пятница, января 25, 2008

MƏHƏRRƏM AYI XATİRƏLƏRDƏN BU GÜNƏ

"Bir gecə təkbaşına yazı yazarkən bir təqvim üzərindəki rəsmə gözüm dikilmişdi. Rəsmdə tamamən qara bir sahənin ortasinda kicik şam yanırdı. Və şamın alovu qaranlıqla müqayısədə cox kicikdi. Bu rəsmin altında isə ərəbcə bir şeir yazılmışdı: "Mənim bu qaranlığı aradan aparmağım mümkün olmaya bilər. Fəqət bu kiçicik işıq ilə qaranlıqla nurun, haqq ilə batilin arasındakı fərqi göstərə bilərəm. Nə qədər kiçik olsa da işığı axtaran kəslərin qəlbində bu işıq böyüyəcəkdir". O gecə bu şer və rəsmin təsiri altında qalmışdım. Çox keçmədən rəsmi çəkən və şeri yazanla qarşılaşdığımda heyrətimi gizlətmədim. O adam Mustafa Çamrandan başqası deyildi".

Xanım Qatə Çamran. "Yarı gizli ay"


Hər daşı bir naməlumdur bu dünyanın. Gündüzü alatoran, gecəsi zulmət dünya. Göz-gözü görməyən bu aləmdə insan oğlu daim bir çıxış yolu axtarmış, gecənin yırtıcılığından qorunmaq üçün bir sığınacaq yeri ummuşdur. Fəqət yorulmamış insan həyatını qaranlıqlardan və ya qara ləkələrdən təmizləmək üçün. Bu zaman ideallar axtarmış, şüurlu, ya da kortəbii şəkildə təqib etmiş onları. Kiminin idealları onun həyatına gecəyarısı dənizin tən ortasında hökm sürən uğultulu, qorxunc bir səssizliyi çökdürmüş, kimininkisə gecəyarısı ucu-bucağı görünməyən səhrada sanki ona ay işığı tək yol göstərmişdir.

Bu fitri təlatümlər məndən də yan keçmədi. Hər kəsdə olduğu kimi, məndə də bu sahədə xəyallarımın mənə bəxş etdiyi, hətta bir çox hallarda utopik həddə qədər yüksələn ideal anlayışları yarandı. Bu ideallar məni zabit, hüquqşünas, politoloq və ucqar bir yerdə kənd müəllimi də etmişdi desəm inanın ki, yalan danışmış olmaram. Və xoşbəxt günlərin biridə mən İmam Hüseyni (ə) ideal olaraq tapdım. Əslində heç indiyə qədər də bilmirəm İmam Hüseyni (ə) tapdımmı, yoxsa bu İlahinin bir hədiyyəsi idi. Dünyada 6 milyard əhali olduğu halda mənim də Hüseyni (ə) tanıma şərəfinə layiq olmağım, əlbəttə ki, sual doğurmamış deyil. Bilmirəm, bu anamın kiçikkən Məhərrəm ayının 10-da əlimdən tutaraq, hətta dərs olduğu halda İmamla əlaqəli məclislərə aparmasının məntiqi nəticəsi idi və ya başqa səbəbi var, bilmirəm. Başqa vaxtlar öz diliylə desək (əslində bütün mətn onun dilindədir) "dərsdən qalsan gözünü çıxararam" deyən anamın bu gün, məhz İmam Hüseynin (ə) şəhadətə çatdığı gün məni məclis-məclis gəzdirməsi o zaman mənim üçün çox təəccüblü idi və nə baş verdiyini anlamırdım.

Elə bəlkə də, o vaxtlar məsələnin mahiyyətini başa düşmədiyim üçün dərsə getməməyim səbəbindən İmam Hüseyni (ə) çox sevirdim. İllər keçdi və mənim üçün ideallaşan İmam Hüseyn (ə) bir zamanlar dərsdən qaldığım üçün sevilirdisə, bu dəfə dərsi, elmi, kitabı sevmə səbəbinə çevrildi. Hələ o vaxtlar iki ay müddətində anam bir qədər saralmış vərəqlərdə köhnə kiril əlifbası ilə yazılı mərsiyələrini oxuyar, mən də onun dizi kənarında kiçik və ətli əllərimlə mərsiyə sədaları altında dizimə və ya sinəmə vurardım. Bu mərsiyələri deyə-deyə anam kövrəlib ağlayar, mənsə duruxmuş baxışlarla anamın yaşlı gözlərini min bir sual içimdə doğaraq seyr edərdim. Əslində məni anamın həzin və kövrək səsi cəlb edirdi. Körpəykən bu səsin həzin laylaları altında çox uyumuşdum. İndi isə o səsi yenidən tapmışmış kimi mərsiyələrin sədaları altında sanki körpələşirdim. Bu laylaların sevimliliyi məni bir neçə il sonra Kərbəla səhnələrini özündə əks etdirən mərsiyələrə qulaq asmağa "məcbur"edirdi. Və o zaman heç vaxt düşünmürdüm ki, bu səs bir zamanlar layladan mərsiyə dinləməyə "məcburən" götürdüyü kimi bu "məcburiyyət" mənə illərdən sonra dünyanın bir çox dahilərinin dərs götürdüyü İmam Hüseyn məktəbini tanıdacaq ilk mənbə olacaq. İmam Hüseyn mənə öz şəxsində, hətta xəyllarımın belə yarada bilmədiyi ideal şəxsiyyət obrazını verdi.

Dəhşətlər baş verən İmam Hüseynin Kərbəla məktəbində götürülməli olan nələr yox ki? Bir tərəfdə qana susamış yırtıcılar, digər tərəfdə bir içim su tapmayan insanlıq şahzadələri, bir tərəfdə Ömər b.Sədin "Peyğəmbər(s) nəvəsi üzərinə mən getməsəm də, onsuz başqasını göndərəcəklər" -deyən rəzil bir sifəti, digər tərfdəsə İmam Hüseynin altıaylıq Əli Əsğərini başı üzərinə qaldıraraq, sanki «Allahla mənim aramda heç bir pərdə ola bilməz» deməsini, bir yanda suyu çaqqal tək ciyərlərinə dolduran məlunlar, digər yanda Fəratın yanında dodaqları istidən partlamış, lakin sudan imtina edən Həzrət Əbulfəzlin timsalında hürrüyətin, azadlığın özündən başqa bir şey görmürük.

Azadlığa, hürrüyyətə, məhəbbətə İmam Hüseyn məktəbinin şagirdlərindən gözəl kim tərif verə bilmiş ki! Kərbəla müsibətinin tərifini isə "mən (Kərbəlada) gözəllikdən başqa bir şey görmədim" sözləri ilə xanım Zeynəb vermişdir. Həzrət Zeynəb Kərbəladan Şama dək Əli(ə) nitqi ilə danışmış, lənətlik Yəzid xanədanını Əli (ə) cəsarəti ilə silkələmişdir. Həzrət Zeynəb xanım Fatimə həyası ilə yeri gələndə susmuş, yeri gələndə Həzrət Əli qeyrəti ilə danışmışdır.

ALLAH, bizlərə haqqın memarı İmam Hüseynin (ə) yolu ilə getməyi nəsib et!!! Amin!

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Eynal Qardaşov

4 комментария:

bikexanim комментирует...

meqale cox seliqeli axici oxunaqli ve menali shekilde yazilmishdir

Unknown комментирует...

Maraqli meqaledir ve gunumuz uchun chox mena kesb edir.

Abbasova L. комментирует...

Maraqli meqaledir. Tesirlidir.

Unknown комментирует...

gozel yazilmis 1 meqaledir