вторник, января 22, 2008

DƏYƏRLİ AY


Dünyada bir neçə təqvim mövcuddur ki, bunlardan biri də müsəlman təqvimi olan hicri-qəməri təqvimidir. «Qəmər» sözü ərəbcə «ay» deməkdir. Bu təqvimin göy cismi olan ayla baglılığı ondadır ki, ayın hərəkətinə əsaslanır. Belə ki, ayın hər dəfə öz oxu ətrafında fırlanması bir qəməri ayına bərabər olur. Bu da təqribən 29.5 sutka təşkil edir və ilin günlərinin sayı isə 354-355 gün olur. Onu da vurğulamaq yerinə düşərdi ki, bu tarixin başlanğıcı Həzrət Peyğəmbərin (s) Məkkədən Mədinəyə hicrəti dövründən hesablanır.

Hicri-qəməri təqvimi Məhərrəm ayı ilə başlayır. Məhərrəm İslamın müqəddəs aylarından hesab olunur və o həm də haram aylardan sayılır – bu ayda müharibə etmək yasaqlanmışdır. Müsəlman aylarından hər birinin hikmət və dəyəri vardır ki, inanclı insanlar faydalanma baxımından onlara böyük önəm və qiymət verirlər. Bu ayların içərisində Məhərrəm ayının özünəməxsus yeri var.

Bəs Məhərrəm ayını müqəddəsləşdirən və digər ayların fövqündə saxlayan, ona sonsuz fəzilət və dəyər verən nədir? Hicri-qəməri təqvimi aylarının hər birininmi gəlişi belə maraq, belə həyəcan, belə ehtiram, belə hüzn və belə diqqətlə qarşılanır? Əlbəttə ki, yox.

Məhərrəm ayını diqqət mərkəzində saxlayan, hüzn və matəm baxımından bu qədər əhəmiyyətli edən, əsrlərlə yaddaşlardan silinməyən və həmişə diri saxlayan – Kərbəla vaqeəsi ilə bağlı olan Aşura mərasimi və əzadarlıqdır.

Bu hadisədən üzü bəri əsrlər boyu məzhəbindən, əqidəsindən, tutduğu mövqeyindən asılı olmayaraq bir sıra şəxsiyyətlər bu hadisəyə öz münasibətlərini müxtəlif şəkildə bildirmişlər.

Əhli-sünnə alimi olan Şeyx Əbdullahi Əlanın fikirləri isə daha çox maraq doğurur. O, bu hadisəni belə qiymətləndirir ki, İslam tarixini iki hicrət təyin etmişdir. Bu hicrətin əvvəli Peyğəmbərin (s) Məkkədən Mədinəyə hicrəti olmuşdur ki, aradan getmək təhlükəsi olan İslamın taleyini dəyişdi, ona can verdi və onu dirçəltdi. İkinci hicrəti isə İmam Hüseyn (ə) Mədinədən Məkkəyə etdi və bunun nəticəsi oldu ki, İslam bir din olaraq bu günə qədər yaşayır və Qiyamətə qədər də yaşayacaqdır.

İmam Hüseyn (ə) özü və pak ailəsindən olan neçə-neçə cavan İslamı xilas etmək üçün canını və qanını qurban verdi. İmam Hüseyn (ə) özü bu barədə buyurmuşdur: "Mən Peyğəmbər ümmətini hidayət etmək, yaxşılıqlara dəvət və pisliklərdən çəkindirmək üçün qiyam etdim"

Həmin dövrdə lənətlik Müaviyyə oğlu Yezid İslam xilafətini qəsb etmişdir. Yezid fasiq, əxlaqsız, günahı zahirdə edən bir ünsür idi. İslam dövlətinin idarəsini belə bir şəxsin əlində cəmlənməsini necə qəbul etmək olardı? Bütün bunlarla bərabər kufəlilərin İmama müraciət etməsi də qiyamın əsas səbəblərindəndir. İmama çatan bu cür müraciət məktublarının sayı 18 minə çatırdı. İmam Hüseyn (ə) bu qədər insanın səsinə necə səs verməyəydi?! Təbii ki, Kufə camaatı İmam Hüseyni (ə) dəvət etməsəydi belə, bu qiyam yenə baş verəcəkdi. Çünki İmam Hüseyn (ə) Kufə əhalisinin dəvətindən qabaq da Yezidin hakimiyyətinə qarşı çıxmışdır. Bu da əbəs yerə deyildi. İslam dövlətinin rəhbərliyi Yezid kimi insana tapşırılsaydı, İslamdan bu günə qədər əsər-əlamət qalmazdı. Məs buna görə İmam Hüseyni (ə) İslamın xilaskarı adlandırırlar.

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Zemfira Nəsrullayeva



3 комментария:

Unknown комментирует...

Maraqli ve maariflendirici meqaledir. Bir az da meherrem ayinin felsefesini derin achmaq ve bununla yekunlashmaq olardi.

Abbasova L. комментирует...

Yaxshi meqaledir. Yaxshi ve maraqli yazilib. Amma sanki noqtesi qoyulmayib. Bir qeder artirilib tamamlansa, daha gozel olar.

bikexanim комментирует...

4-cu abzasda cumlenin menasi bilinmir,4 ve5 ci abzaslar arasinda rabite qiriqligi var meqalenin adi ile sonluqu arasinda ferq var melumatliq baximindan yaxshidir