четверг, марта 13, 2008

Təəbbüd dəhşəti

Məhərrəm-səfər əyyamı günləri arxada qaldı. Amma hər zaman Kərbəla müsibəti haqda, onun törənmə səbəbləri və ümumiyyətlə zəncirvari bağlılıqla müsəlmanların bugünki duruma düşmələrinin səbəbləri haqda düşünəndə Təəbbüd dəhşəti göz önünə gəlir.
Axı necə olur ki imam Əli (ə) kimi bir şəxsiyyətin olduğu bir dövrdə lənətlik Muaviyə kimisi müsəlmanlara hökmranlıq etmə məqamına nail olur və güc toplayır? Bu sualın cavabı bizi Həzrət Peyğəmbərin (s) vəfatından sonrakı acı hadisələrə aparıb çıxartsa da, məqsədim ayrı-ayrı tarixi şəxslərin etdikləri çirkin əməlləri (hansılarının ki, nəticəsində Allahın nuru olan İslam dininə elə zərbələr vurulur ki, hələ də islam ümməti onlardan əziyyət çəkir) araşdırmaq deyil. Məqsədim o dövrki müsəlmanların çox mühüm olan əqidəvi məsələlərdə Təəbbüdə yol verməkləri idi.
Həmişə ümmətin gələcəyi haqda çox narahat olan Xatəmül-ənbiyanın (s) vəfatından cəmi 70 gün öncə Allahın əmri ilə 120 mindən çox müsəlmana özünün tezliklə onlardan ayrılacağına işarə edib özündən sonra nə edəcəklərini, kimin dalınca gedəcəklərini bəyan etmiş və sözlərinin orada olmayanlara çatdırılmasını tapşırmışdı. Bəs nə oldu o müsəlmanlar? Zalım hoqqabazlar İmam Əlini (ə) tutub öldurməklə hədələyərək beyyət etməsini tələb etdikdə, imam - "Əgər 40 nəfər köməkçim olsaydı, sizi pərakəndə edərdim" deyən o çox məsuluyyətli və həssas vaxtlarda hansı mövqe tutdu müsəlmanlar? Birinci xəlifənin elanından sonra yaranmış şok və onun məntiqi nəticələri nə səbəbə özünü lazımi səviyyədə bürüzə vermədi? Hansı məntiqlə yanaşdı müsəlmanlar olub bitənlərə? "Onlar lap əvvəldən Peyğəmbərin (s) yanındadırlar, onlar da orada idilıər, onlar daha yaxşı bilərlər" kimi düşüncələr islam ümmətinin çoxluğunu kökündəcə ALLAHIN İSLAM yolundan, kamil dindən sapdırmadımı və ümmətin bugünkü çətinliklərinin təməlini qoymadımı? Siyasi məsələlər ilə dini, elmi məsələləri ayırmadımı? Bu qorxunc Təəbbüd deyilmi ki, müsəlmanları "başbilənlər daha yaxşı bilər" deyə mühüm əqidəvi məsələlərdə araşdırmalardan saxlayan? Bu, "camaat necə, biz də elə", "palaza bürün, elnən sürün" kimi cəfəng məntiq ilə öz ağıllarını düşünmək kimi bir əziyyətdən "qoruyub", başını gündəlik həyatın qayğılarına qatıb, insanı ayılmaqdan, əbədi səadət yolundan saxlayan, cılızlaşdıran, bədbəxt edən yanaşma deyilmi? Allahın müqəddəs Quranda - "onlar heç düşünməzlərmi" - deyə dağıtmaq istədiyi ətalətli düşüncə bu deyilmi? Bu cür qeyri-passionar axının qarşısında ancaq saf Əhli-beyt çeşməsindən içmiş Əllamə Təbatəbai kimi dahi dühalar dayana bilər.
Bəli, düşünməyi başqalarının öhdəsinə buraxanda, sənin əvəzinə hər şeyi: necə yaşamağını, nəyə baxmağını, yollarda, küçələrdə nəyi ğörməli olduğunu, nə səviyyədə hüquq və azadlıqlara malik olmağını, uşaqların oynadıqları videooyunları və s. başqaları təyin edəcəklər.
Allah bizləri özü bəyəndiyi düşüncə tərzinə yönəltsin, o düşüncəyə ki, Yezid zabiti Hürrü həzrəti Hürr etdi.
Allahım! Bizim diriliyimizi mövla Əli əleyhissalamın diriliyindən, ölümümüzü də Əli əleyhissəlamın ölümündən qərar ver, inşəəllah. Amin!

Muhəmməd Əmircanov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi


Комментариев нет: