четверг, апреля 10, 2008

SƏBR VƏ UĞUR

Kainatı, təbiəti, gördüyümüz və görmədiyimiz hər bir şeyi mükəmməl və dərin hikmətilə yaradan ALLAHın adı ilə!
Hər bir yaratdığına hikmət qoyan Allaha həmd olsun!
Ətrafımıza diqqətlə baxsaq, çox hikmətlər görüb-götürə bilərik. Həm canlı, həm cansız təbiətdə, gündəlik həyatımızda. Məs: Dağa baxsaq həyatın keşməkeşli anlarına qarşı müqaviməti, dayanıqlığı öyrənirik. Dağ silsiləsinə baxsaq “Tək əldən səs çıxmaz” məsəlinə uyğun özünü tək və gücsüz hiss etdiyində arxalanacaq dostlarla birləşməyi öyrənirik. Çaylara baxıb məqsədimizə çatmaq üçün həyat yollarımızı necə seçməyi öyrənirik. Qarışqa bizə zəhmətkeşliyi, qənaət və tədarükü öyrədir. Biz çox şeyi Allahın qoyduğu hikmətlərlə öyrənmişik. Hətta Adəm oğlu Qabil öz qardaşı Habili öldürdüyündən sonra onu necə gizlədəcəyini bilməyərək aciz qaldığı halda, qarğalardan yeri qazıb basdırmağı öyrənmişdi. Sadalamaqla bitməz görüb-götürəcəyimiz hikmətlər. Bəs görəsən bambuk ağacı bizə nəyi öyrədir?
Çinlilər bambuk ağacını belə yetişdirirlər: əvvəlcə toxum əkilir, sulanır və gübrələnir. Birinci il toxumda heç bir dəyişiklik baş vermir. Toxum yenidən sulanıb, gübrələnir. Bambuk ağacı ikinci il də torpağın üzünə çıxmır. Üçüncü və dördüncü illərdə də eyni işlər təkrar edilir, bambuk toxumu sulanır və gübrələnir. Lakin inadcıl toxum bu il də cücərmir. Çinlilər böyük səbrlə beşinci ildə də bambuka su və gübrə verməyə davam edirlər. Və nəhayət beşinci ilin sonuna doğru bambuk cücərməyə başlayır və altı həftəlik qısa vaxt ərzində 27 metrə çatır.
Əvvəldə qeyd etdiyimiz “Bambuk ağacı bizə nəyi öyrədir?” sualına cavab isə : “Bambuk ağacı bizə “SƏBR” etməyi öyrədir.”
Ağla gələn ilk sual budur: Çin bambuk ağacı 27 metrə altı həftədə yoxsa beş ildə çatdı? Bu sualın cavabı təbii ki, beş ildir. Böyük bir səbrlə beş il boyunca sulanıb gübrələnməsəydi, ağacın nəinki böyüməsindən, heç mövcudluğundan belə söz açmaq olmazdı. Gündəlik həyatımızda da bəlkə beş il, bəlkə on il, ya da daha çox səbr etməli illərimiz vardır. Bəs görəsən bambuk ağacı yetişdirən çinlilər kimi səbirliyikmi? Bilirikmi, uğurun və müvəffəqiyyətin açarı səbrdir?! Müqəddəs dinimiz bizə bunu tövsiyyə edir. Necə ki, Qurani-Kərimdə buyrulur: “Ey iman gətirənlər! Səbrli olun və başqalarını da səborə sövq edin!” («Ali-İmran», 200).
Səbr etmək hər bir uğurun, müvəffəqiyyətin ilk şərtidir. Hər hansı bir işin sonunun gözəl və nəticəsinin xeyirli olması üçün ilk əvvəl səbr etmək lazımdır. Amma bu o demək deyil ki, əli-qolu bağlı oturub gözləməlisən. İmkan daxilində çalışmaq lazımdır. Cəhd göstərmək lazımdır. Hətta illər boyu çalışıb-çalışıb nəticəsini görmədikdə belə, təəssüflənib ruhdan düşmək olmaz.
Əminəm ki, “Səbr edənlərdənəm” deyənlərin sayı olduqca çoxdur. Ancaq iş əmələ gəldikdə heç də səbr edənlərdən olmurlar. Bu arada sizə bir hekayəni təqdim etmək istərdim:
Bir vaxtlar Hüseyn adlı bir cavan oğlan ucqar kəndlərdən birində yaşayırmış. Hüseyn evlənir və toy məclisinə Quran surələri, ilahi şe`rlər oxuyan, gözəl nəsihətlər verən çoxlu dindarları çağırır. Hüseynin həmin bilmişlərin,dindarların halından çox xoşu gəlir. Onların elmi və dini bilgiləri onu valeh edir. Evlilik həyatının elə ilk iki-üç aylarında elm öyrənmək üçün qürbət ellərə getməyə qərar verir. (“Elm hətta Çində olsa belə onun ardınca get” - buyurur Peyğəmbəri-Əkrəm(s).) Və düz iyirmi bir il evindən uzaqda, qürbətdə elm öyrənir, sonunda istədiyi dərəcəni əldə edir. Nəhayət evinə qayıtmağa qərara alır, yola düşür. Öz kəndinə gedən yoldakı bütün kəndləri gəzir və bir kənddə yaşlı qocanın evində bir gecəlik qalır. Axşam ikən söhbət əsnasında qoca Hüseynə buyurur:
- Gəl sənə bir sual verim, görək biləcəksənmi ? De görək elmin başı, əvvəli nədir?
Hüseyn cavabında:
- “Bismillah”dır .
- Xeyr,bilmədin.
- “Fatihə”dir
- Yenə bilmədin.
- “Nasara Yensuru”dur.( xristianlığın bir qolu)
- Yox, yox. Yenə bilmədin.
Hüseyn bu sualı cavablandıra bilmir və:
- Yaxşı, mən tapa bilmədim. Siz deyin.
- “Yox, belə rahat sənə onun cavabını deməyəcəm. Sualın cavabı əvəzində mənim yanımda altı ay ərzində işləməlisən” deyə qoca buyurur.
Hüseyn razülaşgr və kəndin dünyagörmüş ixtiyar qocasının yangnda düz altı ay müddətində işləyir. Vaxt tamam olanda Hüseyn yaşlı qocadan sualın cavabını soruşur. Cavabında:
- Orlum, Elmin başı, əvvəli “SƏBR”dir- deyə buyurur.
Hüseyn təəccüblənərək :
- Sən məni bu qədər elə bircə bu söz üçünmü saxlatmısan?! Mən də elə bildim ki, yeni bir şey öyrənərəm. Məgər mən səbri bilmirəm?! Sənə saatlarca səbr haqqında danışaram. Sənin heç insafın yoxdurmu? Bunu mənə necə qıydın? Bu qədər vaxtım hədər getdi.
- Hirslənmə, oğlum! Sən səbrin elmini bilirsən, saatlarca da bu haqda danışa bilərsən. Amma səni ilk gördüyüm gündən başa düşmüşdüm ki, səbr etməyi bilmirsən. Səbri bilmək ayrı, səbr etmək ayrı. Səbr etməyi sən burda altı ay sualın cavabını gözləyəndə öyrəndin. Indi isə yolun açıq olsun! Amma unutma, tələsmə! Səbr et ! Sonra qərar ver!
Beləliklə, Hüseyn yoluna davam etmiş, öz kəndinə axşam qaranlıqda çatmışdı. Evinə yaxınlaşanda görür ki, bir cavan oğlan onun evinə daxil olur. Qəlbinə çoxlu şübhələr düşür: “Olmaya yoldaşım başqası ilə evlənib?....Öldürərəm, Vallah öldürərəm! Əgər məni aldadırsa!..” Birdən qocanın sözləri yadına düşür və öz-özünə: “Hələ bir səbr et, tələsmə! Hələ bir sabah olsun”. Beləliklə, sabah açılır. Sübh namazını məsciddə camaatla qılır və cammat arasında yaşlı, ixtiyar qocalardan molla Hüseyn adlı birini maraqlanır. Qocalar:
- Əlbəttə tanıyırıq. Bizə namazı qıldıran (imam-camaat) gənc oğlan elə onun oğlu idi. O olmadan atası təhsil üçün getmiş və qayıtmamışdır.
Hüseyn başa düşür ki, dünənki gənc onun oğlu imiş və səbrin gözəlliyini bir daha başa düşür və Allaha həmd-səna edərək, dəfələrcə şükr edir.
Baxın, hekayəmizin qəhramanı da “Səbr edənlərdənəm” deyənlərdən idi, halbuki səbri altı ay ərzində öyrəndi. Bəs biz necə? Səbr etməyi öyrəndikmi?
Həyatının hər bir anında, hər bir çətinliyə səbr edən, əsl “Səbr edənlər”dən olan sevgili Peyğəmbərimiz (s) səbirli şəxsin üç əlamətini göstərmişdir: “Birincisi budur ki, tənbəllik etməsin. Ikinsisi budur ki, ah-nalə etməsin. Üşüncüsü budur ki, Allah Təalaya şikayət etməsin. Çünki, o, tənbəllik edərsə, haqqı zay etmiş olur. Ah-nalə edərsə, şükrü yetirməmiş olur. Rəbbindən şikayət etdikdə isə ona qarşı üsyankarlıq edər.”
Yuxarıda gətirilən bəhsləri təhlil etmiş olsaq mə`lum olacaq ki, səbrli insanın xüsusiyyətləri həm çinlidə, həm də Hüseyndə vardır. Belə ki, çinlilər beş il suvarıb, gübrələməyə tənbəllik göstərmirlər. Hüseyn də həmçinin, altı ay qocanın yanında işləməyə razılaşır. Ah-nalə də etmirlər. Hər il toxumun cücərmədiyinə baxmayaraq ruhdan düşməyib beşinci ili də bambuku suvarıb, gübrələyirlər. Hüseyn də qəlbinə düşən bir çox şübhələrə güc gəlir, sabahı gözləyir. Və sonunda hər ikisi uğur əldə edirlər. Çinlinin uğuru 27 metrə çatan bambuk ağacı olur, Hüseyn isə həm sağ-salamat ailəsinə qovuşur, həm də istədiyi elmi dərəcəni əldə edir. Elm özü bir uğurdur.
Nə bambuk ağacı yetişdirən çinli olaq, nə də ki, elm öyrənən Hüseyn. Halbuki, nə çoxdur illərcə yetişdirdiyimiz “Bambuk ağacları”, nə çoxdur qəzəbləndiyimiz, şübhələrə düşdüyümüz anlar. Sadəcə özümüz olaq. Lakin səbr edənlərdən olaq. Çünki, Allah Təbarəkə və Təala səbr edənləri sevir. Səbr Allahın bizə əta etdiyi ən gözəl ne`mətlərdəndir. Bu ne`mətdən lazımınca faydalansaq dünya və axirətdə xeyrini görmüş olarıq.
Peyğəmbəri-Əkrəmə (s.) nisbət verilən hədisdə deyilir: «Pərvərdigara! Məni imtahana çəkdiyin şeylərdə SƏBR əta et!». Amin!

Leyla Masiyeva
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi


Комментариев нет: