понедельник, июня 16, 2008

Dünya həyatı - oyuncaq

Bismilləhir-Rahmənir-Rahim!

Yəqin ki hər, birimizin ilk oyuncağı yadındadır. Dəqiq yadında deyilsə də, oyuncaqlardan hansınınsa surətı yaddaşımızdadır. Hələ uşaq yaşlarımızdan özünəməxsus rəngarəng oyuncaqlarımız və onlarla baglı oyunlarımız olmuşdur. Həmişə də valideynlərimizin, yaxınlarımızın bizə bəxşış etdiyi oyuncaqları səbirsizliklə gözləmiş, onları sevə-sevə əzizləmişik. Hər yeni oyuncaq bizə hədsiz sevinc bəxş etmiş və körpə qəlbimizdə fərəh hissi qoymuşdur. Hər dəfə də nəyin bahasına olursa-olsun anlamadan, duymadan, heç bir şeyi nəzərə almadan daim yeni oyuncaq tələb etməkdə israrlı olmuşuq.
Bir-birini əvəz edən oyuncaqlar silsiləsi… Bu silsilədə həmişə yeni, lap yeni, köhnə, lap köhnə anlamları olmuşdur. Hər yeni oyuncağa köhlənənə və yeni oyuncaq alınana qədər bağlanmışıq. Adətən də alınan yeni oyuncağı hamiya göstərməyı, tərif eşitməyi öyrəşmiş və onlara olan meylimizi hər an biruzə vermişik. Sanki bütün dünyanın oyuncaqlarını bizə versələr belə, yenə də bir oyuncaq ehtiyacını hiss etmişik…
Uşaq və körpələrin öz oyuncaqlarına nə qədər bağlı olduqlarını elə indinin özündə də müşahidə etməkdəyik. Bir narahatciliğı, üzüntünü və kədəri aradan aparmaq, körpə qəlbini ovundurmaq ücün bir oyuncaq yetər ki, başı qarişsın, sakitləşsin və oyuncağı ilə kicik dünyasında öz oyununu oynasın. Bununla da üzüntü və kədərini müəyyən vaxta qədər yola versin. Əlbəttə ki, oyuncaq ücün ağlayan, onu alandan sonra sakitləşən uşağın halını təbəssümlə qarşılamışıq. Anlamışıq ki, bu körpənin müəyyən bir əylənçə dönəmi, bir maraq dairəsinin göstəricisidir və vaxt keçdikcə unudulan xüsusiyyətdir.
Zaman yerində durmayaraq günləri aylara, illərə calayaraq bizi də öz axarı ilə apararaq, müəyyən yaş dönəminə qədəm qoymağımıza vəsilə olmuşdur. Uşaq çağlarımız, çeşidli oyuncaqlarımız, rəngarəng oyunlarımız keçmişdə qalmışdır. Bütün bu dəyişikliklər müqabilində dəyişməyən bir oyuncaq məfhumu qalmiş. Bu məfhumun əsas cəhəti isə onun ölçülərinin böyüməsi, mahiyyətini dəyişməsı və həyatımızın tərkib hissəısinə çevrilməsidir. Körpə qədər kiçik olmasaq da, ölçüsü dəyişən oyuncaqların kiçiyinə çevrilmişik. Sanki biz onlarla deyil, onlar bizlərlə oynamağa, öz oyunlarını bizə diqtə etməyə başlamışdır. Lənətlik şeytan, oyunçu olduğu bu dünya meydanında ardı-arası kəsilməyən oyun qurbanına çevirmiş bizləri. Hər birimizə də bir oyuncaq bütü, oyuncaq məbudu vermiş və bir oyuncaq yarışması təşkil edərək bizi onların quluna, əsirinə çevirmişdir.
Kimisi dəbdəbəli evi, son model maşını ilə, kimisi bahalı geyimi, son dizayn telefonu ilə, kimisi çox nadir əşyası, kolleksiyası ilə, kimisi də oyun dairəsi daha geniş olan məqamı, vəzifəsi, elmi ilə və həmçinin bir çox sadalaya bilmədiyimiz irirli -xırdalı oyuncaqlar ilə fəxr adlanan mərəzə tutulmuşdur…
Hər zaman da bunların tərif edilməsinin, bəyənilməsinin intizarında olmuşuq. Nəfsi istəklərimizi doyurmaq ücün, ehtiyaclarımızı ödəmək ücün daha nadir, daha bahalı, daha təmtəraqlı oyuncaqlar haqda xəyal etmişik. Ardı-arası kəsilməyən bu istək burulğanında məqsədə çatmaq son deyil, digər məqsədin başlanğıcı, cızılan yeni oyuncaq istəyinin konturlarıdır. Uşaqların, körpələrin oyuncaq əyləncəsini təbəssümlə qarşılayan bizlər, nədənsə öz halımıza təəcüb edib narahat olmuruq. Hələ də anlamırıq ki, bu dünya bir oyun və oyuncaq əyləncəsindən başqa bir şey deyil. Hər oyunun sonu, hər oyuncağın yararsız hala düşməsi kimi bu dünyanın da bir sonu, nəhayəti olan AXIR ZAMANI vardır. Müəyyən müddət öz oyuncağı ilə oynayıb onu tərk edən, bir çağırışa səs verib onlardan ayrılan uşaqlar təki bizlər də öz böyük oyuncaqlarımızı tərk edib, bizi heç də oyuna bənzəməyən real və əbədi aləmə səsləyən cağırışa səs verəcəyik.
Nə fayda verəcək bizlərə ki, həyatımız boyu özümüzü onlara həsr etmiş, bu oyuncaqları əldə etmək ücün olmazın zəhmətlər çəkmişik? İndi bizlər gedəsi, onlar kiməsə qalası, kimlərsə onlardan istifadə edəsidir. Əgər bizi daim özünə tərəf səsləyən UCA RƏBBİMİZİN cağırışına könül vermişiksə, bu müvəqqəti və oyun dolu oyuncaq dünyasından ayrılmağımız bizə asan olacaq. Bu dünya öz oyun və oyuncağı ilə bizə vasitə olub, hər oyunun əsl qəhrəmanı, faydalı oyun qurucusuna çeviribsə, xoş halımıza. Yox əgər sadalananlar hələ də vücudumuzda, ruhiyyəmizdədirsə, əsl son yetişməmiş, sonumuz bəlli olmamış, həqiqi başlanğıc, həqiqi dönüş yaradıb bu asılılıqdan, mərəzdən, aludəlikdən qurtulmağa çalışaq. Və RƏBBİMİZİN bizə buyurduğu "BU DÜNYA HƏYATI OYUN-OYUNCAQDAN BAŞQA BİR ŞEY DEYİL" deyimini daim xatırlayaraq ruhumuza hopduraq və vücudumuzda yaşadaq.
Hər oyunun oyuncağı, hər oyuncağın oyunu olmamaq arzusu ilə.

Əli Ağayarov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi


Комментариев нет: