суббота, февраля 16, 2008

MƏMMƏD RZA kişidən: "SON XƏBƏR"

Məhəlləmizin ahıl yaşlı kişiləri bir yerə cəm olanda, mən də özümü onların məclisinə salıram ki, bu dünyagörmüş ağsaqqallardan nə isə öyrənə bilim. Bəlkə də dünyanın ən şirin xatirələri, ən ibrətamiz hadisələri ahılların bu "məclisində" nəql olunur.
Onu da əlavə edim ki, Məmməd Rza kişi bu məclisdə olmasa, elə bil məclisin "duzu" olmur. Şirin kəlamı, turşməzə sözləri hazırcavablığı yada düşdükcə istər-istəməz adamın üzündə təbəssüm yaradır. Maraqlı həyat tərzi var. Harada olsa namazını vaxtında qılacaq, televizor və radionun xəbərlər buraxılışını diqqətdən yayındırmayacaq. Odur ki, günün son xəbərlərini yaşıdlarına o, deyir. Özü də necə deyərlər atmaca ilə: - «Ay Allahverdi, təsərrüfat nazirin dedi ki, sənə çatdırım, toyuqlarını hindən çölə buraxmayasan çünki məmləkətə "quş qripi" yaxınlaşmaqdadır». Və yaxud başqa bir xəbəri belə çatdırırdı: «Xaxollar bizim donuzlardan imtina edib, nədi-nədi Qəbələdə iki donuzun burnu qanayıb. Canlarının qədrini əcəb bilirlər də».
…Bir də görürsən xəyala dalmış Məmməd Rza kişi təsbehini çevirə-çevirə əsrin bu kimi bəlaların sadalayaraq: «Eh, bu HİV virusu nə bilim quş virusu, "donuz" virusu insanların öz əməllərinin ucbatındandır. İnsan Rəbbinə qarşı bu qədər asi olmaz. O boyda Avropanı HİV virusu qoyub böyrü üstə. Nədən? Kökünü axtarsan əxlaqsızlıqdandır».
Yaşıdlarından biri Məmməd Rzadan soruşdu ki, bu xəstəliyin ən pisi hansıdır?
Allahverdi kişi tez dilləndi: «Yaxşısı var ki?»
Sualı verən qoca təkrarən: - «Deyirəm ki, yəni hansı pisdir "toyuq qripi" ya "quş qripi"?». Məmməd Rza kişi yarızarafatla: «Ən pisi Buş qripidir». Bu cavaba hamımız güldük. Mən üzümü Məmməd Rza kişiyə tutub soruşdum ki, bəs bu xəstəliyin əlaməti necə olur və quş qripindən fərqi nədir?
Məmməd Rza kişi də tam sakit tərzdə: «Bu xəstəliyin qurbanının dilinin söylədiyini başı təsdiq eləmir. Quş qripinə tutulan özü ölür, Buş qripinə tutulan isə başqalarını o"tərəfə"göndərir».
Məmməd Rza kişinin sonuncu xəbəri isə bütün ailə başçılarını narahat etdi: - «Nəvəmə sinif yoldaşları deyib ki, bəs "Den Valentinə" nə alaq. Uşaq soruşub ki, o nə günüdür elə. Onlar da başlayıblar danışmağa ki…». Nə isə Məmməd Rza kişi o əhvalatı nəql etdi. . .
Və mən o əhvalatı qələmə alıb gözlərimin ziyasını aparmaq istəmədim. Sonda isə Məmməd Rza kişi əlavə etdi ki, belə şərəfsizlik, belə əxlaqsızlıq olmaz.
Bu məmləkətin övladları daima xalqın, millətin başını uca tutmağa çalışıb. Hətta bir-birinə düşmən olanlar belə bir-birinin namusuna pis gözlə belə baxmayıb. Kimsə camaata "aşağıdan yuxarı" baxıbsa qeyrətinin əvvəlinə bir dənə "bi" artırıblar. Olub… İndi gör bu camaata "Valentin" adı ilə nəyi sırımaq istəyirlər. Mən nəvəmə tapşırdım siz də övladlarınıza tapşırın ki, bu . . . uzaq olun.
Mənə belə gəlir ki, Məmməd Rza kişinin SON XƏBƏRİ həm də
H Ə Y Ə C A N L I xəbər idi.
Bəs siz necə düşünürsüz?

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Təbiət Hüseynov

1 комментарий:

bikexanim комментирует...

Bedii uslubda yazilmishdir asan oxunur,yorucu deyil