четверг, марта 13, 2008

Duanın əhəmiyyəti

"Ey insanlar, siz Allaha möhtacsınız, Allah isə (heç nəyə, o cümlədən, sizin ibadətinizə) möhtac deyildir və hər cür şükrə, tərifə layiqdir!" («Fatir», 15)

Həqiqətən də, insan zatən (fitrətən) ehtiyaclıdır, asılıdır, möhtacdır. Allah isə ehtiyacsızdır, asılılığa, ehtiyaca aparan bütün xüsusiyyətlərdən pak və münəzzəhdir. İnsan isə Allaha möhtacdır, öz Yaradanından asılıdır. İnsan təkcə maddi baxımdan Allahdan asılı deyil, həm də mənəvi cəhətdən Allaha möhtacdır. Çünki Allahla insan arasında olan "qəni" və "fəqirlik" münasibəti heç də maddiyyətlə xülasələnmir.
Diqqət yetirsək, görərik ki, hətta ən varlı insanlar belə Allaha möhtacdırlar. Çünki insan hər nəyə nail olubsa, bu nail olduqlarının hər biri Allahın lütf və ehsanı sayəsində, Allahın izni ilə, Onun bizə verdiyi güc-qüvvə, əql, istedad və bacarıqlar sayəsindədir. Bir halda ki, bu qədər nemətləri təmannasız olaraq bəxş edən Allahdırsa, heç nə özümüzün deyilsə, Allahdan bu dərəcədə asılıyıqsa və Ona bağlıyıqsa, necə özümüzü varlı, qəni, qüdrətli hesab edib, qürrələnə bilərik? Halbuki, insanın zahirdə malik olduğu qəniliyi də Allah Təalanın qəniliyi ilə müqayisə edilə bilməz. Yalnız zaman və məkan məhdudələrində mövcud olan və özünü maddi cəhətdən qəni hesab edən, təkəbbür libasına bürünən, varlığı ilə öyünən, qürrələnən insanlar belə Allahınkıdır və Onun mülkü, yaratdığı şeylərlə varlı olmuşlar.
Qur'ani-Kərimdə buyurulduğu kimi: "Yerdə və göydə hər nə varsa, Ona məxsusdur". («Bəqərə», 255).
Ey insan! Düşünsən əgər, görərsən ki, hətta öz varlığını, mövcudluğunu, yaşamağını, həyatını belə Allaha borclusan. Hər an çəkdiyin nəfəsin belə Onun ixtiyarındadır. Bu halda necə ola bilər ki, özün Allahın, var-dövlətin isə özününkü olsun?! Bax elə buradan başlayır, məxluqla Xaliqin, insanla Allahın əlaqəsi və insanın bəndəlik münasibəti... Deməli, insan hər cəhətdən ehtiyaclıdır və öz ehtiyaclarını ödəmək üçün yollar, vasitələr axtarır.
Xoş o insanın halına ki, bilir ehtiyac nədir. İnsan bilir ki, onun ehtiyac duyduğu şeylər Allahın əlindədir və buna görə də yalnız Ondan istəməli, Ona dua etməlidir. Təbii ki, insan öz ehtiyaclarını aradan qaldırmaq, istəklərinə çatmaq üçün özündə diləmək və istəmək hissi duyur. İnsanın bu halətinə yaxşı bələd olan, onu özündən də yaxşı tanıyan Allah insana yalnız Ondan diləməyə və yalnız Ona dua etməyə əmr edib. Lakin, bəzən insan özünü Allahdan ehtiyacsız hiss edərək qürurlanır və Allaha ibadət etməkdən boyun qaçırır. Allah dərgahına dua etməyi özünə yaraşdırmayan bir insanın bu halətə düşməsinə səbəb, əslində, onun qürur və təkəbbürlü olmasıdır. Belə şəxslər özlərini cəhənnəm əzabına düçar edirlər:
"Rəbbiniz buyurdu: Mənə dua edin. Mən də sizin dualarınızı qəbul edim! Mənə ibadət etməyi qürurlarına sığışdırmayanlar cəhənnəmə zəlil olaraq girəcəklər". («Ğafir», 60).
Səhabələrindən biri bu ayədə göstərilmiş «Mənə ibadət etməyi qürurlarına sığışdırmayanlar Cəhənnəmə zəlil olduqları halda girəcəklər» ifadəsi haqqında İmam Baqirdən (ə) soruşur: "İbadətin daha fəzilətlisi hansıdır?!" Buyurdu: "Allah dərgahında duadan daha fəzilətli ibadət yoxdur, ən mənfuru isə Ona qarşı təkəbbürlü olub, ehtiyacların Onun dərgahından istənilməməsidir".
Allah Təala Qur'ani-Kərimin bir çox ayələrində insanları dua etməyə dəvət edərək, özü də həmin duaları qəbul edəcəyini bildirir: “Məni çağırın, sizin duanızı qəbul edim". (Ğafir, 60). "Bəndələrim səndən, Məni soruşduqda, de: Mən (onlara) yaxınam, Məni çağıranın çağırışına cavab verirəm. (Belə isə) gərək Mənim dəvətimi qəbul edib, Mənə iman gətirsinlər ki, bəlkə düz yol tapalar ". (Bəqərə, 186).
Doğrudan da, insan enişli-yoxuşlu, keşməkeşli həyat cığırlarını addımladıqca bəzən elə çətinliklərlə rastlaşır ki, onların həlli yollarını tapa bilmir. Belə anlarda Allah qapısına üz tutmalı, Ondan yardım diləməli və kömək istəməliyik. Gerçəkdə Allah qapısına üz tutan, Allah dərgahına əl açıb dua edən, təvazökarlıqla öz istək və hacətlərini diləyən elə bir insan varmı ki, Allah qapısından əliboş qayıtsın?! Axı Allah bizim çətinliklərimizi və onların qurtuluş yollarını bizdən daha yaxşı bilir.
"Nə çox ola bilər ki, sizin bir şeydən xoşunuz gəlməsin, amma o, sizin xeyirinizə olsun, nə çox ola bilər ki, siz bir şeyi sevəsiniz, amma o, sizin zərərinizə olsun". (Bəqərə, 216)
Ey insan, sənə bu qədər yaxın olan Allaha dua et - o Allaha ki, səni yoxdan yaratdı, sənin vücudunu yoxluqdan varlığa gətirdi. O Allaha ki, hər an sənə vücud ötürür, hər an sənin varlığını ödəyir. O Allaha ki, yaradılış aləmi başdan-başa Onun qüdrətinin, əzəmətinin nişanələri ilə doludur.
Ey insan, dua et o Allaha ki, ən yüksək kamal sahibi və bütün kamalların, gözəlliklərin zirvəsidir və bəndəsi Onu çağıranda, istəyəndə, ilahi göstərişlərə əməl edib, ilahi sevgisini əməlində təzahür etdirəndə, bütün iradəsini şüurlu şəkildə kamala çatdırmaq, dəyərlərə sahib olmaq, İslamı olduğu kimi yaşatmaq, mənəvi məqamlara çatmaq istiqamətində tətbiq edəndə və layiq olanda Allah da onu öz tutumuna uyğun kamala çatdırır, istəklərini qəbul edir.
Peyğəmbər (s) və onun pak Əhli-beytindən (ə) dua etməyin fəziləti barədə bir neçə hədisləri qeyd etmək olar. Həzrət Peyğəmbər (s) buyurur: "Dua möminin silahı, dinin sütunu, yer və göylərin nurudur".
Həzrət Əli (ə) buyurur: "Allahın agah bəndələri o kəslərdir ki, Allaha çox dua etsinlər".
Duadır - insana çətin anlarda ümid verən, ona sevinc bəxş edən, qəlbinə aramlıq və rahatlıq gətirən! Duadır - ruhun qidası! Duadır - insana ehtiyaclı olduğu məqamlarda hər an Allah qarşısında aciz olduğunu xatırladan, Allaha möhtac olduğunu anladan, insanı təkəbbürdən qoruyan. Əgər belədirsə, Allah Özü bizi dua etməyə çağırırsa, ibadətə təşviq edirsə və dualarımızı qəbul edəcəyinə zəmanət verirsə, nə üçün Yaradanın bu mübarək çağırışına "Ləbbeyk" deməyək?!
İmam Hüseynin (ə) buyurduğu kimi: "Pərvərdigara! Sən, çağıranlar içərisində ən yaxın, çağırışı (duanı) ən tez qəbul edən, əfv edənlərin ən kəramətlisi (Kərimi), ən çox əta edən, sual olunanların ən yaxşı eşidənisən. Ey dünya və axirətdə rəhman, bağışlayan, bu iki dünyada rəhim (rəhməti geniş) Allah".
Allahım, bizə Öz razılığın olan şeyləri nəsib et!
İlahi, bizi təqva libasına bürünənlərdən, həqiqi mömin və möminələrdən qərar ver!

Nübar Lalayeva,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi


Комментариев нет: