вторник, июня 17, 2008

Həzrət Fatimə (s.ə.) - Allahın bəşəriyyətə töhfəsidir

Xanım Zəhranın (s.ə.) həyatı insanlıq üçün bir nümunədir. Onun yaşadığı çox qısa dünya həyatına başdan-başa dəfələrlə də olsa nəzər salsaq, hər dəfəsində özümüzə fayda götürə biləcəyimiz hansısa məqamlarla rastlaşırıq və hər dəfə bu məqamların daha dərin mahiyyətləri bizim üçün aşkarlanır. Elə buna görə də, gəlin təkrarən də olsa, Xanımın (s) həyatından bir hadisəni birlikdə yada salaq və faydalanmağa çalışaq.
...Rəsurallahın (s) vəfatından sonra beyət etmədiyinə görə Həzrət Əlinin (ə) əl-qolunu bağlayaraq məscidə apardılar və ona bildirdilər ki, beyət etməyəcəyi təqdirdə onu ölüm gözləyir.
Kuleyni “Üsuli-kafi”, Şeyx Mufid “İxtisas”, Məclisi “Biharül-ənvar” kitablarında bu əhvalat haqda belə yazırlar.
Həmin hadisə zamanı xanım Zəhra (s) məscidə gəlir... O necə vaxtında, necə heybətlə gəldi. Rəsulullahın (s) köynəyi başında, əlləri Rəsulullahın (s) “Cənnət cavanlarının sərvəri” adlandırdığı Həsəneyni (ə) əllərində, gözləri yaşlı məscidə daxil oldu. Fatimə (s) məsciddəkilərə dedi: “Buraxın əmim oğlunu. Mühəmmədi (s) haqqla göndərən Allaha and olsun ki, əgər ondan əl çəkməsəniz, Peyğəmbərin (s) köynəyini başıma atıb Allah qarşısında fəryad qoparacağam və hamınıza nifrin edəcəyəm.” Birdən məscidi ilahi bir zümzümə bürüdü. Sonra Xanım Zəhra elə həmin heybətlə Peyğəmbərin (s) məzarına tərəf getməyə üz qoydu. Qılıncların mühasirəsində olan İmam Əli (ə) Salmana buyurdu: ”Fatiməni (s.) saxla. Allaha and olsun ki, əgər Fatimə nifrin eləsə, daha camaata möhlət verilməyəcəkdir”. Salman özünü Fatiməyə (s.) yetirdi və dedi: «Allah sənin atanı aləmlərin rəhməti qərar vermişdir. Bunların günahlarından keç, nifrin eləmə».
Məclisdəkilər vəziyyətdən anladılar ki, bu dəqiqə ilahi əzab nazil olacaq. Çünki, Rəsulullah (s) özü buyurmuşdu ki, “Fatimənin qəzəbi mənim qəzəbimdir, mənim qəzəbim Allahın qəzəbidir”. O, dərhal düzəliş edərək, çarəsizlikdən göstəriş verdi ki, İmamı azad etsinlər. Bu zaman Zəhra (s) Əliyə (ə) tərəf gəldi. Baxışları toqquşarkən Peyğəmbər (s) vəsisinə edilən zülmə dərin bir ah çəkdi. İmamın səbrindən heyrətdə qalmış halda dedi: ”Ya Əli! Ey İmamım, sərvərim, ağam. Canım sənə qurban olsun. Sənə gələn bəla mənə gəlsin, ey Əbəlhəsən. Həmişə səninləyəm. İstər xoş günündə, və istərsə də çətinliyində”. Sonra isə Əlinin (ə) əlindən tutub aram-aram evə tərəf getdi...
İndi isə gəlin bu əhvalatdan bir az geri çəkilək və müşahidələrimiz haqda fikir yürüdək. İlk baxışda biz Xanımın (s.ə.) simasında kimi görürük və o Həzrətin (s.ə.) hərəkətlərində nələrin şahidi oluruq? Biz ilk baxışda Xanımın (s.) simasında bir insan, qadın, bir ana, bir həyat yoldaşı görürük. Elə bir insan ki, insanlığın çata biləcəyi bütün həqiqətlərə yəqini vardır. Elə bir qadın ki, şərəfi, izzəti hər iki dünyanın xanımlığına yetər. Elə bir ana ki, dünyaya İlahi İmamətə layiq övladlar yetirib. Elə bir həyat yoldaşı ki, ömür-gün yoldaşı üçün həyatından keçməyə belə hazırdır.
Əlbəttə, bütün bunlar hadisəyə səthi baxışdan anlaşılanlardır və bu hadisənin daha dərin mahiyyətləri vardır. Amma bütün bunlara baxmayaraq, hər halda bir həyat yoldaşı kimi də Xanımın (s.ə.) mövqeyinin dərinliyinə məftun olmamaq olmaz. Ən azında ona görə ki, hər bir dövrün, o cümlədən müasir dövrün qadınları üçün, bir həyat yoldaşı kimi də Xanımdan (s.ə.) ibrət götürə biləcəyi çox şeylər vardır.
İcazənizlə, burada bir haşiyə çıxaraq hadisədən bir qədər də uzaqlaşaq. Gəlin ətrafımıza nəzər salaq. Bu günün qadını necə olmaq istəyir? Nə cür görünmək istəyir? Bu gün hər bir qadın ətrafı tərəfindən hörmətlə, bir xanım kimi qəbul olunmaq istəyir. Özü də ailədə qadın hegemonluğu etməklə bərabər buna da nail olmaq istəyir. Amma həmin qadın unudur ki, “xanım” o qadına deyirlər ki, həyat yoldaşı “bəy” ola. ”Bəy” kəlməsini o mənada işlədirik ki, ən azından qadın həyat yoldaşını öz hörmətli rəftarı ilə ağa, bəy səviyyəsində tutmalıdır. Yalnız o zaman həmin qadını ətrafındakılar xanım kimi qəbul edər. Necə ki, biz həmin bu hadisədə şahid oluruq ki, Xanım Zəhra (s.ə.) yoldaşının qarşısında öz müstəsna mövqeyi ilə qürrələnmir, əksinə, ona ehtiram edir, «ağam, sərvərim» - deyə müraciət edir. Burada bir məqama da diqqət çəkmək istəyirəm. Xanım (s.ə.) Həzrət Əliyə (ə) “Əbəl-Həsən”deyə xitab edir. Yəni, o, yoldaşına birbaşa yox, sanki, uşaqlarının atası kimi müraciət edir. Bu da Xanımın (s.) özünə, yoldaşına, ətrafdakılara hörmətindən, ardıcılları üçün yüksək tərbiyə standartları təqdim etməsindən xəbər verir.
Yuxarıda qeyd etdiyimiz kimi, bunlar hələ hadisəyə səthi baxışdan alınan ilkin əxlaqi görüntülərdir. Bəs əhvalatın dərinliyinə getdikcə nələr anlaşılır? Bir az da irəli getsək görərik ki, Xanımın (s.) bu hərəkəti bir cihaddır, İlahi difadır. İlahi İmamət, İlahi Ədalət uğrunda olan bir difa. Bildiyimiz kimi, cihad İlahi əhkamın vaciblərindəndir, yəni, firuiddinə aid bir əməldir. Bir az da irəliləyək. O Həzrət (s.ə.) bu cihadı nəyə görə edirdi? Əlbəttə ki, bu firunun bir üsulu olmalıdır.
Burada isə bir yox, beş üsulun beşi də vardır. Bu cihad, bu difa tövhidə, nübuvvətə, imamətə, ədli-İlahiyə və ən nəhayət, məada dərin imanı olan, kamil əqidə sahibinin cihadıdır. Bu cümlənin məntiqi sübutu var. Yəni, İlhi İmamət uğrunda cihad Allahın təkliyinə, Onun Peyğəmbərinə (s.), Ədalətinə və bu Ədalətin həqiqi tərənnümü olan Məada iman gətirmədən mümkün deyildir. Bütün bunlar arasında zəncirvari bir bağlantı vardır.
Deməli, biz bu hadisəni analiz edərkən nələrlə rastlaşdıq? İlk öncə əxlaqla, sonra əhkamla, daha sonra möhkəm əqidə ilə.
Onu da qeyd etmək lazımdır ki, Xanımın (s.) həyatının hansı kəsiyini götürsək, orada bu qatlara rast gələcəyik. Diqqət etsək, görəcəyik ki, həmin qatlar Qurani-Kərimdə də mövcuddur. Quran ayələri də başdan-başa üç qisimdir: əqidəyə aid, əhkama və əxlaqa aid ayələr. Sanki, Fatimeyi-Zəhranın (s.ə.) həyatı Qurani-Kərimin nəzəri ayələrinin bir praktik formasıdır. Bəlkə də Peyğəmbərimiz (s) Quran və Əhli-beytini (s.) bərabər dəyərləndirib bizə əmanət verəndə bu keyfiyyətləri nəzərə almışdı?!
Bəli, Xanım Zəhra (s.) Quranla bərabər ümmətə əmanət qoyulmuş Əhli-beytin (s) yeganə qadın üzvüdür. Əhli-beyt (s.) içərisindən seçilmiş beş Ali-əba əhlinin (ə) yeganə qadın üzvüdür. Bu beş nəfər (ə) arasında da elə birisidir ki, digər dörd nəfərlə birbaşa bağlantısı var və digərlərini bir-biri ilə bağlantısı da bu ixlas və iman zirvəsindən keçir.
Diqqətlə fikir vermiş olsaq bilərik ki, həmin dörd nəfər arasında olan bu rabitə yalnız bir qadın vasitəsi ilə ola bilərdi. Və bu qadın da ancaq Zəhra (s.) ola bilərdi. Çünki, məsumluq, İlahi İmamət yalnız belə bir qadından davam edə bilərdi. Çünki, Fatimə (s.) FATİMƏDİR, həqiqi ardıcılları üçün cəhənnəm odu qarşısında ismi-şərifi sipər olan «atasının anasıdır». O, Allahın bəşəriyyətə ən böyük lütfü, töhvəsidir.

Bikəxanım Əzimova,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Комментариев нет: