! Bu – əsl kişilikdi.

Yoxsa qabaqlar xam xəyal ilə yaşayırmışam. Sağ olsun, bura mənə doğrudanda kişilik dərsi keçdi. Sən demə əsgərlik əsl kişilik məktəbi imiş.

Xəqani Səfərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Yəhudi professor necə sionist terrorizminin qurbanı oldu

Diqqət, diqqət! Sionistlər həqiqətləri etiraf etməyə başlayaraq öz yalan və böhtançı mahiyyətindən vaz keçmiş kimi özlərini göstərməyə başlayıblar. Əcəba, nə baş verir? Məgər bütün bünların baş verməsi üçün vəzifədən getməkmi (oxu: uzaqlaşdırılmaqmı) lazım idi?! Yoxsa daldan atılan daş həm topuğa, həm də başa dəyib? Sizi çoxda intizarda qoymayaraq keçirəm mətləbə.

Hadisələrimiz cərəyan edir işğalçı və sionist İsrail rejiminin düz gübəyində. Mətləbi bir qədər də konkretləşdirsək, sionist hakimiyyətin siyasət dəhlizlərində. Dəyərli oxucu, bundan belə deyəcəklərimi oxuyanda yəqin ki, sən də deyəcəksən ki, Olmertin sağ başı, yox, sağ qapazı kəmfürsət qonşularımızın təpəsinə. Nə baş verir?

Adı rüşvət alma qalmaqalına qarışan, vəzifəsindən sui-istifadələr etdiyi üçün hazırda işğalçı İsrailin baş nazirliyi ilə vidalaşan E.Omert haqqında 8 dəfə məhkəmə dinləmələri aparılmışdır. Xatırladım ki, sözügedən işğal olunmuş ərazidə bundan öncə belə bir siyasi məhkəmə qalmaqalı sionist prezident Moşe Katsavla yaşanmışdı. O, prezident dəftərxanasının müdiri Alefə qarşı qeyri-qanuni və zorakı əxlaqsızlıqda ittiham edilmişdi.

Mətləbdən uzaqlaşmadan qayıdaq sionist eks-premyerin üzərinə. Olmertlə bağlı məhkəmə dinləmələri sonda onun məcburu istefası ilə nəticələndi və tarixdə baş verməyənlər də məhz bundan sonra baş verməyə başladı. Başladı, nə başladı!!!

Öncə Olmert istefa ərəfəsində Məbəd dağının mühafizəsi üzrə İslam Şurasına qədim Qüds ərazisində Qurandan bəzi surələrin həkk olunduğu gips lövhələrin təmirinə icazə verir. Sonra o, deyir: "Böyük İsrail sərsəm planı başa çatıb. Artıq belə bir ideya mövcud deyildir. Hər kim belə bir şeyi iddia edərsə, özünü aldatmışdır". Yəni, bu sadəcə illüziyadan başqa bir şey deyildir. O, "İsrail 1967-ci ildəki sərhədlərinə qayıdaraq işğal etdiyi Suriyanın Holan Təpələrini və Şərqi Qəzzanı azad edərək həqiqi sahiblərinə qaytarmalıdır. 40 ildir süni səbəblər uydururuq, Fələstin xalqına münasibətdə səhv siyasət yeridirik və mən özüm bu səhvi edənlərin birincilərindənəm", - deyə etiraf edib.

İsrailə 990 gün baş nazirlik etmiş Olmert "Kadima"-dakı lider dəyişikliyindən sonra rəsmi istefa ərizəsini rejim başçısı Şimon Peresə təqdim edir. Bununla da hazırkı xarici işlər naziri və baş nazirin müavini Tsipi Livniyə rejimin hakimiyyət dəhlizlərinə yol açır. Livninin kimliyinə isə, qismət olsa, növbəti köşədə daha geniş toxunarıq. İnşaallah. Qayıdaq Olmertin növbəti addımlarına.

Çox keçmir ki, İraildə "yəhudi terrorizmi" termini meydana gəlir. 73 yaşlı Zeev Sternhellin səhər evinin qarşısına atılan bombanın partlaması nəticəsində oldürülmüşdü. O, İsrail məskunlaşmalarına qarşı çıxması ilə tanınmış, həm də İsrailin Qəzzaya tətbiq etdiyi embarqoya da qarşı çıxmışdı. İsrailli professor İsrail mühasirəsini "əxlaqa sığmayan və təsirsiz" olaraq xarakterizə etmişdi. Müharibə əleydarı, İbrani universitetinin professoru Sternhellenə bu sui-qəsd İsraildə böyük əks-səda doğurur. Qəzetlərin əksəriyyəti bu terror hadisəsini "yəhudi terrorizmi" başlığı altında dərc edirlər. Nəticədə baş nazir işğal olmuş ərazidə gizli təşkilat olduğunu etiraf edərək "İsrail məskunlaşmasına qarşı çıxan professora bomba hücumunu təşkil edən gizli təşkilatdır. Bu hücumu təşkil edənlərin gizli bir yəhudi təşkilatı olduğunu" açıqlamalı olur.

Bütün etiraflarının həqiqiliyinə rəğmən ekspertlər Olmertin bu addımlarını heç də fələstinlilərə urəyi yandığından deyil, sadəcə günahı sionist rejimin digər rəhbərlərinin boynuna yıxmaq istəyi kim dəyərləndirirlər.

Mehdi Fərəc
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Fitrə, yoxsa kəffarə?!

Mübarək Ramazan ayının sonu gəlib yetişməkdədir. Və ayın sona çatması iman əhlini heyfsləndirir: - Kaş ki, bu ilahi ay bitməyəydi! Kim nə bilir növbəti Ramazan ayına hansı halla çıxmaq bizə nəsib olacaq. Ömür vəfa qılacaq, ya yox.

Ramazan ayı öz nemətlərini bəndələrinə əsirgəməyən uca Rəbbimizin bəşər övladına bir hədiyyəsidir ki, bəndə paklansın, nə vaxtsa etdiyi qələti təkrar etməsin.

Rəbbinə iman gətirən bəndə də anlayır ki, bu ilahi ziyafət ayında behişt qapıları açıq, cəhənnəm qapıları isə bağlıdır. Xüsusi qeyd etməyə ehtiyac var ki, bu ay şeytanın əli-qolu bağlı olur. Əlbəttə, bu sadaladığımız sözlər sizlərə mübarək rəvayət və hədislərdən məlumdur. Amma gözünüzlə görüb qulağınızla eşitdiyiniz, şahidi olduğunuz hadisələr sizdə cürət yaradır ki, deyəsiniz "şeytanın əli-qolu heç də həmişə bağlı olmur".Çünki onun elə dostları var ki, "səni darda qoymarıq" deyib lənətlyi tam surətdə əvəz etməyə çalışır.

Nə isə şeytana və onun dostlarına cəmən lənət deyib, keçirəm söhbətimin əsas məğzinə. Mənə gələn zənglər, məktublar və onların içərisindəki suallardan az qalmışdı özümü elm əhli sayım (bax bu - şeytan vəs-vəsəsidir). Suallar məmləkətin halından xəbər verdiyi üçün sizinlə paylaşmaq istədim. Suallar demək olar ki bir növ ümumi idi. Biri sual edirdi: suyumuz yemək-içməyə çatmır dəstəmazı necə alım? O biri hamamdan zəng vururdu: su kəsilib, sabun gözümü çıxarır, necə paklanım? Digəri həyacanla soruşurdu: qara rəngli su ilə qüsl almaq olar, ya yox (bulanıq, lil suyu nəzərdə tuturdu)?

Hörmətli oxucu elə zənn etməsin ki, mən Azərsu işçisiyəm. Bu qəliz sualları cavablandırarkən mən təyəmmüm cavabını qaralayırdım. İndi siz də hiss etdiniz ki, bu ilahi ziyafət ayında Azərsu nə qədər "savab"aparıb. Deyilmi?

Növbəti suallar marşrutdan gəlirdi: "Probkadayam", mənzil başına çatmamışam, yolun yarısı qəsr sayılmır ki? Və yaxud digər orijinal bir sualdan anlamaq olurdu ki, şəhər meriyasının payına nə qədər "savab" düşür: Küçədəki zibil qutusundan gələn qatı qoxu burnumu "deşir" - orucumu batil etməz ki? İndi mən nə etməliyəm ... ...?

Mən də halımı pozmadan təmkinlə cavab verirdim ki, orucunuzun batilliyi barədə dəqiq cavab deyə bilmərəm, ancaq lütfən söyüş söyməyin.

Əslində bu suallar məzlum xalqın (və yaxud iqtisadiyyatı hər gün dirçəlişdə olan xalqın) gündəlik həyat tərzindən doğur.

Yuxarıda sadaladığım suallar məzlum sualları idisə, harın suallar da az deyildi. Hansı ki, il boyu başqasının malını yeməkdən boynu şişmanlaşmış, bəzi acgözlər mədələrinin "deşik" olmasından şikayətlənirdilər: Hiss edirəm mədəmdə yara var, mənə oruc tutmaq olar, ya yox?

Mən də belə cavab verdim: siz ilahi ziyafətə tam yararsızsınız.

Yadıma düşmüşkən sizə bu yerdə bir lətifə danışım. İmanı tərk etmiş bir kişi oruc tutmaq istəmir. Səbəbini soruşanlara da deyir ki hələ ayı görməmişəm. Üstəlik öz-özünə söz verir ki, göyə baxmasın - birdən ayı görmüş olar. Bu minvalla ayın üçdə ikisini yola verir. Bir gün gecə vaxtı çay kənarı ilə gedərkən birdən ayın şəklini suda görüb qəzəblənir, ağacını suya vura-vura: «Nə gözümə girirsən, nə istəyirsən məndən? Səni görmək istəsəydim elə göyə baxardım. Gözümə girsən də orucu tutan deyiləm!».

Son günlərdə məndən soruşulan sualları da sizə nəql edim ağlar gözünüz gülsün. Günün duasını oxuyub qurtarmışdım və Rəbbimdən məğfirət, eyblərimi örtməyi, elmimin artmasını (o cümlədən, tanışların suallarını cavablandırmaq üçün) diləyirdim ki, birdən zəng gəldi. Tanış səs idi. Söylədi ki, rəsmən buyurublar sentyabrın 30-u bayramdır. Ayı görməmiş ağzı oruclu bayram namazı qıla bilərəmmi? Cavab verdim ki, bunu psixoterapevtdən soruş. Növbəti sualı isə daha maraqlı oldu: Ayı görməmiş orucumu açıb bayram namazı qılsam, mənə fitrə vermək vacibdirmi? Cavab verdim ki, qaqa, bu halda sənə fitrə yox, kəffarə vermək vacibdir.

Sonda təkrarən qeyd edim ki, Uca Allah orucu ona görə vacib edib ki, "...bəlkə təqvalı olasınız".

Təbiət Hüseyn
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Tullantılardan xristian məbədi tikilir

Şotlandiyanın «Scotland» qəzetinin verdiyi xəbərə görə ölkənin qərb limanlarından olan Qlazqo şəhərində yaxın zamanlarda “ekoloji təmiz”, daha doğrusu, emal edilmiş zibil tullantıları əsasında kilsə məbədinin tikintisinə başlanılacaq. Məbədin tikintisində dəmir bankalar, avtomobil şinləri, lazımsız taxta parçaları və buna oxşar materiallardan istifadə olunacağı nəzərdə tutulur. Bu cür qeyri-adi layihə Şotlandiya Kilsəsinin (Church of Scotland) keşişi cənab Kristofer Rou təşəbbüskarlığı ilə irəli sürülüb.

“Tikinti materiallarının” ucuzluğuna baxmayaraq, ilkin hesablamalara görə kilsə binasının inşası 500-750 min funt sterlinqə (təqribən 1000-1500 milyon $) başa gələcək ki, bunlardan artıq 43 min funt Şotlandiyanın İqlimin mühafizəsi Fondu tərəfindən ayrılmışdır. Bu pullar qeyri-adi binanın tikinti və xidmət üsullarının tədqiqinə sərf olunacaq. Allaha ibadət zallarından, toplantı otaqlarından və kiçik kafedən ibarət olacaq yeni kilsə binası Qlazqonun ən hündür məntəqələrindən birində, mərkəzdən cəmi 5 km aralıda ucaldılacaq. Müqayisə üçün deyək ki, ənənəvi üsul və materiallardan istidfadə olunacağı təqdirdə kilsənin tikintisi 1,5 mln funta (3 milyon doll.) başa gələcəkdi.

Kristofer Rounun sözlərinə görə dindarlar kilsəni “öz güclərinə və özləri üçün tikmək” ümidində olduqlarını bildiriblər. (“Vokruq Sveta” jurnalı)

Leyla Abbasova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Tərbiyədə Allah xatırlaması

Artıq Mübarək Ramazan ayını geridə qoymuşuq və inanırıq ki, bu mübarək ayda edilən ibadətlər və dualar Allah dərgahında dərəcəyi-qəbula çatmışdır. Ancaq mübarək Ramazan ayından sonrakı günlərimizdə bu ayda əldə etdiyimiz mənəvi bəhrələrdən faydalanma ən mühüm məsələlərdəndir. Xüsusilə bu ayın insan tərbiyəsinə verdiyi önəm il ərzində tərbiyə mövzusuna diqqətimizi davamlı etməlidir.

Tərbiyə günümüzün ən ciddi məsələlərindən biridir. İnsanları zaman-zaman düşündərən tərbiyə mövzularından biri də övlad tərbiyəsi məsələsidir. Görəsən övladlarımıza düzgün tərbiyə verməyi nə vaxtdan başlamalıyıq? Nə etməliyik ki, övladlarımızın tərbiyəsi fitrətlərinə uyğun Allaha tərəfə hərəkətdə tərbiyələnsinlər.

Tərbiyə dedikdə ilk oncə övladla valideyn münasibətləri yada düşür. Övlad - Allahın insanlara əta etdiyi ən böyük nemət və həsənədir. Hədisdə buyurulur: "Övlad cənnət güllərinə layiq güllərdəndir". Onlarsız həyat soyuq və darıxdırıcı, onlarla isə şirin və məsuliyyətlidir. Belə ki, bu behişt gülləri ancaq düzgün tərbiyə olunarsa, xoş ətirli olar.

İslam buyurur ki, övlad arzusunda olun, çünki o, insan səadətinə səbəb olur. Uşağın tərbiyəsi təməli qoyulan gündən başlanır. Hamilə olan ananın hər günü və hər ayı üçün xüsusi dualar və Quran ayələrini tilavət etmək məsləhət görülür və körpə hələ dünyaya gəlməmişdən qabaq ilahi kəlamlar ilə yoğrulur və Allah sözü ilə inkişaf etməyə başlayır. Təməli «bismillah»la qoyulan bu körpə doqquz ayın doqquzunda da hər bir aya məxsus ayələr eşidir, anasının qıldığı gecə namazlarının, cümə qüsullarının şahidi olur.

Elə ki, dünyaya qədəm qoydu, azan və iqamə ilə həyatdakı yaşayışına addım atır. Yeddi günlüyündə əqiqə qurbanlığı kəsilərək, salamatlığına və xəstəlikərdən uzaq olmasına zəmanət verilir. Saçı kəsilərək onun ağırlığında qızıl və ya gümüş zəkat verilir.

Müsəlman olmayan bir kəs deyə bilər ki, axı bunların tərbiyəyə nə dəxli var? Bəli, əslində çox dəxli var. Belə ki, xəmiri bismillah və Quran kəlamları ilə yoğrulan körpə ömrü boyu Allahı inkar edə bilərmi? Dünyaya qədəm qoyduğu gündən Allahın, Peyğəmbərin (s), İmamların (ə) adını eşidən bir məsum körpə tam harmoınik bir vəziyyətdə tərbiyə almış olur. Bəs bu tərbiyə deyil, bəs nədir?

Dil açmağa başlayan körpəyə Allahu-Əkbər öyrətmək bir daha onun yaradanının Tək Allah olduğunu yada salmaqdır. Həyatının ilk yeddi ilini şah təki münasibət bəslənilən bu körpədə şəxsiyyət və özünü tanıma formalaşır. Sonrakı yeddi ildə ciddi nəzarət altında tərbiyə olunan uşaqda məsuliyyət və cavabdehlik hissi formalaşır. Ondan sonrakı yeddi ildə isə artıq yetkinlik çağına qədəm qoyan bu uşaq məsuliyyətli bir şəxsiyyət kimi ailədə məsləhətçiyə, söz sahibinə çevrilir. Onun bu dövrü dini baxışlarının möhkəmlənməsini tələb edir. Çünki o, axtarışdadır. Hələ dünyaya gəlməmişdən zatının, fitrətinin yoğrulduğu o həqiqətin axtarışındadır. O həqiqətin axtarışındadır ki, hələ ana bətnində doqquz ayın hər günü onun adını və kəlamlarını dinləyirdi. O həqiqətin ki, dünyaya göz açdığı gündən onun adını eşidərək, həyata qədəm qoymuşdur. Bəli bu həqiqət həmin İlahi qüvvə olan Allahdır!

Məşhədi Xanım, «Dəyərlər»

Duanın həqiqi mənası

Bəndələrin Allah ilə rabitəsinin bir növü də dua və münacatdır. Dua özü də bir ibadətdir və hər bir ibadət öz növbəsində insanı ilahi qurbə yaxınlaşdırır. Əslində, insan öz iradəsini möhkəmləndirmək və narahatlıqları aradan qaldırmaq üçün söykənə biləcəyi bir qapı axtarır və buna ehtiyac duyur. Dua isə insanda ümid çırağını yandırır.

Əksinə, duanı yaddan çıxardan insanlar müxtəlif fəsadlara yol verirlər.

Tanınmış psixoloqlardan biri dua haqqında belə demişdir: "Dua etməyən millət məhvə məhkumdur. O ictima ki, dua etmə ehtiyacını məhv etmişdir, fəsad və cinayətdən amanda olmayacaqdır. Əlbəttə bunu da yaddan çıxartmaq lazım deyildir ki, ancaq səhərləri dua edib, bütün günü duanı yaddan çıxartmaq heç bir fayda verməz. Duanın davamlı etmək lazımdır və hər bir halda diqqətli olmaq lazımdır ki, lazımı təsiri əldə edəsən".

Duanı təxirə salanlar duanın mənasından qafildirlər. Belə ki, duanın mənası o deyildir ki, təbii vasitələrdən əl çəkək və onun yerinə zahirdə dua edək. Əksinə, duanın mənası odur ki, məqsədə çatmaq üçün hər cür çalışmalar və səylərlə yanaşı, duaya da müraciət etməkdir.

Allaha sığınaraq, Ondan ümid və hərəkət ruhu alaq və nəhayətsiz kömək sahibi olan O varlığa dua edək.

Dua o zaman ki, rahatlıq yaratdı, insan fəaliyyətlərini qəhrəmanlıq ruhuna, şənliyə vadar edir. Dua edənin xarakteri də dəyişir. Belə ki, rəftarında mətanət, daxili rahatlıq və şadlıq hiss olunur, yəqinliklə dolu olan çöhrəyə malik olur. Bu qüdrətin təsiri altında geri qalmış xalqlar belə öz əqli və əxlaqi qüvvələrini gözəl şəkildə işə sala bilər və ondan daha çox bəhrələnə bilərlər.

Təəsüflə onu deməliyik ki, duanı həqiqi simada tanıyan insanlar çoz azdırlar.

İnsan dua vasitəsilə ilahi feyzi daha çox dərk etmək üçün diqqət və ləyaqət əldə etmiş olur. Təbiidir ki, təkamülə çatmaq yolunda olan çalışmalar Allah qanunlarına təslim olmağa bərabərdir. Və onu da qeyd etmək lazımdır ki, ibadətin müsbət tərbiyyəvi əhəmiyyəti vardır, əlbəttə ki, dua da ibadətin bir növü olduğundan bu təsirlərə malik olacaqdır.

İmam Cəfər Sadiqdən (ə) hədis vardır: "Allah dərgahında elə dərəcələr vardır ki, duasız heç kim ona çata bilməz". Və başqa hədisdə o Həzrətdən (ə) belə nəql edilir: "Çoxlu dua edin, çünki dua Allah bəxşişinin kilidi və hacətlərə çatmaq üçün bir vasitədir. Nemət və rəhmət Allah yanındadır və duasız ona çatmaq qeyri-mümkündür. Və bil ki, hər bir qapı onunla açılır".

Zira, o ilahi varlıq bizə yaxındır, necə mümkündür ki, bizdən uzaq olsun, o halda ki, bizim qəlbimizin yeri Onundur…

Məşhədi Xanım, «Dəyərlər»

Ehud Olmertdən daha bir işğal etirafı

Olmert işğalçı İsrailin Şərqi Qüds və Suriyaya aid Holan Təpələrindən çəkilməsi lazım olduğunu söyləyən ilk İsrailli sionist oldu. İsrail baş naziri Ehud Olmert Fələstin və Suriya ilə təmin ediləcək sülhün əvəzində İsrailin 1967-ci ildə işğal etdiyi bütün torpaqlardan çəkilməsi lazım olduğunu söyləyib, - Yedios Ahronot qəzetinə (Yedioth Ahronot) qəzetinə istinadla «İsraxəbər» xəbər verir.

21 sentyabrda vəzifəsindən istefa verdikdən sonra vəkalətlə baş nazirlik etməkdə olan Olmert sionistlərin fələstinlilərin dövlət qurmaq istədiyi torpaqlardan və Suriyanın geri almaq istədiyi Holan Təpələrindən geri çəkilməsi lazım olduğunu söyləyib.

İsraildə nəşr olunan «Yedios Ahronot» qəzetinə müsahibəsində Ehud Olmert "Daha əvvəl heç bir İsrail liderinin söyləmədiyi şeyi söyləyirəm: Şərqi Qüds və Holan Təpələri daxil olmaqla bütün torpaqlardan çəkilməliyik", - deyib. Reportajı nəşr edən qəzet İsraildə yeni ilinin əvvəlində haqqındakı sui-istifadə ittihamlarından ötrü istefa verən Olmertın şərhləri üçün "vəsiyyət reportajı" başlığını seçib. Qəzet Olmertın vəzifədəykən etdiyindən daha irəli gedərək sülh üçün daha çox təklifdə olduğunu ifadə etdi. Qəzet, Olmertın bu təkliflərinin icrası mümkün olduğu dövrdə deyil, ayrıldıqdan sonra etmiş olmasına diqqət çəkdi.

Qərb qaynaqlarina görə İsrail fələstinlilərlə davam edən sülh müzakirələrində işğal altındakı Qərbi Şəriyyənin 93%-dən çıxmaq məsuliyyətini öz üzərinə götürmüşdü. Olmert son reportajında isə yalnız Qəzza sərhəddində olan bir çöllük ərazinin Qəzzaya təhvil verilməsini və eyni zamanda Qərbi Şəriyyə ilə Qəzza arasında bir dəhlizin qurulması üçün bəzi yerlərdən çəkilməyi də təklif etdi.

Ancaq Qərbi Şəriyyədə və Şərqi Qüdsdə tikilən yeni sionist məskənlərinin bunun üçün böyük bir maneə təşkil edə biləcəyi ifadə olunur. Digər tərəfdən Türkiyənin vasitəçiliyində Suriya ilə başlayan müzakirələrdə də Şam tərəfi sülh üçün Holan Təpələrinin özünə qaytarılmasını şərt olaraq irəli sürmüşdü. Olmert reportajında Suriya ilə əlaqədar olaraq isə "İsraildə sonda Holan Təpələrini vermədən suriyalılarla sülh əldə edə biləcəyinə inanan ciddi bir adam görməyi istəyərdim" deyə bildirir.

İsrail Holan Təpələrini 1981-ci ildə özünə ilhaq etmiş; ancaq BMT və beynəlxalq ictimaiyyət bunu qəbul etməmişdi. İsrail işğalı nəticəsində əhalisi 150.000-ə yaxın olan Holan Təpələrindən çoxu Dürzi olmaq üzrə 18.000-dən çox adam köç etmişdi. Bölgədə hələ də 20.000 minə yaxın yəhudi yaşayır.

Mehdi Fərəc
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

суббота, октября 25, 2008

Axı o musəlman idi…

...Gözləri dalğalanan dənizə zillənmişdi. Bu mənzərəyə baxa-baxa dərin fikrə dalmışdı. Xəyalında nələrsə canlanır və tez-tez dərindən ah çəkirdi. Sanki bütün dərdlərini coşğun dənizin dalğalarında boğmaq istəyirdi. Dərdləri bir-bir yadına düşdükcə qəlbi sızıldayırdı. Gözlərinə diqqətlə baxanda dərin hüzn və sanki heç vaxt bitməyəcək bir həsrət var idi.

Həyatdan, insanlardan çox incimişdi. Haqqını çox tapdamışdılar. Bu incikliklər qəlbinə bir yox, bir neçə yara vurmuşdu.

...Gecə ikən evlərə hücum edilməsi, körpələrlə, qadınlarla amansızcasına davranılması, hər cür vəhşiliyin həyata keçirilməsi... Bu səhnələr onun yadına düşdükcə onu dəhşət bürüyürdü. Bu vəhşiliyin sayəsində də on minlərlə insan öz yurdundan, yuvasından didərgin düşdü. Bu yurd-yuva onun doğma vətəninin bir parçası – Qarabağ idi. Qarabağla birgə sanki qəlbinin bir parçasını da itirmişdi.

Elə bu fikir yelkənində üzürdü ki, birdən başqa bir sızlayan yarası – Fələstin, Qüds yadına düşdü. Uşaqların, qadınların naləsi, fəryadı, onların başlarına gətirilən zülmlər bir an gözünün önündə canlandı. Aman Allah! Bu necə də dəhşətli mənzərə idi...

Bəlkə də fikirləşə bilərik ki, özünün ən böyük dərdi olan “Qarabağ” özünə bəsdir. Amma yox, bu cür fikirləşməyə haqqımız belə yoxdur. Özü haqsızlığa uğrayıb qəlbi sızlayan, vicdanı, haqqı hayqıran insan bütün bunlara biganə qala bilməzdi. Axı o müsəlman idi. Qəlbi ağlayan, dərdlərindən yaralanan müsəlman. Bəli, o müsəlman ki, dini ona zülmə boyun əyməməyi, haqqı bərpa etməyi, haqsızlığa göz yummamağı əmr edir. Fələstin də, Qüds də, Kəşmir də onun qardaşlarının vətəni idi.

Kərbəla həsrəti də qəlbini yandırıdı. Amma nə etmək olar. Ora da gedə bilmirdi. Kərbəlanı xatırlayarkən elə bil bayaqdan düşdüyü qəflətdən ayıldı. Yadına Həzrət Hüseynin (ə) zülmə qarşı olan qiyamı düşdü. Elə bu an dərdlərindən alovlanmış qəlbinə sanki su çiləndi. Mövlası Hüseyn (ə) də haqq uğrunda mübarizə apardı. Ağası ona son nəfəsə qədər mübarizə aparmağı öyrətdi.

Şıltaq dalğalara zillənmiş ümidsiz gözlərində indi ümid görünməyə başladı və içindən hasısa səs hayqırdı. İçindən hayqıran səsi bunları deyirdi: “Heç kim bizi, dinimizi aşağılaya bilməz, heç kim haqqımızı əlimizdən ala bilməz, heç kim bizi əzə bilməz. Çünki zillət bizdən uzaqdır. Ey qəlbləri qana susamış canilər, tərk edin müqəddəs torpaqlarımızı. İslam Peyğəmbərinin (s) mübarək qədəmlərini basaraq şərəfləndirdiyi torpağı, müsəlmanların ilk qibləgahı olan torpağı, islam Peyğəmbərinin (s) meracı baş verən torpağı. Tərk edin Qüdsü, Fələstini , Qarabağı, İraqı, Kəşmiri!”

Zemfira Nəsrullayeva
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

пятница, октября 24, 2008

Heç düşündünüzmü?!

Bu yaxınlarda başıma qəribə bir hadisə gəlib. Əslində, qəribə deyil, hamının dəfələrlə rastlaşdığı bir vəziyyətdir. Yadımda deyil, harasa tələsirdim, tələm-tələsik marşruta mindim, içəridəki vəziyyət də qeyri-normal... (Hicablı xanımın daima qarşılaşdığı çətinliklər baxımından) Üstəlik müəyyən müddətdən sonra sürücü başladı mənzil başına çatanadək fasiləsiz olaraq siqaret çəkməyə. Ən pisi isə odur ki, heç kəs etirazını bildirmədi. Amma camaatı da qınamaq olmaz. Kim ki istəyir ağzını açıb desin, “Haqqımızı tapdalayırsınız, niyə bizə zülm edirsiniz?...” Cavabında sürücü: “Xoşun gəlmir, minməzdin də, məcbur edən yox idi ki?!...” və yaxud digər xoşagəlməz sözlər...

Haqqını müdafiə etmək istəyən də dediyi sözlərə peşiman olur və başlayır özünü danlamağa.

Amma bu dəfə vəziyyəti ağırlaşdıran havanın soyuq və yağışlı olması idi. Havanın dəyişkənliyi, temperaturun aşağı düşməsiylə işim yox. Təbii haldır, lakin bu, səbəb oldu ki, marşrutun pəncərələrini bərk-bərk bağlayaq. Və görəndə ki, sürücü ağsaqqal, ağsaçlı yaşlı bir kişidir, əhvalım büsbütün dəyişdi. Dedim, elə indi “boğulacaq” tüstüdən və qalacağıq yarı yolda.

İstər-istəməz beynimdə bəzi suallar yarandı, özümlə danışa-danışa suallarımı cavablandırmağa, sanki dünyanı xilas edəcəkmişəm kimi, siqaret bəlasından qurtulmaq yollarını axtarmağa çalışdım. Amma nə fayda, suallarımın çoxu cavabsız qaldı. Problemin həlli üçün doğru-dürüst çıxış yolu tapa bilmədim. Elə bu fikirlər yelkənində üzürdüm ki, gözüm marşrutun qapısı üstündə çəkilən şəklə və qabağında yazılan sözlərə sataşdı. Etiraz əlaməti olaraq yanan siqaret çubuğunun üzərindən çarpaz xətlər çəkilmiş və “no smoking” və ya “avtobusda siqaret çəkmək qadağandır” şüarı...

Yenə də başladım ürəyimdə sürücü ilə danışmağa. Bəs bu şüarı ancaq biz görürük, yəni sərinişinlər? Sürücülər necə?! (Şübhəsiz, sərnişinlər arasında da bu bəlaya düçar olanlar var. Amma ən azından onlar marşrutda siqaret çəkmirlər. Nə isə...) Özlərini sahib olduqları marşrutun qapı-pəncərəsindən xəbərləri yoxmu? Və ya bilmirlərmi ki, siqaret çəkməklə nəinki özlərini, həm də ətrafdakı insanları zəhərləyirlər? Əgər bilirlərsə, bəs nədən insanlığın qəsdinə durublar? Bəlkə də siqaret çəkmək vərdişə çevrilib?! Amma vərdişləri yaradan insanın özü deyilmi? Üstəlik o insan ki iradəli varlıqdır və cəhd etsə bunun da öhdəsindən gəlməzmi? Siqareti həyatının ayrılmaz bir hissəsi hesab edənlər, nədən acizlik göstərirsiniz? Necə ola bilər ki, hər gün bilə-bilə bu zəhərdən udmaqla qurban verdiklərinizin fərqinə varmayasınız? Heç yanıb kül olan pullarınızı, vaxtsız və hədər yerə itirilən sağlamlığınızı düşündünüzmü? Halbuki sağlamlıq İlahi əmanətdir və ona görə sorulacaqsınız. Bir fikirləşin: Bu cür riskə dəyərmi? Əlbəttə ki yox... Elə isə təcili olaraq siqareti tərk etməyin yollarını axtarın. Məyus olmayın. Heç də fikirləşməyin ki, daha gecdir. Axı ziyanın yarısından da qayıtmaq xeyirlidir! Öz gücünüzə inanın. Bu zəhərdən qurtulmaq yolunda addım atın və əmin olun ki, mütləq buna nail olacaqsınız. Unutmayın ki, bizlər sizə əlimizdən gəldiyi qədər kömək etməyə hazırıq. Allah hamımızın yardımçımız olsun.

Nübar Lalayeva
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

İslam İnkişaf Bankı və Azərbaycan

İslam İnkişaf Bankı islam müasibətləri prinsipi çərçivəsində Azərbaycan kommersiya banklarına öz dəstəyini davam etdirir. Hal-hazırda Azərbaycanın 7 bankı (Turanbank, Azərbaycan Beynəlxalq Bankı, Rabitəbank, Unibank, Bank Standart, Kövsərbank, Əmrahbank) bu siyahıya daxildir. Bu banklardan təkcə 5-i İİB-in $ 20mln. maliyyə xəttindən istifadə edir. Azərbaycan üzrə İİB-in büdcəsi $150 milyona yaxınlaşır. Amma 4 ilə kredit hesabına $200mln-dək yüksələcəyi gözlənilir.

İslam maliyyə vəsaitlərinin tutumu qlobal maliyyə insititutlarında $1.3 trilyon, islam maliyyə bazarının tutumu isə $400mlrd. dəyərində qiymətləndirilir. İllik artım tempi isə 12-15% təşkıl edir. (http://www.regnum.ru/)

Onu da qeyd etmək lazımdır ki, dünyada 1.5mlrd. müsəlman yaşayır. Hansı ki,dünya əhalisinin 24%-ni təşkil edir. Son 20 il ərzində şəriət prinsiplərinə uyğun olaraq iş sistemi quran bankların aktivləri və hesabları uyğun olaraq $300 və $400 mlrd.çatıb.

Mətləb Həmzəli
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Qürurun «mən» siqnalı

(və ya "onlar" ümüdiylə)

Bəzən icabətlə, bəzən də ağlamaqla anılan səs... Bəzən də ağlaya-ağlaya icabət olunan səs... Səni də çağırır... Çağırır... Bu çağırışıyla dərd, bəla gətirir. Gətirir fəsad zülmətini iman nurunun kənarına. Bəlkə də günbəgün sənin ona tərəf irəliləməyinlə zülmətin bir addımlığında olduğunu unudursan. Unudursan imanınla... Unudursan namazınla... Unudursan orucunla... Unuttuğunun yerində kök salan bu ağac günbəgün böyüyməkdədir. "Ey iman edənlər, Allaha iman edin" dəvəti mömini silkələyən ayədir. Oyan! Oyan ki, qəflət imanından Allah inancı adlı həqiqəti yaşıyasan deyə.

Qürur adlı bir dənizin iman sahilində oturanlara ilk öncə qürurun küləyi dəyir. Bəlkə də anlamırsan bu küləyin soyuğunu. Küləyin soyuğu, ləpələrin səni qoynunda bəsləməsi... Bir tərəfdən oyan! oyan! sədaları... Nə etməli. Bu dənizin laylasmı...? Yox! «Yox!» söyləyir imanıyla, namazıyla, orucuyla.... Bəzən namaz qürur adlı dəniz olur. Adı namaz, özü isə əsir olur. Əsir olur şeytanların qürur adlı qəsrində. Neçə illər bundan öncə Nəhrəvanın iyin verən. Gecələri namaz qılan mülcəmlərin əmrində.

Narahatam. Narahatam addımların tıqqıltısından. Amma məni narahat edən fəsad mühütünün fəsad tıqqıltısından çox, "iman" addımıın qürur tıqqıltısıdır. Əslində yazı olsun, gözəl olsun, bəyənilsin deyə yazıramsa, yazmaq mənə çağırışdı. Amma bu çağırışın ünvanı şeytandır. Nə bilim, bəlkə də bu belədir. Bəlkə də zəlilliyiminin ünvanı yazılardır deyə onlardan qaçmağa çalışıram. Mən düz edirəm deyə iddiam yoxdur. Tam tərsinə: səni Allaha yaxınlaşdıran ictimai məsələlər sənin üçün zəlillik ünvanı olmamalıdır. Nə isə, özümdən danışdıqca yavaş-yavaş "mən"im mənə heç də yaxşı olmayan səslər pıçıldayır

Nədi qürur? Nədir ki, Şeytan bizi ona çağırır, bizi kərim olan Rəbbimizdən uzaqlaşdırır? Bunlar «Nisa» və «İnfitar» sürəsinin açıqladığı həqiqətlərdir. Geniş açıqlama istəyənlər «Nisa» sürəsinin 120-ci və «İnfitar» sürəsinin 6-cı ayələrinin təfsirinə baxa bilərlər.

«Qürur» kəlmə olaraq «ğərrə»dən gəlir Ana mənalarından biri də aldatmaqdır. Əslində qürur bir məna yükünə malikdir ki, varlığı prosesə görə dəyərləndirlir. Bizi maraqlandıran qürurun lüğəvi mənasından çox toplumun bu dənizdə qərq olmaması üçün verilən siqnallardır. Bu siqnallar bizi xəstəliklərdən müalicə olunmaq, xəstəliyin kökünü araşdırmaq üçün fövqəladə faydalara malikdir. Çatdırmaq istədiyim əslində sadəcə bu siqnaldır. Bu siqnal bəzən xırdaların böyüyməməsini, bəzən böyüklərin xırda olunmasını tövsiyə edir. Əziz bacı və qardaşlarım, dünya fəsadla döyünərkən sahib çıxdığımız dəyərlərlə onlar kimi döyünməyək. Dünyada qloballaşan ailə dağıntıları bizim üçün siqnal olsun. Siqnal olsun ki, Rəbbimizi qəzəbləndirən faktorlarda "mən" olsun deməkdən qaçaq ki, qürurun misdaqına çevrilmiyək.

Yadıma əziz izzətli mütəfəkkir Murtaza Mütəhhərinin fikri gəldi. "İslamda evliliyin müqəddəsliyi "mən"i boğub "o" yaratmaqdır. Ailədə övlad dünyaya gəldikdən sonra "o" "onlar"a çevrilir". "Onlar" ümüdiylə "mən" zillətindən "o" izzətinə doğru!

Elmin Ağayev,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

ÖZÜ ÖZ YERİNƏ DANIŞAN DİN

Salam əziz dostlar. Mübarək ramazan ayının günləri, əfsus ki, artıq arxada qalmışdır və bu xüsusda diqqəti özünə cəlb edən məqamı sizlərlə bölüşmək istərdim. Nədən ibarətdir bu məqam? Bu, sanki hayqırarmış kimi, hər gün dünyaya səslənən mubarək Ramazan ayının hər gün oxunan duasıdır.

“İlahi, qəbristan əhlinə şadlıq verib, onları sevindir! İlahi, bütün kasıb və yoxsulları dövlətli et! İlahi, bütün acları doyuzdur! İlahi, libası olmayan bütün yoxsulları geyindir! İlahi, bütün borcluların borclarını ödə! İlahi, bütün çətinlikdə yaşayanları qəm-qüssədən azad et! İlahi, bütün qəribləri öz vətənlərinə qaytar! İlahi, bütün əsirləri əsirlikdən qurtar! İlahi, möminlərin işlərində fəsad törədənləri islah et! İlahi, bütün xəstələrə şəfa ver! İlahi, Öz sərvətinlə bizim yoxsulluğumuzu aradan qaldır! İlahi, Öz gözəl halınla bizim uğursuzluğumuzu dəyişdir! İlahi, bizim borclarımızı ödə və bizə yoxsulluqdan nicat ver! Həqiqətən, Sən hər bir şeyə qadirsən!!!”

Normal şəraitdə bəlkə də burada qeyri-adi bir şey yoxdur. Bəs real mənzərə necədir? İslam dedikdə orta statistik dünya vətəndaşının zehnində doğrudanmı bütün insanlara qarşı sevgi dolu, sülhpərvər bir təlim canlanır? Yoxsa “islamskiy terrorizm” kimi terminlər, əsirlərin başını kəsən, tarixi abidələri dağıdan vəhşi bir təlim təsəvvürü yaranır?!!!!

İslam dini dedikdə göz önünə gələn ilk məsələlərdən biri orucluqdur. Orucluq da onu müşayət edən dualarsız təsəvvür edilə bilməz. Nə və niyə diqqəti belə cəlb edir bu dualarda? Müqəddəs islam təliminin nümunəsi olan yuxarıdakı duada kulli (bütün) kəliməsi insanlar arasında fərq qoymadan (bəzi dinlərdən fərqli olaraq) bütün insanları əhatə edir. Necə ola bilər ki, bu duaları oxuya-oxuya böyüyən insan insanlara nifrətlə yetişsin? Yuxarıda işarə edildiyi kimi, bu dua heç bir xususi dərin araşdırmalar aparmadan, islam dininə nəzər saldıqda rast gəlinən mənalardandır. Bu səbəbdən 11 sentyabr və bu kimi hadisələrdən sonra islama nəzər salanlar nəinki nifrət etmirlər (bu hadisələri törədənlərin planlarına zidd olaraq) hətta , bu təlimə, bu mübarək dinə məhəbbət yaranır onlarda. Və daha dərinə getdikcə bu dinin mahiyyətinə qat-qat artır ilk tanışlıqda yaranmış məhəbbət. Sanki qovuşur fitrət ilə kainat, tapılır çoxdan axtarılan mahiyyət, çatışmayan həyati əhəmiyyətli detal tapılıb tutur öz yerini, cavablanır bütün cavabsız suallar, öz yerini tutur bütün məsələlər həyatda, aydılanır dünyası insanın.

Toxunduğunuz bu dua mübarək İslam dininin sadəcə bir aspektlərindəndir. Yaşadığımız mübarək Ramazan ayı ilə yetişdi bizlərə. Hansı tərəfdən yaxınlaşsan, toxunsan bu dinə bu cür mayiyyətlər açılacaq üzümüzə. Ehtiyacı yoxdur kimsəyə həmişə ucada olan islamın. özü öz yerinə danışır saməd Allahın haqq təlimi!

Muhəmməd Əmircanov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Həqiqi məhəbbət

Həqiqi məhəbbət dedikdə əlbəttə ki, o İlahi Varlıq yada düşür. Bəs bu Varlığa həqiqi məhəbbətimiz olduğunu necə sübut edə bilərik?

Məhəbbət təkcə qəlbin əlaqəsi deyildir, əksinə onun təsiri insan əməlində əks olunmalıdır. O kəs ki, Allaha məhəbbətinin olmasını iddiası etsə, onun əməllərinin birinci nişanəsi onun Elçisinin (s) ardınca getməkdir.

Həqiqətdə məhəbbət təbii bir əsərdir ki, insanı məhbubuna və onun istəklərinə tərəf sürükləyir. Əlbəttə o da mümkündür ki, məhəbbət zəif olsun və onun şüası insan qəlbindən kənara çıxmasın. Ancaq bu məhəbbətlər o qədər cüzidirlər ki, hətta ona məhəbbət adı qoymaq belə çox çətin olur. Əsl məhəbbətin mütləq əməli təsiri olmalıdır və onun sahibi ilə məhbub arasında mütləq bir bağlılıq olmalıdır. Və bu da onun istəkləri yolunda səmərəli səylərə gətirib çıxaracaqdır.

İnsanın bir şeyə eşq və əlaqəsi mütləq ona xatirdir ki, həmin şeydə o kamala çatsın. İnsan heç bir zaman qüvvəsi və qücü olmayan bir şeyə məhəbbət hiss etməz . Beləliklə insanın Allaha eşqinin səbəbi odur ki, bu ilahi qüvvə hər növ kamalın mənşəyi və mənbəyidir. Təbii ki, bu varlığın bütün göstərişləri və tövsiyyələri də kamildir. Bu halda necə mümkündür ki, təkamül və inkişafın aşiqi olan insan bu tövsiyələrdən üz döndərə. Əgər üz döndərdi, bu onun eşq və məhəbbətinin yoxluğuna dəlalət edəcəkdir. Onlar ki, gecə və gündüz Allaha eşq və məhəbbətdən dəm vururlar, ancaq əməldə bir zərrə də olsa ilahi övliyalara bənzəmirlər. Onlar ki, başdan-ayağa günah içindədirlər, buna baxmayaraq elə bilirlər ki, qəlbləri Allah, Peyğəmbər, Əmirəl-mömünin və böyük rəhbərlərin eşqi ilə doludur və ya bu əqidədədirlər ki, iman, eşq və məhəbbət ancaq qəlbdə olmalıdır və əmələ heç bir aidiyyəti yoxdur. Və onlar çox təssüf ki, İslam məntiqindən çox uzaqdırlar. Axı ancaq dildə məhəbbət olmur, onun əməli təzahürü də olmalıdır.

İmam Sadiq (ə) buyurur: «O kəs ki, günah işlədir Allahı sevmir».

İlahi məntiqə görə, əgər Allaha məhəbbətiniz varsa, onun təsiri həyat və yaşayışınızda təzahür edibsə, deməli Allah da sizi çox istəyir və bu dostluğun təsiri Allahla sizin münasibətinizdə aşkar olacaqdır.

Bəzi rəvayətlərdə nəql olunur ki, din məhəbbətdən savayı bir şey deyildir. Bu rəvayətin məqsədi odur ki, dinin həqiqət və ruhu, Allaha olan həmin iman və eşqdir. Əgər iman və eşqin şüası insan vücudunun hər yerini işıqlandırarsa, onun bədənin bütün əzaları bu eşq şüasının təsiri altına düşər. Və bunun da bariz nümunəsi Allah fərmanına əməl etməkdir.

Məşhədi Xanım, «Dəyərlər»