пятница, февраля 08, 2008

Böyük ruhların hədəfi

Məşhur klassik ərəb şairi Mütənəbbinin bir şerində deyilir:
"Əgər nəfslər (ruhlar) böyük olarsa, cismlər onun istəklərinə çatmaq üçün əziyyətə düşər."
Demək, böyük ruhlar cismin istəklərinə boyun əyməz. Əksinə, öz istəklərinə, hədəflərinə doğru hərəkətdə cismi məşəqqətə salarlar.
Bu nə deməkdir? Necə olur ki, böyüklük belə bir cazibyə malik olur?
Ən rəzil sifətlərin hədəfinə çevrilmiş kiçik ruhun əksinə olaraq, böyük ruh daha ali, daha müqəddəs və ilahi hədəf dalınca olur.
Biz tarixə nəzər salsaq, bu deyilənlərin bariz nümunəsini müxtəlif insanların simasında müşahidə edə bilərik.
Kimlərsə vəzifə, məqam, yaxud dünyanın aldadıcı həvəslərini əldə etməyə xatir öz şəxsiyyətlərini hər cür rəzilliyə sürükləmiş, elə bu andaca kimlərsə əzab-əziyyətə, işgəncəyə dözərək, cismin alçalmasina, əzilməsinə səbəb olsa da belə, öz şəxsiyyətini, ruhunu uca tutmuş, onu hər cür rəzilətdən hifz etmiş olur.
Bəs insanı bu şəxsiyyəti, ruhu uca tutmağa vadar edən nədir? Nədir insanı dəyərli edən?
Müxtəlif zamanlarda müxtəlif məktəblər olmuşdur ki, bu sualın ətrafında uzun-uzadı mübahisələr aparmış, nəzəriyyələr yaratmışlar. İnsanın bu rəftarının hansı hissə söykəndiyi, hansı məqsəddən irəli gəldiyi heç də laqeyd qalınacaq bir məsələ olmamışdır.
Hərə insan ruhunun, insan şəxsiyyətinin dəyərini bir şeydə görmüşdür.
Özünü şəxşiyyət hiss etmə hissi yalnız fərdə aid olan bir məsələ deyil. Hətta, bir toplumun ən böyük sərmayəsi, o toplumun ucalığı və dəyərliliyi özündə şəxsiyyət mənlik, başqa toplumlardan ehtiycsızlıq hiss etməsindədir.
Şəxsiyyət və mənliyini itirmiş topluma heç bir iqtisadi, elmi inkişafın faydası yoxdur. Əksinə, özünün müstəqillik fəlsəfəsinə etiqadı olan bir toplum bütün var-dövlətini, imkanlarını əldən vermiş olsa da, yenə də öz ayaqları üstə durar.
Almanların gözəl bir sözü var: "Biz ikinci dünya müharibəsində öz mənlik və şəxsiyyətimizdən başqa hər şeyimizi itirdik. Şəxsiyyətimizi itirmədiyimiz üçün hər şeyi yenidən əldə etdik".
Demək, insanın rəzaləti onun ölümündə, onun yaralanıb ayaqlar altına düşməsində, kiminsə əsirinə çevrilib, hər cür işgəncələrə məruz qalmasında deyil. Bir sözlə, rəzil insan cismi alçalan insan yox, ruhu alçalan insandır. Çünki, insanın həqiqəti onun cismində deyil, ruhundadır.
Tarixə nəzər saldıqda bu deyilənlərin şahidi oluruq.
Kərbəla səhnəsi insanlıq məktəbinin ən ali nümunəsidir. İstər fərd baxımından, istərsə də toplum baxımından. Biz insanlıq dəyərini, insan şəxsiyyətinin ucalığını həm Kərbəla şəhidlərinin ictimai mühitində, həm də ayrı-ayrı fərdlərində öz əksini tapdığını görürük. Yezid, Übeydullah, Ömər bin Səd, İbni Ziyad lənətliklər kimi rəzil sifətlərin gözündə zahirən, cismən məğlub olan bu şəhidlər insanlıq nəzərində qələbə çalmış ali ruhlardır.
Lənətlik İbni Ziyad İmam Hüseynin (ə) əsir götürülmüş ailəsini alçaltmaq, özünü qüdrətli göstərmək, camaatın ürəyinə qorxu salmaq üçün öz sarayında böyük bir məclis təşkil edir. Bir çox tanınmış şəxslərin də dəvətli olduğu bu məclisə Həzrət Hüseynin (ə) mübarək kəsilmiş başını və əsirlərin gətirilnəsini əmr edir. Xanım Zeynəb (s.ə.) və ailəsinin məqamından xəbərdar olan İbn Ziyad lənətlik yaşadığı faciəni xatırlatmaqla onu və ailəsini camaat içində alçaltmaq, sındırmaq məqsədilə deyir: "Allaha həmd olsun ki, sizi rüsvay etdi, kökünüzü kəsdi və iddianızı yalan çıxardı. Allahın Əhli-beytə (ə) qarşı etdiklərinə necə baxırsan?"
O ali ruhun rəzil insana verdiyi cavab qarşısında bütün məclis əhlinin qəlbindəki batil sevinc sanki bir yasa çevrilir. Xanım Əhli-beytin (ə) ümmətdəki yüksək məqamını xatırladaraq buyurur: "Allaha həmd olsun ki, bizi öz peyğəmbəri Muhəmmədlə (s) şərəfləndirdi və bizi hər bir çirkinlikdən pak qərar verdi. Onu bil ki, rüsvay edilən yalnız günahkar, təkzib edilən isə yalnız yolunu azandır. O isə biz deyilik, ey Mərcanənin oğlu……Mən bütün bu olanlarda gözəllikdən başqa bir şey görmürəm."
Xanım ətrafdakılara əhəmiyyət vermədən öz çıxışı ilə heç bir məğlubiyyət və alçalmaq hissi keçirmədiyini, əksinə, ailəsinin üzləşdiyi müsibətin din məntiqinə əsasən gözəl bir şey olduğunu bəyan etdi - çünki, Allaha xatir edilmişdi.
Çoxlarının dərk edə bilmədiyi bu zahiri məğlubiyyətin batində nəinki onun ailəsinin, hətta bütün islam dünyasının əbədi qələbəsi olduğunu əsrlər keçməsinə baxmayaraq bütün bəşər aləminə çatdırdı.
Əgər zahiri məğlubiyyət həqiqətdə insan ləyaqətinin alçaldılması olsaydı, kamil insan şəxsiyyətinin ali nümunəsi olan Hüseyn (ə) belə bir addım atmazdı. Çünki o, bu hərəkata başlamazdan öncə onun zahirdə məğlub olacağından və ailəsinin əsir düşərək alçaldılacağından xəbərdar idi. Bunu bəzi zəif məntiqli insanlar da dərk edir, onu bu işdən çəkindirməyə çalışırdılar. Ən azından ailəsini, uşaqlarını bu işə qarışdırmamasını təklif edirdilər.
Ailəsinin məqamını hər bir kəsdən çox yaxşı dərk edən İmam (ə), nəyin bahasına olursa-olsun onları özü ilə aparacağını bildirir.
Əgər zahiri məğlubiyyət rəzil olmaq, alçalmaq deməkdirsə, necə ola bilər ki Əhli-beyti (ə) bütün çirkinliklərdən pak qərar vermiş, bütün bəşəri, hətta axirəti onlara xatir yaratmış Allah bu uca məqamlı şəxsləri cılız bir bəşərin qarşısında alçaltsın? Əgər belə olsaydı, bu Allahın hikmətinə zidd olan məsələ olardı.
Deməli, burada nəsə məntiq və hikmət vardır. Hüseynin (ə) ailəsini özü ilə aparmasındakı məqsədi nə onları tək qoymaq istəməməsi fikri, nə də ki, Əhli-beytinə bağlı olması deyildi. Heç kəs təhlükəli səfərə gedərkən ailəsini özü ilə aparmır. Bəs necə olur ki, bu səfərin nəinki təhlükəli olduğunu, hətta onların hamısının məğlub olaraq öldürüləcəyini, ailəsinin isə əsir düşəcəyini bilən Hüseyn (ə) hətta körpə uşaqlarının da onunla gəlməsini israr edir?
Bilirik ki, mühüm şərait və yerlərdə hər kəsin bir missiyası olur. Demək məlum olur ki, İmam Hüseynin (ə) da bu işi hesablanmış bir missiya olub. Ailəsini də bu səfərə həmin missiyanı və hökmü həyata keçirmək üçün özü ilə aparır. Çünki İslam uğrunda mübarizəyə qalxan İmam bilirdi ki, Peyğəmbər (s) ailəsində nazil olub böyüyən İslamı Peyğəmbər ailəsindən başqa heç kəs qoruyub yaşada bilməz.
Bu fikrində İmam (ə) heç də yanılmadı.
İnformasiya vasitələrinin əsla olmadığı bir mühitdə İslamın səsini nəinki öz yaşadığı dövrə, bütün əsrlərə və minilliklərə çatdırdı İmam Hüseyn (ə). Bununla o, islamın görünməyən tərəflərini göstərdi. İslamın həqiqətini açib göstərən İmam (ə), onun bəşəri bir din olduğunu, islamı kamilləşdirərək ona ali dəyərlilik verdiyini kimi bir çox məsələləri ortalığa qoyur.
Digər tərəfdən bu hadisə sübut edir ki, İslam nəinki yalnız kişilər üzərinə bir missiya qoyaraq onları bir çox məsələlərdə vəzifəli edir. İslam hətta qadını da çox işlərdə, o cümlədən tarix yaratma və yaşatma kimi ağır bir vəzifənin öhdəsindən layiqincə gələ biləcəyini deyir.
Demək, həm İmam Hüseyn(ə), həm İmam Zeynəlabidin (ə, )həm xanım Zeynəb (s), həm də Kərbəlada olan bütün İmam aşiqləri zahiri "mən"lərinin işgəncəyə məruz qalaraq alçaldılmasına səbəb olsa belə, daxili "mən" lərini ucaldaraq bu müqəddəs və ilahi missiyanın öhdəsindən layiqincə gəldilər.
Zillətə boyun əyməyən Əhli-beyt (ə) bəşərə ləyaqətli, dəyərli insan nümunəsini Kərbəla hadisəsi ilə bir daha göstərdi...

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Vüsalə Əliyeva

1 комментарий:

bikexanim комментирует...

ehateli ve mezmunlu yazidir.