четверг, марта 06, 2008

Müsəlmanı tanımayan dünya

"Göylərin və yerin yaradılışı, dillərinizin və rənginizin müxtəlifliyi də Onun qüdrət nişanələrindəndir. Şübhəsiz ki, bunda ağıl sahibləri üçün nişanələr var" («Rum», 22). Bu ayənin zahirinə nəzər yetirsək, izahı çox aydındır. Harada dünyaya gəlməsindən, hansı rəngdə olmasından, hansı dildə danışmasından asılı olmayaraq, insan insan olaraq mövcuddur. Lakin bu gün dünya yaradılışının hədəfini unutmuşdur.
Müsəlman - yəni təslim olan. Elə bir Varlığa ki, hər an, hər saniyə Ondan vücud alır. Amma çox təəssüf ki, bu şərəfli ada layiq olmayan söz ünvanlayanlar heç də az deyil.
Götürək elə Azərbaycan toplumunu. İslama təzə gəlmiş və yenicə hidayət olmuş məktəbli bir qız vicdan azadlığı olan və islamda ona vacib buyurulan hicab bağlamış, amma bunu normal olmayan hal kimi qəbul edən müəllim eynəyinin altından ona tərs-tərs baxaraq: "Sən həmişə belə gəzəcəksən?" və ya "Bura səninçün mədrəsə, məscid deyil ki başını bağlayırsan?"
Ay əzizim, heç xəbərin varmı ki, müsəlman xanım təkcə mədrəsədə, məsciddə yox, hər yerdə hicab bağlamalıdır?! Sənin başa düşdüyünə görə məsciddə, mədrəsədə bağlamaq lazımdır. Bəs heç onların mənasını, niyəsini, fəlsəfəsini bilirsənmi? Əlbəttə yox. Bilsəydin, bu cür yersiz sullarla insanın əhvalına soğan doğramazdın ki.
Yaxud da başqa bir misal: «geridə qalmış müsəlman», «müsəlmanın sonrakı ağlı» və s. İnsanlar bu cür sözləri heç, bəlkə də, kökünü, məntiqi əsasını özləri də bilmədən işlədirlər. Məgər müsəlman ümmətinin əxlaqın kamil nümunəsi və insanlığın iftixar tablosu olan Muhəmmədi (s), bütün məqamlarda ədalətlə qərar verən Əlisi (ə), Allahı, dini yolunda hər şeyindən keçən Hüseyni (ə)... müsəlman deyilmi?
Əgər bu cür sözlərin işlədilməsinin səbəbi özümüzdəndirsə, təqsirkar elə özümüzük ki, örnək götürəcək, əxlaq öyrənəcək sadalanan bu kimi şəxsiyyətlərdən düzgün tərbiyələnməmişik. Yaxud da daha acınacaqlısı, islamdan islamın olduğu kimi xəbərimizin olmamasıdır. Yox əgər səbəb biz deyiliksə, onda müsəlmana "əyri gözlə" baxanın özündədir ki, islamla tanışlığı yoxdur. Niyə dini insanda axtarır, dinin özündə yox.
Əgər müsəlmanın əvvəlki ağlı olmasaydı (" müsəlmanın sonrakı ağlı" ifadəsinə istinadən), tarixə düşmüş şəxsiyyətlər gərək olmayaydı:
İmam Sadiqin (ə) şagirdi və elmi şəxsiyyətlərdən biri olan Cabir ibni Həyyan bütün dünyada ərəb kimyasının atası sayılır. Onun 100 cildə yaxın kimya elminə dair kitabı hələ də əllərdədir və həmin kitabların müasir kimyaya nüfuzu çox güclüdür. Avropa alimləri ona "hikmət ustadı" ləqəbini veriblər. ( Maks Hofun sözlərinə görə).
Riyaziyyat, astronomiya sahələrində misilsiz xidmətləri olan N.Tusinin rəhbərliyi ilə Yerin fırlanma oxunun presessiyası (51"4) tapılmışdır.(müasir qiyməti 51"2) N.Tusinin vaxtilə verdiyi "ədəd" anlayışı bu sahədə Avropa riyaziyyatçılarını qabaqlayır.
Hələ XIX əsrdə L.Tolstoy islam dininin şəriəti haqqında bu cür buyurmuşdur: «Muhəmməd (s) üçün təkcə geridəqalmış və qaniçən bir milləti yüksək tərəqqi və mədəniyyətə çatdırmaq işi kifayət qədər iftixarlı hesab edilə bilər. Muhəmmədin (s) şəriəti ağıl və hikmətlə uyğun olduğundan gələcəkdə bütün dünyada hökmranlıq edəcək».
Müsəlmanların elmə olan əhəmiyyəti haqqında doktor Qustav Loben isə bu cür söyləmişdir: «Müsəlmanların müxtəlif elmləri öyrənməyə yüksək əhəmiyyət göstərməsi doğrudan da, çox heyrətamizdir. İslam fəthləri zamanı onlar tutduqları hər bir şəhərdə birinci olaraq məscid və mədrəsələr inşa edirdilər».
XII əsrin alimlərindən olan Bencamen Tuvel yazırdı: «Mən təkcə İskəndəriyyə şəhərində 20 elmi laboratoriya görmüşdüm. Bağdad, Qahirə və başqa müsəlman şəhərlərində çoxlu elmi mərkəzlər, laboratoriyalar, kitabxanalar və rəsədxanalar mövcud idi. Halbuki Avropada ilk kitabxana bundan 400 il sonra Parisdə təsis edilmişdi».
Nümunələr çoxdur. Sadəcə həqiqəti dərk etmək lazımdır.
Bəs müsəlmanı tanımayan, tanımaq belə istəməyən dünya, görəsən, özü necədir? Müsəlman "geridə qalıbsa" onun inkişafı necədir? Bayaq qeyd olunan ayəyə istinadən demək istərdim ki, hal-hazırda dünyanın bir çox maddi cəhətdən inkişaf etmiş ölkələrində hələ də irqçilik problemindən əziyyət çəkmə, diskriminasiya halları var.
İnkişaf rəqabətdirsə, bu gün dünya nəyin rəqabətini aparır? Müasir texnologiyalara və nüvə silahlarına malik olaraq elmin qüdrəti ilə bəşəriyyəti qan və fəlakətlərə doğru sürükləməyinin və abadlıqları viran qoymağının planlarınınmı, minlərlə insanın acından ölməsininmi, günbəgün artan xəstəliklərinmi, müharibədə qırılan məzlumların sayınınmı?!
Hara gedirsən, dünya? Özü də hədəfi məlum olmayan bir yolla. Yox, yox hədəfin məlumdur. Lakin bu hədəflər səni dərinliyi bilinməyən uçuruma doğru aparır.

Zemfira Nəsrullayeva,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

1 комментарий:

mehdi комментирует...

cox hessas noqteye vurulan yazidir.
allah razi olsun!