пятница, февраля 22, 2008

İnsan nəyə dəyər?

BİSMİLLƏHİR RƏHMANİR RƏHİM.
İnsan! Bu ad - özü bir dəyərdir. Elə bir dəyər ki, dünyanın heç bir neməti ilə bərabər deyil. Yaradanın verdiyi bütün bu nemətlərə xilqətinin əvvəlindən malik olan bir vücuddur ki, İlahi bu vücudu ona bəxş etdiyinə görə özünə "ƏHSƏN!" deyir. («Mominun», 14). Bəs insanı bu qədər dəyərləndirən nədir? Əlbəttə ki, onun əqli. Çünki Yaradan ona məhz bu varlığı bəxş etdiyinə görə insanı "məxluqatln əşrəfi" adlandırdı. Onu özünün yer üzündə xəlifəsi etdi. Yaratdığı bu varlığın hər bir cəhətdən dəyərli olduğu kimi mənəvi cəhətdən də dəyərli olmasını istədi. Bunun üçün də insanlara istedadlar verdi, məsuliyyətlər və vəzifələr qoydu. Peyğəmbərləri vasitəsilə insan həyatının hər bir sahəsinə aid olan qanunlar toplusu göndərdi. Göndərdi ki, insanlar insan kimi yaşasınlar. Bu nemətlər Allahın lütfü, mərhəməti, insana verdiyi dəyərdir ki, insan bir bəşər kimi bütün məxluqatdan üstün hesab edilsin. Lakin bütün bu istedadlardan istifadə etmək insanın öz öhdəsinə qoyuldu.
Yəni onları oyadıb hərəkətə gətirmək və yaxud əksinə - insanın özündən asılıdır. Bu o deməkdir ki, insan Allaha doğru addımını icbari olaraq yerinə yetirmək məcburiyyətində deyil. Bəli, bu da bir İlahi lütfdür, insanın iradəsilə bağlı məsələdir. Bütün bunlarla bərabər Yaradan öz yaratdığı qarşısında vəd qoydu: "Qanunlara əməl etməyin müqabilində böyük mükafatlar, qanunlara qarşı olanlara isə əməllərinin müqabilində əzablar".
Bəli, məsuliyyətli br insan bu vəzifələrə əməl edərək mələklərdən də üstün bir dəyərərə çata bilir. Bəs görəsən özünün dəyərini bilməyən, məsuliyyətli bir varlıq olduğunu dərk etməyən insan buna necə reaksiya verdi? Görəsən düşündümü ki, Allah nəyə görə bu qədər vəzifələr qoyub? Əlbəttə düşünsəydi öz dəyərini anlayardı və bu qədər cinayətlərə əl atmaz, haqsızlıqlara, zülmə əl uzatmazdı.
Bütün bunlar hamısı nəfsi istəklərdən gələn ziddiyyətləri nəticəsidir. Əgər bu hal davam edərsə və o, bu istəklərinə tabe olmaqdan başqa bir iş görməzsə, o zaman onda bir İlahi mərifət, üstün əxlaq və saleh əməl görünməz. Lakin əgər Peyğəmbərlərin (ə) təlimi və alimlərin, tərbiyəçilərin təsiri nəticəsində insan tədricən peyğəmbər və övliyaların tərbiyə gücünə təslim olarsa, mümkündür ki, ona fitri olaraq bağışlanmış insaniyyət qüvvəsi yenidən fəaliyyətə keçib kamilləşsin, batildən haqqa doğru addımlamağa vasitəçi olsun. Bünün üçün öz ağlına arxalanıb şəriətə uyğun hərəkət etməlidir.
Əlbəttə, insan kimi yaşamaq, dəyərli olduğumuzu dərk etmək istəyiriksə, insanlığın ən yüksək zirvəsini fəth edən, bütün əxlaqi dəyərləri özündə cəm edən, atdığı addımda da belə Allah rizayətini (Allahın razılığını) düşünən, bir sözlə ideal şəxslər adını qazanmış Peyğəmbər (s) və Əhli-beytini (ə) özümüzə nümünə kimi götürməliyik. Bu yolun yolçusu olmaq üçün insanlığa, müsəlmanlara, vətənə, xalqa məhəbbətlə yaşamağı, milli-mənəvi dəyərləri qorumağı bacarmalıyıq. Budur əsl həqiqət, budur əsl dəyər!
Allahın insana bəxş etdiyi hər bir nemət dəyərdir. Sadəcə bu dəyərlərdən bəhrələnmək, faydalanmağı bacarmaq lazımdır. Bacarmaq insanlıq məktəbinin şagirdi olmaq deməkdir. Şagird məktəbi müvəffəqiyyətlə bitirməyə can atdığı kimi, biz də ağlımıza, iradəmizə arxalanaraq bu dəyərlər məktəbini layiqincə bitirmək üçün addımlamalıyıq. Unutmamalıyıq ki, hər bir səhv addım bizi üçüruma doğru apara bilər. Hər an Rəbbimizdən kömək diləməkdə səhlənkarlıq etməməliyik. Necə ki, Qurani-Kərimdə buyurulur; "Bizlər yalniz sənə ibadət edir və yalnız səndən kömək istəyirik."( «Fatihə» 5-6 ).
Elə isə bacardığımız qədər səhvlərimizə, çətinliklərimizə qarşı biganə yanaşıb "inşaallah yaxşı olar" deməklə mətləbdən uzaqlaşmayaq. Hər bir saatımız, dəqiqəmiz, saniyəmiz belə Allah yolunda xidmət etmək, yalnız savab əldə etmək üçün bir fürsətdir.
Bütün insanlara bu fürsəti əldən verməmək diləyilə! ALLAH AMAMNINDA!

Yeganə Fərəc,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Комментариев нет: