четверг, февраля 28, 2008

Səcdə - mənəvi yüksəliş

Səcdə - bəndənin Rəbbi qarşısında zəifliyini və acizliyini ifadə edir, Allahın əzəmət və əbədiliyinin müqabilində bütün varlıqların gücsüzlüyünü göstərir.
Məgər bütün yaranış Uca Allahın əzəməti və əmri qarşısında səcdə etmirmi? Bəs biz nə üçün kainatla birgə bizi yaradana səcdə etməyək?
Bəndəlik rəmzi sayılan səcdə məqamında insanın özünü kiçik sanması, təzim etməsi, nəfsini sındırması, təvazökarlığı, bütün vücudunu haqqa təslim etməsi gərəkdir. Bir anlıq da olsa dünyəvi hisslərdən ayrılıb Rəbbinə təzim etməsi - insan övladının Uca Yaradanı qarşısında mənəvi yüksəlişidir. Bütün varlığı ilə Rəbbinin qarşısında əyilməsi o mübarək nurun insanlığa verdiyi bir töhfədir.
Adəm xəlq edildikdən sonra bütün mələklər ona səcdə etdilər. Allah mələklərə Adəmə səcdə etməyi əmr etdiyi halda, Adəmə yalnız Onun Özü müqabilində səcdə etməsinə icazə verdi. Ancaq bəzən insan təbii halı olan səcdənin həqiqi ünvanını itirir. O, bəzən hisslərinə, tükənmək bilməyən ehtiraslarına, bəzənsə pula, məqama, şöhrətə səcdə edir.
İnsana lütf edilən bu şərəfli iş şeytan üçün ən çətin, ağır və dözülməz bir hal hesab olunur. Həmin şeytan ki, öz təkəbbür və qüruru üzündən Adəmə səcdə etməkdən imtina etdi, İlahinin dərgahından qovuldu və həmişəlik lənətə düçar oldu.
İmam Sadiq (ə) buyurur: "Hər kəs ömründə bir dəfə də olsa, səcdənin həqiqətini rədd edib ondan boyun qaçırıbsa, nə böyük ziyan çəkib! Amma o kəslər ki, səcdə halında nəfsin hiylələrinə uymadan öz Pərvərdigarı ilə xəlvət qalıb, Ondan qəflət etməyib, Allah Təala onlar üçün təcili müjdə və axirət rahatlığı hazırlayar. Hər kəs səcdə halında Allaha müqərrəb oldusa, əbədi olaraq Ondan uzaqlaşmaz. Lakin ədəbi pis olan və öz Pərvərdigarına hörmətsizlik edib səcdə halında qəlbi başqa şeylərlə məşğul olan kəs heç vaxt Allaha müqərrəb ola bilməz".
Səcdə edənlərin zinəti, abidlərin fəxri sayılan İmam Səccad (ə) səcdədə olarkən o qədər böyük diqqətlə Allahın adını təkrar edirdi ki, başını qaldırarkən mübarək bədəni tərə bürünmüş olardı. Səcdəsi zaman baxımından uzun çəkdiyinə görə səcdə yerləri qabar bağlayarmış.
Səcdə namazın mühüm hissələrindəndir və məzhəblər arasında səcdənin hansı qaydada yerinə yetirilməsi məsələsində fikir ayrılığı yoxdur. Bütün mənsəblər bədənin 7 üzvünün yerə qoyulmasını bildirmişlər. İxtilaf isə " Səcdə nəyin üzərinə edilməlidir?" sualı ətrafındadır.
Səcdə nəyin üzərinə edilməlidir barədə nəql olunan Peyğəmbər (s) hədisləri olduqca çoxdur. Burada mütəvatir olduğu barədə fikir ayrılığı olmayan " Yer mənim üçün səcdəgah və pak qərar verildi" hədisinin qısa şərhini verməklə nəticə çıxarmağa çalışacağıq.
Hədisdən göründüyü kimi, səcdə yalnız yer üzərinə edilməlidir. Digər tərəfdən də başa düşülür ki, islam şəriətinə görə toxunma şeylər üzərinə səcdə düzgün deyil. Çünki bu cür şeylər "yer" adlanmır. Deməli, " yer " adlanmayan əşyalar üzərinə edilən səcdəyə islam şəriəti icazə vermir.
Səcdə Allah Təala qarşısında kiçiklik, mütilik, itaətkarlıq əlamətidir. Allah əzəməti qarşısında olan bu mütilik və itaətkarlıq yalnız torpaq üzərinə edilən səcdə vasitəsilə tamamlanır. Bahalı döşəmə, qiymətli xalça üzərinə edilən səcdədə bu cür mütilik və kiçiklik yoxdur.
Bəs İmam Hüseyn (ə) türbəti üzərinə edilən səcdənin əhəmiyyəti niyə böyükdür?
Birincisi, Allah Təala Kərbəla torpağını yaradandan bəri onu müqəddəs və əzəmətli etmişdir. Peyğəmbər (s) buyurub: "Kərbəla torpağı yer kürəsinin bütün torpaqlarından pakdır, ona görə ki, o cənnət çəmənliklərindən biridir".

İkincisi, Kərbəla torpağının müqəddəsliyi və əzəməti ondadır ki, o İmam Hüseyn (ə) kimi Peyğəmbər (s) nəvəsinin mübarək vücudunu özündə saxlayır. İmam Hüseyn (ə) o kəsdir ki, Allah yolunda hər bir şeydən keçdi, ən əzizlərini, özünü qurban verdi və öz qanı ilə islamı dirçəltdi, aradan getməyə qoymadı. Ona görə də İmam Hüseyn (ə) kimi əzəmətli bir şəxsiyyətin vücudunu özündə saxlayan bir torpağın, əlbəttə ki, hörməti Allah dərgahında böyükdür.
Seyidəş-şühədanın pak türbəti azadlıq məktəbi, şəhadət rəmzidir. Bu müqəddəs torpağa səcdə etmək insanı Kərbəla, Aşura mədəniyyəti ilə tanış və yaxın edir.
Odur ki, ey bəndə, zəlil halda böyük təvazö ilə səcdə et və bil ki, O səni torpaqdan yaradıb, murdar nütfənin tərkibindən vücuda gətirib. Həm də bil ki, səcdənin mənası Allah Təalaya qəlblə və ruhla müqərrəb olmaqdır. Hər kəs Ona yaxın olsa, qeyri şeylərin hamısından uzaq olar.
Allah Təala bizləri daim Onun hüzurunda səcdə halında olanlardan qərar versin. Amin!!!

Aysel Kərimova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası «Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Комментариев нет: