среда, марта 05, 2008

SNAYPER, ENTUZİAST VƏ QARABAĞ!

Bu sözlər hər üçü ayrı-ayrılıqda müxtəlif mənalar kəsb edir, hər biri barədə çoxlu məqalə yazmaq olar. Lakin bunları bir araya gətirsək, qısa olaraq belə formalaşdırmaq olar: «Bizim snayper Qarabag döyüşünə hazır olmalıdır». Qeyd olunan cümlədə, ana sözün «snayper» olması bəlli olar. Gəlin baxaq görək snayper nədir, snayper olmaq üçün nələrin olması lazımdır və bu sahədə Qarabağda yenidən müharibə bərpa olunarsa nə kimi hazırlıqlar görülməlidir.

Snayper barədə kifayət qədər məqalələr var. İlk növbədə snayper deyildikdə, məharətli bir atıcı nəzərdə tutulur. Mahir atıcılar həmişə olublar, lakin bu anlayışın hərbidə istifadə edilməsi İngiltərəyə təsadüf olunur. «Snayper» sözü ingilis sözündən tərcümədə «uçan ördəkləri vurmaqda məharətli atıcı» mənasında başa düşülür. İlk olaraq İngiltərədə məharətli atıcıları belə adlandırırdılar, sonradan bu ad burların (Cənubi Afrikaya köçən Holland kolanizatorlarının nəslinin nümayəndələri) arasında geniş yayıldı. Buna səbəb burların öz uzun tüfəngləri ilə ingilis əsgərlərini öldürmələri olub. Sonradan bu ad bütün dünyada geniş yayılır.

Bizim əsrdə snayperlərin geniş tətbiqi ümumi halda İkinci Dünya Müharibəsinə aid dövrə təsadüf edir. Məsələn, 1939-40-cı illərin sovet-fin müharibəsində Finlandiya əsgərlərinin sovet qoşunları üzərində faktiki qələbəsində önəmli yeri məhz snayperlərin işi tutur. Döyüş bölgəsi meşələr olduğundan snayperlərin gizləndikləri yer ağaclar olurdu, o səbəbədən fin snayperlərini «snayper-kukuşka /ququ quşu/» adlandırıblar. Ruslar finlərə məğlub olduqdan sonra bundan bir nəticə olaraq yeni məharətlə atmağa imkan verən silahlar meydana çıxartdılar və bunun sayəsində imkan yarandı ki, İkinici Dünya müharibəsində snayperlərin fəaliyyətindən geniş istifadə olundu. O cümlədən, snayperlər Stalinqrad döyüşlərində almanlara ciddi tələfat vurmuşlar. İkinci Dünya müharibəsi ərzində yüzlərlə qəhrəman snayperlərin hər biri orta hesabla 300-400 alman əsgərlərinin olməsinə səbəb olmuşdur. Misal üçün aşağıdakı cədvələ nəzər sala bilərik. Cədvəldə qeyd olunanlar İkinci Dünya müharibəsi döyüşlərində iştirak edən snayperlərin hamısı deyil, yalnız xüsusilə fərqlənənlərdir:

Vurulan

hədəflərin sayı

Ölkə

Snayperin

adı

702

SSRİ

Mixail İliç Surkov

534

SSRİ

Vasiliy Şalvoviç Kvaçantiradze

505

Finlandiya

Simo Xayxa

~500, 1 tank, 3 tyaqaç

SSRİ

İvan Mixayloviç Sidorenko

494

SSRİ

Nikolay Yakovleviç İlyin

487

SSRİ

İvan Nikolaeviç Kulbertinov

456 [14 snayper]

SSRİ

Vladimir Nikolayeviç Pçelintsev

437

SSRİ

Mixail İvanoviç

429

SSRİ

Fyodor Matveyeviç Oxlopkov

425

SSRİ

Fyodor Trofimoviç Dyaçenko

422 [70 snayper]

SSRİ

Vasiliy İvanoviç Qolosov

422 [12 snayper]

SSRİ

Stefan Vasilyeviç Petrenko

418 [17 snayper] + 1 tank

SSRİ

Nikolay İvanoviç Qaluşkin

417

SSRİ

Afanasiy Yemelyanoviç Qordiyenko

400+

SSRİ

Pyotr Alekseeviç Qonçarov

397

SSRİ

Tuleuqali Nasırxanoviç Abdıbekov

367 [1 general]

SSRİ

Semyon Daniloviç Nomokonov

362 [20 snayper]

SSRİ

İvan Petroviç Antonov

360

SSRİ

Gennadiy İosifoviç Veliçko

349

SSRİ

Abduhaqi İdrisov

346, 1 tank, 8 dzot

SSRİ

Filipp Yakovleviç Rubaxo

Əgər nəzərə alsaq ki, cədvəldə göstərilənlərin hər birinin payına ən azı 300 düşmən əsgəri düşür, onda biz snayperin döyüşdə nə zədər faydalı olmasının şahidi olacağıq. İkinci Dünya müharibəsi zamanı Stalinqradın müdafiəsinin iştirakçısı olan 62-ci alayın komandiri general Vasiliy İvanoviç Çuykovun xatirələrində snayperin döyüşdə nə qədər faydalı və nə qədər lazımlı olmasını oxuya bilərik. Həmin yazıda, o cümlədən, bildirilir: «Snayper - xüsusi seçilmiş, məşq keçmiş və təşəbbüs göstərən, hazırlanmış, entuziast olan döyüşçüdür; mahir atıcıdır və döyüş vəziyyətində nə etdiyni bilən və bunu məharətlə bacaran bir kəsdir. Snayperin məqsədi - qısa bir vaxtda düşmənin əsas və təhlükəli canlı qüvvəsinin aradan götürülməsi, soyuqqanlılıqla və səbirlə gözləyərək, lazım olan anın yetişməyini izləmək və dərhal həmin andan istifadə edərək maksimum dərəcədə düşmənin canlı qüvvəsinə xətər yetirmək. Snayperin məharətliyi - onun ustalıqla düşmənin canlı qüvvəsini tapmaq, onu qiymətləndirmək, şəraitin əlverişli olub-olmadığnı müəyyən etmək və bir atəşlə yox etməklə ölçülür. Snayper nəinki düşmənin canlı qüvvəsini məhv etməlidir, həmiçinin bir atəşlə düşmənin hərbi vəziyyətinin gedişatını pozmalıdır.

Bunun üçün o, ilk növbədə, düşmən kəşfiyyatını məhv etməlidir, əlaqələndirici döyüşçüləri, topçu döyüşçüləri; onların avadanlıqlarını sıradan çıxartmalıdır. Onları «kor» etməli; onların ayaq üstə gəzmələrini məhdudlaşdırmalı; əyilməyə; gizlənməyə məcbur etmək, başlarını belə qalxızmağa qoymamaq; aralarına təşviş salmaq; onları vahiməyə salmaq, dağıtmağa nail olmaq. Snayperin ən mühüm məqsədi - qorxu salmaqdır. Onu gözləməyən yerdə peyda olmalıdır. Snayper, yadda saxla: düşmən səndən qorxmalıdır! Snayper - ovçudur. Bu baxımdan ovçu gərək gözə görsənməyən olsun. Snayperin gözə görsənməməyi düşməni vahiməyə salar, onu təlaşa gətirər. Sənin üsulun - gizlənməkdir. Sənin iş alətin - səbr, lazım olan anı gözləməkdir. Soyuğa, aclığa, ağrıya, hərəkətsizliyə dözməyi öyrən. Ancaq bunlar sənə imkan verər ki, düşməni hər bir anda və vəziyyətdə, hətta müdafiə olunsa belə məhv edəsən. Düşmən - ov şikarı kimidir. İzlə onu və atəşə uyğun olan bir vəziyyətə gətir. Düşmən məharətlidir - sən ondan da məharətli ol. O, dözümlüdür - ondan da səbrli ol. Sənin peşən - sənin məharətindir. Sən başqalarının bacarmadığnı bilirsən. Sənə etibar edirlər. Sənin arxanda - VƏTƏNDİR. Düşmənə qarşı amansız ol. Sən udacaqsan, çünkü sən udmalısan!».

Sovet generalının bu qeydlərini oxuduqda, artıq snaypeirn kim olduğnu dərk etmək çətin olmur. İkinci Dünya müharibəsində və sonralar, keçmiş SSSR-də ayrıca snayper məktəbləri olmadığından, bu hal bizim Milli Ordumuza da miras olaraq keçib. Bizdə kifayət qədər snayperlərin yetişdirilməsi problem olub. Ümumiyyətlə, «snayper» anlıyışı adət üzrə ancaq müharibə vəziyyətinə aid edilir və həmin anlayış sülh dövründə «idman atıcısı» kimi tanınır. Bu səbəbdən müharibə şəraitində idman atıcılığı ilə məşğul olmaqda fərqlənən idmançılar, kifayət etməsə - məharətli ovçular, bu da bəs eləməsə - əsgərlər arasından iti görmə qabiliyyətinə malik olanlar seçilir və onlara təlim keçilir.

Bunları nəzərə alaraq, sülh və ya atəşkəs şəraitində idman atıcılığını maksimum surətdə inkişaf etdirmək gərəkdir ki, xüsusilə fərqlənən şəxslər lazım olan məqamda qoyulan hərbi vəzifələrin icrasına bir snayper olaraq cəlb edilə bilsinlər. Bu yol - rasional olduğu qədər də effektlidir.

Lakin, ölkəmizdə bu sahədə vəziyyət qətiyyən qənaətbəxş deyil. İdman atıcılığına geniş kütlələr nəinki cəlb edilir, hətta mülki şəxslərin idman atıcılığı ilə məşğul olmasına müəyyən məhdudiyyətlər də qoyulur. Qanunda bununla bağlı hər hansı dəqiq məhdudiyyətin göstərilməsinə baxmayaraq, praktikada qeyri-rəsmi məhdudiyyətlər mövcuddur ki, bu da əslində məmur özbaşınalığının bir təzahürüdür. Məntiqə sığmayan bəhanələrlə, «başımız ağramasın» məntiqilə əslində ordumuz üçün güclü kadr potensialının formalaşdırılması prosesi əngəllənir. Bir qrup entuziastın da bu «məmur özbaşınalığı divarı»nı yarmaq cəhdləri uğursuzluqla nəticələndi və kabinetdən-kabinetə ötürməklə bu entuziast qrupunun təşəbbüsünü heçə endirmək variantı işə salındı.

«Dinamo» cəmiyyətinin yetkililərinə belə bir idman növünün gələcək döyüşlərimizdə nə qədər faydalı olması, bu qadağadan sonra idmançılarmızın həmin idman növünü bərpa olunması yönündə səylərinin heç bir nəticə verməyəcəyi, gələcək vaxtlara qədər potensial bir qüvvə olaraq idmançılarımızın saxlanılması üçün, indidən ciddi məşqlər və hazırlaşmalar keçməsinə ehtiyac olması, və nə nəhayət, bu qadağanın qeyri-qanuni olması barədə gətirilən çoxsaylı dəlillər heç bir fayda vermədi.

Hansı səbəbdən gənclərin, həvəskarların idmanla məşğul olunmasına qadağa qoyulur? Hansı səbəbdən indiyə qədər məşğul olan idmançılar belə daha bu idman növü ilə məşğul ola bilməz? Gənclərin məşq etməsi kimə lazım deyil? Niyə şərait yaradılmır ki, gənclər məşq etsinlər və lazım olan anda öz hazırlıqlarını Vətənə təqdim edə bilsinlər? Məgər gələcək döyüşlərdə bu ciddi bir potensial qüvvə deyilmi? Bu günün mahir atıcısı, sabahın döyüşündə snayper demək deyilmi? Bu qadağa ermənilərin dəyirmanına su tökməyə bənzəmirmi? Niyə onsuz da bu ölü idman növünə marağı olanlara da qadağa qoyulur? Niyə yalnız olimpik və parolimpik idmançılara icazə verilir, lakin digərlərinə qadağa qoyulur? Məgər insan anadan doğulanda olimpik idmançımı kimi dünyaya gəlir? Elə həmin idmançılar vaxtilə bir sadə həvəskar idmançı olmayıbmı? Peşəkar atıcıya icazə vermək və həvəskar axının qarşısını almaqa səbəb varmı? Bu və bir çox digər suallarımız cavabsız qaldı, ritorik oldu.

Problemsə qalır. Ordu quruculuğuna büdcədə nəzərdə tutulan məsrəflər ilbəil artır. Amma məlumdur ki, son sözü kadrlar deyir. Və sabah Qarabağı azad etmək məqamı nəhayət ki, yetişdikdə, məhz bu günün entuziastları snayperlər, kəşfiyyatçılar, düşmən arxasında fəaliyyət göstərən mütəxəssislər kimi istifadə oluna bilər. Bunu nəzərə alaraq, idman atıcılığı və digər zəruri idman növünə yiyələnmək istəyən istedadlı və həvəskar gənclərin qarşısında bütün qapılar açılmalı, süni maneələr aradan qaldırılmalıdır.

Ələsgər Rüstəmov

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Комментариев нет: